İnsan alverinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

İnsan alverinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, 8, maddə 694) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 14-1-ci maddə əlavə edilsin:

Maddə 14-1. Bərpa və fikirləşmə müddəti

14-1.1. İnsan alverinin qurbanına öz vəziyyətini bərpa etmək, cinayətkarların təsirindən yayınmaq və cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul etmək üçün 30 gün bərpa və fikirləşmə müddəti verilir.

14-1.2. Bərpa və fikirləşmə müddətində insan alverinin qurbanı təhlükəsizlik və müdafiə ehtiyaclarının təmin edilməsi, fiziki, psixoloji və sosial vəziyyətinin bərpası üçün bu Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş xüsusi müəssisələrin xidmətlərindən istifadə edə bilər.

14-1.3. Bərpa və fikirləşmə müddətində insan alverinin qurbanına Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilmir.

14-1.4. Şəxsin insan alverinin qurbanı olmadığı müəyyənləşdirildikdə, bərpa və fikirləşmə müddəti verilmir, bu müddət başlandıqda isə dayandırılır..

2. 20-ci maddə üzrə:

2.1. 20.4-cü maddədə tövsiyələr verilir sözlərindən sonra , habelə bu mümkün olduğu halda qəbul edən ölkədə ona yardım edə biləcək hüquq mühafizə orqanlarının, qeyri-hökumət təşkilatlarının, hüquq müdafiəçilərinin və sosial təminat qurumlarının əlaqə məlumatları təqdim edilir sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 20.4-1-ci maddə əlavə edilsin:

20.4-1. İnsan alverinin qurbanı olmuş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin repatriasiyası üzrə aidiyyəti dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək və bu şəxslərin yenidən insan alverinin qurbanına çevrilməsinin qarşısını almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən insan alveri qurbanlarının repatriasiya qaydaları qəbul edilir. Bu qaydalar, həmçinin insan alverindən zərərçəkmiş uşaqların təhsil hüququndan faydalanma imkanlarının və onlara zəruri qayğının göstərilməsinin təmin olunması, ailələr və ya müvafiq qayğı göstərən qurumlar tərəfindən onların qəbul olunması ilə bağlı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.;

2.3. 20.6-cı maddə ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 aprel 2013-cü il

609-IVQD