AZƏRBAYCAN RESPUBLİKASININ

MALİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASI

 

QƏRAR

 

Q-12

 

Bakı şəhəri 20 may 2013-cü il

 

Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satınalınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə

 

Dövlət satınalmaları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanının 2-ci hissəsinin və Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR:

 

1. Dövlət satınalmalarının açıq tender üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği 50,0 (əlli) min manat müəyyən edilsin.

2. Dövlət satınalmalarının kotirovkalar sorğusu üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği 5,0 (beş) min manat müəyyən edilsin.

3. Müəyyən edilsin ki, dövlət satınalmaları zamanı satın alınan xidmətlərin ümumi qiyməti 10,0 (on) min manatdan çox olduğu hallarda bu barədə bildiriş həmçinin, beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilir.

4. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin aşağıdakı normativ hüquqi aktları və onların struktur elementləri ləğv edilsin:

4.1. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyən edilmiş minimum məbləğdən yuxarı olduqda, onun satın alınmasının açıq tender üsulu ilə aparılması haqqında, Satınalan təşkilat tərəfindən mövcud bazarı olan və ehtimal olunan qiymətinin müəyyənləşdirilmiş minimum məbləğdən aşağı olan malların (işlərin və xidmətlərin) satın alınması üçün kotirovkalar sorğusundan istifadə edə bilməsi haqqında və Satınalmada yalnız yerli malgöndərənlərin (podratçıların) iştirak etdiyi və ya satın alınan xidmətlərin ümumi qiymətinin müəyyənləşdirilmiş məbləğdən çox olmadığı hallar istisna olmaqla, bildirişin həmçinin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi haqqında Qaydaların təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2002-ci il 22 iyul tarixli İ-124 nömrəli əmri;

4.2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2002-ci il 22 iyul tarixli, İ-124 nömrəli əmri ilə təsdiq edilmiş Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyən edilmiş minimum məbləğdən yuxarı olduqda, onun satın alınmasının açıq tender üsulu ilə aparılması haqqında, Satınalan təşkilat tərəfindən mövcud bazarı olan və ehtimal olunan qiymətinin müəyyənləşdirilmiş minimum məbləğdən aşağı olan malların (işlərin və xidmətlərin) satın alınması üçün kotirovkalar sorğusundan istifadə edə bilməsi haqqında və Satınalmada yalnız yerli malgöndərənlərin (podratçıların) iştirak etdiyi və ya satın alınan xidmətlərin ümumi qiymətinin müəyyənləşdirilmiş məbləğdən çox olmadığı hallar istisna olmaqla, bildirişin həmçinin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi haqqında Qaydalara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2004-cü il 10 noyabr tarixli İ-146 nömrəli əmri;

4.3. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin bəzi normativ hüquqi aktlarına dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2006-cı il 23 yanvar taixli İ-03 nömrəli əmrinin 1.5-ci və 1.6-cı bəndləri.

5. İqtisadi sahələrin maliyyəsi şöbəsinə Vergi siyasəti və gəlirlər şöbəsinə tapşırılsın ki, Hüquq şöbəsi ilə birlikdə bu Qaydaların 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.

 

Kollegiyanın sədri,

Azərbaycan Respublikasının

maliyyə naziri

Samir Şərifov