“Fərdi məlumatların informasiya sistemlərinə fərdi identifikasiya nömrəsinin daxil edilməsi və istifadə olunması Qaydaları”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 275 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən  Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Fərdi məlumatların informasiya sistemlərinə fərdi identifikasiya nömrəsinin daxil edilməsi və istifadə olunması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 4 aprel 2011-ci il

    № 49

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 4 aprel tarixli 49 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Fərdi məlumatların informasiya sistemlərinə fərdi identifikasiya nömrəsinin daxil edilməsi və istifadə olunması

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun 18.4-cü maddəsinə əsasən hazırlanmışdır və fərdi məlumatların informasiya sistemlərinə fərdi identifikasiya nömrəsinin daxil edilməsi və ondan istifadə olunması qaydalarını müəyyən edir.

1.2. Fərdi identifikasiya nömrəsi fərdi məlumatların informasiya sistemlərinə barəsində fərdi məlumat daxil edilən şəxsə müəyyən edilmiş qaydada verilən və şəxs barəsində müvafiq məlumatları birmənalı müəyyən etməyə imkan verən yeddi simvollu hərf və rəqəm kombinasiyasından ibarət olan vahid təkrarolunmaz koddur.

1.3. Fərdi identifikasiya nömrəsinin fərdi məlumatların informasiya sistemlərində yerləşdirilməsi milli informasiya məkanının fərdi informasiya üzrə bölümündə paylanmış ayrı-ayrı informasiya sistemlərində eyni subyekt barədə məlumatların əlaqələndirilməsinə, uzlaşdırılmasına, bu sahədə pərakəndəliyin və təkrarlığın qarşısının alınmasına xidmət edir.

1.4. Fərdi identifikasiya nömrəsi Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında qanunvericilikdə nəzərdə tutulmuş məlumatlar Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə daxil edilərkən, qanunvericiliklə müəyyən olunmuş qaydada avtomatlaşdırılmış rejimdə verilir.

1.5. Fərdi identifikasiya nömrəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 fevral tarixli 28 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda qeyd olunan dövlət informasiya sistemlərində uçotu aparılan ölkə vətəndaşları, habelə respublikanın ərazisində daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində saxlanılan məlumatlara daxil edilməlidir.[1]

 

2. Fərdi məlumatların informasiya sistemlərinə fərdi identifikasiya nömrəsinin daxil edilməsi

 

2.1. Fərdi identifikasiya nömrəsi şəxs barədə informasiya Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə ilk dəfə daxil edilərkən verilir və "Fərdi identifikasiya nömrəsi" adlanan xüsusi elektron cədvələ əlavə olunaraq daimi saxlanılır.

2.2. Fərdi identifikasiya nömrəsinin qanunvericilikdə nəzərdə tutulmuş fərdi məlumatların informasiya sistemlərinə daxil edilməsini təmin etmək üçün həmin sistemlərdə əlaqələndirici elektron cədvəl yaradılır, eyni şəxsin fərdi identifikasiya nömrəsi və sistemdəki daxili nömrəsi bu cədvəllərin həmin şəxsə aid sətrinin müvafiq sütunlarında yerləşdirilir.

2.3. Əlaqələndirici elektron cədvəlin yaradılması məqsədi ilə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində və fərdi identifikasiya nömrəsi yerləşdirilən digər fərdi məlumatların informasiya sistemində hər bir şəxs barəsində saxlanılan fərdi məlumatlar avtomatlaşdırılmış rejimdə müvafiq göstəricilər üzrə qarşılıqlı uzlaşdırılaraq eyniləşdirilir. Fərdi məlumatların uzlaşdırılması üçün şəxsə aid aşağıdakı məlumatlardan istifadə olunur:

2.3.1. adı;

2.3.2. soyadı;

2.3.3. atasının adı;

2.3.4. doğulduğu gün;

2.3.5. doğulduğu ay;

2.3.6. doğulduğu il;

2.3.7. doğulduğu yer (ölkə, rayon, şəhər, qəsəbə, kənd);

2.3.8. biometrik məlumatları;

2.3.9. şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi.

2.4. Bu Qaydaların 2.3-cü bəndində əks olunan göstəricilər üzrə uzlaşdırma mümkün olmadıqda, eyniləşdirmə araşdırma yolu ilə fərdi qaydada həyata keçirilir.

2.5. Fərdi identifikasiya nömrəsi yerləşdirilən digər fərdi məlumat-ların informasiya sisteminə yeni şəxs barədə məlumat daxil olduqda, Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində saxlanılan "Fərdi identifikasiya nömrəsi" əlaqələndirici elektron cədvələ avtomatlaşdırılmış qaydada müraciət göndərilir. Bu müraciət əsasında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri tərəfindən həmin şəxsə dair əlaqələndirici elektron cədvələ müvafiq məlumat yerləşdirilir.

2.6. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti tərəfindən identifikasiya nömrələri üzrə əlaqələndirici elektron cədvəllərdə informasiyanın aktuallığı təmin edilərək, mütəmadi olaraq sinxronlaşdırma həyata keçirilir.

2.7. Fərdi identifikasiya nömrəsinin fərdi məlumatların informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti və həmin informasiya sistemlərinin mülkiyyətçiləri tərəfindən təmin olunur.

2.8. Fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu fərdi məlumatların informasiya sistemi daimi olaraq, Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri ilə real vaxt rejimində əlaqə ilə təmin olunmalıdır.

 

3. Fərdi məlumatların informasiya sistemlərində fərdi identifikasiya nömrəsindən istifadə olunması

 

3.1. Fərdi məlumatların informasiya sistemlərində fərdi identifikasiya nömrəsi əsasən aşağıdakı məqsədlərlə istifadə olunur:

3.1.1. bir sistem daxilində istifadə:

3.1.1.1. şəxs barədə mövcud məlumatları birmənalı müəyyən etmək;

3.1.1.2. eyni şəxs barədə məlumatların tərkib hissələrini vahid məcmuda birləşdirmək;

3.1.1.3. eyni şəxs barədə təkrar məlumatların toplanılmasının qarşısını almaq;

3.1.2. sistemlərarası istifadə:

3.1.2.1. fərdi məlumatların informasiya sistemləri arasında qarşılıqlı inteqrasiyasını təmin etmək;

3.1.2.2. ayrı-ayrı fərdi məlumatların informasiya sistemlərində eyni subyekt barədə mövcud olan məlumatları əlaqələndirmək;

3.1.2.3. ayrı-ayrı fərdi məlumatların informasiya sistemlərində eyni subyekt barədə eyni növ məlumatların toplanılması zərurətini aradan qaldırmaq;

3.1.2.4. fərdi məlumatların informasiya sistemlərinin məlumat bazalarının toplanılması, aktuallaşdırılması və məlumatların saxlanılması üçün tələb olunan xərcləri azaltmaq;

3.1.2.5. fərdi məlumatların informasiya sistemlərinin məlumat bazalarının tamlığını təmin etmək məqsədi ilə vətəndaşlardan əlavə sənədlərin tələb edilməsinin qarşısını almaq.

3.2. Fərdi identifikasiya nömrəsinin fərdi məlumatların informasiya sisteminin daxilində istifadəsi bu Qaydaların 2-ci hissəsinin müddəaları nəzərə alınmaqla, həmin sistemin daxili qaydalarına əsasən həyata keçirilir.

3.3. Fərdi identifikasiya nömrəsinin fərdi məlumatların informasiya sisteminin daxilində istifadəsinə görə həmin informasiya sisteminin mülkiyyətçisi məsuliyyət daşıyır.

3.4. Müxtəlif orqanlar tərəfindən aparılan ayrı-ayrı fərdi məlumatların informasiya sistemləri arasında fərdi identifikasiya nömrəsinin istifadəsi Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin tərkibində olan "Sistemlərarası əlaqələndirmə qovşağı" xüsusi proqram-texniki kompleksi vasitəsilə təmin olunur.

3.5. "Sistemlərarası əlaqələndirmə qovşağı"nın funksional tərkibi fərdi identifikasiya nömrəsi yerləşdirilən bir fərdi məlumatların informasiya sisteminə onun subyekti olan fiziki şəxs barədə sorğusu əsasında qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində həmin şəxs barədə digər fərdi məlumatların informasiya sistemlərində saxlanılan fərdi məlumatlarla tanış olmaq imkanını avtomatlaşdırılmış rejimdə təmin etməkdən ibarətdir.

3.6. "Sistemlərarası əlaqələndirmə qovşağı"na yalnız bu Qaydaların 2-ci bəndinə uyğun olaraq fərdi identifikasiya nömrəsi yerləşdirilən fərdi məlumatların informasiya sistemləri qoşulur.

3.7. "Sistemlərarası əlaqələndirmə qovşağı"na yeni fərdi məlumat-ların informasiya sisteminin qoşulması onun mülkiyyətçisinin qovşağa artıq qoşulmuş digər fərdi məlumatların informasiya sistemlərinin mülkiyyətçiləri ilə fərdi protokolların imzalanması əsasında həyata keçirilir.

3.8. "Sistemlərarası əlaqələndirmə qovşağı"nın iş reqlamenti mövcud qanunvericiliyə əsasən qovşağa qoşulan fərdi məlumatların informasiya sistemlərinin mülkiyyətçilərinin arasında razılaşdırılmaqla, verilən və alınan məlumatlar barədə protokollarla tənzimlənir.

3.9. Fərdi identifikasiya nömrəsinin sistemlərarası istifadəsinin təşkili Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti və fərdi məlumatların informasiya sistemlərinin mülkiyyətçiləri tərəfindən təmin olunur.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 aprel 2019-cu il tarixli 169 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2019-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 763)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 aprel 2019-cu il tarixli 169 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2019-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 763) ilə “Fərdi məlumatların informasiya sistemlərinə fərdi identifikasiya nömrəsinin daxil edilməsi və istifadə olunması Qaydaları”nın 1.4-cü və 1.5-ci bəndlərinə “daimi yaşayan” sözlərindən sonra “və ya qaçqın statusu almış” sözləri əlavə edilmişdir.