AZƏRBAYCAN RESPUBLİKASININ

MALİYYƏ NAZİRLİYİ KOLLEGİYASININ

 

Q Ə R A R

Q-02

 

Bakı şəhəri 09 yanvar 2013-cü il

 

Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydalarının təsdiq edilməsi haqqında

 

Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanının 2.1-ci bəndini və Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 7.7-ci, 7.11-ci və 9.20-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydalarına uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR:

 

1. Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14 noyabr 2007-ci il tarixli İ-102 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 30 noyabr 2007-ci il tarixdə (şəhadətnamə 3374) dövlət qeydiyyatına alınmış Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları ləğv edilsin.

3. Uçot siyasəti şöbəsinə və Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.

4. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Kollegiyanın sədri,

Azərbaycan Respublikasının

maliyyə naziri

Samir Şərifov

 


 

 

Azərbaycan Respublikası Maliyyə

Nazirliyinin Kollegiyasının

Q-02 nömrəli

09 yanvar 2013-cü il tarixli

 

Qərarı ilə təsdiq edilmişdir.

 

Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması

 

Qaydaları

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanununa və Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydalarına əsasən hazırlanmışdır və ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması qaydalarını müəyyən edir.

1.2. Bu qaydalar mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra mühasibat uçotu subyektləri) şamil edilir.

1.3. Ciddi hesabat blanklarının forma və rekvizitləri qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir.

 

2. Ciddi hesabat blanklarının tətbiqi

 

2.1. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən mühasibat uçotu subyektləri iş xüsusiyyətlərinə uyğun olaraq işləyib hazırladıqları ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi üçün Maliyyə Nazirliyinə müraciət etməlidirlər. Ciddi hesabat blanklarına əlavə rekvizitlər müəyyən olunmuş qaydada Maliyyə Nazirliyi ilə razılaşdırılaraq daxil edilir.

2.2. Mühasibat uçotu subyektlərinin təsdiq edilmiş ciddi hesabat blankları onların öz vəsaiti hesabına ciddi hesabat blanklarının hazırlanması fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslər ilə bağlanmış müqavilələr əsasında çap edilir. [1]

2.3. Mühasibat uçotu subyektlərinin tələbatını ödəmək məqsədilə təsdiq edilmiş ciddi hesabat blankları müvafiq qoruyucu nişanlara malik olan xüsusi surətçıxaran kağızda və ya adi kağızda çap olunur.

 

3. Ciddi hesabat blanklarının doldurulması

 

3.1. Ciddi hesabat blanklarının doldurulması əllə və ya elektron (lazer) texnikası vasitəsi ilə həyata keçirilir.

3.2. Əllə və elektron (lazer) texnikası vasitəsi ilə doldurulmalı olan ciddi hesabat blanklarının bütün rekvizitləri aydın və səlis xətlə doldurulmalı, rəqəmlər və sözlər dəqiq oxunmalı, qaralamalara və düzəlişlərə yol verilməməlidir. Qaralamalara, düzəlişlərə yol verilmiş, yararsız hala düşmüş ciddi hesabat blankları etibarsız sayılır. Korlanmış ciddi hesabat blankının əvəzinə yenisi doldurulur.

3.3. Ciddi hesabat blankı nüsxələrinin sayından asılı olmayaraq eyni seriya və nömrəyə malik olmalıdır.

3.4. Ciddi hesabat blankının əsas hissəsi (əsli) mühasibatlıqda qalır.

3.5. Ciddi hesabat blanklarında qiymətlər manatla və qəpiklə göstərilməlidir.

 

4. Ciddi hesabat blanklarının uçotu

 

4.1. Ciddi hesabat blankları qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühasibat uçotu subyektinin anbarlarında və ya bu məqsəd üçün ayrılmış xüsusi yerlərdə (dəmir şkafda, seyfdə və ya qapalı otaqda) illər üzrə xüsusi qovluqda saxlanılır.

4.2. Ciddi hesabat blanklarının uçotu mühasibat uçotu subyekti tərəfindən "Ciddi hesabat blankları" adlı balansdankənar hesabda, mədaxil və məxaric üzrə hərəkətinin qeydiyyatı isə "Əmlakın (qiymətlilərin) uçot kartı" (forma 1Q) üzrə aparılır.

 

5. Nəzarət

 

5.1. Ciddi hesabat blanklarının istifadəsinə nəzarət Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən həyata keçirilir.

5.2. Mühasibat uçotu subyekti  ləğv edildikdə, təşkilati-hüquqi forması, adı və VÖEN-i dəyişdikdə, fəaliyyəti dayandırıldıqda, onlarda istifadəsiz qalmış ciddi hesabat blanklarının məhv edilməsi məqsədi ilə həmin mühasibat uçotu subyekti tərəfindən 15 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bu barədə müvafiq məlumat verilir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1.       16 dekabr 2016-cı il tarixli Q-23 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 16 dekabr 2016-cı il tarixli Q-23 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə "Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydalarının 2.2-ci bəndində həmin fəaliyyətə xüsusi razılıq (lisenziya) almış sözləri ciddi hesabat blanklarının hazırlanması fəaliyyətini həyata keçirən sözləri ilə əvəz e edilmişdir.