Azərbaycan Respublikasının Maliyyə
Monitorinqi Xidmətinin yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN FƏRMANI
Azərbaycan
Respublikasında cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizənin
gücləndirilməsi üçün sistemli və kompleks
tədbirlər həyata keçirilir. Son illərdə qlobal
iqtisadi çağırışlara uyğun olaraq bu istiqamətdə
aparılan, dövlətin və cəmiyyətin
maraqlarının qorunmasına yönəlmiş
genişmiqyaslı tədbirlər nəticəsində, cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılması və
terrorçuluğun maliyyələşdirilməsi məqsədi
ilə maliyyə sistemindən istifadə olunması
imkanlarını istisna edən şəraitin,
hüquqpozmaların aşkar edilməsi və
qarşısının alınması üçün
hüquqi mexanizmin yaradılması istiqamətində bir
sıra mühüm nailiyyətlər əldə
olunmuşdur.
Azərbaycan
Respublikası yeni beynəlxalq
çağırışları nəzərə alaraq,
ölkədə cinayət yolu ilə əldə edilmiş
pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı risk əsaslı
mübarizə sisteminin çərçivəsini müəyyənləşdirmək
üçün risklərin qiymətləndirilməsi layihəsini
həyata keçirmiş, beynəlxalq təşəbbüslərə
və əməkdaşlığa mühüm töhfələr
vermişdir. Ölkəmizdə bu sahədə həyata
keçirilən islahatlar, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi,
institusional potensialın gücləndirilməsi,
hesabatlılıq sisteminin yaradılması, qabaqcıl
texnologiyanın tətbiqi sahəsində əldə
edilmiş nailiyyətləri Avropa Şurasının
Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə
qarşı Tədbirlərin Qiymətləndirilməsi
üzrə Ekspertlər Komitəsi yüksək dəyərləndirmişdir.
Maliyyə xidmətlərinin
çatdırılması kanallarının
diversifikasiyası və beynəlxalq əlaqələrin
genişlənməsi, informasiya-kommunikasiya
texnologiyalarının inkişafı cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
sahəsində də nəzarət sisteminin təkmilləşdirilməsi
ilə bağlı yeni hədəflər müəyyən
etmişdir.
Göstərilən hədəflərə
nail olmaq cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə sahəsində həyata
keçirilən tədbirlərdə dövlət
qurumlarının potensialının gücləndirilməsini
və bu sahədə fəaliyyətin effektiv əlaqələndirilməsini
təmin edən koordinasiya mexanizminin yaradılmasını,
onlar arasında əməkdaşlığın və məlumat
mübadiləsi sisteminin səmərəliliyinin
artırılmasını, beynəlxalq əməkdaşlığın
genişləndirilməsini zəruri edir.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
sahəsində tələblərə riayət olunması
mexanizmini təkmilləşdirmək, nəzarət
orqanının potensialını gücləndirmək, aidiyyəti
dövlət orqanları və qurumlarının fəaliyyətinin
əlaqələndirilməsində səmərəliliyi daha
da artırmaq məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Maliyyə Monitorinqi Xidməti
yaradılsın.
2. Müəyyən
edilsin ki, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi
Xidməti (bundan sonra – Xidmət) Azərbaycan Respublikasında
cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın
leqallaşdırılmasının və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısını almaq
sahəsində vahid tənzimləməni və nəzarəti
həyata keçirən, fəaliyyəti əlaqələndirən, habelə həmin sahədə siyasətin
formalaşmasında iştirak edən və dövlət büdcəsindən
maliyyələşən publik hüquqi şəxsdir.[1]
3. Azərbaycan
Respublikası Prezidentinin Administrasiyası Xidmətin nizamnaməsinin
layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
4. Xidmətdə təsisçinin səlahiyyətlərinin
həyata keçirilməsi aşağıdakılara həvalə
edilsin:[2]
4.1. Azərbaycan Respublikasının
Prezidentinə:
4.1.1. bu Fərmanın 4.2-ci və
4.3-cü bəndlərində qeyd edilənlər istisna
olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan
Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi
şəxsin təsisçisinin səlahiyyətlərinə
aid edilmiş digər məsələlərin həlli;
4.2. Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyinə:
4.2.1. Xidmətin xalis aktivlərinin dəyərinin
25 faizindən artıq məbləğdə olan əqdin
(xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti
şəxslə dəyəri Xidmətin aktivlərinin 5
faizini və daha çox hissəsini təşkil edən əqdin
bağlanmasına razılıq verilməsi;
4.3. Xidmətə:
4.3.1. inkişaf istiqamətlərinin
müəyyənləşdirilməsi;
4.3.2.
işçilərin əməkhaqlarının (o cümlədən
əməkhaqqına əlavələrin, mükafatların və
digər ödənişlərin) təsdiqi.
5. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
5.1. Xidmətin
yaradılması ilə əlaqədar Azərbaycan
Respublikası qanunlarının
uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
5.2. Azərbaycan
Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
5.3. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının bu Fərmana
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
5.4. mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
5.5. Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi ilə birlikdə Xidmətin fəaliyyətinin təşkili
üçün maddi-texniki təminat məsələlərini
həll etsin, Azərbaycan Respublikasının Maliyyə
Bazarlarına Nəzarət Palatasının Xidmətin fəaliyyətinin
həyata keçirilməsinə xidmət edə bilən
dövlət əmlakının inventarizasiyasını
apararaq, həmin dövlət əmlakının Xidmətin
istifadəsinə verilməsi ilə bağlı tədbirlər
görsün və bu barədə üç ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
5.6. bu Fərmandan irəli
gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 25 may 2018-ci il
¹ 95
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
7 mart 2019-cu il tarixli 575 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 mart 2019-cu il, ¹ 55, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə
415)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 7
mart 2019-cu il tarixli 575 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 8 mart 2019-cu il, ¹ 55, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə
415) ilə
2-ci hissəyə “fəaliyyəti
əlaqələndirən” sözlərindən sonra “, habelə həmin sahədə
siyasətin formalaşmasında iştirak edən” sözləri
əlavə edilmişdir.
[2] 24
fevral 2020-ci il tarixli 937
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 fevral 2020-ci il, ¹
42, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə 95) ilə 4-cü
hissə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
4. Xidmətdə
təsisçinin səlahiyyətlərinin həyata
keçirilməsi aşağıdakılara həvalə
edilsin:
4.1. Azərbaycan
Respublikasının Prezidentinə:
4.1.1. bu
Fərmanın 4.2-ci bəndində qeyd edilənlər istisna
olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan
Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi
şəxsin təsisçisinin səlahiyyətlərinə
aid edilmiş digər məsələlərin həlli;
4.2. Xidmətə:
4.2.1. inkişaf istiqamətlərinin
müəyyənləşdirilməsi.