Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydasının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki, Dövlət satınalmaları haqqında Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

2. Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydasının 3.1.1-ci yarımbəndinə uyğun olaraq, satınalan təşkilatların ərzaq məhsullarına tələbatı barədə məlumatların formasını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. həmin Qaydanın 3.1.2-ci yarımbəndinə uyğun olaraq, satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elanın formasını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. həmin Qaydanın 3.9-cu bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə tədarük və təchizat agenti arasında, satınalan təşkilatlarla tədarük və təchizat agenti arasında və tədarük və təchizat agenti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan müqavilələrin nümunəvi formalarını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. həmin Qaydanın 4.2-ci bəndinə uyğun olaraq, satınalan təşkilatlarla tədarük və təchizat agenti arasında, tədarük və təchizat agenti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan müqavilələr barədə məlumat formasını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.8. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

4. Aqrar tədarük və təchizat Açıq Səhmdar Cəmiyyəti:[1]

4.1. bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydasına uyğun olaraq Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı elektron portalını Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə yaratsın və onun istifadəyə verilməsini iki ay müddətində təmin etsin; [2]

4.2. bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydasının müddəalarının və Satınalan təşkilatların ərzaq məhsullarına olan tələbatı elektron portalının iş prinsipinin izahı ilə bağlı mütəmadi olaraq kütləvi informasiya vasitələrində məlumat verilməsini, habelə sosial reklamların hazırlanmasını və yayılmasını təmin etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydasının 3.3-cü bəndinə uyğun olaraq, satınalan təşkilatlar üzrə ərzaq məhsullarının dəyərinin satınalan təşkilatlara ayrılması barədə məlumatın formasını bir ay müddətində müəyyən etsin.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 aprel 2016-cı il

859

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Dövlət satınalmaları haqqında Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının (dövlət taxıl fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması qaydasını tənzimləyir.

1.2. Bu Qaydanın məqsədi kənd təsərrüfatı məhsullarının istehsalını və (və ya) emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinin prosedur və prinsiplərini, həmçinin bu məhsulların dəyərinin hesablanması ilə bağlı meyarları və digər prinsipləri müəyyənləşdirməkdir.

 

2. Əsas anlayışlar

 

2.0. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:

2.0.1. ərzaq məhsulları insanın təbii və ya emal olunmuş halda istifadə etdiyi bitki və ya heyvan mənşəli qida məhsulları;

2.0.2. satınalan təşkilat dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satınalan dövlət müəssisə və təşkilatları (idarələri);

2.0.3. tədarük və təchizat agenti Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan, əsas məqsədi ərzaq məhsullarının istehsalçılarından və satıcılarından belə məhsulların alınmasını, tədarük edərək satınalan təşkilatlara təqdim olunmasını təmin edən hüquqi şəxs.

 

3. Ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması proseduru

 

3.1. Ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması proseduru aşağıdakı qaydada həyata keçirilir:

3.1.1. satınalan təşkilatlar növbəti il üzrə ərzaq məhsullarına tələbatları barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi formaya uyğun məlumatları hər il iyulun 1-dək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edirlər. Satınalan təşkilatlar tərəfindən növbəti il üzrə ərzaq məhsullarına tələbatlar həmin satınalan təşkilatlara bu məqsədlər üçün dövlət büdcəsindən ayrılmış vəsaitlər nəzərə alınmaqla müəyyən edilir;

3.1.2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi formada hər il avqustun 1-dək elektron portalda yerləşdirir;

3.1.3. satınalma qiymətləri elanın yerləşdirildiyi vaxt üçün ərzaq məhsullarının topdansatış bazar qiymətlərindən aşağı olmamalıdır. Ərzaq məhsullarının hər bir növü üzrə satınalma qiymətini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi müəyyən edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi rübdə bir dəfədən az olmayaraq ərzaq məhsullarının hər bir növü üzrə topdansatış bazar qiymətlərini müəyyən etmək üçün araşdırmalar aparırlar. Məhsulların qiyməti sonradan dəyişdikdə qiymətlərə yenidən baxılır;

3.1.4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi hər il sentyabrın 1-dək satın alınması nəzərdə tutulan ərzaq məhsullarının hər növü üzrə yerli istehsalçıların istehsal potensialı və onlar barədə məlumatları özünün dövlət aqrar inkişaf mərkəzləri vasitəsilə toplayır və elektron portalda yerləşdirir. Satın alınması nəzərdə tutulan ərzaq məhsulunu satmaq arzusunda olan istehsalçı öz adını elektron portalda aşkar etmədikdə, o, özü fərdi qaydada Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan istənilən ASAN xidmət mərkəzinə və ya tədarük və təchizat agentinə müraciət edə bilər. Müraciət edildiyi halda həmin istehsalçı ilə bağlı məlumatlar dərhal elektron portala əlavə edilməli və müraciət edən şəxsə bu barədə məlumat verilməlidir. Ərzaq məhsullarının istehsalçıları həmin məhsulları təqdim etmək niyyəti (öz istəyi ilə təklif etdiyi qiymət) barədə hər il sentyabrın 1-dək bilavasitə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə məlumat verir və nazirlik 2 (iki) iş günü müddətində həmin satıcının adı və təklif etdiyi məhsullar barədə məlumatı (qiymət təklif edildiyi halda qiyməti də) elektron portalda yerləşdirir;[3]

3.1.5. tədarük və təchizat agenti elektron portalda yerləşdirilən istehsalçıların fəaliyyətinin monitorinqini aparmaq və onlardan istehsal imkanları barədə yazılı və şifahi məlumatlar almaq hüququna malikdir. Tədarük və təchizat agenti istehsalçının elektron portalda yerləşdirilən istehsal həcmini təmin etmək imkanında olmaması barədə əsaslı faktlar əldə etdikdə, elektron portalda olan məlumatlarda düzəliş edir və bu barədə həmin istehsalçıya məlumat verir;[4]

3.1.6. ərzaq məhsullarının alınmasına dair bu Qaydanın 3.1.2-ci yarımbəndi ilə müəyyən edilən elanın şərtlərinə uyğun gələn təklif həmin məhsullara tələbatdan çox olmadıqda, bütün iştirakçıların təklifləri qəbul edilir;

3.1.7. ərzaq məhsullarının alınmasına dair bu Qaydanın 3.1.2-ci yarımbəndi ilə müəyyən edilən elanın şərtlərinə uyğun gələn təklif həmin məhsullara tələbatdan çox olduqda yerli istehsalçılara üstünlük verilir;

3.1.8 ərzaq məhsullarının alınmasına dair bu Qaydanın 3.1.2-ci yarımbəndi ilə müəyyən edilən elanın şərtlərinə uyğun gələn təklif həmin məhsullara tələbatdan az olduqda, tədarük və təchizat agenti tələbatın təklifdən artıq hissəsini bu Qaydanın 3.1.3-cü yarımbəndində müəyyən edilmiş qiymətlər çərçivəsində digər şəxslərdən ala bilər, bu mümkün olmadıqda isə özü idxal edə bilər.

3.2. Tədarük və təchizat agenti ilə ərzaq məhsullarının istehsalçıları və satıcıları arasında hər il oktyabrın 1-dək növbəti il üçün müqavilə bağlanır.

3.3. Növbəti il üçün ərzaq məhsullarına dair tələbat müəyyən olunduqdan sonra satınalan təşkilatlar üzrə həmin məhsulların dəyərinin 25 faizindən az olmamaqla satınalan təşkilatlara avans məbləğinin ayrılması barədə oktyabrın 5-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin müəyyən etdiyi formada Aqrar tədarük və təchizat Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verir.[5]

3.4. Satınalan təşkilatlar imzalanmış müqavilənin bir nüsxəsini və avans məbləğinin ödəniş tapşırığını dövlət xəzinədarlıq orqanlarına hər il oktyabr ayının 5-dək təqdim edirlər. Qeyd olunan sənədlər dövlət xəzinədarlıq orqanlarına elektron qaydada da təqdim oluna bilər. Dövlət xəzinədarlıq orqanları hər il oktyabrın 10-dək avans məbləğini satınalan təşkilatların hesabına köçürürlər.

3.5. Satınalan təşkilatlar növbəti ildə alınacaq ərzaq məhsulları üçün ayrılmış vəsaitləri cari ilin oktyabrın 20-dək tədarük və təchizat agentinin hesabına köçürürlər.

3.6. Tədarük və təchizat agentinin aşağıdakı öhdəlikləri vardır:

3.6.1. elektron portalda göstərilən ərzaq məhsullarının istehsalçıları və ya satıcıları ilə növbəti il üçün cari ilin oktyabr ayının 1-dək müqavilələrin bağlanılması;[6]

3.6.2. satınalan təşkilatlarla növbəti il üçün cari ilin oktyabr ayının 1-dək müvafiq müqavilələrin bağlanılması;

3.6.3. növbəti ildə təqdim ediləcək ərzaq məhsullarının istehsalçılarına və ya satıcılarına bu Qaydanın 3.1.3-cü yarımbəndində müəyyən edilmiş qiymətlərə uyğun olaraq həmin məhsulların (emal olunmuş ərzaq məhsulları istisna olmaqla) dəyərinin 25 faizinin oktyabrın 30-dək avans qismində ödənilməsi;

3.6.4. ərzaq məhsullarının satıcılardan qəbul edilməsi, satınalan təşkilata təqdim edilənədək saxlanması və həmin təşkilatlarla bağlanılmış müqavilədə müəyyən edilən qaydada topdansatış şərtlərlə təhvil verilməsi;

3.6.5. müqavilə şərtlərinə uyğun məhsulların satınalan təşkilatlara təqdim edilməsi;

3.6.6. ay ərzində alınmış ərzaq məhsullarının dəyərinin (avans qismində ödənilmiş məbləğ nəzərə alınmaqla) növbəti ayın 5-dək istehsalçılara və satıcılara ödənilməsi;

3.6.7. tədarük olunan ərzaq məhsullarının korlanma və məhv olmadan sığortalanması.

3.7. Tədarük və təchizat agentinin istehsalçılardan və ya satıcılardan aldığı ərzaq məhsullarının bu Qaydanın 3.1.3-cü yarımbəndinə uyğun müəyyən edilmiş qiymətlərinə və ya bu Qaydanın 3.1.8-ci yarımbəndinə uyğun olan faktiki idxal qiymətlərinə (idxal rüsumları nəzərə alınmaqla) tətbiq edilən ticarət əlavəsi 20%-dən çox ola bilməz.

3.8. Satınalan təşkilatlarla tədarük və təchizat agenti arasında bağlanılan müqaviləyə ərzaq məhsullarının tədarük və təchizat agentinin anbarlarından təhvilverilmə cədvəli əlavə olunmalıdır və təhvil dövriliyi (istifadə müddəti bir aydan az olan məhsullar və müqavilədə başqa cür razılaşdırılan hallar istisna olmaqla) ayda bir dəfədən çox olmamalıdır. Həmin cədvəl üzrə tədarük və təchizat agenti tərəfindən satınalan təşkilatlara ərzaq məhsullarının təhvili müqabilində satınalan təşkilatlar məhsulların təhvilverilmə tarixindən ən geci sonrakı təqvim ayının 10-dək təhvil alınmış məhsulun dəyərinin aşağıda göstərilən düstura uyğun olaraq, avans ödənişi nəzərə alınmaqla tədarük və təchizat agentinə ödənilməsini təmin edir:

 

ÖM = ƏD+TƏ AV

ÖM ödənilən məbləğ,

ƏD təhvil alınmış ərzaq məhsullarının dəyəri,

TƏ ticarət əlavəsinin məbləği,

AV avans məbləğinin xüsusi çəkisi.

 

3.9. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə tədarük və təchizat agenti arasında, satınalan təşkilatlarla tədarük və təchizat agenti arasında və tədarük və təchizat agenti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan müqavilələrin nümunəvi formaları Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

 

4. Yekun müddəalar

 

4.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə tədarük və təchizat agenti arasında bağlanılmış müqavilənin surətini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 5 iş günü müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

4.2. Bu Qaydanın tələblərinə uyğun olaraq satınalan təşkilatlarla tədarük və təchizat agenti arasında, tədarük və təchizat agenti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan müqavilələr barədə məlumat tədarük və təchizat agenti Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formada oktyabrın 10-dək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

4.3. Bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulan avans məbləği, həmin məbləğin tədarük və təchizat agentinə ödənilməsi müddətləri və şərtləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin birgə razılığı ilə dəyişdirilə bilər.[7]

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 sentyabr 2016-cı il tarixli 1049 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 1 oktyabr 2016-cı il, 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1486)

2.       2 noyabr 2018-ci il tarixli 324 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 3 noyabr 2018-ci il, 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 11, maddə 2237)

  1. 10 aprel 2019-cu il tarixli 619 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 12 aprel 2019-cu il, 78, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 619)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 sentyabr 2016-cı il tarixli 1049 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 1 oktyabr 2016-cı il, 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1486) ilə 4-cü hissədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sözləri Ərzaq məhsullarının tədarükü və təchizatı Açıq Səhmdar Cəmiyyəti sözləri ilə əvəz edilmişdir.

 

10 aprel 2019-cu il tarixli 619 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 12 aprel 2019-cu il, 78, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 619) ilə 4-cü hissədə Ərzaq məhsullarının tədarükü və təchizatı sözləri Aqrar tədarük və təchizat sözləri ilə əvəz edilmişdir.

 

[2] 10 aprel 2019-cu il tarixli 619 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 12 aprel 2019-cu il, 78, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 619) ilə 4.1-ci bənd ləğv edilmişdir.

 

[3] 30 sentyabr 2016-cı il tarixli 1049 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 1 oktyabr 2016-cı il, 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1486) ilə 3.1.4-cü yarımbənddə ASAN xidmət mərkəzinə sözlərindən sonra və ya tədarük və təchizat agentinə sözləri əlavə edilmişdir.

2 noyabr 2018-ci il tarixli 324 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 3 noyabr 2018-ci il, 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 11, maddə 2237) ilə Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydasının 3.1.4-cü yarımbəndinin birinci cümləsində rayon və şəhər idarələri sözləri dövlət aqrar inkişaf mərkəzləri sözləri ilə əvəz edilmişdir.

 

[4] 30 sentyabr 2016-cı il tarixli 1049 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 1 oktyabr 2016-cı il, 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1486) ilə 3.1.5-ci bənddə düzəliş edilməsi üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və həmin istehsalçıya müraciət edir; sözləri düzəliş edir və bu barədə həmin istehsalçıya məlumat verir; sözləri ilə əvəz edilmişdir.

 

[5] 30 sentyabr 2016-cı il tarixli 1049 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 1 oktyabr 2016-cı il, 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1486) ilə 3.3-cü bənddə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sözləri Ərzaq məhsullarının tədarükü və təchizatı Açıq Səhmdar Cəmiyyəti sözləri ilə əvəz edilmişdir.

 

10 aprel 2019-cu il tarixli 619 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 12 aprel 2019-cu il, 78, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 619) ilə Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydasının 3.3-cü bəndində Ərzaq məhsullarının tədarükü və təchizatı sözləri Aqrar tədarük və təchizat sözləri ilə əvəz edilmişdir.

 

[6] 30 sentyabr 2016-cı il tarixli 1049 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 1 oktyabr 2016-cı il, 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1486) ilə 3.6.1-ci yarımbənddə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin sözləri Ərzaq məhsullarının tədarükü və təchizatı Açıq Səhmdar Cəmiyyətinin sözləri ilə əvəz edilmişdir.

 

10 aprel 2019-cu il tarixli 619 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 12 aprel 2019-cu il, 78, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 619) ilə Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydasının 3.6.1-ci yarımbəndində Ərzaq məhsullarının tədarükü və təchizatı Açıq Səhmdar Cəmiyyətinin elektron portalında sözləri elektron portalda sözləri ilə əvəz edilmişdir.

 

[7] 30 sentyabr 2016-cı il tarixli 1049 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 1 oktyabr 2016-cı il, 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1486) ilə 4.3-cü bənddən və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin birgə sözləri çıxarılmışdır.