Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il  28 sentyabr tarixli 773 nömrəli Fərmanının 2-ci bəndinin 2-ci abzasının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Nazirlər  Kabineti qərara alır:

 1. «Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar» təsdiq edilsin (əlavə olunur).

 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 31 may 1999-cu il

¹ 87

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə

 TƏSDİQ EDİLMİŞDİR

 

Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən

Qaydalar

 

1. Ümumİ müddəalar

 1.1. Bu Qaydalar «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası  Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanına əsasən  hazırlanmışdır və qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edir.

 1.2. Qaz paylayıcıları tərəfindən qazla təchizat Azərbaycan Respublikasının «Qaz təchizatı haqqında» Qanununa, bu Qaydalara,  Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin normativ sənədlərinə, habelə Dövlət Sənayedə İşlərin Təhlükəsiz  Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi tərəfindən təsdiq olunmuş «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları»na uyğun  yerinə yetirilməlidir.

2. Qaz İstehlakçılarının təsnİfatı

 Təbii fəlakətlər, qəza və s. nəticəsində qaz çatışmazlığı yaranarsa, qaz təchizatı növbəsinə görə istehlakçılar iki qrupa bölünürlər:

 1-ci qrup – birinci növbədə təchiz olunanlar. Bu qrupa aiddir:

 a) əhali;

 

 b) ictimai iaşə, məişət xidməti, təhsil, sanitar-gigiyena, sağlamlıq, tamaşa və ticarət müəssisələri, hamamlar, camaşırxanalar,  mehmanxanalar, uşaq bağçaları və körpələr evləri, sanatoriyalar, istirahət və qocalar evləri, digər kommunal və mədəni-məişət təyinatlı  müəssisələr, habelə avadanlıqları digər yanacaq növlərinə uyğunlaşdırılmayan qazanxanalar;

 

 c) qazın təziqiyinin aşağı salınması və ya kəsilməsi nəticəsində texnoloji prosesləri pozulan, avadanlıqlarının işi dayandırılan,  məhsulunun buraxılmaması və zay olması nəticəsində maddi zərər çəkə bilən istehlakçılar.

 2-ci qrupa qismən və ya bütövlükdə digər ehtiyat yanacaq növlərinə keçməklə fəaliyyət göstərən müəssisələr aiddir.

3. Qaz İstehlakçılarının vəzİfələrİ

 3.1. Qaz paylayıcısından alınan texniki şərtlərə əsasən qaz təchizatının layihə sənədlərini tərtib etməli və layihəyə uyğun tikinti işlərini yerinə  yetirməlidirlər.

 3.2. İstehlak sahələrində texniki normalara və Dövlət standartlarına uyğun qaz cihazlarından istifadə etməli, qaz cihazlarının istismarını, qaz  sərfinə nəzarəti və onun qeydiyyatını sahə təlimatlarına əsasən aparmalıdırlar.

 3.3. Nəzarət orqanlarının cihazlara baxışına və əlaqədar təşkilatlar tərəfindən yoxlanmasına imkan yaratmalı, nəzarət orqanları və əlaqədar  təşkilatların tələblərini yerinə yetirməlidirlər.

 3.4. Qaz qurğularından etibarlı və səmərəli istifadə edilməsi üçün istehlakçılar aşağıdakı əlavə tədbirləri görməlidirlər:*

 qaz qurğularının istismarı və xidmətini xüsusi kurs keçmiş, bu Qaydalar və «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları» ilə  təlimatlandırılmış ixtisaslı işçilərlə təmin etməli;

  hər bir qurğu üçün vaxtında rejim-sazlama işlərini yerinə yetirməli;

  hər bir qurğu üçün rejim-sazlama işlərinin nəticəsi əsasında tərtib edilmiş rejim kartına malik olmalı və cihazların köməyi ilə rejim  göstəricilərinə nəzarət etməli;

  qaz qurğularında əsaslı təmir işləri aparıldıqdan və konstruktiv dəyişikliklər edildikdən sonra növbədənkənar rejim-sazlama işlərini  aparmalı;

  təsdiq olunmuş qrafikə uyğun olaraq planlı şəkildə qaz qurğularının təmirini yerinə yetirməli.

4. Qazın verİlməsİnİn dayandırılması

 4.1. Qaz işlədən qurğuların qaz şəbəkəsindən ayrılması, istehlakçıdan müvafiq müraciətin alındığı, çox vacib və ya təxirəsalınmaz işlər tələb  olunduğu, istehlakçı qurğusunun müvəqqəti və ya daim müvafiq tələblərə cavab vermədiyi və paylayıcının istehlakçıya verdiyi qazın hesabı  bir ay müddətində tam ödənilmədiyi hallarda, qaz paylayıcısının istehlakçıya verdiyi xəbərdarlıq əsasında həyata keçirilir. Bu ayrılma  istehlakçı və qaz paylayıcısının nümayəndələrinin iştirakı ilə (əgər müəssisə bütövlükdə şəbəkədən ayrılırsa) siyirtmənin bağlanması ilə  həyata keçirilir. Qaz şəbəkəsindən ayrılma və qurğuların surğuclanması uyğun aktla rəsmiləşdirilir.

 4.2. Qazın kəsilməsi barədə qərar çatışmazlıqlar aradan qalxana qədər qüvvədə qalır. Qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan  sonra qaz paylayıcısının icazəsi ilə qazın verilməsi bərpa edilir.

 4.3. Əgər müəssisəyə qazın verilməsi uzun müddətə və ya tamamilə dayandırılarsa, şəbəkədən ayrılma siyirtmədən sonrakı flansda  qapayıcının qoyulması ilə həyata keçirilir.

5. Qaz İstehlakı İntİzamına rİayət olunması

 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir.

 5.2. Əgər istehlakçı tərəfindən qaz götürülməsinin plan intizamına riayət edilərsə, qaz paylayıcısı müqavilədə nəzərdə tutulmuş təzyiqi  saxlamalıdır.

 5.3. Magistral qaz kəmərinə birləşmiş istehlakçı tərəfindən qazın sutkalıq sərfi qazla təchiz edən müəssisə ilə razılaşdırılmadan pozularsa,  onda qazla təchiz edən müəssisə xəbərdarlıq etdikdən sonra qazın verilməsini məcburi şəkildə şəraitə uyğun olaraq tənzimləyir.

 5.4. Qəza hadisəsi nəticəsində qaz kəmərlərinin texnoloji iş rejimi pozulduğu təqdirdə paylayıcı tərəfindən qaz işlədən müəssisələrin qazla  təminatı və onların növbə ilə qaz kəmərlərindən ayrılması qrafikləri hazırlanır.

 5.5. Qaz paylayıcısı qazın verilməsinin azalması və ya kəsilməsi barədə məlumatı istehlakçıya 6 saat əvvəl verməlidir (magistral qaz  kəmərlərində baş vermiş qəza halları istisna olmaq şərti ilə).

 5.6. Qazın verilməsində razılaşdırılmış iş rejimi, qaz paylayıcısı və qaz istehlakçıları üçün məcburidir.

6. Məsulİyyət

 Bu Qaydaların tələblərini pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

 

* Bu vəzifələr yemək hazırlanmasında istifadә olunan məişət və restoran qaz cihazların, fərdi isitmə (axımlı və həcmli su qızdırıcıları, məişət isitmə sobaları) avadanlıqların və saatda 1 kubmetrdən az qaz sərf edən qaz qurğuların istifadəçilərinə aid edilmir.