İctimai
iştirakçılıq haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü
maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq,
Azərbaycan Respublikası vətəndaşlarının
dövlət idarəetməsinin həyata
keçirilməsinə cəlb edilməsi ilə
əlaqədar yaranan münasibətləri tənzimləyir.
1-ci fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunun
məqsədləri üçün aşağıdakı
əsas anlayışlardan istifadə edilir:
1.0.1. ictimai
iştirakçılıq – dövlət və
cəmiyyət həyatının müxtəlif
sahələrində dövlət siyasətinin
hazırlanmasında və həyata keçirilməsində,
ümumdövlət və yerli səviyyədə
qərarların qəbulunda, müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş
mərkəzi icra hakimiyyəti orqanlarının (bundan sonra –
mərkəzi icra hakimiyyəti orqanları), yerli icra
hakimiyyəti və yerli özünüidarəetmə
orqanlarının fəaliyyətinə ictimai nəzarətin
təşkilində vətəndaşların və
vətəndaş cəmiyyət institutlarının bu Qanunla
müəyyən edilmiş formalarda iştirakı,
dövlət və yerli özünüidarəetmə
orqanlarının ictimaiyyətlə
məsləhətləşməsi və ictimai rəyin nəzərə
alınması;
1.0.2.
vətəndaş cəmiyyəti institutları –
qeyri-hökumət təşkilatları (ictimai birliklər
və fondlar), kütləvi informasiya vasitələri,
həmkarlar ittifaqları, vətəndaşların
təşəbbüs qrupları və
bələdiyyələrin məhəllə komitələri;
1.0.3. ictimai
şura – bu Qanunda nəzərdə tutulmuş
məqsədlərin həyata keçirilməsi
üçün mərkəzi və yerli icra hakimiyyəti
orqanlarının və yerli özünüidarəetmə
orqanlarının yanında yaradılan
məşvərətçi qurum;
1.0.4. ictimai
müzakirə – ictimai əhəmiyyətli qərarların
qəbulu zamanı müvafiq məsələlər
barəsində əhalinin müxtəlif
təbəqələrinin təkliflərinin
hazırlanması üçün aidiyyəti dövlət
və yerli özünüidarəetmə orqanlarının
səlahiyyətli nümayəndələrinin,
vətəndaş cəmiyyəti institutlarının
nümayəndələrinin, ayrı-ayrı vətəndaşların,
mütəxəssis və ekspertlərin iştirakı ilə
təşkil olunmuş yığıncaq;
1.0.5. ictimai
dinləmə – hüquqi aktların layihələrinə,
dövlət və cəmiyyət həyatının
ayrı-ayrı məsələlərinə dair
ictimaiyyətlə məsləhətləşmələrin
keçirilməsi və vətəndaşların
məlumatlandırılması üçün aidiyyəti
dövlət və yerli özünüidarəetmə
orqanlarının səlahiyyətli
nümayəndələrinin, vətəndaş
cəmiyyəti institutlarının
nümayəndələrinin, ayrı-ayrı
vətəndaşların, mütəxəssis və
ekspertlərin iştirakı ilə təşkil olunmuş
yığıncaq;
1.0.6. ictimai
rəyin öyrənilməsi – dövlət və
cəmiyyət həyatının ayrı-ayrı
məsələlərinə dair əhalinin müxtəlif
təbəqələrinin rəyinin öyrənilməsi
məqsədi ilə sosioloji sorğuların və digər
oxşar tədbirlərin keçirilməsi;
1.0.7.
hüquqi aktların layihələrinin ictimai müzakirəsi –
hüquqi aktların layihələrinin onların
hazırlanmasında iştirak edən şəxslərin,
habelə vətəndaş cəmiyyəti
institutlarının, ayrı-ayrı vətəndaşların,
ekspertlərin və mütəxəssislərin
iştirakı ilə araşdırılması, təhlil
edilməsi və qiymətləndirilməsi;
1.0.8. yazılı
məsləhətləşmə – hüquqi aktların
layihələrinə dair vətəndaş cəmiyyəti
institutlarının rəylərinin öyrənilməsi
üçün mərkəzi və yerli icra hakimiyyəti
və yerli özünüidarəetmə orqanları
tərəfindən onlara müraciət edilməsi və
yazılı formada təqdim olunmuş rəy, irad və
təkliflərin təhlil edilməsi,
ümumiləşdirilməsi və
qiymətləndirilməsi.
Maddə 2. İctimai iştirakçılıq haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi
2.1.
İctimai iştirakçılıq haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasından, Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən və bu Qanundan ibarətdir.
2.2. Bu Qanunun
müddəaları vətəndaş cəmiyyəti
institutlarının və ayrı-ayrı
vətəndaşların ictimai
iştirakçılığın həyata keçirilməsi
ilə bağlı bu Qanunda nəzərdə tutulmamış
digər hüquqlarını məhdudlaşdırmır.
Maddə 3. İctimai iştirakçılığın
məqsədləri
3.0.
İctimai iştirakçılığın
məqsədləri aşağıdakılardır:
3.0.1.
vətəndaşların dövlətin idarə
olunmasında iştiraka cəlb edilməsi;
3.0.2.
mərkəzi və yerli icra hakimiyyəti və yerli
özünüidarəetmə orqanlarının
fəaliyyətinə ictimai nəzarətin həyata
keçirilməsi;
3.0.3.
mərkəzi və yerli icra hakimiyyəti və yerli
özünüidarəetmə orqanları ilə
ictimaiyyət arasında səmərəli
qarşılıqlı fəaliyyətin təşkili;
3.0.4.
mərkəzi və yerli icra hakimiyyəti və yerli
özünüidarəetmə orqanlarının
fəaliyyətində aşkarlığın və
şəffaflığın təmin olunması;
3.0.5.
dövlət siyasətinin formalaşması, həyata
keçirilməsi və qərarların qəbulu zamanı
ictimai rəyin və vətəndaşların qanuni
maraqlarının nəzərə alınması;
3.0.6. əsas
insan və vətəndaş hüquqlarının
müdafiəsi.
Maddə 4. İctimai iştirakçılığın
prinsipləri
4.0.
İctimai iştirakçılıq aşağıdakı
prinsiplər əsasında həyata keçirilir:
4.0.1.
qanunçuluq;
4.0.2.
könüllülük;
4.0.3.
şəffaflıq;
4.0.4.
plüralizm;
4.0.5.
bərabərlik və ayrı-seçkiliyə yol
verilməməsi.
Maddə 5. İctimai iştirakçılığın
formaları
5.1.
İctimai iştirakçılığın formalarına
aşağıdakılar aiddir:
5.1.1. ictimai
şura;
5.1.2. ictimai
müzakirə;
5.1.3. ictimai
dinləmə;
5.1.4. ictimai
rəyin öyrənilməsi;
5.1.5.
hüquqi aktların layihələrinin ictimai müzakirəsi;
5.1.6.
yazılı məsləhətləşmə.
5.2. Bu Qanun
ictimai iştirakçılığın digər formalarda
həyata keçirilməsini məhdudlaşdırmır.
2-ci fəsil
İctimai şuralar
Maddə 6. İctimai şuranın yaradılması qaydası
6.1.
İctimai şura 5-15 üzvdən ibarət tərkibdə bu
Qanunla müəyyən edilmiş tələblər
nəzərə alınmaqla müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi əsasnaməyə
uyğun olaraq vətəndaş cəmiyyəti institutları
tərəfindən seçilir. Azərbaycan
Respublikasının 16 yaşına çatmış hər
bir vətəndaşı ictimai şuranın üzvü ola
bilər.
6.2.
İctimai şuranın səlahiyyət müddəti iki
ildir.
6.3.
Mərkəzi və yerli icra hakimiyyəti və yerli
özünüidarəetmə orqanı öz internet
səhifəsi və mövcud olan digər
vasitələrlə ictimai şuraya namizədlərin
irəli sürülməsi, onların qeydiyyatının
başlanması və başa çatması vaxtını
elan edir. Namizədlərin irəli sürülməsi və
qeydiyyatı üçün nəzərdə tutulan
müddət iyirmi iş günündən az ola bilməz.
6.4. Hər
bir vətəndaş cəmiyyəti institutu ictimai
şuranın üzvlüyünə yalnız bir namizəd
irəli sürə bilər. Namizədlərin irəli
sürülməsi başa çatdıqdan sonra bir ay
müddətində ictimai şuraya seçkilər
keçirilir.
6.5.
Namizəd irəli sürməyən vətəndaş
cəmiyyəti institutları da ictimai şuranın
üzvlərinin seçilməsində iştirak edə
bilərlər.
6.6.
İctimai şuranın üzvləri irəli
sürülmüş namizədlər içərisindən
vətəndaş cəmiyyəti institutlarının
(onların ərazi təşkilatlarının), yerli icra
hakimiyyəti və yerli özünüidarəetmə
orqanlarına münasibətdə isə müvafiq
ərazidə fəaliyyət göstərən
vətəndaş cəmiyyəti institutlarının
bərabər sayda təmsilçilərindən ibarət
birgə yığıncaqda gizli səsvermə yolu ilə
seçilir.
6.7.
İctimai şuradakı fəaliyyətinə görə
üzvlərə əmək haqqı, qonorar, kompensasiya və
başqa ödənişlər verilmir.
6.8.
İctimai şuranın fəaliyyətinin texniki
(mərkəzi və yerli icra hakimiyyəti orqanı və
yerli özünüidarəetmə orqanının maliyyə
vəsaitlərindən istifadə istisna olmaqla) və
informasiya təminatı ilə bağlı məsələlər
müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanı
və yerli özünüidarəetmə orqanı
tərəfindən həll edilir.
6.9.
Mərkəzi və yerli icra hakimiyyəti orqanı və yerli
özünüidarəetmə orqanı tərəfindən
ictimai şuranın sərbəst fəaliyyəti
üçün şərait yaradılır.
Maddə 7. İctimai şuranın hüquqları və
vəzifələri
7.1.
İctimai şuranın aşağıdakı
hüquqları vardır:
7.1.1.
mərkəzi və yerli icra hakimiyyəti və yerli
özünüidarəetmə orqanlarından öz
fəaliyyəti üçün zəruri olan
məlumatları, ictimaiyyətlə məsləhətləşmələr
tələb edən məsələlər üzrə
hüquqi aktların layihələrini almaq;
7.1.2.
ictimaiyyətlə məsləhətləşmələrin
keçirilməsi barədə mərkəzi və yerli icra
hakimiyyəti və yerli özünüidarəetmə
orqanına təkliflər vermək;
7.1.3.
müvafiq ərazidə və sahədə dövlət
siyasətinin formalaşması və həyata
keçirilməsi barədə təkliflərlə
çıxış etmək;
7.1.4.
müvafiq sahədə dövlət siyasətinin
hazırlanması və həyata keçirilməsi
barədə hüquqi aktların layihələrinin
hazırlanması ilə bağlı təkliflər
vermək;
7.1.5. ictimai
əhəmiyyət kəsb edən məsələlərin
həllinə dair vətəndaş cəmiyyəti
institutlarının təkliflərini toplamaq,
ümumiləşdirmək və mərkəzi və yerli icra
hakimiyyəti və yerli özünüidarəetmə
orqanına təqdim etmək;
7.1.6.
dövlət və cəmiyyət həyatının
ayrı-ayrı məsələlərinin müzakirəsi
üçün açıq tədbirlər (ictimai
müzakirələr, dinləmələr, seminarlar, konfranslar,
dəyirmi masalar və digər tədbirlər) təşkil
etmək;
7.1.7. ictimai
rəyin öyrənilməsi üçün sorğular
keçirmək və ya müvafiq təşkilatlara sorğu
keçirilməsi barədə təkliflər vermək;
7.1.8.
hüquqi aktların layihələrinin ictimai
müzakirəsini keçirmək;
7.1.9.
şuranın işinə mərkəzi və yerli icra
hakimiyyəti orqanlarının, yerli
özünüidarəetmə orqanlarının
nümayəndələrini, vətəndaş
cəmiyyəti institutlarını, ekspertləri və elmi
təşkilatların, o cümlədən beynəlxalq
təşkilatların nümayəndələrini, ayrı-ayrı
mütəxəssisləri cəlb etmək;
7.1.10. öz
məqsədlərini həyata keçirmək
üçün daimi və müvəqqəti işçi
orqanlar (komitələr, komissiyalar, ekspert qrupları,
işçi qruplar və s.) yaratmaq.
7.2.
İctimai şura üzvlərinin mərkəzi və yerli
icra hakimiyyəti və yerli özünüidarəetmə
orqanlarının yerləşdiyi binaya müvafiq orqan
tərəfindən müəyyən olunmuş qaydada daxil
olmaq hüququ vardır.
7.3.
İctimai şuranın aşağıdakı
vəzifələri vardır:
7.3.1.
Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına, habelə digər normativ hüquqi aktlara
riayət etmək;
7.3.2.
şuranın fəaliyyəti barədə əhalini
məlumatlandırmaq;
7.3.3. öz
fəaliyyətinə dair illik hesabat hazırlamaq və
dərc etdirmək;
7.3.4.
müzakirə olunan məsələlərə
qərəzsiz yanaşmaq.
Maddə 8. İctimai şuranın iclasları
8.1.
İctimai şuranın iclasları ildə dörd
dəfədən az olmayaraq keçirilir.
Növbədənkənar iclaslar ictimai şura sədrinin
təşəbbüsü və ya üzvlərinin
üçdə bir hissəsinin təşəbbüsü
ilə çağırılır.
8.2.
İctimai şuranın iclasları açıq
keçirilir.
8.3.
İctimai şuranın iclasının gündəliyinin
layihəsi ictimai şura sədrinin və üzvlərinin
təklifləri əsasında formalaşır və iclasda
təsdiq olunur. Mərkəzi və yerli icra hakimiyyəti
orqanı və yerli özünüidarəetmə orqanı
ictimai şuranın müzakirəsinə
məsələlər təklif edə bilər.
8.4.
İctimai şura üzvlərinin yarısından çoxu
iştirak etdikdə iclaslar səlahiyyətlidir. İctimai
şuranın iclaslarını onun sədri aparır. Sədr
olmadıqda isə iclasa sədrlik onun müavini
tərəfindən həyata keçirilir.
8.5.
İctimai şuranın aktları iclasda iştirak
edənlərin sadə səs çoxluğu ilə qəbul
edilir və sədrlik edən tərəfindən imzalanır.
Səslər bərabər olarsa sədrin səsi həlledici
olur.
8.6.
Mərkəzi və yerli icra hakimiyyəti və yerli
özünüidarəetmə orqanının
nümayəndələri ictimai şuranın iclaslarında
iştirak edə bilərlər.
Maddə 9. İctimai şuranın sədri, sədr müavini
və katibi
9.1.
İctimai şuranın sədri şuranın iclasında
şuranın üzvləri arasından iki il
müddətinə seçilir.
9.2.
İctimai şuranın sədri:
9.2.1. ictimai
şuranın fəaliyyətinə rəhbərlik edir;
9.2.2. dövlət
və yerli özünüidarəetmə orqanları,
vətəndaş cəmiyyəti institutları ilə
münasibətlərdə ictimai şuranı təmsil edir;
9.2.3. ictimai
şuranın fəaliyyətinin prioritet istiqamətlərini
müəyyənləşdirir;
9.2.4. ictimai
şuranın iclaslarına sədrlik edir.
9.3.
İctimai şura sədrinin müavini şuranın
iclasında şuranın üzvləri arasından iki il
müddətinə seçilir.
9.4.
İctimai şuranın katibi şuranın iclasında
şura üzvləri arasından iki il müddətinə
seçilir.
9.5.
İctimai şuranın katibi:
9.5.1. ictimai
şuranın cari fəaliyyətini təmin edir;
9.5.2. ictimai
şura üzvlərinin fəaliyyətini
əlaqələndirir;
9.5.3. ictimai
şuranın aktlarını aidiyyəti üzrə təqdim
edir;
9.5.4. ictimai
şuranın kargüzarlıq işini təşkil edir.
Maddə 10. İctimai şuranın reqlamenti
10.1.
İctimai şuranın iş qaydası onun iclasında
qəbul edilən reqlament ilə müəyyən edilir.
10.2.
İctimai şuranın reqlamentində
aşağıdakılar nəzərdə tutulur:
10.2.1. ictimai
şuranın iclaslarının keçirilməsi vaxtı
və qaydası;
10.2.2. ictimai
şuranın aktlarının qəbul edilməsi qaydası;
10.2.3. ictimai
şuranın sədrinin, sədrin müavininin və katibin
seçilməsi qaydası;
10.2.4. ictimai
şuranın daimi və müvəqqəti işçi
orqanlarının (komitələr, komissiyalar, ekspert
qrupları, işçi qruplar və s.) yaradılması
və onların vəzifələri;
10.2.5. ictimai
şuranın üzvlüyünə xitam verilməsinin
əsasları və qaydası;
10.2.6. ictimai
şuranın mərkəzi və yerli icra hakimiyyəti və
yerli özünüidarəetmə orqanları ilə
qarşılıqlı fəaliyyətinin təşkili
məsələləri;
10.2.7. ictimai
şuranın işinə mərkəzi və yerli icra
hakimiyyəti və yerli özünüidarəetmə
orqanlarının nümayəndələrinin,
vətəndaş cəmiyyəti institutlarının,
ekspertlərin və elmi təşkilatların, o
cümlədən beynəlxalq təşkilatların
nümayəndələrinin, ayrı-ayrı
mütəxəssislərin cəlb olunması qaydası;
10.2.8. ictimai
şuranın strukturu və fəaliyyətinin təşkili
ilə bağlı digər məsələlər.
Maddə 11. İctimai şuranın aktları
11.1.
İctimai şura təşkilati məsələlər
üzrə qərarlar, digər məsələlər
üzrə isə rəy və təkliflər qəbul edir.
11.2.
İctimai şuranın rəy və təkliflərinə
həmin sənədlərin ünvanlandığı
mərkəzi və yerli icra hakimiyyəti və yerli
özünüidarəetmə orqanı tərəfindən
“Vətəndaşların müraciətlərinə
baxılması qaydası haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq
baxılmalıdır.
11.3.
İctimai şuranın rəy və təkliflərinin
nəzərə alınmaması müvafiq orqan və ya
vəzifəli şəxs tərəfindən
əsaslandırılmalıdır.
3-cü fəsil
İctimai dinləmə və ictimai müzakirə
Maddə 12. İctimai dinləmə və ictimai müzakirə
təşəbbüsü
Dövlət
və yerli özünüidarəetmə orqanları,
vətəndaş cəmiyyəti institutları, ictimai
şuralar və ayrı-ayrı vətəndaşlar ictimai
dinləmə və ictimai müzakirənin
təşəbbüsçüsü ola bilərlər.
Maddə 13. İctimai dinləmənin və ictimai müzakirənin
təşkilinə və keçirilməsinə dair əsas
tələblər
13.1.
İctimai dinləmənin və ictimai müzakirənin
təşkili və keçirilməsi zamanı
aşağıdakılar nəzərə
alınmalıdır:
13.1.1. ictimai
dinləmənin və ictimai müzakirənin məqsədinin
və mövzusunun dəqiq müəyyən edilməsi;
13.1.2.
dinləmənin və müzakirənin mövzusu
barədə maraqlı tərəflərin
məlumatlandırılması;
13.1.3.
dinləmələrə və müzakirələrə
ekspertlərin və mütəxəssislərin cəlb
edilməsi;
13.1.4.
problemin müstəqil və geniş təhlilinin
aparılması;
13.1.5.
tələb olunduğu hallarda alternativ layihələrin və
təkliflərin müzakirəyə
çıxarılması;
13.1.6.
dinləmənin və müzakirənin mövzusuna
aidiyyəti dövlət və yerli
özünüidarəetmə orqanlarının
səlahiyyətli nümayəndələrinin iştirakının
təmin edilməsi;
13.1.7.
dinləmənin və müzakirənin nəticələri haqqında
maraqlı tərəflərin məlumatlandırılması.
13.2.
İctimai dinləmə və ictimai müzakirə
açıq keçirilir. İstənilən şəxs
dinləmələrdə iştirak edə və
müzakirə olunan məsələ barəsində öz
mülahizəsini bildirə bilər.
Maddə 14. İctimai dinləmənin və ictimai müzakirənin
təşkili
14.1.
İctimai dinləmənin və ictimai müzakirənin
təşkilatçısı:
14.1.1.
dinləmənin və müzakirənin mövzusunu
dəqiqləşdirir və təsdiq edir;
14.1.2.
əsas məruzələrin mövzusunu və
məruzəçiləri müəyyən edir;
14.1.3.
dinləmənin və müzakirənin keçirilməsi
proqramının layihəsini hazırlayır;
14.1.4.
dinləmənin və müzakirənin keçirilməsi
yerini, vaxtını və müddətini müəyyən
edir;
14.1.5.
iştirakçıların seçilməsi prinsiplərini
və dəvət edilməsi formalarını
müəyyənləşdirir, onları dəvət edir;
14.1.6.
kütləvi informasiya vasitələri və ictimaiyyət
üçün elan xarakterli məlumatlar hazırlayır
və həmin məlumatları hamının tanış ola
biləcəyi yerlərdə yerləşdirir;
14.1.7.
dinləmənin və müzakirənin yekun sənədinin
(sənədlərinin) ilkin layihəsini hazırlayır.
14.2.
İctimai dinləmənin və ictimai müzakirənin
keçirilməsi barədə elan
təşəbbüskarın internet səhifəsində
və ya kütləvi informasiya vasitələrində
tədbirdən ən azı yeddi iş günü
əvvəl dəqiq vaxt və yer göstərilməklə
yerləşdirilir.
Maddə 15. İctimai dinləmənin və ictimai müzakirənin
yekun sənədi
15.1.
Vətəndaş cəmiyyəti institutları
tərəfindən keçirildiyi təqdirdə ictimai
dinləmənin yekun sənədi dinləmə zamanı
açıqlanmış əsas fikir, rəy və
təkliflərin icmalı formasında hazırlanır, ictimai
dinləməyə sədrlik edən tərəfindən
imzalanır və dinləmə başa çatdıqdan sonra
ən geci üç iş günü müddətində
aidiyyəti dövlət və yerli özünüidarəetmə
orqanlarına və kütləvi informasiya
vasitələrinə təqdim olunur.
15.2.
Vətəndaş cəmiyyəti institutları
tərəfindən keçirildiyi təqdirdə ictimai
müzakirənin yekun sənədi rəy və
təkliflər formasında qəbul edilir, iclasın sədri
tərəfindən imzalanır və müzakirə başa çatdıqdan
sonra ən geci üç iş günü
müddətində aidiyyəti dövlət və yerli
özünüidarəetmə orqanlarına və
kütləvi informasiya vasitələrinə təqdim olunur.
15.3.
İctimai dinləmənin və ictimai müzakirənin yekun
sənədlərinə bu Qanunun 11.2-ci maddəsində
müəyyənləşdirilmiş qaydada baxılır.
4-cü fəsil
Yazılı məsləhətləşmə
Maddə 16. Yazılı məsləhətləşmənin
təşkili
16.1.
Mərkəzi və yerli icra hakimiyyəti və yerli
özünüidarəetmə orqanları
hazırladıqları hüquqi aktların layihələri
barədə yazılı məsləhətləşmələrin
başlanması haqqında məlumatı öz internet
səhifəsində və ya kütləvi informasiya
vasitələrində yerləşdirir.16.2. “İnformasiya
əldə etmək haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən əldə
edilməsi məhdudlaşdırılmış
informasiyanı nəzərdə tutan hüquqi aktların
layihələri və ya onların müvafiq struktur
elementləri yazılı məsləhətləşmə
üçün dərc olunmur.
Maddə 17. Yazılı məsləhətləşmələrin
müddəti
17.1.
Mərkəzi və yerli icra hakimiyyəti və yerli
özünüidarəetmə orqanları
hazırladıqları hüquqi aktların layihələri
barədə vətəndaş cəmiyyəti
institutlarının rəy, irad və təkliflər verə
bilməsi üçün azı yeddi iş günü
nəzərdə tutur.
17.2. Daxil
olmuş rəy, irad və təkliflər mərkəzi və
yerli icra hakimiyyəti və yerli
özünüidarəetmə orqanları
tərəfindən müzakirə edilib qiymətləndirildikdən
sonra onların nəzərə alınmasına və ya
rədd edilməsinə dair on dörd gün ərzində
əsaslandırılmış qərar verilir və dərc
edilir.
5-ci fəsil
Hüquqi aktların layihələrinə dair ictimai
dinləmə və ictimai müzakirə
Maddə 18. Qanun layihələrinə dair ictimai dinləmə
və ictimai müzakirənin təşkili
18.1.
Azərbaycan Respublikasının Konstitusiyasının
96-cı maddəsinin I hissəsinə uyğun olaraq
Azərbaycan Respublikasının Milli Məclisinə təqdim
edilən qanun layihələrinə dair ictimai dinləmə
və ictimai müzakirə Azərbaycan Respublikası Milli
Məclisinin Aparatı tərəfindən təşkil edilir.
18.2. Qanun
layihələrinə dair ictimai dinləmə və ictimai
müzakirənin təşkili üçün Azərbaycan
Respublikası Milli Məclisinin Aparatı:
18.2.1.
Azərbaycan Respublikası Milli Məclisinin internet
səhifəsində xüsusi bölmə ayırır;
18.2.2.
Azərbaycan Respublikası Milli Məclisinin Aparatında
qeydiyyata alınmış bütün qanun layihələrini
müvafiq komitəyə göndərdikdən sonra
üç gün ərzində Azərbaycan Respublikası
Milli Məclisinin internet səhifəsinin xüsusi
bölməsində yerləşdirir;
18.2.3. Azərbaycan
Respublikası Milli Məclisinin internet səhifəsinin
xüsusi bölməsində qanun layihəsi ilə
birlikdə onu təqdim edən subyekt, layihənin qeydiyyat
nömrəsi, göndərildiyi komitə (komitələr),
ictimai dinləmələrin qrafiki və
keçiriləcəyi yer və ictimai müzakirənin
müddəti, keçirilməsi qaydaları, rəy, irad
və təkliflərin təqdim olunması qaydası, onlara
baxılması və nəticələrin
açıqlanacağı müddətlər barədə
məlumatı yerləşdirir;
18.2.4. qanun
layihələrinə dair təqdim olunmuş rəy, irad
və təkliflərin nəzərə alınmasının
nəticələri barədə ictimaiyyəti
məlumatlandırır;
18.2.5. birinci
və ikinci oxunuşlardan sonra qanun layihəsinin
yenilənmiş mətnlərini dərc edir.
18.3. Qanun
layihələrinə dair ictimai dinləmələrin
keçirilməsi qaydası Azərbaycan Respublikası Milli Məclisinin
Daxili Nizamnaməsi ilə müəyyən edilir.
Maddə 19. Digər hüquqi aktların layihələrinə dair
ictimai dinləmə və ictimai müzakirənin
keçirilməsi
Mərkəzi
və yerli icra hakimiyyəti və yerli
özünüidarəetmə orqanlarının
hazırladıqları hüquqi aktların layihələrinə
dair ictimai dinləmə və ictimai müzakirə müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
keçirilir.
6-cı fəsil
Yekun müddəalar
Maddə 20. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun
tələblərini pozan şəxslər Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsinə uyğun olaraq məsuliyyət
daşıyırlar.
Maddə 21. Qanunun qüvvəyə minməsi
Bu Qanun
2014-cü il iyunun 1-dən qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 22 noyabr 2013-cü il
¹ 816-IVQ