Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli
və Zərdab neft yataqlarının daxil olduğu blokun bərpası,
kəşfiyyatı, işlənməsi və hasilatın pay
bölgüsü haqqında Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti, Zenit Aran Oil Company Limited və
SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul
və təsdiq edilməsi, həyata keçirilməsinə
icazə verilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikası Prezidentinin ”Azərbaycan Respublikasında
Muradxanlı, Cəfərli və Zərdab neft
yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsü
haqqında” 2015-ci il 7 oktyabr tarixli 1439 nömrəli Sərəncamına
uyğun olaraq, 2016-cı il martın 16-da Azərbaycan Respublikasının
Dövlət Neft Şirkəti ("ARDNŞ"), Zenit Aran
Oil Company Limited (“Zenit”) və SOCAR-ın Ortaq Neft Şirkəti
("ONŞ") arasında Saziş
bağlanmışdır.
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə
əsasən qərara alır:
1.
“Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və
Zərdab neft yataqlarının daxil olduğu blokun bərpası,
kəşfiyyatı, işlənməsi və hasilatın pay
bölgüsü haqqında” Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti, Zenit Aran Oil Company Limited və
SOCAR-ın Ortaq Neft Şirkəti arasında Saziş (bundan
sonra "Saziş" adlanacaq) qəbul və təsdiq edilsin,
onun həyata keçirilməsinə icazə verilsin.
2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26
aprel tarixli 173 nömrəli qərarı ilə Sazişdə
iştirak edən Podratçılara verilən Azərbaycan
Respublikası Hökumətinin təminatı və öhdəlikləri
(bundan sonra "Hökumət təminatı" adlanacaq) qəbul
edilsin və onların həyata keçirilməsinə icazə
verilsin.
3.
Sazişin əsas mətninə edilmiş on (10) Əlavə və
bir (1) Qoşma (bundan sonra “Əlavələr” adlanacaq) qəbul
edilsin və onların həyata keçirilməsinə icazə
verilsin.
4.
Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət
təminatı və Əlavələr Qanun olurlar. Sazişdə
konkret surətdə başqa hallar göstərilməyibsə,
Saziş, Hökumət təminatı və Əlavələr
Sazişin qüvvədə olduğu müddət ərzində
bu Sazişə, Hökumət təminatına və Əlavələrə
uyğun gəlməyən və ya zidd olan Azərbaycan
Respublikasının hər hansı başqa mövcud və ya
qəbul oluna biləcək qanunlarının, fərmanlarının,
yaxud inzibati sərəncamlarının (və ya onların
hissələrinin) müddəalarından üstün tutulur.
5.
Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə
tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində
əvvəllər bağlanmış hər hansı
saziş, kontrakt və ya bu cür başqa sənədlə
verilə bilən bütün digər hüquq və vəzifələr
ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən
sonra Sazişin, Hökumət təminatının və
Əlavələrin şərtlərinə müvafiq surətdə
və qüvvədə olduğu bütün müddət ərzində
Sazişin pay iştirakçılarına kontrakt sahəsində
neft-qaz əməliyyatları aparmaq üçün müstəsna
hüquq verilir.
6.
Bu Qanun qüvvəyə mindikdən sonra
Podratçının (və ya onun hüquq varislərinin)
Saziş, Hökumət təminatı və Əlavələr
üzrə əldə etdiyi hüquqlar və mənafelər
Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə,
düzəldilə və ya azaldıla bilməz.
7.
Sazişdən irəli gələn hüquq və öhdəliklərin
yerinə yetirilməsi üçün Sazişin
iştirakçılarına bütün lazımi lisenziyalar,
gömrük icazələri, vizalar, başqa səlahiyyətlər
və sanksiyalar verilir.
8.
Sazişə və ya Əlavələrə hər hansı əlavələr,
düzəlişlər, dəyişikliklər yalnız
Sazişin və Əlavələrin tərəflərinin
yazılı razılığı ilə edilir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
14 iyun 2016-cı il
№278-VQ