Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin bazasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılsın.

2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilsin.[1]

3. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin aparatının işçilərinin say həddi 25 ştat vahidi müəyyən edilsin.[2]

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını dörd ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;

4.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

6. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təşkili məqsədi ilə zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 dekabr 2014-cü il

409

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2014-cü il 18 dekabr tarixli 409 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin

ƏSASNAMƏSİ

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti (bundan sonra -Xidmət) mədəni irsin qorunması, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərinin (abidələrinin) istifadəsi, bərpası, rekonstruksiyası, konservasiyası və yenidən qurulması sahəsində (bundan sonra - müvafiq sahə) dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Əsasnaməsini, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Xidmət bu Əsasnamədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünü-idarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Xidmətin müstəqil balansı, xəzinə və bank hesabları, istifadəsində olan dövlət əmlakı, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, ştamp və blankları vardır.

1.5. Xidmətin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, tabeliyində olan qurumlar tərəfındən xidmətlər göstərilməsindən və işlərin görülməsindən əldə edilən vəsait hesabına maliyyələşdirilir.

1.6. Xidmət Bakı şəhərində yerləşir.

 

2. XİDMƏTİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

 

2.1. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

2.1.2. mədəni irsin qorunmasını və inkişafını təmin edir və mədəni irsin qorunmasına dövlət nəzarətini həyata keçirir;

2.1.3. dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərinin (abidələrinin) bərpasına, rekonstruksiyasına, konservasiyasına, yenidən qurulmasına, texniki təchizat vasitələrinin yeniləşdirilməsinə, cari və əsaslı təmir-bərpa işlərinin layihələndirilməsinə dövlət nəzarətini həyata keçirir;

2.1.4. müvafiq sahədə əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılan vəsaitin səmərəli idarə edilməsini təmin edir;

2.1.5. müvafiq sahədə aparılan abadlıq, inşaat, təmir, bərpa, rekonstruksiya, konservasiya və yenidənqurulma işlərinin layihələrinin həyata keçirilməsinə, Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, razılıq verir və işlərin gedişinə nəzarət edir.

 

3. XİDMƏTİN VƏZİFƏLƏRİ

 

3.1. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. müvafiq sahəyə aid olan dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsində iştirak edir;

3.1.2. digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirir;

3.1.3. öz tabeliyində olan elmi tədqiqat, layihələndirmə və istehsalat təşkilatlarının səmərəli işini təşkil edir;

3.1.4. tarix və mədəniyyət abidələrinin istifadəsi və təbliği işini, bu sahədə beynəlxalq və yerli tədbirlərin keçirilməsini təşkil edir;

3.1.5. tarix və mədəniyyət abidələrində təmir və bərpa işləri aparıldıqda, texniki-iqtisadi əsaslandırmanın hazırlanmasını və smeta sənədlərinin ekspertizadan keçirilməsini təmin edir;

3.1.6. tarix və mədəniyyət abidələrinin bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanmasını həyata keçirir;

3.1.7. mühafizə müqavilələri bağlayır, tarix və mədəniyyət abidələrinin mühafizəsinin dövlət monitorinqini həyata keçirir;

3.1.8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb edir;

3.1.9. tarix və mədəniyyət abidələrinin bərpası, mühafizəsi və istifadəsi üzrə layihələrin hazırlanmasında iştirak edir;

3.1.10. müvafiq sahədə inşa edilən, bərpa və təmir olunan obyektlərin, digər əsas fondların tikintisinə və təmirinə ayrılan vəsaitlər hesabına görülən işlər üzrə sifarişçi funksiyasını yerinə yetirir;

3.1.11. müvafiq sahədə aparılan bərpa, tikinti-quraşdırma, cari və əsaslı təmir işlərinin təsdiq edilmiş layihə smeta sənədlərinə uyğun həyata keçirilməsinə, vaxtında istifadəyə verilməsinə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, texniki nəzarət edir, tikintisi başa çatmış obyektlərin istismarına icazə verilməsi üçün sənədləri aidiyyəti üzrə təqdim edir;

3.1.12. hazırlanmış layihə-smeta sənədlərinin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və digər dövlət orqanları ilə razılaşdırılmasını, ekspertiza müəssisələrinin təkliflərini nəzərə almaqla, layihələrdə dəyişikliklərin aparılmasını və onların təsdiqini təmin edir;

3.1.13. müvafiq sahədə bərpa olunacaq və tikiləcək obyektlərin layihə işlərinin maliyyələşdirilməsini, yerinə yetirilmiş bərpa, tikinti-quraşdırma və təmir işlərinin dəyərinin ödənilməsini təmin edir;

3.1.14. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin obyektlərinin və digər əsas fondlarının bərpası, tikintisi və təmirinə dair dövlət sifarişlərinin hazırlanmasında iştirak edir, texniki təchizat vasitələrinin yeniləşdirilməsi işlərini həyata keçirir;

3.1.15. müvafiq sahə üzrə tikiləcək və təmir ediləcək obyektlərin ehtimal olunan qiymətlərini müəyyən edir;

3.1.16. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafıq sahədə bərpa və tikinti işlərini həyata keçirəcək təşkilatın müəyyən edilməsi üçün müsabiqələr keçirir və qalib gəlmiş podratçı təşkilatlarla müqavilələr bağlayır;

3.1.17. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin edir;

3.1.18. müvafiq sahə üzrə hər hansı bərpa, inşaat, təmir, rekonstruksiya, regenerasiya və konservasiya layihələrinin həyata keçirilməsinə, Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, razılıq verir və işlərin razılıq verilmiş layihə və tələblərə uyğun aparılmasının monitorinqini təşkil edir;

3.1.19. müvafiq sahədə mühafızə rejiminin pozulmasının qarşısını alır;

3.1.20. tarix və mədəniyyət abidələrinin mühafizə (bufer) zonalarında abi-dələr üçün hər hansı təhlükə yaratmayan inşaat-təmir işlərinin görülməsinə razılıq verir;

3.1.21. tarix və mədəniyyət abidələrinin təbliğinin (reklamın yerləşdirilməsinin, audiovizual çəkilişlərin aparılmasının və s.) həyata keçirilməsinə razılıq verir;

3.1.22. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tarix və mədəniyyət abidələrinin elmi, mədəni, dini, xidmət və turizm məqsədləri üçün istifadəyə, o cümlədən icarəyə verilməsinə razılıq verir;

3.1.23. abidələrin təhlükəsizliyini, funksional təyinatını, memarlıq-estetik görünüşünü və uzunömürlülüyünü təmin etmək məqsədi ilə, mütəxəssislərin rəyi nəzərə alınmaqla, abidələrin mühafizə zonalarını müəyyən edir; [3]

3.1.24. müvafiq sahə üzrə sərgilərin, fotostendlərin, ekskursiyaların, mühazirələrin, sənədli və qısametrajlı filmlərin hazırlanmasını, elmi-kütləvi ədəbiyyatın nəşrini, beynəlxalq və milli simpozium və seminarların, tədbirlərin keçirilməsini təşkil edir;

3.1.25. Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntı işlərinin aparılmasına, tarix və mədəniyyət abidələrinin öyrənilməsinə nəzarət edir;

3.1.26. müvafiq sahəni idarə etmək üçün rəqəmli informasiya-kommunikasiya sistemi yaradır, beynəlxalq təcrübə nəzərə alınmaqla bu sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir;

3.1.27. müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

3.1.28. özfəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin edir;

3.1.29. intemet saytı yaradır, malik olduğu və siyahısı "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yeniləşdirilməsini təmin edir;

3.1.30. Xidmətin strukturunun və fəaliyyətinin, müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində tədbirlər görür;

3.1.31. müvafiq sahənin və Xidmətin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxır.

 

4. XİDMƏTİN HÜQUQLARI

 

4.1. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə müvafiq sahə üzrə məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.2. beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq sahə ilə bağlı təcrübəsini öyrənmək;

4.1.3. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

4.1.4. müvafiq sahədə bərpa olunan və tikilən obyektlərdə müəllif nəzarətini təmin etmək;

4.1.5. tarix və mədəniyyət abidələrinin yerləşdiyi ərazilərdə qazıntı işlərinin aparılmasını təşkil edən hüquqi və fiziki şəxslərdən aparılmış tədqiqat işləri barədə hesabat tələb etmək;

4.1.6. tarix və mədəniyyət abidələrində inşaat-möhkəmləndirmə, abadlıq, təmir, bərpa, rekonstruksiya və konservasiya işlərinin aparılması üzrə təkliflər hazırlamaq;

4.1.7. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

4.1.8. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət satınalmaları sahəsində komissiya yaratmaq;

4.1.9. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq.

 

5. XİDMƏTİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

5.1. Xidmətin fəaliyyətinə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Xidmətin rəisi rəhbərlik edir.

5.2. Xidmətin rəisi Xidmətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3. Xidmətin rəisinin Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.[4]

5.4. Xidmətin rəisinin müavinləri Xidmətin rəisi tərəfindən onlara həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.[5]

5.5. Xidmətin rəisi:

5.5.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin aparatının strukturunu, xərclər smetasını və ştat cədvəlini təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təqdim edir;

5.5.3. Xidmətin rəisinin müavinlərinin və təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq Xidmətin aparatının struktur bölmələri rəhbərlərinin vəzifələrini müəyyən edir;[6]

5.5.4. Xidmətin aparatının işçiləri barədə intizam tənbehi tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi qarşısında məsələ qaldırır, Xidmətin aparatının işçilərinin həvəsləndirilməsi və mükafatlandırılması barədə tədbirlərin həyata keçirilməsini təmin edir;

5.5.5. Xidmətin işçilərinə icrası məcburi olan əmrlər və göstərişlər verir;

5.5.6. Xidmətin vəzifəli şəxslərinin qanunazidd aktlarını ləğv edir;

5.5.7. Xidməti dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər ilə münasibətlərdə vəkalətnaməsiz təmsil edir;

5.5.8. xərclər smetasına uyğun olaraq Xidmətə ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir;

5.5.9. Xidmətin illik və perspektiv iş planlarının tərtib olunmasını təmin edir;

5.5.10. müvafiq sahənin inkişafına dair təklifləri, Xidmətin fəaliyyətinə dair illik hesabatı Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinə təqdim edir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 dekabr 2016-cı il tarixli 1148 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 8 dekabr 2016-cı il, 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 12, maddə 2066)

2.       13 fevral 2017-ci il tarixli 1237 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 15 fevral 2017-ci il, 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 2, maddə 181)

  1. 16 iyun 2017-ci il tarixli 1470 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 21 iyun 2017-ci il, 132, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1086)
  2. 6 iyun 2018-ci il tarixli 119 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 7 iyun 2018-ci il, 127, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 6, maddə 1209)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 6 iyun 2018-ci il tarixli 119 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 7 iyun 2018-ci il, 127, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 6, maddə 1209) ilə 2-ci və 3-cü hissələr ləğv edilmişdir.

 

[2] 7 dekabr 2016-cı il tarixli 1148 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 8 dekabr 2016-cı il, 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 12, maddə 2066) ilə 3-cü hissədə 23 rəqəmləri 25 rəqəmləri ilə əvəz edilmişdir.

 

[3] 16 iyun 2017-ci il tarixli 1470 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 21 iyun 2017-ci il, 132, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1086) ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Əsasnaməsinin 3.1.23-cü yarımbəndində abidələrin mühafizə zonasının yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir sözləri abidələrin mühafizə zonalarını müəyyən edir sözləri ilə əvəz edilmişdir.

 

[4] 13 fevral 2017-ci il tarixli 1237 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 15 fevral 2017-ci il, 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 2, maddə 181) ilə 5.3-cü bənddə bir sözü iki sözü ilə əvəz edilmişdir.

 

[5] 13 fevral 2017-ci il tarixli 1237 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 15 fevral 2017-ci il, 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 2, maddə 181) ilə 5.4-cü bənddə müavini sözü müavinləri sözü ilə, ona sözü onlara sözü ilə, daşıyır sözü daşıyırlar sözü ilə əvəz edilmişdir.

 

[6] 13 fevral 2017-ci il tarixli 1237 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 15 fevral 2017-ci il, 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 2, maddə 181) ilə 5.5.3-cü yarımbənddə müavininin sözü müavinlərinin sözü ilə əvəz edilmişdir.