Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Dövlət qulluğu üçün kadrların seçilməsini və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına əsaslanaraq, təhsil müəssisələrinə tələbə qəbulunu beynəlxalq təcrübəyə uyğunlaşdırmaq məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasında dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədi ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs yaradılsın.[1]

2. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin təsisçisinin aşağıdakı səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir:

3.1. Nizamnamənin təsdiqi;

3.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

3.3. icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi.

4. Müəyyən edilsin ki:

4.1. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurasıdır. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədrinin, sədr müavinlərinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir;

4.2. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin ilkin nizamnamə fondu Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 1 (bir) milyon manatdır.

5. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilsin və onların istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin balansına verilsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.4. bu Fərmanın 5-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının istifadəsində olan dövlət əmlakının Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin balansına verilməsini təmin etsin;

6.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

8.1. bu Fərmanın 4.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin ilkin nizamnamə fondunun formalaşdırılması ilə bağlı məsələləri həll etsin;

8.2. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin ilkin mərhələdə fəaliyyətini Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üçün nəzərdə tutulmuş xərclər hesabına təmin etsin.

9. Ləğv edilənədək Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən qəbul edilmiş normativ hüquqi aktlarda dəyişikliklər etmək, həmin aktların qüvvəsini dayandırmaq və ləğv etmək səlahiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinə verilsin.

10. Azərbaycan Respublikası Vergilər Nazirliyi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 aprel 2016-cı il

860

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin

 

NİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra Mərkəz) dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını) həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.[2]

1.2. Mərkəz öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Nizamnaməni rəhbər tutur.

1.3. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Mərkəzin müstəqil balansı, banklarda hesablaşma və digər hesabları, üzərində öz adı həkk olunmuş möhürü, ştampları və blankları, loqotipi (emblemi) vardır.

1.5. Mərkəz Bakı şəhərində yerləşir.

 

2. Mərkəzin vəzifələri

 

2.1. Mərkəzin əsas vəzifələri aşağıdakılardır:

2.1.1. dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;[3]

2.1.1-1. Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edir;[4]

2.1.2. ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir.[5]

2.1.3. orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrinə ixtisaslar üzrə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, bakalavriat səviyyəsində hazırlıq qruplarına keçid ballarını, o cümlədən ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, müəyyən edir;[6]

2.1.3-1. Təhsil haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda buraxılış imtahanlarını keçirir;[7]

2.1.3-2. Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, peşəkar mühasib sertifikatının verilməsi məqsədi ilə imtahanlar keçirir və imtahanlardan müvəffəqiyyətlə keçən şəxslərə sertifikat verir;[8]

2.1.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici dövlətlərin ali təhsil müəssisələrinə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulunu həyata keçirir;

2.1.5. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet portalının yaradılmasını, malik olduğu və siyahısı İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin portalda yerləşdirilməsini və bu informasiyanın daim yeniləşdirilməsini təmin edir;[9]

2.1.6. yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədi ilə ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirir;

2.1.7. imtahan fənləri üzrə qəbul proqramlarını hazırlayır və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, təsdiq edir;

2.1.8. ölçmə-qiymətləndirmə materiallarının nümunələrini rəy bildirmək üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edir;

2.1.9. təhsil müəssisələrinin qəbul göstəricilərini və ixtisasları elan edir, sənədlərin qəbulu və imtahanların keçirilməsi haqqında qərarlar qəbul edir, sənədlərin qəbulunu təşkil edir;

2.1.10. tələbə qəbulu kampaniyası ilə bağlı bütün təşkilati və metodik işləri aparır, proqram və texniki təminatı layihələndirir və tətbiq edir, bu məqsədlə müxtəlif daimi və müvəqqəti qurumlar yaradır;

2.1.11. abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirir;

2.1.12. Azərbaycan Respublikasının Prezidentinə tələbə qəbulu ilə, dövlət qulluğuna qəbulla və inzibati vəzifələrin tutulması ilə bağlı vaxtaşırı məlumat və hesabatlar təqdim edir;[10]

2.1.13. qəbul kampaniyasının keçirildiyi müddətdə müxtəlif bölgələrdə sənəd qəbulu komissiyaları yaradır və onların fəaliyyətinə nəzarət edir;

2.1.14. abituriyentlər, təhsil müəssisələri, təşkilatlar, onların vəzifəli şəxsləri və digər şəxslər tərəfindən qəbul prosesi və ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi zamanı yol verilmiş pozuntu hallarının aradan qaldırılması ilə bağlı təqdimat verir və pozuntu halları barədə səlahiyyətli dövlət orqanlarına məlumat verir;[11]

2.1.15. müasir informasiya texnologiyaları tətbiq etməklə, tələbələr və magistrlər haqqında informasiya resurslarını formalaşdırır və onların analitik təhlilini aparır;

2.1.15-1. peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirmiş gənclərin uçotunu elektron qaydada aparır;[12]

2.1.16. ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən bütün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında elmi-metodik monitorinqini həyata keçirir;

2.1.17. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxır və müvafiq tədbirlər görür;

2.1.18. dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanının məzmununu və proqramlarını təsdiq edir, inzibati vəzifələrin tutulması üzrə müsahibə proqramlarının hazırlanmasında iştirak edir və təsdiqinə razılıq verir, təsdiq edilmiş test imtahanı və müsahibə proqramlarını internet portalında yerləşdirir;

2.1.19. Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanından keçən şəxsə sertifikat verir;

2.1.20. dövlət qulluğu üzrə verdiyi sertifikatların uçotunu aparır;

2.1.21. müsabiqəyə çıxarılan dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi ümumi şərtlərə uyğun hazırlanmasını təmin edir;

2.1.22. dövlət orqanları tərəfindən müsahibə elan edilməsi nəzərdə tutulan vakant dövlət qulluğu vəzifələrinə dair müsahibə məlumatlarının (müvafiq vəzifə üzrə vəzifə təlimatının, müsahibə proqramlarının, müsahibə elanının, müsahibənin keçirilmə qrafikinin, keçirilmiş müsahibənin nəticələrinin) internet portalında yerləşdirilməsini təmin edir;

2.1.23. müsahibədə iştirak etmək istəyən şəxsin müraciətinin və müsahibədə iştirak üçün tələb olunan sənədlərin internet portalı vasitəsilə dövlət orqanlarına təqdim olunmasını təmin edir;

2.1.24. Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət orqanının yaratdığı müsahibə komissiyasının tərkibinə nümayəndələr təqdim edir;

2.1.25. dövlət orqanlarının nümayəndələri və müstəqil ekspertlər üçün müsahibənin aparılması üzrə təlimlər təşkil edir;

2.1.26. imtahanlarla, o cümlədən dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanları ilə, inzibati vəzifələrin tutulması üzrə müsahibələrlə bağlı xüsusi halların araşdırılması üçün komissiyalar yaradır;

2.1.27. buraxılış və qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparır və nəticələrini Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edir;

2.1.28. dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənir və bu barədə hesabat hazırlayır;

2.1.29. dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə dair təkliflər verir;

2.1.30. dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənir və bu barədə məlumatları ümumiləşdirir;

2.1.31. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikası Qanununun müddəalarının pozulması ilə bağlı şikayətlər və məlumatlar qəbul edir;

2.1.32. dövlət qulluqçularının etik davranış məsələləri üzrə araşdırmalar aparır, tövsiyələr və məruzələr tərtib edir;

2.1.33. daxil olmuş materiallarda hüquqpozmaların əlamətləri olduqda, həmin materialları yoxlanılmaq üçün müvafiq orqanlara göndərir;

2.1.34. dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat verir və yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir;

2.1.35. dövlət qulluğu və dövlət qulluqçularının etik davranış məsələləri barədə maarifləndirmə işi aparır;

2.1.36. dövlət qulluqçularının reyestrini aparır və dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə məlumatların həmin reyestrə daxil edilməsini təmin edir;

2.1.37. müvafiq sahədə kadr hazırlığını təmin edir, həmçinin mütəxəssislərin əlavə təhsili üçün tədbirlər görür.[13]

 

3. Mərkəzin hüquqları

 

3.1. Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

3.1.1. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, fəaliyyət istiqamətləri üzrə normativ və qeyri-normativ hüquqi aktların layihələrini hazırlamaq və təqdim etmək və ya onların hazırlanmasında iştirak etmək;

3.1.2. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə öz fəaliyyət istiqamətlərinə aid məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan məlumatlar (sənədlər) almaq;

3.1.2-1. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, elmi tədqiqatlar aparmaq;

3.1.2-2. fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət informasiya sistemlərindən və ehtiyatlarından, o cümlədən Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən informasiya almaq;

3.1.2-3. dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək;

3.1.2-4. dövlət qulluğunda təlim tələbatını müəyyən etmək, dövlət qulluqçuları üçün təlim strategiyasını hazırlamaq və dövlət orqanlarına dövlət qulluqçularının əlavə təhsili barədə təkliflər vermək;

3.1.2-5. ilk dəfə dövlət qulluğuna qəbul olan şəxslər üçün dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi, etik davranış, maraqlar toqquşması, korrupsiyaya qarşı mübarizə və s. məsələlər üzrə, rəhbər vəzifə tutan dövlət qulluqçuları üçün isə idarəetmə və komanda qurmaq və s. məsələlər üzrə təlim kursları təşkil etmək;

3.1.2-6. dövlət qulluğunun inkişafına yönəlmiş dövlət və beynəlxalq proqramların həyata keçirilməsində iştirak etmək, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət qulluğu məsələləri üzrə beynəlxalq əməkdaşlığı həyata keçirmək;

3.1.2-7. dövlət qulluğu və tələbə qəbulu məsələləri üzrə beynəlxalq və qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müstəqil ekspertlərlə əməkdaşlıq etmək;

3.1.2-8. daxil olmuş şikayətlər və məlumatlardan irəli gələn məsələlərin həlli üzrə təkliflər, tövsiyələr və təqdimatlar vermək;[14]

3.1.3. dövlət orqanlarından vakant olan dövlət qulluğu vəzifələrinin siyahılarını, dövlət orqanları tərəfindən barəsində müsahibə elan edilməsi nəzərdə tutulan vakant dövlət qulluğu vəzifələrinə dair müsahibə məlumatlarını və vakant vəzifəyə təyinata dair məlumatı tələb etmək;[15]

3.1.4. müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

3.1.5. imtahanların keçirilməsi ilə bağlı xüsusi halların araşdırılması üçün müvəqqəti komissiyalar yaratmaq;[16]

3.1.6. konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.1.7. qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparmaq və nəticələrini Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etmək;[17]

3.1.8. müxtəlif qurumların (şəxslərin) müraciəti əsasında tələb olunan sahədə şəxsin bilik səviyyəsini qiymətləndirmək;

3.1.9. test bankının formalaşdırılması, elmi-metodik və proqram təminatının yaradılması və təkmilləşdirilməsi məqsədi ilə işçi qruplar, ekspert şuraları və elmi-metodik seminarlar təşkil etmək;

3.1.10. abituriyentlərin test üsulu ilə imtahanlara hazırlaşmasına kömək məqsədi ilə ödənişli əsaslarla sınaq imtahanları keçirmək, ödənişli elektron xidmətlər göstərmək və müqavilə əsasında hazırlıq kursları, təlimlər təşkil etmək;[18]

3.1.10-1. təsərrüfat cəmiyyətləri yaratmaq;[19]

3.1.11. test imtahanlarının məzmunu və mahiyyəti haqqında müxtəlif metodik vəsaitlər və test topluları hazırlamaq, bu materialları təqdim etmək, internet portalında yerləşdirmək və ya dərc etmək;[20]

3.1.12. yaradılmış test bankının mütəmadi təftişini aparmaq;

3.1.13. həyata keçirilən tədbirlərlə bağlı ictimaiyyətin məlumatlandırılması, abituriyentlərə metodik materialların çatdırılması üçün özünün mətbu orqanını təsis etmək, jurnal, bülleten və digər nəşrlər dərc etmək;

3.1.14. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə, o cümlədən beynəlxalq imtahanları keçirən təşkilatlarla əməkdaşlıq etmək, beynəlxalq imtahanların Azərbaycan Respublikasında keçirilməsini təmin etmək.

 

4. Mərkəzin idarə olunması

 

4.1. Mərkəzi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr, 2 sədr müavini və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə Direktorlar Şurası (bundan sonra Şura) idarə edir.

4.2. Şuranın iclasları ayda bir dəfədən az olmayaraq keçirilir. Şuranın növbədənkənar iclasları Şura üzvlərinin yarıdan çoxunun və ya Şura sədrinin təşəbbüsü ilə keçirilir.

4.3. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Şuranın qərarları Şura üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Səslər bərabər olduqda, Şura sədrinin səsi həlledici sayılır. Şuranın qərarları Şura sədri tərəfindən imzalanır.

4.4. Şuranın səlahiyyətləri aşağıdakılardır:

4.4.1. Mərkəzin fəaliyyətinin əsas istiqamətlərini və inkişaf strategiyasını müəyyənləşdirmək;

4.4.2. Mərkəzin fəaliyyətinin kompleks və ayrı-ayrı sahələrinin yoxlanılması barədə qərar qəbul etmək;

4.4.3. Mərkəzin strateji inkişaf istiqamətlərinə dair təkliflər vermək;

4.4.4. Mərkəzə əlavə maliyyə vəsaitinin cəlb olunmasına və onun maddi-texniki bazasının təkmilləşdirilməsinə dair təkliflər vermək;

4.4.5. Mərkəzin maliyyə fondunda toplanmış vəsaitin sərmayə kimi yatırılması və əlavə gəlir əldə edilməsi ilə bağlı təkliflər vermək;

4.4.6. Mərkəzin illik büdcəsinə və onun icrasına nəzarət etmək;

4.4.7. Mərkəzin fəaliyyəti, əmlakından istifadə barədə qərar qəbul etmək;

4.4.8. Mərkəzin illik audit nəticələrinə dair təkliflər vermək;

4.4.9. dövlət qulluğu üçün kadrların seçilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi sahəsində qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təşəbbüslər irəli sürmək;

4.4.10. Mərkəzin vəsaitinin formalaşmasına və xərclənməsinə ümumi nəzarəti həyata keçirmək;

4.4.11. Mərkəzin struktur bölmələrinin fəaliyyətini tənzimləyən əsasnamələri və Mərkəzin daxili intizam qaydalarını qəbul etmək.

4.5. Şura üzvlərinin aşağıdakı hüquqları vardır:

4.5.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək;

4.5.2. Şuranın iclasının gündəliyi və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olmaq;

4.5.3. Şurada qəbul ediləcək qərarlara dair fikir söyləmək;

4.5.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılması barədə təkliflər vermək;

4.5.5. Şuranın qərarları, iclaslarının protokolları və digər sənədləri ilə tanış olmaq.

4.6. Şura üzvləri:

4.6.1. Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı;

4.6.2. Şuranın iclaslarını üzrsüz səbəbdən buraxmamalı;

4.6.3. Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidir.

4.7. Şuranın hər bir üzvü Şuranın iclasında baxılan məsələlər üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda Şuranı məlumatlandırmalı və qərarların qəbul edilməsində iştirak etməməlidir.

4.8. Şuraya Şura sədri rəhbərlik edir.

4.9. Şura sədri olmadıqda, Mərkəzin cari fəaliyyətinə rəhbərlik Şura sədri tərəfindən sədr müavinlərindən birinə həvalə edilir.

4.10. Şuranın sədri:

4.10.1. Mərkəzin fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün tam məsuliyyət daşıyır;

4.10.2. Mərkəzin fəaliyyəti barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə hesabatlar və məlumatlar verir;

4.10.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Mərkəzin aparatının strukturunu, ştat cədvəlini və onların xərclər smetasını təsdiq edir;

4.10.4. səlahiyyətləri çərçivəsində Mərkəzin aparatının və tabeliyindəki qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, onların icrasına nəzarət edir;

4.10.5. imtahanların keçirilməsi ilə bağlı xüsusi halların araşdırılması üçün müvəqqəti komissiyalar yaradır, onların say və şəxsi tərkibini, iş reqlamentini müəyyən edir;

4.10.6. Mərkəzi dövlət orqanları və təşkilatları, digər yerli və beynəlxalq qurumlarla münasibətlərdə təmsil edir;

4.10.7. Mərkəzin maddi vəsaitlərinin uçotunu təşkil edir, onlardan istifadəyə nəzarət edir, maliyyə və vergi hesabatlarını imzalayır, öz səlahiyyəti çərçivəsində Mərkəzin əmlakına və maliyyə vəsaitlərinə dair sərəncam verir;

4.10.8. Mərkəzin adından əqdlər bağlayır, etibarnamələr verir, banklarda və digər kredit təsisatlarında hesablar açır;

4.10.9. Mərkəz aparatının işçilərini və tabeliyində olan qurumların rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam-tənbeh tədbirlərini görür;

4.10.10. Şuranın qərarlarını təsdiq edir;

4.10.11. Mərkəzin işçiləri ilə əmək müqavilələri və digər müqavilələr bağlayır, işçilərin əməyinin ödənilməsini və onların peşəkarlıq səviyyəsinin artırılmasını təşkil edir;

4.10.12. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclasları çağırır və onlara sədrlik edir;

4.10.13. Mərkəzin kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.10.14. dövlət sirrinin və məxfilik rejiminin qorunması və təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirlər görür;

4.10.15. Şuranın qəbul etdiyi qərarların icrası ilə əlaqədar müvafiq tədbirlər görür;

4.10.16. Şuranın iclaslarında qəbul olunmuş qərarlar haqqında ictimaiyyəti məlumatlandırır;

4.10.17. Mərkəzin illik fəaliyyətini əks etdirən materialların mətbuatda dərc olunmasını təmin edir;

4.10.18. Mərkəzin maliyyə fonduna və onun fəaliyyətinin bütün istiqamətlərinə nəzarət edir;

4.10.19. Mərkəzdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir.

4.11. Şura üzvünün səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilə bilər:

4.11.1. öz arzusu ilə Şura üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;

4.11.2. Şura üzvünün bu Nizamnamədə nəzərdə tutulmuş tələblərə uyğunsuzluğu aşkar edildikdə;

4.11.3. səhhətinə görə vəzifələrini altı aydan artıq müddətdə yerinə yetirə bilmədikdə;

4.11.4. ardıcıl olaraq dörd dəfə üzrsüz səbəbdən Şuranın iclaslarında iştirak etmədikdə;

4.11.5. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;

4.11.6. barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verildikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmə qərarı olduqda;

4.11.7. Şura üzvünün adına xələl gətirən hərəkətlərə yol verdikdə.

4.12. Səlahiyyətlərinə xitam verilmiş Şura üzvünün yerinə yeni üzv bu Nizamnamədə nəzərdə tutulmuş qaydada təyin edilir.

 

5. Mərkəzin nizamnamə kapitalı və əmlakı

 

5.1. Mərkəzin nizamnamə kapitalı bu Nizamnaməyə uyğun olaraq, təsisçinin qərarı ilə Mərkəzin mülkiyyətinə verilmiş və qanunla müəyyən edilmiş qaydada qiymətləndirilmiş aktivlərin balans dəyərindən təşkil olunur.

5.2. Mərkəzin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən və digər maddi və qeyri-maddi aktivlərdən ibarətdir. Mərkəzin əmlakı onun müstəqil balansında əks olunur.

5.3. Mərkəzin əmlakının dəyəri onun balansında göstərilir.

5.4. Mərkəzin nizamnamə kapitalı 1 (bir) milyon manatdır.

5.5. Mərkəzin əmlakı aşağıda göstərilən mənbələr hesabına təşkil olunur:

5.5.1. nizamnamə kapitalına daxil olan əmlak;

5.5.2. fəaliyyətinin həyata keçirilməsindən daxil olan gəlirlər;

5.5.3. bu Nizamnaməyə uyğun digər mənbələr.

5.6. Mərkəzin nizamnamə kapitalının artırılması və ya azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

5.7. Mərkəzin nizamnamə kapitalına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan, əmlak hüquqlarından və maddi dəyəri olan digər hüquqlardan ibarət ola bilər.

5.8. Mərkəz qanunlarda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra özünün, törəmə cəmiyyətlərinin, habelə idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəəti mərkəzləşdirilmiş fondlarda cəmləşdirmək və həmin vəsaitlər üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

 

6. Mərkəzin maliyyə-təsərrüfat fəaliyyəti

 

6.1. Mərkəzin əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət vəsaitlərindən, fəaliyyət istiqamətlərinə uyğun olaraq gördüyü işlərdən, göstərdiyi xidmətlərdən əldə etdiyi daxilolmalardan, dövlət, hüquqi və fiziki şəxslər tərəfindən onun mülkiyyətinə və ya istifadəsinə verilən və bu Nizamnamədə öz əksini tapan fəaliyyəti nəticəsində əldə etdiyi əmlakdan ibarətdir.

6.2. Mərkəzi mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır.

6.3. Mərkəzin maddi-texniki bazasının möhkəmləndirilməsi və genişləndirilməsi dövlət vəsaiti və fəaliyyəti nəticəsində əldə etdiyi vəsait hesabına həyata keçirilir.

6.4. Mərkəz bu Nizamnaməyə əsasən göstərdiyi xidmətlər (imtahanların təşkili, keçirilməsi və fəaliyyət istiqamətlərinə uyğun digər xidmətlər) nəticəsində daşınar və daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya, nəqliyyat vasitələri əldə edə bilər.

6.5. Mərkəzin bu Nizamnaməyə uyğun olaraq əldə etdiyi vəsait və digər əmlak Mərkəzə dövlət büdcəsindən ayrılan vəsaitin məbləğinə təsir göstərmir və ondan Nizamnaməyə uyğun olaraq sərbəst istifadə edilir.

6.6. Mərkəz aşağıdakı mənbələrdən maliyyələşdirilir:

6.6.1. dövlət vəsaitləri hesabına;

6.6.2. imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsaitlər hesabına;

6.6.3. Qrant haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Mərkəzə verilən qrantlar, vəsiyyət olunan vəsaitlər, ianələr və yardımlar hesabına;

6.6.4. dövlət orqanları, hüquqi və fiziki şəxslər ilə bağlanmış müqavilə əsasında əldə edilmiş vəsaitlər hesabına;

6.6.5. Mərkəzin mülkiyyətindəki fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və yararsız halda olan digər əmlakın satışından əldə edilən vəsaitlər hesabına;

6.6.6. bu Nizamnaməyə uyğun olaraq digər xidmətlərdən əldə etdiyi vəsaitlər hesabına.

6.7. Mərkəzin əmlakı bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilə bilməz.

6.8. Mərkəz, sərəncamında olan vəsaitdən bu Nizamnaməyə uyğun olaraq, Mərkəzin xərclər smetası əsasında istifadə edir.

6.9. Maliyyə ilinin sonuna Mərkəzin hesabında qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

6.10. Mərkəz bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.

6.11. Mərkəz öz fəaliyyətinin nəticələrinin uçotunu aparır.

 

7. Uçot

 

7.1. Mərkəz Rəsmi statistika haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları təqdim edir.

7.2. Mərkəz Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotunu aparır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydalarına uyğun olaraq, maliyyə hesabatlarını təqdim və dərc edir.

7.3. Mərkəz xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanması barədə məlumatı öz mətbu orqanında dərc etdirməyə və Mərkəzin internet səhifəsində yerləşdirməyə borcludur.

7.4. Mərkəz törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

 

8. Audit

 

8.1. Mərkəz daxili audit xidmətini təsis edir. Daxili audit xidməti Daxili audit haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri yerinə yetirir.

8.2. Mərkəzin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Auditor xidməti haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

 

9. Mərkəzin yenidən təşkili və ləğvi

 

9.1. Mərkəz Azərbaycan Respublikasının Prezidenti tərəfindən yenidən təşkil və ya ləğv edilir.

9.2. Mərkəz ləğv edildikdə, onun əmlakına Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sərəncam verilir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       9 avqust 2016-cı il tarixli 1008 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika qəzeti, 10 avqust 2016-cı il, 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1369)

2.       13 iyul 2017-ci il tarixli 1522 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 16 iyul 2017-ci il, 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 7, maddə 1332)

3.       1 mart 2019-cu il tarixli 564 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 3 mart 2019-cu il, 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 3, maddə 405)

  1. 1 mart 2019-cu il tarixli 570 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 3 mart 2019-cu il, 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 3, maddə 411)
  2. 1 aprel 2020-ci il tarixli 980 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 9 aprel 2020-ci il, 65)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 1 mart 2019-cu il tarixli 564 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 3 mart 2019-cu il, 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 3, maddə 405) ilə 1-ci hissədə tibb təhsili üzrə əsas təhsil sözləri əsas (baza ali) tibb təhsili sözləri ilə əvəz edilmişdir.

 

[2] 9 avqust 2016-cı il tarixli 1008 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika qəzeti, 10 avqust 2016-cı il, 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1369) ilə 1.1-ci bənddə (bundan sonra Mərkəz) sözlərindən sonra dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını) həyata keçirən, sözləri əlavə edilmişdir.

13 iyul 2017-ci il tarixli 1522 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 16 iyul 2017-ci il, 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 7, maddə 1332) ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinin 1.1-ci yarımbənddə ali və orta ixtisas təhsili müəssisələrinə  sözlərindən sonra , bakalavriat səviyyəsində hazırlıq qruplarına sözləri əlavə edilmişdir.

 

[3] 9 avqust 2016-cı il tarixli 1008 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika qəzeti, 10 avqust 2016-cı il, 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1369) ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinin 2.1.1-ci yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.1.1. Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mərkəzləşdirilmiş qaydada vətəndaşların dövlət qulluğuna qəbulunun müsabiqə əsasında həyata keçirilməsini təşkil edir və onun şəffaflığını təmin edir;

 

[4] 9 avqust 2016-cı il tarixli 1008 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika qəzeti, 10 avqust 2016-cı il, 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1369) ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinin yeni məzmunda 2.1.1-1-ci yarımbənd əlavə edilmişdir.

 

[5] 13 iyul 2017-ci il tarixli 1522 nömrəliAzərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 16 iyul 2017-ci il, 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 7, maddə 1332) ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinin 2.1.2-ci yarımbənddə səviyyələrinə, sözündən sonra bakalavriat səviyyəsində hazırlıq qruplarına, sözləri əlavə edilmişdir.

 

[6] 13 iyul 2017-ci il tarixli 1522 nömrəliAzərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 16 iyul 2017-ci il, 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 7, maddə 1332) ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinin 2.1.3-cü yarımbənddə keçid ballarını, sözlərindən sonra bakalavriat səviyyəsində hazırlıq qruplarına keçid ballarını, sözləri əlavə edilmişdir.

1 mart 2019-cu il tarixli 564 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 3 mart 2019-cu il, 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 3, maddə 405) ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinin 2.1.2-ci və 2.1.3-cü yarımbəndlərində tibb təhsili üzrə əsas təhsil sözləri əsas (baza ali) tibb təhsili sözləri ilə əvəz edilmişdir.

 

[7] 13 iyul 2017-ci il tarixli 1522 nömrəliAzərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 16 iyul 2017-ci il, 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 7, maddə 1332) ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinin 2.1.3-1-ci yarımbənd əlavə edilmişdir.

 

[8] 1 mart 2019-cu il tarixli 570 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 3 mart 2019-cu il, 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 3, maddə 411) ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinə yeni məzmunda 2.1.3-2-ci yarımbənd əlavə edilmişdir.

 

[9] 9 avqust 2016-cı il tarixli 1008 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika qəzeti, 10 avqust 2016-cı il, 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1369) ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinin 2.1.5-ci yarımbənddə saytının sözü portalının sözü ilə, saytda sözü portalda sözü ilə əvəz edilmişdir.

 

[10] 9 avqust 2016-cı il tarixli 1008 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika qəzeti, 10 avqust 2016-cı il, 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1369) ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinin 2.1.12-ci yarımbənddə tələbə qəbulu ilə sözlərindən sonra , dövlət qulluğuna qəbulla və inzibati vəzifələrin tutulması ilə sözləri əlavə edilmişdir.

 

[11] 9 avqust 2016-cı il tarixli 1008 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika qəzeti, 10 avqust 2016-cı il, 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1369) ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinin 2.1.14-cü yarımbənddə qəbul kampaniyası sözləri qəbul prosesi və ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi sözləri ilə əvəz edilmişdir, yol verilmiş sözlərindən sonra pozuntu hallarının aradan qaldırılması ilə bağlı təqdimat verir və sözləri əlavə edilmişdir.

 

[12] 1 aprel 2020-ci il tarixli 980 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 9 aprel 2020-ci il, 65) ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinə yeni məzmunda 2.1.15-1-ci yarımbənd əlavə edilmişdir.

 

[13] 9 avqust 2016-cı il tarixli 1008 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika qəzeti, 10 avqust 2016-cı il, 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1369) ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinin 2.1.17-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunmuşdur və yeni məzmunda 2.1.182.1.37-ci yarımbəndlər əlavə edilmişdir.

 

[14] 9 avqust 2016-cı il tarixli 1008 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika qəzeti, 10 avqust 2016-cı il, 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1369) ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinin yeni məzmunda 3.1.2-13.1.2-8-ci yarımbəndlər əlavə edilmişdir.

 

[15] 9 avqust 2016-cı il tarixli 1008 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika qəzeti, 10 avqust 2016-cı il, 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1369) ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.3-cü yarımbənddə siyahılarını sözündən sonra , dövlət orqanları tərəfindən barəsində müsahibə elan edilməsi nəzərdə tutulan vakant dövlət qulluğu vəzifələrinə dair müsahibə məlumatlarını və vakant vəzifəyə təyinata dair məlumatı sözləri əlavə edilmişdir.

 

[16] 9 avqust 2016-cı il tarixli 1008 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika qəzeti, 10 avqust 2016-cı il, 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1369) ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.5-ci yarımbənd ləğv edilmişdir.

 

[17] 9 avqust 2016-cı il tarixli 1008 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika qəzeti, 10 avqust 2016-cı il, 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1369) ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.7-ci yarımbənd ləğv edilmişdir.

 

[18] 9 avqust 2016-cı il tarixli 1008 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika qəzeti, 10 avqust 2016-cı il, 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1369) ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.10-cu yarımbənddə hazırlıq kursları sözlərindən sonra , təlimlər sözü əlavə edilmişdir, abituriyentlərin test üsulu ilə imtahanlara hazırlaşmasına kömək məqsədi ilə sözləri çıxarılmışdır.

13 iyul 2017-ci il tarixli 1522 nömrəliAzərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 16 iyul 2017-ci il, 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 7, maddə 1332) ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.10-cu yarımbənddə keçirmək sözündən sonra , ödənişli elektron xidmətlər göstərmək sözləri əlavə edilmişdir.

 

[19] 13 iyul 2017-ci il tarixli 1522 nömrəliAzərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 16 iyul 2017-ci il, 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 7, maddə 1332) ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.10-1-ci yarımbənd əlavə edilmişdir.

 

[20] 9 avqust 2016-cı il tarixli 1008 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika qəzeti, 10 avqust 2016-cı il, 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1369) ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.11-ci yarımbənddə təqdim etmək sözlərindən sonra , internet portalında yerləşdirmək sözləri əlavə edilmişdir.