Azərbaycan Respublikasında
gənclər siyasəti sahəsində idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı
tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun
əsasında “Azərbaycan Respublikasının Gənclər
Fondu” publik hüquqi şəxs yaradılsın.
2. “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi” təsdiq edilsin
(əlavə olunur).
3. Azərbaycan
Respublikasının Gənclər Fondunda (bundan sonra – Fond)
təsisçinin səlahiyyətlərinin həyata
keçirilməsi aşağıdakılara həvalə
edilsin:
3.1. Azərbaycan
Respublikasının Prezidentinə:
3.1.1. nizamnaməsinin
təsdiqi, nizamnamə fondunun miqdarının
müəyyən edilməsi;
3.1.2. icra orqanının
yaradılması, onun səlahiyyətlərinin
müəyyənləşdirilməsi və
səlahiyyətlərinə vaxtından əvvəl xitam
verilməsi;
3.1.3. yenidən
təşkili və ləğvi məsələləri;
3.1.4.
təsərrüfat cəmiyyətlərinin
yaradılmasına və ya onlarda iştirak etməyə,
idarə, filial və nümayəndəliklərinin
yaradılmasına razılıq verilməsi;
3.1.5. xalis aktivlərinin
dəyərinin 25 faizindən artıq məbləğdə
olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və
aidiyyəti şəxslə dəyəri publik hüquqi
şəxsin aktivlərinin 5 faizini və daha çox
hissəsini təşkil edən əqdin bağlanmasına
razılıq verilməsi;
3.2. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə:
3.2.1. illik maliyyə
hesabatlarının təsdiqi;
3.3. Fonda:
3.3.1. Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla
strukturunun təsdiqi;
3.3.2. inkişaf
istiqamətlərinin müəyyən edilməsi.
4. Müəyyən
edilsin ki:
4.1. Fondun nizamnamə
fondu 115 000 (yüz on beş min) manatdır və dövlət
büdcəsi vəsaiti hesabına
formalaşdırılır;
4.2. Fondda 9 nəfər
üzvdən ibarət Müşahidə Şurası
yaradılır, Fondun Müşahidə Şurasının
üzvlərinin vəzifəyə təyin və vəzifədən
azad edilməsi, habelə onların
səlahiyyətlərinə vaxtından əvvəl xitam
verilməsi Azərbaycan Respublikasının Prezidenti
tərəfindən həyata keçirilir;
4.3. Fondun
fəaliyyətinə Azərbaycan Respublikasının
Prezidenti tərəfindən vəzifəyə təyin və
vəzifədən azad edilən İcraçı direktor
rəhbərlik edir.
5. Fond “Hüquqi
şəxslərin dövlət qeydiyyatı və
dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada dövlət qeydiyyatına alındıqdan sonra
Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondunun balansındakı dövlət
əmlakı həmin Fondun balansına verilsin.
6. Azərbaycan
Respublikası Prezidentinin Administrasiyası Fondun
vəsaitindən istifadə, o cümlədən Fondun
vəsaiti hesabına güzəştli kreditlərin
verilməsi qaydasının layihəsini bir ay
müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
7. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
7.1. Azərbaycan
Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı
təkliflərini iki ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.2. Gənclər
siyasəti ilə bağlı proqram və layihələrin
qrant maliyyələşdirilməsi üzrə
müsabiqələrin keçirilməsi qaydasını,
Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırmaqla bir ay müddətində
müəyyən etsin;
7.3. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının bu Fərmana
uyğunlaşdırılmasını iki ay
müddətində təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
7.4. mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
bu Fərmana uyğunlaşdırılmasını
nəzarətdə saxlasın və bunun icrası
barədə üç ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
7.5. Fond dövlət
qeydiyyatına alındığı gündən üç
ay müddətində, bu Fərmanın 5-ci hissəsi
nəzərə alınmaqla, Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondunun balansındakı
dövlət əmlakının Fondun balansına
verilməsini təmin etsin;
7.6. bu Fərmandan
irəli gələn digər məsələləri həll
etsin.
8. Fond:
8.1. dövlət
qeydiyyatına alınması üçün bu
Fərmanın qüvvəyə mindiyi tarixdən üç
gün müddətində “Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada Azərbaycan
Respublikasının Vergilər Nazirliyinə müraciət
etsin;
8.2. dövlət
qeydiyyatına alındığı gündən etibarən
üç gün müddətində bu barədə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
məlumat versin;
8.3. strukturunu,
işçilərinin say həddini, əməyin
ödənilməsi formalarını və miqdarını,
Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırmaqla bir ay müddətində təsdiq
etsin.
9. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 4.1-ci
bəndində göstərilən məbləğdə
maliyyələşməni bir ay müddətində təmin
edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin.
10. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 7 mart 2018-ci il
¹ 1871
|
Azərbaycan
Respublikası Prezidentinin 2018-ci
il 7 mart tarixli 1871 nömrəli Fərmanı ilə təsdiq
edilmişdir |
Azərbaycan Respublikasının
Gənclər Fondunun
NİZAMNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının
Gənclər Fondu (bundan sonra - Fond) Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun
əsasında yaradılmış, gənclər siyasəti
ilə bağlı elm, təhsil, mədəniyyət və
digər sosial sahələrə yönəlmiş
fəaliyyətin stimullaşdırılmasını təmin
edən publik hüquqi şəxsdir.
1.2. Fond öz fəaliyyətində
Azərbaycan Respublikasının Konstitusiyasını,
Azərbaycan Respublikasının qanunlarını, bu
Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər
fərmanlarını, həmçinin
sərəncamlarını, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, digər normativ hüquqi
aktları rəhbər tutur.
1.3. Fond öz vəzifələrini
yerinə yetirərkən və hüquqlarını həyata
keçirərkən dövlət və yerli
özünüidarəetmə orqanları ilə, beynəlxalq
və qeyri-hökumət təşkilatları ilə,
digər hüquqi və fiziki şəxslərlə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
1.4. Fond ümumdövlət və ictimai
əhəmiyyət daşıyan fəaliyyətlə
məşğul olur. Fond bu Nizamnamədə qarşıya
qoyulmuş məqsədlərə nail olmaq üçün
sahibkarlıq fəaliyyəti ilə məşğul ola
bilər.
1.5. Fondun müstəqil balansı,
əmlakı, xəzinə və bank hesabları, öz
adı həkk olunmuş möhürü, müvafiq
ştampları və blankları vardır.
1.6. Qanuna uyğun olaraq, Fondun
əqdlər bağlamaq, öz adından əmlak və
qeyri-əmlak hüquqları əldə etmək və
həyata keçirmək hüququ, həmçinin vəzifələri
vardır, o, məhkəmədə iddiaçı və ya
cavabdeh qismində çıxış edir.
1.7. Fond Bakı şəhərində
yerləşir.
2. Fondun
fəaliyyətinin məqsədi və fəaliyyət
istiqamətləri[1]
2.1. Fondun fəaliyyətinin əsas
məqsədi gənclər siyasəti ilə bağlı elm,
təhsil, mədəniyyət və digər sosial
sahələrə yönəlmiş ictimai və sosial
əhəmiyyətli, o cümlədən beynəlxalq
səviyyədə həyata keçirilən layihə və
proqramları (bundan sonra – layihə) qrant şəklində
məqsədli maliyyələşdirməkdən, həmin
sahədə konfrans, seminar, festival, olimpiada və digər
tədbirlərin təşkilindən, habelə gənclərə
maliyyə köməyi nəzərdə tutan layihələri
dəstəkləməkdən ibarətdir.
2.2. Fondun fəaliyyət
istiqamətləri aşağıdakılardır:
2.2.1. gənclərlə bağlı
dövlət siyasətinin formalaşdırılmasında
və həyata keçirilməsində iştirak etmək;
2.2.2. gənclər siyasəti
sahəsində normativ hüquqi aktların layihələrinin
hazırlanmasında iştirak etmək;
2.2.3. gənclərin, gənclər
təşkilatlarının, eləcə də gənclər
siyasətinin həyata keçirilməsində iştirak
edən dövlət və yerli
özünüidarəetmə orqanlarının
elmi-tətbiqi, sosial əhəmiyyətli və
idarəetmə sahəsi ilə bağlı innovativ
ideyalarını dəstəkləmək;
2.2.4. gənclərin ölkənin
sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında
yaxından iştirakını təmin etmək, onların
təşəbbüskarlığının
stimullaşdırılması və artırılması
istiqamətində tədbirlər görmək.
3. Fondun vəzifələri və
hüquqları
3.1. Fond, bu Nizamnamə ilə
müəyyən edilmiş fəaliyyət
istiqamətlərinə uyğun olaraq, aşağıdakı
vəzifələri yerinə yetirir:
3.1.1. gənclərlə bağlı
dövlət siyasətinin formalaşdırılmasında
və həyata keçirilməsində iştirak edir;
3.1.1-1. gənclər siyasəti
sahəsində qanunvericilik aktlarının, inkişaf
konsepsiyalarının və məqsədli proqramların
hazırlanmasında və həyata keçirilməsində
iştirak edir;
3.1.1-2. “Normativ hüquqi aktlar
haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu
ilə müəyyən olunmuş hallarda normativ xarakterli akt
qəbul edir;
3.1.2. Fondun fəaliyyəti ilə
bağlı Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrin
hazırlanmasında və həyata keçirilməsində
iştirak edir;
3.1.3. bu Nizamnamə ilə
müəyyən edilmiş məqsədlərə uyğun
olaraq, gənclər siyasəti sahəsində layihələrin
həyata keçirilməsini və qrant
maliyyələşdirilməsini təşkil edir;
3.1.3-1. Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən,
fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan
Respublikasının hüquqi və fiziki
şəxslərinə qrant verə bilən qurumların
siyahısı”nda göstərilmiş qurumların
gənclər siyasəti sahəsində Azərbaycan
Respublikasının hüquqi şəxsləri olan
qeyri-hökumət təşkilatlarına verdiyi qrantlar
vasitəsilə maliyyələşdirilməsi
nəzərdə tutulan mövzuları Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi
Şurası ilə birlikdə qiymətləndirir və bu
qrantlara dair rəy verir;[2]
3.1.4. layihələrin həyata
keçirilməsi üçün Fondun vəsaitinin
xərclənməsi istiqamətlərini müəyyən
edir;
3.1.5. layihələrin qrant
maliyyələşdirilməsi üzrə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi
qaydada müsabiqələrin keçirilməsini təşkil
edir və onların nəticələrini
açıqlayır;
3.1.6. Fondun vəsaiti hesabına
maliyyələşdirilən layihələrin Azərbaycan
Respublikası Prezidentinin təsdiq etdiyi “Fondun
vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti
hesabına güzəştli kreditlərin verilməsi
qaydası”na uyğun olaraq ekspertizadan keçirilməsini
və monitorinqini təşkil edir;[3]
3.1.7. gənclər siyasəti
sahəsində dövlət proqramlarından irəli
gələn layihələrin
maliyyələşdirilməsinə üstünlük verir;
3.1.8. gənclərin inkişafını
təmin edən regional və beynəlxalq proqramların
işlənib hazırlanmasında və həyata
keçirilməsində iştirak edir;
3.1.9. sosial müdafiəyə xüsusi
ehtiyacı olub təhsil alan gənclərə təhsil
müddətində təhsil xərclərinin (təhsil
haqqı, yaşayış xərcləri (yataqxana və ya ev
kirayəsi), gündəlik yemək xərcləri, zəruri
tədris vəsaitləri və ləvazimatı ilə
təminat xərcləri və nəqliyyat xərcləri
(yaşadığı ünvandan tədris
müəssisəsinin yerləşdiyi ünvana
gediş-gəliş xərci, habelə təhsil
müəssisəsi onun daimi yaşadığı şəhərdən
(rayondan) kənarda yerləşdikdə, ildə 2 (iki)
dəfə həmin şəhərə (rayona)
gediş-gəliş xərci) ödənilməsi
üçün Fondun vəsaiti hesabına, bu
Nizamnaməyə uyğun olaraq maliyyə dəstəyi
göstərir;[4]
3.1.9-1. gənclərin və
gənclər təşkilatlarının beynəlxalq
tədbirlərdə iştirakını
maliyyələşdirir;[5]
3.1.10. ixtisas və təhsil
proqramları üzrə ölkənin ehtiyacları
nəzərə alınmaqla, Fondun vəsaiti hesabına
gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil
müəssisələrində təhsilini,
eləcə də beynəlxalq təşkilatlarda
təcrübə proqramlarında iştirakını bu
Nizamnaməyə uyğun olaraq maliyyələşdirir;[6]
3.1.11. gənclərin
məşğulluğunu təmin etmək, eləcə də
işə düzəlməkdə çətinlik
çəkən gənclər üçün əlavə
iş yerləri yaradan işəgötürənləri
həvəsləndirmək məqsədilə bu
Nizamnaməyə və işəgötürənlə
bağlanmış razılaşma müqaviləsinə
uyğun olaraq, gənclərin işə cəlb edilməsini
nəzərdə tutan layihələr
çərçivəsində gənclərə
ödəniləcək əməkhaqqını 1 (bir)
ildən çox olmayan müddət ərzində Fondun
vəsaiti hesabına qismən maliyyələşdirir;
3.1.12. Fonda ayrılan büdcə
vəsaitindən, kreditlərdən, qrantlardan və digər
maliyyə vəsaitindən təyinatı üzrə
səmərəli istifadə olunmasını təmin edir;
3.1.13. Fondun ayırdığı
vəsaitdən təyinatı üzrə istifadə
olunmasına nəzarət edir, həmin vəsaitdən
təyinatı üzrə istifadə edilmədikdə, maliyyələşdirmənin
dayandırılması və verilən vəsaitin qaytarılması
üçün tədbirlər görür;
3.1.14. dövlət orqanları,
beynəlxalq təşkilatlar, hüquqi və fiziki
şəxslər tərəfindən
maliyyələşdirilən məqsədli proqram və
layihələrin həyata keçirilməsində iştirak
edir;
3.1.15. fəaliyyət
istiqamətlərinə uyğun olaraq,
istedadlı və
fəal gənclərin mükafatlandırılmasını
təmin edir;[7]
3.1.16. yaradıcı gənclərin
teatr, kino, memarlıq, dizayn, müasir incəsənət
sahəsində layihələrini dəstəkləyir;
3.1.17. kadr hazırlığını
stimullaşdırır, peşəkar
mütəxəssislərin hazırlanması və tədris
proqramlarının tərtibi ilə bağlı
təkliflər verir və onların həyata
keçirilməsində iştirak edir,
istedadlı
gənclərin və gənc alimlərin məlumat
bankını yaradır;[8]
3.1.17-1. Fondun
əməkdaşlarının əlavə təhsili və
peşəkarlığının yüksəldilməsi
üçün tədbirlər görür;[9]
3.1.18. gənclər
təşkilatlarının maddi-texniki inkişafı yolu
ilə vətəndaş cəmiyyətini və ictimai
təşəbbüskarlığı dəstəkləyir;
3.1.19. gənclərin internet media
sahəsində inkişafını dəstəkləyir;
3.1.20. animasiya və bədii filmlər
vasitəsilə gənclərin Azərbaycan xalqının
dilinə, adət və ənənələrinə,
mənəvi dəyərlərinə, dövlət
rəmzlərinə hörmət,
azərbaycançılıq, vətənpərvərlik
ruhunda tərbiyəsini gücləndirmək üçün
tədbirlər görür;
3.1.21. gənclərin ekoloji
maarifləndirilməsi məqsədilə onlar arasında
müxtəlif tədbirlər, o cümlədən
təlimlər və tətbiqi layihələr həyata
keçirir;
3.1.22. beynəlxalq
əməkdaşlığın genişləndirilməsi
vasitəsilə ölkənin beynəlxalq səviyyədə
mövqeyinin möhkəmləndirilməsində iştirak
edir;
3.1.23. gənclərin, o
cümlədən əcnəbi gənclərin Azərbaycan
tarixinə və mədəniyyətinə dair tədqiqat
işlərini dəstəkləyir;
3.1.24. Azərbaycanın
təqdimatına və təbliğinə
yönəldilmiş layihələri dəstəkləyir;
3.1.24-1. kargüzarlığı və
vətəndaşların qəbulunu müvafiq normativ
hüquqi aktların tələblərinə uyğun
təşkil edir;[10]
3.1.25. gənclərin vəziyyətinin
öyrənilməsi, müvafiq statistik məlumatların
toplanması istiqamətində iş aparır;
3.1.26. gənclərin təhsili,
sağlamlığı, peşəyönümü,
məşğulluğu, inkişafı, asudə
vaxtının səmərəli təşkili üçün
zəruri olan hüquqi, iqtisadi və digər
məlumatların toplanması və yayılması
üzrə layihələrin həyata keçirilməsinə
kömək edir;
3.1.27. bu Nizamnamə ilə
müəyyən edilmiş məqsədlərə uyğun
olaraq gənclərin təqdim etdikləri innovativ
layihələrin (startap) maliyyələşdirilməsi üçün
Fondun vəsaiti (qrantlar istisna olmaqla) hesabına Azərbaycan
Respublikası Prezidentinin müəyyən etdiyi qaydada
müvəkkil banklar və bank olmayan kredit
təşkilatları (bundan sonra - müvəkkil kredit təşkilatları)
vasitəsilə güzəştli kreditlər ayırır;
3.1.28. Fondun bu Nizamnamənin 3.1.27-ci
yarımbəndində göstərilən vəsaiti
hesabına güzəştli kreditin alınması ilə
bağlı müvəkkil kredit təşkilatlarının
müraciətlərinə baxır və bu Nizamnamənin
3.1.6-cı yarımbəndinə uyğun olaraq
keçirilən ekspertizanın rəyindən asılı
olaraq, həmin müraciətlərin təmin olunması
və ya imtina edilməsi barədə müvafiq qərarlar
qəbul edir;
3.1.29. gənclər siyasətinin
həyata keçirilməsi ilə bağlı infrastrukturun, o
cümlədən gənclər evlərinin maddi-texniki
bazasının modernləşdirilməsinə və
gücləndirilməsinə yardım göstərir;
3.1.30. öz fəaliyyəti haqqında
əhalinin məlumatlandırılmasını, internet
saytının yaradılmasını, malik olduğu və
siyahısı “İnformasiya əldə etmək haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş açıqlanmalı olan ictimai
informasiyanın həmin saytda yerləşdirilməsini və
bu informasiyanın daim yeniləşdirilməsini təmin edir;
3.1.31. Fondun informasiya
təminatını və onun təhlükəsizliyini
təşkil edir;
3.1.32. dövlət və kommersiya
sirrinin, habelə məxfilik rejiminin qorunması
üçün tədbirlər görür;
3.1.33. Fondun strukturunun və
fəaliyyətinin təkmilləşdirilməsi
üçün tədbirlər görür;
3.1.34. Fondun fəaliyyəti ilə
bağlı daxil olan müraciətlərə “Vətəndaşların
müraciətləri haqqında”, “İnzibati icraat
haqqında” və “İnformasiya əldə etmək haqqında”
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq
baxır və qanunla müəyyən edilmiş qaydada
tədbirlər görür;[11]
3.1.35. Azərbaycan Respublikası
Prezidentinin aktları ilə müəyyən edilmiş
digər vəzifələri yerinə yetirir.
3.2. Fond öz vəzifələrini
yerinə yetirmək üçün aşağıdakı
hüquqları həyata keçirir:
3.2.1. beynəlxalq əlaqələr
qurur, beynəlxalq
təcrübənin tətbiqi imkanlarının araşdırılması
məqsədilə
beynəlxalq təşkilatlarla, xarici dövlətlərin
aidiyyəti dövlət orqanları (qurumları) ilə
əməkdaşlıq edir;[12]
3.2.1-1. gənclər siyasəti
sahəsində normativ hüquqi aktın layihəsinin qəbul
olunması, aktda dəyişikliklər edilməsi, aktın
şərh edilməsi, qüvvəsinin
dayandırılması və ya ləğv edilməsi
haqqında aidiyyəti üzrə təklif verir;[13]
3.2.2. gənclər siyasəti
sahəsində beynəlxalq təcrübəni öyrənir
və xaricdə fəaliyyət göstərən müvafiq
qurumlarla təcrübə və informasiya mübadiləsi
aparır;
3.2.3. bu Nizamnamə ilə
müəyyən edilmiş məqsədlərə uyğun
olaraq, Azərbaycan Respublikasında və xarici ölkələrdə
hüquqi və fiziki şəxslərlə işgüzar
münasibətlər qurur;
3.2.4. bu Nizamnamə ilə
müəyyən edilmiş məqsədlərə uyğun
olan layihələrin maliyyələşdirilməsi
məsələsini həll edir;
3.2.5. dövlət və yerli
özünüidarəetmə orqanlarına, fiziki və
hüquqi şəxslərə gənclər siyasəti
sahəsində zəruri məlumatlar (sənədlər)
barədə sorğu verir və onlardan məlumatlar
(sənədlər) alır;
3.2.6. Fondun fəaliyyətini, o
cümlədən maliyyələşdirdiyi layihələrin
mühüm nəticələrini ölkə daxilində
və xaricdə təbliğ edir;
3.2.7. Fondun vəsaiti hesabına
maliyyələşdirilən layihələrin bu
Nizamnamənin 3.1.6-cı yarımbəndinə uyğun olaraq
ekspertizadan keçirilməsi üçün kənar mütəxəssisləri
(ekspertləri) cəlb edir;
3.2.7-1.
fəaliyyət istiqamətləri üzrə rəy və
təkliflər verir, təhlillər və
ümumiləşdirmələr aparır, analitik materiallar
hazırlayır;
3.2.7-2.
fəaliyyət istiqamətlərinə aid
məsələlərlə bağlı konfranslar,
müşavirələr, seminarlar keçirir və digər
tədbirlər təşkil edir;
3.2.7-3. əməkdaşlarını
dövlət təltiflərinə və digər
mükafatlara təqdim edir, onların
həvəsləndirilməsi üçün tədbirlər
görür;[14]
3.2.8. xüsusi bülletenlər və
digər nəşrlər buraxır;
3.2.9. Fonda maliyyə ehtiyatlarının
cəlb olunması üçün tədbirlər
görür;
3.2.10. öz fəaliyyətinə
könüllüləri cəlb edir;
3.2.11. gənclər siyasəti
sahəsində normativ hüquqi aktların layihələrinin
hazırlanmasında iştirak edir;
3.2.12. istifadəsində olan əmlaka
münasibətdə qanunla nəzərdə tutulmuş
hüquqları həyata keçirir;
3.2.13. Fondun balansında olan
dövlət əmlakını qanunvericiliyə uyğun olaraq
icarəyə verir və ya ondan istifadə edir;
3.2.14. vəzifələrinin yerinə
yetirilməsi məqsədilə təsərrüfat
cəmiyyətləri yaradır və ya onlarda iştirak edir;
3.2.15. Azərbaycan Respublikası
Prezidentinin aktları ilə müəyyən edilmiş
digər hüquqları həyata keçirir.
4. Fondun idarə olunması
4.1. Fond öz fəaliyyətində
və idarəetmədə mütərəqqi korporativ
idarəetmə standartlarını tətbiq edir.
4.2. Fondu Müşahidə Şurası
və İcraçı direktor idarə edirlər.
4.3. Fondun Müşahidə
Şurası (bundan sonra – Şura) Fonda ümumi
rəhbərliyi və nəzarəti həyata keçirir.
4.4. Şura, onun sədri də daxil
olmaqla, doqquz üzvdən ibarətdir. Şura üzvlərini
Azərbaycan Respublikasının Prezidenti vəzifəyə
təyin və vəzifədən azad edir. Şura
üzvlərinin səlahiyyət müddəti 4 ildir.
4.5. Şura ictimai (ödənişsiz)
əsaslarla fəaliyyət göstərir.
4.6. Şura qərar qəbul
etməkdə müstəqildir.
4.7. Şura aşağıdakı
vəzifələri yerinə yetirir:
4.7.1. Fondun inkişaf
istiqamətlərini,
strateji məqsəd və planlarını müəyyən edir;[15]
4.7.1-1.
təsisçinin səlahiyyətlərinin həyata
keçirilməsi üçün Azərbaycan
Respublikasının Prezidentinə və Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təkliflər
verir və sənədlər (o cümlədən Qurumun
maliyyə hesabatını və fəaliyyətinə dair
illik hesabatı) təqdim edir;
4.7.1-2. Fondun fəaliyyətinə
nəzarət edir;[16]
4.7.2. Şura üzvlərinin və
İcraçı direktorun müraciətlərinə
baxır və qərar qəbul edir;
4.7.3. Fondun fəaliyyətinə dair
illik hesabatı dinləyir;
4.7.4. Fondun kənar auditorunu təyin edir
və audit hesabatını qəbul edir;
4.7.4-1.
kənar auditorun yoxlamalarının, habelə digər
yoxlamaların nəticələrinə dair tədbirlər
görür;
4.7.4-2.
qrant müsabiqələrini elan edir və müsabiqənin
nəticələrinə görə qalib elan edilmiş
gənclərin və gənclər
təşkilatlarının proqram və layihələrini
müəyyən edir, habelə müsabiqənin
nəticələri barədə məlumatları dərc
edir;
4.7.4-3. bu Nizamnaməyə uyğun
olaraq, layihələrin qrant müsabiqəsindən kənar
maliyyələşdirilməsi üçün Fondun
ayıracağı vəsaitin həcmini müəyyən
edir;[17]
4.7.5. Fondun strukturunu, əməkhaqqı
fondunu işçilərinin
say həddini və əməkhaqlarını Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla təsdiq edir, Fondun əldə etdiyi vəsait
(dövlət büdcəsindən və dövlətə
məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla)
hesabına işçilərə əlavə
ödənilən həvəsləndirmə sistemini
müəyyənləşdirir;[18]
4.7.6. təsisçinin
razılığı ilə Fondun təsərrüfat
cəmiyyətlərinin yaradılması və ya onlarda
iştirak barədə, həmçinin Fondun idarə, filial və
nümayəndəliklərinin yaradılması barədə
qərar qəbul edir;[19]
4.7.6-1.
normativ xarakterli aktları təsdiq edir;
4.7.6-2.
maliyyə planlaşdırmasını və büdcəsini
təsdiq edir;
4.7.6-3.
İcraçı direktorun fəaliyyətinə
nəzarət edir və onun fəaliyyətini yoxlayır;
4.7.6-4. təsisçinin
razılığı ilə Fondun xalis aktivlərinin
dəyərinin 25 faizindən artıq məbləğdə
olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və
aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin
5 faizini və daha çox hissəsini təşkil edən
əqdin bağlanması haqqında qərar qəbul edir;[20]
4.7.7. Fondun fəaliyyətinə dair
daxili qaydaları (o
cümlədən maraqlar münaqişəsinin istisna
olunması qaydasını), habelə idarə, filial və
nümayəndəliklərinin əsasnamələrini, törəmə təsərrüfat
cəmiyyətlərinin nizamnamələrini təsdiq edir;[21]
4.7.8. bu Nizamnamə ilə
müəyyən edilmiş digər vəzifələri
həyata keçir.[22]
4.8. Şuranın
sədri bu Nizamnamə ilə müəyyən olunmuş
müddətdə Şuranın iclaslarını
çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının
keçirilməsi təşəbbüsü ilə
Şuranın üzvü və ya İcraçı direktor çıxış edir.
Şuranın iclasları Şura üzvlərinin hamısı iştirak etdikdə
səlahiyyətlidir (bu
Nizamnamənin 4.9-3-cü bəndində nəzərdə
tutulmuş hal istisna olmaqla). Şuranın iclasında qərarlar,
hər üzv bir səsə malik olmaqla, açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə
qəbul edilir. Səslər
bərabər olduqda, iclasa sədrlik edənin səsi
həlledicidir.
Səsvermə zamanı üzvlərin bitərəf
qalmasına icazə verilmir.[23]
4.9. Şuranın sədri
müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin
icrası Şuranın sədri tərəfindən təsdiq
edilmiş vəzifə bölgüsünə əsasən
həyata keçirilir.
4.9-1.
Şuranın üzvlərinə iclasın
keçiriləcəyi yer və vaxt, habelə
gündəliyə daxil edilmiş məsələlər
barədə iclasa azı 3 (üç) iş günü
qalmış, zəruri sənədlər əlavə
edilməklə yazılı məlumat verilir.
4.9-2.
Şuranın iclasında İcraçı direktor da
iştirak edə bilər.
4.9-3.
iclasın gündəliyinə Şuranın hər hansı
üzvünün maraqlarına toxunan məsələ
çıxarıldıqda, həmin üzv bununla bağlı
maraqları haqqında ətraflı məlumat verməli, bu
məsələnin müzakirəsində və həmin
məsələyə dair səsvermədə iştirak
etməməlidir.
4.9-4. gündəliyə daxil
edilməmiş və ya tələb olunan aidiyyəti
sənədləri iclasdan qabaq təqdim edilməmiş
məsələlər barədə, bütün
iştirakçı üzvlərin razılıq verdiyi hallar
istisna olmaqla qərar qəbul edilə bilməz.[24]
4.10. Şuranın sədri:
4.10.1. Şuranın işini
təşkil edir və onun fəaliyyətinə
rəhbərlik edir;
4.10.2. Şuranın iclaslarının
gündəliyini müəyyənləşdirir, iclaslar
çağırır və iclaslarda sədrlik edir;
4.10.3. öz təşəbbüsü
ilə, habelə Şuranın hər hansı digər
üzvünün və ya İcraçı direktorun xahişi əsasında
digər şəxsləri Şuranın iclasında
iştirak etməyə dəvət edir;[25]
4.10.4. Şuranın fəaliyyətinin
təşkili ilə bağlı digər tədbirlər
görür.
4.11. Şuranın üzvləri:
4.11.1. Şuranın
səlahiyyətlərinə aid olan məsələlərin
həllində iştirak edirlər;
4.11.2. Şuranın iclasının
gündəliyi ilə və baxılması nəzərdə
tutulmuş materiallarla əvvəlcədən tanış
olurlar;
4.11.3. Şurada qəbul ediləcək
qərarlara dair fikir bildirirlər;
4.11.4. Şuranın
səlahiyyətlərinə aid məsələlərə
Şuranın iclaslarında baxılması barədə
təkliflər verirlər;
4.11.5. Şuranın qərarları
ilə, iclas protokolları ilə və digər
sənədlərlə tanış olurlar.
4.12. Şura üzvləri Şuranın
iclaslarında baxılan məsələlərə
qərəzsiz yanaşmalı, Şura üzvünün
adına xələl gətirə biləcək hərəkətlərə
və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 49-cu
maddəsində müəyyən edilmiş digər
tələbləri yerinə yetirməlidirlər.[26]
4.13. Fondun cari fəaliyyətinə
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
vəzifəyə təyin və vəzifədən azad
edilən İcraçı direktor rəhbərlik edir.
İcraçı direktor Fonda həvalə olunmuş
vəzifələrin yerinə yetirilməsinə və
hüquqların həyata keçirilməsinə cavabdehdir.
4.14. İcraçı direktorun
vəzifəyə təyin və vəzifədən azad etdiyi
iki müavini vardır. İcraçı direktorun
müavinləri icraçı direktor tərəfindən
onlara həvalə edilmiş vəzifələri yerinə
yetirirlər. İcraçı direktor müvəqqəti olmadıqda,
müvafiq əmrlə onun müavinlərindən biri onu
əvəz edir.
4.15. İcraçı direktor
aşağıdakı vəzifələri yerinə yetirir:
4.15.1. Fondun fəaliyyətini
təşkil edir, onun cari fəaliyyətinə
rəhbərlik edir və Fondu təmsil edir;
4.15.1-1. fəaliyyət
istiqamətlərinə dair qəbul olunmuş aktların
icrasını təşkil edir, yoxlayır və buna
nəzarəti həyata keçirir;[27]
4.15.2. təsisçinin
səlahiyyətlərini həyata keçirmək
üçün müvafiq olaraq, Azərbaycan
Respublikasının Prezidentinə və Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təkliflər
verir və sənədlər təqdim edir;[28]
4.15.3. Şuranın
qərarlarını icra edir;[29]
4.15.4. bu Nizamnamə ilə
müəyyən edilmiş vəzifələri həyata
keçirmək üçün Şuraya təkliflər
verir və sənədlər təqdim edir;
4.15.5.
Fondun strateji məqsədlərinin və planlarının,
habelə büdcəsinin icrasına nəzarət edir;
4.15.6. cari və operativ
məsələlər barədə Şuranı
məlumatlandırır;[30]
4.15.7. aidiyyəti şəxslə
dəyəri Fondun aktivlərinin 5 faizədək hissəsini
təşkil edən əqdin bağlanması haqqında
qərar qəbul edir;
4.15.8. müəyyən edilmiş
struktur, əməkhaqqı fondu və işçilərin say
həddi daxilində Fondun Aparatının və
qurumlarının strukturunu, ştat cədvəlini və
xərclər smetasını təsdiq edir;
4.15.9. bu Nizamnamənin 3.1.12-ci yarımbəndində
nəzərdə tutulmuş vəsaitdən təyinatı
üzrə səmərəli istifadə olunmasını
təmin edir;[31]
4.15.10. Bu Nizamnamənin 3.1.1-1-ci və
3.2.1-1-ci yarımbəndlərində nəzərdə
tutulmuş məsələlərin həlli üçün
tədbirlər görür;[32]
4.15.11. Fondun əmlakından bu
Nizamnamədə nəzərdə tutulmuş
məqsədlərə uyğun istifadə olunmasını
təmin edir;
4.15.12. Fondun fəaliyyət
istiqamətləri üzrə dövlət və kommersiya
sirrinin, habelə məxfilik rejiminin qorunması
üçün zəruri tədbirlər görür;
4.15.13. Fondun işçilərinin
peşəkarlıq səviyyəsinin
artırılmasını, vəzifə maaşlarının,
vəzifə maaşlarına əlavələrin,
mükafatların və digər ödənişlərin
verilməsini əməkhaqqı fondu
çərçivəsində təşkil edir;
4.15.14. fəaliyyətinin
təşkili ilə əlaqədar icrası məcburi olan sərəncam
və əmrlər verir;[33]
4.15.15. bu Nizamnamə ilə
müəyyən olunmuş səlahiyyətlər
çərçivəsində Fondun adından
əməliyyatlar aparır, müqavilələr
bağlayır və onların yerinə yetirilməsini
təmin edir;
4.15.16. Bu
Nizamnamə ilə müəyyən edilmiş hallar istisna
olmaqla, Fondun, o cümlədən onun idarə, filial və
nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların
işçilərinin (təsərrüfat
cəmiyyətlərində isə yalnız
rəhbərlərin) vəzifəyə təyin və vəzifədən
azad edilməsi, onlar barəsində həvəsləndirmə
və intizam tənbehi tədbirlərinin görülməsi
barədə qərarlar qəbul edir;[34]
4.15.17. Fondun vəzifəli
şəxslərinin qanunvericiliyə zidd olan
qərarlarını ləğv edir;
4.15.18. Fondun fəaliyyət
istiqamətləri üzrə məşvərətçi
komitələr və işçi qruplar yaradır;
4.15.19. Fondda kargüzarlıq və arxiv
işinin aparılmasını təmin edir;
4.15.20. Fondda vətəndaşların
qəbulunu və müraciətlərinə baxılmanı
təmin edir;
4.15.21. Şuranın səlahiyyətlərinə
aid edilməyən bütün digər
məsələlər barədə qərar verir.
4.16. Fond öz fəaliyyətində
və idarəetmədə mütərəqqi korporativ
idarəetmə standartlarını tətbiq edir.
5. Fondun nizamnamə fondu, əmlakı
və maliyyə fəaliyyətinin əsasları
5.1. Fondun ilkin nizamnamə fondu 115 000
(yüz on beş min) manatdır.
5.2. Fondun əmlakı təsisçi
tərəfindən ödənilən nizamnamə fondundan,
təsisçinin ona verdiyi digər əmlakdan, habelə
dövlət büdcəsindən ayrılan vəsaitdən,
fəaliyyətindən əldə edilmiş gəlirdən,
ianələrdən, qrantlardan, cəlb olunan investisiyalardan
və qanunla qadağan edilməyən digər
vəsaitlərdən formalaşır.
5.3. Fond öz əmlakından yalnız
bu Nizamnamədə müəyyən olunmuş
məqsədlərə uyğun istifadə edir. Fond
balansında olan dövlət əmlakına münasibətdə
səlahiyyətlərini müvafiq qanunvericiliklə
müəyyən edilmiş qaydada həyata keçirir.
5.4. Qanunla nəzərdə tutulmuş
vergiləri və digər məcburi ödənişləri
müəyyən edilmiş qaydada ödədikdən sonra Fond
öz təsərrüfat cəmiyyətlərinin, idarə,
filial və nümayəndəliklərinin
fəaliyyətindən əldə edilmiş
mənfəəti üzərində müstəqil
sərəncam vermək hüququna malikdir.
5.5. Fond, sərəncamında olan
vəsaitdən bu Nizamnaməyə uyğun olaraq, Fondun
xərclər smetası əsasında istifadə edir.
5.6. Maliyyə ilinin sonuna Fondun
hesabında qalan vəsait növbəti ilin xərclərinin
maliyyələşdirilməsinə yönəldilir.
6. Fondun fəaliyyətinə
nəzarətin forması və əhatə dairəsi
6.1. Fondun fəaliyyətinə
nəzarəti Azərbaycan Respublikasının Prezidenti
həyata keçirir.
6.2. Fondun fəaliyyətinə dair illik
hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim
edilir.
7. Fondda uçot və hesabat
7.1. Fond “Mühasibat uçotu
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik
hüquqi şəxslər üçün müəyyən
edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə
hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. Fond “Rəsmi statistika haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik
uçot aparır, statistik hesabatları tərtib və
təqdim edir.
7.3. Fond filial, nümayəndəlik,
idarə və təsərrüfat cəmiyyətlərinin
maliyyə-təsərrüfat fəaliyyətinin
yoxlanılmasını təmin edir.
7.4. Fond öz fəaliyyətinin
müstəqil surətdə yoxlanılması
üçün kənar auditor cəlb edir.
8. Fondun ləğvi və yenidən
təşkili
Fondun ləğvini və yenidən
təşkilini Azərbaycan Respublikasının Prezidenti
həyata keçirir.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30
avqust 2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”ndə 2-ci hissənin
adı yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
2. Fondun fəaliyyətinin əsas məqsədi
və istiqamətləri
[2] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30 avqust
2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nə yeni məzmunda
3.1.1-1-ci, 3.1.1-2-ci və 3.1.3-1-ci yarımbəndlər
əlavə edilmişdir.
[3] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30
avqust 2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nin 3.1.6-cı
yarımbəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
3.1.6. Fondun vəsaitləri hesabına
maliyyələşdirilən layihələrin Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təsdiq
edilən “Fondun vəsaitindən istifadə, o
cümlədən Fondun vəsaiti hesabına
güzəştli kreditlərin verilməsi qaydası”na
uyğun olaraq ekspertizadan keçirilməsini təşkil
edir;
[4] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30 avqust
2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nin 3.1.9-cu yarımbəndi yeni
redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
3.1.9. aztəminatlı
ailələrdən olub təhsil alan gənclərə
təhsil müddətində təhsil müəssisəsinin
yataqxanasında yer ayrılması üçün Fondun vəsaiti
hesabına, bu Nizamnaməyə uyğun olaraq, maliyyə
dəstəyi göstərir;
[5] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30
avqust 2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nə yeni məzmunda
3.1.9-1-ci yarımbənd əlavə edilmişdir.
[6] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30
avqust 2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nin 3.1.10-cu bəndində “təhsil prosesini”
sözləri “təhsilini”
sözü ilə əvəz edilmişdir.
[7] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30
avqust 2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nin 3.1.15-ci bəndinə “istedadlı” sözündən
əvvəl “fəaliyyət
istiqamətlərinə uyğun olaraq,” sözləri
əlavə edilmişdir.
[8] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30
avqust 2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nin 3.1.17-ci yarımbəndində
“istedadlı gənclərin”
sözlərindən əvvəl “peşəkar mütəxəssislərin
hazırlanması və tədris proqramlarının
tərtibi ilə bağlı təkliflər verir və
onların həyata keçirilməsində iştirak edir,”
sözləri əlavə edilmişdir.
[9] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30 avqust
2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nə yeni məzmunda
3.1.17-1-ci yarımbənd əlavə edilmişdir.
[10] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30
avqust 2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nə yeni məzmunda
3.1.24-1-ci yarımbənd əlavə edilmişdir.
[11] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30 avqust
2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nin 3.1.34-cü
yarımbəndində “baxır”
sözü “Vətəndaşların
müraciətləri haqqında”, “İnzibati icraat
haqqında” və “İnformasiya əldə etmək
haqqında” Azərbaycan Respublikasının qanunlarına
uyğun olaraq baxır və qanunla müəyyən
edilmiş qaydada tədbirlər görür” sözləri
ilə əvəz edilmişdir.
[12] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30
avqust 2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nin 3.2.1-ci yarımbəndinə
“beynəlxalq təşkilatlarla”
sözlərindən əvvəl “beynəlxalq təcrübənin tətbiqi
imkanlarının araşdırılması
məqsədilə” sözləri əlavə edilmişdir.
[13] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30 avqust
2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nə yeni məzmunda
3.2.1-1-ci yarımbənd əlavə edilmişdir.
[14] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30 avqust
2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nə yeni məzmunda 3.2.7-1–3.2.7-3-cü
yarımbəndlər əlavə edilmişdir.
[15] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30
avqust 2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nin 4.7.1-ci yarımbəndinə
“inkişaf istiqamətləri”
sözlərindən sonra “,
strateji məqsəd və planlarını” sözləri
əlavə edilmişdir.
[16] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30
avqust 2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nə yeni məzmunda
4.7.1-1-ci, 4.7.1-2-ci yarımbəndlər əlavə edilmişdir.
[17] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30 avqust
2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nə yeni məzmunda
4.7.4-1-ci–4.7.4-3-cü yarımbəndlər əlavə edilmişdir.
[18] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30
avqust 2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nin 4.7.5-ci yarımbəndində
“və işçilərinin
say həddini” sözləri “işçilərinin
say həddini və əməkhaqlarını”
sözləri ilə əvəz edilmişdir və həmin
bəndə “təsdiq edir”
sözlərindən sonra “,
Fondun əldə etdiyi vəsait (dövlət
büdcəsindən və dövlətə məxsus
digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına
işçilərə əlavə ödənilən həvəsləndirmə
sistemini müəyyənləşdirir” sözləri
əlavə edilmişdir.
[19] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30 avqust
2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nin 4.7.6-cı
yarımbəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
4.7.6. Şuranın, İcraçı
direktorun və əməkdaşların fəaliyyəti
zamanı maraqlar münaqişəsinin istisna olunmasının
qayda və şərtlərini müəyyənləşdirir
və onların icrasına nəzarət edir;
[20] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30 avqust
2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nə yeni məzmunda
4.7.6-1-ci–4.7.6-4-cü yarımbəndlər əlavə edilmişdir.
[21] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30 avqust
2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nin 4.7.7-ci yarımbəndinə
“daxili qaydaları”
sözlərindən sonra “(o
cümlədən maraqlar münaqişəsinin istisna
olunması qaydasını)” sözləri, “əsasnamələrini”
sözündən sonra “,
törəmə təsərrüfat cəmiyyətlərinin
nizamnamələrini” sözləri əlavə edilmişdir.
[22] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30
avqust 2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nin 4.7.7-ci yarımbəndinin
sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilmişdir və yeni
məzmunda 4.7.8-ci yarımbənd əlavə edilmişdir.
[23] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30
avqust 2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”ndə 4.8-ci bəndin birinci
cümləsi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Şuranın iclasları ildə azı
bir dəfə çağırılır.
29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30
avqust 2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”ndə 4.8-ci bəndin ikinci
cümləsinə “direktor”
sözündən əvvəl “İcraçı”
sözü əlavə edilmişdir, üçüncü
cümlədə “azı
üçdə ikisi” sözləri “hamısı” sözü ilə əvəz
edilmişdir və həmin cümləyə “səlahiyyətlidir” sözündən sonra “(bu Nizamnamənin 4.9-3-cü
bəndində nəzərdə tutulmuş hal istisna olmaqla)”
sözləri əlavə edilmişdir, dördüncü
cümləyə “sadə
səs çoxluğu” sözlərindən əvvəl “açıq səsvermə yolu
ilə” sözləri əlavə edilmişdir və yeni
məzmunda beşinci cümlə əlavə edilmişdir.
[24] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30
avqust 2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nə yeni məzmunda
4.9-1-ci–4.9-4-cü yarımbəndlər əlavə edilmişdir.
[25] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30
avqust 2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nin 4.10.3-cü
yarımbəndinə “direktorun”
sözündən əvvəl “İcraçı”
sözü əlavə edilmişdir.
[26] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30 avqust
2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nin 4.12-ci bəndinə “yol verməməlidirlər”
sözlərindən sonra “,
həmçinin Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 49-cu maddəsində müəyyən
edilmiş digər tələbləri yerinə
yetirməlidirlər” sözləri əlavə edilmişdir.
[27] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30
avqust 2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nə yeni məzmunda
4.15.1-1-ci yarımbənd əlavə edilmişdir.
[28] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30 avqust
2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nin 4.15.2-ci yarımbəndi
ləğv edilmişdir.
[29] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30
avqust 2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nin 4.15.3-cü
yarımbəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
4.15.3. Fondun fəaliyyətinə dair
illik hesabatı hazırlayaraq Azərbaycan Respublikasının
Prezidentinə təqdim edir;
[30] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30 avqust
2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nin 4.15.5-ci və
4.15.6-cı yarımbəndləri yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
4.15.5.
Azərbaycan Respublikası Prezidentinin razılığı
ilə Fondun təsərrüfat cəmiyyətlərinin
yaradılması və ya onlarda iştirak barədə,
həmçinin idarə, filial və
nümayəndəliklərinin yaradılması barədə
qərar qəbul edir;
4.15.6. Azərbaycan Respublikası
Prezidentinin razılığı ilə Fondun xalis
aktivlərinin dəyərinin 25 faizindən artıq
məbləğdə olan əqdin (xüsusi
əhəmiyyətli əqdin) və aidiyyəti
şəxslə dəyəri aktivlərinin 5 faizini və daha
çox hissəsini təşkil edən əqdin
bağlanması haqqında qərar qəbul edir;
[31] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30
avqust 2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nin 4.15.9-cu yarımbəndində
“3.1.34-cü” sözləri “3.1.12-ci” sözləri ilə
əvəz edilmişdir.
[32] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30 avqust
2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nin 4.15.10-cu yarımbəndi
yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
4.15.10. kənar auditor
yoxlamalarının, habelə digər yoxlamaların
nəticələrinə dair tədbirlər görür;
[33] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30 avqust
2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nin 4.15.14-cü bəndinə
“icrası məcburi olan”
sözlərindən əvvəl “fəaliyyətinin təşkili ilə əlaqədar”
sözləri əlavə edilmişdir.
[34] 29 avqust 2018-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 30
avqust 2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 8, maddə 1702) ilə “Azərbaycan Respublikasının
Gənclər Fondunun Nizamnaməsi”nin 4.15.16-cı
yarımbəndinə “Fondun”
sözündən əvvəl “Bu
Nizamnamə ilə müəyyən edilmiş hallar istisna
olmaqla,” sözləri əlavə edilmişdir və
həmin yarımbənddə “işçilərinin,
həmçinin təsərrüfat cəmiyyətlərinin
rəhbərlərinin” sözləri “, habelə tabeliyindəki digər qurumların
işçilərinin (təsərrüfat
cəmiyyətlərində isə yalnız
rəhbərlərin)” sözləri ilə əvəz edilmişdir.