Sərbəst toplaşmaq azadlığı haqqında

 

Azərbaycan Respublİkasının Qanunu

 

I fəsil

 Ümumİ müddəalar

 

Maddə 1. Sərbəst toplaşmaq azadlığı

 I.  Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir.[1]

 II. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız  keçməsi üçün müvafiq tədbirlər görür.

 

Maddə 2. Sərbəst toplaşmaq azadlığının tətbiqi

 

I. Sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq bu Qanun əsasında tətbiq edilir.

II. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi zamanı şəxslərin bərabərlik hüququna təminat verir.

 

Maddə 3. Toplantının formaları

 

Bu Qanunda istifadə edilən “toplantı” anlayışı bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər.[2]

Maddə 4. Bu Qanunla nizamlanmayan toplantılar

 I. Xüsusi mülkiyyətə aid olan yerlərdə toplantı keçirmək hüququna zərər vurmadan aşağıdakı yerlərdə keçirilən toplantılar bu Qanunla tənzimlənmir:[3]

 şəxslərin xüsusi mülkiyyətində, icarəsində və ya başqa növ qanuni istifadəsində olan yerlərdə;  ictimai tədbirlərin keçirilməsi üçün xüsusi olaraq ayrılmış qapalı yerlərdə.

 II. Toplantıların aşağıdakı formaları bu Qanunla tənzimlənmir:

 toy və dəfn mərasimləri;

 bayram və matəm tədbirləri; 

dini mərasimlər.

 Toy və dəfn mərasimlərindən, bayram və matəm tədbirlərindən, dini mərasimlərdən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və piket  keçirilməsi üçün istifadə olunarsa, həmin toplantılar bu Qanunun 7-ci və 8-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun məhdudlaşdırıla və ya dayandırıla bilər.[4]

 III. Bu maddənin I və II hissələrində nəzərdə tutulmuş dinc toplantıların hər bir iştirakçısı Azərbaycan Respublikası qanunvericiliyinin  ümumi tələblərinə riayət etməlidir.

II fəsil

 Toplantılar təşkİl edİlməsİ qaydaları

Maddə 5. Toplantının keçirilməsi barədə xəbərdarlıq

I. Bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır.[5]

II. Yazılı xəbərdarlıqda aşağıdakı məlumatlar olmalıdır:

1) keçirilməsi nəzərdə tutulmuş toplantının forması;[6]

2) ümumi məqsədi;[7]

3) toplantının keçirilmə yeri və vaxtı;

4) iştirakçıların təxmini sayı;

5) küçə yürüşü keçirilirsə, onun təklif edilən marşrutu (yürüşün başlanma yeri, məsafəsi və bitəcəyi yer);

6) toplantı təşkilatçıları barədə məlumat (fiziki şəxsin adı, soyadı, atasının adı, və ünvanı; hüquqi şəxsin adı və hüquqi ünvanı);[8]

7) yazılı xəbərdarlığın təqdim edildiyi tarix;

8) əlaqə telefonları və ya onlar olmadıqda əlaqə ünvanı.

9) Müvafiq icra hakimiyyəti orqanının qərarı qəbul edilənədək təşkilatçılar tərəfindən əlavə məlumatlar təqdim oluna bilər.[9]

III. Toplantı təşkilatçılarının hamısı yazılı xəbərdarlığı imzalamalıdırlar.

IV. Təsadüfi toplantılar üçün yazılı xəbərdarlığın təqdim edilməsi tələb olunmur. Təsadüfi toplantılar bu Qanunun 7-ci və 8-ci maddələrində  müəyyən edilmiş tələblərə uyğun məhdudlaşdırıla və ya dayandırıla bilər.

Maddə 6. Toplantının təşkilatçısı

 I. Yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti  orqanına  təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. [10]

II. 18 yaşına çatmamış şəxslər valideynlərinin və ya digər qanuni nümayəndələrinin yazılı razılığı olmadan və fəaliyyət qabiliyyəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məhdudlaşdırılmış şəxslər himayəçilərinin yazılı razılığı olmadan dinc toplantının təşkilatçısı ola bilməzlər.[11]

 III. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər siyasi məqsədi olan dinc toplantının təşkilatçısı ola bilməzlər.[12]

 III. Toplantı keçirmək təklifini irəli sürən siyasi partiya, ictimai birlik, həmkarlar ittifaqı təşkilatı və ya təşəbbüs qrupu həmin tədbirin  təşkilatçısını təyin etməlidir. [13]

 IV. Toplantının təşkilatçıları və ya onların nümayəndələri toplantıda şəxsən iştirak etməlidirlər. Bu mümkün olmadıqda təşkilatçılar və ya  onların nümayəndələri toplantıya gələ bilməyəcəkləri barədə müvafiq icra hakimiyyəti orqanına tədbirin başlanmasına azı 3 saat qalmış məlumat verməli, eyni zamanda toplantı iştirakçılarını xəbərdar etməlidirlər. Toplantının təşkilatçılarından heç biri toplantıda şəxsən iştirak etmədikdə toplantı keçirilə bilməz.[14]

III fəsil

 Dİnc toplantının məhdudlaşdırılması və ya qadağan edİlməsİ əsasları və qaydası

Maddə 7. Sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətlər

I. Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.[15]

 1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün;

 2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün;

 3) iğtişaş və ya cinayətlərin baş verməməsi üçün;

 4) əhalinin sağlamlığının mühafizəsi üçün;

 5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün;

 6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün.

 II. Bu maddənin I hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığı müxtəlif formalarda, o cümlədən toplantı vaxtının və yerinin  dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər.

 II. Bu maddənin I hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib  olmalıdır. Həmin məhdudiyyət qarşıya qoyulmuş məqsədə nail olmaq üçün lazımi və kifayət hədləri aşmamalıdır.

 III. Bu maddənin I hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması üçün görülən tədbirlər məhdudiyyətin  qoyulmasına səbəb olmuş məqsədə nail olmaq üçün son dərəcə zəruri olmalıdır.

IV. Sərbəst toplaşmaq azadlığı yalnız bu maddənin I hissəsində nəzərdə tutulmuş məqsədlərlə müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər. [16]

Maddə 8. Toplantının qadağan edilməsi və ya dayandırılması

 I. Ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən toplantılar qadağan edilir.

 II. Müharibəni təbliğ edən toplantılar qadağan edilir.

 III. Siyasi məqsədlə dinc toplantının keçirilməsi aşağıdakı hallarda qadağan edilir:[17]

 1) Azərbaycan Respublikası prezidentinin seçkiləri (ölkə ərazisində), Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkiləri  (ölkə ərazisində), Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkiləri (Naxçıvan Muxtar Respublikasının ərazisində),  bələdiyyə seçkiləri (müvafiq şəhər və rayonun ərazisində) gününə 24 saat qalmışdan seçki günü səsvermə məntəqələri bağlananadək;

 2) referendumun keçirildiyi günə 24 saat qalmışdan səsvermə məntəqələri bağlananadək;

 3) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş mühüm dövlət əhəmiyyətli beynəlxalq tədbirlərə hazırlıq dövründə və  onların keçirildiyi günlərdə həmin tədbirin keçirildiyi şəhər və rayonların ərazilərində.[18]

IV. Bu Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq, təhlükəsizlik tədbirlərinin keçirilməsi zərurəti ilə əlaqədar mühüm dövlət əhəmiyyətli beynəlxalq tədbirlərin ərəfəsində və onların keçirildiyi günlərdə həmin tədbirlərin keçirildiyi şəhər və rayonların ərazilərində siyasi məqsədlə toplantıların keçirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qadağan edilə bilər.[19]

 V. Toplantı demokratik cəmiyyətdə zəruri olan hallarda və bu Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının  sərəncamı ilə qadağan edilə bilər.

 VI. Zəruri hallarda toplantı bu Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq icra  hakimiyyəti orqanının  sərəncamı ilə dayandırıla bilər.[20]

VII. Bu maddənin IV, V və VI hissələrinə uyğun olaraq toplantının qadağan edilməsi və ya dayandırılması son zərurət tədbiri sayılır və yalnız bu  Qanunun 7-ci maddəsində müəyyən edilmiş məhdudiyyətlər kifayət etmədikdə tətbiq edilir.[21]

VIII. Fövqəladə və ya hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşləri və piketlərin keçirilməsinə “Fövqəladə vəziyyət haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudiyyət qoyula bilər və ya onların keçirilməsi qadağan edilə bilər. [22]

Maddə 9. Dinc toplantının keçiriləcəyi yerin və vaxtın məhdudlaşdırılması və ya qadağan edilməsi

 I. Dinc toplantının keçiriləcəyi yerə hər hansı məhdudiyyətlər bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş meyarlara uyğun olaraq qoyulur.[23]

II. Əgər toplantı təşkilatçılarının yazılı xəbərdarlığında göstərilmiş yerdə və vaxtda başqa bir toplantı təyin edilibsə və əks-toplantının keçirilməsinin tərəflər arasında qarşıdurma törədəcəyi barədə kifayət qədər əsaslar varsa, müvafiq icra hakimiyyəti orqanı əks-toplantının təşkilatçılarına başqa vaxtın və yerin müəyyən edilməsini təklif etməlidir. Dəyişdirilmiş vaxt və yer haqqında yazılı xəbərdarlıq tədbirlərin yeni tarixinə azı 3 gün qalmış müvafiq icra hakimiyyəti orqanına təqdim edilməlidir. Əks-toplantı keçirildiyi halda polis orqanları toplantı və əks-toplantı iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə tədbirlər görməlidir.[24]

 III. Aşağıdakı yerlərdə yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilər:[25]

1) Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikasının Prezident Sarayının, Azərbaycan Respublikası Prezidentinin iqamətgahının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin yerləşdiyi binaların ətrafında 200 metr radius çərçivəsində;

2) körpülərdə, tunellərdə, tikinti aparılan sahələrdə, insan həyatı və sağlamlığı üçün təhlükəli olan istehsalat obyektlərində və istismarı xüsusi təhlükəsizlik texnikası normalarına riayət olunmasını tələb edən digər obyektlərdə, xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində, magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, hava limanlarının, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, suların mühafizə zonalarında;

4) hərbi məqsədlər üçün istifadə olunan ərazilərdə və bu ərazilərin sərhədlərinə 150 metrdən yaxın, zəruri hallarda isə bu ərazilərdən toplantı iştirakçıları üçün təhlükəli məsafə daxilində olan yerlərdə;

5) penitensiar müəssisələrin, istintaq təcridxanalarının, psixiatriya müalicə müəssisələrinin ərazilərində və bu ərazilərin sərhədlərinə 150 metrdən yaxın olan yerlərdə.[26]

IV. Siyası məzmunlu toplantıların ziyarətgahlarda, ibadətgahlarda və qəbiristanlarda keçirilməsi məhdudlaşdırıla bilər.[27]

 V. Piket düzəldənlər 50 nəfərdən çox olmamalı və piket edilən obyektin girişinə 10 metrdən yaxın məsafədə yerləşməməli, piket edilən  obyektə giriş və çıxış üçün maneələr yaratmamalı və 10 vattdan yüksək olan səs gücləndirici qurğulardan istifadə etməməlidirlər.

 VI. Yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün hər bir şəhər və rayonda müvafiq icra hakimiyyəti orqanı  xüsusi yerlər ayırmalıdır. Yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün təklif olunan yerlərin  siyahısı yerli mətbuatda dərc edilir və başqa üsullarla əhaliyə çatdırılır. Təşkilatçılar yığıncaq, mitinq və ya nümayiş üçün ayrılmış yerlərin  birini seçə bilərlər. Müvafiq icra hakimiyyəti orqanı yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün təklif olunmuş yerlərin siyahısını müraciətlər əsasında dəyişdirə bilər.[28]

 VII. Küçə yürüşünün təşkilatçıları onun marşrutunu müvafiq icra hakimiyyəti orqanı  ilə  razılaşdırmalıdırlar.[29]

VII. Bu Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq toplantının vaxtı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudlaşdırıla bilər.[30]

Maddə 10. Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanının qərarlarının toplantı təşkilatçılarına çatdırılması

 Toplantı haqqında bu Qanunun 7—9-cu maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının  bütün qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə azı 3 iş günü qalmış yazılı şəkildə çatdırılmalıdır.  Həmin qərarlar aydın və əsaslandırılmış olmalıdır.[31]

Maddə 11. Şikayət hüququ

 Bu Qanunun 7—9-cu maddələrində nəzərdə tutulmuş bütün qərarlardan inzibati qaydada və (və ya) müvafiq məhkəməyə şikayət verilə bilər. Şikayətə məhkəmə  tərəfindən 2 gün müddətində baxılmalıdır. Məhkəmənin bu cür şikayətlərə dair qərarlarından yuxarı məhkəmələrə şikayət verilə bilər.[32]

IV fəsil

 Toplantıların keçİrİlməsİ qaydası

Maddə 12. Dinc toplantı təşkilatçılarının hüquq və vəzifələri

 I. Bu Qanunun 7-ci maddəsində göstərilən hallardan başqa, dinc toplantının keçirilməsinə dair hazırlıq işlərinə məhdudiyyətlər qoyula  bilməz.

 II.  Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq toplantı keçirilən zaman təşkilatçıların söz azadlığı vardır. Bu  azadlığın həyata keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq  müqavilələrə uyğun məhdudlaşdırıla bilər.[33]

 III. Toplantının təşkilatçıları tədbirin dinc və qanuni qaydada, yazılı xəbərdarlıqda göstərilmiş və toplantıya qoyulmuş şərtlərə uyğun olaraq  keçirilməsini təmin etmək üçün bütün mövcud imkanlardan istifadə etməlidirlər.

 IV. Bu Qanunun 5-ci maddəsinin IV hissəsində nəzərdə tutulmuş haldan başqa, toplantı təşkilatçılarının onları fərqləndirən açıq-aşkar görünən nişanı olmalıdır.[34]

 V. Toplantı təşkilatçılarının odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və ya əmlaka zərər vura  bilən daş-kəsək, şüşə , taxta və dəmir parçaları, dəyənəklər, bədən xəsarəti yetirmək üçün xüsusi düzəldilmiş əşyalar, partlayıcı maddələr və ya  pirotexnika məmulatı, güclü təsir edən, zəhərli, tez alışan və ya aşındırıcı maddələr, radioaktiv materiallar gəzdirməsi qadağandır.[35]

 VI. Bu Qanunun 8-ci maddəsinin V hissəsində nəzərdə tutulmuş hallarda qadağan olunmuş toplantının təşkilatçısı toplantının qadağan  edilməsi barədə onun iştirakçılarını xəbərdar etmək üçün bütün mövcud imkanlardan istifadə etməlidir.[36]

 VII. Bu Qanunun 8-ci maddəsinin VI hissəsində nəzərdə tutulmuş hallarda sərəncamla dayandırılmış toplantının təşkilatçısı bu sərəncamın  yerinə yetirilməsi üçün bütün mövcud imkanlardan istifadə etməlidir.[37]

 VIII. Toplantının təhlükəsizliyini təmin etmək dövlətin vəzifəsidir. Lakin toplantının təşkilatçıları dövlət tərəfindən təmin olunan  təhlükəsizlik tədbirləri hüdudlarından çıxan toplantının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə əvəzi ödənilmək şərti ilə əlavə polis  qüvvələrinin cəlb olunması barədə müraciət edə bilərlər.[38]

 

 

Maddə 13. Dinc toplantı iştirakçılarının hüquq və vəzifələri

 I. Dinc toplantıda iştirak edən hər bir şəxs bu Qanunun 7-9-cu maddələrinə uyğun qoyulmuş məhdudiyyətlərə və şərtlərə əməl etməlidir.[39]

 II. Şəxslər toplantıda könüllü iştirak edirlər. Heç kəs toplantıda iştirak etməyə məcbur edilə bilməz. Kimi isə toplantıda iştirak etməyə  məcbur edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.

 III. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq toplantı zamanı iştirakçıların şifahi və yazılı fikir və söz azadlığı vardır. Bu  azadlığın həyata keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq  hüquq normalarına uyğun məhdudlaşdırıla bilər.

 IV. Toplantı zamanı iştirakçılar ictimai qaydanın qorunmasına köməklik göstərməli və təşkilatçıların, habelə müvafiq icra hakimiyyəti  orqanı nümayəndələrinin qanuni tələblərinə əməl etmək üçün bütün mövcud imkanlardan istifadə etməlidirlər.

 V. Bu Qanuna uyğun keçirilən toplantının iştirakçısı həmin toplantıda iştirak etməsinə görə sonradan hüquqi məsuliyyətə cəlb edilə bilməz. Yalnız hüquq  pozuntusuna yol vermiş bu Qanuna uyğun keçirilən toplantının iştirakçıları hüquqi məsuliyyətə cəlb edilə bilərlər. Dinc toplantı qeyri-dinc toplantıya çevrildiyi halda hüquq pozuntusu törətməyən toplantı iştirakçısı, habelə toplantının dinc olmadığından qabaqcadan xəbərdar olmamış toplantı iştirakçısı yalnız həmin toplantıda iştirak etdiyinə görə məsuliyyətə cəlb edilə bilməz.[40]

 VI. Toplantı iştirakçılarının odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və ya əmlaka zərər vura  bilən daş-kəsək, şüşə və taxta parçaları, dəyənəklər, bədən xəsarəti yetirmək üçün xüsusi düzəldilmiş əşyalar, partlayıcı maddələr və ya  pirotexnika məmulatı, güclü təsir edən, zəhərli, tez alışan və ya aşındırıcı maddələr, radioaktiv materiallar gəzdirməsi qadağandır.

 VII. Toplantının iştirakçıları bu Qanunun 8-ci maddəsinin VI hissəsində və 14-cü maddəsinin II hissəsində nəzərdə tutulmuş hallarda  müvafiq icra hakimiyyəti orqanının , toplantı təşkilatçılarının və ya təşkilatçıların  nümayəndələrinin toplantının dayandırılması haqqında qərarından sonra dağılışmalıdırlar.[41]

Maddə 14. Toplantının keçirilməsi ilə əlaqədar polis orqanlarının səlahiyyətləri

 I. Bu Qanunun 7-ci maddəsinin tələbləri nəzərə alınmaqla, toplantının keçirilməsi ilə əlaqədar polis orqanlarının aşağıdakı hüquqları vardır:[42]

 1) toplantının təhlükəsizliyini təmin etmək məqsədi ilə yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin keçirilməsinə bir  gün qalmış toplantı yerini yoxlamaq;

 2) bu Qanunun 5-ci maddəsinin IV hissəsində nəzərdə tutulmuş toplantılar istisna olmaqla keçirilməsi barədə qabaqcadan yazılı  xəbərdarlıq verilməyən toplantını zəruri hallarda dayandırmaq;[43]

3) yazılı xəbərdarlıqda göstərilən toplantının keçirilmə yeri və vaxtı, küçə yürüşünün marşrutu (yürüşün başlanacağı və bitəcəyi yer) əsaslandırılmış səbəb olmadan dəyişdirilərsə, toplantını dayandırmaq;[44]

 4) toplantıya odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və ya əmlaka zərər vura bilən  daş-kəsək, şüşə və taxta parçaları, dəyənəklər, bədən xəsarəti yetirmək üçün xüsusi düzəldilmiş əşyalar, partlayıcı maddələr və ya  pirotexnika məmulatları, güclü təsir edən zəhərli, tez alışan və ya aşındırıcı maddələr, radioaktiv materiallarla gəlmiş şəxsləri saxlamaq  və tədbirin keçirildiyi yerdən uzaqlaşdırmaq;

 5) I hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş əşya və ya maddələri gəzdirməsi barədə əsaslı şübhə doğuran adamlara şəxsi baxış  keçirmək.[45]

 II. Bu Qanunun 8-ci maddəsinin I—III hissələrində nəzərdə tutulmuş qadağanların və 7-ci maddəsində, habelə 8-ci maddəsinin V və VI  hissələrində nəzərdə tutulmuş sərəncamların icrası ilə əlaqədar polis orqanlarının aşağıdakı hüquqları vardır:[46]

 1) toplantının dayandırılması və dağılışması barədə təşkilatçılara və iştirakçılara məlumat vermək;

 2) toplantının təşkilatçılarına və iştirakçılarına toplantının dayandırılması və iştirakçıların dağılışması üçün bütün mövcud imkanlardan  istifadə etmək barədə əmr vermək;

 3) toplantının dayandırılması və iştirakçıların dağılışması barədə əmrin yerinə yetirilmədiyi halda onlara qarşı fiziki qüvvə və ya xüsusi vasitələrin tətbiq ediləcəyi  barədə təşkilatçıları və iştirakçıları xəbərdar etmək;[47]

 4) toplantının dayandırılması və iştirakçıların dağılışması üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fiziki qüvvə və ya xüsusi vasitələr tətbiq etmək;[48]

 5) toplantını dayandırmaq və dağılışmaq barədə əmri yerinə yetirməyən şəxsləri saxlamaq.

 III. Bu maddədə nəzərdə tutulmuş hallarda polis orqanları qayda-qanunu bərpa etmək məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq son dərəcə zəruri olan xüsusi  vasitələrdən istifadə etməlidirlər.[49]

 IV. Toplantı zamanı ictimai asayişi qorumaq, ictimai qaydanı bərpa etmək və insanların təhlükəsizliyini təmin etmək üçün daxili  qoşunlardan istifadə edilə bilər.

 V. Toplantının bu maddədə nəzərdə tutulan hallarda güc tətbiq edilməklə dağıdılması zamanı polis işçiləri və daxili qoşunlar əl-qolu  bağlama vasitələrindən, qalxanlardan, dəyənəklərdən, su atan vasitələrdən, xüsusi təyinatlı qazlardan, rezin güllələrdən və bu məqsədlər  üçün nəzərdə tutulmuş digər xüsusi vasitələrdən istifadə edə bilərlər.

VI. Polis əməkdaşları tərəfindən fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiqi hər bir halda yaranmış təhlükəyə mütənasib olmalıdır.

 VII. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş polis orqanlarının səlahiyyəti bu Qanunla məhdudlaşdırılmır.[50]

Maddə 15. Toplantının təşkilatçıları ilə polis orqanları arasında əməkdaşlıq

 Polis orqanları və toplantının təşkilatçıları əməkdaşlıq etməlidirlər. Polis orqanları təşkilatçılara sərbəst toplaşmaq hüququnu həyata  keçirməkdə bacardıqca kömək etməli, eyni zamanda toplantının təşkilatçıları polis orqanlarına ictimai asayişin qorunmasında kömək  göstərməli və onların qanuni tələblərinə əməl etməlidirlər.

V fəsil

 Yekun müddəaları

Maddə 16. Bu Qanunun pozulmasına görə məsuliyyət

I. Bu Qanunun 8-ci maddəsinin I—III hissələrinin, 12-ci maddəsinin III, V, VI və VII hissələrinin, 13-cü maddəsinin VI hissəsinin  pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar.

II. Toplantı keçirilməsi ilə əlaqədar öz vəzifələrini yerinə yetirən polis əməkdaşlarının məsuliyyəti “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.[51]

Maddə 17. Bu Qanunun qüvvəyə minməsi

 Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

 

 Bakı şəhəri, 13 noyabr 1998-ci il

¹ 537-IQ

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       4 mart 2005-ci il tarixli 856-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 4 , maddə 278)

2.       9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə 1053)

3.       30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455)

4.       2 noyabr 2012-ci il tarixli 460-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 11 noyabr 2012-ci il, ¹ 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 11, maddə 1067)

5.       28 aprel 2015-ci il tarixli 1277-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 17 iyul 2015-ci il, ¹ 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 07, maddə 811)

6.       1 may 2018-ci il tarixli 1105-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2018-ci il, ¹ 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹6, maddə 1164)

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 1-ci maddənin I hissəsinin birinci cümləsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi ilə təmin edilir.

 

[2] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 2-ci və 3-cü maddələr yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 2. Əsas anlayışlar

 I. Bu Qanunda istifadə edilən «toplantı» anlayışı bir neçə şəxsin xüsusi məqsədlə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür  toplantı aşağıdakı formalarda ola bilər:

 1) «yığıncaq» — şəxslərin hər hansı məsələni birlikdə müzakirə etmək və həmin məsələyə dair qərar qəbul etmək məqsədilə  toplaşmasıdır;

 2) «mitinq» — toplaşmış şəxslərin ümumi fikirlərini ifadə etmək və (və ya) ümumi çağırışlar etmək, tələblər irəli sürmək üçün keçirilən  kütləvi tədbirdir;

 3) «nümayiş» — bir qrup şəxsin ictimai və dövlət həyatı ilə bağlı məsələlərə dair fikirlərinin ifadəsidir;

 4) «küçə yürüşü» — müəyyən marşrutla hərəkət edən bir qrup şəxsin ictimai və dövlət həyatı ilə bağlı məsələlərə dair fikirlərinin  ifadəsidir;

 5) «piket» — ictimai və dövlət həyatı ilə bağlı məsələlərə dair fikirlərini ifadə edən şəxslərin nümayişdə iştirak edənlərdən daha kiçik bir  qrupunun müəyyən yerdə toplaşmasıdır.

Maddə 3. Sərbəst toplaşmaq azadlığının tətbiqi

        Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində təsbit edilmiş sərbəst toplaşmaq azadlığı beynəlxalq hüquq prinsiplərinə  uyğun olaraq bu Qanun əsasında tətbiq edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi zamanı şəxslərin bərabərlik  hüququna təminat verir.

 

[3] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 4-cü maddənin I hissədə “Aşağıdakı yerlərdə keçirilən dinc” sözləri “Xüsusi mülkiyyətə aid olan yerlərdə toplantı keçirmək hüququna zərər vurmadan aşağıdakı yerlərdə keçirilən” sözləri ilə əvəz edilmişdir.

 

[4] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 4-cü maddənin II hissənin beşinci abzasında “etmək qadağandır” sözləri “olunarsa, həmin toplantılar bu Qanunun 7-ci və 8-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun məhdudlaşdırıla və ya dayandırıla bilər” sözləri ilə əvəz edilmişdir.

 

[5] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 5-ci maddənin I hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

I. Bu Qanunun 2-ci maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti  orqanını  qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş  toplantının keçiriləcəyi gündən azı 5 gün əvvəl təqdim edilməlidir.

28 aprel 2015-ci il tarixli 1277-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 17 iyul 2015-ci il, ¹ 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 07, maddə 811) ilə 5-ci maddəsinin I hissəsinin ikinci cümləsində “gün” sözü “iş günü” sözləri ilə, üçüncü cümləsində “gündən” sözü “iş günündən” sözləri ilə əvəz edilmişdir.

 

[6] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 5-ci maddənin II hissənin 1-ci bəndində “adı” sözü “forması” sözü ilə əvəz edilmişdir.

 

[7] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 5-ci maddənin II hissənin 2-ci bəndində “toplantının” sözündən sonra “ümumi” sözü əlavə edilmişdir.

 

[8] 2 noyabr 2012-ci il tarixli 460-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 11 noyabr 2012-ci il, ¹ 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 11, maddə 1067) ilə 5-ci maddənin II hissəsinin 6-cı bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

6) toplantı təşkilatçılarının adı, soyadı, atasının adı və ünvanı;

 

[9] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 5-ci maddənin II hissədə 8-ci bənddən sonra yeni abzas əlavə edilmişdir.

 

[10] 2 noyabr 2012-ci il tarixli 460-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 11 noyabr 2012-ci il, ¹ 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 11, maddə 1067) ilə 6-cı maddənin I hissədə “şəxsdir” sözündən əvvəl “bir və ya bir neçə hüquqi və ya fiziki” sözləri əlavə edilmişdir.

 

[11] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 6-cı maddənin II hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

II. 18 yaşına çatmamış və ya fəaliyyət qabiliyyəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məhdudlaşdırılmış şəxslər dinc  toplantının təşkilatçısı ola bilməzlər.

 

[12] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 6-cı maddənin III hissə çıxarılmışdır, IV və V hissələr müvafiq olaraq III və IV hissələr hesab edilmişdir.

 

[13] 2 noyabr 2012-ci il tarixli 460-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 11 noyabr 2012-ci il, ¹ 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 11, maddə 1067) ilə 6-cı maddənin III hissəsi ləğv edilmişdir.

 

[14] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 6-cı maddənin IV hissənin üçüncü cümləsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Bu halda  toplantı keçirilə bilməz.

 

[15] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 7-ci maddənin I hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

I. Sərbəst toplaşmaq azadlığına hər hansı məhdudiyyət yalnız Qanunla və demokratik cəmiyyətdə zəruri olan aşağıdakı mənafelərin  qorunması məqsədilə qoyula bilər:

 

[16] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 7-ci maddənin II hissə çıxarılmışdır, III və IV hissələr müvafiq olaraq II və III hissələr hesab edilmişdir və IV hissə əlavə edilmişdir.

 

[17] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 8-ci maddənin III hissənin “toplantı keçirmək” sözləri “toplantının keçirilməsi” sözləri ilə əvəz edilmişdir.

 

[18] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 8-ci maddənin III hissənin 3-cü bəndi çıxarılmışdır.

 

[19] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 8-ci maddənin IV, V, VI və VII hissələr müvafiq olaraq V, VI, VII və VIII hissələr hesab edilmişdir və maddəyə yeni IV hissə əlavə edilmişdir.

 

[20] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 8-ci maddənin V və VI hissələrdə “I hissəsində müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla” sözləri “tələblərinə uyğun olaraq” sözləri ilə əvəz edilmişdir.

 

[21] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 8-ci maddənin VII hissədə “IV və V” rəqəmləri “IV, V və VI” rəqəmləri ilə əvəz edilmişdir.

 

[22] 4 mart 2005-ci il tarixli 856-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 4 , maddə 278) ilə 8-ci maddəsinə VII hissə əlavə edilmişdir.

 

30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 8-ci maddənin VIII hissədə “qanunvericiliklə” sözü “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilmişdir.

 

1 may 2018-ci il tarixli 1105-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2018-ci il, ¹ 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹6, maddə 1164) ilə 8-ci maddənin VIII hissəsinə “Fövqəladə” sözündən sonra “və ya hərbi” sözləri əlavə edilmişdir və həmin hissədə “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada” sözləri “Fövqəladə vəziyyət haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq” sözləri ilə əvəz edilmişdir.

 

[23] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 9-cu maddənin I hissədə “yerə” sözündən sonra “hər hansı” sözləri əlavə edilmişdir.

 

[24] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 9-cu maddənin II hissə aşağıdakı redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

II. Əgər toplantı təşkilatçılarının yazılı xəbərdarlığında göstərilmiş yerdə və vaxtda başqa bir tədbirin keçirilməsi təyin edilibsə, müvafiq icra  hakimiyyəti orqanı  təşkilatçılara başqa vaxtın və yerin müəyyən edilməsi üçün imkan  verməlidir. Dəyişdirilmiş vaxt və yer haqqında yazılı xəbərdarlıq tədbirlərin yeni tarixinə azı 3 gün qalmış müvafiq icra hakimiyyəti orqanına  təqdim edilməlidir.

 

[25] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 9-cu maddənin III hissədə “nümayişlərin” sözündən sonra “və küçə yürüşlərinin” sözləri əlavə edilmişdir, “qadağandır” sözü “qadağan edilə bilər” sözləri ilə əvəz edilmişdir.

 

[26] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 9-cu maddənin III hissənin 1-ci, 2-ci, 4-cü və 5-ci bəndləri aşağıdakı redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1) Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının yerləşdiyi binaların ətrafında 300 metr  radius çərçivəsində;

 2) dəmiryolu, neft və qaz boru kəmərlərinin, yüksək gərginlikli elektrik xətlərin keçdiyi ərazilərdə;

 3) xüsusi dövlət tədbirlərinin keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrılmış yerlərdə;

 4) hərbi məqsədlər üçün istifadə olunan ərazilərdə və bu ərazilərin sərhədlərinə 300 metrdən yaxın olan yerlərdə;

5) azadlıqdan məhrum etmə yerlərinin, psixiatriya müalicə müəssisələrinin ərazilərində və bu ərazilərin sərhədlərinə 300 metrdən yaxın  olan yerlərdə.

 

[27] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 9-cu maddənin IV hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

IV. Siyasi məzmunlu toplantılar ziyarətgahlarda, ibadətgahlarda və qəbiristanlarda keçirilə bilməz.

 

[28] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 9-cu maddənin VI hissənin ikinci və üçüncü cümlələrində “ayrılmış” sözü “təklif olunan” sözləri ilə əvəz edilmişdir və dördüncü cümlə əlavə edilmişdir.

 

[29] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 9-cu maddənin VII hissə çıxarılmışdır.

 

[30] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 9-cu maddənin VIII hissə VII hesab edilsin və yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

VII. Toplantı yay vaxtının tətbiqi dövründə saat 8-00-dan 19-00-dək, ilin digər dövründə isə saat 9-00-dan 17-00-dək keçirilə bilər. Keçirilən  hər bir toplantının vaxtı müvafiq icra hakimiyyəti orqanı  ilə razılaşdırılmalıdır.

 

[31] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 10-cu maddənin “bu Qanunun 7-9-cu maddələrində nəzərdə tutulmuş” və “bütün” sözləri çıxarılmışdır və “2” rəqəmi “3” rəqəmi ilə əvəz edilmişdir.

 

[32] 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə 1053) ilə 11-ci maddəsinin birinci cümləsində “qərarlardan” sözündən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilmişdir.

 

30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 11-ci maddənin “bütün” və “müvafiq” sözləri çıxarılmışdır “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilmişdir.

 

[33] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 12-ci maddənin II hissənin birinci cümləsi yeni redaksiyada verilmişdir və ikinci cümləsində “hüquq normalarına” sözləri “müqavilələrə” sözləri ilə əvəz edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq toplantı zamanı təşkilatçıların şifahi və yazılı fikir və söz azadlığı vardır.

 

[34] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 12-ci maddənin IV hissədə “Toplantı” sözü “Bu Qanunun 5-ci maddəsinin IV hissəsində nəzərdə tutulmuş haldan başqa, toplantı” sözləri ilə əvəz edilmişdir.

 

[35] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 12-ci maddənin V hissədə “və taxta” sözləri “, taxta və dəmir” sözləri ilə əvəz edilmişdir.

 

[36] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 12-ci maddənin VI hissədə “IV” rəqəmi “V” rəqəmi ilə əvəz edilmişdir.

 

[37] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 12-ci maddənin VII hissədə “V” rəqəmi “VI” rəqəmi ilə əvəz edilmişdir.

 

[38] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 12-ci maddənin VIII hissədən “əvəzi ödənilmək şərti ilə” sözləri çıxarılmışdır.

 

[39] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 13-cü maddənin I hissədə “7-ci və 8-ci” sözləri “7-9-cu” sözləri ilə əvəz edilmişdir.

 

[40] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 13-cü maddənin V hissənin birinci cümləsində “Qanuni” sözü “Bu Qanuna uyğun keçirilən” sözləri ilə, ikinci cümləsində “qanuni” sözü “bu Qanuna uyğun keçirilən” sözləri ilə əvəz edilmişdir və V hissəyə üçüncü cümlə əlavə edilmişdir.

 

[41] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 13-cü maddənin VII hissədə “V” rəqəmi “VI” rəqəmi ilə əvəz edilmişdir.

 

[42] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 14-cü maddənin I hissədə “Toplantının” sözü “Bu Qanunun 7-ci maddəsinin tələbləri nəzərə alınmaqla, toplantının” sözləri ilə əvəz edilmişdir.

 

[43] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 14-cü maddənin I hissənin 2-ci bəndində “zəruri hallarda” sözləri çıxarılmışdır.

 

[44] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 14-cü maddənin I hissənin 3-cü bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3) yazılı xəbərdarlıqda göstərilən şərtlərə uyğun keçirilməyən toplantını zəruri hallarda dayandırmaq;

 

[45] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 14-cü maddənin I hissənin 5-ci bəndində “bu maddənin” sözlərindən sonra “I hissəsinin” sözləri əlavə edilmişdir.

 

[46] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 14-cü maddənin II hissədə “IV və V” rəqəmləri “V və VI” rəqəmləri ilə əvəz edilmişdir.

 

[47] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 14-cü maddənin II hissənin 3-cü bəndində “güc” sözü “fiziki qüvvə və ya xüsusi vasitələrin” sözləri ilə əvəz edilmişdir.

 

[48] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 14-cü maddənin II hissənin 4-cü bəndində “müvafiq güc” sözləri “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fiziki qüvvə və ya xüsusi vasitələr” sözləri ilə əvəz edilmişdir.

 

[49] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 14-cü maddənin III hissədə “məqsədi ilə” sözlərindən sonra “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq” sözləri əlavə edilmişdir, “müvafiq” sözü “xüsusi” sözü ilə əvəz edilmişdir.

 

[50] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 14-cü maddənin VI hissə VII hissə hesab edilsin və maddəyə yeni VI hissə əlavə edilmişdir.

 

[51] 30 may 2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 16-cı maddəyə II hissə əlavə edilmişdir və birinci hissənin əvvəlinə “I.” rəqəmi əlavə edilmişdir.