Xəzər dənizinin Azərbaycan sektorunda Lənkəran-dəniz və Talış-dəniz perspektiv strukturlarının daxil olduğu dəniz blokunun kəşfiyyati, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə ELF Petroleum Azərbaycan B.V. ARDNŞ-in Ortaq Neft Şirkəti Total Eksploreyşn ənd Prodakşn Azərbaycan arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə

Azərbaycan Respublİkasının Qanunu

 

Azərbaycan Respublikası Prezidentinin Xəzər dənizinin Azərbaycan sektorunda Lənkəran-dəniz və Talış-dəniz perspektiv strukturlarının kəşfiyyati, işlənməsi və hasilatın pay bölgüsünə dair xarici neft şirkətləri ilə danışıqların yekunlaşması haqqında 1997-ci il 10 yanvar tarixli 463 saylı sərəncamına uyğun olaraq 1997-ci il yanvarın 13-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) ilə ELF Petroleum Azərbaycan B.V. (Fransa), Total Eksploreyşn ənd Prodakşn Azərbaycan (Fransa) və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda Lənkəran-dəniz və Talış-dəniz perspektiv strukturlarının daxil olduğu dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır.

Sonradan bu sazişə Demineks Azərbaycan Petroleum QmbH, Fina Nefteqaz, S.A. və Oyl İndastriz İnjinirinq ənd Kontrakşn şirkətləri qoşulmuşdur.

Azərbaycan Respublikasının Milli Məclisi

Azərbaycan Respublikasının qanunvericiliyində sizişin əhatə etdiyi məsələlərin tam və müasir tələblərə uyğun olaraq nizamlanmadığını;

Azərbaycan Respublikasının yeni Mülki Məcəlləsinin və karbohidrogen ehtiyatları haqqında Azərbaycan Respublikası qanunlarının olmadığını;

Sazişin şərtlərinə görə onun qanunverici orqan tərəfindən təsdiqindən sonra qanun olmasını;

Bu qanunun Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktına və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qərara alır:

1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) ilə ELF Petroleum Azərbaycan B.V. (Fransa), Total Eksploreyşn ənd Prodakşn Azərbaycan (Fransa) və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda Lənkəran-dəniz və Talış-dəniz perspektiv strukturlarının daxil olduğu dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş (bundan sonra Saziş adlanacaq) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin.

2. Sazişlə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 5 iyun tarixli 57 saylı qərarı ilə ELF Petroleum Azərbaycan B.V., Total Eksploreyşn ənd Prodakşn Azərbaycan, Demineks Azərbaycan Petroleum QmbH, Fina Nefteqaz S.A. və Oyl İndastriz İnjinirinq ənd Kontrakşn şirkətlərinə verdiyi Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri (bundan sonra Hökumət təminatı adlanacaq) qəbul edilsin və onun həyata keçirilməsinə icazə verilsin.

3. Sazişin əsas mətninə edilmiş on (10) əlavə, ARDNŞ Ortaq Neft Şirkətinin yaradılmasına dair Qoşma, bu Qoşmaya 1 əlavə, habelə ikinci Qoşma (bundan sonra Əlavələr adlanacaq) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin.

4. Bu qanun qüvvəyə mindikdən sonra Saziş, hökumət təminatı və Əlavələr qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.

5. Bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu qanun qüvvəyə mindikdən sonra Sazişin, hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.

6. Bu qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Saziş, hökumət təminatları və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.

7. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.

8. Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir.

9. Bu qanun dərc olunduğu gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 13 iyun 1997-ci il

327-IQ