Azərbaycanda dünyəvi peşəkar teatrın yaradılmasının 125 illiyi haqqında

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan teatr sənətinin qədim və zəngin tarixi vardır. Əmək fəaliyyəti ilə bağlı oyunlar və rəqslər, mövsüm bayramları, aşıq sənəti,  meydan mərasimləri, «Qaravəlli» tipli müxtəlif tamaşa növləri xalq teatrının əsasını müəyyən etmiş, milli teatrın gələcək inkişafı üçün  möhkəm zəmin yaratmışdır. Xalq teatrının repertuarını təşkil edən əxlaqi və tərbiyəvi əhəmiyyətə malik əsərlərlə yanaşı dini tamaşalar da  teatr sənətinin formalaşmasında özünəməxsus rol oynamışdır.

 XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələr ölkədə maarifçilik hərəkatının inkişafına güclü  təkan verdi. Ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində köklü forma və məzmun dəyişiklikləri baş verdi. Həmin dövr Azərbaycan teatrı  üçün də əlamətdar oldu. Dahi mütəfəkkir Mirzə Fətəli Axundovun ədəbiyyatımıza dram janrını gətirməsi xalq teatrının peşəkar teatr  sənətinə çevrilməsində həlledici rol oynadı.

 Böyük maarifçi Həsən bəy Zərdabinin və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda Mirzə Fətəli Axundovun  «Lənkəran xanının vəziri» və «Hacı Qara» komediyalarının tamaşaya qoyulması Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi  peşəkar teatrın təməlini qoydu.

 Teatrın böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları Bakıda, Qubada, Şəkidə, Şuşada, Naxçıvanda, həmçinin Tiflisdə və  İrəvanda teatr tamaşaları təşkil edirdilər. Azərbaycanın görkəmli ziyalıları Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman  Nərimanov və başqaları dövrün mühüm hadisələrinin real bədii təsvirini vərən pyesləri ilə teatr repertuarlarını zənginləşdirirdilər. Rusiyada  və Avropada təhsil aldıqdan sonra vətənə qayıtmış azərbaycanlı gənclər dünya klassiklərinin əsərlərini tərcümə edərək tamaşaya qoymaqla  teatr həvəskarlarını dünya ədəbiyyatının nümunələri ilə tanış edir, Azərbaycanda milli dəyərlərə söykənən yeni tipli teatrın yaradılması işinə  xidmət edirdilər.

 Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Mirzəağa Əliyev, Sidqi Ruhulla, Ülvi Rəcəb və  başqalarının səyləri nəticəsində Azərbaycanda milli peşəkar aktyorluq məktəbi formalaşdı. Məhz bu dövrdə Azərbaycanda xüsusi teatr  binalarının inşası başlandı və peşəkar teatrla bağlı digər sənət növləri də inkişaf etdirildi.

 Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra ölkənin bir çox sahələrində olduğu kimi teatr sənətimizin inkişafinda da mühüm işlər  həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti pərakəndə fəaliyyət göstərən teatr truppalarını birləşdirərək Dövlət Teatrını  yaratdı. 1919-cu il oktyabrın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət və hökumət rəhbərlərinin iştirakı ilə Dövlət Teatrının  rəsmi açılışı oldu.

 Azərbaycanda peşəkar teatr sənətinin inkişafı Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi böyük sənətkarların xalqımızın  tarixi keçmişini, məruz qaldığı sarsıntıları, xeyirlə şərin qarşıdurması ilə bağlı fəlsəfi düşüncələri canlandıran səhnə əsərləri ilə böyük vüsət  aldı.

 Sovet hakimiyyəti illərində Azərbaycan teatrı yad ideoloji təsirlərə məruz qalsa da, öz milli varlığını qoruyub saxlaya bilmiş və respublikanın  mədəni həyatında fəal rol oynamışdır. Azərbaycan teatrının coğrafiyası genişlənərək respublikanın demək olar ki, bütün bölgələrini əhatə  etdi.

 Teatrların repertuarları dünya ədəbiyyatının gözəl nümunələri ilə yanaşı Səməd Vurğun, Süleyman Rüstəm, Sabit Rəhman, Mirzə  İbrahimov, İlyas Əfəndiyev və başqalarının əsərləri ilə daha da zənginləşdi. Həmin dövrdə tamaşaçıların sonsuz məhəbbət və rəğbətini  qazanmış Mərziyə Davudova, Rza Təhmasib, İsmayıl Hidayətzadə, Kazım Ziya , Rza Əfqanlı, Mustafa Mərdanov, Fatma Qədri, İsmayıl  Dağıstanlı, Ağadadaş Qurbanov, Adil İsgəndərov, Ələsgər Ələkbərov, Ağasadıq Gəraybəyli, Möhsün Sənani, İsmayıl Osmanlı, Hökümə  Qurbanova, Münəvvər Kələntərli, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Əliağa Ağayev, Əli Zeynalov, Sergey Yakuşef, Rahil Ginzburq,  Mehdi Məmmədəv, Həsənağa Salayev, Şəmsi Bədəlbəyli, Tofiq Kazımov, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Nəsibə Zeynalova və başqa  aktyor və rejissorların adları Azərbaycan teatr sənəti tarixinə həmişəlik həkk olunmuşdur.

 Azərbaycanda dram teatrı ilə yanaşı opera və baletin də qədim tarixi kökləri vardır. Muğam sənətimiz uzun inkişaf yolu keçərək xüsusi  ifaçılıq məktəbinə çevrilmiş, muğam əsasında yaradılmış tamaşalar meydana çıxmışdır. Bunların məntiqi nəticəsi olaraq dahi Azərbaycan  bəstəkarı Üzeyir Hacıbəyovun yaratdığı «Leyli və Məcnun» operasının 1908-ci ildə ilk tamaşası ilə Azərbaycanda və bütün müsəlman  Şərqində opera sənətinin təməli qoyuldu. Üzeyir Hacıbəyov ilə birlikdə Azərbaycanda Avropa tipli peşəkar musiqi sənətinin bünövrəsini  qoyan Müslüm Maqomayevin «Şah İsmayıl» operası da muğam operası janrının incilərindən biri kimi Azərbaycan səhnəsində həmişəlik yer  tutdu.

 Üzeyir Hacıbəyovun dramaturgiya sahəsindəki fəaliyyəti də milli mədəniyyət tariximizdə mühüm mərhələ olmuşdur. O, həm bəstəkar, həm  də dramaturq kimi 1909-1913-cü illərdə yaratdığı əsərləri ilə Azərbaycan teatrına musiqili komediya janrını gətirdi. Bu janr sonralar Qara  Qarayev, Rauf Hacıyev, Tofiq Quliyev, Süleyman Ələsgərov və başqa bəstəkarların yaradıcılığında öz inkişafını tapdı. Qara Qarayevin və  Rauf Hacıyevin operettaları bir çox ölkələrdə teatrların repertuarlarına daxil edildi.

 Əsası Üzeyir Hacıbəyov və Müslüm Maqomayev tərəfindən qoyulmuş muğam opera janrının təşəkkül tapması Cabbar Qaryağdı  məktəbinin davamçıları olan xalq xanəndələrinin opera səhnəsində uğurla çıxış etmələrinə şərait yaratdı. Hüseynağa Hacıbababəyov,  Əlövsət Sadıqov, Həqiqət Rzayeva, Əbülfət Əliyev, Sara Qədimova, Rübabə Muradova, Zeynəb Xanlarova, Arif Babayev və başqaları  muğam operası janrında çıxışları ilə öz yaradıcılıqlarını daha da zənginləşdirdilər.

 30-cu illərdə Üzeyir Hacıbəyovun «Koroğlu» və Müslüm Maqomayevin «Nərgiz» operalarının səhnəyə qoyulması Azərbaycan opera  sənətində yeni mərhələnin başlandığını bildirdi. Opera sənətimizin incilərindən sayılan bu əsərlərdə ilk dəfə olaraq klassik opera formasına  riayət olunmuşdur. Bu tipli operaların yaranması Bülbül və Şövkət Məmmədova kimi böyük sənətkarların öz nadir istedadlarını nümayiş  etdirmək imkanlarını artırdı. Azərbaycan vokal məktəbi ənənələrini Avropa opera mədəniyyəti ilə birləşdirən Bülbül yaradıcılığı ölkəmizdə  vokal sənətinin inkişafında və yeni tipli opera solistlərinin yetişməsində mühüm rol oynadı.

 1953-cü ildə Fikrət Əmirovun «Sevil» operası Cəfər Cabbarlının eynı adlı əsərinə yeni həyat vərərək xalq ruhuna yaxın gözəl melodiyaları ilə  opera sənətinin inkişafına təkan verdi. Bu əsər Rəşid Behbudov, Firəngiz Əhmədova, Sona Aslanova və başqaları kimi tanınmış  sənətkarlarımızın yaradıcılığına keyfiyyətcə yeni cizgilər əlavə etdi.

 Azərbaycan baletinin də zəngin ənənələri vardır. Qobustan qaya təsvirləri, xalq rəqs yaradıcılığının bəzi növləri Azərbaycanda bu janrın  meydana çıxması və inkişafı üçün münasib şərait olduğundan xəbər verirdi. Təməli 1923-cü ildə Azərbaycan opera teatrının nəzdində balet  studiyası kimi qoyulmuş Bakı Xoreoqrafiya Məktəbinin fəaliyyəti Azərbaycanda balet janrının təşəkkül tapması və inkişafı üçün lazımi baza  yaratdı. Məktəbin məzunlarının ilk çıxışları klassik rus və Avropa baletlərinin respublikamızda tamaşaya qoyulması ilə bağlı olurdu. 30-cu  illərin sonlarında Azərbaycanda artıq milli baletin yaradılması üçün möhkəm zəmin var idi.

 1940-cı ildə ilk milli Azərbaycan baleti — Əfrasiyab Bədəlbəylinin «Qız qalası» baleti tamaşaya qoyuldu. 1952-ci ildə isə Qara Qarayevin  məşhur «Yeddi gözəl» baletinin səhnəyə qoyulması respublikanın mədəni həyatında əlamətdar hadisəyə çevrildi. Qara Qarayevin bu əsəri,  habelə onun «İldırımlı yollarla» baleti Azərbaycanın teatr sənətinin dünyada şöhrət tapması işinə xidmət etdi. Öz sələflərinin ənənələrini  ləyaqətlə davam etdirən Arif Məlikovun 1961-ci ildə yazdığı «Məhəbbət əfsanəsi» baleti nəinki Azərbaycanın, eləcə də dünyanın bir çox  ölkələrinin opera teatrlarının repertuarında möhkəm yer tutmuşdur. 70-ci illərin ən uğurlu səhnə əsəri isə Fikrət Əmirovun yaratdığı «Min  bir gecə» baleti oldu.

 Rusiyada təhsil almış ilk Azərbaycan balerinası Qəmər Almaszadənin həm baletmeystr, həm də pedaqoq kimi Azərbaycan baletinin  formalaşmasında və milli xoreoqrafiya kadrlarının hazırlanmasında böyük əməyi olmuşdur. Klassik xoreoqrafiya ənənələri ilə xalq rəqs  yaradıcılığı xüsusiyyətlərini birləşdirən Azərbaycan balet məktəbi böyük uğurlar qazandı. Leyla Vəkilova, Konstantin Bataşov, Valeri  Pletnyov, Rəfiqə Axundova, Maqsud Məmmədəv, Çimnaz Babayeva, Tamilla Şirəliyeva və başqaları respublikamızda və onun  hüdudlarından kənarda Azərbaycan baletinə şöhrət gətirdilər.

 Azərbaycanda opera və balet sənətinin inkişafında görkəmli Azərbaycan dirijoru və bəstəkarı Niyazinin böyük xidmətləri olmuşdur.  Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafında mühüm rol oynamış Niyazi müxtəlif simfonik əsərlərlə yanaşı «Xosrov və  Şirin» operası və «Çitra» baletinin müəllifı kimi də geniş şöhrət qazanmışdır.

 Kino sənətimiz öz tarixini 1898-ci ildən başlasa da, ölkəmizin teatr ənənələri və təcrübəsindən həmişə bəhrələnmişdir. Kino sənətinin uğurları  ilk növbədə Azərbaycanın teatr xadimləri və aktyorlarının adları ilə bağlıdır.

 Azərbaycan Teatr sənətinin sürətli inkişafı respublikamızda dünya standartlarına cavab vərən müstəqil sənət ocaqlarının yaranmasına  gətirib çıxardı. Bu gün respublikada Milli Dram Teatrı, Opera və Balet Teatrı ilə yanaşı Musiqili Komediya Teatrı, Rus Dram Teatrı, Gənc  Tamaşaçılar Teatrı, Kukla Teatrı, Marionet Teatrı, Pantomima Teatrı, «Yuğ» Teatrı, Bakı Bələdiyyə Teatrı və başqa teatrlar uğurla  fəaliyyət göstərirlər. İrəvan, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Salyan, Mingəçevir, Qazax, Qax, Qusar, Ağdam, Şuşa, Füzuli  teatrları öz tamaşaları ilə teatrsevərlərin dərin rəğbətini qazanmışlar.

 Milli mədəniyyətin inkişafında, vətənpərvərlik hisslərinin aşılanmasında, yüksək əxlaqi keyfiyyətlərin, milli və ümumbəşəri dəyərlərin  təbliğində müstəsna rol oynamış Azərbaycan teatrı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir. O,  öz fəaliyyəti ilə xalqın milli sərvətinə çevrilmişdir.

 Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə milli teatrımızın inkişafı üçün geniş perspektivlər açılmışdır. Teatrlar müstəqil  dövlətimizin qarşısında duran mühüm vəzifələrin yerinə yetirilməsində yaxından iştirak edir.

 Müsəlman Şərqində ilk dünyəvi peşəkar teatr olan Azərbaycan teatrının milli mədəniyyətimizin inkişafındakı mühüm rolunu, onun  yaradılmasının 125 illik yubileyinin keçirilməsinin respublikanın mədəni həyatında böyük əhəmiyyətini nəzərə alaraq qərara alıram:

 1. Azərbaycanda dünyəvi peşəkar teatrın yaradılmasının 125 illiyi münasibəti ilə respublikada geniş yubiley tədbirləri keçirilsin.

 2. Yubiley tədbirlərinin hazırlanması və keçirilməsi məqsədi ilə Təşkilat Komitəsi yaradılsın.

 

 Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

 Bakı şəhəri, 27 avqust 1998-ci il

 № 763