“Azərbaycan Respublikası Hökuməti ilə
İran İslam Respublikası Hökuməti arasında Araz
çayı üzərində “Xudafərin” və “Qız Qalası”
hidroqovşaqlarının və su elektrik stansiyalarının
tikintisinin davam etdirilməsi, istismarı, energetika və su
ehtiyatlarından istifadə sahəsində
əməkdaşlıq haqqında” Sazişin təsdiq
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci
maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər
tutaraq qərara alır:
“Azərbaycan
Respublikası Hökuməti ilə İran İslam
Respublikası Hökuməti arasında Araz çayı
üzərində “Xudafərin” və “Qız Qalası”
hidroqovşaqlarının və su elektrik stansiyalarının
tikintisinin davam etdirilməsi, istismarı, energetika və su
ehtiyatlarından istifadə sahəsində
əməkdaşlıq haqqında” 2016-cı il fevralın
23-də Tehran şəhərində imzalanmış Saziş
təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 14 iyun 2016-cı il
¹
272-VQ
Azərbaycan Respublikası
Hökuməti ilə İran İslam Respublikası
Hökuməti arasında Araz
çayı üzərində “Xudafərin” və “Qız qalası”
hidroqovşaqlarının və su
elektrik stansiyalarının tikintisinin
davam etdirilməsi, istismarı, energetika
və su ehtiyatlarından
istifadə sahəsində
əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər”
adlandırılacaq Azərbaycan Respublikası Hökuməti
və İran İslam Respublikası Hökuməti,
bərabərlik, hər iki
dövlətin daxili işlərinə qarışmamaq,
suverenliyinə və ərazi bütövlüyünə
hörmət etmək prinsipləri və qarşılıqlı
faydaya əsaslanan iqtisadi və texniki
əməkdaşlığın daha da inkişaf
etdirilməsinə və möhkəmləndirilməsinə
yönələn qarşılıqlı səyləri
rəhbər tutaraq,
iki dövlət arasında mövcud olan
əlaqələrin qarşılıqlı hörmət,
anlaşma və mehriban qonşuluq əsasında inkişaf
etdirilməsindən çıxış edərək,
Azərbaycan Respublikası ilə
İran İslam Respublikası arasında dostluq və
əməkdaşlıq münasibətlərinin prinsipləri
haqqında 20 may 2002-ci ildə imzalanmış (30 ordibeheşt
1381-ci il) Müqaviləni, Sovet-İran sərhədinin rejimi
və sərhəd münaqişələrinin və
insidentlərinin tənzimlənməsi qaydaları haqqında
14 may 1957-ci ildə imzalanmış Müqavilənin
müddəalarını rəhbər tutaraq və 11 avqust
1957-ci ildə imzalanmış (20 mordad 1336-cı il)
İran-Sovet arasında Araz və Ətrak çaylarından
bərabər istifadə barədə Müqaviləni və 2
iyul 1994-cü ildə imzalanmış Azərbaycan
Respublikası ilə İran İslam Respublikası arasında
hidro və elektroenergetika sahələri üzrə
əməkdaşlıq haqqında Memorandumu nəzərə
alaraq,
“Xudafərin” və “Qız qalası”
hidroqovşaqları barədə hər iki Tərəf
arasında əldə olunan bütün
razılaşmaları təsdiq edərək və
“Xudafərin” və “Qız qalası” hidroqovşaqları boyu
Araz çayının sərhədyanı hissələrinin
bütün su və enerji ehtiyatlarına hər iki
Tərəfin bərabər hüququndan çıxış
edərək,
İran Tərəfinin
gördüyü işlərə və fəaliyyətə
əsaslanaraq, “Xudafərin” və “Qız qalası”
hidroqovşaqlarının və su elektrik stansiyalarının
tikintisinin davam etdirilməsinin və başa
çatdırılmasının vacibliyini qeyd edərək,
“Xudafərin” və “Qız qalası”
hidroqovşaqlarının və su elektrik stansiyalarının
tikilməsində və istismarında hər iki Tərəfin
suverenliyinin vacibliyindən çıxış edərək,
BMT qətnamələrinin
tələblərinə uyğun olaraq Azərbaycan
Respublikasının ərazi bütövlüyünün
bərpa olunmasının əhəmiyyətini
nəzərə alaraq,
müştərək
sərhədlərin və elektrik enerjisinin
ötürülməsi sahəsində əməli
tədbirlərin həyata keçirilməsinin
əhəmiyyətini nəzərə alaraq,
Tərəflərin
mütəxəssislərinin nəzarəti ilə
“Xudafərin” və “Qız qalası”
hidroqovşaqlarının kompleks tikintisinin davam
etdirilməsinin tezləşdirilməsi zəruriliyini
vurğulayaraq,
aşağıdakılar barədə
razılığa gəldilər:
Maddə
1
Tərəflər hər iki
ölkənin suverenliyi, ərazi bütövlüyü və
mənafeləri əsasında Araz sərhəd çayı
üzərində “Xudafərin” və “Qız qalası”
hidroqovşaqlarının və su elektrik stansiyalarının
tikilməsinin davam etdirilməsi və istismarı ilə
əlaqədar birgə fəaliyyət
göstərəcəklər.
İran Tərəfi hidroqovşaqların
və su elektrik stansiyalarının tikintisinin davam
etdirilməsini bu Saziş əsasında aparır.
Hidroqovşaqların və su elektrik
stansiyalarının istismarı, mühafizəsi,
saxlanılması, energetika və su ehtiyatlarından
istifadəsi bu Sazişin müddəalarına uyğun olaraq
həyata keçirilir.
Maddə
2
Tərəflər maddə 1-də
göstərilən vəzifələrin icrası
məqsədilə Birgə Texniki Komissiya yaradırlar.
Həmin Komissiyanın vəzifələri aşağıdakılardır:
a) görülmüş işləri
əks etdirən layihələrin faktiki vəziyyətlə
uyğunluğunun dəqiqləşdirilməsi;
b) hidroqovşaqların tikintisi
sahəsində görülmüş işlərin
həcmlərinin hesablanmasının yoxlanılması və
ona nəzarət edilməsi;
c) tikinti işlərinin mövcud
vəziyyətinin müəyyən edilməsi və icra
işlərinin sürətləndirilməsi;
d) tikintiyə aid olan xərclər
və tariflər barəsində ilkin razılaşmalar
nəzərə alınaraq tikinti işlərinin qiymətinin
müəyyən olunması və aidiyyəti orqanlara
məlumat verilməsi;
e) hidroqovşaqların tikintisi
nəticəsində dəymiş ziyanın ilkin
razılaşmalar çərçivəsində
müəyyən olunması və
razılaşdırılması;
f) Araz çayının su və enerji
ehtiyatlarından istifadə üzrə Daimi Komissiya ilə Araz
çayı üzərində tikilmiş
hidroqovşaqların və su elektrik stansiyalarının (“Araz”,
“Xudafərin”, “Qız qalası”, “Mil-Muğan”) istismarı
və saxlanması üzrə vahid rejimin və
Təlimatın hazırlanması sahəsində
əməkdaşlıq;
g) “Xudafərin” və “Qız qalası”
hidroqovşaqlarının və su elektrik stansiyalarının
istismarı və saxlanılması ilə bağlı
Təlimatların hazırlanması (adi şəraitdə
və təbii fəlakətlər zamanı).
Maddə
3
Tərəflər bu Müqavilənin
qüvvəyə minməsindən sonra maksimum bir ay
ərzində maddə 2-də göstərilmiş Birgə
Texniki Komissiyanın tərkibi haqqında diplomatik kanallar
vasitəsilə bir-birinə məlumat verəcəklər.
Birgə Texniki Komissiyanın
iclaslarının keçirilmə yeri, zamanı və onun
gündəliyi diplomatik kanallar vasitəsilə
razılaşdırılacaqdır.
Birgə Texniki Komissiyanın
fəaliyyəti üzrə səlahiyyətli orqanlar
Azərbaycan Respublikası tərəfindən Energetika
Nazirliyi və İran İslam Respublikası
tərəfindən Enerji Nazirliyidir.
Maddə
4
“Xudafərin” və “Qız qalası”
hidroqovşaqlarının və su elektrik stansiyalarının
tikintisi ilə əlaqədar Tərəflərin payına
düşən maliyyə xərcləri Birgə Texniki
Komissiya tərəfindən müəyyənləşdirildikdən
sonra Azərbaycan Respublikasının payına
düşən hissəsinin İran Tərəfinə
həmin hidroqovşaqların Azərbaycan Tərəfinin
mülkiyyətində olan su elektrik stansiyalarında istehsal
olunan elektrik enerjisi və ya digər vasitələrlə
ödənilməsi metodikası Birgə Texniki Komissiyanın
fəaliyyətə başlamasından on səkkiz ay
müddətində razılaşdırılaraq hər bir
ölkənin səlahiyyətli orqanlarına təqdim
olunacaqdır. Zərurət yarandığı
təqdirdə, Tərəflərin razılığı
ilə bu müddət uzadılacaqdır.
“Xudafərin” və “Qız qalası”
hidroqovşaqlarının və su elektrik stansiyalarının
tikintisi ilə bağlı Tərəflərə
dəyən ziyan qarşılıqlı hesablaşmalarda
nəzərə alınacaqdır.
Maddə
5
Hidroqovşaqlar və su elektrik
stansiyalarının qorunması, istifadəsi və
saxlanılmasından irəli gələn məsuliyyət
bərabər şəkildə Tərəflərin
üzərinə düşür. İran İslam
Respublikası mövcud şəraitdə, BMT
Qətnamələrinin tələblərinə uyğun olaraq
Azərbaycan Respublikasının ərazi
bütövlüyü bərpa olunanadək, bu
məsuliyyəti, fors-major hallar istisna olmaqla, öz
üzərinə götürür. Bununla əlaqədar
İran Tərəfindən elan olunan müvafiq xərclər
Birgə Texniki Komissiya tərəfindən təsdiq
edildikdən sonra Azərbaycan Tərəfinin payına düşən
hissə İran Tərəfinə ödəniləcəkdir.
Maddə
6
Tərəflər “Xudafərin” və
“Qız qalası” hidroqovşaqları və su elektrik
stansiyalarında su və enerji ehtiyatlarının
qorunmasının və istismarının müvəqqəti
və ya daimi olaraq üçüncü ölkənin fiziki
və hüquqi şəxslərinə verilməsini
qadağan edir.
Maddə
7
Tərəflərin “Xudafərin” və
“Qız qalası” hidroqovşaqlarının su ehtiyatlarından
istifadə etməsi bərabərlik prinsipi əsasında
həyata keçiriləcək və hər bir Tərəfin
su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi həmin
ölkəyə məxsus olacaqdır.
Hidroqovşaqlar və su elektrik
stansiyaları istismara verildiyi tarixdən etibarən,
Tərəflər arasında paritet əsasda
razılaşdırılmış qaydada İran
Tərəfinin “Qız qalası” hidroqovşağından
götürdüyü suyun həcminə bərabər
miqdarda suyu yolboyu təbii itkilər çıxılmaqla
Azərbaycan Tərəfi, hidroqovşaqlardan su
götürmək imkanı yarananadək Araz çayı
üzərindəki “Mil-Muğan” və “Bəhramtəpə”
hidroqovşaqlarında istifadə edəcəkdir.
Maddə
8
Azərbaycan Respublikasına məxsus
“Xudafərin” və “Qız qalası” su elektrik
stansiyalarında istehsal olunan elektrik enerjisi BMT
qətnamələrinin tələblərinə uyğun
olaraq, Azərbaycan Respublikasının ərazi
bütövlüyü bərpa olunanadək
qarşılıqlı razılaşma əsasında
yalnız İran İslam Respublikasının ərazisində
istifadə edilə bilər.
Azərbaycan Tərəfi bu su elektrik
stansiyalarında istehsal olunan elektrik enerjisini
qarşılıqlı razılaşma əsasında tranzit
ötürmə hüququna malikdir.
Hər ilin sonunda Azərbaycan
Tərəfinin enerji payı Birgə Texniki Komissiya
tərəfindən müəyyən olunacaq və
tariflərin razılaşdırılması yolu ilə
hesablaşma aparılacaqdır.
Maddə
9
Mövcud şəraitdə, BMT
qətnamələrinin tələblərinə uyğun olaraq
Azərbaycan Respublikasının ərazi
bütövlüyü bərpa olunanadək tikinti
işlərinə nəzarət və istismar prosesində
iştirakı məqsədilə Azərbaycan Respublikası
mütəxəssislərinin buraxılışı
üçün lazımi tədbirlərin
görülməsi İran İslam Respublikasının
öhdəsində olacaqdır.
Birgə Texniki Komissiya yuxarıda
göstərilən məsələlər üzrə
qaydaları müəyyən edəcəkdir.
Maddə
10
Bu Sazişin yuxarıda qeyd olunmuş
müddəaları yerinə yetirildikdən və Birgə
Texniki Komissiya tərəfindən son hesabat və
“Xudafərin” və “Qız qalası”
hidroqovşaqlarının istismarı üzrə Təlimat
və Qaydalar təqdim edildikdən və bu sənədlər
hər iki ölkənin səlahiyyətli orqanları
tərəfindən təsdiq edildikdən sonra Araz
çayının enerji və su ehtiyatlarından (“Araz” və
“Mil-Muğan” su qovşaqlarından) istifadə üzrə
Birgə Daimi Komissiya “Xudafərin” və “Qız qalası”
hidroqovşaqlarının və su elektrik stansiyalarının
istismarı üzrə Təlimat və Qaydaların icrası
üçün də məsuliyyət daşıyacaqdır.
Maddə
11
Tərəflər tarixi “Xudafərin”
körpülərinin bərpası, qorunması və
saxlanması üzrə tədbirlər planını
hazırlayacaqlar. İran İslam Respublikası hazırkı
şəraitdə qeyd olunan Planın icrasını, fors-major
şəraiti istisna olmaqla, birtərəfli qaydada öz
üzərinə götürür. Həmin Planın
icrasına çəkilən xərclərdə
Azərbaycanın payı Birgə Texniki Komissiyada
razılaşdırıldıqdan sonra həmin
məbləği Azərbaycan Tərəfi İran
Tərəfinə ödəyəcəkdir.
Tərəflər “Xudafərin”
körpülərinin Dünya İrs Siyahısına
salınması üçün müvafiq sənədləri
birgə hazırlayaraq, qeydə alınması üçün
YUNESKO-nun Dünya İrs Mərkəzinə təqdim
edəcəklər.
Maddə
12
Tərəflər ətraf mühitin
qorunması sahəsində maksimum dərəcədə
səy göstərəcək və Birgə Texniki
Komissiyanın qərarları çərçivəsində
bu istiqamətdə müvafiq tədbirlər
görəcəklər.
Tərəflər “Xudafərin” və
“Qız qalası” hidroqovşaqlarının və su elektrik
stansiyalarının istismarı müddətlərində
baş verə biləcək ekoloji təhlükələrin təhlilini
aparacaq və onların qarşısının alınması
üzrə razılaşdırılmış
tədbirlər həyata keçirəcəklər.
Birgə Texniki Komissiya istismar
müddətində “Xudafərin” və “Qız qalası”
hidroqovşaqlarının su anbarlarında təbii bioresursların
mühafizəsi və onlardan birgə istifadə
qaydalarını hazırlayıb
razılaşdıracaqdır.
Maddə
13
Tərəflər təbii
fəlakətlərin və texnogen halların
qarşısının alınması, onunla mübarizə
və təsirlərinin azaldılması sahəsində
əməkdaşlıq edəcəklər.
Hidrotexniki qurğularda və su elektrik
stansiyalarında baş verə biləcək təbii
(daşqın, zəlzələ və sair) və texnogen
(yanğın, qəza, partlayış, qurğuların
uçması və sair) xarakterli fövqəladə
halların zərərli təsirlərinin
proqnozlaşdırılması, əhalinin bu barədə
məlumatlandırılması və fövqəladə
halların qarşısının alınması
üçün monitorinq və xəbərdarlıq sistemi
yaradılacaq və qabaqlayıcı kompleks, tədbirlərin
həyata keçirilməsi məqsədilə Birgə Texniki
Komissiya tərəfindən birgə fəaliyyət planı
hazırlanacaqdır.
Maddə
14
Hazırkı dövlət sərhəd
xətti hidroqovşaqlar su ilə doldurulduqdan sonra
razılaşdırılmış metodlar əsasında suyun
səthində müəyyən ediləcək, nişanlanacaq
və hər iki ölkənin dövlət sərhədi
olacaqdır.
Maddə
15
Tərəflərin
qarşılıqlı razılığı ilə bu
Sazişə onun ayrılmaz hissəsi olacaq ayrı-ayrı
protokollarla rəsmiləşdirilən və 17-ci
maddədə nəzərdə tutulan qaydada qüvvəyə
minəcək əlavə və dəyişikliklər
edilə bilər.
Maddə
16
Bu Sazişin müddəalarının
təfsiri və yerinə yetirilməsi zamanı yarana
biləcək fikir ayrılıqları Tərəflər
arasında anlaşma və əməkdaşlıq
mühitində diplomatik danışıqlar və
məsləhətləşmələr vasitəsilə
həll ediləcəkdir.
Maddə
17
Bu Saziş onun qüvvəyə
minməsi üçün Tərəflərin
dövlətdaxili prosedurlarının yerinə yetirildiyi
barədə bir-birinə diplomatik kanallar vasitəsilə
göndərdikləri sonuncu yazılı bildirişin
alındığı tarixdə qüvvəyə minir və
qeyri-müəyyən müddətə bağlanılır.
Bu Saziş Tehran şəhərində
23 fevral 2016-cı il tarixində, hər biri Azərbaycan, fars
və ingilis dillərində olmaqla, iki əsl
nüsxədə imzalanmışdır, bütün
mətnlər eyni qüvvəyə malikdir. Bu Sazişin
təfsirində fikir ayrılığı yarandıqda,
ingilis dilindəki mətn əsas
götürüləcəkdir.
Azərbaycan
Respublikası |
İran
İslam Respublikası |
Hökuməti
adından |
Hökuməti
adından |
(imza) |
(imza) |