AZƏRBAYCAN RESPUBLİKASI

TƏHSİL NAZİRLİYİNİN KOLLEGİYASININ

 

QƏRARI

 

1/2 6 noyabr 2014-cü il

 

Müəllimlərin etik davranış Qaydalarının təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının 21.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin 8.1-ci bəndini və 16-cı hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyası QƏRARA ALIR:

1. Müəllimlərin etik davranış Qaydaları təsdiq edilsin (əlavə olunur).

2. Nazirliyin Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinə (S.Kazımov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Nazirliyin İnformasiya şöbəsinə (E.Əliyev) tapşırılsın ki, bu qərarın çoxaldılaraq Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına çatdırılmasını təmin etsin.

4. Qərarın icrasına nəzarət nazir müavini C.Bayramova həvalə edilsin.

 

 

Kollegiyanın sədri,

Nazir

Mikayıl Cabbarov

 

 


 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Müəllimlərin etik davranış Qaydaları müəllimlərin etik davranış prinsiplərini və onlara uyğun tələbləri, təhsil prosesi iştirakçılarının qarşılıqlı münasibətlərinin xüsusiyyətlərini müəyyən edir və onları tənzimləyir.

1.2. Bu Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, Təhsil haqqında Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planına uyğun olaraq hazırlanmışdır.

1.3. Bu Qaydalar təhsilin bütün səviyyələrində peşə fəaliyyəti zamanı təhsilverənlərin ümumi davranışını və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən normalar məcmusundan ibarətdir.

1.4. Bu Qaydalar bütün növ təhsil müəssisələrində çalışan müəllimlərə şamil edilir.

1.5. Bu Qaydaların tətbiqində əsas məqsəd təhsil müəssisələrində sağlam işgüzar durumun bərqərar olmasına, vətəndaşların təhsil müəssisəsinə və müəllimə etimadının artırılmasına, təhsil müəssisələrinin idarə olunmasında valideynlərin və cəmiyyətin daha yaxından iştirakının təmin edilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına, təhsil müəssisəsində korrupsiya hallarının və maraqların toqquşmasının qarşısının alınmasına və müəllim nüfuzunun yüksəldilməsinə nail olmaqdan ibarətdir.

 

2. Etik davranış prinsipləri və onlara uyğun tələblər

 

2.1. Müəllim peşə fəaliyyətində aşağıdakı etik davranış prinsiplərini gözləməli və tələblərə ciddi şəkildə əməl etməlidir:

2.1.1. Qanunun aliliyi müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur.

2.1.2. Vicdanlılıq müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

2.1.3. Peşəkarlıq və fərdi məsuliyyət müəllim öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş vəzifələr çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə funksiyalarının keyfiyyətlə yerinə yetirilməməsinə görə intizam məsuliyyəti daşıyır. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir.

2.1.4. Loyallıq müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.

2.1.5. Mədəni davranış müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır.

2.1.6. Qərəzsizlik müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır. Müəllim özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Müəllim öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir.[1]

2.1.7. İctimai etimad müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın bərpasına çalışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına kömək göstərməlidir.

2.1.8. Konfidensiallıq - qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, müəllim peşə vəzifələrinin icrası ilə bağlı təhsilalanların, onların valideynlərinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan məlumatların konfidensiallığını təmin etməlidir.

 

3. Müəllim şəxsiyyəti

 

3.1. Müəllim təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir, təhsil proqramlarının təhsilalanlar tərəfindən mənimsənilməsini təmin edir.

3.2. Müəllim təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırır, onları vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyə edir, müstəqil həyata və əmək fəaliyyətinə hazırlayır.

3.3. Müəllim əlavə təhsil və özünütəhsil yolu ilə ixtisasını, elmi-pedaqoji və peşəkarlıq səviyyəsini daim artırır, təhsilin nəticə və göstəriciləri üzrə araşdırma və təhlillər aparır, keyfiyyətin yüksəldilməsi və nailiyyətlərin əldə edilməsi üçün təkliflərlə çıxış edir.

3.4. Müəllim novatordur, innovasiya və yeni tədris texnologiyalarını mənimsəyir və öz təcrübəsində tətbiq edir.

3.5. Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə uyğun olaraq müəllim ona həvalə edilmiş işin keyfiyyətinə və nəticələrinə görə və hər bir təhsilalanın intellektual, emosional, mənəvi inkişafı üçün intizam və mülki məsuliyyət daşıyır.

3.6. Müəllim gənc nəslə milli və bəşəri dəyərləri aşılamaqla təhsilalanların mədəni inkişafı prosesində birbaşa iştirak edir.

3.7. Müəllim təhsilalanlara keyfiyyətli təhsil verməklə peşəsinə olan ictimai etimad və hörməti doğruldur.

3.8. Müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, müəllim nüfuzunu yüksək tutur, ziyalılıq nümunəsi göstərir.

3.9. Müəllim şəxsi nümunəsi ilə təhsilalanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissi aşılayır.

3.10. Müəllim təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşır, əsassız mühakimələrə yol vermir, obyektivlik və qərəzsizlik nümayiş etdirir.

3.11. Müəllim peşə fəaliyyəti dövründə maraqların toqquşmasına yol vermir və vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etmir.

3.12. Müəllim bilərəkdən yalan, təhrif olunmuş, yaxud öz şəxsi marağı naminə həmkarının vəziyyətini pisləşdirən və ya yaxşılaşdıran məlumat verilməsinə görə intizam məsuliyyəti daşıyır.

3.13. Müəllim təhsil müəssisəsinin əmlakından səliqəli və səmərəli istifadə edir, onu qoruyur. Müəllim təhsil müəssisəsinə məxsus əmlakdan (sinif otağı, tədris resursları, telefon, kompüter, mebel və s.) şəxsi maraqları üçün istifadə etmir.

3.14. Müəllim icra və əmək intizamına riayət edir, iş vaxtında kənar işlərlə məşğul olmur, üzrsüz səbəbdən işdən yayınmır.

3.15. Müəllim şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına riayət edir.

 

4. Münasibətlər

 

4.1. Təhsilalanlarla münasibət

4.1.1. Müəllim təhsilalanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməlidir.

4.1.2. Müəllim özünə və təhsilalanlara qarşı tələbkar olmalı, bu tələbkarlıq əsaslı və müsbət xarakter daşımalıdır.

4.1.3. Müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır.

4.1.4. Müəllim təhsilalanlarda müsbət keyfiyyətlərin formalaşmasına və inkişafına təkan verəcək müasir təlim texnologiyalarından və strategiyalarından istifadə etməlidir.

4.1.5. Müəllim hər bir təhsilalanın sağlamlığını və rifahını düşünərək, onları zərərli vərdişlərdən çəkindirməlidir.

4.1.6. Müəllim təhsilalanların fəaliyyəti, nailiyyətləri, bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsində obyektiv və qərəzsiz olmalı, təhsilalanlarda özünə inam hissini möhkəmləndirməli, motivasiyanı yüksəltməlidir. Təhsilalanlara verilən qiymətin qərəzli şəkildə azaldılmasına və ya əsassız olaraq artırılmasına yol verməməlidir.

4.1.7. Müəllim təhsilalanlara qarşı xeyirxah və ədalətli olmalı, onlara qarşı haqsızlığa yol verdikdə səhvini etiraf etməyi bacarmalı, onun nəticələrini aradan qaldırmağa çalışmalıdır.

4.1.8. Müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməlidir.

4.1.9. Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

4.1.10. Müəllim təhsilalanlar tərəfindən ona verilən şəxsi məlumatların məxfiliyini qorumalıdır.

4.1.11. Müəllim öz vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verməməlidir.

4.1.12. Müəllim peşə fəaliyyətini yerinə yetirmək müqabilində təhsilalanlardan hər hansı maddi və qeyri-maddi nemətlər tələb etməməlidir.

4.2. Kollektivlə münasibət

4.2.1. Müəllimlər arasında münasibət əməkdaşlıq və qarşılıqlı hörmət prinsipinə əsaslanmalıdır. Müəllim yalnız şəxsi nüfuzunu deyil, işlədiyi təhsil müəssisəsinin və həmkarlarının da nüfuzunu qorumalıdır. Təhsilalanlar və digər şəxslər qarşısında müəllimin öz həmkarını təhqir etməsi və zor tətbiq edilməsi yolverilməzdir.

4.2.2. Müəllim öz həmkarının peşəkar baxış və fikirlərinə hörmətlə yanaşmalıdır.

4.2.3. Müəllim pedaqoji münasibətlərdə təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişələrə yol verməməli, yaranmış mübahisə və münaqişəni konstruktiv həll etməyə çalışmalıdır.

4.2.4. Müəllim ümumi vəzifələrin icrasına və əməkdaşlığa mane olacaq rəqabətə yol verməməlidir.

4.2.5. Müəllim həmkarlarının fəaliyyətini düzgün qiymətləndirməli, onların səhvlərinə göz yummamalı, fikir və baxışlarına yönəlmiş tənqidləri təhqirə çevirməməlidir, tənqid əsaslandırılmış, dəqiq və xoşniyyətli olmalıdır.

4.2.6. Müəllim öz fəaliyyəti ilə işlədiyi kollektivin nüfuzunun artmasına çalışmalıdır.

4.3. Təhsil müəssisəsinin rəhbəri ilə (direktor, rektor) münasibət

4.3.1. Müəllim rəhbərin qanunauyğun yazılı əmrlərini, sərəncamlarını və ya şifahi tapşırıqlarını yerinə yetirməyə borcludur.

4.3.2. Müəllim rəhbər tərəfindən ona verilən əmrin və tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, o, həmin əmri və ya tapşırığı yerinə yetirməkdən imtina edə bilər. Bu barədə yazılı əsaslandırmanı birbaşa rəhbərliyə və ya yuxarı orqana təqdim etməlidir.

4.3.3. Rəhbərin qanuni göstərişlərinin müəllimlər tərəfindən yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.

4.3.4. Müəllimlə rəhbərin arasındakı münasibətlər qarşılıqlı hörmət əsasında qurulmalıdır.

4.3.5. Müəllim rəhbərə öz həmkarları barədə bilərəkdən yalan və ya təhrif olunmuş məlumatlar verməməli, məlumatı verməzdən əvvəl bütün imkanlardan istifadə edərək onun düzgün olub-olmamasını müəyyən etməlidir.

4.4. Valideyn və ya digər qanuni nümayəndələrlə münasibət

4.4.1. Müəllim valideyn və ya digər qanuni nümayəndələrin hüquqlarını bilməli, onlara təhsilalanlarla bağlı tövsiyələr verməli, valideyn və uşaqlar arasında yaranan mübahisə və münaqişələrin həllində yardımçı olmalıdır.

4.4.2. Müəllim tərəfindən valideynlərin qanunazidd hərəkətlərə sövq edilməsi yolverilməzdir.

4.4.3. Müəllim valideyn və ya digər qanuni nümayəndələrlə hörmətlə və nəzakətlə davranmalıdır.

4.4.4. Valideyn və ya digər qanuni nümayəndələrlə münasibətlər təhsilalanlarla münasibətlərə və onların nailiyyətlərinin qiymətləndirilməsinə təsir göstərməməlidir.

4.4.5. Valideyn və ya digər qanuni nümayəndələr tərəfindən könüllü və qanunvericiliklə qadağan olunmayan üsullarla təhsil müəsissəsinə edilmiş yardım, müəllim - təhsilalan münasibətlərinə və nailiyyətlərin qiymətləndirilməsinə təsir göstərməməlidir.

4.5. Müəllim və cəmiyyət

4.5.1. Müəllim milli-mənəvi dəyərlərin, mədəni irsin qoruyucusu missiyasını daşımaqla bərabər cəmiyyətin fəal üzvü olmalıdır.

4.5.2. Müəllim hər zaman cəmiyyətə fayda verməyə çalışmalıdır. Yalnız peşə fəaliyyətini həyata keçirərkən deyil, bütün hallarda münaqişələrə və mübahisələrə yol verməməli, problemlərin həllinə, münaqişələrin qarşısını almağa çalışmalıdır.

4.5.3. Müəllim vətəndaşlıq borcunu dərk etməli və yerinə yetirməli, cəmiyyət üzvləri ilə münasibətlər qurarkən öz şəxsiyyətini qorumalı və mənfi təsir altına düşməməlidir.

 

5. Müəllim andı

 

5.1. And Azərbaycan Respublikası ilə müəllim arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir.

5.2. Müəllim ilk dəfə daimi işə qəbul olunarkən belə bir and içir: Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm.

5.3. Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir.

5.4. Andiçmə bir dəfə olur. Andın imzalanmış mətni müəllimin şəxsi işində saxlanılır.

 

6. Etik davranış qaydalarına riayət olunmasının təmin edilməsi

 

6.1. Hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borcludur.

6.2. Müəllimlər tərəfindən etik davranış qaydalarına əməl olunması rəhbər tərəfindən təhlil edilir və bu Qaydaların 6.3.6-cı yarımbəndində müəyyən edilmiş tədbirlər görülür.

6.3. Rəhbər:

6.3.1. yeni işə qəbul olunan müəllimləri bu Qaydalarla tanış etməli və pedaqoji kollektivə bu Qaydaları izah etməklə müraciət edən hər bir müəllimə müvafiq tövsiyələr verməlidir;

6.3.2. müəllimlərin davranışının bu Qaydalara uyğunluğuna nəzarət etməli və onun təhlilini aparmalıdır;

6.3.3. öz davranışı ilə bu Qaydalara əməl olunmasında nümunə göstərməlidir;

6.3.4. pedaqoji kollektivi və ya hər hansı bir müəllimi hüquqa və etik normalara zidd olan hərəkətlərə sövq etməməlidir;

6.3.5. bu Qaydaların pozulmasının qarşısının alınması üzrə tədbirlər görməlidir;

6.3.6. bu Qaydaların pozulması hallarının rəhbərlikdə və kollektivdə müzakirəsini təºkil etməli və qayda pozmuº müəllimlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir;

6.3.7. təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisələr, münaqişələr və maraqların toqquşması hallarının qarşısını vaxtında almalı, yaranmış mübahisə və münaqişəni konstruktiv həll etməyə çalışmalı və nizam-intizam yaratmalıdır;

6.3.8. bu Qaydaların pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə kollektivi və ictimaiyyəti iclaslar, yığıncaqlar keçirilməsi və ya kütləvi informasiya vasitələri ilə məlumatlandırmalıdır;

6.3.9. bu Qaydaların pozulmasının nəticələrinin aradan qaldırılması, təhsil müəssisəsinə ictimai etimadın artırılması üçün tədbirlər görməlidir.

6.4. Rəhbər tərəfindən müəllim əməyinin qiymətləndirilməsi həqiqi xidmətlərinə görə olmalı, qərəzsiz və ədalətli formada həyata keçirilməlidir.

6.5. Rəhbərin müəllimdən peşə vəzifələrinin icrasına aid olmayan və ya şəxsi həyatı haqqında məlumatlar tələb etməsi və yayması, habelə müəllim əməyinin keyfiyyətinə və onun karyerasına təsir edəcək məlumatların gizlədilməsi və ya ona təhrif olunmuş məlumatların verilməsi yolverilməzdir.

6.6. Rəhbər kollektivin etik davranış qaydalarına əməl etməsinə birbaşa məsuliyyət daşıyır.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 19 aprel 2017-ci il tarixli 2/1 nömrəli Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının Qərarı

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 19 aprel 2017-ci il tarixli 2/1 nömrəli Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının Qərarı ilə 2.1.6-cı yarımbənddə milliyyətinə sözü etnik mənsubiyyətinə sözləri ilə əvəz edilmişdir.