Azərbaycan Respublikasının Maliyyə
Bazarlarına Nəzarət Palatası publik hüquqi
şəxsin yaradılması haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Son vaxtlar dünyada baş verən iqtisadi-siyasi
proseslər ölkədə qiymətli kağızlar
bazarının, investisiya fondu, bank və sığorta
fəaliyyəti sahələrinin, habelə ödəniş
sistemlərinin fəaliyyətinin çevikliyinin və
şəffaflığının təmin olunmasını,
həmçinin bu sahələrdə tənzimləmə
və nəzarət sisteminin təkmilləşdirilməsini,
eləcə də ictimai nəzarət sisteminin
yaradılmasını zəruri edir.
Ölkənin maliyyə sisteminin daha da sabit və
dayanıqlı, rəqabətqabiliyyətliliyinin isə daha
yüksək olması üçün maliyyə
bazarlarının fəaliyyətinin səmərəli
şəkildə təmin olunması, eləcə də
kreditorların, investorların və sığorta
olunanların hüquqlarının qorunması tələb
olunur.
Azərbaycan Respublikasının maliyyə sektorunun
dayanıqlılığını təmin etmək və bu
sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək
məqsədi ilə Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara
alıram:
1. Azərbaycan Respublikasının qiymətli
kağızlar bazarı, investisiya fondları, sığorta,
kredit təşkilatları (bank, bank olmayan kredit
təşkilatları və poçt rabitəsinin operatoru)
və ödəniş sistemləri fəaliyyətinin
lisenziyalaşdırılması, tənzimlənməsi və
nəzarəti, habelə cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılması və
terrorçuluğun maliyyələşdirilməsinin
qarşısının alınması sahəsində
nəzarət sisteminin təkmilləşdirilməsini,
həmçinin bu sahələr üzrə nəzarət
sisteminin şəffaflığını və
çevikliyini təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına
Nəzarət Palatası publik hüquqi şəxs
yaradılsın.
2. Azərbaycan Respublikasının Maliyyə
Bazarlarına Nəzarət Palatası publik hüquqi
şəxsin təsisçisinin aşağıdakı
səlahiyyətləri Azərbaycan Respublikasının
Prezidenti tərəfindən həyata keçirilir:
2.1. nizamnamənin və strukturunun təsdiqi;
2.2. nizamnamə fondunun miqdarının
müəyyən edilməsi;
2.3. icra orqanlarının (kollegial və ya
təkbaşçı) yaradılması, onların
səlahiyyətlərinin
müəyyənləşdirilməsi və
səlahiyyətlərinə vaxtından əvvəl xitam
verilməsi.
3. Müəyyən edilsin ki:
3.1. Azərbaycan Respublikasının Maliyyə
Bazarlarına Nəzarət Palatasında 5 nəfər
üzvdən ibarət Direktorlar Şurası yaradılır;
3.2. Azərbaycan Respublikasının Maliyyə
Bazarlarına Nəzarət Palatasının Direktorlar
Şurasının sədrinin və üzvlərinin
vəzifəyə təyin və vəzifədən azad
edilməsi, habelə onların səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilməsi Azərbaycan
Respublikasının Prezidenti tərəfindən həyata
keçirilir.
4. Azərbaycan Respublikasının Maliyyə
Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi
qüvvəyə mindiyi gündən Azərbaycan
Respublikasının Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti
və Azərbaycan Respublikasının Mərkəzi Bankı
yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilsin
və onların istifadəsində olan dövlət
əmlakı Azərbaycan Respublikasının Maliyyə
Bazarlarına Nəzarət Palatasına verilsin.
5.
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına
Nəzarət Palatasının fəaliyyətinin təmin
edilməsi ilə əlaqədar aşağıdakı
tərkibdə İşçi qrupu yaradılsın:
İşçi qrupunun rəhbəri
Rüfət
Aslanlı - Azərbaycan Respublikasının Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsinin sədri
İşçi qrupunun üzvləri
Asim Məmmədli - “Xalq Bank” Açıq Səhmdar
Cəmiyyətinin Müşahidə Şurasının
sədri
Cəlal Qasımov - “Kapital Bank” Açıq
Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının
sədri
Faiq Hüseynov - “Unibank” Açıq Səhmdar
Cəmiyyətinin İdarə Heyətinin sədri
Rövşən Cavadov - Azərbaycan Respublikası
Dövlət Neft Fondunun investisiya departamentinin direktoru
Zəka
Mirzəyev - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
maliyyə və sığorta bazarlarının
tənzimlənməsi şöbəsində sektor müdiri
6. İşçi qrupuna tapşırılsın ki:
6.1. Azərbaycan Respublikasının Maliyyə
Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin
layihəsini, habelə Palatanın strukturu və
işçilərinin ümumi say həddi barədə
təkliflərini bir ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.2. Azərbaycan Respublikasının Maliyyə
Bazarlarına Nəzarət Palatasının yaradılması
ilə əlaqədar:
6.2.1. “Qiymətli kağızlar bazarı haqqında”,
“Banklar haqqında”, “Azərbaycan Respublikasının
Mərkəzi Bankı haqqında”, “Bank olmayan kredit
təşkilatları haqqında” və “Sığorta fəaliyyəti
haqqında” Azərbaycan Respublikası qanunlarının
uyğunlaşdırılması barədə
təkliflərini bir ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
6.2.2. Azərbaycan Respublikasının digər
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının uyğunlaşdırılması ilə
bağlı təkliflərini iki ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.3. bu Fərmandan irəli gələn digər
məsələləri həll etsin.
7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
7.1. bu Fərmanın 4-cü hissəsi
nəzərə alınmaqla, Azərbaycan Respublikasının
Qiymətli Kağızlar üzrə Dövlət
Komitəsinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
Dövlət Sığorta Nəzarəti Xidmətinin və
Azərbaycan Respublikasının Mərkəzi Bankı
yanında Maliyyə Monitorinqi Xidmətinin istifadəsində
olan dövlət əmlakının Azərbaycan
Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına
verilməsini həll etsin;
7.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını iki ay
müddətində təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
7.3. mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə iki ay
müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
7.4. bu Fərmandan irəli gələn digər
məsələləri həll etsin.
8.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının və normativ xarakterli aktların bu
Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 3 fevral 2016-cı il
¹ 760