Məişət zorakılığının
qarşısının alınması haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu
Qanun yaxın qohumluq münasibətlərindən, birgə
və ya əvvəllər birgə yaşayışdan
sui-istifadə etməklə törədilən
zorakılığın, onun doğurduğu mənfi
hüquqi, tibbi və sosial nəticələrin
qarşısının alınması, məişət
zorakılığından zərər çəkmiş
şəxslərin sosial müdafiəsi, hüquqi yardımla
təmin edilməsi, habelə məişət
zorakılığına səbəb olan halların aradan
qaldırılması istiqamətində həyata keçirilən
tədbirləri müəyyən edir və tənzimləyir.
I Fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0.
Bu Qanunda istifadə olunan əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:
1.0.1.
məişət zorakılığı - yaxın qohumluq
münasibətlərindən, birgə və ya
əvvəllər birgə yaşamaqlarından sui-istifadə
etməklə, bu Qanunun şamil edildiyi şəxslərin
birinin digərinə qəsdən fiziki və ya mənəvi
zərər vurması;
1.0.2. məişət
zorakılığından zərər çəkmiş
şəxs (bundan sonra - zərər çəkmiş
şəxs) - bir yerdə yaşadığı ailə
üzvünün, yaxın qohumunun, qanuni nikahda
olmadığı və ya əvvəllər birgə
yaşadığı şəxsin ona qarşı
qəsdən törətdiyi bu Qanunun 1.0.3-1.0.6-cı
maddələrində nəzərdə tutulmuş
hərəkətlər nəticəsində fiziki və ya
mənəvi zərər çəkmiş şəxs;
1.0.3.
məişət zəminində fiziki zorakılıq - bu
Qanunun şamil edildiyi şəxslərin birinin digərinə
qəsdən fiziki təzyiq göstərməsi, yəni zor
tətbiq etməklə təhlükəsizliyini pozması,
döyməsi, sağlamlığına zərər
vurması, işgəncə verməsi, azadlıq hüququnu
məhdudlaşdırması;
1.0.4.
məişət zəminində psixi zorakılıq - bu
Qanunun şamil edildiyi şəxslərin birinin digərinə
qəsdən psixi təzyiq göstərməsi və ya
dözülməz psixi şərait yaradılmasına
yönəlmiş hərəkətləri;
1.0.5.
məişət zəminində iqtisadi xarakterli qanunsuz
məhdudiyyətlərin tətbiqi ¬¬- bu Qanunun şamil edildiyi
şəxslərin birinin digərini onun
mülkiyyətində, sərəncamında və ya
istifadəsində olan əmlakdan, gəlirlərdən
məhrum etməsinə, iqtisadi asılılıq
yaratmasına, belə asılılığı saxlamasına
və ya ondan sui-istifadə etməsinə yönəlmiş
hərəkətləri;
1.0.6.
məişət zəminində cinsi zorakılıq - bu
Qanunun şamil edildiyi şəxslərin birinin digərini onun
iradəsi əleyhinə seksual xarakterli
hərəkətlərə məcbur etməsi;
1.0.7.
məişət zorakılığının
qarşısının alınması - məişət
zorakılığı təhlükəsinin aradan
qaldırılması məqsədi ilə həyata
keçirilən hüquqi, sosial və qabaqlayıcı
tədbirlər;
1.0.8.
yardım mərkəzləri - zərər çəkmiş
şəxslərə hüquqi, tibbi, psixi, sosial və
digər yardımın göstərilməsi məqsədi
ilə yaradılan dövlət və qeyri-dövlət
qurumları;
1.0.9.
mühafizə orderi – məişət
zorakılığı törətmiş şəxsin
zərər çəkmiş şəxsə qarşı
edə biləcəyi hərəkətlərə tətbiq
olunan məhdudiyyətlər haqqında akt.
Maddə 2. Məişət
zorakılığının qarşısının
alınması haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi
Məişət
zorakılığının qarşısının
alınması haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından,
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrdən, bu Qanundan və digər normativ
hüquqi aktlardan ibarətdir.
Maddə 3. Məişət
zorakılığının qarşısının
alınması sahəsində əsas prinsiplər
3.0.
Məişət zorakılığının
qarşısının alınmasının əsas
prinsipləri aşağıdakılardan ibarətdir:
3.0.1.
hər kəsin Azərbaycan Respublikasının
Konstitusiyasında və Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş əsas insan
hüquq və azadlıqlarının təmin edilməsi;
3.0.2.
qadınlara qarşı ayrı-seçkiliyin qadağan
edilməsi;
3.0.3.
qanunvericiliklə müəyyən edilmiş hallar və
hüdudlar istisna olmaqla hər kəsin şəxsi və
ailə həyatına müdaxilənin yolverilməzliyi;
3.0.4.
şəxsi və ailə həyatı sirrinin qorunması
məqsədi ilə konfidensiallığa riayət
edilməsi;
3.0.5.
zərər çəkmiş şəxslərin pozulmuş
hüquqlarının bərpası;
3.0.6.
məişət zorakılığının
qarşısının alınması sahəsində
dövlət orqanlarının və qeyri-dövlət
qurumlarının qarşılıqlı
əməkdaşlığı.
Maddə 4. Bu Qanunun şamil edildiyi
şəxslər
4.0.
Bu Qanun aşağıdakı şəxslərə şamil
edilir:
4.0.1.
yaxın qohum olan ailə üzvlərinə (ər, arvad,
valideynlər, uşaqlar, nənələr, babalar,
nəvələr, doğma və ögey qardaşlar və
bacılar, övladlığa götürmüş və
övladlığa götürülmüş şəxslər),
habelə birgə yaşadığı hallarda digər
qohumlara;
4.0.2.
nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan
keçmiş ər-arvada;
4.0.3.
qəyyum və ya himayəçi təyin olunmuş fiziki
şəxslərə, habelə üzərində
qəyyumluq və ya himayəçilik təyin edilmiş
şəxslərə;
4.0.4.
qanuni nikahda olmadan birgə yaşayan kişi və qadına,
habelə onlarla birgə yaşayan yaxın qohumlarına.
II
Fəsil
MƏİŞƏT ZORAKILIĞI BARƏDƏ
ŞİKAYƏTLƏRƏ BAXILMASI QAYDASI
Maddə 5. Məişət
zorakılığı barədə şikayətlərə
baxan dövlət orqanları
5.1.
Məişət zorakılığı barədə
şikayətdə törədilmiş və ya hazırlanan
cinayətlər haqqında məlumatlar olduqda həmin
şikayətlərə cinayət-prosessual qanunvericiliklə
müəyyən edilmiş qaydada baxılır.
5.2.
Məişət zorakılığı barədə
şikayətdə cinayət tərkibinin əlamətləri
olmadıqda həmin şikayətə müvafiq icra
hakimiyyəti orqanları tərəfindən baxılır.
Məişət zorakılığı barədə
şikayətdə cinayət tərkibinin əlamətləri
olmadıqda şikayətlərə baxılma qaydası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 6. Məişət
zorakılığı barədə şikayətlərin
araşdırılması
6.1.
Məişət zorakılığı üzrə
araşdırmanın aparılması üçün
aşağıdakılar səbəb ola bilər:
6.1.1.
zərər çəkmiş şəxsin özünün
və ya onun ailə üzvlərinin şikayəti;
6.1.2.
fiziki və ya hüquqi şəxslərdən, dövlət
və yerli özünüidarə orqanlarından, o
cümlədən təhsil və ya səhiyyə
müəssisələrindən, qeyri-hökumət
təşkilatlarından, kütləvi informasiya
vasitələrindən daxil olmuş müraciətlər.
6.2.
Dövlət və yerli özünüidarə orqanlarının
vəzifəli şəxsləri, yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyalar, qəyyumluq və
himayə orqanları, təhsil və səhiyyə
müəssisələri, yardım mərkəzləri
xidməti vəzifələrinin həyata keçirilməsi
zamanı məişət zorakılığının
törədilməsi barədə aldığı
şikayətləri bu Qanunun 5-ci maddəsində
müəyyən edilmiş müvafiq icra hakimiyyəti
orqanlarına təqdim edirlər.
6.3.
Məişət zorakılığı barədə
şikayətdə cinayət tərkibinin əlamətləri
olmadıqda həmin şikayət yalnız zərər
çəkmiş şəxsin və ya onun qanuni
nümayəndəsinin razılığı olduqda
araşdırılır.
Maddə 7. Məişət
zorakılığı ilə bağlı
şikayətlərə cinayət-prosessual qanunvericiliklə
müəyyən edilmiş qaydada baxıldıqda, cinayət
təqibi ilə yanaşı görülməli tədbirlər
7.0.
Cinayət təqibinin həyata keçirilməsi ilə
bağlı qanunvericiliklə müəyyən edilmiş
vəzifələrlə yanaşı, məişət zorakılığı
barədə məlumat təsdiqləndikdən sonra
görülməli tədbirlər
aşağıdakılardır:
7.0.1.
zərurət olduqda zərər çəkmiş
şəxsin dövlət vəsaiti hesabına dərhal tibbi
yardımla, yardım mərkəzində müvəqqəti
sığınacaqla, geyim və qida məhsulları ilə
təmin edilməsi, habelə onun barəsində psixoloji
reabilitasiya kursunun aparılması məqsədi ilə
müvafiq icra hakimiyyəti orqanına məlumat
göndərmək;
7.0.2.
məişət zorakılığının yaranmasına
səbəb olan halları aşkar etmək və onların
qarşısını almaq istiqamətində tədbirlər
görmək;
7.0.3.
məişət zorakılığının
qarşısının alınmasını, onun
təkrarlanmamasını, araşdırmanın
aparıldığı müddət ərzində
zərər çəkmiş şəxsin təhlükəsizliyini
təmin etmək;
7.0.4.
araşdırmanın aparılması zamanı
tərəflərin münasibətlərinin
normallaşmasına və ailədə
münasibətlərin bərpa olunmasına kömək
göstərmək;
7.0.5.
məişət zorakılığını
törətmiş şəxslərin profilaktik qeydiyyata
götürülməsi və onlarla
tərbiyəvi-qabaqlayıcı işin aparılması
üçün tədbirlər görmək;
7.0.6.
məişət zorakılığından əziyyət
çəkən ailə üzvlərinə onların
hüquqlarını, dövlət tərəfindən
yaradılan və bu Qanunla müəyyən edilən
vasitələrdən istifadə qaydalarını izah etmək;
7.0.7.
zərər çəkmiş şəxsə mühafizə
orderinin verilməsi ilə əlaqədar tədbirlər
görmək;
7.0.8.
məişət zorakılığı ilə bağlı
şikayətin araşdırılması
nəticəsində cinayət işinin başlanması
üçün əsaslar müəyyən
olunmadığı halda həmin şikayəti aidiyyəti
üzrə müvafiq icra hakimiyyəti orqanına
göndərmək;
7.0.9.
zəruri hallarda məişət zorakılığı
barədə şikayətlər üzrə
araşdırmanı aparan digər dövlət orqanlarına
kömək göstərmək.
Maddə 8. Cinayət-prosessual
qanunvericiliklə müəyyən edilmiş qaydada
araşdırılmayan məişət zorakılığı
ilə bağlı dövlətin vəzifələri
8.0.
Cinayət-prosessual qanunvericiliklə müəyyən
edilmiş qaydada araşdırılmayan məişət
zorakılığı ilə bağlı dövlətin
vəzifələri aşağıdakıların təmin
edilməsindən ibarətdir:
8.0.1.
məişət zorakılığı ilə bağlı
daxil olmuş məlumatı qanunvericiliklə
müəyyən edilmiş qaydada qəbul etmək, qeydiyyatdan
keçirmək, araşdırmanı mümkün
qədər qısa müddətdə aparmaq, müvafiq
hallarda dərhal hadisə yerində araşdırma aparmaq
və tərəfləri ayrılıqda dinləmək;
8.0.2.
məişət zorakılığı ilə bağlı
daxil olmuş şikayətdə törədilmiş və ya
hazırlanan cinayət haqqında məlumat olduqda həmin
şikayəti aidiyyəti üzrə göndərmək;
8.0.3.
müraciət etmiş şəxsə onun
hüquqlarını, zorakılığı
törədən şəxsin məsuliyyətə cəlb
edilməsi, habelə bu məsələ ilə bağlı
məhkəməyə müraciət qaydasını izah
etmək;
8.0.4.
müraciətə səbəb olmuş
hərəkətlərin təkrarlanmaması və
məişət zorakılığının
qarşısının alınması üçün
tədbirlər görmək;
8.0.5.
araşdırmanın aparıldığı müddət
ərzində zərər çəkmiş şəxsin
təhlükəsizliyinin təmin edilməsi üçün
tədbirlər görmək;
8.0.6.
zəruri hallarda zərər çəkmiş
şəxsə hüquqi yardım göstərmək, onu
dövlət yardım mərkəzində müvəqqəti
sığınacaqla, geyim və qida məhsulları ilə,
tibbi və psixoloji yardımla təmin etmək, təhsil
alması, işlə təmin olunması, yeni
peşələrə yiyələnməsi üçün,
habelə sosial müdafiəsi ilə bağlı
tədbirlər görmək;
8.0.7.
məişət zorakılığından əziyyət
çəkən yetkinlik yaşına çatmamış
şəxslərin hüquqlarının və qanuni
mənafelərinin müdafiəsi ilə bağlı
tədbirlər görmək;
8.0.8.
tərəflərin münasibətlərinin
normallaşmasına və ailə münasibətlərinin
bərpa olunmasına kömək göstərmək;
8.0.9.
məişət zorakılığının
təkrarlanmaması barədə zorakılıq
törətmiş şəxsə xəbərdarlıq
etmək və həmin xəbərdarlığın
icrasına nəzarət etmək;
8.0.10.
məişət zorakılığı törətmiş
şəxslərin məsuliyyətə cəlb edilməsi
ilə bağlı tədbirlər görmək;
8.0.11.
zərər çəkmiş şəxsə mühafizə
orderinin verilməsi ilə əlaqədar tədbirlər
görmək;
8.0.12.
bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş
tədbirləri təşkil etmək;
8.0.13.
məlumatın konfidensiallığına dair qanunvericiliyin
tələbləri nəzərə alınmaqla,
məişət zorakılığı ilə bağlı
məlumat bankını yaratmaq, statistik məlumatların
toplanmasını təşkil etmək;
8.0.14.
qeyri-dövlət yardım mərkəzlərinin
fəaliyyəti ilə bağlı normativ
tənzimləməni və onların akkreditasiyasını
həyata keçirmək;
8.0.15.
məişət zorakılığının qarşısının
alınması sahəsində beynəlxalq və
qeyri-hökumət təşkilatları ilə
əməkdaşlıq etmək.
Maddə 9. Məişət
zorakılığı barədə şikayətlərə
bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş
qaydada baxılmasının nəticələrinə dair qərar
9.0.
Məişət zorakılığı barədə
şikayətlərə bu Qanunun 5.2-ci maddəsində
nəzərdə tutulmuş qaydada baxılmasının
nəticələrindən asılı olaraq
aşağıdakı qərarlardan biri qəbul olunur:
9.0.1.
məişət zorakılığı ilə bağlı
hərəkətlər törətmiş şəxsə
qanunvericiliklə müəyyən olunmuş məsuliyyət
izah edilməklə, məişət
zorakılığının təkrarlanmaması
barədə xəbərdarlıq edilməsi və
zərər çəkmiş şəxsə
qısamüddətli mühafizə orderinin verilməsi;
9.0.2.
məişət zorakılığı ilə bağlı
hərəkətlər törətmiş şəxsin
qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlik
hüququndan məhrum edilməsi və ya valideynlik
hüquqlarının məhdudlaşdırılması
ilə bağlı məhkəməyə müraciət
edilməsi;
9.0.3.
əməllərində cinayət tərkibi və ya inzibati
xəta olan şəxsin qanunvericiliklə müəyyən
olunmuş qaydada cinayət və ya inzibati məsuliyyətə
cəlb edilməsi barədə səlahiyyətli
dövlət orqanlarına müraciət edilməsi;
9.0.4.
zərər çəkmiş şəxsə
uzunmüddətli mühafizə orderinin verilməsi ilə
əlaqədar məhkəməyə müraciət
edilməsi;
9.0.5.
zərər çəkmiş şəxsin yardım
mərkəzində sığınacaqla təmin edilməsi.
Maddə 10. Mühafizə orderi
10.1.
Bu Qanuna uyğun olaraq
zərər çəkmiş şəxsə
qısamüddətli və ya uzunmüddətli
mühafizə orderi verilə bilər.
10.2.
Qısamüddətli mühafizə orderində
məişət zorakılığını
törətmiş şəxsə aşağıdakılar
qadağan edilə bilər:
10.2.1.
məişət zorakılığının təkrar
törədilməsi;
10.2.2.
zərər çəkmiş şəxsin olduğu yer ona
məlum olmadıqda həmin şəxsin axtarılması;
10.2.3.
zərər çəkmiş şəxsə narahatlıq
gətirən digər hərəkətlərin edilməsi.
10.3.
Uzunmüddətli mühafizə orderində bu Qanunun 10.1-ci
maddəsində qeyd olunanlarla yanaşı
aşağıdakılar nəzərdə tutula bilər:
10.3.1.
məişət zorakılığını
törətmiş şəxsin yetkinlik yaşına
çatmamış uşaqları ilə ünsiyyət
qaydaları;
10.3.2.
yaşayış sahəsindən və ya birgə əmlakdan
istifadə qaydalarının müəyyən edilməsi;
10.3.3.
zərər çəkmiş şəxsə tibbi və
hüquqi yardımın göstərilməsi ilə
bağlı xərclərin məişət
zorakılığını törətmiş şəxs
tərəfindən ödənilməsi şərtləri;
10.3.4.
mühafizə orderinin tələblərini icra etməyən
şəxsin qanunvericiliyə uyğun olaraq
məsuliyyətə cəlb olunmasının izah edilməsi
haqqında məlumat.
10.4.
Mühafizə orderi icra haqqında qanunvericiliklə
müəyyən edilmiş qaydada icra olunur.
Maddə 11. Məişət
zorakılığının təkrarlanmaması
barədə xəbərdarlıq edilməsi və
qısamüddətli mühafizə orderinin verilməsi
11.1.
Məişət zorakılığı törətmiş
şəxsin hərəkətləri cinayət
məsuliyyəti yaratmadıqda, lakin bu
hərəkətlər nəticəsində zərər
çəkmiş şəxsin hüquqları və qanuni
mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı
tərəfindən məişət zorakılığı
ilə bağlı hərəkətləri
törətmiş şəxsə həmin və ya ona
oxşar hərəkətlərin təkrarlanmaması
barədə yazılı xəbərdarlıq edilə və
zərər çəkmiş şəxsə
qısamüddətli mühafizə orderi verilə bilər.
11.2.
Müvafiq icra hakimiyyəti orqanı müraciət edilən
vaxtdan 24 saat keçənədək zorakılığı
törədən şəxsə xəbərdarlıq edir
və dərhal zərər çəkmiş
şəxsə 30 gün müddətinədək
qısamüddətli mühafizə orderi verir.
Xəbərdarlıq edilməsindən məhkəməyə
şikayət verilə bilər.
11.3.
Məişət zorakılığı ilə bağlı
hərəkətlər törətmiş şəxsin
qısamüddətli mühafizə orderinin
tələblərinə əməl etməməsi
uzunmüddətli mühafizə orderinin verilməsi
üçün əsas ola bilər.
Maddə 12. Uzunmüddətli mühafizə
orderinin verilməsi qaydası
12.1.
Məişət zorakılığı ilə bağlı
hərəkətləri törətmiş şəxs
verilmiş xəbərdarlığa əməl etmədikdə,
zərər çəkmiş şəxs və ya müvafiq
icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə
orderinin verilməsi üçün məhkəməyə müraciət
etmək hüququna malikdir.
12.2.
Uzunmüddətli mühafizə orderi 30 gündən 180
gün müddətinə verilir. Uzunmüddətli
mühafizə orderinin verilməsi barədə
məhkəmə qərarının
çıxarılması qanunvericiliklə müəyyən
edilmiş qaydada həyata keçirilir.
12.3.
Tərəflərin şəxsi və ailə həyatı
sirrinin yayılmasının qarşısını almaq,
habelə yetkinlik yaşına çatmamış
şəxslərin maraqlarının təmin edilməsi
məqsədi ilə uzunmüddətli mühafizə orderinin
verilməsi barədə işə qanunvericiliklə
müəyyən edilmiş qaydada qapalı məhkəmə
iclasında baxıla bilər.
12.4.
Uzunmüddətli mühafizə orderinin verilməsi
barədə məhkəmə qərarı qanunvericiliyə
uyğun olaraq qüvvəyə minir və müddəti
hesablanır. Uzunmüddətli mühafizə orderinin
verilməsi barədə qərar qanunvericiliyə uyğun
olaraq icraya yönəldilir.
12.5.
Uzunmüddətli mühafizə orderinin verilməsi
barədə qərardan qanunvericiliklə müəyyən
edilmiş qaydada şikayət verilə bilər. Yuxarı
instansiya məhkəməsinə şikayətin verilməsi
mühafizə orderi üzrə qərarın icrasını
dayandırmır.
12.6.
Uzunmüddətli mühafizə orderinin surəti onun
çıxarıldığı gün
tərəflərə verilməlidir.
III
Fəsil
MƏİŞƏT ZORAKILIĞININ QARŞISININ
ALINMASI SAHƏSİNDƏ TƏDBİRLƏR
Maddə 13. Məişət
zorakılığının qarşısının
alınması sahəsində tədbirlərin növləri
13.1.
Məişət zorakılığının
qarşısının alınması sahəsində
tədbirlərin aşağıdakı növləri
vardır:
13.1.1.
hüquqi xarakterli tədbirlər - məişət
zorakılığı hallarının araşdırılması,
məişət zorakılığına yol vermiş
şəxslərin qanunla müəyyən edilmiş qaydada
məsuliyyətə cəlb edilməsi;
13.1.2.
sosial xarakterli tədbirlər - zərər çəkmiş
şəxslərin sosial müdafiəsi üzrə, o
cümlədən müvəqqəti sığınacaqla
təmin edilməsi, onlara dövlət hesabına hüquqi
və tibbi yardımın göstərilməsi, habelə
digər sosial yönümlü tədbirlərin həyata
keçirilməsi;
13.1.3.
qabaqlayıcı tədbirlər - əhali arasında
məişət zorakılığının mənfi
hüquqi, tibbi və sosial nəticələrinin izah
edilməsi, məişət zorakılığının
qarşısının alınmasına yönəlmiş
digər maarifləndirmə tədbirlərinin təşkili.
13.2.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən
məişət zorakılığının
qarşısının alınması ilə bağlı
tədbirlər üzrə dövlət proqramları qəbul
edilə bilər.
Maddə 14. Məişət
zorakılığının qarşısının
alınması sahəsində hüquqi tədbirlər
14.0.
Məişət zorakılığının
qarşısının alınması sahəsində hüquqi
tədbirlər aşağıdakılardan ibarətdir:
14.0.1.
məişət zorakılığı ilə bağlı
cinayət təqibinin həyata keçirilməsi;
14.0.2.
məişət zorakılığı törətmiş
şəxslərin məsuliyyətə cəlb edilməsi;
14.0.3.
zərər çəkmiş şəxslərin
hüquqlarının, azadlıqlarının və qanuni
mənafelərinin müdafiəsi, araşdırmanın
aparıldığı müddət ərzində
müraciət etmiş şəxsin təhlükəsizliyinin
təmin edilməsi;
14.0.4.
zərər çəkmiş şəxslərin
dövlət vəsaiti hesabına hüquqi yardımla
təmin edilməsi;
14.0.5.
məişət zorakılığı ilə bağlı
işlərə dair məhkəmə qərarlarının
icrasının təmin edilməsi;
14.0.6.
məişət zorakılığı ilə bağlı
verilmiş xəbərdarlığın icrasına
nəzarətin həyata keçirilməsi;
14.0.7.
məişət zorakılığı ilə bağlı
hərəkətləri törətmiş
şəxslərin qanunvericiliklə müəyyən
olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi
və ya valideynlik hüquqlarının
məhdudlaşdırılması;
14.0.8.
məişət zorakılığı ilə bağlı
statistik məlumatların toplanması;
14.0.9.
qanunvericiliklə müəyyən edilmiş qaydada
məişət zorakılığı ilə bağlı
məlumatların konfidensiallığının təmin
edilməsi;
14.0.10.
qeyri-dövlət yardım mərkəzlərinin
fəaliyyəti ilə bağlı normativ
tənzimləmənin və həmin mərkəzlərin
akkreditasiyasının həyata keçirilməsi.
Maddə 15. Məişət
zorakılığının qarşısının
alınması sahəsində sosial tədbirlər
15.0.
Məişət zorakılığının
qarşısının alınması sahəsində sosial
tədbirlər aşağıdakılardan ibarətdir:
15.0.1.
zərər çəkmiş şəxslərin sosial
müdafiəsinin təşkili, onlara müvafiq
sənədlərin və ya qanunvericiliklə
müəyyən edilmiş sosial müavinətlərin
alınmasında kömək göstərilməsi;
15.0.2.
zərər çəkmiş şəxslərə
təhsilin davam etdirilməsində kömək
göstərilməsi;
15.0.3.
zərər çəkmiş şəxslərin işlə
təmin edilməsində, yeni peşələrə
yiyələnməsində kömək göstərilməsi;
15.0.4.
zərər çəkmiş şəxslərə
dövlət vəsaiti hesabına tibbi yardımın
göstərilməsi;
15.0.5.
zərər çəkmiş şəxslər
üçün psixoloji reabilitasiya kurslarının
təşkili;
15.0.6.
zərər çəkmiş şəxslər
üçün yardım mərkəzlərinin
yaradılması;
15.0.7.
zərər çəkmiş uşaqların sosial
qayğı ilə təmin edilməsi üçün
tədbirlərin görülməsi;
15.0.8.
zərər çəkmiş şəxslərin sosial
müdafiəsi istiqamətində digər tədbirlərin
həyata keçirilməsi.
Maddə 16. Məişət
zorakılığı ilə bağlı qabaqlayıcı
tədbirlər
16.1.
Məişət zorakılığı ilə bağlı
qabaqlayıcı tədbirlər məişət
zorakılığının qarşısının
alınmasına, ailələrdə normal
münasibətlərin yaradılmasına, məişət
zorakılığı hallarının və ondan yaranan
mənfi hüquqi, tibbi və sosial nəticələrin aradan
qaldırılmasına yönəlir.
16.2.
Məişət zorakılığı ilə bağlı
qabaqlayıcı tədbirlər aşağıdakılardan
ibarətdir:
16.2.1.
məişət zorakılığı əleyhinə
maarifləndirmə işinin aparılması;
16.2.2.
məişət zorakılığı hallarının
və onun doğurduğu mənfi hüquqi, tibbi və sosial
nəticələrin izah edilməsi;
16.2.3.
məişət zorakılığının
qarşısının alınması üsullarının
izah edilməsi;
16.2.4.
əhali arasında yüksək mədəniyyətə
və qarşılıqlı hörmətə əsaslanan
ailə münasibətlərinin təbliğ edilməsi;
16.2.5.
məişət zorakılığına səbəb olan
halların araşdırılması, təhlil edilməsi,
onların qarşısının alınmasına
yönəlmiş tövsiyələrin, proqramların
hazırlanması, maarifləndirmə tədbirlərinin
təşkili;
16.2.6.
məişət zorakılığı törətmiş
şəxslərin profilaktik qeydiyyata götürülməsi
və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı
işin aparılması;
16.2.7. məişət
zorakılığına görə qanunvericiliklə
müəyyən olunmuş məsuliyyətin izah edilməsi;
16.2.8.
məişət zorakılığı törətmiş
şəxslərə belə halların təkrarlanmaması
barədə xəbərdarlıq edilməsi;
16.2.9.
məişət zorakılığı ilə bağlı
sorğuların keçirilməsi.
16.3.
Məişət zorakılığı törətmiş
şəxslərin profilaktik qeydiyyata götürülməsi
və həmin şəxslərlə
tərbiyəvi-qabaqlayıcı işin aparılması
qaydası müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Maddə 17. Zərər çəkmiş
şəxslərə yardım göstərildikdə
konfidensiallığın təmin edilməsi
17.1.
Şəxs barəsində məişət
zorakılığının törədilməsi faktı
və zərər çəkmiş şəxslərə
yardım göstərildiyi vaxt şəxsi və ailə
həyatı barəsində müəyyən edilmiş
məlumatlar konfidensial hesab olunur.
17.2.
Məişət zorakılığı ilə bağlı
müraciətlərin araşdırılması,
məişət zorakılığı ilə bağlı
statistik məlumatların toplanılması, zərər
çəkmiş şəxslərə yardımın
göstərilməsi zamanı məlumatların
konfidensiallığı, şəxsi və ailə sirrinin
yayılmaması təmin edilməlidir.
17.3.
Məişət zorakılığı ilə bağlı
məlumat bankında toplanmış məlumatların
konfidensiallığı məlumat bankını aparan
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təmin olunur. Məişət zorakılığı
ilə bağlı məlumatlar yalnız qanunvericiliklə
müəyyən edilmiş hallarda və qaydada verilə
bilər. Məişət zorakılığı ilə
bağlı statistik məlumatlar
adsızlaşdırılmış şəkildə
açıqlanmalıdır.
17.4.
Xidməti fəaliyyəti ilə bağlı
məişət zorakılığı barədə
müraciətlərin araşdırılması zamanı
məlumatların konfidensiallığını təmin
etməyən vəzifəli şəxslər
qanunvericiliklə müəyyən edilmiş qaydada
məsuliyyət daşıyırlar.
Maddə 18. Məişət
zorakılığı ilə bağlı məlumat bankı
18.1.
Məişət zorakılığı ilə bağlı
məlumat bankı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən yaradılır.
18.2.
Məlumat bankında baş vermiş məişət
zorakılığı halları, məişət
zorakılığı halları ilə bağlı
dövlət orqanlarına müraciət etmiş
şəxslər, məişət zorakılığı
halları ilə bağlı aparılmış
araşdırmalar və araşdırmaların
nəticələri, məişət zorakılığı
halları ilə əlaqədar məsuliyyətə cəlb
edilmiş şəxslər, məhkəmə
qərarları, o cümlədən valideynlik
hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları
məhdudlaşdırılmış şəxslər,
eləcə də valideynlik hüquqları bərpa edilmiş
və ya valideynlik hüquqlarının məhdudlaşdırılması
ləğv edilmiş şəxslər, akkreditə edilmiş
yardım mərkəzləri, onların fəaliyyəti
barədə və digər məlumatlar toplanır.
18.3.
Məişət zorakılığı ilə bağlı
məlumat bankının təşkili və aparılması
qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
18.4.
Dövlət orqanları və yardım mərkəzləri
məişət zorakılığı halları ilə
bağlı məlumatları müvafiq icra hakimiyyəti
orqanına təqdim etməlidirlər.
18.5.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən
məişət zorakılığı ilə bağlı
məlumat bankında məişət zorakılığı
halları üzrə toplanan məlumatlar əsasında
ümumiləşdirmələr və təhlil materialları
hazırlanır.
Maddə 19. Yardım mərkəzləri
19.1.
Zərər çəkmiş şəxslər
üçün dövlət yardım mərkəzləri
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təşkil olunur. Dövlət yardım
mərkəzlərinin göstərdiyi xidmətlər
ödənişsizdir.
19.2.
Yardım mərkəzlərinin fəaliyyət
istiqamətləri aşağıdakılardır:
19.2.1.
zərər çəkmiş şəxsləri hüquqi
və (və ya) tibbi yardımla təmin etmək;
19.2.2.
zərər çəkmiş şəxslərin işlə
təmin edilməsinə, yeni peşələrə
yiyələnməsinə kömək göstərmək;
19.2.3.
zərər çəkmiş şəxslər
üçün psixoloji reabilitasiya kursu təşkil etmək;
19.2.4.
zərər çəkmiş şəxslərin sosial
müdafiəsi üçün müvafiq
sənədlərin hazırlanmasında və ya sosial
müavinətlərin alınmasında kömək
göstərmək;
19.2.5.
zəruri hallarda zərər çəkmiş
şəxsləri müvəqqəti sığınacaqla
təmin etmək;
19.2.6.
zərər çəkmiş şəxslərin
ailələrində normal həyat tərzinin bərpa
edilməsi üçün tədbirlər görmək;
19.2.7.
məişət zorakılığı ilə bağlı
müvafiq qabaqlayıcı tədbirlər həyata
keçirmək;
19.2.8.
zərər çəkmiş şəxslərin
qarşılıqlı yardım qruplarını
təşkil etmək;
19.2.9.
zərər çəkmiş şəxslərin sosial
müdafiəsi ilə bağlı digər tədbirlərin
həyata keçirilməsini təmin etmək.
19.3.
Yetkinlik yaşına çatmamış zərər
çəkmiş şəxslər yardım
mərkəzində 3 ay müddətinədək, digər
zərər çəkmiş şəxslər isə 2 ay
müddətinədək zəruri hallarda
sığınacaqla təmin oluna bilərlər.
19.4.
Yerli özünüidarə orqanları, qeyri-hökumət
təşkilatları, digər qurumlar və şəxslər
yardım mərkəzlərini yarada bilərlər. Fiziki
şəxslərin mənzillərindən onların
razılığı əsasında xeyriyyəçilik
məqsədilə yardım mərkəzi kimi istifadə oluna
bilər.
19.5.
Qeyri-dövlət yardım mərkəzləri müvafiq icra
hakimiyyəti orqanında akkreditasiyadan keçməlidir.
19.6.
Yardım mərkəzlərinin fəaliyyəti qaydası
və qeyri-dövlət yardım mərkəzlərinin
akkreditasiyası qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
IV
Fəsil
YEKUN MÜDDƏALAR
Maddə 20. Qanunun pozulmasına görə
məsuliyyət
Bu
Qanunun və məişət zorakılığı ilə
bağlı digər qanunvericilik aktlarının
tələblərini pozan şəxslər Azərbaycan
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada
məsuliyyət daşıyırlar.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 22 iyun 2010-cu il
¹
1058-IIIQ