“Torpaqların kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan digərinə keçirilməsi
Qaydaları”nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasında torpaq
münasibətlərinin tənzimlənməsi sahəsində
əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının 6.3-cü bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
“Torpaqların kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan digərinə keçirilməsi
Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş
naziri Artur Rasi-zadə
Bakı şəhəri,
20 yanvar 2017-ci il
¹ 10
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli
qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Torpaqların kateqoriyalara aid edilməsi və
onların bir kateqoriyadan digərinə keçirilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan
Respublikasının Torpaq Məcəlləsinə, Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə,
“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və
yerquruluşu haqqında” Azərbaycan Respublikasının
Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq
hazırlanmışdır və Azərbaycan Respublikasında
torpaq münasibətlərinin tənzimlənməsi və
nizama salınması məqsədi ilə torpaqların
kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsi qaydalarını müəyyən edir.
1.2. Torpaqların kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan digərinə keçirilməsi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə
həyata keçirilir. Akvakultura təsərrüfatlarına
məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında
saxlanılır və digər kateqoriyaya keçirilmir.
1.3. Meşə fondu torpaqlarının
özgəninkiləşdirilməsinə gətirən və
gətirə bilən alqı-satqısı, girov qoyulması
(ipotekası) və digər əqdlər, habelə başqa məqsədlər
üçün istifadəsi ilə nəticələnən
torpaqların kateqoriyalara aid edilməsinə və bir
kateqoriyadan digərinə keçirilməsinə yol verilmir.
1.4. Torpaqların kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan digərinə keçirilməsi
məcburi hüquqi qüvvəyə malik ərazi
planlaşdırılması sənədlərinin (ümumi,
baş və müfəssəl planların) dəyişdirilməsi
ilə bağlı olduqda, torpaq mülkiyyətçilərinin
və istifadəçilərinin (dövlət
orqanlarının, istifadəsində torpaq sahəsi olmaqla, nəzarət
zərfi dövlətə məxsus hüquqi şəxslərin)
razılığı alınmadan vəsatət
qaldırıla bilməz.
1.5. Torpaqların kateqoriyaları
haqqında məlumatlar dövlət torpaq kadastrında,
torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarında,
rəqəmsal və kağız üzərində kadastr xəritəsində,
daşınmaz əmlakın dövlət reyestrində, eləcə
də torpaq məlumat banklarından və xəritələrindən
verilən çıxarış və arayışlarda, ərazi
planlaşdırılması sənədlərində əks
olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin, Azərbaycan Respublikası Əmlak Məsələləri
Dövlət Komitəsinin, yerli icra hakimiyyəti
orqanlarının və bələdiyyələrin müvafiq
olaraq dövlət və bələdiyyə mülkiyyətində
olan torpaq sahələri üzərində sərəncam
verilməsinə səbəb olan qərarlarında, bu qərarlardan
irəli gələn və xüsusi mülkiyyətdə olan
torpaq sahələri barədə əqdlərdə
torpaqların kateqoriyası, kəmiyyət və keyfiyyət
göstəriciləri barədə məlumatlar göstərilməlidir.
1.6. Kənd təsərrüfatı yerləri
(uqodiyaları) xüsusi olaraq qorunur və onların qeyri-kənd
təsərrüfatı məqsədi ilə digər
kateqoriyalara keçirilməsinə müstəsna hallarda Azərbaycan
Respublikasının Torpaq Məcəlləsinə uyğun bu
Qaydaların tələbləri əsasında yol verilir.
1.7. Kənd təsərrüfatı təyinatlı
torpaqların digər kateqoriyalara keçirilməsi
müqabilində dəyən zərərin və itkilərin
ödənilməsi Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı
ilə təsdiq edilmiş “Kadastr qiymət rayonları və
yarımrayonları üzrə torpaqların normativ qiyməti”nin
20 faizi həcmində müəyyən edilir. Ümumi istifadədə
olan meliorasiya və irriqasiya sistemlərinin hüdudlarında
yerləşən torpaq sahələrinin kateqoriyasının
dəyişdirilməsi barədə vəsatətə həmin
sistemlərin dəyəri və mülkiyyətçilərinə
zərər vurulmadan onların qonşu kənd təsərrüfatı
təyinatlı torpaq sahələrinə
köçürülməsinin mümkünlüyü barədə
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin arayışı əlavə
olunur.
1.8. Bələdiyyələr bələdiyyə
mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı
torpaqların qeyri-kənd təsərrüfatı məqsədi
ilə digər kateqoriyalara keçirilməsi
üçün Azərbaycan Respublikasının Nazirlər
Kabineti qarşısında vəsatət qaldırırlar.
1.9. Radioaktiv və kimyəvi çirklənməyə
məruz qalmış, əhalinin həyatına və
sağlamlığına təhlükə yarada bilən,
habelə məhsul istehsalı üçün sanitariya tələblərinə,
müvafiq normalara, qaydalara və normativlərə cavab verməyən
torpaqlar kənd təsərrüfatı dövriyyəsindən
çıxarılır və konservasiya edilməsi
üçün Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 1 may tarixli 79 nömrəli qərarı ilə
təsdiq edilmiş “Radioaktiv və kimyəvi çirklənməyə
məruz qalmış torpaqların təsərrüfat
dövriyyəsindən çıxarılması, konservasiya
edilməsi, mühafizəsi,
sağlamlaşdırılması və istifadəsi
Qaydaları”na uyğun olaraq dövlət ehtiyat fondu
torpaqlarına keçirilir. Belə torpaqlarda rekultivasiya
işləri aparılıb, sağlamlaşdırılanadək
kənd təsərrüfatı məhsullarının
istehsalı qadağan edilir.
1.10. Ekzogen geoloji proseslərə
(sürüşmə, sel, aşınma, uçqun,
tökülmə, eroziya, abraziya, deflyasiya, eol, bataqlaşma,
yarğan və s.) məruz qalmış torpaq sahələri
texniki meliorasiya və yararlaşdırma (bərpa) işləri
aparılanadək, təsərrüfat fəaliyyəti
dövriyyəsindən çıxarılır və prosesin
miqyasından asılı olaraq müvafiq ehtiyat fondu
torpaqlarına keçirilir. Belə torpaqlarda mühəndis-texniki
və kənd təsərrüfatı işlərinin
aparılmasına həmin ərazilərin (sahələrin)
yararlı hala salınmasından sonra Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 79
nömrəli qərarı ilə təsdiq edilmiş “Ekzogen
geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki
və kənd təsərrüfatı işlərinin
aparılmasına icazə veril-məsi Qaydası”nın tələblərinə
uyğun olaraq icazə verilir.
1.11. Torpaqların kateqoriyaları Azərbaycan
Respublikasının Torpaq Məcəlləsinin 12-33-cü maddələrinə
əsasən müəyyən edilir.
1.12. Kənd təsərrüfatı
yerlərinin (uqodiyaların) daha səmərəli istifadə
edilməsi üçün torpağın keyfiyyətinin
yaxşılaşdırılmasına zəmin yaratmaqla məqsədli
təyinatına uyğun istifadə istiqamətinin dəyişdirilməsi
ilə yaranan dövriyyəyə (əkin dövriyyəsi,
çoxillik əkmələr və s.) qanunla ayrı qayda və
hüquqi rejim müəyyənləşdirilmədiyi halda,
torpaqların münbitlik göstəriciləri, əkinəyararlılıq
vəziyyəti, meliorasiya və irriqasiya sistemlərinin
mövcudluğu nəzərə alınmaqla, Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin, Azərbaycan Respublikası Əmlak Məsələləri
Dövlət Komitəsinin, müvafiq yerli icra hakimiyyəti
orqanının və mənafeyinə toxunulan bələdiyyələrin
və digər təşkilatların rəylərinə əsasən,
habelə mənafeyinə toxunulduqda, qonşu torpaq sahələrinin
qanuni sahiblərinin mövqeyi gözlənilməklə, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarı ilə yol
verilir.
1.13. Qış otlaqlarından əkin
dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb
edilməsi zərurəti yarandıqda, torpaq sahələrinin
məqsədli təyinatının dəyişdirilməsi,
bununla bağlı müvafiq tədbirlərin həyata
keçirilməsi üçün görüləcək
işlərin iqtisadi əsaslandırılması, habelə həmin
torpaqların münbitlik göstəriciləri, əkinəyararlılıq
vəziyyəti, meliorasiya və irriqasiya sistemlərinin
mövcudluğu nəzərə alınmaqla, dövlət
ehtiyat fondu torpaqları kateqoriyasına keçirilməsi bu
Qaydaların 1.12-ci bəndi ilə müəyyən edilən
qaydada təmin edilir.
1.14. Ehtiyat fondu torpaqlarının bu
Qaydalarla müəyyən edilmiş əsaslar üzrə
istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən
sonra yol verilir.
1.15. Torpaqların kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan digərinə keçirilməsi
“Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilən əsaslarla
bağlı olduqda, mülkiyyətçidən, istifadəçidən
(icarəçidən) torpağın alınması, yaxud
onlara eyni ölçüdə və keyfiyyətdə
başqa yerdə torpaq sahəsinin verilməsi, habelə
kompensasiyanın ödənilməsi qaydaları həmin
Qanunla tənzimlənir.
1.16. Torpağın bir kateqoriyadan digərinə
keçirilməsi zamanı onun hüquqi statusu, məqsədli
təyinatı, hüquqi rejimi, kəmiyyət və keyfiyyət
göstəriciləri, təbii-coğrafi şəraiti, o
cümlədən təbii və antropogen landşaft
xüsusiyyətləri və onların sabitliyi nəzərə
alınır.
1.17. Torpaq sahəsi bir kateqoriyadan digər
kateqoriyaya keçirildikdə, torpağın qanunvericiliklə
müəyyən edilmiş normativ qiyməti əsas
götürülür.
2. Torpaqların kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan digərinə keçirilməsinin
əsasları
2.1. Torpaqların kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan digərinə keçirilməsinin
əsasları aşağıdakılardan ibarətdir:
2.1.1. dəniz limanının, dəmir və
avtomobil yollarının tikintisi;
2.1.2. dövlət sərhədinin
etibarlı mühafizəsinin təmin edilməsi məqsədi
ilə sərhədboyu zolağın yaradılması;
2.1.3. sənaye obyektlərinin,
zonalarının (məhəllələrinin və
parklarının) yaradılması;
2.1.4. ehtiyat fondu torpaqlarından istifadə
zərurətinin yaranması;
2.1.5. müasir texnologiyaların tətbiqi
ilə aqroparkların, fermer və aqraryönlü digər təsərrüfatların
yaradılması məqsədi ilə əkin dövriyyəsinə
əlavə torpaqların cəlb edilməsi;
2.1.6. qoruyucu meşə
zolaqlarının və yaşıllıq zonalarının
salınması məqsədi ilə meşə fondunun tərkibinə
əlavə torpaqların verilməsi;
2.1.7. meşə fondu torpaqlarında
müdafiə və təhlükəsizlik əhəmiyyətli
obyektlərin tikintisi, habelə ərzaq təhlükəsizliyinin
təmin edilməsi məqsədi ilə meşə ilə
örtülü olmayan sahələrin əkin dövriyyəsinə
cəlb edilməsi zərurəti yarandıqda, həmin torpaq
sahələrinin eyni ölçüdə kənd təsərrüfatına
az yararlı və ya şərti yararsız torpaq sahələri
ilə əvəzləşdirilməsi;
2.1.8. bioloji müxtəlifliyin qorunub
saxlanılması məqsədi ilə xüsusi mühafizə
olunan təbiət ərazilərinin (o cümlədən,
milli parkların, dövlət təbiət qoruqlarının,
yasaqlıqların və s.) tərkibinə əlavə
torpaqların verilməsi;
2.1.9. magistral mühəndis-kommunikasiya təminatı
sistemlərinin, meliorasiya və su təsərrüfatı
obyektlərinin, hidrotexniki qurğu-ların tikintisi;
2.1.10. ekzogen geoloji proseslərə məruz
qalmış yaşayış məntəqələrinin
torpaqlarının əvəzləşdirilməsi;
2.1.11. yeni yaşayış məhəllələrinin
(məntəqələrinin) salınması və ya mövcud
yaşayış məntəqələrinin inkişaf etdirilməsi
(genişləndirilməsi) məqsədi ilə ərazi
planlaşdırılması sənədlərinə uyğun
olaraq əlavə torpaq sahələrinin ayrılması;
2.1.12. tarix-mədəniyyət, təbii
qoruq və sağlamlaşdırma yerlərinin
yaradılması, əhalinin istirahətinin təşkili,
turizmin inkişafı, idman və digər sosial obyektlərin
tikintisi;
2.1.13. xüsusi mülkiyyətdə olan
torpaq sahələrindən iqtisadi cəhətdən daha səmərəli
istifadənin təmin edilməsi ilə bağlı mülkiyyətçilərin
müraciətləri.
3. Torpaqların kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan digərinə keçirilməsinin
əsasları üzrə vəsatətlərin
qaldırılması və onlara baxılması
3.1. Torpaqların kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan digərinə keçirilməsinin
əsasları üzrə kateqoriyası dəyişdirilməsi
təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazi
vahidi, aid olduğu kateqoriya, keçirilməsi nəzərdə
tutulan kateqoriya, keçirilmənin əsaslandırılması,
kadastr nömrəsi, sahə ölçüsü, məqsədli
təyinatı, hüquqi rejimi, mülkiyyətdə, istifadədə
və ya icarədə olması, kənd təsərrüfatı
təyinatlı olduqda torpağın yeri (uqodiyası),
suvarılan və ya dəmyə olması barədə məlumatlar
və planlaşdırılan konkret istifadə istiqamətləri
göstərilməklə, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qarşısında vəsatəti
aşağıdakılar qaldırırlar:
3.1.1. dövlət mülkiyyətində
olan torpaqlara münasibətdə – aidiyyəti dövlət təşkilatları
və ya müvafiq yerli icra hakimiyyəti orqanları;
3.1.2. bələdiyyə mülkiyyətində
olan torpaqlara münasibətdə – müvafiq bələdiyyələr;
3.1.3. xüsusi mülkiyyətdə olan
torpaqlara münasibətdə – torpaq mülkiyyətçiləri.
3.2. Qaldırılmış vəsatətlərə
aşağıdakı sənədlər əlavə edilir:
3.2.1. dövlət mülkiyyətində
olan torpaqlar üzrə:
3.2.1.1. aidiyyəti yerli icra hakimiyyəti
orqanının torpaqların kateqoriyalara aid edilməsi və
onların bir kateqoriyadan digərinə keçirilməsinin məqsədəmüvafiqliyi
barədə qərarından çıxarış;
3.2.1.2. torpaq sahəsinin
ölçüsündən asılı olaraq, əyani surətdə
qavranılması nəzərə alınmaqla müvafiq
miqyasda tərtib olunmuş situasiya planı və ya sərhədləri
daxilində mövcud və yerləşdirilməsi nəzərdə
tutulan tikililər olduğu halda, layihələndirilən ərazinin
baş planı (xətti qurğularda isə onların istiqamətinin
uzununa profilli en kəsiyi);
3.2.1.3. mənafeyinə toxunulan aidiyyəti
mərkəzi icra hakimiyyəti orqanlarının və səhmlərinin
nəzarət zərfi dövlətə məxsus olan
hüquqi şəxslərin rəyləri (əsli);
3.2.1.4. neft və qaz istisna olmaqla,
faydalı qazıntıların çıxarılması
üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi
tələb olunduqda, faydalı qazıntıların təsdiq
edilmiş ehtiyatları və onların işlənilməsinin
məqsədəuyğunluğu haqqında Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin və dağ-mədən işləri, dağ və
buruq qazmalarının aparılması üçün
lisenziya verilməsi ilə əlaqədar Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyləri,
habelə sifarişçinin vəsaiti hesabına
hazırlanmış torpaqların rekultivasiyası layihəsi;
3.2.1.5. torpaqların istifadəsi ilə
bağlı fəaliyyətin dövlət ekoloji
ekspertizasının müsbət rəyi;
3.2.1.6. torpaq sahəsi üzərində
mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın
dövlət reyestrindən çıxarış;
3.2.2. bu Qaydaların 3.2.1-ci yarımbəndində
göstərilənlərdən əlavə (dövlət
mülkiyyətində olan torpaqlara aid hissələr istisna
olunmaqla), bələdiyyə mülkiyyətində olan
torpaqlar üzrə əlavə olaraq torpaq sahəsinin
kateqoriyasının dəyişdirilməsi barədə təkliflərin
müzakirəsinə dair Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 21 dekabr tarixli 792 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Bələdiyyələrin
Nümunəvi Reqlamenti”nə uyğun tərtib edilmiş bələdiyyə
iclasının protokolundan çıxarış;
3.2.3. bu Qaydaların 3.2.1-ci yarımbəndində
göstərilənlərdən əlavə (dövlət
mülkiyyətində olan torpaqlara aid hissələr istisna
olunmaqla), xüsusi mülkiyyətdə olan torpaqlar üzrə
əlavə olaraq mülkiyyətçi fiziki şəxs
olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin
surəti (vəsatət torpaq mülkiyyətçisinin
adından başqa şəxs tərəfindən
qaldırıldıqda, notariat qaydasında təsdiq edilmiş
etibarnamənin surəti) və mülkiyyətçi
hüquqi şəxs olduqda - hüquqi şəxslərin
dövlət reyestrindən çıxarışın, onun
nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini
təsdiq edən şəxsiyyət vəsiqəsi və etibarnamənin
surətləri;
3.2.4. bütün əsaslar və
mülkiyyət növləri üzrə torpaq mülkiyyətçilərinə,
istifadəçilərinə və icarəçilərinə
vurulacaq ziyanın, kənd təsərrüfatı və
meşə təsərrüfatı itkilərinin ödənilməsi,
habelə kateqoriyasının dəyişdirilməsi nəzərdə
tutulan torpaq sahəsində obyektin layihələndirilməsi
müddətində mənafeyinə toxunulan hüquqi və
fiziki şəxslərin tikinti ilə bağlı
qoyduqları tələblərin yerinə yetirilməsi barədə
xeyrinə torpaq sahəsi əldə edənin notariat qaydada təsdiq
edilmiş zəmanət məktubu.
3.3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən vəsatətlərə
baxılaraq, torpaqların kateqoriyalara aid edilməsi və
onların bir kateqoriyadan digərinə keçirilməsinə
dair təklifin sənədlər əsasında
araşdırılması və yerquruluşu işlərinin
aparılması məqsədi ilə Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsinə müvafiq tapşırıq verilir.
3.4. Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi mülkiyyət
növlərinə uyğun olaraq (dövlət, bələdiyyə
və xüsusi) torpaq mülkiyyətçilərinin, istifadəçilərinin
və icarəçilərinin sifarişi əsasında nəzərdə
tutulan torpaq sahəsinin yerquruluşu qaydasında yerdə
(naturada) sərhədlərini, qonşuluqlarını,
döngə nöqtələrinin koordinatlarını 20
(iyirmi) iş günü müddətində müəyyən
edir, mərzçəkmə işlərini aparır və
torpaq sahəsinin ərazisindən asılı olaraq sahəsi
4 kv.km-ə qədər olduqda - 1:5000, 4 kv.km-dən 25 kv.km-ə
qədər olduqda - 1:10000, 25 kv.km-dən 100 kv.km-ə qədər
olduqda - 1:25000 və 100 kv.km-dən artıq olduqda - 1:50000
miqyasda iki nüsxədən ibarət kağız üzərində
və elektron daşıyıcıda xəritəsini
hazırlayır və təsdiq edir.
3.5. Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi kateqoriyası
dəyişdiriləcək torpaq sahəsinin kağız
üzərində və elektron daşıyıcıda
hazırlanmış, müvafiq yerli icra hakimiyyəti
orqanı, bələdiyyə və ya aidiyyəti təşkilatlarla
razılaşdırılmış xəritəsinin bir
nüsxəsini, torpaqların kateqoriyalara aid edilməsi və
onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları,
torpaq sahəsinin ölçüsü, yerləşdiyi ərazi
vahidi, kadastr nömrəsi, əvvəl mövcud olduğu və
aid edildiyi kateqoriya, habelə torpaqdan istifadəyə dair
xüsusi şərtlər və məhdudiyyətlər barədə
məlumatlar göstərilməklə, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
razılaşdırılmış sərəncam layihəsini
və öz rəyini baxılmaq üçün 10 (on) iş
günü müddətində Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim edir.
3.6. Torpaq sahəsinin bir kateqoriyadan digər
kateqoriyaya keçirilməsi prosesi daşınmaz əmlakın
dövlət reyestrinin və dövlət torpaq kadastrının
müvafiq məlumatlarında bu barədə zəruri dəyişikliklər
edildikdən sonra tamamlanmış hesab olunur.
3.7. Torpaqların kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan digərinə keçirilməsi
barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın
dövlət reyestrinin və dövlət torpaq
kadastrının məlumatlarında dəyişikliklər
edilməsi 2 (iki) iş günü müddətində həyata
keçirilir və bu barədə vəsatət qaldıran subyektə
3 (üç) iş günü müddətində rəsmi
qaydada məlumat verilir.
4. Torpaqların kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan digərinə keçirilməsinin
əsasları üzrə vəsatətlərə
baxılmasından imtina edilməsi
4.1. Torpaqların kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan digərinə keçirilməsinin
əsasları üzrə vəsatətlərə
baxılmasından aşağıdakı hallarda imtina edilir:
4.1.1. vəsatət bu Qaydaların tələblərinə
uyğun olmayan subyektlər tərəfindən
qaldırıldıqda;
4.1.2. vəsatətdə bu Qaydaların
3.1-ci bəndində nəzərdə tutulmuş məlumatlar
öz əksini tapmadıqda;
4.1.3. vəsatətə əlavə
olunan sənədlər bu Qaydaların 3.2-ci bəndinin tələblərinə
cavab vermədikdə;
4.1.4. torpaq sahəsinin
kateqoriyasının dəyişdirilməsi qanunla qadağan
edildikdə;
4.1.5. mənafeyinə toxunulduğu halda,
qonşu torpaq sahələrinin qanuni sahiblərinin mövqeyi nəzərə
alınmadıqda;
4.1.6. kateqoriyası dəyişdirilməsi
nəzərdə tutulan torpaq sahəsi ərazi
planlaşdırılması sənədlərinə, ərazi
üzrə mövcud və layihələndirilmiş mühəndis-kommunikasiya
təminatı sistemlərinə uyğun olmadıqda;
4.1.7. respublikanın makroiqtisadi
inkişafının perspektivliyi baxımından torpaq sahəsinin
kateqoriyasının dəyişdirilməsi məqsədəuyğun
hesab edilmədikdə.
5. Torpaqların kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan digərinə keçirilməsi
barədə qərarın aidiyyəti üzrə göndərilməsi
5.1. Torpaqların kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan digərinə keçirilməsi
barədə Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən qəbul edilmiş qərarın
surəti daşınmaz əmlakın sahə
kadastrlarını aparan mərkəzi icra hakimiyyəti
orqanlarına, rəyləri alınmış aidiyyəti təşkilatlara,
müvafiq yerli icra hakimiyyəti orqanlarına, bələdiyyələrə
və torpaq mülkiyyətçilərinə göndərilir.
5.2. Torpaqların kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan digərinə keçirilməsi
barədə qəbul edilmiş qərar kənd təsərrüfatı
təyinatlı torpaq sahələri ilə bağlı olduqda,
bu barədə zəruri məlumatların Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 dekabr tarixli
408 nömrəli qərarı ilə təsdiq edilmiş
“Elektron kənd təsərrüfatı” informasiya sistemindən
(EKTİS) istifadə Qaydaları”nın tələblərinə
əsasən, EKTİS-ə daxil edilməsi məqsədi ilə
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyinə təqdim olunması Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi tərəfindən təmin edilir.
Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının
hazırlanması və qəbul edilməsi qaydası
haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə
bilər.