Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair Sazişin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair 2011-ci il oktyabrın 25-də İzmir şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 noyabr 2012-ci il

463-IVQ


Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair

 

SAZİŞ

 

Bundan sonra aynlıqda "Tərəf, birlikdə "Tərəflər" adlandırılan Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti,

Tərəflərin enerji sektorunda inkişaf və əməkdaşlığının onların kommersiya və iqtisadi əlaqələrini daha da gücləndirəcəyini nəzərə alaraq,

Azərbaycan Respublikasından Türkiyə Respublikasına çəkilmiş qaz ixrac boru kəmərlərinin və müvafiq iqtisadiyyatların sabit inkişafı və öz xalqlarının təhlükəsizliyi və rifahı üçün etibarlı enerji siyasətinin vacibliyini qəbul edərək,

Xəzər dənizinin Azərbaycan sektorundakı Şahdəniz yatağının 1-ci Mərhələsindən Qazın satılmasında ("ŞD-1 Layihəsi") və Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərlərində Tərəflərin uğurlu əməkdaşlığını vurğulayaraq,

Azərbaycan Respublikasının həm Azərbaycanın qurudakı, həm də Xəzər dənizinin Azərbaycan sektorundakı ərazilərində olan Təbii Qaz ehtiyatlarının bundan sonra da işlənməsini və istismarını artırmağını və Türkiyə Respublikasının öz Təbii Qaz mənbələrini müxtəlifləşdirmək və qazın tranziti mərkəzinin yaradılması və Cənub Dəhlizi Layihələri vasitəsilə Türkiyə ərazisindən keçməklə Avropa İttifaqına, digər Avropa ölkələrinə və Türkiyə Respublikası ilə qonşu olan digər ölkələrə Təbii Qazın tranzitinin daha da inkişaf etdirilməsini arzulayaraq,

yuxarıdakı məqsədlər üçün Azərbaycanda və Türkiyədə hasilat (apstrim), nəqletmə (midstrim) və satış (daunstrim) Qaz layihələrinə sərmayə qoyuluşunun təşviq edilməsi və dəstəklənməsinin və həmçinin Şahdəniz Mərhələ 2 layihəsinin ("ŞD-2 Layihəsi") işlənməsi və istismarı və hasil edilmiş Qazın Tranzit Keçidi və ya müstəqil boru kəməri vasitəsilə Türkiyə ərazisindən üçüncü ölkələrə ixracının və onun marketinqinin xüsusi əhəmiyyətli layihə olduğunu qəbul edərək,

Şahdəniz HPBS Tərəflərinin bu məqsədlə işgüzar birgə müəssisələr yaradacağını və bu məqsədlərə dəstək vermək üçün Tərəflərin 7 iyun 2010-cu ildə İstanbul şəhərində imzalanmış "Azərbaycan Respublikasından gələn təbii qazın satışı və nəqli haqqında Bəyannamə" və ARDNŞ və BOTAŞ arasında "Təbii qazın satışı və nəqli haqqında Anlaşma Memorandumu"nun müddəalarını nəzərə alaraq,

Cənub Dəhlizi layihələri daxil olmaqla Azərbaycan Respublikasından gələn Təbii Qazın Türkiyə ərazisindən keçməklə Avropa İttifaqı, digər Avropa ölkələri və Türkiyə Respublikası ilə qonşu olan digər ölkələrdəki məntəqələrə Tranzit Keçidinin mövcud olmasının və fasiləsiz işləməsinin vacibliyini dərk edərək,

vahid standartların tətbiq edilməsi və fiziki cəhətdən fasiləsiz infrastruktura malik olması tələb edilən Təbii Qazın Tranzit Keçidinin transmilli xarakter daşıdığını vurğulayaraq,

ŞD-1 Layihəsi və ŞD-2 Layihəsinin (Qaz Tranziti elementləri daxil olmaqla) əlaqəli olmasını və bu Sazişdən irəli gələn xüsusi öhdəliklərin Tərəflər arasında enerji sahəsində mövcud hərtərəfli münasibətlərin tərkib hissəsi olmasını qəbul edərək,

prinsip etibarı ilə Azərbaycandan gələn Təbii Qazın satışını və Tranzit Keçidini tənzimləyən əsas şərtlər və müddəalar və bu Sazişi imzalamaq barədə öz niyyətlərini bildirərək,

BOTAŞ QSAS və Türkiyə Respublikası ərazisindən Qazın Tranzit Keçidi üçün bu Saziş vasitəsi ilə tətbiq olunacaq prosedur və prinsiplər çərçivəsi yaratmaq niyyətində olaraq; və

Türkiyə Respublikası ərazisindən Təbii Qazın nəql edilməsi üçün Müstəqil Boru Kəməri Layihəsinin inşasını və idarə olumasını nəzərdə tutan bir layihəyə töhfə verəcəklərini bəyan edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1. Anlayışlar

 

(a) Preambula daxil olmaqla bu Sazişdə istifadə olunan və başqa cür tərif edilməyən anlayışlar aşağıda göstərilən mənam daşıyır:

"Saziş" - ediləcək dəyişikliklər və əlavələr daxil olmaqla, bu Saziş deməkdir;

"BOTAŞ" - Boru Hatleri ile Petrol Taşımaçılığı A.Ş., Türkiyə Respublikasının dövlət neft-qaz boru kəməri şirkəti deməkdir;

"BOTAŞ QSAS" - ARDNŞ və BOTAŞ arasında bu Sazişə uyğun olaraq imzalanmış Qazın alğı-satqı sazişi deməkdir;

"BOTAŞ BİL QSAS" - ARDNŞ və BOTAŞ arasında imzalanmış BOTAŞ İnternational Limited tərəfindən Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri üzrə əməliyyatlarda istifadə olunacaq Qazın satışı və alğısı sazişi deməkdir;

"Skm" - bir min on üç tam yüzdə iyirmi beş (1013,25) millibar mütləq təzyiq və Selsi ilə on beş (15) dərəcə temperatur şəraitində bir kubmetr həcmi dolduran və qrosso kalori dərəcəsi bir Stkm görə 9000 kilokalori olan Qazın həcmi deməkdir;

"Stkm" - bir min on üç tam yüzdə iyirmi beş (1013,25) millibar mütləq təzyiq və Selsi ilə müsbət on beş (15) dərəcə temperatur şəraitində bir kubmetr həcmi dolduran və su buxarlarından azad olan Qazın miqdarı deməkdir;

"Çıxış Nöqtələri" - Tranzit Keçid Qazı üçün Türkiyə-Yunanıstan, Türkiyə-Bolqarıstan sərhədində müqavilədə nəzərdə tutulmuş və/və ya qarşılıqlı razılıqla müəyyən edilmiş digər çıxış nöqtələri deməkdir;

"Çərçivə Sazişi" - Tranzit Keçidi Qazın Tranzit Keçidinə dair ARDNŞ, BOTAŞ və Şahdəniz HBPS Tərəflərinin adından çıxış edən ŞD 2 Agenti arasında bu Sazişin imzalandığı tarixdə imzalanmış saziş deməkdir;

"Qaz" və ya "Təbii Qaz" - bir min on üç tam yüzdə iyirmi beş (1013,25) millibar mütləq təzyiq və Selsi ilə on beş (15) dərəcə temperatur şəraitində qazaoxşar fazada olan bütün təbii karbohidrogenlər və ya karbohidrogenlərin qarışığı və ya əsasən metandan ibarət olan digər qazlar deməkdir;

"Qaz Tranziti Sazişi" - Çərçivə Sazişində tərif edilən və hər hansı yardımçı sazişlər daxil olmaqla Yükdaşıyan qismində çıxış edən BOTAŞ və müvafiq olaraq Yükgöndərən qismində çıxış edən ARDNŞ və ya Şahdəniz HPBS Tərəflərinin təyin etdiyi Qaz marketinqi üzrə təşkilatı arasında bu Sazişin və Çərçivə Sazişinin çərçivəsində bu Sazişin Tranzit Keçidi elementinə dair bağlanmış və Tranzit Layihə Sazişlərini təşkil edən dörd sazişdən hər biri deməkdir.

"Tranzit Layihə Sazişləri":

(i) Çərçivə Sazişi və

(ii) Qaz Tranziti Sazişləri deməkdir;

"Layihə Sazişi" - ŞD-2 Layihəsinin satış və Tranzit Keçidi elementlərinə dair tətbiq olunacaq prosedur və prinsiplər çərçivəsini təşkil edən Tranzit Layihə Sazişləri, BOTAŞ QSAS və BOTAŞ BİL QSAS deməkdir;

"Layihə Şirkəti" və ya "Layihə Şirkətləri" - kontekstdən asılı olaraq BOTAŞ, ARDNŞ, Şahdəniz HPBS Tərəfləri, Alan Təşkilat, Satan Təşkilat, Yükgöndərən və Yükdaşıyan, bəziləri, bir təki və ya hamısı deməkdir;

"Alan Təşkilat" - BOTAŞ QSAS əsasında qaz alıcısı qismində çıxış edən BOTAŞ deməkdir;

"Satan Təşkilat" və ya "Satan Təşkilatlar" - BOTAŞ QSAS və ya BOTAŞ BİL QSAS əsasında satıcı qismində çıxış edən Şahdəniz HPBS Tərəflərinin Qazın marketinqi üzrə müəyyən etdiyi və Azərbaycan Respublikası tərəfindən təyin olunan təşkilat deməkdir;

"ŞD-1 Layihəsi" - ona preambulada verilmiş mənanı daşıyır;

"ŞD-2 Layihəsi" - ona preambulada verilmiş mənanı daşıyır;

"Şahdəniz HPBS Tərəfləri" - 4 iyun 1996-cı il tarixli Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin, ona edilmiş düzəlişlər nəzərə alınmaqla, tərəf olan şirkətlər deməkdir və bu anlayışa hər bir belə şirkətin hüquq varisləri və hüquq və öhdəliklərini verdiyi şəxslər daxildir;

"Şahdəniz Mərhələ I Təbii Qazı" - 12 mart 2001-ci il tarixli "Türkiyə Respublikası və Azərbaycan Respublikası arasında Azərbaycan Təbii Qazının Türkiyə Respublikasına çatdırılmasına dair Saziş" ilə əhatə edilən Təbii Qaz deməkdir;

"Şahdəniz Mərhələ II Təbii Qazı" - BOTAŞ QSAS-I ilə əhatə edilən Təbii Qaz deməkdir;

"Yükgöndərən" - ARDNŞ və ya Qaz Tranziti Sazişləri əsasında qaz göndərən qismində çıxış edən Şahdəniz HPBS Tərəflərinin Qazın marketinqi üzrə təyin etdiyi və Azərbaycan Respublikası tərəfindən təyin olunan təşkilat deməkdir;

"ARDNŞ" - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti deməkdir;

"Müstəqil Boru Kəməri Layihəsi" - ona 5-ci maddədə verilmiş mənanı daşıyır;

"Hökumət orqanları" - hər hansı Tərəfin hökuməti və onunla bağlı hər bir cəhət, o Tərəfin ərazisinin bütün səviyyələri, o cümlədən mərkəzi, regional və yerli hökumətlər və orqanları (hökumət ierarxiyasında hər hansı üstün hüquqi orqanın bir hissəsi olmasından və ya onun tərəfindən nəzarət edilməsindən asılı olmayaraq) və yuxarıda qeyd edilənlərin hər hansı birinin hər hansı bir və bütün yardımçı orqanları, filialları və bölmələri və həmin Tərəf və ya həmin Tərəfin bir və ya bir neçə Hökumət orqanları tərəfindən birbaşa və ya dolayısı ilə nəzarət etdiyi hər hansı təşkilat deməkdir;

"Vergilər" - Tərəfə (və ya Tərəf daxilində yerli və ya regional orqanlarına) ödənməli olan və ya onun tərəfindən irəli sürülən bütün mövcud və gələcək vergilər, rüsumlar, tutulmalar, gömrük rüsumları, haqlar, yığımlar, çıxmalar, yardımlar (sosial sığorta ödənişləri və məcburi tibbi sığorta haqlan kimi), qonorarlar, ödənilməli məbləğlər və ya digər xərclər və onlarla əlaqədar faizlər, cərimə və penyalar (maliyyə sanksiyaları və inzibati cərimələr də daxil olmaqla), "Vergi" isə adı çəkilənlərin hər hansı biri deməkdir;

"Tranzit Keçid" - Türkiyə Respublikasının ərazisindən Tranzit Keçid Qazının tranziti, daşınması, keçməsi və ya nəql edilməsi deməkdir;

"Tranzit Keçid Qazı" - Tranzit Keçidi Sistemi vasitəsilə Tranzit Keçidində olan Azərbaycan Respublikasından gələn və Avropa İttifaqı, digər Avropa ölkələri və Türkiyə Respublikası ilə qonşu olan digər ölkələr üçün nəzərdə tutulmuş Təbii Qaz deməkdir;

"Tranzit Keçid Sistemi" - Azərbaycan Respublikasından gələn və Avropa İttifaqı, digər Avropa ölkələri və Türkiyə Respublikası ilə qonşu olan digər ölkələr üçün nəzərdə tutulmuş Təbii Qazın Tranzit Keçidi məqsədi ilə Türkiyə Respublikasının ərazisindən BOTAŞ Təbii Qaz Şəbəkəsi vasitəsilə nəqli üçün fiziki cəhətdən mütəmadi Tranzit Keçid Sistemi deməkdir;

"Tranzit Tarifi" - BOTAŞ-a Qaz Tranziti Sazişlərinə əsasən ABŞ dolları ilə ödəniləcək tarif deməkdir;

"Yükdaşıyan" - hər hansı Qaz Tranziti Sazişi əsasında Tranzit Keçidi Sistemi vasitəsilə Tranzit Keçidi təmin etməyə borclu olan qaz yükdaşıyanı qismində çıxış edən BOTAŞ deməkdir;

(b) BOTAŞ-a, ARDNŞ-yə, Alan Təşkilata, Satan Təşkilata və hər hansı Yükgöndərənə və Yükdaşıyana edilən istinadlar onlara və ya onların hüquq varislərinə istinaddır.

 

Maddə 2. Səlahiyyətli orqanlar

 

Bu Sazişin həyata keçirilməsi məqsədi ilə Tərəflər aşağıda sadalanan Səlahiyyətli Orqanları təyin edirlər:

(i) Azərbaycan Respublikası: Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi.

(ii) Türkiyə Respublikası: Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi.

 

Maddə 3. Təbii qazın alğı-satqısı

 

(a) Azərbaycan Respublikası Türkiyə Respublikasına illik olaraq 6 milyard Skm-ə qədər Şahdəniz Mərhələ II Təbii Qazını təchiz etməyə və Türkiyə Respublikası Azərbaycan Respublikasından illik olaraq 6 milyard Skm-ə qədər Şahdəniz Mərhələ II Təbii Qazını satın almağa dair öhdəlik götürürlər. Təbii Qaz üzərində mülkiyyət və sahiblik Türkiyə Respublikasına Türkiyə-Gürcüstan sərhədində keçəcək.

(b) Bu sənədlə Tərəflər BOTAŞ-a və ARDNŞ-yə BOTAŞ QSAS-ı imzalamağa və onun uğurla həyata keçirilməsini təmin etməyə imkan vermək üçün özlərinin müvafiq qanunlarına və qaydalarına əsasən tələb olunan bütün tədbirləri görməyə səlahiyyət verir.

(c) Azərbaycan Respublikasında hasil edilmiş Təbii Qazın alğısı və Türkiyə Respublikasına satışı şərtləri BOTAŞ QSAS-a verilmişdir.

(d) Bu sənədlə Azərbaycan Respublikasının və Türkiyə Respublikasının hər biri BOTAŞ QSAS-a və BOTAŞ BİL QSAS-a əsasən müvafiq olaraq Satan Təşkilatın və Alan Təşkilatın bütün öhdəliklərini yerinə yetirmək üçün tam məsuliyyəti öz üzərinə götürür.

(e) Azərbaycan Respublikasından bu Sazişə əsasən Türkiyə Respublikasına təchiz edilmiş Təbii Qaz həcmi Türkiyə Respublikası tərəfindən üçüncü ölkələrə ixrac edilə bilər.

(f) Azərbaycan Respublikası Qazın Azərbaycan Respublikasından Türkiyə - Gürcüstan sərhədinə qədər çatdırılması üçün gərəkli olan vasitələrin və boru kəmərlərinin tikilməsi, yaxşılaşdırılması, genişləndirilməsi və idarə olunması və bunların maliyyələşdirilməsi ilə əlaqədar tam məsuliyyəti öz üzərinə götürür və Türkiyə Respublikası öz sərhədləri çərçivəsində qaz boru kəmərlərinin yaxşılaşdırılması, genişləndirilməsi və idarə olunması və bunların maliyyələşdirilməsi ilə əlaqədar tam məsuliyyəti öz üzərinə götürür.

(g) Bu Sazişin (a) paraqrafında nəzərdə tutulan 6 milyard Skm Təbii Qaza əlavə olaraq, BOTAŞ İnternational Limited Şirkəti tərəfindən Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin Türkiyə Respublikası ərazisində olan əməliyyatlarında istifadə edilməsi üçün BOTAŞ BİL QSAS-ın müddəalarına əsasən və 1 may 2011-ci il tarixindən başlayaraq və BTC ko Şirkəti və BİL arasında istismar haqqında Sazişin müddəti ərzində, uzadılmalar daxil olmaqla, Azərbaycan Respublikası Türkiyə Respublikasına illik olaraq, 0,15 milyard Skm Azərbaycan Təbii Qazmı təchiz etməyi və Türkiyə Respublikası illik olaraq 0,15 milyard Skm Azərbaycan Təbii Qazını satın almağı öz öhdəliyinə götürür. Türkiyə Respublikası BOTAŞ-a və ya BOTAŞ tərəfindən təyin olunacaq onun hər hansı törəmə şirkətinə bu qazın alıcısı olmaq səlahiyyəti verir. Azərbaycan Respublikası ARDNŞ-yə bu qazın satıcısı olmaq və qazın satıcısı olaraq öz hüquqlarını Bakı-Tbilisi-Ceyhan Boru Kəməri Şirkətinə, Azərbaycan Qaz Təchizatı Şirkətinə və ya Azərbaycan Respublikası tərəfindən təyin edilə biləcək digər bir şirkətə köçürmək səlahiyyətini verir.

 

Maddə 4. Təbii qazın tranzit keçidi

 

(a) Türkiyə Respublikası təsdiq edir və təminat verir ki, Təbii Qazın Tranzit Keçidi mütləq olaraq bu Sazişin müddəalarına uyğun olaraq yerinə yetiriləcəkdir və bu Saziş Tranzit Layihə Sazişləri ilə birlikdə Tranzit Keçidi Qazının Tranzit Keçidinə tətbiq olunacaq prosedur və prinsiplər çərçivəsini təşkil edir.

(b) Türkiyə Respublikası qəbul edir və razılaşır ki, bütün Tranzit Keçid Qazının mülkiyyət hüququ Qazın Tranzit Sazişinə uyğun olaraq Yükgöndərəndə qalacaqdır və o, hər hansı Tranzit Keçid Qazı üzərində mülkiyyət və ya əmlak hüququ iddiası irəli sürməyəcək və ya digər əmlak və ya yiyəlik hüququndan istifadə etməyəcəkdir.

(c) Türkiyə Respublikası Tranzit Keçid Qazının fasiləsiz axınını təmin edəcək və hər hansı Tranzit Keçid Qazının götürülməsinin, fövqəladə hal kimi və ya başqa cür, qarşısını almaq üçün bütün tədbirləri və işləri görəcəkdir. Türkiyə Respublikası bu çərçivə içində təmin edəcəkdir ki, Qazın Tranziti Sazişlərində göstərilən, Tranzit Keçidinin davamlılığının əhalinin sağlamlığına, təhlükəsizliyinə, əmlaka, ətraf mühitə zərər və ziyan vuracağına dair əsaslandırılmış ehtimalların olması halları daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, Tranzit Keçid Qazı əlverişsiz yerləşdirilməyəcək və ya arası kəsilməyəcək, gecikdirilməyəcək, məhdudlaşdırılmayacaq və ya qısaldılmayacaqdır. Türkiyə Respublikasının belə zərər və ziyanın aradan qaldırılması üçün tələb olunan vaxt ərzində Tranzit Keçidini dayandırmaq hüququ var.

(d) Türkiyə Respublikası aşağıdakıları təmin etmək məqsədi ilə Yükdaşıyanın Qaz Tranziti Sazişlərini, o cümlədən Yükdaşıyanın öz vəzifələrini vaxtında yerinə yetirməsi üçün tam məsuliyyəti bu sənədlə öz üzərinə götürür:

(i) Mövcud Təbii Qaz ötürücü qurğuları və Yükdaşıyanın öz xərci ilə tikməsi tələb olunan digər belə qurğular, bu məqsədlə ki, belə Tranzit Keçidi qurğuları Layihə Sazişlərinin qüvvədə olduğu müddətdə müqavilədə nəzərdə tutulmuş giriş və çıxış nöqtələrindən başlayaraq Türkiyə Respublikasının ərazisindən keçən arasıkəsilməz, texniki və istismar baxımından işlək fiziki əlaqəni təmin edən bütöv bir Tranzit Keçid Sistemi yaratsın və Qaz Tranziti Sazişlərində müəyyən edildiyi kimi, Tranzit Keçid xidmətlərini təmin etməyə qabil olsun; və

(ii) Qaz Tranziti Sazişində təsvir edilmiş Tranzit Keçid xidmətləri.

(e) Azərbaycan Respublikası aşağıdakıları təmin etmək məqsədi ilə Yükgöndərənin Qaz Tranziti Sazişlərini, o cümlədən Yükgöndərənin öz vəzifələrini vaxtında yerinə yetirməsi üçün tam məsuliyyəti bu sənədlə öz üzərinə götürür:

(i) mövcud Təbii Qaz ötürücü qurğuları və Yükgöndərənin öz xərci ilə tikməsi tələb olunan digər belə qurğular, bu məqsədlə ki, belə tranzit keçidi qurğuları Layihə Sazişlərinin qüvvədə olduğu müddətdə müqavilədə nəzərdə tutulmuş giriş nöqtəsinə qədər arasıkəsilməz, texniki və istismar baxımından işlək fiziki əlaqəni təmin edən bütöv bir tranzit keçidi sistemi yaratsın və Qazın Tranziti Sazişində müəyyən edildiyi kimi, tranzit keçidi xidmətlərini təmin etməyə qabil olsun; və

(ii) Tranzit Layihə Sazişlərinə əsasən Türkiyə-Gürcüstan sərhədində Türkiyə-Yunanıstan və ya Türkiyə-Bolqarıstan sərhədində olan Çıxış Nöqtələrində çatdırılacaq illik olaraq Tranzit Keçid Qazının 10 milyard Stkm illik Rezerv edilmiş Həcminin ("İRH") təchizatı.

(f) Bütün Tranzit Tarifləri və hər hansı Qaz Tranziti Sazişinə əsasən yanacaq kimi təchiz ediləcək Qaz həcmləri yalnız və birmənalı olaraq tətbiq ediləcək Qazın Tranziti Sazişlərinin razılaşdırılmış müddəalarına uyğun olaraq müəyyən edilir və Tranzit Keçidinə dair heç bir rüsum, xərc və ya natura şəklində ödəniş tələb edilə və ya irəli sürülə bilməz.

(g) Tərəflər razılaşırlar və qəbul edirlər ki, Tranzit Layihə Sazişlərinə müvafiq olaraq illik 10 milyard Stkm olmaqla və 2017-ci ildən (və ya Tranzit Layihə Sazişlərinə uyğun olaraq 2018-ci ildən) başlayaraq 4 ilə qədər artırma dönəmi olan və 1 oktyabr 2042-ci ildə bitən 25 illik Tranzit Keçidi təmin edilir.

(h) Bu maddənin (g) paraqrafında qeyd edilən prinsiplərə əsasən, Tərəflər razılaşırlar və qəbul edirlər ki, Türkiyə-Yunanıstan sərhədinə qədər olan Tranzit Keçidinə tətbiq ediləcək 7 iyun 2010-cu il tarixli "ARDNŞ və BOTAŞ arasında Təbii qazın satışı və alınmasına dair Anlaşma Memorandumu"nda razılaşdırılmış Tranzit Tarifi və Türkiyə-Bolqarıstan sərhədinə qədər olan Tranzit Keçidinə tətbiq ediləcək və razılaşdırılması gərəkən Tranzit Tarifi, Tranzit Layihə Sazişlərində razılaşdırılmış tarifinin dəyişdirilməsi mexanizmləri əsasında tətbiq olunacaq hər hansı dəyişikliklər nəzərə alınmaqla, müqavilədə nəzərdə tutulan Çıxış Nöqtələrində çatdırılan illik 10 milyard Stkm plato həcmi üçündür.

Şübhələrin aradan qaldırılması üçün:

(i) Qaz Tranziti Sazişlərində nəzərdə tutulan həcmlərdən başqa həcmlər və digər çıxış nöqtələri üçün; və ya

(ii) 2017-ci ildən əvvəl başlayan həcmlər üçün

Tranzit Keçidinin şərtləri Tərəflər arasında razılaşdırılacaq sazişlə tənzimlənəcəkdir.

(i) Türkiyə-Gürcüstan sərhədinə Təbii Qazın faktiki olaraq çatdırılmış ümumi həcmləri və gündəlik teyin olunmuş həcmlər arasında fərq yarandıqda, BOTAŞ BİL QSAS-a əsasən çatdırılmış Təbii Qaz yerləşdirmədə birinci növbə üstünlüyə malik olacaq və Şahdəniz Mərhələ I Təbii Qazı ikinci növbə üstünlüyə malik olacaq. Qalan həcmlər gündəlik təyinatlar əsasında pfo-rata olaraq Şahdəniz Mərhələ II Təbii Qazı və Tranzit Keçid Qazı arasında bölünəcək. Bu yerləşdirmə prinsipləri müvafiq kommersiya tərəflərinin razılaşdıracağı yerləşdirmə sazişində öz əksini tapacaqdır.

 

Maddə 5 . Müstəqil Boru Kəməri Layihəsi

 

(a) Tərəflər müstəqil Boru Kəməri Layihəsinin inşasına üstünlük verməyə və bu Layihənin iqtisadi cəhətdən cəlbedici olmasına səy göstərməyə razılıqlarını bildirirlər. Tərəflər bundan sonra "Müstəqil Boru Kəməri Layihəsi" adlandırılacaq və Türkiyə Respublikası ərazisindən Təbii Qazın Gürcüstan/Türkiyə sərhədindən Türkiyənin ərazisində və sərhədlərində yerləşən çıxış nöqtəsinə(lərinə) kimi nəql edilməsi üçün yeni müstəqil boru kəmərinin Tərəflərin təyin etdiyi şirkətlərdən ibarət birgə konsorsium vasitəsilə inşasını və idarəolunmasını nəzərdə tutan bir layihəyə töhfələrini verəcəklərini bəyan edirlər.

(b) Tərəflər 25 dekabr 2011-ci il tarixinə qədər Müstəqil Boru Kəməri Layihəsinin həyata keçirilməsi üçün sonradan razılaşdırılacaq şərtlər əsasında müstəqil boru kəməri konsorsiumunun yaradılmasına dəstək göstərəcəklər. Bu məqsəd üçün Tərəflər Şahdəniz HPBS Tərəflərinin bəziləri daxil olmaqla, lakin onlarla məhdudlaşmayaraq, beynəlxalq neft və qaz şirkətlərini müstəqil boru kəməri konsorsiumunun üzvü olmağa və bununla Müstəqil Boru Kəməri Layihəsində iştirak etməyə dəvət edəcəklər.

(c) Tərəflər Müstəqil Boru Kəməri Layihəsi üzrə danışıqların uğurla davam etdirilməsi üçün lazımi dəstəyi, insan resurslarını və məlumatları (hər hansı məxfilik öhdəliyini nəzərə almaqla) təmin edəcəklər.

(d) Tərəflər razılaşırlar ki, yeni boru kəmərinin buraxılış qabiliyyəti ən azı ŞD-2 Layihəsindən hasilatı nəql etmək üçün yetərli olmalı və gələcəkdə Azərbaycan Respublikasından gələn və ya tranzit olaraq keçən gələcək Təbii Qaz həcmlərini nəzərə almaq üçün genişləndiriləbiləcək olacaq. Yeni müstəqil boru kəmərinin ŞD-2 Layihəsindən hasilatın başlanması anında Təbii Qaz həcmlərini nəql etmək üçün hazır olması Müstəqil Boru Kəməri Layihəsinin əsas şərtlərindən biridir.

(e) Tərəflər Müstəqil Boru Kəməri Layihəsi üçün lazımi sənədlərin 30 iyun 2012-ci il tarixinə qədər yekunlaşdırılması üçün səylərini göstərəcəklər. Bu sazişlərə, bunlarla məhdudlaşmayaraq, hökumətlərarası saziş və tranzit əraziyə malik ölkənin hökuməti ilə saziş daxildir ki, onların müddəalarına əsasən Tərəflər, digər məsələlərlə birlikdə, sərmayələrinin müdafiə edilməsi və Müstəqil Boru Kəməri Layihəsinin maliyyə rejimi məsələlərini əhatə edəcək və mövcud milli qaz boru xətləri şəbəkəsi ilə tələb olunan kəsişmələri və tələb olunan torpaqlardan istifadə hüququnu və gərəkli lisenziyaların və ya digər icazələrin alınmasını əhatə etməklə yeni boru kəmərinin inşasını nəzərdə tutacaqlar.

(f) Tərəflər razılaşırlar ki, Şahdəniz HPBS Tərəflərinin Şahdəniz Mərhələ II

Təbii Qazının Müstəqil Boru Kəməri Layihəsi vasitəsilə nəql edilməsinə dair qərarı 30 iyun 2012-ci il tarixində və ya bu tarixə qədər və ya Tərəflər arasında razılaşdırılmış, lakin hər bir halda 30 iyun 2013-cü il tarixindən gec olmayan daha gec bir tarixə qədər veriləcəkdir. Tərəflər həmçinin də razılaşırlar ki, əgər 30 iyun 2013-cü il tarixinə qədər Şahdəniz HPBS Tərəfləri Türkiyə Respublikası ilə məsləhətləşərək Tranzit Keçidi Qazının Tranzit Keçidi Sistemi vasitəsilə nəql edilməsinə dair müsbət son sərmayə qərarı vermədikləri halda, bu Sazişin 4-cü maddəsinin müddəaları daha tətbiq edilməyəcəkdir.

 

Maddə 6. Azərbaycan Respublikasının ərazisindən tranzit

 

Azərbaycan Respublikası Türkiyə Respublikasının dövlət şirkətlərinə onların Təbii Qazını bu Sazişin müddəalarına uyğun şəkildə Azərbaycan Respublikasının ərazisindən tranzit olaraq nəql etmək hüququnu verir.

 

Maddə 7. Hökumətin dəstəyi

 

(a) Hər bir Tərəf təmin edir ki, özünün tənzimləmə, inzibati və digər hökumət səlahiyyətləri həvalə olunmuş Hökumət Orqanları həmin səlahiyyətlərdən bu Sazişə əsasən həmin Tərəfin üzərinə düşən öhdəliklərə uyğun şəkildə istifadə edəcək və bu Sazişin həyata keçirilməsi məqsədi ilə əlverişli şərait yaratmaq və belə şəraiti saxlamaq, xüsusilə də ləngimələrə və işdə çətinliklərə yol verməmək üçün bütün lazımi qanuni tədbirləri görəcəkdir.

(b) Tərəflər bu sənədlə qanunlara riayət olunmasına və bu Sazişin tətbiqinə nəzarət etmək üçün hər bir Tərəfin bərabər sayda təyin edəcəyi nümayəndələrdən ibarət Birgə Komitə təsis edir. Hər bir nümayəndəyə Birgə Komitə qarşısında qaldırılmış hər hansı məsələ ilə əlaqədar təyin olunduğu Tərəf adından fəaliyyət göstərmək üçün tam səlahiyyət verilir.

(c) Hər hansı Layihə Şirkəti bu maddənin əhatə dairəsinə aid olan hər hansı məsələni birbaşa Birgə Komitə qarşısında qaldıra bilər.

 

Maddə 8. Maliyyə sabitliyi

 

(a) Tranzit Keçidi Sistemi vasitəsilə nəql edilən Tranzit Keçidi Qazı, Yükgöndərən tərəfindən natura şəklində (əvəzi ödənilmədən) verilən və Yükdaşıyan tərəfindən Çıxış Nöqtəsində natura şəklində (əvəzi ödənilmədən) qaytarılan şəbəkənin doldurulması üçün nəzərdə tutulmuş həcmlər (əlavə qaz həcmi) daxil olmaqla, gömrük rüsumlarından, Tərəflərin gömrük rejimlərindən irəli gələn hər hansı digər öhdəlikdən və tranzit haqlarından və ya tranzit Vergiləri ilə əlaqədar tutulan hər hansı xərclər də daxil olmaqla bütün vergilərdən, o cümlədən istər konkret, istərsə də ümumi və ayrı-seçkilik və ya bərabər effektə malik olmasından asılı olmayaraq, azaddır. Bu azad olma digərləri ilə yanaşı, dayanma, fövqəladə hal və digər səbəblərdən Türkiyə Respublikası ərazisində yığılıb qalmış hər hansı Tranzit Keçidi Qazına da tətbiq edilir.

(b) Tranzit Keçidi Qazı üçün, şəbəkənin doldurulması üçün nəzərdə tutulmuş həcmlər (əlavə qaz həcmi) daxil olmaqla, bu maddənin müddəaları bu Sazişə xitam veriləndən sonra da qüvvədə qalır.

 

Maddə 9. Mübahisələrin həll edilməsi

 

(a) Əgər Tərəflər arasında bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi ilə əlaqədar mübahisə yaranarsa, onda Tərəflər əvvəlcə onu Birgə Komitə və ya diplomatik kanallar vasitəsilə həll etməyə ən yaxşı səylərini göstərəcəklər.

(b) Əgər hər hansı mübahisə bir Tərəfin qaldırdığından sonra 6 ay ərzində həll edilməzsə, onda o, digər Tərəfə yazılı bildiriş verməklə mübahisəni bu məqsədlə yaradılmış və üç arbitrdən ibarət xüsusi arbitraj tribunalına təqdim edə bilər.

(c) Hər bir Tərəf öz vətəndaşı ola bilən bir arbitr təyin edəcək və bu iki arbitr qarşılıqlı razılıqları ilə üçüncü bir ölkənin vətəndaşı olan, tribunalın sədri olacaq üçüncü arbitri təyin edirlər. Bütün arbitrlər bir Tərəfin digər Tərəfə mübahisənin həlli üçün arbitraja verməsi barədə bildirişindən 30 gün gec olmayaraq təyin olunmalıdırlar.

(d) Yuxarıda göstərilən müddətə riayət edilmədiyi halda, hər bir Tərəf başqa bir razılığın mövcud olmadığı təqdirdə, Beynəlxalq Ədalət Məhkəməsinin ("BƏM") Prezidentindən lazımi təyinləri etməyi istəyəcəklər. Əgər BƏM-in Prezidenti hər hansı Tərəfin vətəndaşıdırsa və ya o, digər səbəblərə görə qeyd olunmuş vəzifəsini yerinə yetirə bilmirsə, o zaman vəzifəcə ondan ilk aşağı olan hər hansı Tərəfin vətəndaşı olmayan və digər səbəblərə görə qeyd olunmuş vəzifəsini yerinə yetirə bilməmək məhdudiyyəti ilə üzləşməyən üzv lazımi təyinləri etmək üçün dəvət olunacaqdır.

(e) Belə arbitraj tribunalı hər bir ayn məsələ üçün burada göstərilən qaydada yaradılacaqdır. Arbitraj tribunalı qərarları səs çoxluğu ilə qəbul edəcək. Bu qərar Tərəflər üçün son və hüquqi cəhətdən məcburi olacaq. Hər bir Tərəf təyin etdiyi arbitrin və arbitraj prosesində iştirakının xərclərini qarşılayacaq və arbitraj tribunalının Sədrinin fəaliyyətindən irəli gələn xərcləri və ortada qalan digər xərcləri Tərəflər arasında eyni paylara bölüşdürərək ödəyəcəklər. Lakin arbitraj tribunalı öz qərarı ilə hər hansı Tərəfə xərclərin daha böyük bir hissəsini ödəməyi tapşıra bilər və bu qərar Tərəflər üçün öhdəlik yaradır.

(f) Tərəflər başqa razılığa gəlməsələr, mübahisələr UNÇİTRAL Arbitraj Qaydalarına əsasən həll olunacaq.

(g) Tərəflər başqa razılığa gəlməsələr, tribunal Cenevrə, İsveçrədə olacaq.
(h) Arbitraj tribunalı mübahisəni bu Sazişə və beynəlxalq hüququn tətbiq oluna bilən qayda və pririsiplərinə əsasən həll edəcəkdir.

 

Maddə 10. Qüvvəyəminmə, xitam və vərəsəlik hüququ

 

(a) Saziş diplomatik kanallar vasitəsilə Sazişin qüvvəyə minməsi üçün gərəkli olan bütün qanuni prosedurların sona çatması barədə Tərəflərin bir-birinə qarşılıqlı olaraq təqdim etdiyi son ratifikasiya sənədlərinin tarixində qüvvəyə minəcəkdir.

(b) Bu Sazişə, hansı daha gec baş verərsə, (i) 1 oktyabr 2042-ci il tarixindən yə ya (ii) sonuncu qüvvədə olan Layihə Sazişindən irəli gələn son hüquq və öhdəliklərin yerinə yetirildiyi və ya qüvvədən düşdüyü tarixdən sonra xitam veriləcək.

Hər biri Azərbaycan, türk və ingilis dillərində iki (2) orijinal nüsxədən ibarət və hər üç mətni əsl olan, lakin Azərbaycan və türk mətnlərinin ziddiyyətli interpretasiya edilməsi halında ingilis dilində olan mətnin üstünlüyə malik olması şərtilə, bu Saziş 2011-ci il 25 oktyabr tarixində Türkiyənin İzmir şəhərində imzalanmışdır.

 

 

 

Azərbaycan Respublikasının

Türkiyə Respublikasının

Hökuməti adından

Hökuməti adından

Natiq ƏLİYEV,

Taner YILDIZ,

sənaye və energetika naziri

enerji və təbii sərvətlər naziri