Standartlaşdırma haqqında

 

Azərbaycan RESPUBLİKASININ Qanunu[1]

 

Bu Qanun Azərbaycan Respublikasında bütün icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, müəssisələr, təşkilatlar, sahibkarlar (bundan sonra — təsərrüfat subyektləri), habelə ictimai birliklər üçün məcburi hesab olunan standartlaşdırmanın hüquqi və iqtisadi əsaslarını müəyyənləşdirir. İstehlakçıların, dövlətin və təsərrüfat subyektlərinin maraqlarının dövlət müdafiəsi bu Qanunla və ona müvafiq hazırlanmış və tətbiq edilən standartlaşma üzrə normativ sənədlərlə tənzimlənir.

 

I fəsil

Ümumİ müddəalar

Maddə 1.  Əsas anlayışlar[2]

Standartlaşdırma — mallar (xidmətlər, işlər) üçün norma, qayda və xarakteristikaları müəyyənləşdirən fəaliyyət olub, aşağıdakıları təmin etmək məqsədi daşıyır:

malların (xidmətlərin, işlərin) insanın həyatı, sağlamlığı, dövlətin əmlak maraqları və ətraf mühit üçün təhlükəsizliyini;[3]

malların (xidmətlərin, işlərin) texniki, texnoloji və informasiya uyğunluğunu, eləcə də qarşılıqlı əvəz olunmasını;

malların (xidmətlərin, işlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğunu və onların rəqabət qabiliyyətinin yüksəldilməsini;

ölçmələrin dəqiqliyini və vəhdətini;

bütün növ resursların qənaətini;

təbii və texnogen qəzaların və habelə digər fövqəladə vəziyyətlərin yaranması ehtimalları nəzərə alınmaqla təsərrüfat obyektlərinin təhlükəsizliyini;

ölkənin müdafiə qabiliyyətini və səfərbərliyə hazırlığını;

istehlakçıların malların (xidmətlərin, işlərin) nomenklaturası və keyfiyyəti haqqında tam və səhih informasiyaya malik olmalarını.

Standart — maraqlı tərəflərin əksəriyyətinin razılığı əsasında hazırlanmış və müvafiq səlahiyyətli təşkilat və ya orqanlar tərəfindən təsdiq edilən kütləvi istifadə üçün nəzərdə tutulmuş malların (xidmətlərin, işlərin) keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəddir.

Standartlaşdırma üzrə normativ sənəd — müəyyən növ fəaliyyətin, yaxud onun nəticələrinin ümumi olan icra və istifadə norma, qayda və xarakteristikalarını əks etdirən normativ hüquqi aktdır.

Beynəlxalq standartlar — dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələrdir.

Regional (hövzə) standartlar — texniki-iqtisadi əməkdaşlıq edən bir qrup regional (hövzə) dövlətlərinin qəbul və istifadə etdikləri standartlar, norma, qayda və tövsiyələrdir.

Dövlətlərarası standartlar — iki dövlətin qarşılıqlı razılıq əsasında qəbul və bir-biri ilə müvafiq münasibətlərdə istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələrdir.

Milli standartlar — ayrı-ayrı müstəqil dövlətin ərazisində müvafiq qaydada hazırlanıb istifadə edilən standartlar, norma, qayda və tövsiyələrdir.

Maddə 2.  Standartlaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Standartlaşdırma haqqında qanunvericilik bu Qanundan və bu Qanuna müvafiq qəbul edilmiş Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Tikintiyə, ərzaq məhsullarına, əhali üçün nəzərdə tutulan digər mallara və başqa zəruri mallara (xidmətlərə, işlərə) standart  tələblərin əsasları Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir.

Maddə 3. Beynəlxalq müqavilələr

Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində müəyyən edilmiş qaydalar bu qanunda nəzərdə tutulmuş qaydalardan fərqli olduqda beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur.

Maddə 4. Standartlaşdırma üzrə işlərin təşkili və idarə edilməsi

1.   Standartlaşdırma üzrə işlərin təşkili və idarə edilməsi standartlaşdırma üzrə normativ sənədlərin hazırlanması və tətbiqini, istehlakçıların bu haqda tam və səhih informasiya təminatını, standartlaşdırma sisteminin işlənməsini, Azərbaycan Respublikasında beynəlxalq standartların tətbiq edilməsi qaydalarının və standartların sahə xüsusiyyətlərinin müəyyənləşdirilməsini, onlara əməl edilməsi ilə bağlı müvafiq nəzarət tədbirlərinin həyata keçirilməsini, standartlaşdırma sahəsində kadrların hazırlanması və ixtisas səviyyəsinin yüksəldilməsini, göstərilən işlərin maliyyələşdirilməsini və digər məsələləri əhatə edir.

2.   Dövlət tərəfindən standartlaşdırma üzrə işlərin təşkilini və idarə edilməsini bu qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində həyata keçirirlər.

3.   Azərbaycan Respublikasında icra hakimiyyəti orqanlarının, habelə təsərrüfat subyektlərinin və ictimai birliklərin standartlaşdırmanın təşkili və idarə edilməsi sahəsindəki fəaliyyətlərinin əlaqələndirilməsini standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanı təmin edir.

Bu əlaqələndirməni həyata keçirmək məqsədi ilə bu qanuna və standartlaşdırmaya aid digər normativ hüquqi aktlara uyğun olaraq dövlət standartlaşdırma sistemi tətbiq edilir. Bu sistemin dövlət standartlarında standartlaşdırma üzrə aparılan işlərin ümumi təşkilati-texniki qaydaları, təsərrüfat subyektlərinin bir-biri, həmçinin icra hakimiyyəti orqanları ilə standartlaşdırma sahəsində qarşılıqlı əlaqələrinin forma və metodları müəyyənləşdirilir.

4.   Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə digər qaydalar müəyyən edilməyibsə, standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi bu qanunun 1-ci maddəsində nəzərdə tutulan tələblər əsas götürülməklə müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

Standartlaşdırma üzrə beynəlxalq təşkilatlarda və danışıqlarda Azərbaycan Respublikasını qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq səlahiyyətlərə malik icra hakimiyyəti orqanları təmsil edir.

II fəsil

Standartlaşdırma üzrə normatİv sənədlər və onların tətbİqİ

Maddə 5. Standartlaşdırma üzrə normativ sənədlər və onlara qoyulan tələblər

1.   Azərbaycan Respublikasında standartlaşdırma üzrə aşağıdakı normativ sənədlər bu qanunla müəyyən edilmiş hallarda, qaydada və şərtlərlə hazırlanır və tətbiq edilir:

Azərbaycan Respublikasının dövlət standartları;

texniki-iqtisadi və sosial informasiya təsnifatları;

sahə standartları;

müəyyən edilmiş qaydada tətbiq olunan beynəlxalq (regional) və dövlətlərarası standartlar, normalar, qaydalar və tövsiyələr;

texniki şərtlər;

müəssisə standartları;

elmi-texniki və mühəndis cəmiyyətlərinin və digər ictimai birliklərin standartları.

2.   Azərbaycan Respublikasında standartlaşdırma sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı tərəfindən standartlaşdırma sisteminə daxil olan normativ sənədlərin vahid dövlət qeydiyyatı və uçotu təmin edilir, onların ümumrespublika və sahə fondları yaradılır.

3.   Standartlaşdırma üzrə normativ sənədlərdə qoyulan tələblər beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmalı, məhsulların istifadəsinin, işlərin görülməsinin və xidmətlərin göstərilməsinin şərtlərini, əmək rejimi və şəraitini nəzərə almalı, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddəaları pozmamalıdır.

Maddə 6. Dövlət standartları texniki iqtisadi və sosial informasiya təsnifatları

1. Dövlət standartları kütləvi təkrar istehsal və istifadə perspektivinə malik olan mallar (xidmətlər, işlər) üçün işlənib hazırlanır. [4]

2. Azərbaycan Respublikasının dövlət standartları məcburi və tövsiyə olunan tələbləri nəzərdə tuturlar. Ərzaq məhsulları üçün dövlət standartları yalnız tövsiyə olunan tələbləri müəyyənləşdirir və həmin dövlət standartlarının tətbiqi könüllü xarakter daşıyır.[5]

Məcburi tələblərə aşağıdakılar aiddir:

malların (xidmətlərin, işlərin) insanın həyatı, sağlamlığı, dövlətin əmlak maraqları və ətraf mühit üçün təhlükəsizliyi;

malların (xidmətlərin, işlərin) texniki, texnoloji və informasiya uyğunluğu və onların qarşılıqlı əvəz olunması;

malların (xidmətlərin, işlərin) əsas istehlak xüsusiyyətləri, onlara nəzarət metodları, məhsulların qablaşdırılması, nişanlanması, daşınması, saxlanması, utilləşdirilməsi qaydaları;

malların (xidmətlərin, işlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğunu;

malların (xidmətlərin, işlərin) təhlükəsizlik texnikası və istehsalat sanitariyası tələbləri;

məhsulların istehsalı, istifadəsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi zamanı bütün resurslardan səmərəli istifadə, malların (xidmətlərin, işlərin) texniki sənədləşməsi qaydaları;

standartlaşma sisteminin dövlət standartları ilə müəyyənləşdirilən digər tələblər.

Dövlət standartlarının məcburi tələblərinə müvafiq standartların təsiri şamil edilən bütün icra hakimiyyəti orqanları və təsərrüfat subyektləri tərəfindən əməl edilməlidir.

Azərbaycan Respublikasının mənafelərini qorumaq və yerli malların (xidmətlərin, işlərin) rəqabət qabiliyyətini yüksəltmək məqsədi ilə zəruri hallarda standartlardan ənənəvi texnologiyanın imkanlarını qabaqlamaqla gələcək üçün ilkin tələblər də nəzərdə tutula bilər.

3.   Dövlət standartlarında nəzərdə tutulan tələblər Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmamalıdır.

4.   Dövlət standartlarının tövsiyə olunan tələbləri aşağıdakı hallarda şərtsiz yerinə yetirilməlidir:

a)   qanunvericilik aktlarında nəzərdə tutularsa;

b)   məhsulu hazırlayan (tədarükçü) tərəfindən məhsulun həmin tələblərə uyğunluğu bəyan edilmişsə.

5.   Malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun təsdiqi malın (xidmətin, işin) sertifikatlaşdırması sahəsində Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarında müəyyən edilmiş qaydada həyata keçirilir. Müvafiq malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğu onların nişanlanması yolu ilə təsdiqlənə bilər. [6]

Malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq edən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların vahid dövlət reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) aparılır. [7]

6.   Azərbaycan Respublikasının dövlət standartlarının tələblərinə və ya Azərbaycan Respublikasının ərazisində rəsmi tanınan beynəlxalq, regional (hövzə), dövlətlərarası və digər dövlətin standartlarına uyğun olmayan, insanın həyatı, sağlamlığı və dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə birbaşa və mühüm təhlükə yarada və ya mühüm zərər vura bilən malların (xidmətlərin, işlərin) istehsalına, idxalına, satışına, istifadəsinə və icrasına yol verilmir.[8]

7.   Dövlət standartları qanunvericiliklə müəyyən edilmiş qaydada standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra qüvvəyə minir.

8.   Malların (xidmətlərin, işlərin) standartların tələblərinə uyğunluğunun texniki-iqtisadi və sosial xarakteristikalarının operativ idarə edilməsi və yayılması məqsədi ilə müvafiq texniki-iqtisadi və sosial informasiya təsnifatı tərtib edilir.

9.   Dövlət standartlarının işlənib hazırlanması və qəbul edilməsi, texniki-iqtisadi və sosial informasiya təsnifatlarının tərtib edilməsi və aparılması (həmçinin qüvvəyə minməsi) standartlaşdırma sistemi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Maddə 7. Sahə standartları, texniki şərtlər, müəssisə standartları, elmi-texniki və mühəndis cəmiyyətlərinin və digər ictimai birliklərin standartları

1.   Müvafiq icra hakimiyyəti orqanları tərəfindən standartlaşdırma üzrə tələbləri təmin etmək məqsədi ilə öz səlahiyyətləri daxilində təşkilati-hüquqi forma və mülkiyyət formasından asılı olmayaraq eyni istehlak və funksional təyinatlı müəyyən növ məhsul istehsal edən (iş görən, xidmət göstərən) təsərrüfat subyektləri üçün sahə standartları və texniki şərtlər hazırlana və qəbul edilə bilər.

Belə normativ sənədlər müvafiq dövlət standartları müəyyən edilməmiş mallar (xidmətlər, işlər) üçün, habelə mövcud dövlət standartlarının tələblərini sərtləşdirmə, yaxud artırmaq zərurəti yarandıqda hazırlanır.

Mövcud dövlət standartlarının tələblərini sərtləşdirmək məqsədi ilə hazırlanan sahə standartları və texniki şərtlər dövlət standartlarının məcburi tələblərinə uyğun olmalı, bu normativ sənədlər bütün hallarda vətəndaşların və dövlətin mənafelərinə zidd olmamalıdır.

Bu sənədlərin hazırlanması, qəbulu, qeydiyyatı, tətbiqi, dəyişdirilməsi və ləğvi qaydaları qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları ilə müəyyən edilir.

Göstərilən normativ sənədləri qəbul edən müvafiq dövlət icra hakimiyyəti orqanları həmin sənədlərin dövlət standartlarının tələblərinə uyğunluğuna görə məsuliyyət daşıyırlar.

2.   Dövlət standartlarının tələblərinin təmin edilməsi, eləcə də istehsalın təşkili və idarə edilməsinin təkmilləşdirilməsi məqsədi ilə, hər bir müəssisə müstəqil olaraq müvafiq standartlar hazırlaya və təsdiq edə bilər.

3.   Müxtəlif bilik və ictimai-kütləvi fəaliyyət sahəsində aparılan tədqiqatların, təcrübələrin, sınaq və işləmələrin nəticələrindən istifadə etmək və onları yaymaq üçün müvafiq elmi-texniki və mühəndis cəmiyyətləri, digər ictimai birliklər öz standartlarını qəbul edə bilərlər.

4.   Təsərrüfat subyektlərinin standartlarının hazırlanması, təsdiqi, qeydiyyatı, tədqiqi, dəyişdirilməsi və ləğvi qaydaları müvafiq təsərrüfat subyekti tərəfindən bu qanuna uyğun olaraq müstəqil müəyyənləşdirilir.

Təsərrüfat subyektlərinin və ictimai birliklərin standartları insanın həyatı, sağlamlığı və dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə təhlükə yaratmamalı və ya zərər vurmamalıdır.[9]

Təsərrüfat subyektlərinin standartlarında qoyulan tələblərin dövlət standartlarının tələblərinə uyğunluğuna görə məsuliyyəti standartları təsdiq edən müvafiq təsərrüfat subyektləri və ya ictimai birliklər daşıyır.

5.   Sahə standartları, texniki şərtlər müəssisə standartları, elmi-texniki və mühəndis cəmiyyətlərinin və digər ictimai birliklərin standartları təsdiq edildikdən sonra ən azı bir ay müddətində standartlaşdırma sisteminin operativ idarə edilməsi və onun informasiya təminatı məqsədi ilə qanunvericiliyə uyğun olaraq standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış müvafiq dövlət informasiya bankına göndərilməlidir.

Maddə 8. Standartlaşdırma üzrə normativ sənədlərin tətbiqi

1.   Standartlaşdırma üzrə normativ sənədlər müvafiq icra hakimiyyəti orqanları və təsərrüfat subyektləri tərəfindən məhsulların istehsal layihəsinin işlənməsi, istehsala hazırlanması, istehsalın satışı (tədarükü), ilkin və təkrar istifadəsi (istismarı), saxlanılması, daşınması və tullantılarının istifadə edilməsi (utilləşdirilməsi), işlərin yerinə yetirilməsi və xidmətlər göstərilməsi, onların qəbulu, tədarük olunan (göndərilən) məhsullara (göstərilən xidmətlərə) texniki sənədlərin (konstruktor, texnoloji layihə), texniki şərtlərin və kataloq vərəqələrinin işlənib hazırlanması mərhələlərində tətbiq olunur.

2.   Bütün sifarişçi və icraçılar bağladıqları müqaviləyə malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğu barədə müvafiq şərtlər daxil etməlidirlər. [10]

3.   İxrac məqsədi ilə Azərbaycan Respublikasında istehsal olunan məhsullara, yerinə yetirilən işlərə və göstərilən xidmətlərə standartlaşdırma üzrə normativ sənədlərdə qoyulan tələblərin şamil edilməsi zərurəti qanunvericilikdə digər qaydalar müəyyən edilməmişsə, bağlanmış müvafiq müqavilələrlə (kontraktlarla) müəyyənləşdirilir.

4.   Azərbaycan Respublikasına gətirilən məhsulların, işlərin və xidmətlərin, o cümlədən ərzaq mallarının, dərman preparatlarının və əhali üçün nəzərdə tutulan digər məhsulların, işlərin və xidmətlərin müvafiq dövlət standartlarının məcburi tələblərinə uyğunluğunun təsdiq edilməsi və ya tanınması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Maddə 9. Standartlaşdırma üzrə normativ sənədlər haqqında informasiya, onların nəşri və yayılması

1.   Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə hüquqi şəxslər üçün hazırlanan və qəbul edilən dövlət standartları, texniki-iqtisadi və sosial informasiya təsnifatları haqqında (bunlar dövlət və kommersiya sirri təşkil etmədikdə) rəsmi məlumatlardan və  eləcə də həmin sənədlərin özlərindən istifadə etmək imkanı təmin edilir.

2.   Azərbaycan Respublikasında dövlət standartları, texniki şərtlər, sahə standartları, texniki-iqtisadi və sosial informasiya təsnifatları, beynəlxalq (regional) və dövlətlərarası standartlar və standartlaşdırma üzrə normalar, qaydalar və tövsiyələr, xarici ölkələrin milli standartları, standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası müqavilələr, habelə onların tətbiqi qaydaları haqqında standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəsmi məlumatların dərci təşkil edilir. Belə məlumatların və standartlaşdırma üzrə göstərilən normativ sənədlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan qaydada dövlət fondu yaradılır.

3.   Öz səlahiyyətləri daxilində standartlaşdırma üzrə normativ sənədləri təsdiq və qəbul edən müvafiq icra hakimiyyəti orqanları və təsərrüfat subyektləri bu sənədlərin müvafiq informasiya fondlarını yaradır, onları idarə edir və müqavilə əsasında istifadəçiləri onlar barəsində məlumatla və sənədlərin özləri ilə təmin edirlər.

4.   Dövlət standartlarının, texniki-iqtisadi və sosial informasiya təsnifatlarının, habelə respublika kataloqunda olan dövlət reyestrinə daxil edilmiş v dövlət standartlarına uyğun nişanlanmış malların (xidmətlərin, işlərin) siyahısı ancaq standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərc edilir.

 

III fəsil

Standartların tələblərİnə rİayət edİlməsİnə dövlət nəzarətİ

Maddə 10. Dövlət nəzarətinin təşkili

1.   Dövlət standartlarının və standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə riayət edilməsinə dövlət nəzarətinin məqsədi malların (xidmətlərin, işlərin) keyfiyyətinin standartlaşdırma üzrə normativ sənədlərdə nəzərdə tutulan tələblərə uyğunluğunun təmin edilməsinə nail olmaq yolu ilə istehlakçıların, dövlətin və təsərrüfat subyektlərinin qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunmasından ibarətdir.

2.   Standartlaşdırmanın tələblərini təmin etmək üçün dövlət nəzarəti standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi plan üzrə və ya plandankənar, insanın həyatı, sağlamlığı və dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə birbaşa və mühüm təhlükə yarada və ya mühüm zərər vura bilən malların (xidmətlərə, işlərə) standartlaşdırma üzrə normativ sənədlərin tətbiqi mərhələlərində həyata keçirilir.[11]

3.   Təsərrüfat subyektləri və onların vəzifəli şəxsləri dövlət nəzarəti üçün zəruri şərait yaratmalıdırlar.

4.   Standartların tələblərinə, habelə onların işlənməsi, qəbulu, təsdiqi və tətbiqi qaydalarına əməl edilməsinə dövlət nəzarəti müvafiq səlahiyyətli vəzifəli şəxslər tərəfindən müasir texniki vasitələrdən maksimum istifadə etməklə həyata keçirilir. Standartlaşdırma üzrə dövlət nəzarətinin konkret qaydaları qanunla təsdiq edilən müvafiq Əsasnamə ilə müəyyən olunur.

Maddə 11. Standartlaşdırma üzrə dövlət nəzarəti orqanlarının hüquqları

Qanunvericiliklə müəyyən edilmiş qaydada və öz səlahiyyəti daxilində standartlaşdırma üzrə dövlət nəzarəti orqanlarının aşağıdakı hüquqları vardır:

təsərrüfat subyektlərinin xidmət və istehsal sahələrinə sərbəst daxil olmaq;

dövlət nəzarətini həyata keçirmək üçün təsərrüfat subyektlərindən zəruri məlumat və sənədləri almaq;

dövlət nəzarəti həyata keçirilən zaman təsərrüfat subyektlərinin mütəxəssislərindən və maddi-texniki vasitələrindən əvəzsiz istifadə etmək;

standartlaşdırma üzrə qüvvədə olan normativ sənədlərə müvafiq olaraq malların (xidmətlərin, işlərin) standartların tələblərinə uyğunluğunu təyin etmək üçün sınaq nümunələri seçib götürmək;

aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün müvafiq təsərrüfat subyektlərinə rəsmi iradnamə vermək;

insanın həyatı, sağlamlığı və dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə birbaşa və mühüm təhlükə yarada və ya mühüm zərər vura bilən malların (xidmətlərin, işlərin) standartların tələblərinə tam uyğun olmadığı hallarda onların istehsalının, yerinə yetirilməsinin və ya istifadəsinin dayandırılması və ya qadağan edilməsi, dövriyyədən (satışdan) çıxarılması və ya istehlakçılardan geri qaytarılmasının təmin edilməsi haqqında yazılı tələbnamələr vermək;[12]

irad və tələbnamələri yerinə yetirməyən, habelə mallarını (xidmətlərini, işlərini) dövlət nəzarətindən yayındıran təsərrüfat subyektlərinin mallarının (xidmətlərinin, işlərinin) satışının qadağan edilməsi haqqında qərar qəbul etmək;

Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq dövlət standartları ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatından keçməyən və ya dövlət standartlarının tələblərinə cavab verməyən insanın həyatı, sağlamlığı və dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə birbaşa və mühüm təhlükə yarada və ya mühüm zərər vura bilən xarici məhsul və xidmətlərin realizə edilməsini qadağan etmək;

dövlət standartlarının tələblərini yerinə yetirməyən şəxslərə inzibati tənbeh tədbirləri tətbiq etmək; [13]

verilmiş iradnamə, tələbnamə və qərarlar göstərilən müddətdə icra edilmədikdə və təsərrüfat subyektlərinin dövlət standartlarının tələblərinin pozulması təkrarlandığı hallarda materialları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tədbirlər görmək üçün məhkəməyə və ya hüquq-mühafizə orqanlarına göndərmək. [14]

Məhsulların realizə edilməsinin (tədarükünün, göndərilməsinin), işlərin yerinə yetirilməsinin və xidmətlərin göstərilməsinin dayandırılması və ya qadağan edilməsi haqqında yazılı tələbnamələri və qərarları yerinə yetirməyən şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilirlər.[15]

Maddə 12. Standartlaşdırma üzrə qanunvericiliyin pozulmasına görə məsuliyyət

1.   Müvafiq icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və təsərrüfat subyektləri, habelə ictimai birliklər standartlaşdırma haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq surətdə məsuliyyət daşıyırlar.

2.   Dövlət standartlarının tələblərinə riayət edilməsinin dövlət nəzarətini həyata keçirən orqanlar və onların vəzifəli şəxsləri müvafiq qaydada onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə, səlahiyyətlərini aşmalarına, dövlət  və ya kommersiya sirrlərinin açılmasına, əsassız yoxlama və müdaxilələrə yol verildikdə və bu hərəkətlərin nəticəsində vurulan ziyana, habelə standartlaşdırma haqqında qanunvericiliyin pozulmasına görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun inzibati, mülki-hüquqi və cinayət məsuliyyəti daşıyırlar.

3.   Standartlaşdırma haqqında qanunvericiliyin icrası zamanı yaranan mübahisələrə məhkəmə qaydasında baxılır.

IV fəsil

Dövlət standartlaşdırılması və dövlət nəzarətİ üzrə İşlərİn malİyyələşdİrİlməsİ

Maddə 13. Dövlət standartlaşdırılması üzrə büdcədən maliyyələşdirilən işlər

Azərbaycan Respublikasında dövlət standartlaşdırılması üzrə aşağıdakı işlər büdcədən maliyyələşdirilir:

malların (xidmətlərin, işlərin) insanın sağlamlığı, həyatı və dövlətin əmlak maraqları, habelə ətraf mühit üçün təhlükəsizliyini təmin etmək məqsədi daşıyan tələbləri müəyyənləşdirən dövlət standartlarının və digər normativ sənədlərin hazırlanması, nəşri, yayılması və aidiyyəti olan istifadəçilərə çatdırılması;

beynəlxalq (regional) və dövlətlərarası standartların, norma, qayda və tövsiyələrin hazırlanması və (və ya) hazırlanmasında iştirak;

standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası təşkilatların işində iştirak;

standartlaşdırmanın konkret obyektlərinə dair müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması, habelə standartların təşkilati-metodik və ümumtexniki sistemlərinin və komplekslərinin hazırlanması və idarə edilməsi;

standartlaşdırma sahəsində elmi-tədqiqat işlərinin aparılması;

dövlət standartlarının tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətinin təşkili;

Azərbaycan Respublikasının qüvvədə olan dövlət standartlarının, standartlaşdırmaya dair digər normativ sənədlərin, habelə beynəlxalq (regional), dövlətlərarası standartların norma, qayda və tövsiyələrin və xarici ölkələrin milli standartlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada yaradılan fondlarının xüsusi dövlət reyestrinin və kataloqunun yaradılması, saxlanması və aparılması;

standartlaşdırma üzrə müvafiq səlahiyyəti olan icra hakimiyyəti orqanları tərəfindən standartlaşdırma üzrə dövlət əhəmiyyətli tədbirlərin həyata keçirilməsi ilə əlaqədar görülən digər işlər.

Maddə 14. Dövlət standartlaşdırma sistemi üzrə işlərin maliyyələşdirilmə mənbələri

Azərbaycan Respublikasında dövlət standartlaşdırma sistemi üzrə işlər aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:

büdcə vəsaiti;

müvafiq standartlaşdırma xidməti (nəşrlərin, məlumat və tövsiyələrin realizəsi) göstərilməsindən əldə edilən vəsait;

ayrı-ayrı dövlət proqram və layihələrinin normativ təminatı üçün nəzərdə tutulan vəsait;

malların (xidmətlərin, işlərin) keyfiyyətinin, habelə digər standartlaşdırma tələblərinin təmin edilməsi üçün normativ xərclərə yönəldilən vəsait;

könüllü ianə və ayırmalar. [16]

Maddə 15. Standartlaşdırma sahəsində hüquqi hərəkətlərə görə dövlət rüsumu[17]

15.1. Standartlaşdırma sahəsində aşağıdakı hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir:

15.1.1. malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun təsdiqi;[18]

15.1.2. uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə attestatın verilməsi;[19]

15.1.3. standartlaşdırma sahəsində normativ sənədlərin dövlət qeydiyyatı və onlarda dəyişikliyin aparılması.

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

 

Bakı şəhəri, 16 aprel 1996-cı il

№ 60-IQ

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       5 oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 683)

2.       30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57)

3.       7 sentyabr 2004-cü il tarixli 731–IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 761)

4.       9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938)

5.       20 oktyabr 2009-cu il tarixli 890-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2009-cu il, № 286)

6.       30 sentyabr 2014-cü il tarixli 1046-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan” qəzeti, 9 noyabr 2014-cü il, № 245; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 1166)

7.       14 aprel 2017-ci il tarixli 612-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyun 2017-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1025)

8.       23 fevral 2018-ci il tarixli 1013-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 may 2018-ci il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 643)

9.       1 oktyabr 2018-ci il tarixli 1249-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 noyabr 2018-ci il, № 260, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2189)

10.    17 may 2019-cu il tarixli 1587-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2019-cu il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1175)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 17 may 2019-cu il tarixli 1587-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2019-cu il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1175) ilə ləğv edilmişdir.

 

[2] 14 aprel 2017-ci il tarixli 612-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyun 2017-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1025) ilə 1-ci, 2-ci maddələrdə, 7-ci maddənin birinci hissəsinin ikinci abzasında, 9-cu maddənin dördüncü hissəsində, 10-cu, 11-ci, 13-cü və 14-cü maddələrdə ismin müvafiq hallarında “məhsullar (işlər, xidmətlər)” sözləri ismin müvafiq hallarında “mallar (xidmətlər, işlər)” sözləri ilə əvəz edilmişdir.

 

[3] 30 sentyabr 2014-cü il tarixli 1046-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan” qəzeti, 9 noyabr 2014-cü il, № 245; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 1166) ilə 1-ci maddənin birinci hissəsinin ikinci abzasında, 6-cı maddənin 2-ci hissəsinin üçüncü abzasında və 13-cü maddənin ikinci abzasında “əmlakı” sözü “dövlətin əmlak maraqları” sözləri ilə əvəz edilmişdir.

 

[4] 14 aprel 2017-ci il tarixli 612-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyun 2017-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1025) ilə 6-cı maddənin birinci, ikinci, altıncı və səkkizinci hissələrdə ismin müvafiq hallarında “məhsulların (işlərin, xidmətlərin)” sözləri ismin müvafiq hallarında “malların (xidmətlərin, işlərin)” sözləri ilə əvəz edilmişdir.

 

[5] 23 fevral 2018-ci il tarixli 1013-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 may 2018-ci il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 643) ilə 6-cı maddənin ikinci hissəsinin birinci abzasına yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[6] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 6-cı maddəsinin 5-ci bəndinin ikinci abzasında "xüsusi razılıq (lisenziya)" sözləri "müvafiq icazə" sözləri ilə əvəz edilmişdir.

 

14 aprel 2017-ci il tarixli 612-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyun 2017-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1025) ilə 6-cı maddənin beşinci hissə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

5. Məhsulların (işlərin, xidmətlərin) dövlət standartlarının tələblərinə uyğunluğu Azərbaycan Respublikasının məhsul, iş və xidmətlərin sertifikatlaşdırılması haqqında müvafiq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada təmin edilir. Müvafiq  məhsulların, işlərin və xidmətlərin dövlət standartlarına uyğunluğu onların nişanlanması yolu ilə təsdiqlənə bilər.

Məhsulların (işlərin, xidmətlərin) dövlət standartlarına uyğunluğunun təmin edilməsinin, nişanlanma qaydalarının, öz məhsullarını nişanlamaq üçün təsərrüfat subyektlərinə müvafiq icazə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyatı həyata keçirilir və bu işlərin vahid dövlət reyestri aparılır.

 

[7] 1 oktyabr 2018-ci il tarixli 1249-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 noyabr 2018-ci il, № 260, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2189) ilə 6-cı maddənin 5-ci hissəsinin ikinci abzasında “müvafiq icra hakimiyyəti orqanında” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda)” sözləri ilə əvəz edilmişdir.

 

[8] 30 sentyabr 2014-cü il tarixli 1046-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan” qəzeti, 9 noyabr 2014-cü il, № 245; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 1166) ilə 6-cı maddənin 6-cı hissəsində “əmlakına, habelə ətraf mühitə zərər” sözləri “dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə birbaşa və mühüm təhlükə yarada və ya mühüm zərər” sözləri ilə əvəz edilmişdir.

 

[9] 30 sentyabr 2014-cü il tarixli 1046-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan” qəzeti, 9 noyabr 2014-cü il, № 245; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 1166) ilə 7-ci maddənin 4-cü hissəsinin ikinci abzasında “əmlakına, habelə ətraf mühitə zərər” sözləri “dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə təhlükə yaratmamalı və ya zərər” sözləri ilə əvəz edilmişdir.

 

[10] 14 aprel 2017-ci il tarixli 612-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyun 2017-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1025) ilə 8-ci maddənin ikinci hissəsində “məhsulların (işlərin, xidmətlərin) dövlət standartlarının məcburi tələblərinə uyğunluğu” sözləri “malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğu” sözləri ilə əvəz edilmişdir.

 

[11] 30 sentyabr 2014-cü il tarixli 1046-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan” qəzeti, 9 noyabr 2014-cü il, № 245; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 1166) ilə 10-cu maddənin 2-ci hissəsində “istehlakçıların müraciət və şikayətlərinin təmin edilməsi, habelə müvafiq qanunvericilikdə və standartlarda nəzərdə tutulan hallar istisna olmaqla, ildə iki dəfədən çox olmamaq şərti ilə, standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi plan üzrə, yalnız” sözləri “standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi plan üzrə və ya plandankənar, ” sözləri ilə və “əmlakına, habelə ətraf mühitə zərər” sözləri “dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə birbaşa və mühüm təhlükə yarada və ya mühüm zərər” sözləri ilə əvəz edilmişdir.

 

[12] 30 sentyabr 2014-cü il tarixli 1046-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan” qəzeti, 9 noyabr 2014-cü il, № 245; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 1166) ilə 11-ci maddənin birinci hissəsinin yeddinci və doqquzuncu abzaslarında “əmlakına, habelə ətraf mühitə zərər” sözləri “dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə birbaşa və mühüm təhlükə yarada və ya mühüm zərər” sözləri ilə əvəz edilmişdir.

 

[13] 7 sentyabr 2004-cü il tarixli 731–IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 761) ilə 11-ci maddənin birinci hissəsinin onuncu abzası yeni  redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

dövlət standartlarının tələblərini pozan təsərrüfat subyektlərinə, habelə onların müvafiq vəzifəli şəxslərinə qarşı qanunvericilikdə müəyyən edilmiş qaydada sanksiyalar tətbiq etmək

 

[14] 5 oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 683) ilə 11-ci maddənin birinci hissəsinin on birinci abzasından "İqtisad Məhkəməsinə" sözləri çıxarılmışdır.

 

Əvvəlki redaksiyada deyilirdi: 

verilmiş iradnamə, tələbnamə və qərarlar göstərilən müddətdə icra edilmədikdə və təsərrüfat subyektlərinin dövlət standartlarının tələblərinin pozulması təkrarlandığı hallarda materialları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tədbirlər görmək üçün İqtisad Məhkəməsinə, məhkəməyə və ya hüquq-mühafizə orqanlarına göndərmək.

 

[15] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 11-ci maddənin ikinci hissəsində "pozan təsərrüfat subyektləri" sözləri "yerinə yetirməyən şəxslər" sözləri ilə əvəz edilmişdir.

 

30 sentyabr 2014-cü il tarixli 1046-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan” qəzeti, 9 noyabr 2014-cü il, № 245; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 1166) ilə 11-ci maddənin ikinci hissəsində “cərimə edilirlər” sözləri “məsuliyyətə cəlb edilirlər” sözləri ilə əvəz edilmişdir.

 

[16] 7 sentyabr 2004-cü il tarixli 731–IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 761) ilə 14-cü maddənin altıncı abzası çıxarılmış və yeddinci abzas müvafiq olaraq altıncı abzas hesab edilmişdir.

 

Əvvəlki redaksiyasında deyilirdi:

tətbiq edilən sanksiya ların və cərimələrin qanunvericiliklə müəyyən edilmiş hissəsi

 

[17] 20 oktyabr 2009-cu il tarixli 890-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2009-cu il, № 286) ilə 15-ci maddə əlavə edilmişdir.

 

[18] 14 aprel 2017-ci il tarixli 612-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyun 2017-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1025) ilə 15.1.1-ci maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

15.1.1. məhsulların (işlərin, xidmətlərin) idarəetmə sistemlərinin (keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin və təhlükəsizliyinin, ərzaq məhsullarının təhlükəsizliyinin və s.) sertifikatlaşdırılması;

 

[19] 14 aprel 2017-ci il tarixli 612-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyun 2017-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1025) ilə 15.1.2-ci maddədə “sertifikatlaşdırma üzrə orqanın” sözləri “uyğunluğu qiymətləndirən qurumun” sözləri ilə əvəz edilmişdir.

 

1 oktyabr 2018-ci il tarixli 1249-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 noyabr 2018-ci il, № 260, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2189) ilə 15.1.2-ci maddə ləğv edilmişdir.