Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə
Azərbaycan Respublİkası Prezİdentİnİn
Fərmanı[1]
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyinin funksiyalarını aparılan islahatlar nəticəsində yaranmış yeni iqtisadi münasibətlərə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyinin yeni strukturunu 15 gün müddətində təsdiq etsin;
bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. “Kənd Təsərrüfatının idarəetmə strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 1992-ci il 21 noyabr tarixli 333 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 6 iyun 1998-ci il
¹ 716
Azərbaycan Respublikası Prezidentinin
1998-ci il 6 iyun tarixli 716 nömrəli Fərmanı ilə
TƏSDİQ
edİlmİşdİr
Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında
Əsasnamə
1.
Ümumİ müddəalar
1.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
(bundan sonra — Nazirlik) kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır.
1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ-hüquqi aktları və bu Əsasnaməni rəhbər tutur.
1.3. Nazirlik öz fəaliyyətini digər müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqəli surətdə həyata keçirir və Azərbaycan
Respublikası Nazirlər Kabinetinə tabedir.
1.4. Nazirlik hüquqi şəxsdir, Azərbaycan Respublikasının gerbinin təsvirini və öz adını əks etdirən möhürə, digər müvafiq möhürlərə, ştamplara və blanklara malikdir və banklarda
hesablaşma və valyuta hesabları aça bilər.
2.
Nazİrlİyİn əsas vəzİfələrİ:
Nazirliyin əsas vəzifələri aşağıdakılardır:
2.1. Kənd təsərrüfatı sahəsində dövlət siyasətinin formalaşdırılmasının və həyata keçirilməsinin təmin edilməsi.
2.2. Ölkədə aqrar islahatının həyata keçirilməsində yerli və rayon aqrar islahatı
komissiyalarına əməli köməklik göstərilməsi.
2.3. Kənd təsərrüfatı sahəsində iqtisadi islahatların həyata keçirilməsinin təmin edilməsi, sahənin sosial-iqtisadi inkişafının əsas istiqamətlərinin müəyyənləşdirilməsi, kənd təsərrüfatı sahəsində müvafiq
standartlar, normalar və qaydaların işlənib hazırlanması.
2.4. Təsərrüfatlarda
toxumçuluq istehsalı sahəsində yüksək məhsuldarlığa və sabit irsi əlamətlərə malik, xəstəliklərə, ziyanvericilərə və müxtəlif iqlim şəraitinə dözümlü bitki sortlarının yaradılması sahəsində seleksiya işlərinin aparılması, onların sort-sınağının keçirilməsinin və dövlət toxum ehtiyatlarının yaradılmasının təşkil edilməsi.
2.5. Damazlıq işi sahəsində yüksək məhsuldarlığa və sabit irsi əlamətlərə malik cins heyvanlar yetişdirilməsinin, onların sınağının, geniş təkrar
istehsalının və səmərəli istifadəsinin təşkil edilməsi.
2.6. Kənd təsərrüfatının texnika,
maşın, avadanlıq, ehtiyat hissələri və digər istehsal təyinatlı mallara olan tələbatın təhlil edilməsi və proqnozlaşdırılması, müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə həmin tələbatın ödənilməsi üçün təkliflərin verilməsi.
2.7. Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və emal sahələrinin inkişafına yönəldilmiş xüsusi
proqramların hazırlanması.
2.8. Kənd təsərrüfatı müəssisələrində torpağın münbitliyinin bərpa edilməsinin, gübrə və digər kimyəvi preparatlardan düzgün və səmərli istifadə edilməsinin, habelə öz səlahiyyətləri daxilində təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsinin təmin edilməsi.
2.9. Nazirlik sistemində mühasibat uçotu və statistik hesabat işlərinin təşkil edilməsi və təkmilləşdirilməsi.
2.10. Nazirlik sistemində işçilərin sosial-məişət və əmək şəraitlərinin yaxşılaşdırılması, əməyin mühafizəsi, təhlükəsizlik,
istehsalat-sanitariya qaydalarına riayət edilməsinin təmin edilməsi.
2.11. Bitki mühafizəsi
və bitki karantini sahəsində müvafiq tədbirlərin
həyata keçirilməsi. [2]
2.12. Baytarlıq təbabəti
sahəsində fəaliyyətin beynəlxalq
tələblərə uyğun olaraq tənzimlənməsi. [3]
3.
Nazİrlİyİn əsas funksİyaları
Nazirlik vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir:
3.1. Tabeliyində olan idarə və təşkilatların fəaliyyətinə öz səlahiyyətləri çərçivəsində köməklik göstərir və nəzarət edir.
3.2. Kənd təsərrüfatında yüksək səmərəli ixtira və kəşflərin sınaq və tətbiqini təşkil edir, kənd təsərrüfatı sahəsində qəbul olunmuş elmi-texniki proqramları həyata keçirir və fundamental elmi tədqiqat işlərini müəyyənləşdirir.
3.3. Kənd təsərrüfatı sisteminə daxil olan elmi təşkilatların fəaliyyətini əlaqələndirir,
onların inkişafına dair müvafiq tədbirlər işləyib həyata keçirir.
3.4. Müəyyən edilmiş qaydada kənd təsərrüfatı sahəsində beynəlxalq
elmi-texniki, iqtisadi əməkdaşlığın və əlaqələrin genişləndirilməsi sahəsində müvafiq təkliflər hazırlayır və həyata keçirir.
3.5. Kənd təsərrüfatı istehsalı sahələrinin
kompleks mexanikləşdirilməsi, avtomatlaşdırılması, elektrikləşdirilməsi və qazlaşdırılması istiqamətlərini müəyyən edir, aidiyyəti nazirlik və təşkilatlarla
birlikdə onların həyata keçirilməsini təşkil edir.
3.6. Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, itkilərin qarşısının alınması, məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə texniki,
texnoloji, təşkilati və iqtisadi tədbirləri işləyib hazırlayır və həyata keçirir.
3.7. Öz səlahiyyətləri hüdudlarında kənd təsərrüfatında təsərrüfat fəaliyyətinin hüquqi tənzimlənməsini həyata keçirir.
3.8. Suvarılan torpaqların və kənd təsərrüfatının su təchizatının yaxşılaşdırılmasına dair tədbirlər həyata keçirir.
3.9. Kəndli (fermer) təsərrüfatlarına və digər kənd təsərrüfatı əmtəə istehsalçılarına informasiya-məsləhət xidməti təşkil edir.
3.10. Ölkə ərazisində mövcud qanunvericiliyə uyğun hüquqi və fiziki şəxslərə məxsus
traktor, özüyeriyən maşın və mexanizmlərin texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarətini həyata keçirir.
3.11. Kənd təsərrüfatı məhsulları istehsal edən qurumlarda əməyin mühafizəsinin və texniki təhlükəsizliyinin
təmin edilməsi üzrə müvafiq tədbirlər həyata keçirir.
3.12. (Çıxarılıb)
[4]
3.13. Dövlət bitki mühafizə və bitki karantini
xidmətlərini təşkil edir və dövlət
fitosanitar nəzarətini həyata keçirir. [5]
3.14. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin sınağını və qeydiyyatını təşkil
edib həyata keçirir.
3.15. Öz səlahiyyətləri daxilində kənd təsərrüfatı bitkiləri toxumçuluğu sahəsində dövlət toxumçuluq xidmətini təşkil edir və həmin sahəyə dövlət nəzarətini həyata keçirir.
3.16. Dövlət və sığorta toxum fondlarına sifariş verir, bu fondlara toxum tədarükü məsələlərini həll edir.
3.17. Öz səlahiyyətləri daxilində pestisidlərin və aqrokimyəvi maddələrin
istehsalı, saxlanılması və tətbiqi üzərində, habelə kənd təsərrüfatı məhsullarında, yemlərdə, torpaqda zəhərli kimyəvi maddələrin qalıq miqdarına dövlət nəzarətini təşkil edir və həyata keçirir.
3.18. Pestisidlərin və aqrokimyəvi maddələrin
qeydiyyatını həyata keçirir, bu məqsədlər üçün müvafiq komissiya yaradır.
3.19. Kənd təsərrüfatı sahəsində müasir tələblərə uyğun inkişaf strategiyasının və investisiya proqramlarının hazırlanmasında fəal iştirak edir.
3.20. Kənd təsərrüfatı sahələrinə investisiyaları, o cümlədən xarici investisiyaları cəlb etmək üçün məqsədyönlü iş aparır.
3.21. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq kənd təsərrüfatında təhsil və kadr hazırlığı sisteminin köklü surətdə dəyişdirilməsi və bu sahədə beynəlxalq əməkdaşlıq çərçivəsində tədbirlər görür.
3.22. Vətəndaşların ərizə, şikayət və təkliflərinə mövcud qanunvericiliyə uyğun baxılmasını təşkil edir.
3.23. Baytarlıq xidmətini
təşkil edir, dövlət baytarlıq nəzarətini
həyata keçirir.
3.24. Öz
Səlahiyyətləri daxilində baytarlıq
preparatlarının, vitaminləri, yem əlavələrinin,
habelə mal - qaranın boy artımı
sürətləndirən və məhsuldarlığı
yüksəldən bioloji stimulyatorların və hormonların
istehsalına, saxlanmasına, heyvandarlıqda və
baytarlıqda tətbiqinə nəzarət edir, onların
sınağını və qeydiyyatını aparır. [6]
4.
Nazİrlİyİn hüquqları
Nazirlik öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.1. Müəyyən edilmiş qaydada Dövlət
Statistika Komitəsindən, digər mərkəzi və yerli orqanlardan kənd təsərrüfatı ilə əlaqədar məsələlərə dair lazım olan məlumatları almaq və təhlil etmək.
4.2. Müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə kəndin sosial və iqtisadi inkişafı, kənd əhalisinin məşğulluğu və sosial müdafiəsinin yaxşılaşdırılması üzrə dövlət
proqramlarının və tədbirlərinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.
4.3. Müəyyən edilmiş qaydada tabeliyində olan müəssisə və idarələrin fəaliyyətini tənzimləyən Əsasnamələri təsdiq etmək.
4.4. Öz səlahiyyətləri çərçivəsində tabeliyində olan dövlət müəssisə və idarələrinə əmr və göstərişlər vermək, onların düzgün və vaxtında icra
olunmasına nəzarət etmək, həmin müəssisə və idarələr tərəfindən qanunvericiliyə zidd qəbul edilmiş qərarların icrasını dayandırmaq və ya ləğv etmək.
4.5. Nazirliyin səlahiyyətinə aid olan məsələlərə dair müəyyən edilmiş qaydada beynəlxalq və ölkə səviyyəsində konfrans,
müşavirə, seminarlar və sərgi-satış təşkil etmək, xarici ölkələrdə keçirilən bu cür tədbirlərdə iştirak etmək.
4.6. Kənd təsərrüfatı mütəxəssislərinə və kadrlarına olan tələbatı müəyyən etmək, onların hazırlanmasına və təkmilləşdirilməsinə dair təkliflər vermək, kənd təsərrüfatı üzrə tədris
planlarının və proqramlarının hazırlanmasında iştirak etmək.
4.7. Kənd təsərrüfatı elmi sahəsində əsas istiqamətləri müəyyən etmək, xarici ölkələrdə və respublika daxilində elmin son nailiyyətlərini ümumiləşdirmək, öyrənmək, texnoloji layihələrin ekspertizasını təşkil etmək və onların tətbiqi barədə rəy vermək məqsədi ilə Azərbaycan Respublikası Elmlər Akademiyasının, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının, digər elmi idarələrin qabaqcıl alim və mütəxəssislərini cəlb etməklə, ictimai əsaslarla fəaliyyət göstərən
elmi-texniki şura yaratmaq, özünün
elmi-praktiki təmayüllü mətbuat orqanını təsis etmək.
4.8.
(Çıxarılıb) [7]
5.
Nazİrlİyİn İdarə olunması
5.1. Kənd Təsərrüfatı Nazirliyinə nazir rəhbərlik edir.
5.2. Kənd təsərrüfatı naziri Azərbaycan Respublikası
Prezidentinin Fərmanı ilə, nazirin müavinləri isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər.
5.3. Nazirliyin mərkəzi aparatının strukturu və işçilərinin sayı Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
5.4. Kənd təsərrüfatı naziri öz səlahiyyətləri daxilində:
Nazirliyin fəaliyyətinə rəhbərliyi həyata keçirir, Nazirliyə həvalə olunmuş vəzifə və funksiyaların yerinə yetirilməsinə şəxsi məsuliyyət daşıyır, nazir müavinləri və Nazirliyin mərkəzi aparatının struktur bölmələrinin rəhbərləri arasında səlahiyyət bölgüsü aparır;
əmrlər, sərəncamlar, təlimatlar və göstərişlər verir;
müəyyən olunmuş qaydada Nazirliyin mərkəzi aparatının işçilərini və Nazirliyin nəzdindəki dövlət kənd təsərrüfatı xidmətlərinin rəhbərlərini öz əmri ilə vəzifəyə təyin edir və vəzifədən azad edir;
qanunvericilikdə müəyyən olunmuş qaydada Nazirliyin mərkəzi aparatının və Nazirliyin
nəzdindəki dövlət kənd təsərrüfatı xidmətlərinin ştat cədvəlini və vəzifə maaşlarını, aparatın xərclər smetasını təsdiq edir;
Nazirliyin mərkəzi aparatının struktur bölmələrinin,
tabeliyində olan idarə, müəssisə və təşkilatların Əsasnamələrini və təlimatlarını, habelə elmi-texniki şuranın heyətini və onun Əsasnaməsini təsdiq edir;
Nazirlikdə nəzarət-təftiş işini, ilkin
uçot və hesabatı təşkil edir, tabeliyindəki idarə, müəssisə və təşkilatların hesabat balanslarını təsdiq edir, mühasibat uçotu və hesabat işlərinin düzgün aparılmasına nəzarət edir;
Azərbaycan
Respublikasının qüvvədə olan normativ-hüquqi sənədlərə müvafiq
olaraq, Nazirlikdə kargüzarlığın operativ və düzgün aparılmasını, həmçinin işdə dövlət sirrinin saxlanılmasını təmin edir.
5.5. Nazirlik kollegiallıq və vahid rəhbərlik prinsiplərinin əsasında və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq idarə edilir.
5.6. Kənd Təsərrüfatı Nazirliyində kollegiya yaradılır. Kollegiyanın tərkibinə nazir — kollegiyanın sədri, nazirin müavinləri, vəzifəyə görə Nazirliyin digər məsul vəzifəli işçiləri daxildir.
5.7. Kollegiyanın say tərkibi və üzvləri nazirin
təqdimatı əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
5.8. Kollegiya iclaslarının qərarları sadə səs çoxluğu olduqda qəbul edilir və bir qayda olaraq, nazirin əmri ilə rəsmiləşdirilir və həyata keçirilir.
5.9. Kollegiya iclaslarına kənd təsərrüfatı naziri, o
olmadıqda isə nazirin birinci müavini rəhbərlik edir.
5.10. Kollegiyanın sədri və onun üzvləri arasında fikir ayrılığı olduqda, sədr öz qərarını həyata keçirir və bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinə məlumat
verir, kollegiyanın üzvləri də öz növbəsində, Nazirlər Kabinetinə müraciət etmək hüququna
malikdir.
5.11. Kollegiyanın iclaslarında Nazirliyin kənd təsərrüfatı sahəsində inkişaf proqramı, tabeliyində olan dövlət müəssisə, idarə və təşkilatlarının əsas fəaliyyəti əsas fondlardan, material, maliyyə və əmək ehtiyatlarından istifadənin vəziyyəti,
elmi-texniki nailiyyətlərin, mütərəqqi
texnologiyaların tətbiq edilməsi, digər problemlər müzakirə edilir və onlar barədə qərar qəbul edilir.
6.
Nazİrlİyİn yenİdən təşkİlİ və
ləğvİ
Nazirlik Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan
qaydada yenidən təşkil və ləğv edilir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
29 iyun 2000-ci il tarixli 363
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 7, maddə
503)
2.
23 oktyabr 2003-cü il tarixli 980
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 10,
maddə 585)
3. 23 iyul 2015-ci il
tarixli 572 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti,
24 iyul 2015-ci il, ¹ 156,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
07, maddə 840)
FƏRMANA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 23 iyul 2015-ci il tarixli 572 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 iyul 2015-ci il, ¹ 156, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015-ci il, ¹ 07, maddə 840) ilə “Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
haqqında Əsasnamənin təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 iyun tarixli 716
nömrəli Fərmanı ləğv edilmişdir.
[2] 29 iyun
2000-ci il tarixli 363 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 7, maddə
503) ilə 2.11-ci bəndi
yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2.11. Bitki mühafizəsi tədbirlərinin təmin edilməsi.
[3] 29 iyun
2000-ci il tarixli 363 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 7, maddə
503) ilə 2.12-ci bənd əlavə edilmişdir.
[4] 23 oktyabr
2003-cü il tarixli 980 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 10,
maddə 585) ilə "Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı Nazirliyi haqqında
Əsasnamə"nin 3.12-ci bəndi
çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
3.12. Müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyətinin müvafiq növləri ilə məşğul olmaq üçün fiziki və hüquqi şəxslərə xüsusi razılıq (lisenziya) verir.
[5] 29 iyun
2000-ci il tarixli 363 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 7, maddə
503) ilə 3.13-cü bənddə «xidmətini» sözü «və bitki karantini xidmətlərini» sözləri
ilə əvəz edilmişdir.
[6] 29 iyun
2000-ci il tarixli 363 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 7, maddə
503) ilə 3.23-cü və 3.24-cü bəndlər
əlavə edilmişdir.
[7] 23 oktyabr 2003-cü il tarixli 980
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 10,
maddə 585) ilə "Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı Nazirliyi haqqında
Əsasnamə"nin 4.8-ci bəndi
çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
4.8. Nazirlik tərəfindən verilmiş lisenziyaların fəaliyyətini müəyyən edilmiş qaydada dayandırmaq və ləğv etmək, lisenziya fəaliyyətinə nəzarət etmək.