Həyat təminatı obyektlərinin təhlükəsiz fəaliyyətinin təmin edilməsi üzrə əlavə tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

1995-ci il oktyabrın 28-də saat 17.50 radələrində Bakı şəhər metropoliteninin Ulduz və Nərimanov stansiyaları arasında sərnişin qatarında yanğın baş verməsi nəticəsində insan tələfatı olmuş, xeyli adam yaralanmış və metropolitenə külli miqdarda ziyan dəymişdir.

Son vaxtlar respublikanın bir sıra nazirlik, dövlət komitəsi, konsern, şirkət, baş idarə, birlik və müəssisələrində əmək intizamı zəifləmiş, məsul işçilər tərəfindən vəzifə borcunün yerinə yetirilməsində məsuliyyətsizlik və arxayınçılıq hallarına yol verilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Respublikanın əlaqədar orqanları, Bakı şəhər İcra Hakimiyyəti, yerli icra hakimiyyətləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin və digər nəqliyyat, müəssisə və təşkilatlarının sərəncamında olan obyektlərdə və nəqliyyat vasitələrində hər cür təxribatın qarşısını almaq məqsədilə əlavə tədbirlər hazırlanıb həyata keçirilməsini təmin etsinlər.[1]

2. Respublikanın nazirlik, dövlət komitəsi, konsern, şirkət, baş idarə, birlik və müəssisələri rəhbərlərinə tapşırılsın:

öz şəxsi məsuliyyətləri altında müvafiq mərkəzi idarə aparatlarında və tabeliklərində olan müəssisə və təşkilatlarda sutkalıq növbətçilik təşkil etsinlər. Növbətçiliyin yerinə yetirilməsi üçün lazımi texniki və rabitə vasitələri ayırsınlar;

mərkəzi idarə aparatlarında və tabeliklərində olan müəssisə və təşkilatlarda baş verə biləcək yanğına qarşı operativ tədbirlər görülməsi üçün lazımi inventar və materialların ehtiyatını yaratsınlar və hər sahə üzrə işçilərindən yanğına qarşı qruplar təşkil etsinlər;

tabeliklərində olan müəssisə və təşkilatlarda dövlət səfərbərlik ehtiyatlarını inventarlaşdırsınlar və onların mövcud normalara uyğun bərpa olunmasını təmin etsinlər.

3. Elektrik enerjisi, neft məhsulları, qaz və su təchizatı ilə məşğul olan dövlət komitə, şirkət, baş idarə rəhbərlərinə, şəhər və rayon icra hakimiyyəti başçılarına tapşırılsın ki, tabeliklərində olan qəza xidməti strukturlarının fəaliyyətinin gücləndirilməsi üçün təxirəsalınmaz tədbirlər görsünlər.

4. Bakı şəhər İcra hakimiyyətinə tapşırılsın:

neft məhsulları nəql edən xətlərin üzərində yaşayış evlərinin, digər bina və qurğuların tikintisinə yol verməsin, bu cür tikililərin mövcud olduğu sahələrdə isə həmin xətlərin mühafizəsinin Daxili İşlər Nazirliyi ilə birlikdə gücləndirilməsini təmin etsin;

çoxmərtəbəli yaşayış binalarının şaxta və zirzəmilərində olan qaz xətlərinin binalardan kənara çıxarılmasını təmin etsin və Maliyyə Nazirliyi bu işlərin maliyyələşdirilməsi üçün lazımi maliyyə vəsaiti ayırsın;

şəhər ərazisində olan qaz xətlərinin, ilk növbədə metro tunelləri ilə kəsişdiyi yerlərdə texniki vəziyyətini yoxlayıb, lazımi təmir işlərinin aparılmasını qısa müddətdə təmin etsin.

5. Azərenerji Dövlət Şirkətinə tapşırılsın:

Azərbaycan DRES-in (Mingəçevir şəhər) və Əli-Bayramlı DRES-in mazut ehtiyatları saxlanılan sahələrinə xüsusi diqqət yetirməklə, bu stansiyaların bina və qurğularının bütün sutka ərzində mühafizəsini təmin etsin;

Mingəçevir və Şəmkir su elektrik stansiyaları bəndlərinin mühafizəsini gücləndirsin;

müxtəlif kriminal hərəkətlər nəticəsində elektrik ötürücü xətlərində (EÖX) dayaqların çıxarılması və zədələnməsi ilə əlaqədar Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə yüksək gərginlikli EÖX-nin, xüsusən 500, 330, 220 kilovoltluq AzDRES Abşeron və Əli-Bayramlı - Abşeron xətlərinin etibarlı mühafizəsini təmin etsin;

texniki təhlükəsizlik və istismar qaydalarına aid məsələlər üzrə elektrik stansiyaları və elektrik şəbəkələri işçilərinin növbətçi və xidməti heyətləri arasında növbədənkənar təlimat və attestasiya keçirsin.

6. Material Ehtiyatları Komitəsinə tapşırılsın ki, baş verə biləcək fövqəladə hallar zamanı tələb oluna bilən material, maşın-mexanizm və inventarların dövlət ehtiyatının yaradılması üçün öz təkliflərini 10 gün müddətində Nazirlər Kabinetinə təqdim etsin.

7. Respublikanın nəqliyyat üzrə konsern və baş idarələrinin rəhbərlərinə tapşırılsın ki, onların işinin spesifik xüsusiyyətlərini nəzərə alaraq, nəqliyyat vasitələrinin qəzasız işləməsinə, onların texniki vəziyyətinin vaxtlı-vaxtında yoxlanılıb təmir edilməsinə ciddi nəzarət etsinlər.

8. Respublikanın nazirlik, dövlət komitəsi, konsern, şirkət, baş idarə, birlik və müəssisələrinin rəhbərlərinə tapşırılsın ki, energetika, kimya, elektrik, neft-qazçıxarma və digər texnoloji avadanlığın texniki təhlükəsizliyi və istismarı qaydaları üzrə işçilərin əlavə təlimatlandırılmasını həyata keçirsinlər.

9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə tapşırılsın ki, təsərrüfat rəhbərləri ilə birlikdə həyat təminatı obyektlərinin mühafizəsinin gücləndirilməsini təmin etsinlər.

10. Respublika Mülki Müdafiə Qərargahına tapşırılsın ki, yerli icra hakimiyyəti orqanları və müvafiq təşkilatlarla birlikdə fövqəladə hallar üzrə əhali arasında mütəmadi izahat işlərinin aparılmasını gücləndirsinlər.

11. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə tapşırılsın:[2]

metropolitenin istifadə və texniki istismar qaydalarının pozulması hallarının qarşısını alsın;

stansiyalarda sərnişin axını ilə bağlı gərginliyin azaldılması üçün qatarların hərəkət cədvəlinin dəyişdirilməsi üzrə optimal sərnişin paylama mexanizminin yaradılmasını təmin etsin;

tunellərə, bütün xidmət və istehsal sahələrinə, o cümlədən nəzarət qurğularına kənar şəxslərin daxil olmaq imkanını tamamilə aradan qaldırsın və həmin sahələrdə pasport yoxlama rejiminin həyata keçirilməsini təmin etsin;

stansiya və platformalarda video-nəzarətin fasiləsiz işləməsini təmin etsin;

stansiyaları əleyhqaz və digər mülki müdafiə vasitələri ilə təmin etsin.

12. Fövqəladə hallarda təcili tədbirlər görmək məqsədilə, Bakı metropoliteni nəzdində xüsusi xilasetmə dəstəsi yaradılması məqsədəuyğun hesab edilsin.

Maliyyə Nazirliyinə və Bakı metropoliteninə tapşırılsın ki, bu barədə Nazirlər Kabinetinə təcili təklif versinlər.

13. Respublikanın nazirlik, dövlət komitəsi, konsern, şirkət, baş idarə, birlik və müəssisələrinin rəhbərlərinə tapşırılsın ki, bu qərarın icrası ilə əlaqədar görülmüş tədbirlər barədə 15 gün müddətində Nazirlər Kabinetinə məlumat versinlər.

14. Bu qərarın icrasına nəzarət Nazirlər Kabineti İşlər İdarəsinin şöbələrinə tapşırılsın.

 

 

 

 

Baş nazir F. QULİYEV

 

Bakı şəhəri, 2 noyabr 1995-ci il

235


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 iyun 2014-cü il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 6 iyul 2014-cü il, 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 6, maddə 745)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 12 iyun 2014-cü il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 6 iyul 2014-cü il, 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 6, maddə 745) ilə 1-ci hissəsində "Bakı Metropoliteninin" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin" sözləri ilə əvəz edilmişdir.

 

[2] 12 iyun 2014-cü il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 6 iyul 2014-cü il, 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 6, maddə 745) ilə 11-ci hissəsində "Bakı Metropoliteninə" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə" sözləri ilə əvəz edilmişdir.