“Məişət abonentlərinin
mövcud və ya inşa ediləcək tikinti obyektlərinin
elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq
şəbəkədən) üçün texniki
şərtlərin, layihə sənədlərinin
hazırlanması və verilməsi, habelə enerji
təchizatı şəbəkəsinə qoşulması
Qaydası”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Sahibkarların mövcud və ya
inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi
ilə təchizatı prosedurunun sadələşdirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4
aprel tarixli 1313 nömrəli Fərmanında
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 28 fevral
tarixli 1857 nömrəli Fərmanının 2.5-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
“Məişət abonentlərinin tikinti
obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud
0,4 kV-luq şəbəkədən) üçün texniki
şərtlərin, layihə sənədlərinin
hazırlanması və verilməsi, habelə enerji
təchizatı şəbəkəsinə qoşulması
Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan
Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 24 iyul 2018-ci il
¹ 326
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarı
ilə təsdiq edilmişdir. |
Məişət abonentlərinin
mövcud və ya inşa ediləcək tikinti obyektlərinin
elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq
şəbəkədən) üçün texniki
şərtlərin, layihə sənədlərinin
hazırlanması və verilməsi, habelə enerji
təchizatı şəbəkəsinə qoşulması
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Sahibkarların mövcud
və ya inşa ediləcək tikinti obyektlərinin elektrik
enerjisi ilə təchizatı prosedurunun
sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli
Fərmanında dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28
fevral tarixli 1857 nömrəli Fərmanının 2.5-ci
bəndinin icrasını təmin etmək məqsədi
ilə hazırlanmışdır və məişət abonentlərinin
(sifarişçilərin) mövcud və ya inşa
ediləcək tikinti obyektlərinin (bundan sonra – tikinti obyekti)
elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq
şəbəkədən) üçün texniki
şərtlərin, layihə sənədlərinin
hazırlanması və verilməsi, habelə enerji
təchizatı şəbəkəsinə qoşulması
üzrə proseduru və tələbləri
müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunan əsas
anlayışlar aşağıdakı mənaları
ifadə edir:
1.2.1. texniki şərtlər – elektrik
enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan
tikinti obyektinin enerji təchizatı
şəbəkəsinə (bundan sonra – ETŞ)
qoşulması ilə əlaqədar layihə
sənədlərinin hazırlanmasına əsas verən
və elektrik enerjisinin verilməsi ilə bağlı
mühəndis-texniki parametrləri özündə əks
etdirən texniki sənəddir;
1.2.2. enerji təchizatı
müəssisəsi (bundan sonra - ETM) – icazə əsasında
əhalinin və digər istehlakçıların elektrik
enerjisi ilə təchizatına təminat verən hüquqi
şəxsdir;
1.2.3. sifarişçi – ETŞ-yə
qoşulması nəzərdə tutulan tikinti obyektinə
və ya tikinti obyektinin yerləşdiyi
(yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət
və ya digər əşya hüququ əsasında sahiblik edən
məişət abonentidir;
1.2.4. məişət abonenti –
yaşayış evlərində, həmçinin qarajlarda
məişət ehtiyacları üçün elektrik
enerjisindən istifadə etməsi nəzərdə tutulan
istehlakçıdır;
1.2.5. qoşulma haqqı – ETM
tərəfindən layihə sənədlərinin
hazırlanmasına, ETŞ-nin gücləndirilməsinə,
tikinti-quraşdırma işlərinin yerinə
yetirilməsinə, elektrik qurğularının ETŞ-yə
fiziki qoşulmasına (istifadə olunan mal-materiallara
çəkilmiş xərclər də daxil olmaqla)
görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu
Qaydanın 1.10-cu bəndinə uyğun olaraq
müəyyən etdiyi vahid məbləğdir;
1.2.6. mövcud 0,4 kV-luq
şəbəkə – tikinti obyektinin yerləşdiyi
(yerləşəcəyi) ərazidən 400 metrdən
çox olmayan məsafədə
quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud
olduğu elektrik şəbəkəsidir;
1.2.7. tikinti obyekti – tikinti
fəaliyyəti prosesində yaradılan və ya
yaradılmış bina və ya qurğulardır;
1.2.8. yaşayış binası – daimi
və ya müvəqqəti yaşayış
üçün nəzərdə tutulan yaşayış
sahələrindən ibarət və ümumi istifadə
sahələrinə birbaşa giriş imkanı olan
çoxmənzilli tikilidir;
1.2.9. yaşayış evi – otaqlardan,
habelə yaşamaq üçün məişət və
digər ehtiyacların ödənilməsini nəzərdə
tutan yardımçı sahələrdən ibarət,
yerləşdiyi torpaq sahəsinə birbaşa girişi olan
fərdi müəyyən edilmiş evdir;
1.2.10. balans mənsubiyyəti
sərhədi – ETM ilə sifarişçi arasında elektrik
qurğularının balans mənsubiyyətini
müəyyənləşdirən ayırma nöqtəsidir;
1.2.11. qoşulma aktı –
sifarişçinin tikinti obyektinin ETŞ-yə qoşulmasını
təsdiq edən sənəddir;
1.2.12. qoşulma nöqtəsi – bu
Qaydanın 3.2-ci bəndinə uyğun olaraq, ETŞ-yə
fiziki qoşulma yeridir.
1.3. Bu Qaydaya uyğun olaraq, hər bir
sifarişçinin ETŞ-yə qoşulma hüququ vardır.
1.4. Sifarişçinin tikinti obyektinin
ETŞ-yə qoşulması ümumilikdə 24 (iyirmi dörd)
gündən gec olmayaraq təmin edilməlidir.
1.5. Bu Qaydada nəzərdə tutulan
müddətlərin axımı sifarişçinin
müraciət etdiyi tarixdən hesablanır.
1.6. Sifarişçi verilmiş texniki
şərtlərin tələbləri ilə razı
olmadıqda, inzibati və məhkəmə qaydasında
şikayət verə bilər.
1.7. Texniki şərtlərin
hazırlanması üçün haqq ödənilmir.
1.8. Sifarişçi “ASAN Kommunal”
mərkəzləri (“ASAN Kommunal” mərkəzləri
yaradılmayan regionlarda bu mərkəzlər
yaradılanadək “ASAN Xidmət” mərkəzləri) (bundan
sonra – mərkəzlər) tərəfindən ona verilmiş
texniki şərtləri itirdikdə, o, həmin
sənədlərin dublikatının alınması
üçün mərkəzlərə müraciət
etməlidir. Həmin sənədlərin dublikatı
müraciət edildiyi gün mərkəzlər
vasitəsilə sifarişçiyə ödənişsiz
verilməlidir.
1.9. Məişət abonentlərinin
tikinti obyektlərinə əlavə güc alması
tələb olunduqda, onlara verilmiş mövcud texniki
şərtlər nəzərə alınmaqla, bu Qaydaya uyğun
olaraq əlavə gücün alınması üçün
yeni texniki şərtlər verilməlidir. Əlavə
gücün alınması üçün yeni texniki
şərtlər verilərkən, sifarişçi
tələb etdiyi əlavə gücə uyğun qoşulma
haqqı ödəyir.
1.10. Qoşulma haqqının
məbləğini sifarişçilərin tələb olunan
elektrik enerjisinin gücünə mütənasib olaraq
diferensiallaşdırılmış qaydada Azərbaycan
Respublikasının Nazirlər Kabineti müəyyən edir.
Qoşulma haqqı sifarişçinin tikinti obyektinin
ETŞ-yə qoşulmasının 24 (iyirmi dörd) gün
müddətində və daha az müddətdə həyata
keçirilməsinə görə fərqli
məbləğlərdə müəyyən edilir.
2. Texniki şərtlərin və
layihə sənədlərinin alınması
üçün müraciət edilməsi, habelə həmin
sənədlərin hazırlanması və verilməsi
2.1. Texniki şərtlərin və
layihə sənədlərinin alınması
üçün sifarişçi “İnzibati icraat
haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu
maddələrində nəzərdə tutulmuş qaydada
ərizə ilə (elektron və ya yazılı formada) tikinti
obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi
üzrə ETM-in mərkəzlərdəki
nümayəndəsinə (bundan sonra - ETM-in
nümayəndəsi) müraciət edir.
2.2. Sifarişçi bu Qaydanın 2.1-ci
bəndinə əsasən texniki şərtlərin və
layihə sənədlərinin alınması
üçün müraciət edərkən, ETM-in bank
hesabına tələb etdiyi elektrik enerjisinin gücünə
uyğun olaraq qoşulma haqqı ödəyir.
2.3. “İnzibati icraat haqqında”
Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə
uyğun olaraq, ETM-in nümayəndəsi sifarişçinin
mərkəzlər vasitəsilə şəxsən təqdim
etdiyi və ya elektron formada göndərdiyi ərizəsini
və ona əlavə olunmuş sənədləri qəbul
etməli və qeydiyyata almalıdır.
2.4. Ərizədə
aşağıdakı məlumatlar qeyd edilməlidir:
2.4.1. sifarişçinin soyadı,
adı, atasının adı, şəxsiyyət
vəsiqəsinə dair məlumatlar, tikinti obyektinin və ya
tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi)
torpaq sahəsinin ünvanı (olduğu yer);
2.4.2. sifarişçinin poçt və
elektron ünvanı (elektron ünvanı olduqda);
2.4.3. tələb olunan elektrik enerjisinin
gücü və keyfiyyət göstəriciləri.
2.5. Ərizəyə ETŞ-yə
qoşulması nəzərdə tutulan tikinti obyekti və ya
tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi)
torpaq sahəsi üzərində sifarişçinin
mülkiyyət və ya digər əşya hüququnu
təsdiq edən sənədin surəti əlavə
edilməlidir.
2.6. Sifarişçidən bu Qaydada
nəzərdə tutulmayan məlumatlar və
sənədlər tələb edilə bilməz.
2.7. Qeydiyyat zamanı həmin
sənədlərin bu Qaydanın 2.4-cü və 2.5-ci
bəndlərinin tələblərinə uyğunluğu
yoxlanılır. Sənədlər tələblərə
uyğun olduqda, sifarişçi qoşulma haqqını ETM-in
bank hesabına köçürür və vəsaitin
köçürülməsini təsdiq edən sənədi
ETM-in nümayəndəsinə təqdim edir.
2.8. Sənədlərdə aradan
qaldırılması mümkün olan
çatışmazlıqlar aşkar edildikdə, həmin
çatışmazlıqların aradan
qaldırılmasının zəruriliyi barədə
məlumat dərhal sifarişçiyə bildirilir və formal
tələblərə əməl olunmamasının
hüquqi nəticələri ona izah edilir. Bu halda
sifarişçi qoşulma haqqını
sənədlərdəki çatışmazlıqlar aradan
qaldırıldıqdan sonra ödəyir.
2.9. Sifarişçi
çatışmazlıqları bu barədə
məlumatı aldığı tarixdən ən geci 10 (on)
gün müddətində aradan qaldırmalıdır. Bu
zaman bu Qaydanın 1.4-cü bəndində nəzərdə
tutulmuş müddətin axımı dayandırılır.
Çatışmazlıqların aradan
qaldırıldığı barədə sifarişçinin
müraciətindən sonra müddətin axımı
bərpa olunur.
2.10. Sifarişçi
sənədlərdə aşkar olunmuş
çatışmazlıqları bu Qaydanın 2.9-cu
bəndində göstərilən müddətdə aradan
qaldırmadıqda, müraciətin baxılmamış
saxlanılması haqqında qərar qəbul edilir və bu
barədə məlumat 2 (iki) gün müddətində
mərkəzlər və ya sifarişli poçt
göndərişi vasitəsilə sifarişçiyə
təqdim edilir, ərizəsində qeyd olunduğu hallarda,
həmçinin elektron poçt ünvanına da
göndərilir.
2.11. ETM-in nümayəndəsi bu
Qaydanın 2.3-cü bəndində nəzərdə tutulan
sənədləri icraata qəbul etdikdən sonra, elektrik
xətlərinin keçəcəyi ərazinin
xüsusiyyətlərinə uyğun olaraq, elektrik
xətlərinin çəkilməsinin razılaşdırılması
tələb olunan qurumların, habelə avtomobil yolları
mülkiyyətçilərinin (sahiblərinin), yerli icra hakimiyyəti
orqanlarının və qanunda nəzərdə tutulan
digər qurumların rəyinin alınmasını təmin
etməlidir. Bu məqsədlə ETM-in nümayəndəsi bu
Qaydanın 2.3-cü bəndində nəzərdə tutulan
sənədləri icraata qəbul etdiyi gündən
etibarən 1 (bir) gün ərzində enerji mənbəyini,
həmin mənbədən tikinti obyektinə elektrik enerjisinin
(gücünün) verilməsi üçün optimal
trassanı (yolu) və həmin trassa (yol) üzrə elektrik
xətlərinin çəkilməsi üçün rəyi
tələb olunan qurumları müəyyənləşdirir.
2.12. Bu Qaydanın 2.11-ci bəndinə
əsasən, ETM-in nümayəndəsi tikinti obyektinə
elektrik enerjisi (gücü) verilməsi üçün
seçilən trassa (yol) üzrə rəyi tələb
olunan qurumlara həmin gün müraciət edir. ETM-in
nümayəndəsi tərəfindən edilmiş
müraciətə və təqdim olunmuş
sənədlərə həmin qurumlar 3 (üç) gündən
gec olmayaraq münasibət bildirməlidirlər. Həmin
qurumlar tərəfindən münasibət bildirilərkən,
layihə sənədlərində nəzərə alınması
üçün trassanın (yolun)
razılaşdırılmasına aid texniki tələblər
və işlərin icrasına tələb olunan vəsait
ayrıca göstərilir. Həmin müddətdə
münasibət bildirilmədikdə, məsələ
razılaşdırılmış hesab edilir.
2.13. ETM-in nümayəndəsi
qurumların razılığını aldığı
gün texniki şərtlər və layihə
sənədlərinin hazırlanması üçün ETM-ə
müvafiq sənədlərlə müraciət edir.
2.14. ETM 8 (səkkiz) gün
müddətində sifarişçinin tikinti obyektinin elektrik
enerjisi (gücü) alması üçün texniki
şərtləri və layihə sənədlərini
hazırlayır. Sənədlərin hazırlanması
prosesi çərçivəsində tikinti obyektinə
yerində baxış zamanı məişət abonentinin
cəlbi nəzərdə tutulmur.
2.15. ETM tərəfindən texniki
şərtlər və layihə sənədləri
mərkəzlərə təqdim olunduğu gün ETM-in
nümayəndəsi onları sifarişçiyə mərkəzlər
vasitəsilə təqdim edir və ya sifarişli poçtla,
həmçinin sifarişçinin ərizəsində qeyd
olunduğu hallarda elektron poçt ünvanına da
göndərir.
2.16. ETM-in hazırladığı
texniki şərtlər və layihə sənədləri
sifarişçiyə məlumat üçün təqdim
edilir (göndərilir). Sifarişçi texniki
şərtlərdə göstərilən qoşulmaya dair
tələblərin yerinə yetirilməsinə görə
məsuliyyət daşımır.
2.17. Yaşayış binalarının
ETŞ-yə qoşulması üçün ümumi texniki
şərtlərin verildiyi və həmin texniki
şərtlərin tələblərinin icra olunduğu
nəzərə alınaraq, həmin binalarda
yerləşən mənzillərin ETŞ-yə
qoşulması üçün ayrıca texniki
şərtlərin və layihə sənədlərinin
alınması, həmçinin qoşulma haqqının
ödənilməsi tələb olunmur.
2.18. Texniki şərtlər bu
Qaydanın 1 nömrəli əlavəsində
göstərilən birtipli formada tərtib edilir.
2.19. Texniki şərtlər
Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsinin 11-ci maddəsi ilə
müəyyən edilmiş tələblər və ərazi
planlaşdırılması sənədləri
nəzərə alınmaqla verilir.
2.20. Tikintiyə icazə icraatı
çərçivəsində şəhərsalma və
tikintiyə dair normativ sənədlərin
tələblərinə uyğun olaraq, tikinti obyekti
üçün texniki şərtlər sifarişçinin tikintiyə
icazə verən orqana (quruma) müraciətinə
əsasən həmin orqanın (qurumun) sorğusu ilə bu Qaydada
nəzərdə tutulmuş tələblərə
əməl olunmaqla verilir. Həmin texniki şərtlər
Azərbaycan Respublikasının Tikinti və
Şəhərsalma Məcəlləsinin 77.1-ci
maddəsində nəzərdə tutulmuş
müddətə verilir. Bu müddətdə
sifarişçi ilə ETM arasında elektrik enerjisinin
alqı-satqı müqaviləsi bağlanılmadıqda,
verilmiş texniki şərtlər qüvvədən
düşmüş hesab edilir. [1]
2.21. Tikintiyə icazə verən orqan (qurum)
tərəfindən mərkəzlər vasitəsilə
göndərilən sorğuya sifarişçinin
ərizəsinin surəti ilə yanaşı, tikinti
ərazisinin vəziyyət planı, tikinti obyektinin
yerləşəcəyi torpaq sahəsi üzərində
sifarişçinin mülkiyyət və ya digər əşya
hüququnu təsdiq edən sənədin surəti, obyektin
istismarı üçün mühəndis-kommunikasiya
təminatına dair tələbat göstəriciləri
barədə sənədlər və obyektin tikintisinə dair
layihənin surətləri əlavə edilir. [2]
2.22. ETM-in mərkəzlərdəki
nümayəndəsi tikintiyə icazə verən orqanın (qurumun)
sorğusunu və sifarişçinin ərizəsini, tikintiyə
icazə verən orqan (qurum) isə
sifarişçinin ərizəsini qəbul etməkdən
imtina edə bilməz.
2.23. Sifarişçinin inşa
ediləcək tikinti obyektinin ETŞ-yə qoşulması
sifarişçi tərəfindən həmin tikinti obyektinin
tikintisinə Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsinə uyğun olaraq icazə
alındıqdan sonra onun müraciətinə əsasən, bu
Qaydaya müvafiq olaraq həyata keçirilir.
3. Tikinti-quraşdırma işlərinin
aparılması və ETŞ-yə fiziki qoşulma
3.1. Tikinti obyektindən və ya tikinti
obyektinin yerləşəcəyi torpaq sahəsindən (ETM-in
müəyyən etdiyi yerdən) ETŞ-yə qoşulma
nöqtəsinədək elektrik xətlərinin
çəkilməsini və tikinti-quraşdırma
işlərini ETM həyata keçirir. Bu zaman
sifarişçi bu Qaydanın 1.2.5-ci yarımbəndində
nəzərdə tutulan qoşulma haqqından əlavə
heç bir haqq ödəmir.
3.2. Qoşulma nöqtəsi tikinti
obyektlərinə ən yaxın məsafədə
yerləşən yarımstansiyada, transformator
məntəqəsində, elektrik xəttində,
paylayıcı lövhədə olmalıdır.
3.3. Elektrik enerjisi sayğacı
sifarişçinin tikinti obyektinin yerləşdiyi torpaq
sahəsinin sərhədində (girişində),
qidalandırıcı kabelin uclarında, ETM nümayəndəsinin
maneəsiz baxış keçirə biləcəyi yerdə
quraşdırılmalıdır.
3.4. Sifarişçinin sayğaclarla
təchiz edilməsi, onların quraşdırılması
və dəyişdirilməsi Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı
ilə təsdiq edilmiş “Elektrik enerjisindən
istifadə Qaydaları”na müvafiq olaraq tənzimlənir.
3.5. ETM ilə sifarişçi
arasında elektrik qurğularının balans
mənsubiyyəti sərhədi elektrik enerjisi
sayğacının quraşdırıldığı
yerlə və qoşulma aktı ilə müəyyən
edilir.
3.6. ETM ilə sifarişçi
arasında elektrik qurğularının istismarına
görə məsuliyyət sərhədi balans
mənsubiyyəti sərhədi ilə müəyyən
edilir.
3.7. Tikinti obyektinin ETŞ-yə
qoşulması və ya tikinti obyektinin
yerləşəcəyi torpaq sahəsində (ETM-in
müəyyən etdiyi yerdə) ETŞ-yə qoşulma
ilə əlaqədar elektrik xətlərinin
çəkilməsi və tikinti-quraşdırma
işləri bu Qaydanın 2-ci hissəsinə uyğun olaraq
verilmiş texniki şərtlərə əsasən 10 (on)
gün müddətində yerinə yetirilir.
4. Tikinti obyektinə elektrik enerjisinin
verilməsi
4.1. Bu Qaydanın 3-cü
hissəsində nəzərdə tutulmuş işlər
yerinə yetirildikdən sonra 2 (iki) gün müddətində
sifarişçinin və ETM-in nümayəndələrinin
iştirakı ilə görülən işlərə
baxış keçirilir və bunun nəticəsi olaraq
həmin gün ETM ilə sifarişçi arasında iki
nüsxədə qoşulma aktı imzalanır, elektrik
enerjisinin alqı-satqı müqaviləsi bağlanılır
və ETM elektrik enerjisinin verilməsini təmin edir.
4.2. Qoşulma aktı
imzalandığı halda, ETM tərəfindən elektrik
enerjisinin alqı-satqı müqaviləsinin
bağlanılmasından imtina edilə bilməz.
4.3. ETM ilə sifarişçi
arasında qoşulma aktı bu Qaydanın 2 nömrəli
əlavəsində göstərilən birtipli formada
tərtib edilir.
Qeyd. Bu Qaydada dəyişikliklər
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli
772 nömrəli Fərmanı ilə təsdiq edilmiş
“İcra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının hazırlanması və qəbul edilməsi
qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə
uyğun edilə bilər.
|
“Məişət abonentlərinin mövcud və ya
inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi
(gücü) alması (mövcud 0,4 kV-luq
şəbəkədən) üçün texniki
şərtlərin, layihə sənədlərinin
hazırlanması və verilməsi, habelə enerji
təchizatı şəbəkəsinə qoşulması
Qaydası”na 1 nömrəli
əlavə |
Məişət
abonentlərinin elektrik enerjisi (gücü) alması
üçün TEXNİKİ
ŞƏRTLƏR ¹ _______ “_____”
_______________ 20 __ il ________________________________________________________________________________ (texniki şərtləri alan
şəxsin soyadı, adı, atasının adı,
təşkilatın adı, ünvanı) surəti: Azərbaycan Respublikası
Energetika Nazirliyinin tabeliyində Enerji
Məsələlərini Tənzimləmə Agentliyinə ________________________________________________________________________________ (mərkəzi idarə və ya onun
yerli strukturu) ________________________________________________________________________________ (müraciət sənədinin daxilolma
nömrəsi və tarixi) Sifarişçinin tikinti
obyektlərinin və ya elektrik qurğularının enerji
təchizatı şəbəkəsinə qoşulması: 1. Tələb olunan güc ______________________________________________________ 2. Qoşulma gərginliyi ____________________________________________________ 3. Elektrik təchizatının etibarlığına
görə kateqoriyası _________________________ 4. Qoşulma nöqtəsi _________________________________________________________ (yarımstansiya, transformator məntəqəsi,
elektrik xətti və ya paylayıcı lövhə) 5. Quraşdırılacaq elektrik xətti ____________________________________________ 6. Tikinti obyektində quraşdırılacaq elektrik
avadanlıqları ____________________ 7. Uçot cihazları _________________________________________________________ 8. Uçot cihazlarının
quraşdırılması nöqtəsi __________________________________ Təsdiq edirəm: Texniki
şərti verən enerji təchizatı
müəssisəsi _______________________________________ ________________________________________________________________________________ “__________”_______________20____
il M.Y. |
|
“Məişət abonentlərinin mövcud və ya
inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi
(gücü) alması (mövcud 0,4 kV-luq
şəbəkədən) üçün texniki
şərtlərin, layihə sənədlərinin hazırlanması
və verilməsi, habelə enerji təchizatı
şəbəkəsinə qoşulması Qaydası”na 2 nömrəli
əlavə |
Elektrik
şəbəkəsinə qoşulma AKTI ___ ___________ 20_____ il
__________________
şəhəri (rayonu) Biz, aşağıda imza edənlər: 1. Enerji təchizatı müəssisəsinin
nümayəndəsi __________________________________ ________________________________________________________________________________ (vəzifəsi, soyadı, adı,
atasının adı) 2. Sifarişçi (və ya nümayəndəsi)
_______________________________________________
(vəzifəsi, soyadı, adı, atasının
adı) 3. Tikinti təşkilatının
nümayəndəsi ____________________________________________
(vəzifəsi, soyadı, adı, atasının
adı) ________________________________________________________________________________ (tikinti obyektinin yerləşdiyi
ünvan) ünvanında yerləşən tikinti
obyektinədək quraşdırılmış elektrik
qurğularına və elektrik xətlərinə baxış
keçirdik. Baxış zamanı elektrik xətləri
və qurğularının layihəyə və tikinti
normalarına uyğun quraşdırıldığı
və elektrik şəbəkəsinə qoşulmaq
üçün hazır olduğu müəyyən edildi. Layihə sənədi _______ ¹-si ilə _________
tarixində verilmişdir. Qeyd edilənləri nəzərə
alaraq, tikinti obyektinin enerji təchizatı
müəssisəsinin şəbəkəsinə
qoşulmasına qərar verildi. Qoşulma başa çatdırıldı ________________ ______________
(tarix) (saat) Enerji təchizatı
müəssisəsi ilə sifarişçi arasında enerji
təchizatı şəbəkəsinin balans
mənsubiyyəti sərhədi aşağıdakı kimi
müəyyən edildi: ________________________________________________________________________________ (enerji təchizatı
şəbəkəsinin balans mənsubiyyəti
sərhədi müəyyən olunmuş yer) ________________________________________________________________________________ İmzalar: ________________________ _______________________________
(soyadı, adı) ________________________ _______________________________
(soyadı, adı) ________________________ _______________________________ (soyadı, adı) M.Y. |
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 17 dekabr 2019-cu
il tarixli 483 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 dekabr 2019-cu il,
¹ 282, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, ¹ 12,
maddə 2067)
2. 29 iyun 2020-ci il
tarixli 222 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, ¹
124, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə
812)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 17 dekabr 2019-cu il tarixli 483 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 19 dekabr 2019-cu il, ¹ 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cı il, ¹ 12, maddə 2067) ilə “Məişət abonentlərinin mövcud və ya
inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi
(gücü) alması (mövcud 0,4 kV-luq
şəbəkədən) üçün texniki
şərtlərin, layihə sənədlərinin
hazırlanması və verilməsi, habelə enerji
təchizatı şəbəkəsinə qoşulması
Qaydası”nın 2.20-ci bəndin birinci cümləsində
və 2.22-ci bəndində (hər iki halda) ismin müvafiq
hallarında “müvafiq yerli icra
hakimiyyəti orqanı” sözləri ismin müvafiq
hallarında “tikintiyə
icazə verən orqan (qurum)” sözləri ilə
əvəz edilmişdir.
29 iyun 2020-ci il
tarixli 222 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, ¹
124, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə
812) ilə “Məişət abonentlərinin
mövcud və ya inşa ediləcək tikinti obyektlərinin
elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq
şəbəkədən) üçün texniki
şərtlərin, layihə sənədlərinin
hazırlanması və verilməsi, habelə enerji
təchizatı şəbəkəsinə qoşulması
Qaydası”nın 2.20-ci bəndinin birinci cümləsinə “həmin orqanın” sözlərindən sonra “(qurumun)” sözü
əlavə edilmişdir.
[2] 17 dekabr 2019-cu il tarixli 483 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 19 dekabr 2019-cu il, ¹ 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cı il, ¹ 12, maddə 2067) ilə “Məişət abonentlərinin mövcud və ya
inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi
(gücü) alması (mövcud 0,4 kV-luq
şəbəkədən) üçün texniki
şərtlərin, layihə sənədlərinin
hazırlanması və verilməsi, habelə enerji
təchizatı şəbəkəsinə qoşulması
Qaydası”nın 2.21-ci bəndində “Müvafiq yerli icra hakimiyyəti orqanı”
sözləri “Tikintiyə
icazə verən orqan (qurum)” sözləri ilə
əvəz edilmişdir.