Məşğulluq haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu
Qanun Azərbaycan Respublikası Konstitusiyasının 35-ci
maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci
bəndinə uyğun olaraq məşğulluğa kömək
sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və
təşkilati əsaslarını, eləcə də işaxtaran
və işsiz şəxslərin sosial müdafiəsi
sahəsində dövlət təminatlarını müəyyən
edir.
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas
anlayışlar
1.1.
Bu Qanunda istifadə olunan əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:
1.1.1.
aktiv məşğulluq tədbirləri işaxtaran və
işsiz şəxslərin məşğulluq
imkanlarının genişləndirilməsi,
peşəyönümünün, peşə hazırlığının
təmin edilməsi, bilik və bacarıqlarının
artırılması, əmək bazarının
tələblərinə uyğun işçi qüvvəsinin
formalaşdırılması məqsədi ilə onlar üçün
xüsusi proqramların tətbiqinə yönəldilən
tədbirlər;
1.1.2.
əmək bazarı işçi qüvvəsinə olan tələb
və təklifin məcmusu;
1.1.3.
fərdi məşğulluq proqramı işsiz şəxsin
işə düzəlməsinə və əmək bazarına
qaytarılmasına kömək məqsədi ilə hazırlanan
aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü
və icra müddətini müəyyən edən sənəd;
1.1.4.
fərdi məşğulluq vərəqi işaxtaran və
işsiz şəxsə dair fərdi məlumatlardan, o
cümlədən təhsili və peşəsi (ixtisası)
barədə məlumatlardan, məşğulluq tarixçəsi,
habelə təklif olunan münasib iş və aktiv
məşğulluq tədbirləri, onların icra
vəziyyətinə dair məlumatlardan ibarət sənəd;
1.1.5.
Haqqı ödənilən ictimai işlər işsiz
şəxslərin müvəqqəti məşğulluğunu
təmin etmək məqsədi ilə bu Qanuna uyğun olaraq
təşkil edilən ilkin peşə
hazırlığının olmasını tələb
etməyən ictimai faydalı xarakter daşıyan iş
yerləri;
1.1.6.
işsiz şəxs işi və qazancı olmayan,
işə başlamağa hazır olub, müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda)
işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli
yaşda olan əmək qabiliyyətli şəxs;
1.1.7.
işaxtaran müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) münasib iş üçün müraciət
edən və işaxtaran kimi qeydiyyata alınan şəxs;
1.1.8.
kvota sosial müdafiəyə xüsusi ehtiyacı olan və
işə düzəlməkdə çətinlik çəkən şəxslərin
işlə təmin edilməsi məqsədi ilə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən işəgötürənlər üçün müəyyən
edilmiş iş yerlərinin (işçilərin) minimum sayı;
1.1.9.
qeyri-formal məşğulluq Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə
uyğun olaraq əmək müqaviləsi (kontrakt) və ya
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
uyğun olaraq mülki hüquqi müqavilə bağlanılmadan müəyyən
fəaliyyətin yerinə yetirilməsi, Azərbaycan
Respublikasının Vergi Məcəlləsinə uyğun
olaraq sahibkarlıq fəaliyyətinin və mülkiyyətində
olan kənd təsərrüfatına yararlı torpaqdan
istifadənin rəsmiləşdirilmədən həyata
keçirilməsi, eləcə də Ailə kəndli
təsərrüfatı haqqında Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq yerli
özünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndli
təsərrüfatının təşkili nəticəsində
qazanc (gəlir) əldə edilməsi;
1.1.10.
məşğulluq Azərbaycan Respublikasının
vətəndaşları, əcnəbilər və
vətəndaşlığı olmayan şəxslərin
(bundan sonra - şəxslər) Azərbaycan
Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc
(gəlir) gətirən hər hansı fəaliyyəti;
1.1.11.
məşğul şəxslərin reyestri bu Qanunun 4.1-ci
maddəsində nəzərdə tutulan məşğul
şəxslər barəsində fərdi məlumatlardan,
onların təhsili, iş yeri, vəzifəsi (peşəsi)
və ya yerinə yetirdiyi iş (xidmət) barədə
məlumatların məcmusu;
1.1.12.
qeyri-formal məşğulluğun
leqallaşdırılması sahəsində nəzarəti
həyata keçirən orqanlar qeyri-formal
məşğulluğun aşkar edilməsi və qarşısının
alınması sahəsində nəzarət tədbirlərini
həyata keçirən müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanlar (qurumlar);
1.1.13.
nəzarət tədbirləri Sahibkarlıq sahəsində
aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında
Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində
nəzərdə tutulan tədbirlər;
1.1.14.
müvəqqəti məşğulluq şəxsin Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə
uyğun olaraq mövsümi işlərə, bu Qanunla müəyyən
edilmiş qaydada haqqı ödənilən ictimai
işlərə cəlb edilməsi və ya əmək
birjaları vasitəsilə müəyyən müddət
ərzində ictimai faydalı fəaliyyəti;
1.1.15.
özünüməşğulluq şəxsin müstəqil
surətdə və yaxud dövlətin dəstəyi ilə özünü
işlə təmin etməsi;
1.1.16.
peşə standartları konkret peşə sahəsi üzrə
işçinin yerinə yetirməli olduğu işin məzmununa
və əmək şəraitinə qoyulan, müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən edilən minimum
tələblərin məcmusu;
1.1.17.
peşə hazırlığı işaxtaran və
işsiz şəxslərin əmək bazarının
tələbatına uyğun olaraq təhsil
müəssisələrində ixtisasa (peşəyə) və
(və ya) yeni ixtisasa (peşəyə) yiyələnmək
üçün yenidən hazırlıq, ixtisasartırma
istiqamətlərində təhsil alması;
1.1.18.
sığorta ödənişi İşsizlikdən
sığorta haqqında Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş sığorta hadisəsi
baş verdikdə, sığortaolunana sığortaçı
tərəfindən ödənilən aylıq pul vəsaiti;
1.1.19.
sərbəstləşdirilən işçilər dövlət
orqanının və ya hüquqi şəxsin ləğv
edilməsi, yenidən təşkil olunması, işçilərin
sayının və ya ştatların ixtisar edilməsi ilə
əlaqədar əmək münasibətlərinə xitam verilmiş
şəxslər;
1.1.20.
sosial müəssisə sosial müdafiəyə xüsusi ehtiyacı
olan və işə düzəlməkdə çətinlik
çəkən şəxslərin məşğulluğunun
təmin olunması üçün yaradılan
ixtisaslaşdırılmış hüquqi şəxs;
1.1.21.
sosial iş yeri işaxtaranlar və işsiz
şəxslərin məşğulluğunu təmin etmək
və işəgötürənləri həvəsləndirmək
məqsədi ilə işəgötürənin ən azı 3 (üç)
ay əvvəl vakansiya bankına təqdim olunmuş boş
iş yeri üzrə işçinin əməkhaqqının bir
hissəsinin bu Qanunla müəyyən edilmiş qaydada müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən maliyyələşdirilən iş yeri;
1.1.22.
sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə
düzəlməkdə çətinlik çəkən şəxslər
əlillər və sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqlar, 20 yaşadək gənclər,
yetkinlik yaşına çatmamış uşaqları
tərbiyə edən tək və çoxuşaqlı
valideynlər, sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqları tərbiyə edən
valideynlər, pensiya yaşına iki ildən az qalmış
şəxslər, cəzaçəkmə yerlərindən azad
edilmiş şəxslər, məcburi köçkünlər;
1.1.23.
ştat vahidlərinə dair cədvəl müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) mərkəzləşdirilmiş elektron informasiya
sistemi (bundan sonra elektron informasiya sistemi) tərəfindən
işəgötürənlərin bu Qanunun 7.2-ci maddəsinə
uyğun olaraq daxil etdikləri məlumatlar əsasında
yaradılan cədvəl;
1.1.24.
vakansiya işəgötürənin boş olan və işçi
tələb edilən iş yeri;
1.1.25.
vakansiya bankı işəgötürənin boş olan və
işçi tələb edilən iş yerlərinin, habelə yeni
yaradılan iş yerlərinin elektron informasiya ehtiyatı;
1.1.26.
yeni iş yeri işəgötürən tərəfindən mövcud
ştat vahidlərinə əlavə olaraq
yaradılmış iş yeri.
1.2.
Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan
Respublikasının Əmək Məcəlləsi,
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi,
İşsizlikdən sığorta haqqında Azərbaycan
Respublikasının Qanunu və başqa normativ hüquqi aktlar
ilə müəyyən edilmiş mənaları verir.
Maddə 2.
Məşğulluq haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
2.1.
Məşğulluq haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, İşsizlikdən
sığorta haqqında Azərbaycan Respublikasının
Qanunundan, bu Qanundan və ona uyğun olaraq qəbul edilmiş
digər normativ hüquqi aktlardan, habelə Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən ibarətdir.
2.2.
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
məşğulluq sahəsində bu Qanundan fərqli qaydalar
müəyyən edildikdə, həmin beynəlxalq
müqavilələr tətbiq olunur.
Maddə 3. Bu Qanunun
əhatə dairəsi
Bu
Qanun Azərbaycan Respublikasının
vətəndaşlarına, Azərbaycan Respublikasında
yaşayan əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
şamil edilir.
Maddə 4.
Məşğul şəxslər
4.1.
Məşğul şəxslərə
aşağıdakılar aiddir:
4.1.1.
muzdla işləyənlər - Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə
uyğun olaraq işəgötürənlə əmək
müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş
yerlərində əmək fəaliyyətini
əməkhaqqı müqabilində yerinə yetirən
şəxslər;
4.1.2.
mülki-hüquqi xarakterli müqavilələrlə
işləyənlər - Azərbaycan Respublikasının
Mülki Məcəlləsinə uyğun olaraq qarşı
tərəflə müqavilə bağlayıb əmək
münasibətləri yaratmadan müəyyən haqq müqabilində
işləri (xidmətləri) yerinə yetirən
şəxslər;
4.1.3.
sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına
yararlı torpaq payı olanlar, ailə kəndli
təsərrüfatının üzvləri;
4.1.4.
haqqı ödənilən vəzifəyə seçilənlər,
təyin və ya təsdiq edilənlər;
4.1.5.
Azərbaycan Respublikasının Silahlı
Qüvvələrində xidmət edənlər;
4.1.6.
ödənişli fəaliyyətlə məşğul olan ali
və orta ixtisas təhsil müəssisələrində əyani
təhsil alanlar;
4.1.7.
Azərbaycan Respublikasının ərazisində qanuni
əsaslarla haqqı ödənilən əmək
fəaliyyəti ilə məşğul olan
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər;
4.1.8.
Azərbaycan Respublikasının hüdudlarından kənarda
qanuni əsaslarla əmək fəaliyyəti ilə
məşğul olan Azərbaycan Respublikasının
vətəndaşları.
4.2.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) məşğul şəxslərin vahid informasiya
bazasını yaratmaq məqsədi ilə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) elektron informasiya sistemində dövlət
orqanlarının və digər qurumların
apardığı elektron informasiya ehtiyatlarından (məlumat
bazaları, məlumat-axtarış sistemləri, reyestrlər
və digər informasiya resursları) istifadə etməklə
məşğul şəxslərin reyestrini elektron formada
aparır.
4.3.
Məşğul şəxslərin reyestrində bu Qanunun 4.1-ci
maddəsində göstərilən məşğul
şəxslər barəsində məlumatların
əldə edilməsi və reyestrə daxil edilməsi,
reyestrin aparılması və ondan istifadə qaydasını
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) təsdiq edir.
4.4.
Bu Qanunun 4.1-ci maddəsində göstərilən
məşğul şəxslərə dair məlumatlar
məşğul şəxslərin reyestrinə Fərdi
məlumatlar, İnformasiya əldə etmək haqqında,
İnformasiya, informasiyalaşdırma və informasiyanın
mühafizəsi haqqında Azərbaycan Respublikası
qanunlarına və Azərbaycan Respublikasının bu
sahədə yaranan münasibətləri tənzimləyən
digər normativ hüquqi aktlarına uyğun olaraq,
aşağıdakı tələblər nəzərə
alınmaqla daxil edilir:
4.4.1.
bu Qanunun 4.1.1-ci maddəsində göstərilən
məşğul şəxslər barədə - müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) apardığı elektron informasiya sisteminin məlumatları
əsasında;
4.4.2.
Azərbaycan Respublikasının Əmək
Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinə
əsasən siyahısı müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən təsdiq edilmiş dövlət
orqanlarında müvafiq vəzifələrə (peşələrə)
qəbul edilən (götürülən) məşğul
şəxslər barədə - həmin orqanlar
tərəfindən onları işə qəbul etdikləri
(götürdükləri) gündən ən geci 1 (bir) ay ərzində
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqana (quruma) kağız daşıyıcılarda təqdim
etdikləri məlumatlar əsasında;
4.4.3.
bu Qanunun 4.1.2-ci maddəsində göstərilən
məşğul şəxslər və 4.1.3-cü
maddəsində göstərilən sahibkarlar barədə -
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) apardığı elektron informasiya sisteminin
məlumatları əsasında;
4.4.4.
bu Qanunun 4.1.3-cü maddəsində göstərilən
mülkiyyətində kənd təsərrüfatına yararlı
torpaq payı olan məşğul şəxslər
barədə - müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən bu
Qanunun 4.5-ci maddəsinə uyğun olaraq əldə edilən
məlumatları əldə etdikləri tarixdən ən geci
1 (bir) ay müddətində müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) kağız
daşıyıcılarda təqdim etdikləri məlumatlar
əsasında;
4.4.5.
bu Qanunun 4.1.3-cü maddəsində göstərilən ailə
kəndli təsərrüfatının üzvləri barədə -
onların uçotunu aparan yerli özünüidarəetmə orqanları
tərəfindən uçota aldıqları gündən ən geci 1
(bir) ay ərzində müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) kağız
daşıyıcılarda təqdim etdikləri məlumatlar
əsasında;
4.4.6.
bu Qanunun 4.1.4-cü maddəsində göstərilən
məşğul şəxslər barədə - onların
seçilməsi, təyin və ya təsdiq edilməsinə dair
hüquqi aktları qəbul etmiş orqanların həmin hüquqi
aktların qəbul edildiyi tarixdən ən geci 1 (bir) ay
müddətində müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) bu barədə kağız
daşıyıcılarda təqdim etdikləri məlumatlar
əsasında;
4.4.7.
bu Qanunun 4.1.5-ci maddəsində göstərilən
məşğul şəxslər barədə - onları
işə (xidmətə) qəbul edən orqanlar
tərəfindən onların işə (xidmətə)
qəbul edildikləri gündən ən geci 1 (bir) ay
ərzində müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) kağız
daşıyıcılarda təqdim etdikləri məlumatlar
əsasında, Dövlət sirri haqqında,
Əməliyyat-axtarış fəaliyyəti haqqında
və Kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyəti haqqında Azərbaycan Respublikası
qanunlarının tələbləri nəzərə
alınmaqla;
4.4.8.
bu Qanunun 4.1.6-cı maddəsində göstərilən
məşğul şəxslər barədə - müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən yaradılan qurumun apardığı
elektron informasiya sisteminin məlumatları əsasında;
4.4.9.
bu Qanunun 4.1.7-ci maddəsində göstərilən
məşğul şəxslər barədə - müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) apardığı elektron informasiya sisteminin
məlumatları əsasında;
4.4.10.
bu Qanunun 4.1.8-ci maddəsinə göstərilən
məşğul şəxslər barədə - müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən Azərbaycan Respublikasının Miqrasiya
Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq
əldə edilən məlumatları əldə etdikləri
tarixdən ən geci 1 (bir) ay müddətində müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)
kağız daşıyıcılarda təqdim etdikləri
məlumatlar əsasında.
4.5.
Bu Qanunun 4.1.3-cü maddəsində göstərilən, bu Qanun
qüvvəyə minənədək mülkiyyətində kənd
təsərrüfatına yararlı torpaq payı olanlar
məşğul şəxslərin reyestrinin
fəaliyyətə başladığı tarixdən, bu Qanun
qüvvəyə mindikdən sonra kənd təsərrüfatına
yararlı torpaq payı əldə edən məşğul
şəxslər isə daşınmaz əmlakın
dövlət reyestrindən bu barədə müvafiq
sənədləri əldə etdikdən sonra 1 (bir) ay
müddətində mülkiyyətlərində olan kənd
təsərrüfatına yararlı torpaq paylarına dair bütün
məlumatları müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanlara (qurumlara) təqdim
etməlidirlər.
4.6.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) məşğul şəxslər barəsində
bu Qanunun 4.4.2-ci, 4.4.4-cü, 4.4.5-ci, 4.4.6-cı, 4.4.7-ci və 4.4.10-cu
maddələrinə uyğun olaraq təqdim edilmiş
məlumatları həmin məlumatlar təqdim olunduğu
gündən ən geci 1 (bir) ay müddətində məşğul
şəxslərin reyestrinə daxil etməlidir.
4.7.
Bu Qanunun 4.4.2-ci, 4.4.4-cü, 4.4.6-cı, 4.4.7-ci və 4.4.10-cu
maddələrində nəzərdə tutulmuş dövlət orqanları
və 4.4.5-ci maddəsində nəzərdə tutulmuş
yerli özünüidarəetmə orqanları məşğul
şəxslərə dair məlumatların müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma),
habelə bu Qanunun 4.5-ci maddəsində nəzərdə
tutulmuş mülkiyyətində kənd təsərrüfatına
yararlı torpaq payı olan şəxslər həmin torpaq
paylarına dair məlumatların müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanlara (qurumlara) həmin
maddələrdə göstərilən müddətdə təqdim
olunmasını təmin etməlidirlər.
4.8.
Bu Qanunun 4.4.1-ci, 4.4.3-cü, 4.4.8-ci və 4.4.9-cu
maddələrində nəzərdə tutulmuş
məlumatlar məşğul şəxslərin reyestrinə
inteqrasiya olunmuş dövlət orqanlarının və digər
qurumların apardığı elektron informasiya sistemləri
vasitəsilə ən geci 1 (bir) ay müddətində daxil edilir.
4.9.
Bu Qanunun 4.6 4.8-ci maddələrinin tələblərini pozan
dövlət və yerli özünüidarəetmə orqanları, habelə
mülkiyyətində kənd təsərrüfatına yararlı
torpaq payı olan şəxslər qanunla müəyyən
edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 5. İşaxtaran
və işsiz şəxslərin qeydiyyatına dair ümumi
müddəalar
5.1.
İşaxtaran və işsiz şəxslərin müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda)
qeydiyyata alınması qaydasını müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
5.2.
Şəxslər elektron informasiya sistemində elektron
ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata
alınırlar.
5.3.
İşaxtaran kimi qeydiyyata alınmaq üçün elektron
ərizənin forması müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən təsdiq edilir.
5.4.
Şəxs işaxtaran kimi qeydiyyata alındığı
zaman onun elektron informasiya sisteminə daxil etdiyi məlumatlar
əsasında elektron qaydada fərdi məşğulluq
vərəqi tərtib edilir.
5.5.
Şəxs işaxtaran kimi qeydiyyata alındığı
gündən 5 (beş) iş günü ərzində ona münasib iş
təklif olunmadığı və ya işəgötürən
(işəgötürənlər) tərəfindən vakansiyaya
qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) həmin
şəxsin işsiz kimi qeydiyyata alınması haqqında
qərar qəbul edir və bu barədə şəxsin
fərdi məşğulluq vərəqində müvafiq qeyd
aparır.
5.6.
İşaxtaran və işsiz şəxslər fərdi
məşğulluq vərəqindən çıxarışı
elektron informasiya sistemindən real vaxt rejimində əldə
etmək hüququna malikdirlər.
5.7.
İşaxtaran və işsiz kimi qeydiyyata alınmış
şəxslərin ixtisası, peşəsi, sağlamlıq
imkanlarının məhdudluğu və yaşayış
ünvanı üzrə məlumatlar dəyişdiyi halda onlar elektron
informasiya sistemində bu barədə məlumatları
yeniləməlidirlər.
5.8.
Aşağıdakı hallarda şəxs işaxtaran kimi
qeydiyyatdan müvəqqəti çıxarılır:
5.8.1.
hərbi və ya alternativ xidmətə, hərbi
toplanışlara çağırıldıqda, həmin
müddətdə;
5.8.2.
barəsində azadlıqdan məhrumetmə və ya tibbi
xarakterli məcburi tədbirlərin tətbiqinə dair
məhkəmənin qanuni qüvvəyə minmiş qərarı
olduqda, həmin müddətdə;
5.8.3.
işaxtaran kimi qeydiyyata alındığı tarixdən 2
(iki) il ərzində müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) təklif etdiyi münasib
işləri qəbul etmədikdə, 1 (bir) il
müddətində.
5.9.
Aşağıdakı hallarda şəxsin işaxtaran kimi
qeydiyyatı ləğv edilir:
5.9.1.
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) göndərişi əsasında münasib
işlə təmin olunduqda;
5.9.2.
vəfat etdikdə və ya məhkəmənin qanuni
qüvvəyə minmiş qərarı əsasında
xəbərsiz itkin düşmüş və ya ölmüş elan
edildikdə;
5.9.3.
təqdim olunmuş sənədlərdə və
məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan
məlumatlar aşkar edildikdə;
5.9.4.
işaxtaran kimi qeydiyyatdan çıxarılma barədə
ərizə təqdim edildikdə.
5.10.
Aşağıdakı hallarda şəxs işsiz kimi
qeydiyyatdan müvəqqəti çıxarılır:
5.10.1.
hərbi və ya alternativ xidmətə, hərbi
toplanışlara çağırıldıqda, həmin
müddətdə;
5.10.2.
barəsində azadlıqdan məhrumetmə və ya tibbi
xarakterli məcburi tədbirlərin tətbiqinə dair
məhkəmənin qanuni qüvvəyə minmiş qərarı
olduqda, həmin müddətdə;
5.10.3.
ona təklif olunan münasib işlərdən imtina etdikdə, 1
(bir) il müddətində;
5.10.4.
fərdi məşğulluq proqramının tərtib
olunmasından və (və ya) icrasından imtina etdikdə
və yaxud fərdi məşğulluq proqramının
icrasına dair hesabatı İşsizlikdən sığorta haqqında
Azərbaycan Respublikası Qanununun 17.7-ci maddəsi ilə
müəyyən edilmiş müddətdə təqdim
etmədikdə.
5.11.
Aşağıdakı hallarda şəxsin işsiz kimi
qeydiyyatı ləğv edilir:
5.11.1.
bu Qanunun 4-cü maddəsinə əsasən məşğul
şəxs hesab edildikdə;
5.11.2.
Əmək pensiyaları haqqında və ya Sosial
müavinətlər haqqında Azərbaycan Respublikasının
qanunları ilə müvafiq olaraq yaşa görə əmək
pensiyası və ya yaşa görə müavinət təyin
edilməsi üçün əsaslar yarandıqda;
5.11.3.
vəfat etdikdə və ya məhkəmənin qanuni
qüvvəyə minmiş qərarı əsasında
xəbərsiz itkin düşmüş və ya ölmüş elan
edildikdə;
5.11.4.
təqdim olunmuş sənədlərdə və
məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan
məlumatlar aşkar olunduqda;
5.11.5.
işsiz kimi qeydiyyatdan çıxarılma barədə
ərizə təqdim edildikdə;
5.11.6.
ali və orta ixtisas təhsil müəssisəsinə əyani
qəbul olunduqda.
5.12.
Aşağıdakı şəxslərin işsiz kimi
qeydiyyata alınmasına yol verilmir:
5.12.1.
bu Qanunun 4-cü maddəsinə əsasən məşğul
şəxslərə aid edilənlər;
5.12.2.
15 yaşına çatmayanlar;
5.12.3.
ali və orta ixtisas təhsil müəssisəsində əyani
təhsil alanlar;
5.12.4.
Əmək pensiyaları haqqında və ya Sosial
müavinətlər haqqında Azərbaycan Respublikasının
qanunları ilə müvafiq olaraq yaşa görə əmək
pensiyası və ya yaşa görə müavinət təyin edilmiş
şəxslər;
5.12.5.
Azərbaycan Respublikasının Əmək
Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsində
və 75-ci maddəsinin 2-ci hissəsinin b və c
bəndlərində göstərilən hallar istisna olmaqla,
göndəriş əsasında bağlanılmış
əmək müqaviləsinə bu müqavilə ilə
müəyyən edilmiş müddətdən əvvəl öz
təşəbbüsü ilə xitam verən şəxslər, 6
(altı) ay müddətində.
5.13.
İşsiz kimi qeydiyyata alınmayan və ya bu Qanunun 5.11.4-cü
maddəsinə əsasən işsiz kimi qeydiyyatı
ləğv olunan şəxs, müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanda (qurumda) işaxtaran
kimi qeydiyyatda saxlanılır və işsiz kimi qeydiyyata
alınmaq üçün təkrar 1 (bir) aydan sonra müraciət etmək
hüququna malikdir.
5.14.
Bu Qanunun 5.9.3-cü maddəsinə əsasən işaxtaran kimi
qeydiyyatı ləğv edilmiş şəxs həmin hal
aradan qaldırıldıqdan sonra işaxtaran kimi qeydiyyata
alınmaq üçün təkrar müraciət etmək hüququna malikdir.
Maddə 6. Münasib iş
6.1.
İşaxtaran üçün onun təhsili, ixtisası, əvvəlki
peşəsi üzrə təcrübəsi, səhhəti, təklif
edilən iş yerinə ictimai nəqliyyatla
gedib-gəlməsi mümkünlüyü nəzərə alınan iş
münasib iş sayılır.
6.2.
Münasib iş yerinin işaxtaranın yaşayış
yerindən maksimum uzaqlığı həmin ərazidə
nəqliyyat şəbəkəsinin imkanları
nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanlar (qurumlar)
tərəfindən müəyyən edilir.
6.3.
İşsizlikdən sığorta ödənişinin
İşsizlikdən sığorta haqqında Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
ödənilmə müddəti qurtardıqdan sonra, münasib iş
təklif edilməsi mümkün olmayan işsiz şəxslər
üçün, onların təhsilini, ixtisasını, səhhətini,
iş təcrübəsini nəzərə almaqla, yeni
peşəyə (ixtisasa) yiyələnməsini tələb
etməyən iş də münasib iş sayılır.
6.4.
Təhsilinə, ixtisasına və əvvəlki peşəsi
üzrə təcrübəsinə uyğun gəlməyən,
qabaqcadan peşə hazırlığı keçməsini
tələb etməyən müvəqqəti iş yerləri
də daxil olmaqla, əmək qanunvericiliyinin
tələblərinə uyğun gələn, haqqı
ödənilən işlər aşağıdakı
şəxslər üçün münasib iş sayılır:
6.4.1.
3 ildən artıq işləməyənlər, peşəsi
(ixtisası) olmayanlar;
6.4.2.
malik olduğu peşə üzrə əlavə təhsildən,
ikinci uyğun peşəyə yiyələnməkdən,
yaxud işsizlikdən sığorta ödənişinin
ödənilməsi müddəti qurtardıqdan sonra yeni peşə
öyrənməkdən imtina edənlər;
6.4.3.
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanda (qurumda) 24 aydan çox qeydiyyatda olanlar.
6.5.
İşaxtaranın razılığı olmadan yeni
işlə əlaqədar onun yaşayış yerinin
dəyişməsi tələb olunduqda, eləcə də
əmək şəraiti əməyin mühafizəsi
normalarına uyğun gəlmədikdə ona təklif olunan
iş münasib iş sayıla bilməz.
6.6.
İşaxtaran və işsiz şəxslərə eyni
münasib işin təkrar təklif edilməsinə yol verilmir.
Maddə 7. Vakansiya
bankının yaradılması
7.1.
Vakansiya bankı elektron informasiya sistemində
işəgötürənlərin yeni yaradılan iş yerləri
və vakansiyalar barədə bu Qanunun 18.3-cü maddəsinə
uyğun olaraq həmin sistemə daxil etdikləri məlumatlar
əsasında müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən
yaradılır.
7.2.
Elektron informasiya sistemi işəgötürənlərin
Azərbaycan Respublikasının Əmək
Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsinə
və bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq həmin
sistemə daxil etdikləri məlumatlar əsasında hər
bir işəgötürən üzrə ştat vahidlərinə dair
cədvəl yaradır.
7.3.
Vakansiya bankının yaradılmasında fərdi
məlumatların informasiya ehtiyatlarının
formalaşdırılması və informasiya sistemlərinin
yaradılması, onlara xidmət göstərilməsi
fəaliyyətinə lisenziyası olan və müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla)
elektron qaydada informasiya mübadiləsinə dair
razılaşması olan hüquqi şəxslər tərəfindən
toplanılmış informasiya ehtiyatlarından istifadə
edilə bilər.
7.4.
Bu Qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş
məlumatları bu Qanunun 18.3-cü maddəsində
nəzərdə tutulmuş müddətdə elektron informasiya
sisteminə daxil etməyən işəgötürənlər
qanunla müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
Maddə 8.
Məşğulluq sahəsində dövlətin vəzifələri
8.0.
Məşğulluq sahəsində dövlətin
vəzifələri aşağıdakılardır:
8.0.1.
məşğulluq sahəsində normativ hüquqi bazanın
təkmilləşdirilməsi;
8.0.2.
istehsal qüvvələrinin səmərəli
yerləşdirilməsinə, yeni texnologiyaların
yaradılmasına, peşə bacarıqlarının
inkişaf etdirilməsinə, fərdi qaydada sahibkarlığın
və əmək fəaliyyətinin təşkilinə və
inkişafına, çevik iş rejiminin tətbiqinin
həvəsləndirilməsinə yönəldilən
maliyyə-kredit, sığorta, investisiya və vergi siyasəti
tədbirlərinin hazırlanması;
8.0.3.
işəgötürənlərə yeni iş yerlərinin
yaradılmasına, mövcud iş yerlərinin
saxlanılmasına və inkişaf etdirilməsinə
köməklik göstərən tədbirlərin hazırlanması;
8.0.4.
irqindən, etnik mənsubiyyətindən, dinindən,
dilindən, cinsindən, sağlamlıq imkanlarının
məhdudluğu (onların məhdud imkanlarına görə
həyata keçirilməsi çətinləşən hallardan
başqa) və ailə vəziyyətindən, ictimai-sosial
mənşəyindən, yaşayış yerindən, əmlak
vəziyyətindən, əqidəsindən, siyasi partiyalara,
həmkarlar ittifaqlarına və digər ictimai
birliklərə mənsubiyyətindən asılı olmayaraq
bütün şəxslərə əmək və
məşğulluğu sərbəst seçmək hüququnun
həyata keçirilməsində bərabər imkanların
təmin edilməsi;
8.0.5.
şəxslərin qanun çərçivəsində həyata
keçirilən əmək və sahibkarlıq
təşəbbüsünün müdafiə edilməsi,
sahibkarlığın və özünüməşğulluğun
inkişaf etdirilməsi məqsədi ilə onlara köməklik
göstərilməsi;
8.0.6.
əmək fəaliyyətinin və məşğulluq növünün
seçilməsində şəxslərin öz iradəsini
sərbəst ifadə etməsinə şərait
yaradılması;
8.0.7.
işaxtaran və işsiz şəxslərin sosial
müdafiəsinin təmin edilməsi, işə
düzəlməkdə çətinlik çəkən
şəxslərin məşğulluğunun təmin
edilməsinə köməklik göstərən tədbirlərin
görülməsi;
8.0.8.
məşğulluq sahəsində fəaliyyətin iqtisadi
və sosial siyasətin digər istiqamətləri ilə
əlaqələndirilməsi;
8.0.9.
sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə
düzəlməkdə çətinlik çəkən şəxslər
üçün əlavə iş yerləri yaradan
işəgötürənlərin həvəsləndirilməsi;
8.0.10.
məşğulluğun təmin edilməsinə
yönəldilmiş tədbirlərin hazırlanmasında və
həyata keçirilməsində, onların yerinə
yetirilməsinə nəzarət sahəsində dövlət
orqanlarının, həmkarlar ittifaqlarının,
işəgötürənlərin birliklərinin fəaliyyətinin
əlaqələndirilməsi;
8.0.11.
Azərbaycan Respublikası vətəndaşlarının
ölkə hüdudlarından kənarda, habelə daxili əmək
bazarının qorunması şərti ilə
vətəndaşlığı olmayan şəxslərin
və əcnəbilərin Azərbaycan Respublikasının
ərazisində əmək fəaliyyəti ilə
məşğul olmasına şərait yaradılması;
8.0.12.
beynəlxalq əmək normalarına riayət olunması;
8.0.13.
qeyri-formal məşğulluğun qarşısının
alınmasına yönəldilmiş stimullaşdırıcı
tədbirlərin həyata keçirilməsi;
8.0.14.
təhsil sisteminin əmək bazarının
tələblərinə uyğunlaşdırılması;
8.0.15.
işsizlikdən icbari sığortanın tətbiqi.
2-ci fəsil
MƏŞĞULLUQ SAHƏSİNDƏ
ŞƏXSLƏRİN HÜQUQLARI VƏ DÖVLƏT
TƏMİNATLARI
Maddə 9.
Məşğulluq sahəsində şəxslərin
hüquqları
9.1.
Məşğulluq sahəsində şəxslər
aşağıdakı hüquqlara malikdirlər:
9.1.1.
fəaliyyət növü, peşə, məşğuliyyət
və iş yerini sərbəst seçmək;
9.1.2.
işəgötürənlərə bilavasitə müraciət
etmək yolu ilə, müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) pulsuz vasitəçiliyi
ilə və ya əmək yarmarkaları, əmək birjaları,
kütləvi informasiya vasitələrində və internet
resurslarında elanlar verilməsi yolu ilə və qanunla
qadağan edilməyən digər vasitələrlə iş
yerini sərbəst seçmək;
9.1.3.
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanda (qurumda) məşğulluq növünü, iş yerini və
iş rejimini seçmək məqsədi ilə pulsuz
peşəyönümü məsləhətləri almaq, peşə
hazırlığına və əlavə təhsilə
cəlb olunmaq, habelə əmək bazarına dair məlumat
əldə etmək;
9.1.4.
əmək bazarında həyata keçirilən aktiv
məşğulluq tədbirlərində iştirak etmək;
9.1.5.
İşsizlikdən sığorta haqqında Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada və şərtlərlə işsizlikdən
sığorta olunmaq və sığorta ödənişi almaq;
9.1.6.
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqandan (qurumdan) və yaxud onun vəzifəli
şəxslərinin hərəkət və ya
hərəkətsizliyindən inzibati və ya
məhkəmə qaydasında şikayət etmək.
9.2.
Aşağıdakı hallar istisna olmaqla şəxslərin
məcburi əməyə cəlb edilməsinə yol verilmir:
9.2.1.
məhkəmənin qanuni qüvvəyə minmiş qərarı
olduqda;
9.2.2.
hərbi xidmət zamanı;
9.2.3.
hərbi və fövqəladə vəziyyət zamanı.
Maddə 10. Əmək
hüququnun həyata keçirilməsində dövlət
təminatları
10.1.
Dövlət hər bir şəxsə əmək hüququnun
həyata keçirilməsində aşağıdakı
təminatları verir:
10.1.1.
məşğulluq növünün, o cümlədən müxtəlif rejimli
işin sərbəst seçilməsinə;
10.1.2.
işdən əsassız çıxarılanların və ya
işə qəbuldan əsassız imtina olunanların
Azərbaycan Respublikasının Əmək
Məcəlləsinə uyğun olaraq hüquqi müdafiəsinə;
10.1.3.
İşsizlikdən sığorta haqqında Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada və şərtlərlə işsizlikdən
sığorta olunmasına.
10.2.
Dövlət işaxtaranlara və işsiz şəxslərə
aşağıdakı təminatları verir:
10.2.1.
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) vasitəçiliyi ilə münasib işin
seçilməsinə və işədüzəlməyə
köməklik göstərilməsinə;
10.2.2.
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) göndərişi ilə peşəyönümünə
və peşə hazırlığına;
10.2.3.
şəxsin yaş və başqa xüsusiyyətləri
nəzərə alınmaqla haqqı ödənilən ictimai
işlərdə iştirakına;
10.2.4.
İşsizlikdən sığorta haqqında Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada və şərtlərlə işsizlikdən
sığorta ödənişinin ödənilməsinə;
10.2.5.
özünüməşğulluğa köməklik
göstərilməsinə;
10.2.6.
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) tərəfindən həyata keçirilən digər
aktiv məşğulluq tədbirlərində
iştirakına;
10.2.7.
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) göndərişi ilə işə qəbul
olunarkən Azərbaycan Respublikasının Əmək
Məcəlləsində nəzərdə tutulan hallarda pulsuz
tibbi müayinədən keçməsinə.
Maddə 11. Sosial
müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin
məşğulluğu üçün əlavə təminatlar
11.1.
Dövlət sosial müdafiəyə xüsusi ehtiyacı olan və
işə düzəlməkdə çətinlik çəkən
şəxslərə əlavə iş yerləri və
sosial müəssisələr yaratmaq, onlar üçün
uyğunlaşdırılmış təlim proqramları
əsasında peşə hazırlığı kursları
təşkil etmək, habelə kvota müəyyən etmək
yolu ilə əlavə təminatlar verir.
11.2.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə
düzəlməkdə çətinlik çəkən şəxslər
üçün kvota tətbiq edilməsi qaydası və kvota şamil
edilməyən müəssisələrin siyahısı müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilir.
11.3.
Kvotanın miqdarı müvafiq inzibati ərazi vahidində
əmək bazarındakı vəziyyətdən asılı
olaraq, müəssisələrdəki işçilərin orta
siyahı sayının 5 faizindən çox olmamaq şərti
ilə müəyyən edilir.
11.4.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) tərəfindən göndərilmiş sosial
müdafiəyə xüsusi ehtiyacı olan və işə
düzəlməkdə çətinlik çəkən şəxsləri
onlar üçün kvota üzrə müəyyən olunmuş iş
yerlərinə qəbul etməyən
işəgötürənlər qanunla müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar.
3-cü fəsil
MƏŞĞULLUĞUN TƏŞKİLİ
Maddə 12. Respublika
və ərazi məşğulluq proqramları
12.1.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanlar (qurumlar) və yerli özünüidarəetmə orqanları,
işəgötürənlər birlikləri və həmkarlar
ittifaqları bu Qanuna uyğun olaraq məşğulluğa
kömək göstərilməsi tədbirlərini nəzərdə
tutan respublika və ərazi məşğulluq proqramları
hazırlayırlar.
12.2.
Respublika və ərazi məşğulluq proqramları müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar
(qurumlar) tərəfindən hazırlanan iqtisadi və sosial
inkişaf proqnozlarının göstəriciləri
əsasında hazırlanır.
12.3.
Respublika və ərazi məşğulluq proqramlarını
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanlar (qurumlar) təsdiq edir və onların həyata
keçirilməsini təmin edir.
Maddə 13. Azərbaycan
Respublikası vətəndaşlarının xarici
ölkələrdə, əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında məşğulluğu
Azərbaycan
Respublikası vətəndaşlarının xarici
ölkələrdə, əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikası ərazisində əmək
fəaliyyəti ilə bağlı məsələlər
Azərbaycan Respublikasının Miqrasiya
Məcəlləsinə, bu Qanuna, məşğulluq
sahəsində Azərbaycan Respublikasının digər
normativ hüquqi aktlarına və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun tənzimlənir.
Maddə 14.
İşədüzəltmədə vasitəçilik
fəaliyyəti
14.1.
Azərbaycan Respublikasında işaxtaran və işsiz
şəxslərin işə düzəlməsində, habelə
Azərbaycan Respublikası vətəndaşlarının
xarici ölkələrdə işə düzəlməsində vasitəçilik
fəaliyyəti (bundan sonra işədüzəltmədə
vasitəçilik fəaliyyəti) yalnız hüquqi
şəxslər tərəfindən bu Qanunun
tələbləri nəzərə alınmaqla həyata
keçirilir.
14.2.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) işədüzəltmədə vasitəçilik
fəaliyyəti ilə məşğul olan hüquqi
şəxslərin reyestrini elektron formada aparır.
14.3.
İşədüzəltmədə vasitəçilik
fəaliyyəti ilə məşğul olan hüquqi
şəxslərin reyestrinin aparılması qaydasını
və həmin hüquqi şəxslərə dair
tələbləri müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
14.4.
İşaxtaran və işsiz şəxslərin işə
düzəlməsində vasitəçilik fəaliyyətini həyata
keçirən hüquqi şəxslər müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən edilmiş qaydada və
formada iş üçün müraciət edən və işlə təmin
olunan şəxslərin sayı barədə
məlumatları müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) təqdim edirlər.
14.5.
İşaxtaran və işsiz şəxslərin işə
düzəlməsində vasitəçilik fəaliyyətini həyata
keçirən hüquqi şəxslər toplanılmış
informasiya ehtiyatlarına dair müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanla (qurumla) elektron qaydada
qarşılıqlı məlumat mübadiləsini təmin
edirlər.
14.6.
Bu Qanunun 14-cü maddəsinin tələblərini pozmaqla
işədüzəltmədə vasitəçilik fəaliyyətini
həyata keçirən hüquqi şəxslər qanunla
müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
Maddə 15.
Məşğulluğa kömək göstərən
əlaqələndirmə komitələri
15.1.
Məşğulluq sahəsində
razılaşdırılmış qərarların
hazırlanması məqsədi ilə həmkarlar
ittifaqının, işəgötürənlərin birliklərinin,
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun), aidiyyəti dövlət və yerli
özünüidarəetmə orqanlarının, sosial müdafiəyə
xüsusi ehtiyacı olan şəxslərin mənafeyini təmsil
edən ictimai birliklərin bərabər sayda
nümayəndələrindən ibarət
məşğulluğa kömək göstərən yerli
əlaqələndirmə komitələri (bundan sonra -
əlaqələndirmə komitələri) yaradılır.
15.2.
Əlaqələndirmə komitələrinin
səlahiyyətləri, fəaliyyət qaydası və
tərkibi müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq
edilən Əsasnamə ilə tənzimlənir.
Maddə 16.
Məşğulluğun təmin edilməsində yerli
özünüidarəetmə orqanlarının iştirakı
16.1.
Yerli özünüidarəetmə orqanlarının məşğulluq
sahəsində aşağıdakı hüquqları vardır:
16.1.1.
öz vəsaiti hesabına işaxtaran və işsiz
şəxslər üçün haqqı ödənilən ictimai
işlər təşkil etmək;
16.1.2.
məşğulluğa kömək göstərilməsi məqsədi
ilə bu Qanunun 12-ci maddəsinə uyğun olaraq
məşğulluq proqramlarının hazırlanmasında
iştirak etmək;
16.1.3.
məşğulluğa kömək göstərən
əlaqələndirmə komitələrinin işində
iştirak etmək;
16.1.4.
Bələdiyyələrin statusu haqqında Azərbaycan
Respublikasının Qanununun 4-cü maddəsinə uyğun olaraq
yerli sosial müdafiə və sosial inkişaf proqramlarında
əhalinin məşğulluğuna kömək
göstərilməsi ilə bağlı əlavə təminatlar
nəzərdə tutmaq.
16.2.
Yerli özünüidarəetmə orqanları Ailə kəndli
təsərrüfatı haqqında Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq ailə kəndli
təsərrüfatlarını uçota alır və uçota
aldığı gündən 1 (bir) ay ərzində bu
barədə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) məlumat verirlər.
Maddə 17.
Məşğulluğun təmin edilməsində həmkarlar
ittifaqlarının iştirakı
17.1.
Həmkarlar ittifaqlarının, onların seçkili
orqanlarının məşğulluq sahəsində
aşağıdakı hüquqları vardır:
17.1.1.
işçilərin kütləvi surətdə
sərbəstləşdirilməsi ilə əlaqədar
tədbirlərin başqa vaxta keçirilməsi və ya müvəqqəti
dayandırılması haqqında
işəgötürənlərə və ya onların yuxarı
orqanlarına təkliflər vermək;
17.1.2.
Azərbaycan Respublikasının Əmək
Məcəlləsinə və Həmkarlar ittifaqları
haqqında Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq məşğulluğun təmin edilməsi, işə
(xidmətə) qəbul, işdənçıxarma, sosial
güzəştlərin və təminatların verilməsi
məsələlərində şəxslərin
müdafiəsini təmin etmək;
17.1.3.
peşə standartlarının hazırlanması, qəbulu
və tətbiqi, işçilərin təlimi,
bacarıqlarının artırılması və
qiymətləndirilməsi işinin həyata keçirilməsi
ilə bağlı təkliflər vermək və onların
həyata keçirilməsində iştirak etmək.
17.2.
İşəgötürənin təşəbbüsü ilə
istehsalın səmərələşdirilməsi,
əməyin təşkilinin təkmilləşdirilməsi,
müəssisənin ləğv edilməsi, işçilərin
sayının və ya ştatların ixtisar edilməsi ilə
əlaqədar olaraq işçilərin
sərbəstləşdirilməsi, Azərbaycan
Respublikasının Əmək Məcəlləsində nəzərdə
tutulan hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı
orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı
məlumat verməklə, işçilərin hüquqlarının
və mənafelərinin gözlənilməsi barədə onlarla
danışıqlar aparılmaqla həyata keçirilir.
17.3.
İşəgötürənlər (onların birlikləri) və
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanlar (qurumlar), həmkarlar ittifaqlarının təklifi
ilə məşğulluq məsələlərinə dair
birgə məsləhətləşmələr aparırlar.
Məsləhətləşmələrin yekunlarına
görə məşğulluğa kömək
göstərilməsinə dair tədbirlər Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə
uyğun olaraq kollektiv müqavilələrdə (sazişlərdə)
nəzərdə tutula bilər.
Maddə 18.
Məşğulluğun təmin edilməsində
işəgötürənlərin iştirakı
18.1.
İşəgötürənlər dövlət məşğulluq
siyasətinin həyata keçirilməsinə
aşağıdakı əsaslarla kömək göstərirlər:
18.1.1.
Azərbaycan Respublikasının Əmək
Məcəlləsinə uyğun olaraq əmək
münasibətlərini tənzimləyən əmək
müqavilələrinin (kontraktların), kollektiv
müqavilələrin və ya sazişlərin
şərtlərinə əməl edilməsi;
18.1.2.
istehsalatın dayandırılması və ya işçilərin
sərbəstləşdirilməsi təqdirində onların
müdafiəsi üçün kollektiv müqavilələrdə
(sazişlərdə) nəzərdə tutulmuş
tədbirlərin həyata keçirilməsi;
18.1.3.
əlavə təhsil üçün şəraitin yaradılması
və əlavə təhsilin təşkili;
18.1.4.
sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin
bu Qanunla müəyyən olunmuş qaydada işə
düzəldilməsi;
18.1.5.
peşə standartlarının hazırlanması və
tətbiqi, həmçinin peşə bacarıqlarının
artırılması və qiymətləndirilməsi
işinin həyata keçirilməsində iştirak edilməsi.
18.2.
İşçilərin sayı və ya ştatları ixtisar
edildikdə işəgötürənlər işdən
çıxarılacaq işçilərin peşəsini,
ixtisasını və əməkhaqqının
məbləğini göstərməklə, onların
sərbəstləşdiriləcəyi barədə
Azərbaycan Respublikasının Əmək
Məcəlləsi ilə müəyyən edilən
xəbərdarlıq müddətindən az olmayaraq
əvvəlcədən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi
məlumat verməlidirlər.
18.3.
İşəgötürənlər yeni iş yeri
yarandığı və ya iş yeri boşaldığı
gündən ən geci 5 (beş) iş günü müddətində
əməkhaqqı göstərilməklə bu barədə
məlumatları müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilmiş qaydada və formada elektron informasiya
sisteminə daxil etməlidirlər.
18.4.
İşəgötürənlər müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma), həmin
orqanın göndərişi ilə işə qəbul
edilənlər, o cümlədən kvota üzrə işə
qəbul edilənlər və işdən çıxarılanlar
haqqında aylıq hesabatlar təqdim etməlidirlər.
18.5.
Bu Qanunun 18.4-cü maddəsində nəzərdə tutulan
hesabatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş
qaydada və formada elektron informasiya sisteminə daxil edilir.
18.6.
İşəgötürənlər müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
göndərişi ilə gəlmiş şəxsləri onlara
bilavasitə müraciət etmiş şəxslərlə
bərabər əsaslarla işə qəbul edirlər.
18.7.
İşəgötürən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
göndərişi təqdim edildiyi gündən ən geci 5 (beş)
iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması
ilə bağlı qərarını qəbul edərək
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqana (quruma) təqdim etməlidir.
18.8.
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
başqa hal nəzərdə tutulmayıbsa, xarici
dövlətlərin hüquqi və fiziki şəxsləri,
beynəlxalq təşkilatlar, eləcə də
vətəndaşlığı olmayan şəxslər
tərəfindən təsis edilən və Azərbaycan
Respublikasının Mülki, Əmək, Miqrasiya və Vergi
məcəllələrinə uyğun olaraq fəaliyyət
göstərən işəgötürənlər özlərinin işçi
qüvvəsinə olan tələbatını (rəhbər
və mütəxəssis vəzifələri də daxil olmaqla),
ilk növbədə, yerli kadrlardan istifadə etməklə və
onların hazırlanması vasitəsilə
ödəməlidirlər.
Maddə 19. İşaxtaranların
və işsiz şəxslərin sosial müdafiəsi ilə
bağlı tədbirlərin maliyyələşdirilməsi
İşaxtaran
və işsiz şəxslərin sosial müdafiəsi ilə
əlaqədar tədbirlər İşsizlikdən
sığorta haqqında Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş mənbələrdən
maliyyələşdirilir.
Maddə 20. İşaxtaran
və işsiz şəxslərin peşə
hazırlığı
20.1.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanda (qurumda) qeydiyyata alınmış işaxtaran və
işsiz şəxslərin peşə
hazırlığı müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə
aşağıdakı hallarda həyata keçirilir:
20.1.1.
işaxtaran və işsiz şəxslər lazımi
peşə və ya ixtisası olmadığına görə
onun üçün münasib iş seçmək mümkün olmadıqda;
20.1.2.
işaxtaran və işsiz şəxs əvvəlki
peşə (ixtisas) üzrə işləmək qabiliyyətini
itirdikdə.
20.2.
İşsiz şəxslərin peşə
hazırlığı müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən
ödənişsiz təşkil olunur. İşaxtaran
şəxslər peşə hazırlığına
ödənişli əsaslarla cəlb olunurlar.
20.3.
Peşə hazırlığının təşkili
zamanı bu Qanunun 6.4.1-ci maddəsində nəzərdə
tutulan şəxslər üstün hüquqa malikdirlər.
20.4.
İşaxtaran və işsiz şəxslərin peşə
hazırlığının təşkili qaydası müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilir.
Maddə 21. Haqqı
ödənilən ictimai işlərin təşkili
21.1.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) mülkiyyət növündən və təşkilati-hüquqi
formasından asılı olmayaraq müəssisələrdə
işsiz şəxslərin müvəqqəti
məşğulluğunu təmin etmək məqsədi
ilə onların müqavilələr üzrə ödənişli
ictimai işlərə cəlb olunmasını təşkil
edirlər.
21.2.
Haqqı ödənilən ictimai işlərdə iştirak
etmək istəyən işsiz şəxslərlə
Azərbaycan Respublikasının Əmək
Məcəlləsinə uyğun olaraq müddətli əmək
müqaviləsi bağlanır. İşsizlikdən
sığorta ödənişi almayan işsiz şəxslər
belə müqavilələrin bağlanmasında üstün hüquqa
malikdirlər.
21.3.
Haqqı ödənilən ictimai işlərə cəlb olunan
işsiz şəxslər faktiki yerinə yetirilən
işə görə, lakin müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən edilən minimum
əməkhaqqı məbləğindən az olmamaq
şərti ilə əməkhaqqı alırlar.
21.4.
Haqqı ödənilən ictimai işlərin
maliyyələşdirilməsi haqqı ödənilən ictimai
işləri təşkil edən müəssisələrin
vəsaiti hesabına və ya İşsizlikdən
sığorta haqqında Azərbaycan Respublikası Qanununun 19.0.2.3-cü
maddəsinə uyğun olaraq işsizlikdən sığorta vəsaiti
hesabına həyata keçirilir.
21.5.
Haqqı ödənilən ictimai işlərin təşkili
qaydaları müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən olunur.
Maddə 22.
Peşəyönümünə dair məsləhət xidmətləri
22.1.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) gənclərin (təhsil müəssisələrinin
tələbə və şagirdlərinin), işaxtaran və
işsiz şəxslərin peşəyönümünün təşkili
üçün onlarla müsahibələr və testlər keçirilməklə,
təhsilinə, bacarığına və şəxsi
keyfiyyətlərinə uyğun olaraq peşə və
ixtisasının seçiminə, peşə maraqlarının
formalaşdırılmasına yönəldilmiş
məsləhət xidmətləri göstərir.
22.2.
Peşəyönümünə dair məsləhət xidmətləri
aşağıdakı istiqamətlərdə göstərilir:
22.2.1.
əmək bazarının cari vəziyyəti və
əmək bazarında ən çox tələb olunan peşə
və ixtisaslar barədə məlumatlandırma;
22.2.2.
mövcud peşə və ixtisas üzrə işlə təmin
edilmə və ya peşə hazırlığı və
əlavə təhsilə cəlb olunma imkanları
barədə məlumatlandırma;
22.2.3.
işsiz şəxsin sosial-psixoloji xüsusiyyətləri,
peşə, bilik, bacarıq və səriştələri,
sağlamlıq vəziyyəti nəzərə alınaraq,
əmək bazarının tələbatı əsasında
ona iş yerinin və peşənin seçimində köməkliyin
göstərilməsi.
22.3.
Peşəyönümünə dair məsləhət xidmətlərinin
göstərilməsi qaydasını müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
Maddə 23. Əmək
birjalarının və əmək yarmarkalarının
təşkili
23.1.
Əmək bazarında tələb və təklif, habelə
daxil olan sifarişlər əsasında əhalinin
müvəqqəti məşğulluğunun təmin olunması
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) tərəfindən təşkil edilən
əmək birjaları vasitəsilə həyata keçirilir.
23.2.
İşaxtaran və işsiz şəxslərin müvafiq
inzibati ərazi vahidi üzrə mövcud olan vakant iş yerləri
haqqında məlumat əldə etməsi, aktiv
məşğulluq tədbirlərinə cəlb olunması,
habelə işəgötürənlərin qısa müddət
ərzində zəruri peşəyə, ixtisasa və
təcrübəyə malik olan kadrların seçiminə köməklik
göstərilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanlar (qurumlar)
tərəfindən əmək yarmarkaları təşkil
edilir.
23.3.
Əmək birjalarının və əmək
yarmarkalarının təşkili və fəaliyyəti
qaydasını müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
Maddə 24. Özünüməşğulluğa
kömək göstərilməsi
24.1.
İşsiz şəxslərin özünüməşğulluğunun
təşkili müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata
keçirilir və aşağıdakı
mərhələlərdən ibarətdir:
24.1.1.
özünüməşğulluğun təşkili ilə bağlı
işsiz şəxslərə məsləhətlərin
və məlumatların verilməsi;
24.1.2.
əmək bazarının təhlili əsasında
iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq
istiqamətinin seçilməsinə və təşkilinə
kömək edilməsi;
24.1.3.
özünüməşğulluğun təşkili üçün biznes-planın
hazırlanmasında yardım edilməsi;
24.1.4.
seçilmiş özünüməşğulluq istiqamətinin
təşkili üçün işsiz şəxslərə natura
şəklində material, avadanlıq və digər
əmlakın (bundan sonra - əmlak) 2 (iki) il müddətinə
müqavilə əsasında verilməsi;
24.1.5.
özünüməşğulluğa cəlb olunmuş şəxsin
fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində
göstərilən müddət ərzində monitorinqi.
24.2.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) özünüməşğulluğa cəlb olunmuş
şəxsin fəaliyyətinin müqavilə müddəti
ərzində monitorinqini aparır və müqavilə
müddətinin sonuna həmin şəxsin fəaliyyəti
təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun
təşkili üçün verilmiş əmlak özünüməşğulluğa
cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.
24.3.
Özünüməşğulluğa cəlb olunmuş şəxs ona
bu Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə
əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində
üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin
əmlakı və yaxud onun dəyərini əmlak
qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə
uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) qaytarır.
24.4.
Özünüməşğulluğa cəlb olunmuş şəxs ona
verilmiş əmlaka müqavilə müddətində qəsdən
ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə
istifadə etmədikdə Azərbaycan Respublikasının
Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş
ziyanın əvəzini müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma)
ödəməlidir.
24.5.
Bu Qanunun 24.3-cü maddəsində göstərilən bazar qiyməti
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) tərəfindən özünüməşğulluğa
cəlb olunmuş şəxsin iştirakı ilə
əmlakın qaytarıldığı gündən çoxu 1 (bir) ay
əvvəl eyni (analoji) əmlak üçün müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) dərc
etdiyi qiymətlərə əsasən
müəyyənləşdirilir.
24.6.
Bu Qanunun 24.3-cü maddəsinə uyğun olaraq özünüməşğulluğa
cəlb olunmuş şəxsə verilmiş əmlak geri
alındıqda və bu əmlakın digər özünüməşğulluğa
cəlb olunmuş şəxsə verilməsi mümkün
olmadıqda, müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada
həmin əmlak açıq hərracların keçirilməsi
vasitəsilə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən
satılır.
24.7.
Özünüməşğulluğa cəlb olunmuş şəxs bu
Qanunun 24.3-cü və 24.4-cü maddələrinə uyğun olaraq
ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya
həmin əmlaka vurulmuş ziyanın əvəzini
ödəməkdən imtina etdikdə tərəflər
arasında yaranmış mübahisələr məhkəmə
qaydasında həll olunur.
24.8.
Bu Qanunun 4.1.3-cü maddəsində göstərilən
mülkiyyətində kənd təsərrüfatına yararlı
torpaq payı olub digər məşğulluğu olmayan
şəxslər də müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən 1 (bir) il ərzində özünüməşğulluğa
cəlb olunmuş işsiz şəxslərin ümumi
sayının 50 faizindən çox olmamaq şərti ilə özünüməşğulluğa
cəlb edilirlər.
24.9.
İşsiz şəxslərin özünüməşğulluğunun
təşkili zamanı ünvanlı dövlət sosial yardımı
alan şəxslərə, əlillərə və
sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara,
pensiya yaşına iki ildən az qalmış
şəxslərə, cəzaçəkmə yerlərindən
azad edilmiş işsiz şəxslərə üstünlük verilir.
24.10.
İşsizlikdən sığorta ödənişini alan
işsiz şəxslər özünüməşğulluğa cəlb
edilmirlər.
24.11.
İşsiz şəxslərin özünüməşğulluğunun
təşkili qaydası müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.
Maddə 25.
İşəgötürənlərlə birlikdə işçilərin
əməkhaqqının maliyyələşdirilməsi
25.1.
Sosial iş yerlərində işçilərin
əməkhaqqının bir hissəsinin müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən maliyyələşdirilməsi qaydası
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) tərəfindən müəyyən edilir.
25.2.
Əməkhaqqının işsizlikdən sığorta
vəsaiti hesabına maliyyələşdirilən
hissəsinin məbləği müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən əvvəlki il üçün müəyyən
olunmuş ölkə üzrə orta aylıq nominal
əməkhaqqından çox, lakin müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən edilən minimum aylıq
əməkhaqqından az olmamaq şərti ilə
işəgötürənin ştat vahidi üzrə nəzərdə
tutulmuş əməkhaqqının və
əməkhaqqından tutulmaların (əməyin
ödənişi fondundan hesablanan məcburi dövlət sosial
sığorta haqqı, işsizlikdən sığorta
haqqı, istehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqı) 50 faizini
təşkil edir.
25.3.
Sosial iş yerlərində 2 (iki) ildən az olmayan
müddətə bağlanan əmək müqaviləsi ilə
işə götürülmüş işçilərin
əməkhaqqının bir hissəsi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən 3 (üç) aydan az və 12 (on iki) aydan çox olmayan
müddətdə maliyyələşdirilir.
25.4.
Əməkhaqqı sistemi ilə nəzərdə tutulan
mükafatlar, əməkhaqqına əlavələr, artımlar
(əmsallar), habelə iş vaxtından kənar vaxtlarda
görülən işlərə görə verilən
ödəmələr və digər ödənişlər
Azərbaycan Respublikasının Əmək Məcəlləsində
müəyyən edilmiş qaydada işəgötürənlərin
vəsaiti hesabına maliyyələşdirilir.
25.5.
Sosial iş yerlərinin təşkili zamanı əlillərə
və sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqlara, gənclərə,
cəzaçəkmə yerlərindən azad edilmiş
şəxslərə və bir ildən artıq işsiz kimi
qeydiyyatda olan şəxslərə üstünlük verilir.
25.6.
Hər bir işəgötürən üzrə sosial iş yerlərinin
sayı həmin işəgötürənin işçilərinin ümumi
sayının 5 faizindən çox olmamalıdır.
25.7.
Sosial iş yerləri üzrə əməkhaqqının
məbləği işəgötürənin digər iş
yerləri üzrə əməkhaqqının
məbləğinin 10 faizdən çox fərqlənə
bilməz.
Maddə 26. Sosial
müəssisələrin və əlavə iş yerlərinin yaradılması
və məqsədli proqramların həyata keçirilməsi
26.1.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə
düzəlməkdə çətinlik çəkən
şəxslərin məşğulluğunun təmin
olunması məqsədi ilə işəgötürən və ya
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) tərəfindən kvotadan əlavə iş
yerləri, sosial müəssisələr yaradıla və
məqsədli proqramlar həyata keçirilə bilər. Bu halda
müəssisədə mövcud olan daimi vakansiyalar əlavə
iş yerləri hesab edilmir.
26.2.
Sosial müəssisələrin və kvotadan əlavə iş
yerlərinin standartları müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən edilir.
Maddə 27. Fərdi
məşğulluq proqramı
27.1.
İşsiz kimi qeydiyyata alınmış şəxsin
əmək bazarına yenidən qayıtması və ona
işə düzəlməkdə kömək göstərilməsi
məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən fərdi
məşğulluq proqramı tərtib olunur.
27.2.
İşsiz şəxs hər ay həmin ayın sonuncu iş
günü bitənədək müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) fərdi məşğulluq
proqramında nəzərdə tutulmuş aktiv
məşğulluq tədbirlərində iştirakını
müəyyənləşdirən fərdi məşğulluq
proqramının icrası barədə elektron qaydada hesabat
təqdim edir.
27.3.
Fərdi məşğulluq proqramının icrası
barədə hesabat işsiz şəxs tərəfindən
təqdim edildikdən sonra müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) sığorta
ödənişinin verilib-verilməməsi, işsiz kimi
qeydiyyatın saxlanılıb-saxlanılmaması barədə
qərar qəbul edir və ya fərdi məşğulluq
proqramında dəyişiklik edilməsinə dair tədbir
görür.
4-cü fəsil
MƏŞĞULLUQ SAHƏSİNDƏ SOSİAL
TƏMİNATLAR
Maddə 28. İşaxtaran
və işsiz şəxslərin sosial təminatları
28.1.
İşaxtaran və işsiz şəxslərə dövlət
aşağıdakı təminatları verir:
28.1.1.
müəssisədən sərbəstləşdirilmiş
işçilərə Azərbaycan Respublikasının
Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun
olaraq təminatların verilməsi;
28.1.2.
peşə hazırlığına cəlb olunduğu
dövrdə təqaüdün ödənilməsi;
28.1.3.
İşsizlikdən sığorta haqqında Azərbaycan
Respublikası Qanununun 13.1-ci maddəsinə uyğun olaraq
işsizlikdən sığorta ödənişi almaq hüququ olanlara
sığorta ödənişinin verilməsi;
28.1.4.
Haqqı ödənilən ictimai işlərə cəlb
olunması;
28.1.5.
özünüməşğulluğa kömək göstərilməsi;
28.1.6.
işəgötürənlərlə birlikdə işçilərin
əməkhaqqının maliyyələşdirilməsi;
28.1.7.
sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə
düzəlməkdə çətinlik çəkən
şəxslərin məşğulluğunun təmin
olunması üçün əlavə iş yerlərinin və sosial
müəssisələrin yaradılması və məqsədli
proqramların həyata keçirilməsi;
28.1.8.
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) təklifi ilə bir şəhər və
(və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati
ərazi vahidindən digərinə işə (peşə
kurslarına) göndərilməsi ilə əlaqədar
şəxsin çəkdiyi xərclərin (taksi xərcləri
istisna olmaqla) kompensasiya edilməsi.
28.2.
Qanunla müəyyən edilmiş qaydada şəxsin
işsizlikdən sığorta ödənişi aldığı
və aktiv məşğulluq tədbirlərinə cəlb
olunduğu müddət, habelə xarici ölkələrdə qanuni
əsaslarla əmək fəaliyyəti ilə
məşğul olduğu müddət ümumi əmək stajına
daxil edilir.
28.3.
Bu Qanunun 28.1-ci maddəsi ilə müəyyən edilən
təminatlar üzrə ödənişlər nağdsız qaydada
həyata keçirilir.
Maddə 29. Peşə
hazırlığına cəlb olunan işsiz
şəxsə verilən təqaüd
29.1.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) göndərişi ilə peşə
hazırlığı aldığı dövrdə işsiz
şəxsə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi
minimum aylıq əməkhaqqı məbləğində
təqaüd verilir.
29.2.
İşsizlikdən sığorta ödənişi alan işsiz
şəxs peşə hazırlığına cəlb
olunduqda ona işsizlikdən sığorta ödənişini
aldığı dövrdə təqaüd verilmir.
29.3.
Peşə hazırlığına cəlb olunan işsiz
şəxsə verilən təqaüdün ödənilməsi
qaydası müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.
5-ci fəsil
QEYRİ-FORMAL MƏŞĞULLUQ
Maddə 30. Qeyri-formal
məşğulluğun müəyyənləşdirilməsi
30.1.
Bu Qanunun 1.1.9-cu maddəsində göstərilən hallarda bu
Qanunun 4.4-4.8-ci maddələrinə əsasən şəxsin
məşğulluğuna dair məlumatlar məşğul
şəxslərin reyestrinə daxil edilmədikdə,
qeyri-formal məşğulluğun aşkar edilməsi və
qarşısının alınması məqsədi ilə
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanla (qurumla) məşğulluğun
leqallaşdırılması sahəsində nəzarəti
həyata keçirən orqanlar tərəfindən fəaliyyət
istiqamətlərinə uyğun olaraq birgə nəzarət
tədbirləri həyata keçirilir.
30.2.
Qeyri-formal məşğulluğun
leqallaşdırılması sahəsində nəzarəti
həyata keçirən orqanların bu Qanunun 30.1-ci
maddəsində nəzərdə tutulan fəaliyyətinin
əlaqələndirilməsi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
həyata keçirilir.
30.3.
Qeyri-formal məşğulluğun
leqallaşdırılması sahəsində nəzarət
tədbirlərinin keçirilməsi və
əlaqələndirilməsi qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən edilir.
30.4.
Qeyri-formal məşğulluğun
leqallaşdırılması sahəsində nəzarəti
həyata keçirən orqanlar nəzarət tədbirlərinin
həyata keçirilməsi zamanı qeyri-formal məşğulluq
halları ilə bağlı aşkar edilmiş
məlumatları qanunla müəyyən edilmiş
tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına,
həmin məlumatlara dair müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi formada hesabatı isə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)
təqdim etməlidirlər.
30.5.
Qeyri-formal məşğulluq qanunla müəyyən edilmiş
məsuliyyətə səbəb olur.
Maddə 31. Qeyri-formal
məşğulluğa nəzarət vahid elektron informasiya
ehtiyatı
31.1.
Qeyri-formal məşğulluğun aşkar edilməsi və
qarşısının alınması məqsədi ilə
əmək ehtiyatları ilə bağlı informasiya
ehtiyatlarının, eləcə də qeyri-formal
məşğulluğu müəyyən etməyə imkan
verən digər informasiya sistemlərinin və
ehtiyatlarının əmək müqaviləsi bildirişi üzrə
elektron informasiya sisteminə inteqrasiyası əsasında
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) tərəfindən Qeyri-formal
məşğulluğa nəzarət vahid elektron informasiya
ehtiyatı yaradılır.
31.2.
Qeyri-formal məşğulluğa nəzarət vahid elektron
informasiya ehtiyatına inteqrasiyası tələb olunan
informasiya sistemlərinin və ehtiyatlarının siyahısı
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) tərəfindən təsdiq edilir.
31.3.
Bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş
nəzarət tədbirlərinin həyata keçirilməsi üçün
Sahibkarlıq sahəsində aparılan yoxlamaların
tənzimlənməsi və sahibkarların maraqlarının
müdafiəsi haqqında Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq risk qruplarının müəyyən
edilməsi, qeyri-formal məşğulluğun qarşısının
alınmasına dair preventiv tədbirlər görülməsi və
risk qiymətləndirilməsi sisteminin müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanlar (qurumlar)
tərəfindən tətbiqi Qeyri-formal
məşğulluğa nəzarət vahid elektron informasiya
ehtiyatı vasitəsilə həyata keçirilir.
Maddə 32. Qeyri-formal
məşğulluq sahəsində maarifləndirmə
Qeyri-formal
məşğulluğun aşkar edilməsi və
qarşısının alınması məqsədi ilə
qeyri-formal məşğulluğun
leqallaşdırılması sahəsində nəzarəti
həyata keçirən orqanlar həmkarlar ittifaqları
birlikləri və işəgötürənlərin
nümayəndəli orqanları (birlikləri), habelə ictimai
birliklər birgə maarifləndirmə, məlumatlandırma
və təbliğat işini həyata keçirirlər, Reklam
haqqında Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq sosial reklamlar sifariş edirlər, xüsusi bülletenlər
və digər nəşrlər buraxırlar.
6-cı fəsil
YEKUN MÜDDƏALAR
Maddə 33. Qanunun
pozulmasına görə məsuliyyət və mübahisələrin
həlli
33.1.
Bu Qanunun tələblərinin pozulmasına görə fiziki,
hüquqi və vəzifəli şəxslər Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində nəzərdə tutulmuş hallarda
məsuliyyət daşıyırlar.
33.2.
Bu Qanunun tələblərinin pozulmasına görə
Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən tətbiq edilən
cərimələrdən toplanılan vəsaitin 25 faizi müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanların (qurumların) işçilərinin sosial
müdafiəsinin gücləndirilməsi və müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) maddi-texniki bazasının
yaxşılaşdırılması məqsədi ilə
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanların (qurumların) hesablarına köçürülür. Bu
vəsaitlərin bölgüsü və onlardan istifadə edilməsi
qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
33.3.
Məşğulluq sahəsində mübahisələr inzibati
qaydada və məhkəmə qaydasında həll edilir.
Maddə 34.
Məşğulluq sahəsində beynəlxalq
əməkdaşlıq
Məşğulluq
sahəsində beynəlxalq əməkdaşlıq
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
uyğun olaraq həyata keçirilir.
Maddə 35.
Məşğulluq sahəsində nəzarət
35.1.
Bu Qanunun tələblərinə əməl olunmasına
nəzarət həmkarlar ittifaqlarının iştirakı
ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
35.2.
Bu Qanunun 35.1-ci maddəsində göstərilən
nəzarətin həyata keçirilməsi qaydasını müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) təsdiq edir.
Maddə 36. Keçid
müddəa
Bu
Qanun qüvvəyə mindiyi günədək işsiz kimi qeydiyyata
alınmış şəxslərin qeydiyyatı bu Qanun
qüvvəyə mindikdən sonra da saxlanılır.
Maddə 37. Qanunun
qüvvəyə minməsi
Bu
Qanun qüvvəyə mindiyi gündən Məşğulluq
haqqında Azərbaycan Respublikasının 2001-ci
il 2 iyul tarixli 170-IIQ nömrəli Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001,
№ 8, maddə 522, № 12, maddə 731; 2003, № 1,
maddə 16; 2007, № 10, maddə 938; 2008, № 5, maddə
341, № 7, maddə 602; 2010, № 11, maddə 949; 2011, №
2, maddə 71, № 10, maddə 884; 2014, № 11, maddə
1344, № 12, maddə 1528; 2017, № 7, maddə 1280)
ləğv edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 29 iyun 2018-ci il
№
1196-VQ