Geodeziya, topoqrafiya və kartoqrafiya material və məlumatlarının dövlət qeydiyyatına dair Qaydalarının təsdiq edilməsi haqqında

Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı

 

Geodeziya və Kartoqrafiya haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 738 nömrəli Fərmanının icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Geodeziya, topoqrafiya və kartoqrafiya material və məlumatlarının dövlət qeydiyyatına dair Qaydalar təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 17 oktyabr 1998-ci il

211

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1998-ci il 17 oktyabr tarixli 211 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Geodeziya, topoqrafiya və kartoqrafiya material və məlumatlarının dövlət qeydiyyatına dair

 

Qaydalar

 

1. Geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının dövlət qeydiyyatı görülmüş işlərin nəticəsi olan materialların və məlumatların uçotunu aparmaq, istifadəsinə və saxlanılmasına nəzarət etmək məqsədilə həyata keçirilir.

2. İşlərin dövlət qəbulu və dövlət qeydiyyatı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra - ETSN) tərəfindən icraçı təşkilatlarla razılaşdırılmış iş planına əsasən həyata keçirilir. [1]

3. Dövlət qeydiyyatına aşağıdakı işlərin nəticəsi olan material və məlumatlar aiddir:

bütün siniflərdə olan bazis və astronomiya ölçmələri;

bütün siniflərdən olan trainqulyasiya, poliqonometriya və trilaterasiya işləri;

xüsusi geodeziya şəbəkələri;

sıxlaşdırma şəbəkələri: 1-ci və 2-ci dərəcəli trianqulyasiya və poliqonometriya gedişləri;

yer və divar reperləri ilə bərkidilmiş bütün sinif nivelirləmə gedişləri;

10,0 kv km-dən artıq ərazini əhatə edən 1:10000 miqyaslı və daha kiçik miqyaslı topoqrafik planlar;

4,0 kv km-dən artıq ərazini əhatə edən 1:5000 miqyaslı topoqrafik planlar;

0,5 kv km-dən artıq tikili və 1,0 kv km-dən artıq açıq ərazini əhatə edən 1:2000 və daha iri miqyaslı topoqrafik planlar.

4. Dövlət qeydiyyatına təqdim olunmalı geodeziya, topoqrafiya və kartoqrafiya işləri əvvəlcə təşkilatlarda idarədaxili komissiyalar tərəfindən qəbul olunmalı və aktlaşdırılmalıdır.

5. Dövlət qeydiyyatına alınacaq işlər üzrə bütün texniki sənəd və məlumatlar uzun müddətli saxlanılmaq üçün müvafiq normativ-texniki təlimatlara əsasən müəyyən edilmiş qaydada təqdim olunmalıdır.

6. ETSN tərəfindən dövlət qeydiyyatına təqdim olunan bütün məlumatların, yoxlama aktların və işlərin ayrı-ayrı mərhələlərinin qəbul aktlarının ümumməcburi normativ təlimatların tələblərinə və şərti işarələrə uyğun olmasını araşdırmaqla, hər bir iş ayrılıqda qiymətləndirilir və işin keyfiyyəti barədə sertifikat verilir.

7. Geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində qəbul olunmuş standart və təlimatlara cavab verməyən işlər və onların nəticəsi olan material və məlumatlar dövlət qeydiyyatına qəbul olunmur.

8. Qeydiyyata alınmış geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının üzərində (texniki hesabatlar, koordinat və yüksəklik kataloqları, ölçmə sənədləri, planlar, xəritələr və s.) qəbul edən təşkilatın dövlət qeydiyyatı haqqında möhürü vurulur və müvafiq qeydlər edilir.

9. Geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının dövlət qeydiyyatına aid olan material və məlumatlar vaxtlı-vaxtında təhvil verilmədikdə və ya gecikdirildikdə, işləri yerinə yetirən təşkilatlara digər obyektlər üzrə işlərin icrasına icazə və geodezik məlumatların verilməsi ETSN tərəfindən dayandırılır.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       2 noyabr 2016-cı il tarixli 436 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 4 noyabr 2016-cı il, 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1924)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 2 noyabr 2016-cı il tarixli 436 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 4 noyabr 2016-cı il, 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1924) ilə Geodeziya, topoqrafiya və kartoqrafiya material və məlumatlarının dövlət qeydiyyatına dair Qaydaların 2-ci hissəsində Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin Rejim və Dövlət Geodeziya Nəzarəti İdarəsi sözləri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra - ETSN) sözləri ilə və 6-cı, 9-cu hissələrində Rejim və Dövlət Geodeziya Nəzarəti İdarəsi sözləri ETSN abreviaturası ilə əvəz edilmişdir.