Daşınar əmlakın yüklülüyü
haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu
Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü
maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərinə
uyğun olaraq hazırlanmışdır və öhdəliklərin
icrasının təmin edilməsi ilə bağlı
daşınar əmlakın yüklülüyünün
hüquqi rejimini, daşınar əmlaka dair
yüklülük sahiblərinin hüquqlarının həyata
keçirilməsi qaydalarını, daşınar əmlaka
tutma yönəldilməsi, daşınar əmlakın
yüklülüyünün dövlət reyestrinin
aparılması və ondan istifadə ilə bağlı məsələləri
tənzimləyir.
1-ci fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas
anlayışlar
1.0.
Bu Qanunun məqsədləri üçün
aşağıdakı anlayışlardan istifadə edilir:
1.0.1.
daşınar əmlakın yüklülüyü – bu Qanunun
4-cü maddəsində göstərilən əsaslarla
öhdəliyin icrasının təmin edilməsi
üçün qanun və ya əqd əsasında
daşınar əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılması;
1.0.2.
yüklülük predmeti – bu Qanunun 3-cü maddəsi ilə
müəyyən edilmiş daşınar əmlak, habelə tələblər
və hüquqlar;
1.0.3.
borclu – yüklülük sahibinin xeyrinə
yüklülüklə təmin edilmiş öhdəliyi icra
etməli olan şəxs, yaxud belə öhdəliyi olan
üçüncü şəxs;
1.0.4.
yüklülük verən – yüklülük sahibinin xeyrinə
yüklülüyü yaradan şəxs (yüklülük
verən borclunun özü və ya üçüncü
şəxs ola bilər);
1.0.5.
yüklülük sahibi – yüklülüklə təmin
edilmiş öhdəlik icra edilmədikdə
yüklülük predmetinə tutma yönəldilməsi
hüququ olan şəxs (dövlət və bələdiyyə
yüklülüyündə bu Qanunun 4-cü maddəsində
nəzərdə tutulan qurum);
1.0.6.
üstünlük hüququ – yüklülük predmeti
hesabına yüklülük sahibinin tələbinin digər
yüklülük sahiblərinin və kreditorların tələblərinə
münasibətdə üstün növbədə ödənilməsi;
1.0.7.
bildiriş – daşınar əmlaka yüklülüyün
yaranması, yüklülüyə dəyişikliklər
edilməsi, onun xitamı, habelə daşınar əmlak
üzərində yüklülüyə etiraz edilməsi ilə
bağlı qeydlərin aparılması üçün
daşınar əmlakın yüklülüyünün
dövlət reyestrinə daxil edilən məlumat;
1.0.8.
daşınar əmlakın yüklülüyünün
dövlət reyestri (bundan sonra - reyestr) – bu Qanunun 1.0.7-ci maddəsində
göstərilən məlumatların (qeydlərin) sistemləşdirilmiş
məcmusundan ibarət dövlət informasiya sistemi.
Maddə 2. Daşınar
əmlakın yüklülüyü haqqında qanunvericilik
2.1. Daşınar
əmlakın yüklülüyü ilə bağlı
münasibətlər Azərbaycan Respublikasının
Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi,
bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik
aktları və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr
ilə tənzimlənir.
2.2. Ələt azad iqtisadi zonasında
daşınar əmlakın yüklülüyü ilə
bağlı münasibətlər “Ələt azad iqtisadi
zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə
uyğun olaraq tənzimlənir.[1]
2-ci fəsil
Yüklülüyün predmeti, növləri və
üçüncü şəxslər üçün
açıqlanması
Maddə 3.
Yüklülüyün predmeti
3.1.
Daşınar əmlakın rəsmi reyestrlərində
qeydiyyata alınan daşınar əşyalar və dövlət
qeydiyyatına alınmalı olan qiymətli kağızlar
istisna olmaqla, yüklülük predmetini istənilən
daşınar əmlak, habelə hüquqlar və tələblər,
o cümlədən gələcəkdə yüklülük
sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil
edir.
3.2.
Eyni daşınar əmlak bir neçə
yüklülüyün predmeti ola bilər.
3.3.
Qanunla və ya müqavilə ilə ayrı qayda nəzərdə
tutulmayıbsa, daşınar əmlakın
yüklülüyü aşağıdakılara şamil
olunur:
3.3.1.
yüklülük predmetinin ləvazimatlarına;
3.3.2.
yüklülüyün predmetindən istifadə nəticəsində
əldə edilmiş faydaya (gəlir, artım, bəhər,
törəmə və başqa formalara);
3.3.3.
dəyişdirilməli, əvəz və ya bərpa edilməli
yüklülüyün predmetinə;
3.3.4.
yüklülük predmetinin özgəninkiləşdirilməsindən
əldə edilən gəlirlərə, bu şərtlə
ki, onları yüklülük predmetinin özgəninkiləşdirilməsindən
əldə olunan gəlirlər kimi eyniləşdirmək
mümkün olsun;
3.3.5.
yüklülüyün predmeti qanuna və ya müqaviləyə
əsasən sığorta edilmişdirsə, sığorta
hadisəsinin baş verdiyi zaman sığorta ödənişinə;
3.3.6.
qanunla müəyyənləşdirilmiş əsaslar üzrə
və qaydada yüklülük predmetinin məcburi
satılması, rekvizisiyası və ya milliləşdirilməsi
nəticəsində yüklülük verənə ödənilən
kompensasiyanın məbləğinə (yüklülük
sahibinin tələblərinin ödənilməsinə kifayət
edən məbləğdə).
3.4.
Əgər qanunla və ya müqavilə ilə ayrı qayda nəzərdə
tutulmayıbsa, habelə öhdəliyin mahiyyətindən ayrı
qayda irəli gəlmirsə, daşınar əmlakın
yüklülüyü ilə təmin edilmiş öhdəlik
üzrə borclunun vəzifəsini icra etmiş
üçüncü şəxs yüklülük sahibinin
hüquq və vəzifələrini əldə edir.
3.5.
Daşınar əmlak üzərində müqavilə əsasında
yüklülük Azərbaycan Respublikasının Mülki Məcəlləsi
ilə müəyyən edilmiş qaydada yaranır. Həmin
müqavilədə yüklülük predmeti bu Qanunun 22-ci
maddəsində nəzərdə tutulmuş qaydada təsvir
edilir, yüklülüyün təmin etdiyi öhdəliyin
mahiyyəti, məbləği (ölçüsü) və
yüklülük predmetinin kimin sahibliyində qalması
göstərilir.
Maddə 4. Daşınar
əmlakın yüklülüyünün növləri
4.1.
Daşınar əmlakın yüklülüyü dövlət,
bələdiyyə və xüsusi yüklülük növlərinə
bölünür.
4.2.
Dövlət və bələdiyyə
yüklülüyünə aşağıdakılar daxildir:
4.2.1.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci
maddəsinə uyğun olaraq, vergi orqanı tərəfindən
vergi borclarının, onlara hesablanmış faizlərin və
tətbiq edilmiş maliyyə sanksiyalarının vergiödəyicisinin
milli və ya xarici valyutada cari və ya digər hesablarından
dövlət büdcəsinə alınması və ya
dondurulması haqqında kredit təşkilatına və ya
bank əməliyyatları aparan şəxsə icra (ödəniş)
sənədi olan sərəncam verilməsi;
4.2.2.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci
maddəsinə uyğun olaraq, vergi orqanı tərəfindən
vergi borcları, onlara hesablanmış faizlər və tətbiq
olunmuş maliyyə sanksiyalarının ödənilməsini
təmin etmək üsulu kimi vergiödəyicisinin əmlakının
siyahıya alınması;
4.2.3.
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası
Qanununun 14-cü maddəsinə uyğun olaraq, məcburi
dövlət sosial sığortası sahəsində idarəetməni
həyata keçirən müvafiq icra hakimiyyəti orqanı
tərəfindən hesablanmış və ya yenidən
hesablanmış məcburi dövlət sosial sığorta
haqları üzrə borcların və tətbiq edilmiş
maliyyə sanksiyalarının sığortaedənin cari,
valyuta və digər hesablarından həmin orqanın
hesabına alınması üçün banka və ya digər
kredit təşkilatına icra sənədi olan sərəncam
verilməsi;
4.2.3-1. “Məşğulluq haqqında”
Azərbaycan Respublikası Qanununun 24.1.4-cü maddəsinə
uyğun olaraq, seçilmiş özünüməşğulluq
istiqamətinin təşkili üçün işsiz şəxslərə
natura şəklində verilmiş material, avadanlıq və
digər əmlakın siyahıya alınması;[2]
4.2.4.
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin
249.3-cü maddəsinə uyğun olaraq, gömrük
orqanı tərəfindən vaxtında ödənilməmiş
gömrük borclarının ödəyicidən tutulması
üçün vergi borclarının dövlət büdcəsinə
alınmasının qanunvericiliklə müəyyən
edilmiş qaydalarına uyğun olaraq, banka icra (ödəniş)
sənədi verilməsi;
4.2.5.
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin
250.2-ci maddəsinə uyğun olaraq, gömrük orqanı tərəfindən
həm mövcud, həm də yarana biləcək
gömrük borclarına görə təminat
götürülməsi;
4.2.6.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin
40.3-cü maddəsinə uyğun olaraq, məhkəmə tərəfindən
daşınar əmlak barəsində müvəqqəti
xarakterli müdafiə tədbirinin tətbiq edilməsi;
4.2.7.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
157-ci və 158-ci maddələrinə uyğun olaraq, məhkəmə
tərəfindən daşınar əmlak barəsində
iddianı təmin etmə tədbirinin görülməsi;
4.2.8.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
248-ci və 249-cu maddələrinə uyğun olaraq, məhkəmə
tərəfindən mülki iddianı və cinayət qanunu
ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi
ilə daşınar əmlak üzərinə həbs
qoyulması;[3]
4.2.9.
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci
maddəsinə uyğun olaraq, məhkəmə tərəfindən
məcburi icra tədbiri kimi daşınar əmlak üzərinə
həbs qoyulması;
4.2.10. “İcra haqqında” Azərbaycan
Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq, banka və
ya digər kredit təşkilatına pul vəsaitlərinin
tutulmasına dair tələblərin göstərildiyi icra sənədinin
təsdiq olunmuş surətinin verilməsi.[4]
4.3.
Xüsusi yüklülüyə aşağıdakılar
daxildir:
4.3.1.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
263-268-ci maddələrinə uyğun olaraq, daşınar əmlakın
uzufruktu;
4.3.2.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 12-ci
fəslinə uyğun olaraq, müqavilə əsasında
yaranan daşınar əmlakın girovu;
4.3.3.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
606-cı maddəsinə uyğun olaraq mülkiyyət
hüququnun saxlanması haqqında qeyd-şərt;
4.3.4.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
698.1-ci maddəsinə uyğun olaraq, kirayəyə verənin
girov hüququ;
4.3.5.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
702.1-ci maddəsinə uyğun olaraq, icarəçinin girov
hüququ;
4.3.6.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
716-cı maddəsinə uyğun olaraq, icarəyə verənin
girov hüququ;
4.3.7.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
747.1-ci maddəsinə uyğun olaraq, daşınar əmlakın
lizinqi;
4.3.8.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 757-ci
maddəsinə uyğun olaraq, podratçının
hazırladığı daşınar əşyaya girov
hüququ;
4.3.9.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
820.1-ci maddəsinə uyğun olaraq, komisyonçunun təminat
(girov) hüququ;
4.3.10.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
830.3-cü maddəsinə uyğun olaraq, anbar sahibinin girov
hüququ;
4.3.11.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
836.3-cü maddəsinə uyğun olaraq, mehmanxana və ya
restoran sahibinin girov hüququ;
4.3.12.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
860.1-ci maddəsinə uyğun olaraq,
daşıyıcının yükə girov hüququ;
4.3.13.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 48-ci
fəslinə uyğun olaraq, daşınar əmlakın
rentası;
4.3.14.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 655-ci
maddəsinə uyğun olaraq, pul tələbinin faktora güzəşt
edilməsi hüququ;
4.3.15.
əsas öhdəliyin icrasının təmini üsulu olan
digər yüklülüklər.
4.4.
Dövlət orqanları və bələdiyyələr
mülki hüquq münasibətlərində
çıxış etdikləri zaman bu Qanunun 4.3-cü maddəsində
göstərilən yüklülüklər üzrə
yüklülük sahibi ola bilərlər.
4.5.
Dövlət orqanının, bələdiyyənin və ya məhkəmənin
qərarı əsasında yüklülük bu Qanunun 4.2-ci
maddəsində, müqavilə əsasında yaranan yüklülük
bu Qanunun 4.3.1-4.3.3-cü, 4.3.7-ci, 4.3.13-4.3.15-ci maddələrində,
qanun əsasında yaranan yüklülük isə bu Qanunun
4.3.4-cü-4.3.6-cı və 4.3.8-4.3.12-ci maddələrində
nəzərdə tutulmuş hallarda yaranır.
Maddə 5.
Yüklülüyün üçüncü şəxslər
üçün açıqlanması
5.1.
Yüklülük sahibinin yüklülüyü bu Qanunun
5.3-cü maddəsində nəzərdə tutulmuş qaydada
üçüncü şəxslərə
açıqlaması xüsusi yüklülük növləri
üçün könüllü, dövlət və bələdiyyə
yüklülüyü növləri üçün isə
məcburi xarakter daşıyır.
5.2.
Yüklülük sahibinin yüklülüyü bu Qanunun
5.3-cü maddəsində nəzərdə tutulmuş qaydada
üçüncü şəxslərə
açıqlaması bu Qanunun 3-cü fəslində müəyyən
edilmiş hallarda və üstünlük qaydalarına
uyğun olaraq tələblərin ödənilməsi növbəliliyinə
təsir edir.
5.3.
Yüklülük sahibi yüklülüyün üçüncü
şəxslərə açıqlanmasını
aşağıdakı üsullardan biri və ya bir neçəsi
vasitəsilə həyata keçirir:
5.3.1.
yüklülük predmetinə dair qüvvədə olan
hüquqları və ya bu Qanunun 21.4-cü maddəsində nəzərdə
tutulmuş halda gələcəkdə yarana biləcək
hüquqları barədə bildirişləri reyestrdə qeydə
aldırmaqla;
5.3.2.
yüklülük predmeti üzərində sahiblik hüququnu
əldə etməklə;
5.3.3.
yüklülük predmeti üzərində nəzarəti əldə
etməklə.
5.4.
Yüklülük predmetinə dair hüquqların reyestrdə
qeydə alınması istənilən yüklülük
predmeti barəsində tətbiq olunur.
5.5.
Yüklülük predmeti üzərində sahiblik
hüququnun əldə edilməsi nağd pul vəsaitlərinə,
zinət əşyalarına, dövlət qeydiyyatına
alınmalı olmayan qiymətli kağızlara, anbar şəhadətnaməsi,
konosamentlərinə tətbiq olunur və qanuna və ya
müqavilə şərtlərinə görə yüklülük
predmeti üzərində sahiblik hüququnun
yüklülük sahibinə faktiki verildiyi
(yüklülük predmeti üzərində faktiki sahibliyin əldə
edilməsi) hallarda yaranır.
5.6.
Yüklülük predmeti üzərində nəzarətin əldə
edilməsi yüklülük verənin bank hesabında və
ya notariusun depozit hesabında olan vəsaitlərinə tətbiq
olunur və yüklülük sahibi, yüklülük verən
və bank və ya notarius arasında nəzarət haqqında
müqavilənin bağlanması vasitəsilə həyata
keçirilir. Bu müqaviləyə əsasən bank və ya
notarius yüklülük verənin razılığı
olmadan onun bank hesabında və ya depozitdə olan pul vəsaitləri
barədə yüklülük sahibinin göstərişlərini
yerinə yetirmək öhdəliyi götürür.
5.7.
Eyni yüklülük predmeti barəsində bu Qanunun
5.3-cü maddəsində nəzərdə tutulmuş
üsullardan biri və ya bir neçəsi tətbiq oluna bilər.
Yüklülük sahibi tətbiq etdiyi üsulu həmin
üsulun qüvvədə olduğu müddətdə
başqası ilə əvəz etmək və ya əlavə
üsul tətbiq etmək hüququna malikdir. Bu halda
yüklülüyün üçüncü şəxslər
üçün açıqlanması ilkin üsulun tətbiq
edildiyi tarixdən qüvvəyə minmiş hesab olunur.
3-cü fəsil
Üstünlük qaydaları
Maddə 6.
Yüklülük sahiblərinin tələblərinin ödənilməsi
növbəliyi
6.1.
Eyni
daşınar əmlak bir neçə
yüklülüyün predmeti olduqda, yüklülük sahiblərinin
tələbləri aşağıdakı növbəliklə
ödənilir: [5]
6.1.1.
birinci növbədə yüklülük predmeti barəsində
bu Qanunun 5.3-cü maddəsində nəzərdə
tutulmuş üsullardan birini və ya bir neçəsini tətbiq
etmiş yüklülük sahibinin tələbləri ödənilir;
6.1.2.
ikinci növbədə yüklülük predmeti barəsində
bu qanunun 5.3-cü maddəsində nəzərdə
tutulmuş üsulları tətbiq etməmiş
yüklülük sahibinin tələbləri ödənilir;
6.1.3.
bütün digər tələblər qanunvericiliklə müəyyən
edilmiş qaydada ödənilir.
6.2.
Üstünlük hüququ yüklülük sahibləri
arasında müqavilə əsasında istənilən vaxt dəyişdirilə
bilər. Yüklülük sahiblərinin sayı ikidən
çox olduqda üstünlük hüququnun dəyişdirilməsi
maraqlarına toxunan yüklülük sahiblərinin yazılı
razılığı ilə həyata keçirilir.
6.3.
Dövlət yüklülüyü üzrə
yüklülük sahibi öz üstünlük növbəsini
xüsusi yüklülük üzrə yüklülük
sahibinə güzəşt edə bilməz.
6.4.
Bu Qanunun digər maddələrinin müddəalarından
asılı olmayaraq, hesabda olan pul vəsaitinə
yüklülük sahiblərinin tələbləri Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 965-ci maddəsində
müəyyən edilmiş növbəliklə ödənilir. [6]
Maddə 7. Eyni növbəli
yüklülük sahiblərinin tələblərinin ödənilməsi
qaydası
7.1.
Bu Qanunun 7.2-ci maddəsində göstərilən hallar istisna
olmaqla, eyni daşınar əmlak bir neçə
yüklülüyün predmeti olduqda və həmin
yüklülük predmetinə münasibətdə bu Qanunun
5.3-cü maddəsində nəzərdə tutulmuş
üsullardan biri və ya bir neçəsi iki və daha
çox yüklülük sahibi tərəfindən tətbiq
edildikdə, belə yüklülük sahiblərinin tələblərinin
ödənilməsi ardıcıllığı həmin
üsulların tətbiq etmə anı (tarixi və saatı)
ilə müəyyən edilir. Yüklülük sahibi tətbiq
etdiyi üsulu başqası ilə əvəz etmişsə və
ya əlavə üsul tətbiq etmişsə, həmin
üsulun tətbiq etmə anı onun bu Qanunun 5.7-ci maddəsinə
əsasən qüvvəyə minmiş hesab olunan tarixlə
müəyyən edilir.
7.2.
Eyni daşınar əmlaka münasibətdə bu Qanunun
5.3-cü maddəsində nəzərdə tutulmuş
üsullardan biri və ya bir neçəsinin tətbiq edilməsi
ardıcıllığından asılı olmayaraq
aşağıdakı hallarda yüklülük sahiblərinin
tələbləri daha əvvəl ödənilir:
7.2.1.
bu Qanunun 4.3.8-ci maddəsində nəzərdə tutulmuş
hallarda, bu şərtlə ki, yüklülük predmeti
yüklülük sahibinin sahibliyində olsun;
7.2.2.
yüklülük sahibinin borcluya təqdim etdiyi və onun
maliyyələşdirilməsi hesabına borclunun əldə
etdiyi əmlakın yüklülüyü ilə təmin olunmuş
tələblər, bu şərtlə ki, yüklülük
sahibi yüklülük predmeti borclunun və ya
yüklülük verənin sahibliyinə verildiyi tarixdən 3
(üç) iş günü müddətində
yüklülük barədə bildirişi reyestrdə qeydə
aldırsın;
7.2.3.
yüklülük sahibinin təqdim etdiyi əmlak və ya
maliyyə vəsaiti hesabına istehsal və ya emal edilmiş əmlakın
yüklülüyü ilə təmin olunmuş tələblər,
bu şərtlə ki, yüklülük sahibi
yüklülük predmeti borclunun və ya yüklülük
verənin sahibliyinə verildiyi tarixdən 3 (üç)
iş günü müddətində yüklülük barədə
bildirişi reyestrdə qeydə aldırsın.
7.3.
Eyni daşınar əmlak bir neçə
yüklülüyün predmeti olduqda və həmin
yüklülük predmetinə münasibətdə bu Qanunun
5.3-cü maddəsində nəzərdə tutulmuş
üsullardan heç biri tətbiq edilmədikdə, belə
yüklülük sahiblərinin tələblərinin ödənilməsi
ardıcıllığı yüklülüyün
yaranması tarixi əsasında müəyyən edilir.
Maddə 8.
Daşınmaz əmlakın ləvazimatına (daşınar əşyalara)
üstünlük hüququ
8.1.
Yüklülük sahibi daşınar əmlak üzərində
yüklülük hüququnu həmin daşınar əmlak
daşınmaz əmlakın ləvazimatına çevrilənədək,
habelə belə çevrilmədən sonra reyestrdə qeydə
aldıra bilər.
8.2.
Daşınmaz əmlakın ipoteka saxlayanı ilə həmin
daşınmaz əmlakın ləvazimatı olan
daşınar əmlakın yüklülük sahibi
arasında tələblərin ödənilməsində
üstünlük aşağıdakı qaydada müəyyən
edilir:
8.2.1.
daşınmaz əmlaka birləşdirilmiş ləvazimat
üzərində yüklülük hüququ reyestrdə qeydə
alınmayıbsa, ipoteka saxlayan üstün hüquqa malikdir;
8.2.2.
daşınmaz əmlaka birləşdirilmiş ləvazimat
üzərində yüklülük hüququ reyestrdə qeydə
alınıbsa və ləvazimat mövcud ipotekada olan
daşınmaz əmlaka birləşdirilibsə,
yüklülük sahibi üstün hüquqa malikdir;
8.2.3.
daşınmaz əmlaka birləşdirilmiş ləvazimat
üzərində yüklülük hüququ reyestrdə qeydə
alınıbsa və ipoteka ləvazimata yüklülük
hüququnun qeydə alınmasından sonra yaranıbsa,
yüklülük sahibi üstün hüquqa malikdir;
8.2.4.
daşınmaz əmlaka birləşdirilmiş ləvazimat
üzərində yüklülük hüququ ləvazimat
daşınmaz əmlaka birləşdirildikdən sonra ipoteka
isə ləvazimat üzərində yüklülük
hüququnun reyestrdə qeydə alınmasından əvvəl
yaranıbsa, ipoteka saxlayan üstün hüquqa malikdir;
8.2.5.
ipoteka hüququ ləvazimat daşınmaz əmlaka birləşdirildikdən
sonra yaranıbsa və ləvazimat üzərində
yüklülük hüququ reyestrdə qeydə
alınıbsa, üstünlük ipoteka hüququnun
yaranması və yüklülük hüququnun reyestrdə
qeydə alınması anı ilə müəyyən edilir.
Maddə 9. Daşınar
əşyaların toplusuna üstünlük hüququ
9.1.
Başqa daşınar əmlaklarla öz ilkin xüsusiyyət
və keyfiyyətlərini saxlamaqla (eyni növ daşınar əmlak
kimi qalmaqla) və ya onları itirməklə (başqa bir
daşınar əmlak əmələ gətirməklə)
qarışdırılan daşınar əmlak üzərində
üstünlük hüququ əmlak
qarışdırılanadək olduğu kimi qüvvədə
qalır.
9.2.
Başqa daşınar əmlaklarla qarışdırılan
daşınar əmlak üzərində yüklülük
sahiblərinin üstünlük hüquqları həmin
daşınar əmlakın topluda qarışdırılma
tarixinə olan qiymətinə mütənasib şəkildə
saxlanılır.
Maddə 10. Gələcək
əmlak barəsində üstünlük hüququ
10.1.
Gələcək əmlakın yüklülüyü
zamanı yüklülük hüququ yüklülük verənin
həmin daşınar əmlak üzərində mülkiyyət
hüququnu əldə etdiyi andan yaranır.
10.2.
Gələcək əmlakın yüklülüyü
zamanı üstünlük hüququ yüklülüyün
reyestrdə qeydə alındığı andan yaranır və
bu hüquq daşınar əmlak üzərində mülkiyyət
hüququ əldə edildiyi andan həyata keçirilə bilər.
Maddə 11.
Yüklülük predmetinin özgəninkiləşdirilməsi
11.1.
Aşağıda müəyyən olunan hallar istisna olmaqla,
yüklülük predmeti üzərində mülkiyyət
hüququnun dəyişməsi, habelə onun
üçüncü şəxslərin istifadəsinə və
ya icarəsinə verilməsi yüklülük sahibinin
yüklülük və ya üstünlük hüququnu dəyişdirmir:
11.1.1.
yüklülük predmeti özgəninkiləşdirilərkən
onun yüklü olması haqqında reyestrdə qeydlər
olmadıqda;
11.1.2.
yüklülük sahibi yüklülüyə xitam verməklə
yüklülük predmetinin özgəninkiləşdirilməsinə
razılıq verdikdə;
11.1.3.
yüklülük predmetinin özgəninkiləşdirilməsi
dövriyyədəki mallar üzərində mülkiyyət
hüququnun dəyişdirilməsi prosesində baş verdikdə.
4-cü fəsil
Yüklülük predmetinə tutma yönəldilməsi
Maddə 12.
Yüklülük predmetinə tutmanın yönəldilməsi
əsasları
12.1.
Yüklülük predmetinə tutmanın əsasları bu
Qanunun 4-cü maddəsində göstərilən və digər
normativ hüquqi aktlarla müəyyən olunur.
12.2.
Xüsusi yüklülükdə yüklülük predmetinə
tutma yönəldilməsi bu Qanunun 13-19-cu maddələri ilə
müəyyən olunmuş qaydada həyata keçirilir.
Maddə 13.
Yüklülük sahibinin yüklülük predmeti barədə
hərəkətləri
13.1.
Yüklülük sahibi yüklülük predmetinə
aşağıdakı qaydada tutma yönəldə bilər:
13.1.1.
yüklülük predmeti pul tələbidirsə (debitor
borcdursa), pulun (debitor borcun) yüklülük sahibinə
ödənilməsini tələb etmək;
13.1.2.
yüklülük predmeti borclunun və ya yüklülük
verənin sahibliyindədirsə, yüklülük verənlə
yazılı razılaşma əsasında yüklülük
predmetini öz sahibliyə götürmək və ya
yüklülük predmetinin məhkəmənin qərarı
və ya notariusun icra qeydi əsasında onun sahibliyinə
verilməsi üçün müvafiq olaraq məhkəməyə
və ya notariusa müraciət etmək;
13.1.3.
yüklülük predmeti yüklülük sahibinin sahibliyindədirsə,
yüklülük predmetinin satışını təşkil
etmək;
13.1.4.
yüklülük predmetini bu Qanunla müəyyən
olunmuş şərtlərlə mülkiyyətinə
götürmək;
13.1.5.
qanunvericiliklə müəyyən olunmuş digər
hüquqi müdafiə vasitələrindən istifadə etmək.
13.2.
Aşağı növbəli yüklülük sahibi
qarşısında öhdəliyin pozulması halında onun
başladığı tutma yönəldilməsinə
üstün növbəli yüklülük sahibi istənilən
mərhələdə qoşularaq satışı
özü həyata keçirə bilər. Bu, borclunun
üstün növbəli yüklülük sahibi
qarşısında öhdəliyinin pozulması ilə şərtləndirilmir
və hər iki yüklülük sahibinin satış
üçün çəkdiyi xərclər
yüklülük predmetinin dəyərindən ödənilməlidir.
Maddə 14. Debitor borclara
tutma yönəldilməsinin xüsusiyyətləri
14.1.
Yüklülük sahibi tələbin təmin olunması
üçün debitor borcluya bildiriş göndərə bilər.
Bildirişdə aşağıdakılar göstərilir:
14.1.1.
yüklülük müqaviləsinin tərəfləri və
tarixi barədə məlumat;
14.1.2.
yüklülük verənin və ya borclunun icra etməli
olduğu öhdəliyi pozması barədə məlumat;
14.1.3.
debitor borcun yüklülük sahibinə ödənilməsi
tələbi;
14.1.4.
debitor borcun ödənilməli olduğu alan tərəf və
onun bank hesabının rekvizitləri;
14.1.5.
bildirişin tarixi, bildirişi imzalayan şəxsin adı və
imzası.
14.2. Debitor
borcun yüklülük sahibinə ödənilməsi
haqqında bildiriş alan debitor borclu həmin tarixdən
ödənişləri bildirişdə göstərilən
alan tərəfə etməyə borcludur. [7]
14.3. Məhkəmə
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
13-cü fəsli ilə müəyyən edilmiş qaydada
iddianı təmin etmə tədbiri kimi debitor borcların
yüklülük sahibinə ödənilməsini və ya
satışını dayandırmaq barədə qərar qəbul
edərsə, iş üzrə qanuni qüvvəyə
minmiş qərar çıxarılanadək debitor borcun həmin
qərarda göstərilən xüsusi hesaba ödənilməsini
və orada saxlanılmasını müəyyən edir.
Maddə 15.
Yüklülük predmetinin yüklülük sahibinin
sahibliyinə verilməsi
15.1.
Yüklülük sahibi yüklülüyün təmin etdiyi
öhdəliyin pozulmasından əvvəl və ya sonra
yüklülük verənlə yazılı formada
bağlanmış razılaşma əsasında
yüklülük predmetini sahibliyinə götürə bilər.
Belə razılaşma yüklülük müqaviləsində
də müəyyən edilə bilər.
15.2.
Borclu yüklülüklə təmin edilmiş öhdəliyi
onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə
və ya lazımınca icra etmədikdə yüklülük
sahibi öz sahibliyində olan yüklülük predmetini bu
Qanunla müəyyən olunmuş qaydada sata bilər.
15.3.
Yüklülük verən və ya borclu yüklülük
sahibinin sahibliyində olan yüklülük predmetinə tutma
yönəldilməsindən məhkəməyə şikayət
etdikdə yüklülük predmetinin satılması
dayandırılmır, bu şərtlə ki, məhkəmə
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
13-cü fəsli ilə müəyyən edilmiş qaydada
iddianı təmin etmə tədbiri kimi satışı
dayandırmaq barədə qərar qəbul etməsin.
15.4.
Yüklülük predmetinin yüklülük sahibinin
sahibliyinə verilməsi barədə işlərə Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsinin
23-cü fəslinə uyğun olaraq əmr icraatı
qaydasında baxılır.
15.5.
Yüklülük predmetinin yüklülük sahibinin
sahibliyinə verilməsi barədə məhkəmə əmri
3 (üç) iş günü müddətində icra
edilir.
Maddə 16.
Yüklülük predmetinin satış üsulları
16.1.
Yüklülük sahibi yüklülük predmetini sahibliyinə
qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və
ya istənilən üsulla sata bilər.
16.2.
Yüklülük sahibi yüklülük predmetinin
satılması ilə bağlı yüklülük
predmetinin yaxşılaşdırılması
üçün xərc çəkə bilər.
16.3.
Yüklülük sahibinin bu maddə ilə müəyyən
edilmiş hüquqları məhdudlaşdırıla bilməz.
Maddə 17.
Yüklülük predmetinin satılması
17.1.
Yüklülük sahibi bu Qanunun 17.2-ci maddəsində nəzərdə
tutulan məlumatı əks etdirən bildirişi
yüklülük predmetinin satılmasındən ən
azı 7 (yeddi) iş günü əvvəl
yüklülük verənə və borcluya, bildirişin surətini
isə reyestrdə qeydə alınmış və ona məlum
olan digər yüklülük sahiblərinə verilməsini
təsdiq etmə üsulu ilə göndərməlidir.
17.2.
Yüklülük predmetinin satılması haqında
bildirişdə aşağıdakı məlumatlar göstərilməlidir:
17.2.1.
yüklülük predmetinin təsviri;
17.2.2.
icra olunmalı öhdəliyin məbləği;
17.2.3.
satışın üsulu;
17.2.4.
satışın həyata keçirildiyi yer, tarix və vaxt;
17.2.5.
bildirişin tarixi, bildirişi imzalayan şəxsin adı və
imzası.
17.3.
Yüklülük sahibi yüklülük predmetini
ağlabatan qiymətə (oxşar əşyanın oxşar
şəkildə alınması zamanı qoyulan qiymət)
satmalıdır.
17.4.
Yüklülük verən və ya borclu bu Qanunun 17.1-ci maddəsində
müəyyən edilən bildirişi aldıqdan 7 (yeddi)
iş günü ərzində yüklülük predmetini
satın almaqda üstünlük hüququna malikdir.
17.5.
Yüklülük predmetinin daha baha qiymətə satılması
mümkünlüyü həmin satışın ağlabatan
qiymətə həyata keçirilməməsini təsdiq
etmir.
17.6.
Yüklülük sahibi yüklülük predmetini
ağlabatan qiymətdən aşağı qiymətə
satdıqda, o, yüklülük verən, hər hansı
başqa yüklülük sahibi və yüklülük
predmeti üzərində hüquqları olan digər şəxs
(şəxslər) qarşısında onlardan hər hansı
birinə bununla əlaqədar vurulmuş zərərə
görə qanunvericiliklə müəyyən edilmiş
qaydada məsuliyyət daşıyır.
Maddə 18.
Yüklülük predmetinin satılmasından əldə
olunan gəlirin bölüşdürülməsi
18.1.
Yüklülük predmetinin satılmasından əldə
olunan məbləğ yüklülük sahibi tərəfindən
aşağıdakı qaydada
bölüşdürülür:
18.1.1.
yüklülük predmetinin saxlanması,
salamatlığı, yaxşılaşdırılması və
onun satılmasına çəkilmiş xərclərin
ödənilməsinə;
18.1.2.
bu Qanunun 3-cü fəslində müəyyən edilmiş
hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin
ödənilməsinə;
18.1.3.
yüklülük predmetini satan yüklülük sahibinin tələblərinin
ödənilməsinə;
18.1.4.
bu Qanunun 3-cü fəslində müəyyən edilmiş
hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin
ödənilməsinə.
18.2.
Yüklülük sahibi yüklülük predmetinin
satılmasından 5 (beş) iş günü müddətində
yüklülük verəni və borclunu yüklülük
predmetinin satışından götürülmüş məbləğin
bölüşdürülməsi barədə yazılı
formada məlumatlandırmalıdır.
18.3.
Bu Qanunun 18.1-ci maddəsində nəzərdə tutulmuş
ödənişlər həyata keçirildikdən sonra
yüklülük predmetinin satışından əldə
olunan vəsaitin qalan hissəsi yüklülük predmetinin
satılmasından 10 (on) iş günü müddətində
yüklülük verənə qaytarılır.
18.4.
Əgər yüklülük predmetinin satışından
götürülən məbləğ yüklülük
sahibinin tələbini ödəmək üçün yetərli
deyildirsə, o, çatışmayan məbləği, əgər
müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, borclunun başqa əşyasından almaq
hüququna malikdir. Bu halda yüklülük sahibinin
yüklülüyə əsaslanan üstünlük
hüququ yoxdur.
18.5.
Yüklülük sahibi bu Qanunun 18.3-cü maddəsinin tələblərini
pozduqda, yüklülük verən qarşısında bununla əlaqədar
vurulmuş zərərə görə qanunvericiliklə
müəyyən edilmiş qaydada məsuliyyət
daşıyır.
Maddə 19.
Yüklülük predmetinin yüklülük sahibinin
mülkiyyətinə götürülməsi
19.1.
Yüklülüklə təmin edilmiş öhdəliyin və
ya onun müəyyən hissəsinin müqabilində
yüklülük predmetini mülkiyyətinə götürmək
istəyən yüklülük sahibi bu Qanunun 17.2-ci maddəsində
nəzərdə tutulan məlumatı əks etdirən
bildirişi yüklülük verənə və borcluya,
bildirişin surətini isə ona məlum olan digər
yüklülük sahiblərinə verilməsini təsdiq etmə
üsulu ilə göndərməlidir.
19.2.
Bildiriş aldıqdan 10 (on) iş günü ərzində
yüklülük verən və borclu
yüklülüyün təmin etdiyi öhdəliyin və ya
onun müəyyən hissəsinin müqabilində
yüklülük predmetinin yüklülük sahibinin
mülkiyyətinə keçməsinə yazılı
razılıq verdikdə və bildirişi alan digər
yüklülük sahibləri buna etiraz etmədikdə, bildirişi
göndərmiş yüklülük sahibi bildirişdə
göstərilmiş şərtlərlə
yüklülük predmetini mülkiyyətinə götürə
bilər.
19.3.
Yüklülük verən və borclu
yüklülüyün təmin etdiyi öhdəliyin və ya
onun müəyyən hissəsinin müqabilində
yüklülük predmetinin yüklülük sahibinin
mülkiyyətinə keçməsinə yazılı
razılıq vermədikdə və ya bildirişi alan digər
yüklülük sahibləri buna yazılı etiraz etdikdə,
bildirişi göndərmiş yüklülük sahibi bu
Qanunun 16-cı maddəsinin tələblərinə əməl
etməlidir.
5-ci fəsil
Daşınar əmlakın
yüklülüyünün dövlət reyestri və
yüklülüyün qeydə alınması
Maddə 20. Reyestr
20.1.
Reyestr elektron informasiya sistemi formasında təşkil olunur,
bildirişlərin daxil edilməsi və bildirişlər
üzrə axtarış aparılması üçün
fasiləsiz fəaliyyət göstərir.
20.2.
Bu Qanunun 21.1.8-ci-21.1.13-cü maddələrində göstərilənlər
istisna olmaqla, reyestrə daxil edilən bildirişdə göstərilən
məlumatlar reyestrdə axtarış aparan bütün şəxslər
üçün açıqdır.
20.3.
Bu Qanunun 21.1.8-ci-21.1.12-ci maddələrində göstərilən
məlumatlar rəsmi statistikanın aparılması məqsədi
üçün istifadə olunur.
20.4.
Reyestrə aşağıdakı bildirişlər daxil edilir:
20.4.1.
yüklülük haqqında bildiriş;
20.4.2.
yüklülüyə dəyişikliklər edilməsi
haqqında bildiriş;
20.4.3.
yüklülüyə etiraz etmə haqqında bildiriş;
20.4.4.
yüklülüyə xitam vermə haqqında bildiriş.
20.5.
Bildiriş axtarış aparan şəxslər
üçün reyestrdə göründüyü andan
qüvvəyə minmiş hesab olunur.
20.6.
Bildirişi reyestrə daxil edən şəxs həmin
bildirişdəki məlumatların düzgünlüyünə
görə məsuliyyət daşıyır.
20.7.
Reyestrə yüklülük haqqında müqavilədən əhəmiyyətli
dərəcədə fərqlənən məlumatı əks
etdirən bildirişin daxil edilməsinə və ya bu Qanunun
25.1-ci maddəsində müəyyən olunmuş hallarda və
müddətdə bildirişin daxil edilməməsinə
görə vurulan zərər həmin bildirişi reyestrə
daxil edən və ya daxil etməli olan qurum və ya şəxs
tərəfindən ödənilir.
20.8.
Reyestri aparan qurumun vəzifəli şəxsləri tərəfindən
məlumatların saxlanması və reyestrin aparılması
qaydalarının pozulması qanunla müəyyən
edilmiş inzibati və cinayət məsuliyyətinə səbəb
olur.
20.9.
Reyestrin fəaliyyəti bu Qanunun 27-ci maddəsinə uyğun
olaraq reyestrdən istifadəyə görə toplanmış
haqlar hesabına maliyyələşir.
20.10.
Reyestrin aparılması qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
20.11.
Bildiriş onlayn rejimində məlumatların reyestrə daxil
edilməsi yolu ilə qeydiyyata alınır və ona unikal
qeydiyyat nömrəsi verilir. Dövlət və bələdiyyə
yüklülükləri üzrə bildirişlər reyestrə
inteqrasiya olunmuş digər elektron informasiya sistemləri vasitəsilə
daxil edilə bilər. [8]
Maddə 21. Reyestrə
yüklülük haqqında bildirişin daxil edilməsi ilə
bağlı ümumi qaydalar
21.1.
Reyestrə daxil edilən yüklülük haqqında
bildirişdə aşağıdakı məlumatlar göstərilir:
21.1.1.
yüklülük sahibi fiziki şəxs olduqda onun soyadı,
adı, atasının adı və ünvanı, fərdi
identifikasiya nömrəsi (FİN) və olduğu halda vergiödəyicisinin
eyniləşdirmə nömrəsi (VÖEN), əlaqə məlumatları,
əcnəbi olduqda isə onun pasportunun seriyası, nömrəsi
və əlaqə məlumatları; [9]
21.1.2.
yüklülük sahibi dövlət və ya bələdiyyə
orqanı, habelə hüquqi şəxs olduqda onun adı,
hüquqi ünvanı, vergiödəyicisinin eyniləşdirmə
nömrəsi (VÖEN) və əlaqə məlumatları,
xarici hüquqi şəxs olduqda isə latın hərfləri
ilə tam adı və əlaqə məlumatları;
21.1.3.
borclu və ya yüklülük verən fiziki şəxs olduqda
onun soyadı, adı, atasının adı və
ünvanı, FİN və olduğu halda vergiödəyicisinin
eyniləşdirmə nömrəsi (VÖEN), əlaqə məlumatları,
əcnəbi olduqda isə onun pasportunun seriyası, nömrəsi
və əlaqə məlumatları;
21.1.4.
borclu və ya yüklülük verən dövlət və
ya bələdiyyə orqanı, habelə hüquqi şəxs
olduqda onun adı, hüquqi ünvanı, vergiödəyicisinin
eyniləşdirmə nömrəsi (VÖEN) və əlaqə
məlumatları, xarici hüquqi şəxs olduqda isə
latın hərfləri ilə tam adı və əlaqə məlumatları;
21.1.5.
yüklülük predmetinin təsviri;
21.1.6.
yüklülük haqqında bildirişin etibarlılıq
müddəti;
21.1.7.
yüklülük verənin məlumatların reyestrə daxil
edilməsi üçün razılıq verməsinin
xananın işarələnməsi yolu ilə təsdiqi;
21.1.8.
yüklülüyün təmin etdiyi əsas öhdəliyin
həcmi (yuxarı
həddi); [10]
21.1.9.
borclunun cinsi (fiziki şəxs olduqda);
21.1.10.
borclunun yeni və ya təkrar müştəri olması;
21.1.11.
borclunun fəaliyyət dairəsi;
21.1.12.
daşınar əmlakın növü;
21.1.13.
bu Qanunun 20.10-cu maddəsində nəzərdə tutulan
qaydalarda göstərilən digər məlumatlar.
21.2.
Bu Qanunun 21.1.6-cı-21.1.12-ci maddələrində göstərilən
məlumatların dövlət orqanlarının, bələdiyyələrin
və məhkəmənin qərarı əsasında bu
Qanunun 4.2-ci maddəsində müəyyən edilmiş
yüklülüklər üzrə bildirişlərə
daxil edilməsi tələb olunmur.
21.3.
Yüklülük haqqında bildiriş aşağıdakı
hallarda və şəxslər tərəfindən reyestrə
daxil edilir:
21.3.1.
müqavilə əsasında yaranan yüklülük
halında həmin müqavilə əsasında və ya bu
Qanunun 21.4-cü maddəsində nəzərdə tutulmuş
qaydada həmin müqavilənin qüvvəyə minməsindən
əvvəl yüklülük sahibi tərəfindən;
21.3.2.
dövlət orqanının, bələdiyyənin və ya məhkəmənin
qərarı əsasında yaranan yüklülük
halında qərarın qüvvəyə minməsindən
sonra həmin qərarı qəbul etmiş dövlət
orqanına, bələdiyyəyə və ya məhkəməyə
bu barədə müraciət etmiş şəxs tərəfindən
və ya bu qurumların təşəbbüsü ilə
yüklülük tətbiq edildiyi halda həmin qurumların
özü tərəfindən;
21.3.3.
qanun əsasında yaranan yüklülük halında borclu tərəfindən
öhdəliklərin icra edilməməsi və ya
lazımınca icra edilməməsi faktı aşkar olunduqdan
sonra yüklülük sahibi (kreditor) tərəfindən.
21.4.
Müqavilə əsasında yaranan yüklülük
haqqında bildiriş yüklülük yaradan müqavilə
tərəflər arasında imzalanmamışdan əvvəl
yüklülük verənin yazılı
razılığı əsasında yüklülük sahibi
tərəfindən reyestrə daxil edilə bilər. Bu halda
yüklülük sahibi yüklülük haqqında
bildirişin qeydiyyata alındığı tarixdən 30 (otuz)
gün ərzində yüklülük verənlə
müqavilə bağlamalı və ya yüklülük
haqqında bildirişə dərhal xitam verməlidir.
21.5.
Müqavilə əsasında yaranan yüklülük
haqqında bildirişin reyestrə daxil edilməsi
üçün yüklülük verənin yazılı
razılığı tələb olunur. Belə
razılıq müqavilədə və ya ayrıca tərtib
olunmuş sənəddə göstərilməlidir.
21.6.
Dövlət orqanının, bələdiyyənin və ya məhkəmənin
qərarı, habelə qanun əsasında yaranan
yüklülük haqqında bildirişin reyestrə daxil edilməsi
üçün yüklülük verənin
razılığı tələb olunmur.
21.7.
Yüklülük haqqında bildiriş onda göstərilmiş
müddətədək qüvvədədir və reyestrdə
yüklülüyə xitam vermə haqqında bildiriş
daxil edilmədən yüklülük barədə
bildirişə onda göstərilən müddət bitənədək
qabaqcadan yalnız məhkəmənin qanuni qüvvəyə
minmiş qərarı əsasında xitam verilə bilər.
Maddə 22. Reyestrdə
yüklülüyün predmetinin təsviri
22.1.
Yüklülüyün predmetinin təsviri elə verilməlidir
ki, həmin təsvir əsasında daşınar əmlakın,
hüquqların və tələblərin (əvəzedilən
və ya əvəz edilməyən əşyalar, istehlak
malları, mürəkkəb əmlak, habelə onların ləvazimatları
və ya tərkib hissələri və s.) yüklülük
predmeti kimi ağlabatan dərəcədə eyniləşdirilməsi
mümkün olsun.
22.2.
Yüklülük predmetinin təsvirində
yüklülük verənin bütün mövcud və ya gələcək
daşınar əmlakından ibarət olması göstərilə
bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın
müəyyən bir növünü (kateqoriyasını),
debitor borcları və ya onların müəyyən hissəsini
ehtiva edə bilər.
Maddə 23.
Yüklülüyə etiraz etmə haqqında bildirişin
reyestrə daxil edilməsinin ümumi qaydaları
23.1.
Əgər yüklülük verən reyestrə daxil
edilmiş yüklülük haqqında bildirişdə
göstərilən məlumatların düzgün
olmadığını hesab edirsə və
yüklülük sahibi həmin bildirişi xəbərdarlığı
aldığı tarixdən 5 (beş) iş günü
müddətində dəyişdirməkdən və ya ona
xitam verməkdən imtina edərsə və ya edilmiş dəyişikliklər
yüklülük verəni və ya borclunu qane etməzsə,
yüklülük verən və ya borclu reyestrə
yüklülüyə etiraz etmə haqqında bildiriş
daxil etmək hüququna malikdir.
23.2.
Yüklülüyə etiraz etmə haqqında bildirişdə
aşağıdakı məlumatlar göstərilməlidir:
23.2.1.
etiraz olunan yüklülük haqqında bildirişin qeydiyyat
nömrəsi;
23.2.2.
yüklülüyə etiraz etmə haqqında bildirişi
reyestrə daxil edən şəxs barədə bu Qanunun 21.1.3-cü və
21.1.4-cü maddələrində nəzərdə
tutulan məlumatlar; [11]
23.2.3.
etiraz olunan yüklülük haqqında bildirişin dəyişdirilməsinə
və ona xitam verilməsinə əsas olan hallar haqqında əsaslandırılmış
məlumatlar;
23.2.4.
bu Qanunun 20.10-cu maddəsinə uyğun olaraq təsdiq ediləcək
qaydalarda göstərilən digər məlumatlar.
23.3.
Yüklülüyə etiraz edilməsi haqqında
bildirişin reyestrə daxil edilməsi etiraz olunan
yüklülük haqqında bildirişin xitamına səbəb
olmur və reyestrdə etiraz haqqında bildirişlər
axtarış aparan bütün şəxslər
üçün açıq şəkildə
saxlanılır.
23.4.
Yüklülüyə etiraz etmə haqqında bildirişdən,
habelə yüklülük haqqında bildirişin dəyişdirilməsindən
və ya xitamından imtinadan şikayətlərə məhkəmələrdə
baxılır.
Maddə 24.
Yüklülüyə dəyişikliklər edilməsi
haqqında bildirişin reyestrə daxil edilməsinin ümumi
qaydaları
24.1.
Aşağıdakı hallarda yüklülük sahibi tərəfindən
ona məlum olduğu andan yüklülüyə dəyişikliklər
edilməsi haqqında bildiriş reyestrə daxil edilir:
24.1.1.
yüklülük predmeti əvəz edildikdə və ya
yüklülük predmetinin tərkibində hər hansı dəyişikliklər
edildikdə, o cümlədən bir növ daşınar əmlak
digər növ daşınar əmlaka çevrildikdə,
habelə yüklülük predmetinin təsvirində dəyişiklik
edildikdə;
24.1.2.
qanun və müqavilə əsasında yüklülük
sahibi, yüklülük verən və borclu başqası ilə
əvəz edildikdə;
24.1.3.
bu Qanunun 21.1.1-ci – 21.1.4-cü maddələrində nəzərdə
tutulan məlumatlarda dəyişiklik baş verdikdə;
24.1.4.
qanun və müqavilə əsasında yüklülük
haqqında bildirişin etibarlılıq müddəti dəyişdirildikdə;
24.1.5.
qanunla və müqavilə ilə müəyyən edilmiş
digər hallarda.
24.2.
Yüklülüyə dəyişikliklər edilməsi
haqqında bildirişdə aşağıdakı məlumatlar
göstərilməlidir:
24.2.1.
dəyişiklik olunan yüklülük haqqında bildirişin
qeydiyyat nömrəsi;
24.2.2.
yüklülüyə dəyişikliklər edilməsi
haqqında bildirişi reyestrə daxil edən qurum və ya
şəxs barədə bu Qanunun 21.1.1-ci və 21.1.2-ci maddələrində
nəzərdə tutulan məlumatlar;
24.2.3.
reyestrə inteqrasiya olunmuş digər elektron informasiya sistemləri
vasitəsilə daxil edilən dövlət və bələdiyyə
yüklülükləri üzrə bildirişlər istisna
olmaqla, yüklülüyə dəyişikliklər edilməsi
haqqında bildirişin reyestrə daxil edilməsinə əsas
olan hallar haqqında məlumatlar;
24.2.4.
yüklülüyün predmetində dəyişikliklər
edildikdə və ya borclu əvəz edildikdə,
yüklülük verənin məlumatların reyestrə daxil
edilməsi üçün razılıq verməsinin
xananın işarələnməsi yolu ilə təsdiqi
(yüklülük sahibinin dövlət orqanı və ya bələdiyyə
olması istisna olmaqla);
24.2.5.
bu Qanunun 20.10-cu maddəsinə uyğun olaraq, təsdiq ediləcək
qaydalarda göstərilən digər məlumatlar.
24.3.
Bu Qanunun 24.2.4-cü maddəsində göstərilən təsdiqin
edilməsi üçün bu Qanunun 21.5-ci maddəsində nəzərdə
tutulan qaydada razılıq verilir.
Maddə 25.
Yüklülüyə xitam vermə haqqında bildirişin
reyestrə daxil edilməsinin ümumi qaydaları
25.1.
Borclu reyestrə daxil edilmiş yüklülüklə
bağlı öhdəliyi tam həcmdə icra etdikdən
sonra yüklülük sahibi 5 (beş) iş günü ərzində
yüklülüyə xitam vermə haqqında bildirişi
reyestrə daxil etməlidir, bu şərtlə ki,
yüklülük haqqında bildiriş onda nəzərdə
tutulan müddət bitdikdən sonra və ya reyestrə
inteqrasiya olunmuş digər elektron informasiya sistemləri vasitəsilə
avtomatik qaydada reyestrdə görünən məlumatların
siyahısından silinməmiş olsun.
25.2.
Əgər yüklülük haqqında bir bildirişdə
bir neçə yüklülük sahibi varsa (birgə
kreditorlar) və onlardan birinin yüklülük hüququna
xitam verilirsə, yüklülüyə xitam vermə
haqqında bildiriş yalnız buna razılıq vermiş
yüklülük sahibinin hüququ ilə bağlı tətbiq
olunur.
25.3.
Yüklülüyə xitam vermə haqqında bildirişdə
aşağıdakı məlumatlar göstərilməlidir:
25.3.1.
xitam olunan yüklülük haqqında bildirişin qeydiyyat
nömrəsi;
25.3.2.
yüklülüyə xitam vermə haqqında bildirişi
reyestrə daxil edən şəxs barədə bu Qanunun
21.1.1-ci və 21.1.2-ci maddələrində nəzərdə
tutulan məlumatlar;
25.3.3.
bu Qanunun 25.2-ci maddəsində göstərilənlər nəzərə
alınmaqla yüklülüyün qüvvədən
düşməsinin xananın işarələnməsi yolu ilə
təsdiqi;
25.3.4.
bu Qanunun 20.10-cu maddəsinə uyğun olaraq təsdiq ediləcək
qaydalarda göstərilən digər məlumatlar.
25.4.
Yüklülüyə xitam vermə haqqında bildirişin
yüklülük sahibi tərəfindən reyestrə daxil
edilməsindən imtinadan şikayətlərə məhkəmədə
baxılır və reyestrdə olan yüklülüyə məcburi
qaydada xitam verilməsinə yalnız qüvvəyə
minmiş məhkəmə qərarı əsasında yol
verilir.
25.5.
Yüklülük sahibi bu Qanunla müəyyən edilmiş
müddətdə və qaydada yüklülüyə xitam
vermə haqqında bildirişin reyestrə vaxtında daxil
edilməməsi nəticəsində vurduğu zərərə
görə yüklülük verən qarşısında Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə müəyyən
edilmiş qaydada məsuliyyət daşıyır.
Maddə 26. Reyestrdə məlumat
axtarışı və reyestrdən
çıxarışın verilməsi
26.1.
Reyestrdə borclu və ya yüklülük verən barədə
məlumat axtarışı dövlət və ya bələdiyyə
orqanı, habelə hüquqi şəxslə bağlı onun
vergiödəyicisinin eyniləşdirmə nömrəsi
(VÖEN), xarici hüquqi şəxslə bağlı
latın hərfləri ilə tam adı, fiziki şəxslə
bağlı onun FİN, xarici vətəndaşla bağlı
onun pasportunun seriyası və nömrəsi,
yüklülüklə bağlı reyestrdə olan
bildirişin unikal qeydiyyat nömrəsi əsasında həyata
keçirilir.
26.2.
Reyestrdə məlumat axtarışı və məlumat
axtaran şəxsin reyestr vasitəsilə sorğusu əsasında
ona axtarışın nəticələrinə dair elektron sənəd
formasında hesabatın verilməsi ödənişsiz həyata
keçirilir. Hesabatda göstərilən məlumatlar bu
Qanunun 20.10-cu maddəsinə uyğun olaraq təsdiq ediləcək
qaydalarla müəyyən edilir.
Maddə 27. Reyestrdən
istifadə haqqı
Yüklülük
və
yüklülüyə dəyişikliklər edilməsi
haqqında bildirişlərin reyestrə daxil edilməsinə,
habelə reyestrdə məlumat axtaran şəxsin sorğusu əsasında
ona axtarışın nəticələrinə dair
kağız daşıyıcılarda təsdiqlənmiş
hesabatın verilməsinə görə haqq tutulur. Haqqın məbləği
və bu haqqı ödəməkdən azadolmalar müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir. [12]
6-cı fəsil
Yekun müddəalar
Maddə 28. Keçid
müddəalar
28.1.
Yüklülük sahibi bu Qanun qüvvəyə minənədək
yaranmış daşınar əmlakın
yüklülüyü ilə bağlı bu Qanunun 5.3-cü
maddəsində nəzərdə tutulmuş digər
üsullardan istifadə edə bilər.
28.2.
Bu Qanun qüvvəyə minənədək yaranmış
daşınar əmlakın yüklülüyü ilə
bağlı yüklülük sahibi yüklülük verəni
xəbərdar etmək şərti ilə reyestrə
yüklülük haqqında bildiriş daxil edə bilər.
Bu halda yüklülük verənin əvvəlcədən
razılığı tələb olunmur və
yüklülük haqqında bildiriş reyestrin fəaliyyətə
başladığı tarixdən sonrakı 9 ay müddətində
reyestrə daxil edilə bilər.
28.3.
Bu Qanun qüvvəyə minənədək yaranmış
daşınar əmlakın yüklülüyü ilə
bağlı yüklülük sahibi reyestrin fəaliyyətə
başladığı tarixdən sonrakı 9 ay müddətində
yüklülük haqqında bildirişi reyestrə daxil etdikdə
və ya bu Qanunun 5.3-cü maddəsində nəzərdə
tutulmuş digər üsullardan istifadə etdikdə bu
açıqlama yüklülüklə bağlı öhdəliyin
yarandığı tarixdən hesablanır.
28.4.
Bu Qanun qüvvəyə minənədək yaranmış
daşınar əmlakın yüklülüyü ilə
bağlı bu Qanunun 5.3.2-ci və 5.3.3-cü maddələri
ilə nəzərdə tutulmuş üsullardan biri tətbiq
edilərsə, yüklülük sahibi yüklülük
predmeti üzərində sahibliyini və nəzarətini davam
etdirə, habelə yüklülük haqqında bildirişi
reyestrə daxil edə bilər.
28.5.
Bu Qanun qüvvəyə minənədək yaranmış
daşınar əmlakın yüklülüyü ilə
bağlı yüklülük sahibi reyestrin fəaliyyətə
başladığı tarixdən sonrakı 9 ay müddətində
bu Qanunun 5.3-cü maddəsində nəzərdə
tutulmuş üsullardan istifadə etmədikdə, bu müddətdən
sonra həmin üsulların tətbiq edilməsi üsulun
faktiki tətbiq edildiyi tarixdən hesablanır.
28.6.
Bu Qanun qüvvəyə minənədək yaranmış
yüklülüklə bağlı bu Qanunun 5.3-cü maddəsində
nəzərdə tutulmuş üsullardan birini bu Qanunun
qüvvəyə minməsi tarixindən 9 ay müddətində
tətbiq etməmiş yüklülük sahibi ilə bu
Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş
üsullardan birini tətbiq etmiş yüklülük sahibi
arasında üstünlük bu Qanunda göstərilmiş
qaydada müəyyən edilir. Bu məqsədlər
üçün yüklülük ona münasibətdə bu
Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş
üsullardan biri tətbiq edilmiş kimi qəbul edilir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
2 may 2017-ci il
¹ 667-VQ
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 28 dekabr 2018-ci il tarixli 1408-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 yanvar
2019-cu il, ¹ 23, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 01, maddə 25)
2. 28 dekabr 2018-ci il tarixli 1429-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29
dekabr 2018-ci il, ¹ 295, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab, maddə 2519)
3.
12 iyul 2019-cu il tarixli 1661-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
22 avqust 2019-cu il, ¹ 182, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹8, maddə 1382)
4.
30 mart 2020-ci il tarixli 40-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 aprel 2020-ci il, ¹ 68, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 4, maddə
392)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 28
dekabr 2018-ci
il tarixli 1408-VQD
nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 yanvar
2019-cu il, ¹ 23, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 01, maddə 25) ilə 2-ci
maddənin mətni 2.1-ci maddə hesab edilmişdir və yeni məzmunda
2.2-ci maddə əlavə edilmişdir.
[2] 12
iyul 2019-cu il tarixli 1661-VQD
nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 avqust
2019-cu il, ¹ 182,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹8, maddə 1382) ilə yeni məzmunda 4.2.3-1-ci maddə əlavə
edilmişdir.
[3] 30 mart
2020-ci il tarixli 40-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 aprel 2020-ci il, ¹ 68, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 4, maddə
392) ilə 4.2.8-ci maddəsində “əmlak müsadirəsini”
sözləri “xüsusi
müsadirəni” sözləri ilə əvəz
edilmişdir.
[4] 28 dekabr 2018-ci il tarixli 1429-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29
dekabr 2018-ci il, ¹ 295, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab, maddə 2519) ilə 4.2.9-cu
maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilmişdir və
yeni məzmunda 4.2.10-cu maddə əlavə edilmişdir.
[5] 28 dekabr 2018-ci il tarixli 1429-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29
dekabr 2018-ci il, ¹ 295, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab, maddə 2519) ilə 6.1-ci maddədə
“Bu Qanunun 6.4-cü maddəsində
nəzərdə tutulan növbəlilik istisna olmaqla, eyni”
sözləri “Eyni”
sözü ilə əvəz edilmişdir.
[6] 28 dekabr 2018-ci il tarixli 1429-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29
dekabr 2018-ci il, ¹ 295, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab, maddə 2519) ilə 6.4-cü
maddə ləğv edilmişdir.
[7] 28 dekabr 2018-ci il tarixli 1429-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29
dekabr 2018-ci il, ¹ 295, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab, maddə 2519) ilə 14.3-cü
və 14.4-cü maddələr müvafiq olaraq 14.2-ci və
14.3-cü maddələr hesab edilmişdir.
[8] 28 dekabr 2018-ci il tarixli 1429-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29
dekabr 2018-ci il, ¹ 295, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab, maddə 2519) ilə 20.4-cü
maddə (ikinci halda) 20.11-ci maddə hesab edilmişdir.
[9] 28 dekabr 2018-ci il tarixli 1429-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29
dekabr 2018-ci il, ¹ 295, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab, maddə 2519) ilə 21.1.1-ci və
21.1.3-cü (ikinci halda) maddələrdə “və ya” sözləri “və
olduğu halda” sözləri ilə əvəz
edilmişdir.
[10] 28 dekabr 2018-ci il tarixli 1429-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29
dekabr 2018-ci il, ¹ 295, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab, maddə 2519) ilə 21.1.8-ci
maddədə “həcmi”
sözündən sonra “(yuxarı
həddi)” sözləri əlavə edilmişdir.
[11] 28 dekabr 2018-ci il tarixli 1429-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29
dekabr 2018-ci il, ¹ 295, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab, maddə 2519) ilə 23.2.2-ci
maddədə “21.1.1-ci və
21.1.2-ci” sözləri “21.1.3-cü
və 21.1.4-cü” sözləri ilə əvəz
edilmişdir.
[12] 28 dekabr 2018-ci il tarixli 1429-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29
dekabr 2018-ci il, ¹ 295, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab, maddə 2519) ilə 27-ci maddədə
“, yüklülüyə dəyişikliklər
edilməsi və yüklülüyə xitam vermə”
sözləri “və
yüklülüyə dəyişikliklər edilməsi”
sözləri ilə əvəz edilmişdir.