Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin
fəaliyyətinin təmin edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi
Xidmətinin fəaliyyətini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikası Maliyyə
Monitorinqi Xidmətinin Nizamnaməsi təsdiq edilsin (əlavə
olunur).
2. Azərbaycan Respublikası Maliyyə
Monitorinqi Xidmətinin strukturu təsdiq edilsin (əlavə
olunur).
3. Azərbaycan Respublikası Maliyyə
Monitorinqi Xidmətinin (bundan sonra Xidmət) işçilərinin
say həddi 55 ştat vahidi müəyyən edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
4.1. Azərbaycan Respublikası
Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını üç ay müddətində təmin
edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
4.3. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
4.4. bu Fərmandan irəli gələn
digər məsələləri həll etsin.
5. Xidmət dövlət qeydiyyatına
alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən
üç gün müddətində Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə
müraciət etsin.
6. Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi bu Fərmanın 1-ci hissəsi ilə təsdiq
edilmiş Nizamnamənin 5.1-ci bəndində göstərilən məbləğdə
maliyyələşməni bir ay müddətində təmin
etsin.
7. Müəyyən edilsin ki, Xidmətin
İdarə Heyətinin üzvlərinin səlahiyyətlərinə
vaxtından əvvəl aşağıdakı əsaslarla
xitam verilə bilər:
7.1. öz arzusu ilə;
7.2. Xidmət ləğv edildikdə və
ya yenidən təşkil edildikdə;
7.3. qanunvericilik və ya yerli özünüidarəetmə
orqanlarına seçildikdə, icra orqanlarına, digər publik
hüquqi şəxslərə və ya səhmlərinin
(paylarının) nəzarət zərfi dövlətə məxsus
olan hüquqi şəxslərə, habelə hakim təyin edildikləri
halda həmin vəzifələrdən imtina etmədikdə;
7.4. qanunvericilikdə daha uzun müddət müəyyən
edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq
altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar
əmək funksiyasını yerinə yetirə bilmədikdə;
7.5. məhkəmənin qanuni qüvvəyə
minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin
tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı
olduqda;
7.6. Azərbaycan Respublikası vətəndaşlığına
xitam verildikdə;
7.7. vəfat etdikdə, habelə məhkəmə
onu xəbərsiz itkin düşmüş hesab etdikdə və ya
ölmüş elan etdikdə;
7.8. özünün vəzifə
funksiyalarını və ya vəzifə üzrə öhdəliklərini
yerinə yetirmədikdə, yaxud Azərbaycan Respublikası
Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan
hallarda əmək vəzifələrini kobud surətdə
pozduqda.
8. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Fərmana
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 18 iyul 2018-ci il
№ 215
|
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı
ilə təsdiq edilmişdir |
Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin
NİZAMNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının
Maliyyə Monitorinqi Xidməti (bundan sonra Xidmət) Azərbaycan
Respublikasında cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin
qarşısını almaq sahəsində (bundan sonra müvafiq
sahə) vahid tənzimləməni və nəzarəti həyata
keçirən, fəaliyyəti əlaqələndirən publik
hüquqi şəxsdir.
1.2. Xidmət öz fəaliyyətində
müstəqildir və Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan
Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan
Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin
sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamlarını, digər
normativ hüquqi aktları rəhbər tutur.
1.3. Xidmət öz vəzifələrini
yerinə yetirərkən və hüquqlarını həyata
keçirərkən digər dövlət və yerli özünüidarəetmə
orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları
ilə, digər hüquqi və fiziki şəxslərlə
qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Xidmət ümumdövlət və ictimai əhəmiyyət
daşıyan fəaliyyətlə məşğul olur.
1.5. Xidmət sahibkarlıq fəaliyyəti
ilə məşğul ola bilməz. Onun əsas məqsədi
mənfəət götürmək deyildir.
1.6. Xidmətin müstəqil balansı, əmlakı,
xəzinə və bank hesabları, öz adı həkk
olunmuş möhürü, müvafiq ştampları və blankları
vardır.
1.7. Qanuna uyğun olaraq, Xidmətin əqdlər
bağlamaq, öz adından əmlak və qeyri-əmlak
hüquqları əldə etmək və həyata keçirmək
hüququ, həmçinin vəzifələri vardır, o, məhkəmədə
iddiaçı və ya cavabdeh qismində çıxış edir.
1.8. Xidmət Bakı şəhərində
yerləşir.
2. Xidmətin fəaliyyətinin məqsədi və fəaliyyət
istiqamətləri
2.1. Xidmətin fəaliyyətinin əsas
məqsədi Azərbaycan Respublikasında cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin
qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş
tələblərə riayət olunmasına nəzarət etmək,
müvafiq sahədə vahid tənzimləməni həyata keçirmək,
habelə monitorinq iştirakçılarının, monitorinqdə
iştirak edən digər şəxslərin, nəzarət və
digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək,
şəffaflığı və səmərəliliyi təmin
etməkdir. Xidmət bu Nizamnamədə müəyyən
edilmiş fəaliyyəti həyata keçirərkən müvafiq sahədə
qabaqcıl beynəlxalq standartları əsas götürür.
2.2. Müvafiq sahədə Xidmətin fəaliyyət
istiqamətləri aşağıdakılardır:
2.2.1. vahid siyasətin
formalaşmasında və bu siyasətin həyata keçirilməsində
iştirak etmək;
2.2.2. tənzimləməni və nəzarəti
həyata keçirmək;
2.2.3. milli risk qiymətləndirilməsini
həyata keçirmək, bu istiqamətdə dövlət
orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək;
2.2.4. monitorinq
iştirakçılarının, monitorinqdə iştirak edən
digər şəxslərin, nəzarət və digər dövlət
orqanlarının fəaliyyətini əlaqələndirmək,
onlardan daxil olan məlumatları toplamaq və təhlil etmək;
2.2.5. vahid informasiya sisteminin tətbiqini
təmin etmək;
2.2.6. normativ xarakterli aktlar qəbul etmək
və müvafiq hüquqi aktların layihələrinin
hazırlanmasında iştirak etmək;
2.2.7. müvafiq sahənin
inkişafını təmin etmək.
3. Xidmətin vəzifələri və hüquqları
3.1. Bu Nizamnamə ilə müəyyən
edilmiş fəaliyyət istiqamətlərinə uyğun
olaraq, Xidmətin vəzifələri
aşağıdakılardır:
3.1.1. Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında Azərbaycan
Respublikasının Qanununa (bundan sonra Qanun) uyğun olaraq
müvafiq sahədə monitorinqi həyata keçirmək, monitorinq
iştirakçılarından və monitorinqdə iştirak edən
digər şəxslərdən, açıq və digər mənbələrdən
məlumat almaq, toplamaq və təhlil etmək, habelə nəticələrinə
əsasən tədbirlər görmək;
3.1.2. müvafiq sahədə normativ xarakterli
aktlar qəbul etmək;
3.1.3. cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizənin vəziyyətini öyrənmək, təhlil
etmək, bununla bağlı təklif və tövsiyələr
hazırlamaq;
3.1.4. monitorinq olunmalı əməliyyatların
aşkarlanması meyarlarını (xüsusi indikatorları) müəyyən
etmək;
3.1.5. monitorinq
iştirakçılarının və monitorinqdə iştirak edən
digər şəxslərin Qanunda nəzərdə
tutulmuş məlumatları Xidmətə təqdim etməsi
qaydasını müəyyən etmək;
3.1.6. Qanuna uyğun olaraq, sadələşdirilmiş
eyniləşdirilmə və verifikasiya qaydasını müəyyən
etmək;
3.1.7. Qanuna uyğun olaraq, monitorinq
iştirakçılarının Xidmətə məlumat təqdim
etməli olduqları pul vəsaitləri və ya digər əmlakla
əməliyyatların siyahısını və ümumi məbləğinin
minimal həddini müəyyən etmək;
3.1.8. Qanuna uyğun olaraq, Birləşmiş
Millətlər Təşkilatı Təhlükəsizlik
Şurasının aidiyyəti qətnamələrinə,
habelə Azərbaycan Respublikasının qanunvericiliyinə və
tərəfdar çıxdığı beynəlxalq müqavilələrə
əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən
etdiyi qaydada şəxslərin siyahısını təsdiq və
dərc etmək, həmçinin bu siyahını birbaşa və
ya müvafiq nəzarət orqanları vasitəsilə monitorinq
iştirakçılarına və monitorinqdə iştirak edən
digər şəxslərə göndərmək;
3.1.9. cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində,
transmilli mütəşəkkil cinayətkarlığı, habelə
silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməkdə,
narkotik vasitələrin və ya psixotrop maddələrin
qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə
əməliyyatlarının aparılması zamanı eyniləşdirmə
məlumatlarının açıqlanması tələb olunmayan
dövlətlərin siyahısını Azərbaycan
Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi qaydada müəyyənləşdirmək
və dərc etmək, həmçinin bu siyahını birbaşa
və ya müvafiq nəzarət orqanları vasitəsilə
monitorinq iştirakçılarına və monitorinqdə
iştirak edən digər şəxslərə göndərmək;
3.1.10. monitorinq
iştirakçılarının və monitorinqdə iştirak edən
digər şəxslərin yaratdıqları daxili nəzarət
sistemlərinin hazırlanmasına, habelə daxili nəzarət
sisteminin təşkili üçün məsul şəxslərin peşə
ixtisasına və təcrübəsinə dair tələbləri
müəyyən etmək;
3.1.11. lombardların və daşınmaz
əmlak alqı-satqısı üzrə vasitəçilik xidmətləri
göstərən fiziki və ya hüquqi şəxslərin Qanunun tələblərinə
əməl etmələrinə nəzarəti təmin etmək,
bu nəzarətin həyata keçirilməsi qaydasını müəyyən
etmək;
3.1.12. aidiyyəti dövlət orqanları
ilə razılaşdırılmaqla, cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi
ilə bağlı hüquqpozmalar barədə statistik məlumatların
təqdimolunma formasını müəyyən etmək;
3.1.13. cinayət yolu ilə əldə edilmiş
pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və ya terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə
bağlı inzibati xəta əlamətlərini aşkar
etdikdə Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinə uyğun olaraq tədbirlər görmək;
3.1.14. aparılmış təhlil nəticəsində
həyata keçirilən əməliyyatda cinayət əlamətlərinin
olduğunu müəyyən etdikdə, cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılması ilə bağlı məlumatları
prokurorluq orqanlarına, terrorçuluğun maliyyələşdirilməsi
ilə bağlı məlumatları Azərbaycan
Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə
təqdim etmək və görülmüş tədbirlər barədə
həmin orqanlardan informasiya almaq;
3.1.15. monitorinq iştirakçılarının
və monitorinqdə iştirak edən digər şəxslərin
Qanunun tələblərinə əməl etməmələrinə
dair məlumat əldə etdikdə həmin məlumatı
göstərilən şəxslərə qarşı inzibati və
ya qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlərin
tətbiq edilməsi üçün müvafiq nəzarət orqanlarına təqdim
etmək və görülmüş tədbirlər barədə həmin
orqanlardan informasiya almaq;
3.1.16. aşağıdakı məqsədlərlə
mərkəzləşdirilmiş elektron-informasiya sistemlərinin
təşkilini təmin etmək:
1. müvafiq sahədə təqdim olunan məlumatların
vahid şəkildə toplanması;
2. cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasında və terrorçuluğun maliyyələşdirilməsində
iştirakı barədə Xidmətin məlumatı olan
hüquqi və fiziki şəxslərin qeydiyyata alınması;
3. cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi
hallarının xüsusi indikatorlar əsasında müəyyən
edilməsi;
4. cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi
risklərinin, tipologiyalarının və trendlərinin
strateji təhlili;
3.1.17. qanunla müəyyən edilmiş
qaydada yoxlamaların aparılmasını təmin etmək və
hesabatlar almaq;
3.1.18. müvafiq sahədə beynəlxalq təcrübəni
öyrənmək, səmərəli üsul və vasitələrin
tətbiqi ilə bağlı təkliflər vermək, fəaliyyət
istiqamətlərinə uyğun olaraq Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrin həyata keçirilməsində iştirak etmək
və beynəlxalq öhdəliklərinin icrasını təmin
etmək;
3.1.19. Qanuna əsasən təqdim
edilmiş məlumatın terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə çərçivəsində barəsində
sanksiya tətbiq edilməli olan şəxsə, habelə həmin
şəxsin sahibliyində və ya nəzarətində olan
hüquqi şəxsə, o cümlədən bu şəxsin
adından və ya onun tapşırığı ilə fəaliyyət
göstərən fiziki və ya hüquqi şəxsə aid
olduğu müəyyən edildiyi halda aktivlərin ilkin
dondurulması haqqında qərar qəbul etmək;
3.1.20. müvafiq sahə ilə bağlı
statistik hesabatlar hazırlamaq;
3.1.21. müvafiq sahədə monitorinq
iştirakçılarının və monitorinqdə iştirak edən
digər şəxslərin təqdim etdikləri məlumatların
müqabilində onları əldə edilmiş nəticələr
haqqında məlumatlandırmaq;
3.1.22. Xidmətə ayrılan maliyyə
vəsaitindən təyinatı üzrə səmərəli
istifadə olunmasını təmin etmək;
3.1.23. dövlət və kommersiya sirrinin,
qanunla mühafizə edilən və açıqlanması qadağan
olunan digər məlumatların, habelə məxfilik rejiminin və
fəaliyyəti zamanı əldə edilmiş digər məlumatların
qorunması üçün tədbirlər görmək;
3.1.24. cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi
ilə bağlı dövlət orqanları və
qurumlarının sorğularını qanunla müəyyən
olunmuş qaydada və müddətdə cavablandırmaq;
3.1.25. arxiv sənədlərinin qanunla
müəyyən edilmiş qaydada saxlanılmasını və
mühafizəsini təmin etmək;
3.1.26. beynəlxalq təcrübə nəzərə
alınmaqla, Xidmətin fəaliyyətində müasir informasiya və
kommunikasiya texnologiyalarının tətbiqi ilə
bağlı tədbirlər görmək;
3.1.27. kargüzarlığı, vətəndaşların
qəbulunu, onların təklif, ərizə və müraciətlərinə
baxılmanı normativ hüquqi aktların tələblərinə
uyğun təşkil etmək, kadrların əlavə təhsili
və peşəkarlığının yüksəldilməsi
üçün tədbirlər görmək;
3.1.28. istifadəsində olan dövlət əmlakından
səmərəli istifadə olunmasını təmin etmək;
3.1.29. işçilərinin xarici ölkələrə
təlim və təcrübə mübadiləsi səfərlərini
təşkil etmək;
3.1.30. öz fəaliyyəti ilə
bağlı əhalinin məlumatlandırılmasını,
habelə müvafiq sahədə həyata keçirilmiş tədbirlərə,
statistik göstəricilərə dair hesabatların və digər
dövri hesabatların dərc edilməsini, internet saytının
yaradılmasını, malik olduğu və siyahısı
İnformasiya əldə etmək haqqında Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini
və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.31. strukturunun və fəaliyyətinin
təkmilləşdirilməsi üçün tədbirlər görmək;
3.1.32. Azərbaycan Respublikası
Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri
yerinə yetirmək.
3.2. Bu Nizamnamə ilə müəyyən
edilmiş fəaliyyət istiqamətlərinə uyğun
olaraq, Xidmətin aşağıdakı hüquqları vardır:
3.2.1. müvafiq sahədə normativ hüquqi
aktların hazırlanmasında və təkmilləşdirilməsində
iştirak etmək;
3.2.2. müvafiq sahədə tədqiqatlar
aparmaq, analitik və metodiki materiallar hazırlamaq və bu sahənin
inkişafı ilə bağlı təkliflər vermək;
3.2.3. Qanunla nəzərdə tutulmuş
qaydada pul vəsaitləri və ya digər əmlakla əməliyyat
aparılmasını dayandırmaq, müvafiq sahədə
icrası məcburi olan qərarlar qəbul etmək və göstərişlər
vermək;
3.2.4. öz vəzifələrinin icrası
üçün müvafiq sorğu göndərməklə monitorinq
iştirakçılarından, monitorinqdə iştirak edən digər
şəxslərdən, nəzarət orqanlarından və
Qanuna uyğun olaraq müəyyən olunmuş orqanlardan
(qurumlardan) məlumat almaq, habelə təhlil zamanı zərurət
yarandığı halda onlardan və digər dövlət
orqanlarından əlavə məlumat almaq, cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi
ilə əlaqədar daxil olan məlumatların
araşdırılması məqsədilə (o cümlədən
xarici ölkələrin müvafiq səlahiyyətli orqanları
adından) Qanunla müəyyən edilmiş qaydada onların
informasiya resurslarından onlayn istifadə etmək;
3.2.5. dövlət orqanları və
qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və
fiziki şəxslərə zəruri məlumatlar (sənədlər)
barədə sorğu vermək və onlardan belə məlumatları
(sənədləri) almaq;
3.2.6. Azərbaycan Respublikasının
qanunvericiliyinə və ya Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə müvafiq
qaydada Qanunun 20.1-ci maddəsində qeyd olunan məlumatlara dair
xarici ölkələrin müvafiq səlahiyyətli orqanlarına
sorğular vermək, habelə onların müvafiq sorğusu və
ya öz təşəbbüsü əsasında göstərilən məlumatları
təqdim etmək;
3.2.7. fəaliyyət istiqamətləri
üzrə Azərbaycan Respublikasının digər ölkələrlə
və beynəlxalq təşkilatlarla əlaqələrini təmin
etmək, beynəlxalq təşkilatlarda Azərbaycan
Respublikasını təmsil etmək, ixtisaslaşmış
beynəlxalq qurumlara üzv olmaq;
3.2.8. digər ölkələrin səlahiyyətli
orqanları ilə müvafiq ikitərəfli sazişlərin
şərtlərinə, Azərbaycan Respublikasının üzv
olduğu beynəlxalq təşkilatların prinsiplərinə
uyğun qaydada və ya qarşılıq prinsipi əsasında
(Azərbaycan Respublikasının səlahiyyətli
orqanları üçün tətbiq olunan öhdəliklərin, o cümlədən
məxfilik öhdəlikləri və şərtlərini eyni səviyyədə
xarici ölkələrin müvafiq orqanlarının qəbul etməsi
şərtilə) əməkdaşlıq etmək, həmçinin
məlumat mübadiləsini həyata keçirmək;
3.2.9. Azərbaycan Respublikasının
beynəlxalq təşkilatlara üzvlükdən irəli gələn
öhdəliklərinə, tərəfdar çıxdığı
beynəlxalq müqavilələrinə və bu Nizamnamənin 3.2.8-ci
yarımbəndində nəzərdə tutulan müqavilələrinə
uyğun olaraq xarici ölkələrin müvafiq səlahiyyətli
orqanları vasitəsilə əldə edilmiş hər
hansı məlumatın üçüncü tərəflərə
açıqlanması üçün həmin səlahiyyətli orqanlardan icazə
alınmasını, habelə onların müvafiq sorğusu və
ya öz təşəbbüsü əsasında təqdim edilən məlumatların
üçüncü tərəflərə açıqlanması üçün icazə
verilməsini təmin etmək;
3.2.10. dövlətin (hökumətin) adından
öhdəlik götürməmək şərtilə, xarici ölkələrin
müvafiq səlahiyyətli orqanları ilə əməkdaşlıq
barədə, o cümlədən məlumat mübadiləsi
haqqında müqavilələr bağlamaq;
3.2.11. Azərbaycan Respublikası
Prezidentinin verdiyi səlahiyyətlər çərçivəsində
beynəlxalq müqavilələr bağlamaq və onlardan irəli
gələn öhdəlikləri yerinə yetirmək;
3.2.12. müvafiq sahə üzrə Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrə tərəfdar
çıxması barədə təşəbbüslə
çıxış etmək, Azərbaycan Respublikasının bu
sahədə iştirakı ilə bağlı materiallar
toplamaq, onları ümumiləşdirmək və təhlil etmək;
3.2.13. fəaliyyət istiqamətlərinə
uyğun olaraq, konfranslar, müşavirələr, seminarlar,
treninqlər keçirmək və digər tədbirlər təşkil
etmək, həmçinin belə tədbirlərdə iştirak etmək;
3.2.14. səlahiyyətlərinə aid
edilmiş məsələlərin işlənib
hazırlanması və yerinə yetirilməsi üçün işçi
qruplar və komissiyalar yaratmaq, onların işində
iştirak etmək, xarici və yerli ekspertləri və mütəxəssisləri
öz işinə cəlb etmək, habelə müstəqil
araşdırmalar aparılmasını sifariş etmək;
3.2.15. xüsusi bülletenlər və digər
nəşrlər buraxmaq;
3.2.16. fəaliyyət istiqamətlərinə
aid məsələlərlə bağlı araşdırmalar
aparılması, məsləhət xidmətləri göstərilməsi
üçün elmi tədqiqat və təhsil müəssisələri ilə
əməkdaşlıq etmək;
3.2.17. dövlət orqanları ilə, hüquqi
şəxslərlə və beynəlxalq təşkilatlarla
müvafiq sahədə əməkdaşlıq etmək;
3.2.18. Xidmətin, monitorinq
iştirakçılarının, monitorinqdə iştirak edən
digər şəxslərin və nəzarət orqanları əməkdaşlarının
peşəkarlıq səviyyəsinin artırılması
üçün müvafiq tədbirlər həyata keçirmək, onların zəruri
təhsil və treninq proqramlarında iştirakını təşkil
etmək;
3.2.19. Azərbaycan Respublikası
Prezidentinin aktları ilə müəyyən edilmiş digər
hüquqları həyata keçirmək.
4. Xidmətin idarə olunması
4.1. Xidmət öz fəaliyyətində və
idarəetmədə mütərəqqi korporativ idarəetmə
standartlarını tətbiq edir.
4.2. Xidmətin idarəetmə orqanı
İdarə Heyətidir.
4.3. İdarə Heyəti Xidmətə
rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə
Heyətinin tərkibi üç üzvdən İdarə Heyəti sədrindən
və onun iki müavinindən ibarətdir. İdarə Heyətinin
sədrini və onun müavinlərini Azərbaycan
Respublikasının Prezidenti vəzifəyə təyin və
vəzifədən azad edir. İdarə Heyətinin səlahiyyət
müddəti 5 ildir.
4.4. İdarə Heyətinin sədri müvəqqəti
olmadıqda, onu müvafiq əmrlə müavinlərindən biri əvəz
edir.
4.5. İdarə Heyəti
aşağıdakı vəzifələri yerinə yetirir:
4.5.1. Xidmətin inkişaf istiqamətlərini
müəyyən edir;
4.5.2. təsisçinin səlahiyyətlərini
həyata keçirmək üçün Azərbaycan Respublikasının Prezidentinə
təkliflər verir və sənədlər təqdim edir;
4.5.3. Xidmətin fəaliyyətinə
dair illik hesabat hazırlayaraq Azərbaycan Respublikasının
Prezidentinə təqdim edir;
4.5.4. Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı hüquqi aktların layihələrinə baxır,
həmin layihələri aidiyyəti dövlət orqanlarına və
qurumlarına təqdim edir;
4.5.5. bu Nizamnamənin 3.1.22-ci yarımbəndində
nəzərdə tutulmuş vəsaitdən təyinatı üzrə
səmərəli istifadə olunmasını təmin edir;
4.5.6. İdarə Heyəti üzvlərinin
müraciətlərinə baxır və qərar qəbul edir;
4.5.7. müəyyən edilmiş əməkhaqqı
fondu və işçilərin say həddi daxilində Xidmətin
ştat cədvəlini və ayrılmış büdcə təxsisatı
daxilində xərclər smetasını təsdiq edir;
4.5.8. Xidmətin fəaliyyətinə
dair daxili qaydaları, vəzifə təlimatlarını və
struktur bölmələrinin əsasnamələrini təsdiq edir;
4.5.9. İdarə Heyətinin və əməkdaşların
fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna
olunmasının qayda və şərtlərini müəyyənləşdirir
və onların icrasına nəzarət edir;
4.5.10. Azərbaycan Respublikası
Prezidentinin razılığı ilə Xidmətin xalis aktivlərinin
dəyərinin 25 faizindən artıq məbləğdə
olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti
şəxslə dəyəri Xidmətin aktivlərinin 5
faizini və daha çox hissəsini təşkil edən əqdin
bağlanması haqqında qərar qəbul edir;
4.5.11. aidiyyəti şəxslə dəyəri
Xidmətin aktivlərinin 5 faizədək hissəsini təşkil
edən əqdin bağlanması haqqında qərar qəbul
edir;
4.5.12. Xidmətin maliyyə-təsərrüfat
fəaliyyətinin auditinin keçirilməsi üçün kənar auditoru təyin
edir və audit hesabatını qəbul edir;
4.5.13. kənar auditorun
yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə
dair tədbirlər görür;
4.5.14. Xidmətin normativ xarakterli
aktlarını təsdiq edir.
4.6. İdarə Heyətinin iclasları
ayda bir dəfədən az olmayaraq çağırılır.
İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü
ilə İdarə Heyətinin üzvü çıxış edir.
İdarə Heyətinin iclasları İdarə Heyəti üzvlərinin
ən azı ikisi iştirak etdikdə səlahiyyətlidir.
İdarə Heyətinin iclasları müvafiq qaydada
protokollaşdırılır və müzakirə edilmiş məsələlərə
dair qərarlar qəbul edilir. İdarə Heyətinin
iclasında hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs
çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər
bölünərsə, İdarə Heyəti sədrinin (və ya onu əvəz
edən digər üzvün) səsi həlledici sayılır. Səsvermə
zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.
4.7. İdarə Heyətinin sədri:
4.7.1. Xidmətin işini təşkil
edir və fəaliyyətinə rəhbərliyi həyata
keçirir;
4.7.2. İdarə Heyətinin fəaliyyətini
təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir
və iclaslarına sədrlik edir;
4.7.3. etibarnamə təqdim etmədən
Azərbaycan Respublikasının və xarici ölkələrin
dövlət orqanları və qurumları ilə və digər
şəxslərlə münasibətlərdə Xidməti təmsil
edir, verilmiş səlahiyyətlər daxilində xarici ölkələrin
müvafiq dövlət orqanları ilə və beynəlxalq təşkilatlarla
danışıqlar aparır, beynəlxalq
danışıqlarda iştirak edir, müəyyən edilmiş
qaydada beynəlxalq sənədləri imzalayır;
4.7.4. bu Nizamnamə ilə müəyyən
edilmiş hallar istisna olmaqla, Xidmət işçilərinin vəzifəyə
təyin və vəzifədən azad edilməsi, onlar barəsində
həvəsləndirmə və intizam tənbehi tədbirlərinin
görülməsi barədə qərarlar qəbul edir;
4.7.5. Xidmətin fəaliyyətinin təşkili
ilə əlaqədar icrası məcburi olan daxili sərəncam
və əmrlər verir;
4.7.6. Xidmətin normativ xarakterli
aktlarının icrasını təşkil edir və
icrasına nəzarəti həyata keçirir;
4.7.7. Xidmətin fəaliyyət istiqamətlərinə
dair qəbul olunmuş aktların icrasını təşkil
edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.7.8. Xidmətin vəzifəli şəxslərinin
qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.7.9. öz təşəbbüsü ilə və
ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü
ilə İdarə Heyətinin iclaslarını
çağırır;
4.7.10. öz təşəbbüsü ilə, habelə
İdarə Heyətinin hər hansı digər üzvünün
xahişi əsasında digər şəxsləri İdarə
Heyətinin iclasında iştirak etməyə dəvət
edir;
4.7.11. Xidmətin əmlakından bu
Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə
uyğun istifadə olunmasına nəzarət edir;
4.7.12. bu Nizamnamə ilə müəyyən
olunmuş səlahiyyətlər çərçivəsində Xidmətin
adından əməliyyatlar aparır, müqavilələr
bağlayır və onların yerinə yetirilməsini təmin
edir;
4.7.13. Xidmətin fəaliyyət istiqamətləri
ilə bağlı dövlət sirrinin və məxfilik rejiminin
qorunması üçün zəruri tədbirlər görür;
4.7.14. Xidmətin fəaliyyət istiqamətlərinə
uyğun olaraq, məşvərətçi komitələr və
işçi qruplar yaradır;
4.7.15. Xidmətin fəaliyyəti ilə
əlaqədar bütün sənədləri (məktubları)
imzalayır;
4.7.16. İdarə Heyətinin fəaliyyətinin
təşkili ilə bağlı digər tədbirlər
görür;
4.7.17. Xidmətdə kargüzarlıq və
arxiv işinin aparılmasını təmin edir;
4.7.18. Xidmətdə vətəndaşların
qəbulunu və müraciətlərinə baxılmanı təmin
edir.
4.8. İdarə Heyətinin üzvləri:
4.8.1. İdarə Heyətinin səlahiyyətlərinə
aid olan məsələlərin həllində iştirak edirlər;
4.8.2. İdarə Heyətinin
iclasının gündəliyi ilə və baxılması nəzərdə
tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
4.8.3. İdarə Heyətinin qəbul
ediləcək qərarlarına dair fikir bildirirlər;
4.8.4. İdarə Heyətinin səlahiyyətlərinə
aid məsələlərə İdarə Heyətinin
iclaslarında baxılması barədə təkliflər
verirlər;
4.8.5. İdarə Heyətinin qərarları
ilə, iclas protokolları ilə və digər sənədlərlə
tanış olurlar.
4.9. İdarə Heyətinin üzvləri
İdarə Heyətinin iclaslarında baxılan məsələlərə
qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün
adına xələl gətirə biləcək hərəkətlərə
və çıxışlara yol verməməlidirlər.
4.10. Xidmətin işçiləri (o cümlədən
İdarə Heyətinin sədri):
4.10.1. elmi, yaradıcılıq fəaliyyəti
və İdarə Heyəti sədrinin, İdarə Heyəti
sədri isə Azərbaycan Respublikası Prezidentinin
razılığı ilə pedaqoji fəaliyyət istisna
olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul
ola bilməzlər;
4.10.2. İdarə Heyətinin sədrinə,
İdarə Heyətinin sədri isə Azərbaycan
Respublikasının Prezidentinə bildirmədən xarici ölkənin
və ya beynəlxalq təşkilatın vəsaiti hesabına
xarici ölkəyə səfər edə bilməzlər;
4.10.3. vəzifələrinin icrası ilə
əlaqədar dövlət sirri və ya qanunla mühafizə edilən
digər sirr də daxil olmaqla onlara məlum olan və qulluq fəaliyyətinə
dair məlumatı həmişə, o cümlədən Xidmətlə
əmək münasibətlərinə xitam verildikdən sonra da
saxlamalı, həmin məlumatdan üçüncü şəxslərin
xeyrinə istifadə etməməli və qanunla müəyyənləşdirilmiş
hallar istisna olmaqla, bu məlumatı
açıqlamamalıdırlar;
4.10.4. vəzifələrini yerinə
yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz
olmalı və bu zaman irqinə, etnik mənsubiyyətinə,
dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak
və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və
ya hər hansı digər birliyə mənsubiyyətinə
görə hər hansı şəxsin və ya şəxslər
qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi
üçün şərait yaradılmasına yol verməməlidirlər.
4.11. Xidmətin işçiləri (o cümlədən
İdarə Heyətinin sədri) xidməti vəzifələrini
həyata keçirərkən hər hansı hərəkəti və
ya hərəkətsizliyi nəticəsində yaranmış
zərər üçün məsuliyyət daşımırlar, bu şərtlə
ki, həmin hərəkətin və ya hərəkətsizliyin
qanunsuz və ya vicdansız olduğu sübuta yetirilməsin.
4.12. Bu Nizamnamənin 4.10-cu və 4.11-ci
bəndində nəzərdə tutulan tələblər Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə əsasən
işçilərlə bağlanılan əmək müqaviləsində
öz əksini tapmalıdır.
4.13. Xidmətin işçiləri ilə
bağlanılan əmək müqavilələrində Xidmətin
işçilərinə münasibətdə bu Nizamnamənin 4.12-ci bəndində
nəzərdə tutulanlardan əlavə digər tələblər
də müəyyən edilə bilər.
4.14. Xidmət öz işçilərinin sosial
müdafiəsi məqsədilə əlavə tədbirlər görə
bilər.
4.15. Bu Nizamnamənin tələbləri
nəzərə alınmaqla, Xidmətlə əməkdaşlar
arasında əmək münasibətləri Azərbaycan
Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
5. Xidmətin əmlakının formalaşma mənbələri,
maliyyə fəaliyyətinin əsasları
5.1. Xidmətin nizamnamə fondu 10.000 (on
min) manatdır.
5.2. Xidmətin əmlakı nizamnamə
fondundan, təsisçinin verdiyi digər əmlakdan, həmçinin dövlət
büdcəsindən ayrılan vəsaitdən formalaşır.
5.3. Xidmət öz əmlakından
yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə
uyğun istifadə edir. Xidmət balansında olan dövlət əmlakına
münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə
müəyyən edilmiş qaydada həyata keçirir.
5.4. Xidmət qanunla nəzərdə
tutulmuş vergiləri və digər məcburi ödənişləri
ödədikdən sonra fəaliyyətindən əldə
edilmiş vəsait üzərində müstəqil sərəncam
vermək hüququna malikdir.
5.5. İdarə Heyəti sədrinin
aylıq vəzifə maaşı və digər təminatları
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin
birinci müavininin, İdarə Heyətinin digər üzvlərinin
aylıq vəzifə maaşları və digər təminatları
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin
müavininin, Xidmətin əməkdaşlarının aylıq vəzifə
maaşları və digər təminatları isə Azərbaycan
Respublikası Mərkəzi Bankı əməkdaşlarının
aylıq vəzifə maaşlarına və digər təminatlarına
bərabər tutulur.
6. Xidmətin fəaliyyətinə nəzarətin
forması, əhatə dairəsi və hesabatlılıq
6.1. Xidmətin fəaliyyətinə nəzarəti
Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
6.2. Xidmətin fəaliyyətinə dair
illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim
edilir.
7. Xidmətdə uçot və hesabat
7.1. Xidmət Mühasibat uçotu haqqında Azərbaycan
Respublikasının Qanunu ilə publik hüquqi şəxslər
üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə
hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. Xidmət Rəsmi statistika haqqında
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik
uçot aparır, statistik hesabatları tərtib və təqdim
edir.
7.3. Xidmət idarə, filial, nümayəndəlik
və təsərrüfat cəmiyyətlərinin, habelə
tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat
fəaliyyətinin yoxlanılmasını təmin edir.
7.4. Xidmət maliyyə-təsərrüfat
fəaliyyətinin müstəqil surətdə yoxlanılması
üçün kənar auditor cəlb edir.
8. Xidmətin ləğvi və yenidən təşkili
Xidmətin ləğvini və yenidən
təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir.
|
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı
ilə təsdiq edilmişdir |
Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin
STRUKTURU
Azərbaycan Respublikası Maliyyə
Monitorinqi Xidmətinin Aparatı (departamentlər və şöbələr).