“Xəzər dənizinin Azərbaycan sektorunda
Əşrəfi - Dan ulduzu - Aypara sahəsinin kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsü
haqqında” Azərbaycan Respublikasının Dövlət Neft
Şirkəti ilə Statoyl Azərbaycan Əşrəfi Dan
Ulduzu Aypara BV və SOCAR-ın Ortaq neft şirkəti
arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata
keçirilməsinə icazə verilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
2018-ci
il mayın 30-da Azərbaycan Respublikasının Dövlət
Neft Şirkəti ("SOCAR"), Statoyl Azərbaycan
Əşrəfi Dan Ulduzu Aypara BV (“Statoyl”) və SOCAR-ın
Ortaq neft şirkəti ("ONŞ") arasında Saziş
bağlanmışdır.
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan
Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I
hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
1.
“Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi
- Dan ulduzu - Aypara sahəsinin kəşfiyyatı, işlənməsi
və hasilatın pay bölgüsü haqqında” Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti ilə
Statoyl Azərbaycan Əşrəfi Dan Ulduzu Aypara BV və
SOCAR-ın Ortaq neft şirkəti arasında Saziş (bundan
sonra - Saziş) qəbul və təsdiq edilsin, onun həyata
keçirilməsinə icazə verilsin.
2.
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
Sazişdə iştirak edən Podratçılara verilən
Azərbaycan Respublikası Hökumətinin təminatı və
öhdəlikləri (bundan sonra Hökumət təminatı)
qəbul edilsin və onların həyata keçirilməsinə
icazə verilsin.
3.
Sazişin əsas mətninə edilmiş on iki (12) Əlavə
və SOCAR-ın Ortaq neft şirkətinin yaradılmasına
dair Qoşma (bundan sonra Əlavələr) qəbul edilsin və
onların həyata keçirilməsinə icazə verilsin.
4.
Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət
təminatı və Əlavələr Qanun olurlar. Sazişdə
konkret surətdə başqa hallar göstərilməyibsə,
Saziş, Hökumət təminatı və Əlavələr
Sazişin qüvvədə olduğu müddət ərzində
bu Sazişə, Hökumət təminatına və Əlavələrə
uyğun gəlməyən və ya zidd olan Azərbaycan
Respublikasının hər hansı başqa mövcud və ya
qəbul oluna biləcək qanunlarının, fərmanlarının,
yaxud inzibati sərəncamlarının (və ya onların
hissələrinin) müddəalarından üstün tutulur.
5.
Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə
tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində
əvvəllər bağlanmış hər hansı
saziş, kontrakt və ya bu cür başqa sənədlə
verilə bilən bütün digər hüquq və vəzifələr
ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən
sonra Sazişin, Hökumət təminatının və
Əlavələrin şərtlərinə müvafiq surətdə
və qüvvədə olduğu bütün müddət ərzində
Sazişin pay iştirakçılarına kontrakt sahəsində
neft-qaz əməliyyatları aparmaq üçün müstəsna
hüquq verilir.
6.
Bu Qanun qüvvəyə mindikdən sonra
Podratçının (və ya onun hüquq varislərinin)
Saziş, Hökumət təminatı və Əlavələr
üzrə əldə etdiyi hüquqlar və mənafelər
Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə,
düzəldilə və ya azaldıla bilməz.
7.
Sazişdən irəli gələn hüquq və öhdəliklərin
yerinə yetirilməsi üçün Sazişin
iştirakçılarına bütün lazımi lisenziyalar,
gömrük icazələri, vizalar, başqa səlahiyyətlər
və sanksiyalar verilir.
8.
Sazişə və ya Əlavələrə hər hansı əlavələr,
düzəlişlər, dəyişikliklər yalnız
Sazişin və Əlavələrin tərəflərinin
yazılı razılığı ilə edilir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 iyun 2018-ci il
№1201-VQ