“Azərbaycan
Respublikasında rezidenturaya qəbul Qaydaları”nın təsdiq
edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Təhsil haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli
Fərmanında dəyişikliklər edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2016-cı
il 21 dekabr tarixli 1168 nömrəli Fərmanının
2.3-cü bəndinin icrasını təmin etmək məqsədi
ilə və Azərbaycan Respublikası Dövlət
İmtahan Mərkəzinin təklifinə əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasında
rezidenturaya qəbul Qaydaları” təsdiq edilsin (əlavə
olunur).
2. “Azərbaycan Respublikasında
rezidenturaya qəbul Qaydaları”nın təsdiq edilməsi
haqqında” ləğv olunmuş Azərbaycan Respublikası Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının 2012-ci il
15 may tarixli 4 nömrəli qərarı ləğv
edilsin.
Azərbaycan
Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 8 fevral 2017-ci
il
¹ 41
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci
il 8 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq
edilmişdir |
Azərbaycan Respublikasında rezidenturaya qəbul
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Təhsil haqqında”
Azərbaycan Respublikası Qanununun 26.4-cü və 26.6-cı
maddələrinə əsasən hazırlanmışdır və həkim-mütəxəssislərin
hazırlanması məqsədi ilə əsas (baza ali) tibb təhsilli şəxslərin rezidenturaya qəbulu
qaydalarını müəyyən edir. [1]
1.2. Rezidenturaya qəbul olmaq hüququna
Azərbaycan Respublikasında əsas
(baza ali) tibb təhsili almış şəxslər
və ya xarici ölkələrdə təhsil almış və
ali tibb sahəsində müəyyən edilmiş qaydada
ixtisası nostrifikasiya edilmiş şəxslər (bundan sonra
– namizədlər) malikdirlər. [2]
1.3. Rezidentura təhsili dövlət
sifarişi (dövlət büdcəsinin vəsaiti
hesabına) və ya ödənişli əsaslarla həyata
keçirilir.
1.4. Rezidenturaya qəbul
namizədlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi
üzrə keçirilən imtahanda (qəbul imtahanında) əldə
etdikləri nəticələrə əsasən Azərbaycan
Respublikasının Dövlət İmtahan Mərkəzi
(bundan sonra – Mərkəz) tərəfindən müsabiqə
yolu ilə həyata keçirilir.
1.5. Rezidenturada təhsil alan rezidentlər
rezidenturaya qəbul üçün müsabiqədə
iştirak edə bilməzlər.
1.6. Müsabiqədə iştirak ödənişlidir.
2. Ərizələrin qəbul
edilməsi
2.1. Rezidenturaya qəbul üzrə
müsabiqədə iştirak etmək üçün Azərbaycan Respublikasında yerləşən
ali təhsil müəssisələrini bitirmiş və ya
cari tədris ilində bitirən bütün namizədlər Mərkəz tərəfindən
müəyyən edilmiş müddətdə Mərkəzin rəsmi
internet saytında “Namizədin elektron ərizəsi”ni dolduraraq
özləri təsdiq etməlidirlər. Digər
namizədlər müsabiqədə
iştirak etmək üçün Mərkəz tərəfindən
müəyyən edilmiş müddətdə Mərkəzin
rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni
doldurmalı və aşağıdakı sənədlərin
əslini Mərkəz tərəfindən
yaradılmış Sənəd Qəbulu
Komissiyalarına (bundan sonra – SQK) şəxsən təqdim etməklə
ərizələrini təsdiq etdirməlidirlər:
2.1.1. Azərbaycan Respublikasının vətəndaşları
şəxsiyyət vəsiqələrini, əcnəbilər
pasportlarını və (və ya) icazə vəsiqələrini,
vətəndaşlığı olmayan şəxslər
yaşadıqları ölkənin hüdudlarından kənara
getmək üçün onlara verilən sənədləri
və ya icazə vəsiqələrini, Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslər şəxsiyyət vəsiqələrini,
qaçqın statusu almış şəxslər və
onların ailə üzvləri qaçqın vəsiqələrini,
onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə
nəzərdə tutulmuş hallarda digər sənədləri
və ya icazə vəsiqələrini;
2.1.2. əsas
(baza ali) tibb təhsili
haqqında sənədi və ona əlavəni;
2.1.3. xarici
ölkələrdə ali təhsil almış şəxslər
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın
tanınmasının və ekvivalentliyinin müəyyən
edilməsini təsdiq edən sənədləri;
2.1.4. xarici ölkələrdə ali
ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma
keçmiş Azərbaycan Respublikasının vətəndaşları
olan həkimlərə Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi tərəfindən
verilən “Tibbi və əczaçılıq fəaliyyəti
ilə məşğul olmağa buraxılması barədə
şəhadətnamə”ni.
2.2. Əcnəbilər
və xarici ölkələrdə təhsil almış şəxslər
bu Qaydaların 2.1-ci bəndində
qeyd olunan sənədlərlə yanaşı,
həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini
də SQK-ya təqdim edirlər.
2.3. Ərizələrin
qəbulu zamanı dövlət sifarişi əsasında
rezidentura təhsili almaq istəyən namizədlər
rezidenturanı bitirdikdən sonra Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi tərəfindən İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyi ilə razılaşdırmaqla müəyyən edilən tibb müəssisələrində
3 (üç) il müddətində əmək fəaliyyəti
ilə məşğul olacaqları barədə məlumatlandırılırlar.
Bu namizədlər elektron ərizəni təsdiq etdikləri
andan qeyd edilmiş öhdəliyə razılıq vermiş
hesab olunurlar. [3]
3. Qəbul
imtahanı
3.1. Əsas (baza ali) tibb təhsili
əsasında rezidenturaya qəbul imtahanı Mərkəz tərəfindən
mərkəzləşdirilmiş qaydada iki mərhələdə
keçirilir: [4]
3.1.1. baza fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanı;
3.1.2. ixtisas fənləri üzrə
biliklərin qiymətləndirilməsi imtahanı.
3.2. Baza fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanının nəticəsi “məqbul”
və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul”
alanlar 5 (beş) il ixtisas fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanına buraxılırlar. Baza
fənləri üzrə biliklərin qiymətləndirilməsi
imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam
bitirmiş tələbələr də buraxılırlar.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi
imtahanından “məqbul” alan tələbələr ixtisas fənləri
üzrə biliklərin qiymətləndirilməsi
imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə
etdikdən sonra buraxılırlar.[5]
3.3. Namizədin təhsil
aldığı əsas (baza ali) tibb təhsili
istiqamətindən asılı olaraq, imtahan aparılan baza və
ixtisas fənləri Mərkəz tərəfindən Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi ilə
razılaşdırılmaqla müəyyən edilir.
3.4.
İmtahanların məzmunu, forması, aparılması
texnologiyası, davametmə müddəti, keçiriləcəyi
yer və günlər Mərkəz tərəfindən müəyyənləşdirilir.
3.5. Qəbul imtahanlarında əlilliyi
olan şəxslərin iştirakının təmin edilməsi
üçün Mərkəz tərəfindən əlverişli
şərait yaradılır. Görmə qabiliyyəti olmayan
(I dərəcə əlilliyi olan) namizədlərə
fərdi nəzarətçi təyin edilir və onlar
üçün imtahanın davametmə müddəti 30 dəqiqə
artırılır.[6]
4. İxtisas seçimi
4.1. Rezidenturaya qəbul olmaq
üçün ixtisas seçimi ixtisas fənləri üzrə
biliklərin qiymətləndirilməsi imtahanının nəticələri
elan olunduqdan sonra aparılır. İxtisas seçiminə
ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi
imtahanından topladığı balı Mərkəz tərəfindən
müəyyən edilən müsabiqə şərtlərinə
uyğun olan namizədlər buraxılırlar.[7]
4.2. Namizəd bitirdiyi əsas
(baza ali) tibb təhsili istiqamətinə
müvafiq olan ixtisaslardan istəyinə uyğun olanlarını
seçir, onları istədiyi ardıcıllıqla elektron ərizəsindəki
ixtisas seçimi formasına daxil edir və təsdiqləyir.
4.3. Seçilmiş ixtisasların ərizə
formasında göstərilən ardıcıllığı
müsabiqə zamanı əsas kimi qəbul olunur və namizəd
topladığı bala əsasən müsabiqədən
keçdiyi ilk ixtisasa yerləşdirilir.
5. Müsabiqənin
keçirilməsi
5.1. Müsabiqə namizədlərin
ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi
imtahanından topladıqları bal əsasında
aparılır.[8]
5.2. Namizədlərin yerləşdirilməsi
onların öz ərizələrində qeyd etdikləri
ixtisasların ardıcıllığı, dövlət sifarişi ilə qəbulun proqnozu nəzərə
alınmaqla, ixtisaslar üzrə vakant yerlərin sayı
çərçivəsində həyata keçirilir.
5.3. Müsabiqə zamanı ümumi
balı eyni olan iki və daha çox namizədi bir-birindən fərqləndirmək üçün
aşağıda qeyd edilən ardıcıllıqla əlavə
göstəricilər nəzərə alınır:
5.3.1. əsas (baza ali) tibb təhsili üzrə ümumi orta müvəffəqiyyət
göstəricisi (ÜOMG);
5.3.2. baza fənləri
üzrə biliklərin qiymətləndirilməsi
imtahanından toplanılan bal. [9]
5.4. Ümumi
balı eyni olan iki və daha çox namizədi bir-birindən
fərqləndirmək mümkün olmadıqda, onların
hamısı müvafiq ixtisasa yerləşdirilir.
5.5. Müsabiqənin nəticələri
elan olunduqdan sonra boş qalan yerlər elan edilir, namizədlər
tərəfindən bu Qaydaların 4.1-ci və 4.2-ci bəndlərinə
uyğun olaraq ixtisas seçimi həyata keçirilir və həmin
yerlərə müsabiqə yolu ilə yerləşdirilmə
aparılır.
6. Yekun müddəalar
6.1. Hər hansı bir ixtisasa yerləşdirilmiş
namizəd tələb olunan sənədlərin əslini Mərkəz
tərəfindən müəyyən olunmuş müddətdə qəbul
olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi
icra hakimiyyəti orqanına şəxsən təqdim etməklə
qeydiyyatdan keçməlidir. Namizədin bu müddətdə
qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas
üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Bu namizədlər boş qalan yerlər üzrə
keçirilən müsabiqəyə buraxılmırlar. [10]
6.2. Rezidenturaya qəbul üzrə
keçirilən müsabiqə və onun nəticələri
ilə bağlı namizədlərin müraciətlərinə
baxılması üçün Mərkəz tərəfindən
Apelyasiya Komissiyası yaradılır.
6.3. Namizəd Apelyasiya
Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin
əslini təqdim etməklə, şəxsən müraciət
etməlidir. Apelyasiya Komissiyasının qərarlarından
inzibati qaydada və ya məhkəməyə şikayət
verilə bilər.
6.4. Namizədin aşağıdakı hərəkətlərə
yol verməsi qadağandır:
6.4.1. saxta və ya
başqasına aid sənəd təqdim etmək, imtahana
öz yerinə başqasını göndərmək;
6.4.2. imtahana mobil
telefon və digər rabitə vasitələri, kalkulyator və
digər elektron cihazlar, konspekt, lüğət, cədvəl,
məlumat kitabçası və digər yardımçı
vasitələr gətirmək və ya onlardan istifadə etmək;
6.4.3.
yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı
və digər bu kimi əşyalarla imtahan binasına girmək,
özü ilə tütün məmulatı gətirmək;[11]
6.4.4. “İmtahan başlandı!” elan
olunan andan imtahanın sonunadək səbəbindən
asılı olmayaraq, zalda yerini dəyişmək, gəzişmək,
danışmaq və digər hərəkətlərlə
imtahanın gedişinə mane olmaq;
6.4.5. “İmtahan başlandı!” elan
olunan andan 1,5 saat müddət keçənədək və
imtahanın son 15 dəqiqəsi ərzində imtahan
zalından çıxmaq;
6.4.6. başqasının
nəticəsinə təsir göstərmək, o cümlədən
başqasının cavab kartına, sual kitabçasına
baxmaq və ya öz cavab kartına, sual kitabçasına
başqasının baxmasına şərait yaratmaq, sualın
cavabını soruşmaq və ya bildirmək;
6.4.7. nəzarətçiyə və ya
digər şəxslərə tapşırıqların həllində
kömək üçün müraciət etmək;
6.4.8. cavab kartını və sual
kitabçasını zədələmək, onları nəzarətçiyə
təhvil vermədən imtahan zalından çıxmaq.
6.5. Namizədin bu Qaydaların 6.4-cü
bəndində göstərilən hərəkətlərə
yol verməsi halları Mərkəz tərəfindən
aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri
ləğv edilir. Bu qərardan inzibati qaydada və ya məhkəməyə
şikayət verilə bilər.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
17 aprel 2018-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 aprel 2018-ci il, ¹ 91, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 4, maddə 819)
2.
8 noyabr 2018-ci il tarixli 482 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
14 noyabr 2018-ci il, ¹ 256, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2432)
3.
7 mart 2019-cu il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(“Xalq” qəzeti, 14 mart 2019-cu il, ¹ 59,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
3, maddə 517)
4.
20 dekabr 2019-cu il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(“Xalq” qəzeti, 22 dekabr 2019-cu il, ¹
285, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, ¹ 12, maddə
2071)
5.
30 noyabr 2020-ci il tarixli 466
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
3 dekabr 2020-ci il, ¹ 253,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
11, maddə 1409)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 8 noyabr 2018-ci il tarixli 482 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(“Xalq” qəzeti, 14 noyabr 2018-ci
il, ¹ 256, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2432) ilə “Azərbaycan
Respublikasında rezidenturaya qəbul Qaydaları”nın 1.1-ci bəndində, 2.1.2-ci yarımbəndində,
3.3-cü, 4.2-ci bəndlərində və 5.3.1-ci yarımbəndində
“baza ali” sözləri “əsas (baza ali)” sözləri
ilə əvəz edilmişdir.
[2] 8 noyabr 2018-ci il tarixli 482 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(“Xalq” qəzeti, 14 noyabr 2018-ci
il, ¹ 256, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2432) ilə “Azərbaycan
Respublikasında rezidenturaya qəbul Qaydaları”nın 1.2-ci bəndində “baza (əsas) ali” sözləri “əsas (baza ali)” sözləri ilə əvəz edilmişdir.
[3] 30 noyabr 2020-ci il tarixli 466
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
3 dekabr 2020-ci il, ¹ 253,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
11, maddə 1409) ilə “Azərbaycan Respublikasında rezidenturaya qəbul
Qaydaları”nın 2.3-cü bəndinin birinci cümləsinə
“Səhiyyə Nazirliyi tərəfindən”
sözlərindən sonra “İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə
razılaşdırmaqla” sözləri əlavə edilmişdir.
[4] 8 noyabr 2018-ci il tarixli 482 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(“Xalq” qəzeti, 14 noyabr 2018-ci
il, ¹ 256, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2432) ilə “Azərbaycan
Respublikasında rezidenturaya qəbul Qaydaları”nın 3.1-ci bəndində “Baza ali” sözləri “Əsas
(baza ali)” sözləri ilə əvəz edilmişdir.
[5] 20 dekabr 2019-cu il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(“Xalq” qəzeti, 22 dekabr 2019-cu il, ¹
285, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, ¹ 12, maddə
2071) ilə “Azərbaycan Respublikasında
rezidenturaya qəbul Qaydaları”nın 3.2-ci bəndi yeni
redaksiyada verilmişdir.
əvvəlki redaksiyada
deyilirdi:
3.2. Baza
fənləri üzrə biliklərin qiymətləndirilməsi
imtahanının nəticələri Mərkəz tərəfindən
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə
razılaşdırılmaqla müəyyən edilən
müsabiqə şərtini ödəyən namizədlər
ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi
imtahanına buraxılırlar.
[6] 7 mart 2019-cu il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(“Xalq” qəzeti, 14 mart 2019-cu il, ¹ 59,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
3, maddə 517) ilə “Azərbaycan Respublikasında rezidenturaya qəbul
Qaydaları”nın 3.5-ci bəndinin birinci cümləsində
“sağlamlıq imkanları məhdud
şəxslərin” sözləri “əlilliyi olan şəxslərin” sözləri ilə,
ikinci cümləsində “I qrup
əlil” sözləri “I dərəcə
əlilliyi olan” sözləri ilə əvəz
edilmişdir.
[7] 20 dekabr 2019-cu il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(“Xalq” qəzeti, 22 dekabr 2019-cu il, ¹
285, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, ¹ 12, maddə
2071) ilə “Azərbaycan Respublikasında
rezidenturaya qəbul Qaydaları”nın 4.1-ci bəndin ikinci
cümləsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada
deyilirdi:
İxtisas
seçiminə baza və ixtisas fənləri üzrə
biliklərin qiymətləndirilməsi imtahanlarından
topladığı ümumi balı (ballarının cəmi)
ilə yanaşı, ixtisas fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanından ayrılıqda
topladığı balı da Mərkəz tərəfindən
müəyyən edilən müsabiqə şərtlərinə
uyğun olan namizədlər buraxılırlar.
[8] 20 dekabr 2019-cu il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(“Xalq” qəzeti, 22 dekabr 2019-cu il, ¹
285, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, ¹ 12, maddə
2071) ilə “Azərbaycan Respublikasında
rezidenturaya qəbul Qaydaları”nın 5.1-ci bəndi yeni
redaksiyada verilmişdir.
əvvəlki redaksiyada
deyilirdi:
5.1.
Müsabiqə namizədlərin baza və ixtisas fənləri
üzrə biliklərin qiymətləndirilməsi
imtahanlarından topladıqları ümumi bal (balların cəmi)
əsasında aparılır.
[9] 20 dekabr 2019-cu il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(“Xalq” qəzeti, 22 dekabr 2019-cu il, ¹
285, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, ¹ 12, maddə
2071) ilə “Azərbaycan Respublikasında
rezidenturaya qəbul Qaydaları”nın 5.3.2-ci yarımbəndində
“ixtisas” sözü “baza” sözü ilə əvəz
edilmişdir.
[10] 20 dekabr 2019-cu il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(“Xalq” qəzeti, 22 dekabr 2019-cu il, ¹
285, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, ¹ 12, maddə
2071) ilə “Azərbaycan Respublikasında
rezidenturaya qəbul Qaydaları”nın 6.1-ci bəndində “10 gün müddətində”
sözləri “Mərkəz tərəfindən
müəyyən olunmuş müddətdə” sözləri
ilə əvəz edilmişdir.
[11] 17 aprel 2018-ci il
tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 aprel 2018-ci il, ¹ 91, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 4, maddə
819) ilə “Azərbaycan
Respublikasında rezidenturaya qəbul Qaydaları”nın
6.4.3-cü yarımbəndində “siqaret” sözü “tütün
məmulatı” sözləri ilə əvəz
edilmişdir.