Təbii qazın Azərbaycan Respublikası və Gürcüstan ərazilərində və bu ərazilərin hüdudlarından kənarda Cənubi Qafqaz Boru Kəməri sistemi vasitəsi ilə tranzit, nəql edilməsi və satışına dair Azərbaycan Respublikası və Gürcüstan arasında Sazişin və həmin Sazişə əlavə edilmiş sənədlərin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasında neft hasilatının kəskin surətdə artırılması ilə bərabər qaz hasilatının artırılması üçün də zəmin yaradılmışdır. Belə ki, kəşf olunmuş zəngin Şahdəniz qaz-kondensat yatağının qəti dəyərləndirilməsi sübut etmişdir ki, qaz ehtiyatlarının potensialı 1 trilyon kubmetrdən artıqdır. Dünya miqyaslı yataq hesab olunan Şahdəniz yatağı nəinki Azərbaycanın, həm də bütün regionun energetika kompleksinin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Burada aşkar olunmuş ehtiyatlar Azərbaycanı iri qaz ixracatçısına çevirir.

Şahdəniz yatağının kəşfi Şərq-Qərb enerji dəhlizinin inkişafı və fəaliyyətinin həyata keçirilməsində yeni mərhələ açmış, bu sahədə beynəlxalq əməkdaşlığa geniş imkanlar yaratmış və mühüm sazişlərin bağlanmasına təkan vermişdir.

2001-ci il 29 sentyabr tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti və Gürcüstanın Prezidenti iki ölkə arasında "Təbii qazın Azərbaycan Respublikası və Gürcüstan ərazilərində və bu ərazilərin hüdudlarından kənarda Cənubi Qafqaz Boru Kəməri sistemi vasitəsi ilə tranzit, nəql edilməsi və satışına dair Azərbaycan Respublikası və Gürcüstan arasında Saziş"i imzalamışlar.

Yuxarıda göstərilənlərin Azərbaycan dövləti üçün xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikasının Prezidenti və Gürcüstanın Prezidenti tərəfindən 2001-ci il 29 sentyabr tarixində Bakı şəhərində imzalanmış "Təbii qazın Azərbaycan Respublikası və Gürcüstan ərazilərində və bu ərazilərin hüdudlarından kənarda Cənubi Qafqaz Boru Kəməri sistemi vasitəsi ilə tranzit, nəql edilməsi və satışına dair Azərbaycan Respublikası və Gürcüstan arasında Saziş" təsdiq edilsin.

2. Bu Qanunun 1-ci bəndində göstərilən Sazişə əlavə edilən aşağıdakı sənədlər təsdiq edilsin:

Azərbaycan Respublikası Hökuməti və Cənubi Qafqaz Boru Kəməri iştirakçıları arasında tranzit ərazisinə malik ölkənin hökuməti ilə Saziş;

Gürcüstan Hökuməti və Cənubi Qafqaz Boru Kəməri iştirakçıları arasında tranzit ərazisinə malik ölkənin hökuməti ilə Saziş.

3. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 26 oktyabr 2001-ci il
№ 211-IIQ