Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydalarının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Təhsil haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına və Təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 2218 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ümumi təhsili həyata keçirən təhsil müəssisələrində təhsilalanların attestasiyasının aparılması, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydalarının layihəsini aidiyyəti qurumlarla razılaşdırmaqla, üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 12 dekabr 2016-cı il

498

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Təhsil haqqında Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından, tipindən və növündən asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində ümumi təhsil pilləsində ümumi təhsili həyata keçirən təhsil müəssisələrində (bundan sonra ümumi təhsil müəssisələrində) təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarını müəyyən edir.

1.2. Ümumi təhsil müəssisələrində təhsilalanların yekun attestasiyası ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə həyata keçirilir.

1.3. Ümumi təhsil müəssisələrində ümumi orta və tam orta təhsil səviyyələrində təhsilalanların yekun qiymətləndirilməsi (attestasiyası) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra Mərkəz) tərəfindən aparılır.

1.4. Təhsilalanların yekun qiymətləndirilməsi (attestasiyası) üçün Mərkəz tərəfindən buraxılış imtahanı keçirilir. Buraxılış imtahanının məzmunu, yəni təhsilalanlara təqdim edilən tapşırıqların növü və qiymətləndirilmə qaydası Mərkəz və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən birgə müəyyən edilir və hər il tədris ilinin başlanılmasından 1 ay müddət keçənədək elan edilir. Tapşırıqların məzmunu Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 29.0.12-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş dövlət təhsil standartlarına və proqramlarına (kurikulumlara) uyğun müəyyən edilir.[1]

1.5. Buraxılış imtahanlarının keçiriləcəyi günləri və imtahanların aparılması texnologiyasını Mərkəz və Azərbaycan Respublikasının Təhsil Nazirliyi birgə müəyyən edirlər.

1.6. Buraxılış imtahanının keçirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilir və təhsilalanlar üçün ödənişsizdir.

1.7. Təhsil sənədinə yazılacaq yekun qiymət (qiymətlər) Mərkəz tərəfindən aşağıdakı qaydada çıxarılır: [2]

1.7.1. buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti və buraxılış imtahanının balı;

1.7.2. buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti.

1.8. Tam orta təhsil səviyyəsində təhsil sənədinə yazılacaq yekun qiymət Mərkəz tərəfindən aşağıdakı qaydada çıxarılır: [3]

1.8.1. buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və buraxılış imtahanının qiymətlərinin ədədi ortası;

1.8.2. buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortası.

1.9. Qiymətlərin ədədi ortası tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır. Bu zaman, atılan rəqəm 5-dən kiçik olarsa, ondan əvvəlki rəqəm dəyişmir, 5 və ya daha böyük olarsa, ondan əvvəlki rəqəm bir vahid artırılır.

1.10. Ümumi orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmırlar.

1.11. Tam orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya fənn (fənlər) üzrə illik qiyməti 2 olan buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmırlar. [4]

1.12. Bu Qaydaların 1.10-cu və 1.11-ci bəndlərində göstərilən şagirdlərin və ya buraxılış imtahanında iştirak etməyən buraxılış sinif şagirdlərinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılmır və onlara ümumi təhsil müəssisələrində təhsil almalarına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydasına uyğun olaraq arayış verilir.

1.13. Psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə buraxılış imtahanından azad edilmiş sağlamlıq imkanları məhdud təhsilalanların bütün fənlər üzrə yekun qiymətləndirilməsi (attestasiyası) bu Qaydaların 1.7.2-ci yarımbəndində nəzərdə tutulmuş qaydada aparılır. [5]

1.14. Tam orta təhsil səviyyəsi üzrə psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə buraxılış imtahanından azad edilmiş sağlamlıq imkanları məhdud təhsilalanların bütün fənlər üzrə yekun qiymətləndirilməsi (attestasiyası) bu Qaydaların 1.8.2-ci yarımbəndində nəzərdə tutulmuş qaydada aparılır.

1.15. Yekun attestasiyanın nəticələri Mərkəz tərəfindən elektron təhsil sənədinə yazılır, şagirdə və təhsil müəssisəsinə təqdim edilir. Elektron təhsil sənədi dövlət nümunəli sənədin verilməsi üçün əsasdır.

 

2. Buraxılış imtahanı[6]

 

2.1. Təhsilalanların yekun qiymətləndirilməsinə (attestasiyasına) hazırlıq məqsədilə buraxılış imtahanlarında iştirak edəcək şagirdlər haqqında məlumatlar Şagird-məzun dövlət elektron məlumat sisteminin verilənlər bazasına Azərbaycan Respublikasının Təhsil Nazirliyi (ümumi təhsil müəssisələri üzrə) tərəfindən təhsilalanların fərdi identifikasiya nömrəsi (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsinin FİN kodu, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin FİN kodu, qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qaçqın vəsiqəsinin FİN kodu) göstərilməklə, daxil edilən məlumatlar əsasında Mərkəz tərəfindən formalaşdırılır.[7]

2.2. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan, rus və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - tədris dili, xarici dil və riyaziyyat fənlərindən, tədris ingilis, fransız və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - xarici dil və riyaziyyat fənlərindən olmaqla, Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. Buraxılış imtahanını yalnız xarici dil və riyaziyyat fənlərindən verən şagirdlər üçün imtahanın davametmə müddəti 2 saatdır.*[8]

2.3. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan, rus və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - tədris dili, xarici dil və riyaziyyat, tədris ingilis, fransız və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - xarici dil və riyaziyyat fənlərindən olmaqla, Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir. Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. Buraxılış imtahanını yalnız xarici dil və riyaziyyat fənlərindən verən şagirdlər üçün imtahanın davametmə müddəti 2 saatdır.

2.4. Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Şagirdlərin toplaya biləcəyi maksimal bal 100 baldır. İmtahanın davametmə müddəti 45 dəqiqədir.[9]

2.5. Buraxılış imtahanlarında əlilliyi olan şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. I qrup gözdən əlilliyi olan şəxslərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 1 saat artırılır.

2.6. Buraxılış imtahanında iştirak etməyən ümumi orta və tam orta təhsil səviyyələrinin buraxılış sinif şagirdlərinin yekun qiymətləndirilməsi (attestasiyası) məsələsinə təhsil müəssisələrinin təqdimatı əsasında fərdi qaydada və ya şəxslərin fərdi müraciəti əsasında Mərkəz tərəfindən baxılır. Həmin şagirdlər Mərkəz tərəfindən müəyyən edilən vaxtda imtahan verirlər. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının hər hansı bir mərhələsində iştirak etməyən şagirdin yekun qiymətləndirilməsi (attestasiyası) aparılmır.[10]

2.7. Buraxılış imtahanı zamanı şagirdin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

2.7.1. saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək və ya sərxoş vəziyyətdə gəlmək;

2.7.2. imtahanlara mobil telefon və digər rabitə vasitələri, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;

2.7.3. imtahan binasına yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla girmək, özü ilə tütün məmulatı gətirmək;

2.7.4. səbəbindən asılı olmayaraq imtahan keçirilən zalda yerini dəyişmək, gəzişmək, yerindən durmaq, İmtahan başlandı! elan olunan andan 1 saat müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində zalı tərk etmək və digər hərəkətlərə yol verməklə, imtahanın gedişinə mane olmaq;

2.7.5. başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına (vərəqinə), sual kitabçasına baxmaq və ya öz cavab kartına (vərəqinə), sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;

2.7.6. nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;

2.7.7. cavab kartını (vərəqini) və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalını tərk etmək.

2.8. Şagirdin bu Qaydaların 2.8-ci bəndində göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun imtahan nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və ya məhkəmə qaydasında şikayət verilə bilər.

 

*Qeyd. 2020-ci ildə ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası çərçivəsində keçirilən buraxılış imtahanları ikimərhələli olduğu zaman imtahanın birinci mərhələsində iştirak etmiş şagirdlər birmərhələli buraxılış imtahanını vermirlər və onların birinci mərhələdə əldə etdikləri nəticələr Mərkəz tərəfindən 300 ballıq şkalaya keçirilir.[11]

 

3. Şagirdlərin buraxılış imtahanına təkrar və eksternat qaydasında buraxılması

3.1. Ümumi orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin yekun qiymətləndirməyə (attestasiyaya) buraxılmayan və ya eksternat qaydasında cari tədris ilində yekun qiymətləndirmədə (attestasiyada) iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsinin yaratdığı xüsusi komissiya tərəfindən qərar qəbul edilən şagirdlər buraxılış imtahanını bu Qaydaların 2.2-ci və 2.4-cü bəndlərində nəzərdə tutulmuş qaydada verirlər. [12]

3.2. Tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin yekun qiymətləndirməyə (attestasiyaya) buraxılmayan və ya eksternat qaydasında cari tədris ilində yekun qiymətləndirmədə (attestasiyada) iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsinin yaratdığı xüsusi komissiya tərəfindən qərar qəbul edilən şagirdlər buraxılış imtahanını bu Qaydaların 2.3-cü və 2.4-cü bəndlərində nəzərdə tutulmuş qaydada verirlər. [13]

3.3. Ümumi orta və tam orta təhsil səviyyələrini 2016/2017-ci tədris ilindən əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən və ya buraxılış imtahanında ən azı bir fəndən 2 qiymət alan şagirdlərin dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymət Mərkəz tərəfindən aşağıdakı qaydada çıxarılır: [14]

3.3.1. buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və buraxılış imtahanının qiymətlərinin ədədi ortası (bu zaman, buraxılış imtahanında iştirak etməyən şagirdin buraxılış imtahanının qiyməti kimi 2 qiyməti götürülür);

3.3.2. buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortası.

3.3-1. Qiymətlərin ədədi ortası tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır. Bu zaman, atılan rəqəm 5-dən kiçik olarsa, ondan əvvəlki rəqəm dəyişmir, 5 və ya daha böyük olarsa, ondan əvvəlki rəqəm bir vahid artırılır.[15]

3.4. Tam orta təhsil səviyyəsi üzrə eksternat qaydasında yekun qiymətləndirməyə (attestasiyaya) yalnız ümumi orta təhsil səviyyəsini başa vurmuş şəxslər buraxılırlar.

3.5. Bu Qaydaların 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilən hallarda şagirdin yekun attestasiyası aparılarkən illik qiymət, o cümlədən illik 2 qiyməti əvəzinə xüsusi komissiyanın verdiyi qiymət götürülür.

 

4. Yekun müddəalar

 

4.1. Yekun qiymətləndirmənin (attestasiyanın) nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır.

4.2. Şagird Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən və ya valideynləri (onları əvəz edən şəxslər) vasitəsilə müraciət edir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       17 aprel 2018-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 20 aprel 2018-ci il, 88, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 4, maddə 814)

2.       19 dekabr 2018-ci il tarixli 550 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 23 dekabr 2018-ci il, 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2746)

3.       12 aprel 2019-cu il tarixli 169 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 17 aprel 2019-cu il, 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 763)

4.       3 iyun 2019-cu il tarixli 252 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 5 iyun 2019-cu il, 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 6, maddə 1141)

5.       17 fevral 2020-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 19 fevral 2020-ci il, 37)

6.       18 may 2020-ci il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti 18 may 2020-ci il, 98)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 19 dekabr 2018-ci il tarixli 550 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 23 dekabr 2018-ci il, 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2746) ilə Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydalarının 1.4-cü bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.4. Təhsilalanların yekun qiymətləndirilməsi (attestasiyası) üçün Mərkəz tərəfindən buraxılış imtahanı keçirilir. Buraxılış imtahanının test tapşırıqlarının və inşasının məzmunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)na uyğun olaraq, Mərkəz və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən birgə müəyyən edilir.

 

[2] 19 dekabr 2018-ci il tarixli 550 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 23 dekabr 2018-ci il, 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2746) ilə Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydalarının 1.7-ci bəndində Ümumi orta təhsil səviyyəsi üzrə dövlət təhsil sənədinə yazılacaq yekun qiymət sözləri Təhsil sənədinə yazılacaq yekun qiymət (qiymətlər) sözləri ilə əvəz edilmişdir.

 

[3] 19 dekabr 2018-ci il tarixli 550 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 23 dekabr 2018-ci il, 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2746) ilə Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydalarının 1.8-ci, 1.9-cu və 1.14-cü bəndləri ləğv edilmişdir.

 

[4] 3 iyun 2019-cu il tarixli 252 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 5 iyun 2019-cu il, 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 6, maddə 1141) ilə Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydalarının 1.11-ci bəndindən və ya fənn (fənlər) üzrə illik qiyməti 2 olan sözləri çıxarılmışdır.

 

[5] 19 dekabr 2018-ci il tarixli 550 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 23 dekabr 2018-ci il, 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2746) ilə Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydalarının 1.13-cü bəndində Ümumi orta təhsil səviyyəsi üzrə psixoloji-tibbi-pedaqoji sözləri Psixoloji-tibbi-pedaqoji sözləri ilə əvəz edilmişdir.

 

[6] 17 aprel 2018-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 20 aprel 2018-ci il, 88, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 4, maddə 814) ilə Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydalarının 2.17.3-cü yarımbəndində siqaret sözü tütün məmulatı sözləri ilə əvəz edilmişdir.

 

19 dekabr 2018-ci il tarixli 550 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 23 dekabr 2018-ci il, 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2746) ilə Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydalarının 2-ci hissəsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2. Buraxılış imtahanı

 

2.1. Buraxılış imtahanlarına hazırlıq məqsədilə imtahanda iştirak edəcək şagirdlər haqqında məlumatları özündə əks etdirən Şagird-məzun elektron məlumat bazası Azərbaycan Respublikasının Təhsil Nazirliyi (ümumi təhsil müəssisələri üzrə) tərəfindən təhsilalanların fərdi identifikasiya nömrəsi (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsinin FİN kodu, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin FİN kodu) göstərilməklə təqdim edilən məlumatlar (verilənlər bazası) əsasında Mərkəz tərəfindən formalaşdırılır.

2.2. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - Azərbaycan dili və riyaziyyat fənlərindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - rus dili və riyaziyyat fənlərindən olmaqla, Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir.

2.3. Birinci mərhələdə şagirdlərə Azərbaycan (rus) dilindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 10 açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilib yazı ilə ifadə olunması tələb edilən test tapşırığı, 10 qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilib qeyd edilməsi tələb olunan test tapşırığı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq tipli, ümumilikdə 30 test tapşırığı təqdim edilir.

2.4. Birinci mərhələdə şagirdlər, həmçinin təqdim edilmiş mövzulardan birini seçməklə, könüllülük əsasında inşa (esse) yazırlar. Ümumi orta təhsil haqqında fərqlənmə attestatı almaq istəyən şagirdlər üçün inºa (esse) yazmaq məcburidir.

2.5. Buraxılış imtahanının birinci mərhələsində imtahanın müddəti 2 saat 30 dəqiqədir. Test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat, inşanın (essenin) yazılmasına 30 dəqiqə vaxt ayrılır. İmtahanın başlanmasından 30 dəqiqə keçdikdən sonra gələn şagird imtahana buraxılmır.

2.6. İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim edilir. İkinci mərhələdə imtahanın müddəti 1 saat 30 dəqiqədir. İmtahanın başlanmasından 30 dəqiqə keçdikdən sonra gələn şagird imtahana buraxılmır.

2.7. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verirlər. Onlara birinci mərhələdə 10 açıq tipli, ikinci mərhələdə 30 qapalı tipli test tapşırığı təqdim edilir.

2.8. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində hər iki mərhələdə imtahanın müddəti 45 dəqiqədir. İmtahanın başlanmasından 15 dəqiqə keçdikdən sonra gələn şagird imtahana buraxılmır.

2.9. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən, orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili fənnindən də bu Qaydaların 2.3-2.6-cı bəndlərində nəzərdə tutulmuş qaydada imtahan verməlidirlər.

2.10. Birinci mərhələnin imtahan nəticələri imtahan keçirildiyi gündən etibarən ikinci mərhələnin keçirildiyi vaxtadək, ikinci mərhələnin nəticələri isə imtahan keçirildiyi gündən 5 (beş) gün müddətində elan edilir. Şagirdlərin fənlər üzrə test tapşırıqlarına cavab ballarının cəminin 100 ballıq qiymət şkalasına uyğunluğu aşağıdakı cədvələ əsasən müəyyən olunur:

 

Fənn

Komponent 1

(I mərhələ, test tapşırıqları)

Komponent 2

(II mərhələ, test tapşırıqları)

Komponent 3

(I mərhələ, esse)

maksimal bal

test tapşırıqlarının sayı

bal

maksimal bal

test tapşırıqlarının sayı

bal

maksimal bal

 

(əlavə qiymət)

növü

Azərbaycan dili/

rus dili

30

20 (10 açıq
+
10 qapalı)

2∙nd (açıq) +

nd (qapalı)

70

30 (qapalı)

10

esse

Riyaziyyat

30

10 (açıq)

3∙nd(açıq)

70

30 (qapalı)

-----

-----

 

nd (açıq) - açıq tipli test tapşırıqlarına verilmiş balların cəmi

nd (qapalı) - qapalı tipli test tapşırıqlarına verilmiş balların cəmi

 

2.11. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - rus dili, riyaziyyat və xarici dil fənləri üzrə Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Xarici dil fənni tədris edilməyən ümumi təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 qapalı tipli test tapşırığı təqdim edilir. Şagirdlər, həmçinin təqdim edilmiş mövzulardan birini seçməklə, könüllülük əsasında inşa (esse) yazırlar. Tam orta təhsil səviyyəsi üzrə imtahanın müddəti 2 saat 45 dəqiqədir. Test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, inşanın (essenin) yazılmasına 30 dəqiqə vaxt ayrılır. İmtahanın başlanmasından 30 dəqiqə keçdikdən sonra gələn şagird imtahana buraxılmır.

2.12. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat və xarici dil fənlərindən verirlər. Xarici dil fənni tədris edilməyən ümumi təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər. Onlara tədris dilində hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. İmtahanın müddəti 1 saat 30 dəqiqədir. İmtahanın başlanmasından 30 dəqiqə keçdikdən sonra gələn şagird imtahana buraxılmır.

2.13. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən, ali və ya orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün ali və ya orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili fənnindən də bu Qaydaların 2.11-ci bəndində nəzərdə tutulmuş qaydada imtahan verməlidirlər.

2.14. İmtahan nəticələri imtahan verildiyi gündən etibarən 5 (beş) günədək müddətdə elan edilir. Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı kimidir:

 

Təhsilin səviyyəsi

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Azərbaycan dili/rus dili

riyaziyyat

xarici dil/kimya

 

Tam orta

2

0-7

0-7

0-6

3

8-17

8-16

7-16

4

18-25

17-24

17-24

5

26-30

25-30

25-30

 

2.15. Şagirdin təhsil sənədinə yazılacaq yekun qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən sonra 10 (on) günədək müddətdə elan edilir.

2.16. Səhhəti, ailə vəziyyəti, təbii fəlakətin baş verməsi ilə bağlı üzrlü səbəblərdən buraxılış imtahanında iştirak edə bilməyən ümumi orta və tam orta təhsil səviyyələrinin buraxılış sinif şagirdlərinin yekun qiymətləndirilməsi (attestasiyası) məsələsinə təhsil müəssisələrinin təqdimatı əsasında fərdi qaydada Mərkəz tərəfindən baxılır. Həmin şagirdlər Mərkəz tərəfindən müəyyən edilən vaxtda imtahan verirlər.

2.17. Buraxılış imtahanı zamanı şagirdin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

2.17.1. saxta sənəd təqdim etmək;

2.17.2. imtahanlara mobil telefon və digər rabitə vasitələri, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;

2.17.3. imtahan binasına yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla girmək, özü ilə tütün məmulatı gətirmək;

2.17.4. səbəbindən asılı olmayaraq imtahan keçirilən zalda yerini dəyişmək, gəzişmək, yerindən durmaq, İmtahan başlandı! elan olunan andan 1 saat müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində zalı tərk etmək və digər hərəkətlərə yol verməklə, imtahanın gedişinə mane olmaq;

2.17.5. başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, imtahana öz yerinə başqasını göndərmək;

2.17.6. nəzarətçiyə tapşırıqların yerinə yetirilməsi ilə bağlı kömək üçün müraciət etmək;

2.17.7. cavab kartını və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalını tərk etmək.

2.18. Şagirdin bu Qaydaların 2.17-ci bəndində göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun imtahan nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

 

[7] 12 aprel 2019-cu il tarixli 169 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 17 aprel 2019-cu il, 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 763) ilə Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydalarının 2.1-ci bəndinə ikinci halda FİN kodu sözlərindən sonra , qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qaçqın vəsiqəsinin FİN kodu sözləri əlavə edilmişdir.

 

[8] 18 may 2020-ci il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti 18 may 2020-ci il, 98) ilə Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydalarının 2.2-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.2. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan, rus və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - tədris dili, xarici dil və riyaziyyat, tədris ingilis, fransız və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - xarici dil və riyaziyyat fənlərindən olmaqla, Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada aşağıdakı iki mərhələdə keçirilir:

2.2.1. birinci mərhələdə şagirdlərə tədris dili fənnindən 20, xarici dil fənnindən 15 və riyaziyyat fənnindən 10 olmaqla, ümumilikdə 45 tapşırıq təqdim edilir. Bu mərhələdə şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 30 bal olmaqla, cəmi 90 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. Buraxılış imtahanını yalnız xarici dil və riyaziyyat fənlərindən verən şagirdlər üçün imtahanın davametmə müddəti 2 saatdır;

2.2.2. ikinci mərhələdə şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Bu mərhələdə şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 70 bal olmaqla, cəmi 210 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. Buraxılış imtahanını yalnız xarici dil və riyaziyyat fənlərindən verən şagirdlər üçün imtahanın davametmə müddəti 2 saatdır.

 

[9] 17 fevral 2020-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 19 fevral 2020-ci il, 37) ilə Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydalarının 2.4-cü bəndinin dördüncü cümləsində 45 rəqəmləri 1 saat 30 sözləri ilə əvəz edilmişdir.

18 may 2020-ci il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti 18 may 2020-ci il, 98) ilə Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydalarının 2.4-cü bəndin dördüncü cümləsində 1 saat 30 sözləri 45 rəqəmi ilə əvəz edilmişdir.

 

[10] 18 may 2020-ci il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti 18 may 2020-ci il, 98) ilə Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydalarının 2.6-cı bəndin üçüncü cümləsi çıxarılmışdır.

 

[11] 18 may 2020-ci il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti 18 may 2020-ci il, 98) ilə Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydalarına yeni məzmunda *Qeyd əlavə edilmişdir.

 

[12] 19 dekabr 2018-ci il tarixli 550 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 23 dekabr 2018-ci il, 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2746) ilə Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydalarının 3.1-ci bəndində 2.2-2.10-cu sözləri 2.2-ci və 2.4-cü sözləri ilə əvəz edilmişdir.

 

[13] 19 dekabr 2018-ci il tarixli 550 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 23 dekabr 2018-ci il, 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2746) ilə Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydalarının 3.2-ci bəndində 2.11-2.14-cü sözləri 2.3-cü və 2.4-cü sözləri ilə əvəz edilmişdir.

 

[14] 19 dekabr 2018-ci il tarixli 550 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 23 dekabr 2018-ci il, 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2746) ilə Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydalarının 3.3-cü bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.3. Ümumi orta və tam orta təhsil səviyyələrini 2016/2017-ci tədris ilindən əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən və ya buraxılış imtahanında ən azı bir fəndən 2 qiymət alan şagirdlərin dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətlər bu Qaydaların 1.8-ci bəndi ilə müəyyən edilmiş qaydada çıxarılır. Bu zaman, buraxılış imtahanında iştirak etməyən şagirdin buraxılış imtahanının qiyməti kimi 2 qiyməti götürülür.

 

[15] 19 dekabr 2018-ci il tarixli 550 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 23 dekabr 2018-ci il, 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2746) ilə Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydalarına yeni məzmunda 3.3-1-ci bənd əlavə edilmişdir.