BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında" və "Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı" Protokolların təsdiq edilməsi

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası adından 2000-ci il dekabrın 12-də Palermo şəhərində imzalanmış BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyası, onu tamamlayan "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında" və "Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı" Protokollar müvafiq bildirişlər və bəyanatlar ilə (bildirişlərin və bəyanatların mətnləri əlavə olunur) təsdiq edilsin.

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2003-cü il
435-IIQ

 

Birləşmiş Millətlər Təşkilatının Transmilli

mütəşəkkil cinayətkarlığa qarşı

KONVENSİYASI

 

Ali Məclisin 2000-ci il 15 noyabr tarixli, 55/25 saylı Qətnaməsi ilə qəbul edilmişdir

 

Maddə 1

Məqsəd

 

Bu Konvensiyanın məqsədi transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınması və onunla mübarizə işində əməkdaşlığı təşviq etməkdən ibarətdir.

 

Maddə 2

Anlayışlar

 

Bu Konvensiyanın məqsədləri üçün:

a) "mütəşəkkil cinayətkar qrup" dedikdə, birbaşa və ya dolayı maliyyə və ya digər maddi mənfəət almaq üçün bir və ya bir neçə ciddi cinayəti və ya bu Konvensiyaya uyğun olaraq cinayət kimi tanınmış cinayətləri törətmək məqsədi ilə müəyyən müddət ərzində mövcud olan və birgә hərəkət edən üç və ya daha çox şəxsin struktur şəklində təşkil edilmiş qrupu başa düşülür;

b) "ciddi cinayət" dedikdə, ən çoxu dörd ildən az olmayan müddətə azadlıqdan məhrumetmə cəzası və ya digər daha ciddi cəza növü nəzərdə tutan cinayət başa düşülür;

c) "struktur şəklində təşkil edilmiş qrup" dedikdə, dərhal cinayət törətmək məqsədi ilə təsadüfi yaradılmayan və daxilində üzvlərinin rollarının forma l şəkildə müəyyən edilib-edilməməsindən, üzvlüyün daimi olub-olmamasından və ya inkişaf etmiş strukturun yaradılıb-yaradılmamasından asılı olmayaraq mövcud olan qrup başa düşülür;

d) "əmlak" dedikdə, istər maddi, qeyri-maddi, istərsə də daşınar və ya daşınmaz əşyalarda və ya hüquqlarda ifadə edilmiş istənilən aktivlər, habelə bu cür aktivlərə hüququ və ya onlarda marağı təsdiq edən hüquqi sənədlər və ya aktlar başa düşülür;

e) "cinayətdən əldə edilən gəlirlər" dedikdə, hər hansı bir cinayətin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə edilmiş və ya alınmış hər hansı bir əmlak başa düşülür;

f) "həbs" və ya "götürmə" dedikdə, əmlakın verilməsinə, dəyişdirilməsinə, özgəninkiləşdirilməsinə və ya yerdəyişməsinə qoyulan müvəqqəti qadağalar və ya bu cür əmlaka müvəqqəti sahiblik və ya məhkəmənin və ya digər səlahiyyətli orqanın qərarı əsasında bu cür əmlaka müvəqqəti nəzarətin həyata keçirilməsi başa düşülür;

g) "müsadirə" dedikdə, məhkəmənin və ya digər səlahiyyətli orqanın qərarı əsasında əmlakdan tamamilə məhrum etmə başa düşülür;

h) "əsas hüquqpozma" dedikdə, bu Konvensiyanın 6-cı maddəsində göstərilən və cinayət tərkibi yaradan əməllərin törədilməsi nəticəsində gəlir əldə edilmiş hər hansı bir hüquq pozuntusu başa düşülür;

i) "nəzarət qaydasında mal alınması" dedikdə, hər hansı bir cinayətin istintaqı və həmin cinayətdə iştirak edən şəxslərin aşkar edilməsi məqsədi ilə bir və ya bir neçə dövlətin ərazisinə onların səlahiyyətli orqanlarının icazəsi və həmin orqanların nəzarəti altında qeyri-qanuni və ya şübhə doğuran yükün ölkəyə gətirilməsinə, daşınmasına və ya çıxarılmasına yol verən üsul başa düşülür;

j) "regional iqtisadi inteqrasiya təşkilatı" dedikdə, hər hansı bir regionun suveren dövlətləri tərəfindən yaradılan və bu Konvensiya ilə tənzimlənən məsələlərlə bağlı öz üzv dövlətlərinin səlahiyyətlərini həyata keçirməyə və lazımi qaydada öz daxili prosedurlarına uyğun olaraq bu Konvensiyanı imzalamaq, təsdiq, qəbul və ratifikasiya etmək və ya ona qoşulmaq səlahiyyətinə malik olan təşkilat başa düşülür; bu Konvensiyada "İştirakçı dövlətlərə" istinadlar bu cür təşkilatlara onların öz səlahiyyətləri çərçivəsində aid edilir.

 

Maddə 3

Tətbiq dairəsi

 

1. Bu Konvensiya, əgər onda digər qayda nəzərdə tutulmayıbsa, aşağıda göstərilən cinayətlərin qarşısının alınmasına, istintaqına və təqibinə tətbiq edilir:

a) bu Konvensiyanın 5, 6, 8 və 23-cü maddələrinə uyğun olaraq cinayət kimi tanınmış cinayətlərə, və

b) bu Konvensiyanın 2-ci maddəsində müəyyən edildiyi kimi, əgər bu cinayətlər transmilli xarakter daşıyırsa və mütəşəkkil cinayətkar qrupun iştirakı ilə törədilmişdirsə, ciddi cinayətlərə.

2. Bu maddənin 1-ci bəndinin məqsədi üçün cinayət mütəşəkkil xarakter daşıyır, əgər:

a) bu cinayət birdən çox dövlətdə törədilibsə;

b) bu cinayət bir dövlətdə törədilib, lakin onun hazırlanmasının, planlaşdırılmasının, ona rəhbərliyin və ya nəzarətin əhəmiyyət kəsb edən hissəsi digər dövlətdə baş veribsə;

c) bu cinayət bir dövlətdə törədilib, lakin öz cinayətkar fəaliyyətini birdən çox dövlətdə həyata keçirən mütəşəkkil cinayətkar qrupun iştirakı ilə törədilibsə; və ya

d) bu cinayət bir dövlətdə törədilib, lakin onun əhəmiyyət kəsb edən nəticələri digər dövlətdə baş veribsə.

 

Maddə 4

Suverenliyin müdafiəsi

 

1. İştirakçı dövlətlər öz öhdəliklərini bu Konvensiya əsasında dövlətlərin suveren, bərabərlik və ərazi bütövlüyü prinsiplərinə və digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə uyğun olaraq həyata keçirirlər.

2. Bu Konvensiyanın heç bir müddəası İştirakçı dövlətə digər dövlətin ərazisində, müstəsna olaraq yalnız həmin digər dövlətin daxili qanunvericiliyinə uyğun olaraq öz orqanlarının səlahiyyətlərinə aid edilən yurisdiksiyanı və funksiyaları həyata keçirmək hüququnu vermir.

 

Maddə 5

Mütəşəkkil cinayətkar qrupda İştirakçılığın kriminallaşdırılması

 

1. Hər bir İştirakçı dövlət aşağıdakı əməlləri, onlar qəsdən törədildikdə, cinayət qanunu ilə cəzalandırılan cinayətlər kimi tanımaq üçün müvafiq qanunverici və digər tədbirlər görür:

a) onları cinayətin törədilməsi cəhdinə aid etməyərək və cinayət əməlinin faktiki törədilməsindən asılı olmayaraq, aşağıdakı əməllərdən hər ikisi və ya biri:

i) əgər bu, daxili qanunvericilikdə nəzərdə tutulursa, habelə sövdələşmə İştirakçılarının biri tərəfindən sövdələşmənin reallaşması üçün hər hansı bir hərəkətin faktiki törədilməsi və ya mütəşəkkil cinayətkar qrupla əlaqəsi güman edilirsə, birbaşa və ya dolayı maliyyə və ya digər maddi mənfəət əldə etmək məqsədi ilə bir və ya bir neçə şəxslə ciddi cinayətin törədilməsinə dair sövdələşmə;

ii) aşağıdakı fəaliyyətlərdə:

a. mütəşəkkil cinayətkar qrupun cinayətkar fəaliyyətində; və

b. öz iştirakının yuxarıda göstərilən cinayətkar məqsədə nail olunmasına yardım edəcəyini dərk edən mütəşəkkil cinayətkar qrupun digər növ fəaliyyətində;

fəal iştirak edən və mütəşəkkil cinayətkar qrupun məqsədini və ümumi cinayətkar fəaliyyətini yaxud onun müvafiq cinayəti törətməsi niyyətini dərk edən hər hansı bir şəxsin əməli;

b) mütəşəkkil cinayətkar qrupun iştirakı ilə törədilmiş ciddi cinayətə dair təşkilatçılıq, rəhbərlik, təhrikçilik, səy və ya kömək göstərmək.

2. Dərk etmə, niyyət, qəsd, məqsəd və ya cinayətin törədilməsinə dair bu maddənin 1 -ci bəndində adı çəkilən sövdələşmə işin obyektiv və faktiki hallarından asılı olaraq müəyyən edilə bilər.

3. Daxili qanunvericiliyi bu maddənin 1 (a)(i) bəndinə uyğun olaraq cinayət kimi tanınmış cinayətlərin tərkib elementi kimi mütəşəkkil cinayətkar qrupların əlaqəsi olmasını nəzərdə tutan İştirakçı dövlətlər təmin edirlər ki, onların daxili qanunvericiliyi mütəşəkkil cinayətkar qrupların iştirakı ilə törədilən bütün cinayətləri ciddi cinayətlərə aid etsin. Bu cür İştirakçı dövlətlər, habelə daxili qanunvericiliyi bu maddənin 1 (a)(i) bəndinə uyğun olaraq cinayət kimi tanınmış cinayətlərin tərkib elementi kimi sövdələşmənin reallaşması üzrə faktiki hərəkətlərin törədilməsini nəzərdə tutan İştirakçı dövlətlər bu Konvensiyanı imzalayarkən və ya ratifikasiya sənədini və ya qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca verərkən Birləşmiş Millətlər Təşkilatının Baş katibini bu haqda məlumatlandırırlar.

 

Maddə 6

Cinayətdən əldə edilən gəlirlərin yuyulmasının kriminallaşdırılması

 

1. Hər bir İştirakçı dövlət öz daxili qanunvericiliyinin başlıca prinsiplərinə uyğun olaraq aşağıdakı əməlləri, onlar qəsdən törədildikdə, cinayət qanunu ilə cəzalandırılan əməl kimi tanımaq üçün zəruri qanunverici və digər tədbirlər görür:

a)

i) əmlakın konversiyası və ya köçürülməsi, əgər məlumdursa ki, bu cür əmlak, onun cinayət mənbəyinin gizlədilməsi və ya ört-basdır edilməsi və ya əsas hüquqpozmanın törədilməsində iştirak edən istənilən şəxsə, onun öz əməllərinə görə məsuliyyətdən yayınmaq üçün köməyin göstərilməsi məqsədi ilə edilən cinayətlərdən əldə edilmiş gəlirdir;

ii) əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, ona sərəncam vermə üsulunun, aidiyyətinin, əmlak hüquqlarının və ya onun kimə məxsus olmasının gizlədilməsi və ya ört-basdır edilməsi, əgər məlumdursa ki, əmlak cinayətlərdən əldə edilən əmlakdır;

b) öz hüquqi sisteminin əsas prinsiplərinə riayət etmək şərti ilə:

i) əmlakın əldə edilməsi, ona sahiblik və ya onun istifadəsi, əgər bu cür əmlakın alınması zamanı məlumdursa ki, əmlak cinayətdən əldə edilən əmlakdır;

ii) bu maddəyə uyğun olaraq cinayət kimi tanınmış cinayətlərdən birinin törədilməsi məqsədi ilə İştirakçılıq, cinayətlə əlaqə və ya onun törədilməsinə cəhd, sövdələşmə, habelə təhrikçilik, kömək və ya onun törədilməsi zamanı məsləhət vermə.

2. Bu maddənin 1-ci bəndinin həyata keçirilməsi və ya tətbiq edilməsi məqsədi ilə:

a) hər bir İştirakçı dövlət bu maddənin 1-ci bəndini ən geniş yayılmış əsas hüquqpozmalara tətbiq etməyə çalışır;

b) hər bir İştirakçı dövlət, Konvensiyanın 2-ci maddəsində müəyyən edildiyi kimi, bütün ciddi cinayətləri və bu Konvensiyanın 5, 8 və 23-cü maddələrində cinayət kimi tanınmış cinayətləri əsas hüquqpozmalara aid edir. İştirakçı dövlətlərin qanunvericiliyində əsas hüquqpozmaların konkret siyahısı nəzərdə tutulduğu təqdirdə, ona ən azı mütəşəkkil cinayətkar qrupun fəaliyyəti ilə əlaqəsi olan müfəssəl müəyyən edilmiş cinayətlər də aid edilir;

c) (b) yarımbəndinin məqsədləri üçün müvafiq İştirakçı dövlətin həm yurisdiksiyası altında olan ərazidə, həm də onun hüdudlarından kənarda törədilən cinayətlər əsas hüquqpozmalara aid edilir. Lakin hər hansı bir İştirakçı dövlətin yurisdiksiyasından kənarda törədilən cinayətlər əsas hüquqpozmalara o şərtlə aid edilir ki, həmin əməl həm onun törədildiyi dövlətin daxili qanunvericiliyinə əsasən cinayət qanunu ilə cəzalandırılan əməl olsun, həm də, əgər bu əməl bu maddənin həyata keçirildiyi və ya tətbiq edildiyi dövlətin ərazisində törədilmiş olsaydı, həmin dövlətin daxili qanunvericiliyinə əsasən cinayət qanunu ilə cəzalandırılan əməl olardı;

d) hər bir İştirakçı dövlət bu maddənin müddəalarının həyata keçirilməsini təmin edən daxili qanunlarının mətnlərini, habelə bu cür qanunlara sonradan edilən dəyişikliklərin mətnlərini və ya həmin qanunların təsviredici mətnlərini Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim edir;

e) əgər İştirakçı dövlətin daxili qanunvericiliyinin əsas prinsipləri bunu tələb edirsə, onda nəzərə alına bilər ki, bu maddənin 1-ci bəndində göstərilən cinayətlər əsas hüquqpozmanı törədən şəxslərə aid edilmir;

f) bu maddənin 1-ci bəndində qeyd olunan cinayətin tərkib elementi kimi dərk etmə, qəsd və ya məqsəd işin obyektiv hallarından asılı olaraq müəyyən edilə bilər.

 

Maddə 7

Pul vəsaitlərinin yuyulmasına qarşı mübarizə tədbirləri

 

1. Hər bir İştirakçı dövlət:

a) pul vəsaitlərinin yuyulmasının bütün formalarının qarşısını almaq və aşkar etmək məqsədi ilə banklar və qeyri-bank maliyyə təşkilatları, habelə, lazım gəldikdə, pul yuyulması nöqteyi-nəzərindən digər orqanlar üçün öz səlahiyyəti çərçivəsində müfəssəl daxili tənzimləmə və nəzarət rejimini müəyyən edir. Həm də qeyd edilməlidir ki, bu cür rejim müştərinin şəxsiyyətinin müəyyən edilməsi, hesabatların aparılması və şübhə doğuran əqdlər haqqında məlumatın təqdim edilməsi tələblərinə əsaslanmalıdır;

b) bu Konvensiyanın 18-ci və 27-ci maddələrinə xələl gətirmədən təmin edir ki, inzibati, idarəedici, hüquq mühafizə və pul vəsaitlərinin yuyulması ilə mübarizə aparan digər orqanlar (o cümlədən daxili qanunvericiliyə uyğun olduqda, məhkəmə orqanları da) onun daxili qanunvericiliyinin müəyyən etdiyi şərtlər əsasında milli və beynəlxalq səviyyədə əməkdaşlığın və məlumat mübadiləsinin həyata keçirilməsinə qadir olsunlar və bu məqsədlə pul vəsaitlərinin yuyulması hallarına aid olan məlumatı toplayan, təhlil edən və yayan mərkəz kimi fəaliyyət göstərəcək operativ maliyyə məlumatı üzrə bölmənin yaradılması məsələsini müzakirə edir.

2. İştirakçı dövlətlər nağd pul vəsaitlərinin və müvafiq dövriyyə sənədlərinin öz sərhədlərindən yerdəyişməsini aşkar etmək üzrə və məlumatın lazımi qaydada istifadəsinin təmin edilməsinə yönələn təminatlara riayət etməklə, eləcə də qanuni kapitalın yerdəyişməsinə hər hansı bir maneə törətmədən bu cür yerdəyişməyə nəzarət üzrə praktiki cəhətdən mümkün olan tədbirlərin tətbiq edilməsinə dair məsələləri müzakirə edirlər. Bu cür tədbirlər belə bir tələb nəzərdə tuta bilər ki, fiziki şəxslər və kommersiya təşkilatları böyük həcmdə nağd pul vəsaitlərinin transsərhəd köçürmələri və müvafiq dövriyyə sənədlərinin ötürülməsi haqqında məlumat versinlər.

3. Bu maddənin müddəalarına uyğun olaraq daxili tənzimləmə və nəzarət rejimi müəyyən edərkən və bu Konvensiyanın hər hansı bir digər maddəsinə xələl gətirmədən İştirakçı dövlətlərə regional, regionlararası və çoxtərəfli təşkilatların pul vəsaitlərinin yuyulmasına qarşı olan müvafiq təşəbbüslərini rəhbər tutmaq təklif olunur.

4. İştirakçı dövlətlər pul vəsaitlərinin yuyulması ilə mübarizə məqsədi ilə məhkəmə və hüquq mühafizə orqanları, habelə maliyyə siyasətinə nəzarət edən orqanlar arasında qlobal, regional, subregional və ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə və təşviq etməyə səy göstərirlər.

 

Maddə 8

Korrupsiyanın kriminallaşdırılması

 

1. Hər bir İştirakçı dövlət aşağıdakı əməlləri, onlar qəsdən törədildikdə, cinayət qanunu ilə cəzalandırılan cinayətlər kimi tanımaq üçün müvafiq qanunverici və digər tədbirlər görür:

a) vəzifəli şəxsin öz vəzifə borcunu yerinə yetirərkən hər hansı bir hərəkət və ya hərəkətsizliyi etmək məqsədi ilə dövlət vəzifəli şəxsə, həmin vəzifəli şəxsin özü və ya digər fiziki və ya hüquqi şəxs üçün şəxsən və ya vasitəçinin köməyi ilə hər hansı bir qeyri-qanuni üstünlüyün vəd, təklif və ya təqdim edilməsi;

b) vəzifəli şəxsin özü vəzifə borcunu yerinə yetirərkən hər hansı bir hərəkət və ya hərəkətsizliyi etmək məqsədi ilə dövlət vəzifəli şəxs tərəfindən, həmin vəzifəli şəxsin özü və ya digər fiziki və ya hüquqi şəxs üçün şəxsən və ya vasitəçinin köməyi ilə hər hansı bir qeyri-qanuni üstünlüyün tələb edilməsi və ya alınması.

2. Hər bir İştirakçı dövlət, bu maddənin 1-ci bəndində qeyd olunan cinayətlərdə hər hansı bir əcnəbi vəzifəli şəxs və ya beynəlxalq mülki qulluqçu iştirak etdikdə, həmin cinayətləri cinayət qanuni ilə cəzalandırılan cinayətlər kimi tanımaq üçün lazımi qanunverici və digər tədbirlərin görülməsi mümkünlüyünü müzakirə edir. Hər bir İştirakçı dövlət həmçinin korrupsiyanın digər növlərini cinayət qanunu ilə cəzalandırılan cinayətlər kimi tanımaq mümkünlüyünü müzakirə edir.

3. Hər bir İştirakçı dövlət həmçinin bu maddəyə uyğun olaraq cinayət kimi tanınmış hər hansı bir cinayətdə cinayət İştirakçısı qismində İştirakçılığı cinayət qanunu ilə cəzalandırılan cinayət kimi tanımaq üçün lazımi tədbirlər görür.

4. Bu maddənin 1-ci bəndinin və bu Konvensiyanın 9-cu maddəsinin məqsədləri üçün "dövlət vəzifəli şəxs" dedikdə, İştirakçı dövlətin daxili qanunvericiliyində müəyyən edildiyi kimi ictimai vəzifəli şəxs və ya həmin İştirakçı dövlətin cinayət qanunvericiliyi ilə tətbiq edildiyi kimi, həmin dövlətdə hər hansı bir ictimai xidmət göstərən vəzifəli şəxs başa düşülür.

 

Maddə 9

Korrupsiyaya qarşı tədbirlər

 

1. Bu Konvensiyanın 8-ci maddəsində göstərilmiş tədbirlərə əlavə olaraq hər bir İştirakçı dövlət dövlət vəzifəli şəxslər arasında korrupsiyanın aşkar edilməsi və qarşısının alınması və buna görə həmin şəxslərin cəzalandırılması məqsədi ilə öz hüquqi sisteminə uyğun olaraq və tələb olunan həcmdə qanunverici, inzibati və digər səmərəli tədbirlər görür.

2. Hər bir İştirakçı dövlət, dövlət vəzifəli şəxslər arasında korrupsiyanın aşkar edilməsi və qarşısının alınması və buna görə həmin şəxslərin cəzalandırılması sahəsində öz orqanlarının səmərəli fəaliyyətini təmin etmək, o cümlədən bu cür orqanlara, onların fəaliyyətinə qeyri-qanuni edilən təzyiqlərin qarşısını almaq üçün kifayət qədər müstəqillik verərək, səmərəli fəaliyyətini təmin etmək üçün tədbirlər görür.

 

Maddə 10

Hüquqi şəxslərin məsuliyyəti

 

1. Hər bir İştirakçı dövlət öz hüquqi prinsiplərini nəzərə alaraq, hüquqi şəxslərin mütəşəkkil cinayətkar qrupun əlaqədar olduğu ciddi cinayətlərdə və bu Konvensiyanın 5, 6, 8 və 23-cü maddələrinə uyğun olaraq cinayət kimi tanınmış cinayətlərdə iştirakına görə məsuliyyətini müəyyən etmək üçün zəruri ola bilən tədbirlər görür.

2. İştirakçı dövlətin hüquqi prinsiplərinə riayət etmək şərti ilə hüquqi şəxslərin məsuliyyəti cinayət, mülki-hüquqi və inzibati məsuliyyət ola bilər.

3. Bu cür məsuliyyətin hüquqi şəxsin üzərinə qoyulmasının cinayət törətmiş fiziki şəxsin cinayət məsuliyyətinə heç bir təsiri yoxdur.

4. Hər bir İştirakçı dövlət bu maddəyə uyğun olaraq məsuliyyətə cəlb edilən hüquqi şəxslər barəsində xüsusilə səmərəli, mütənasib və preventiv təsirə malik olan cinayət və qeyri-cinayət sanksiyalarının, o cümlədən maliyyə sanksiyalarının tətbiq edilməsini təmin edir.

 

Maddə 11

Cinayət təqibi, məhkəmə qərarının çıxarılması və sanksiyalar

 

1. Hər bir İştirakçı dövlət bu Konvensiyanın 5, 6, 8 və 23-cü maddələrində nəzərdə tutulan hər hansı bir cinayətin törədilməsinə görə həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə alan sanksiyaların tətbiq edilməsini nəzərdə tutur.

2. Hər bir İştirakçı dövlət Konvensiya ilə əhatə olunan cinayətlərə dair ən səmərəli hüquq mühafizə tədbirlərinə nail olmaq və bu cür cinayətlərin törədilməsinin qarşısını almaq zərurətinə lazımi diqqət yetirərək, bu cür cinayətlərə görə şəxslərin təqibinə aid olan və öz daxili qanunvericiliyində nəzərdə tutulan hər hansı bir diskresion hüquqi səlahiyyətdən istifadənin təmin edilməsinə çalışır.

3. Bu Konvensiyanın 5, 6, 8 və 23-cü maddələrinə əsasən cinayət kimi tanınmış cinayətlərə münasibətdə hər bir İştirakçı dövlət öz daxili qanunvericiliyinə uyğun olaraq və müdafiənin hüququna lazımi diqqət yetirərək, elə lazımi tədbirlər görür ki, məhkəməyə qədər azad olunma haqqında qərarla əlaqədar və ya apellyasiya şikayəti və ya protest əsasında qərar qəbul edilənə qədər müəyyən edilmiş tədbirlərdə təqsirləndirilən şəxsin sonrakı cinayət icraatında iştirakının təmin edilməsi vacibliyi nəzərə alınsın.

4. Hər bir İştirakçı dövlət təmin edir ki, onun məhkəmə və ya digər səlahiyyətli orqanları bu Konvensiya ilə əhatə olunan cinayətlərə görə məhkum edilmiş şəxslərin vaxtından əvvəl və ya şərti azad olunması mümkünlüyü məsələlərinə baxanda bu cür cinayətlərin təhlükəlilik xarakterini nəzərə alsınlar.

5. Hər bir İştirakçı dövlət, öz daxili qanunvericiliyinə uyğun olaraq, zəruri hallarda, bu Konvensiya ilə əhatə olunan hər hansı bir cinayətə görə cinayət təqibinin başlanması üçün uzunmüddətli cinayət məsuliyyətinə cəlb etmə müddəti müəyyən edir, cinayətin törədilməsində şübhəli bilinən şəxs ədalət mühakiməsindən boyun qaçırdıqda isə ən uzunmüddətli cinayət məsuliyyətinə cəlb etmə müddəti müəyyən edir.

6. Bu Konvensiyada nəzərdə tutulan müddəalar həmin Konvensiyaya uyğun olaraq cinayət kimi tanınmış cinayətlərin müəyyən edilməsini hər bir İştirakçı dövlətin daxili qanunvericiliyinə aid edən prinsiplərə və müvafiq hüquqi mülahizələrin və ya əməllərin qanuna uyğunluğunu əks etdirən digər hüquqi prinsiplərə və bu cür cinayətlərə görə cinayət təqibinin və cəzanın həmin qanunvericiliyə uyğun olaraq həyata keçirilməsini nəzərdə tutan prinsiplərə toxunmur.

 

Maddə 12

Həbs müsadirə

 

1. İştirakçı dövlətlər öz daxili hüquq sistemi çərçivəsində aşağıdakıların:

a) bu Konvensiya ilə əhatə olunan cinayətlərdən əldə olunan gəlirlər və ya dəyəri bu cür gəlirlərin dəyərinə müqabil olan əmlakın;

b) bu Konvensiya ilə əhatə olunan cinayətlərin törədilməsində istifadə olunan və ya onun törədilməsi üçün nəzərdə tutulan əmlakın, avadanlıqların və ya digər vasitələrin;

müsadirə edilməsini təmin etmək üçün lazımi tədbirlər görürlər.

2. İştirakçı dövlətlər sonradan müsadirə etmək məqsədi ilə bu maddənin 1-ci bəndində sadalanan hər hansı bir əşyanın aşkar edilməsi, izlənilməsi, həbsi və ya götürülməsində tələb oluna bilən tədbirlər görürlər.

3. Əgər cinayətdən əldə olunan gəlirlər qismən və ya tam şəkildə digər əmlaka çevrilibsə və ya dəyişdirilibsə, onda bu maddədə nəzərdə tutulan tədbirlər həmin əmlaka münasibətdə də görülür.

4. Əgər cinayətdən əldə olunan gəlirlər qanuni əsaslarla əldə edilmiş əmlaka qatılıbsa, onda hər hansı bir həbs qoyma və ya götürmə səlahiyyətlərinə xələl gətirmədən, əmlakın yalnız cinayət nəticəsində əldə olunmuş gəlir qatılmış hissəsinin mütənasib qiymətləndirilmiş hissəsi müsadirə edilir.

5. Cinayət nəticəsində əldə olunan gəlirlərə tətbiq edilən tədbirlər eyni zamanda cinayət nəticəsində əldə olunan gəlirlərdən alınmış hasilata və ya mənfəətə, cinayətdən əldə edilən gəlirlərə çevrilmiş və ya əvəz edilmiş əmlakdan alınmış hasilata və ya mənfəətə və ya cinayətdən əldə edilən gəlirlərin qatıldığı əmlakdan alınmış hasilata və ya mənfəətə də eyni qaydada və həcmdə tətbiq edilir.

6. Bu maddənin və bu Konvensiyanın 13-cü maddəsinin məqsədləri üçün hər bir İştirakçı dövlət öz məhkəmələrinə və ya digər səlahiyyətli orqanlarına bank, maliyyə və kommersiya xarakterli sənədlərin təqdim edilməsi və ya onların üzərinə həbs qoyma haqqında qərar verməyə səlahiyyət verir. İştirakçı dövlətlər bank sirrinin qorunub saxlanılmasına istinad edərək, bu bəndin müddəalarına uyğun olaraq tədbirlər görməkdən çəkinmirlər.

7. İştirakçı dövlətlər öz daxili qanunvericiliyinin prinsiplərinə və məhkəmə araşdırma sının və digər araşdırmanın xarakterinə uyğun olan həcmdə cinayət törətmiş şəxs tərəfindən cinayətdən əldə olunması güman edilən gəlirlərin və ya müsadirə edilməli digər əmlakın qanuni mənbəyinin sübut edilməsini şərtləndirən tələbin müəyyən edilməsi mümkünlüyünü müzakirə edə bilərlər.

8. Bu maddənin müddəaları üçüncü vicdanlı tərəflərin hüquqlarına zərər yetirən müddəalar kimi şərh edilmir.

9. Bu maddədə nəzərdə tutulan müddəalar İştirakçı dövlətin daxili qanunvericiliyinin müddəalarına uyğun olaraq tədbirlərin müəyyən edilməsini və həyata keçirilməsini və onlara riayət olunmasını nəzərdə tutan prinsiplərə toxunmur.

 

Maddə 13

Müsadirə məqsədi ilə beynəlxalq əməkdaşlıq

 

1. İştirakçı dövlət yurisdiksiyasına bu Konvensiya ilə əhatə olunan hər hansı bir cinayətin aid olduğu digər İştirakçı dövlətdən, onun ərazisində olan və həmin Konvensiyanın 12-ci maddəsinin 1-ci bəndində göstərilən cinayətdən əldə edilmiş gəlirin, əmlakın, avadanlığın və ya cinayətin törədilməsində istifadə olunan digər vasitələrin müsadirəsi haqqında sorğu aldıqda, öz daxili hüquq sistemi çərçivəsində mümkün ola bilən həcmdə:

a) müsadirə haqqında qərar qəbul etmək üçün həmin sorğunu öz səlahiyyətli orqanına ötürür və bu cür qərar çıxarıldığı təqdirdə, həmin qərarın icrasını təmin edir, və ya

b) sorğu edən İştirakçı dövlətin ərazisində məhkəmənin çıxardığı müsadirə haqqında qərarını bu Konvensiyanın 12-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq sorğuda göstərilmiş həcmdə və sorğu alan İştirakçı dövlətin ərazisində olan 12-ci maddənin 1-ci bəndində qeyd olunan gəlirlərə, əmlaka, avadanlığa və ya cinayətin törədilməsində istifadə olunan digər vasitələrə aid olan həcmdə icra etmək məqsədi ilə öz səlahiyyətli orqanlarına ötürür.

2. İştirakçı dövlət yurisdiksiyasına bu Konvensiya ilə əhatə olunan hər hansı bir cinayətin aid olduğu digər İştirakçı dövlətdən sorğu alarkən, istər sorğu edən İştirakçı dövlət, istərsə də bu maddənin 1-ci bəndinə əsasən edilmiş sorğuya uyğun olaraq sorğu alan İştirakçı dövlət tərəfindən müsadirə haqqında çıxarılmış qərar əsasında sonradan müsadirə etmək məqsədi ilə bu Konvensiyanın 12-ci maddəsinin 1-ci bəndində qeyd olunan cinayət nəticəsində əldə olunan gəlirin, əmlakın, avadanlığın və ya cinayətin törədilməsində istifadə olunan digər vasitələrin aşkar olunması, izlənilməsi, həbsi və ya tutulması üçün tədbirlər görür.

3. Bu Konvensiyanın 18-ci maddəsinin müddəalarına mutatis mutandis tətbiq edilir. 18-ci maddənin 15-ci bəndində əks olunan məlumata əlavə olaraq, bu maddəyə əsasən göndərilmiş sorğularda aşağıdakılar göstərilir:

a) bu maddənin 1 (a) bəndində nəzərdə tutulan sorğuya uyğun olaraq müsadirə olunmalı əmlakın təsviri və sorğu edən İştirakçı dövlətin istinad etdiyi və sorğu alan İştirakçı dövlət tərəfindən öz qanunvericiliyinə uyğun olaraq qərarın çıxarılması üçün tədbirlərin görülməsinə kifayət ola bilən faktları əks etdirən ərizə;

b) bu maddənin 1 (a) bəndində nəzərdə tutulan sorğuya uyğun olaraq sorğu edən İştirakçı dövlətin çıxardığı və xahişin, faktların və qərarın icrasının həcminə dair məlumatı əks etdirən ərizənin əsaslandığı, müsadirə haqqında qərarın hüquqi cəhətdən icrası mümkün olan surəti;

c) bu maddənin 2-ci bəndində nəzərdə tutulan sorğuya uyğun olaraq sorğu edən İştirakçı dövlətin istinad etdiyi faktları əks etdirən ərizə və xahiş olunan tədbirlərin təsviri.

4. Bu maddənin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulan qərarlar və tədbirlər sorğu alan İştirakçı dövlət tərəfindən, onun öz daxili qanunvericiliyinin müddəalarına və onun prosessual norma larına və ya sorğu alan İştirakçı dövlətlə əlaqələri tənzimləyən istənilən ikitərəfli və ya çoxtərəfli müqavilələrə, sazişlərə və ya razılaşmalara uyğun olaraq və onlara riayət etmək şərti ilə qəbul edilir.

5. Hər bir İştirakçı dövlət bu maddənin müddəalarının həyata keçirilməsini təmin edən öz qanun və qaydalarının mətnlərini, habelə bu cür qanun və qaydalara edilən sonrakı dəyişikliklərin mətnlərini və ya onların təsviredici mətnlərini Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim edir.

6. Əgər hər hansı bir İştirakçı dövlət bu maddənin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulan tədbirlərin görülməsini müvafiq müqavilənin mövcudluğu ilə şərtləndirmək istəsə, onda həmin İştirakçı dövlət bu Konvensiyanı kifayət qədər və zəruri hüquq-müqavilə əsası kimi götürür.

7. Bu maddəyə əsasən, əgər sorğunun aidiyyəti olan cinayət bu Konvensiya ilə əhatə olunan cinayətlərə aid edilmirsə, onda İştirakçı dövlətlə əməkdaşlıqdan imtina oluna bilər.

8. Bu maddənin müddəaları üçüncü vicdanlı tərəflərin hüquqlarına xələl yetirən kimi şərh edilmir.

9. İştirakçı dövlətlər bu maddəyə əsasən həyata keçirilən beynəlxalq əməkdaşlığın səmərəliliyini artırmaq üçün ikitərəfli və ya çoxtərəfli razılaşmaların, sazişlərin və ya müqavilələrin bağlanması mümkünlüyünü müzakirə edirlər.

 

Maddə 14

Cinayətdən əldə olunmuş gəlirlərə və ya əmlaka sərəncam vermək

 

1. Bu Konvensiyanın 12-ci maddəsinə və ya 13-cü maddəsinin 1-ci bəndinə əsasən İştirakçı dövlət tərəfindən müsadirə edilmiş, cinayətdən əldə olunmuş gəlirlərə və ya əmlaka sərəncamı öz daxili qanunvericiliyinə və inzibati prosedurlarına uyğun olaraq həmin İştirakçı dövlət həyata keçirir.

2. Bu Konvensiyanın 13-cü maddəsinə uyğun olaraq digər İştirakçı dövlət tərəfindən alınmış sorğuya əsasən İştirakçı dövlətlər öz daxili qanunvericiliyinin buna icazə verdiyi həcmdə hərəkət edərkən və müvafiq sorğu aldıqda, cinayətlərdən əldə edilmiş gəlirlərin və ya əmlakın sorğu alan İştirakçı dövlətə qaytarılması məsələsini ilk növbədə müzakirə edir ki, həmin İştirakçı dövlət cinayətdən zərərçəkənlərə kompensasiya ödəyə bilsin və ya cinayətdən əldə edilən bu cür gəlirləri və ya əmlakı onların qanuni sahiblərinə qaytara bilsin.

3. İştirakçı dövlətlər bu Konvensiyanın 12-ci və 13-cü maddələrinə uyğun olaraq digər İştirakçı dövlət tərəfindən alınmış sorğuya əsasən hərəkət edərkən, aşağıdakılara dair sazişlərin və ya razılaşmaların bağlanılması mümkünlüyünü xüsusi müzakirə edirlər:

a) cinayətdən əldə olunmuş gəlirlərin və ya əmlakın və ya bu cür gəlirlərin və ya əmlakın satılması nəticəsində əldə olunan vəsaitlərin və ya onların bir hissəsinin dəyərinə müqabil olan məbləğin bu Konvensiyanın 30-cu maddəsinin 2(c) bəndinə uyğun olaraq bu məqsəd üçün nəzərdə tutulan hesaba köçürülməsinə və ya mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə ixtisaslaşan hökumətlərarası orqanların hesabına köçürülməsinə;

b) cinayətdən əldə olunmuş gəlirlərin və ya əmlakın və ya bu cür gəlirlərin və ya əmlakın satılması nəticəsində əldə olunan vəsaitlərin və ya onların bir hissəsinin öz daxili qanunvericiliyinə və inzibati prosedurlarına uyğun olaraq müntəzəm və ya birdəfəlik əsaslarla digər İştirakçı dövlətə verilməsinə.

 

Maddə 15

Yurisdiksiya

 

1. Hər bir İştirakçı dövlət bu Konvensiyanın 5, 6, 8 və 23-cü maddələrinə uyğun olaraq cinayət kimi tanınmış cinayətlərə dair öz yurisdiksiyasının müəyyən edilməsi üçün tələb olunan tədbirlər görür:

a) cinayət həmin İştirakçı dövlətin ərazisində törədildikdə; və ya

b) cinayət, cinayət törədilən zaman İştirakçı dövlətin bayrağı altında üzən gəminin göyərtəsində və ya həmin İştirakçı dövlətin qanunvericiliyinə uyğun olaraq o zaman qeydiyyatda olan hava gəmisində törədildikdə.

2. Bu Konvensiyanın 4-cü maddəsinin şərtlərinə riayət etməklə İştirakçı dövlət eyni zamanda öz yurisdiksiyasını bu cür hər hansı bir cinayət barəsində müəyyən edə bilər:

a) cinayət həmin İştirakçı dövlətin vətəndaşına qarşı törədildikdə;

b) cinayət həmin İştirakçı dövlətin vətəndaşı tərəfindən və ya həmin dövlətin ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxs tərəfindən törədildikdə; və ya

c) cinayət:

i) bu Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq cinayət kimi tanınmış hər hansı cinayətlərdən biri olduqda və onun ərazisində ciddi cinayət törətmək məqsədi ilə onun hüdudlarından kənarda törədildikdə;

ii) bu Konvensiyanın 6-cı maddəsinin 1 (b)(i) bəndinə uyğun olaraq cinayət kimi tanınmış hər hansı cinayətlərdən biri olduqda və həmin Konvensiyanın 6-cı maddəsinin 1 (a)(i) və ya (ii) və ya (b)(ii) bəndlərinə əsasən cinayət kimi tanınmış hər hansı cinayətlərdən birinin törədilməsi məqsədi ilə onun hüdudlarından kənarda törədildikdə.

3. Bu Konvensiyanın 16-cı maddəsinin 10-cu bəndinin məqsədləri üçün hər bir İştirakçı dövlət, cinayət törətməkdə şübhəli bilinən şəxs onun ərazisində olduqda və o, bu cür şəxsin onun vətəndaşından biri olması səbəbinə görə həmin şəxsi vermədikdə, həmin Konvensiya ilə əhatə olunan cinayətlərə dair öz yurisdiksiyasını müəyyən etmək üçün lazımi tədbirlər görür.

4. Hər bir İştirakçı dövlət, cinayət törətməkdə şübhəli bilinən şəxs onun ərazisində olduqda və o, həmin şəxsi vermədikdə bu Konvensiya ilə əhatə olunan cinayətlərə dair öz yurisdiksiyasını müəyyən etmək üçün lazımi tədbirlər görür.

5. Əgər bu maddənin 1-ci və 2-ci bəndlərinə əsasən öz yurisdiksiyasını həyata keçirən İştirakçı dövlət bir və ya bir neçə İştirakçı dövlətdən eyni əməl ilə əlaqədar istintaqın, cinayət təqibinin və ya məhkəmə baxışının həyata keçirilməsi haqqında bildiriş alırsa və ya digər qaydada məlumatlandırılırsa, onda həmin İştirakçı dövlətlərin səlahiyyətli orqanları öz fəaliyyətlərini əlaqələndirmək məqsədi ilə lazım gəldikdə bir-biri ilə məsləhətləşmələr aparırlar.

6. Bu Konvensiya ümumi beynəlxalq hüquq norma larına xələl gətirmədən İştirakçı dövlətlərin öz daxili qanunvericiliyinə uyğun olaraq müəyyən etdiyi hər hansı cinayət yurisdiksiyasının həyata keçirilməsini istisna etmir.

 

Maddə 16

Cinayətkarın verilməsi

 

1. Bu maddə, bu Konvensiya ilə əhatə olunan cinayətlərə və ya əgər mütəşəkkil cinayətkar qrupun və verilməsi tələb olunan şəxsin 3-cü maddənin 1 (a) və ya (b) bəndində göstərilən cinayətlə əlaqəsi varsa, həmin hallarda tətbiq edilir, bu şərtlə ki, verilmə ilə əlaqəsi olan əməl həm sorğu edən İştirakçı dövlətin, həm də sorğu alan İştirakçı dövlətin daxili qanunvericiliyinə əsasən cinayət qanunu ilə cəzalandırılan əməl olsun.

2. Əgər verilmə haqqında sorğu bu maddə ilə əhatə olunmayan bəzi bir neçə fərdi ciddi cinayətə aiddirsə, onda sorğu alan İştirakçı dövlət bu maddəni həmin sonuncu cinayətlərə də tətbiq edə bilər.

3. Bu maddənin tətbiq edildiyi hər bir cinayət cinayətkarın verilməsi ilə nəticələnən cinayət kimi İştirakçı dövlətlər arasında verilmə haqqında mövcud olan istənilən müqaviləyə daxil edilmiş hesab edilir. İştirakçı dövlətlər bu cür cinayətləri cinayətkarın verilməsi ilə nəticələnən cinayət kimi gələcəkdə onlar arasında bağlanan hər hansı bir verilmə haqqında müqaviləyə daxil etməyi öz öhdələrinə götürürlər.

4. Əgər verilməni müqavilənin mövcudluğu ilə şərtləndirən İştirakçı dövlət, onunla verilmə haqqında müqaviləsi olmayan digər İştirakçı dövlətdən verilmə haqqında sorğu alırsa, onda o, bu Konvensiyasını bu maddənin tətbiq edildiyi hər hansı bir cinayətlə əlaqədar verilmə üçün hüquqi əsas kimi götürə bilər.

5. Verilməni müqavilənin mövcudluğu ilə şərtləndirən İştirakçı dövlətlər:

a) öz təsdiqnamələrini və ya bu Konvensiyanın qəbul edilməsi və ya təsdiq edilməsi və ya ona qoşulma haqqında sənədlərini saxlanca verərkən bu Konvensiyadan verilmə məsələlərində həmin Konvensiyanın digər İştirakçı dövlətləri ilə əməkdaşlıq üçün hüquqi əsas kimi istifadə edilib-edilməməsi barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bildirirlər; və

b) əgər onlar bu Konvensiyadan verilmə məsələlərində əməkdaşlıq üçün hüquqi əsas kimi istifadə etmirlərsə, onda onlar bu maddənin tətbiq edilməsi məqsədi ilə həmin Konvensiyanın digər İştirakçı dövlətləri ilə verilmə haqqında müqavilələr bağlamağa çalışırlar.

6. Verilməni müqavilənin mövcudluğu ilə şərtləndirməyən İştirakçı dövlətlər öz aralarındakı münasibətdə bu maddənin tətbiq edildiyi cinayətləri verilmə ilə nəticələnən cinayətlər kimi tanıyırlar.

7. Verilmə sorğu alan İştirakçı dövlətin daxili qanunvericiliyində nəzərdə tutulan müddəalara və ya verilmə haqqında tətbiq edilən müqavilələrə, o cümlədən verilməyə uyğun olaraq minimal cəza tələbləri ilə bağlı şərtlərə və sorğu alan İştirakçı dövlətin verilmədən imtina edə biləcəyi əsaslara uyğun olaraq həyata keçirilir.

8. Bu maddənin tətbiq edildiyi istənilən cinayətə münasibətdə, İştirakçı dövlətlər öz daxili qanunvericiliklərinə riayət etmək şərti ilə verilmə prosedurlarını sürətləndirmək və onunla bağlı sübutların təqdim edilməsi tələblərini sadələşdirmək üçün səy göstərirlər.

9. Öz daxili qanunvericiliyinin və verilmə haqqında bağladığı müqavilələrin müddəalarına riayət etmək şərti ilə İştirakçı dövlətlər, işin hallarının bunu tələb etdiyinə və təxirəsalınmaz xarakter daşıdığına əmin olaraq və İştirakçı dövlətin sorğusuna əsasən öz ərazisində olan, barəsində sorğu edilən şəxsi həbs edə bilər və ya verilmə proseduru zamanı onun iştirakını təmin etmək üçün digər lazımi tədbirlər görə bilər.

10. Ərazisində, cinayətin törədilməsində şübhəli bilinən şəxsin olduğu İştirakçı dövlət bu maddənin tətbiq edildiyi cinayətlə bağlı bu cür şəxsi, onun

vətəndaşlarından biri olduğuna görə təhvil verməzsə, onda həmin İştirakçı dövlət sorğu edən İştirakçı dövlətin xahişinə əsasən səbəbsiz ləngitmələrə yol vermədən, işi təqib məqsədi ilə öz səlahiyyətli orqanlarına verməyə borcludur. Bu orqanlar öz qərarlarım və işin icraatını həmin İştirakçı dövlətin daxili qanunvericiliyinə əsasən hər hansı bir digər ciddi xarakterli cinayətlərdə olduğu kimi burada da həmin qaydada qəbul etməli və həyata keçirməlidir. Maraqlı İştirakçı dövlətlər bu cür təqibin səmərəliliyini təmin etmək məqsədi ilə xüsusilə də prosessual və sübut etmə məsələlərində bir-biri ilə əməkdaşlıq edirlər.

11. İştirakçı dövlət onun öz daxili qanunvericiliyinə uyğun olaraq öz vətəndaşlarından birinin verilməsinə və ya digər qaydada ötürülməsinə icazə verdikdə, bu cür şərti verilmə və ya ötürülmə bu maddənin 10-cu bəndində müəyyən edilən öhdəliklərin yerinə yetirilməsi üçün kifayətdir; yalnız bu şərtlə ki, həmin şəxs məhkəmə araşdırması və ya icraatı zamanı təyin edilmiş cəzanı çəkmək üçün bu dövlətə qaytarılsın və həmin İştirakçı dövlət və bu şəxsin verilməsinə sorğu edən İştirakçı dövlət bu qayda ilə və onların müvafiq hesab etdiyi digər şərtlərlə razılaşsın.

12. Hökmün icra edilməsi məqsədi ilə, əgər şəxsin sorğu alan İştirakçı dövlətin vətəndaşı olmasına görə onun verilməsinə rədd cavabı verilirsə, onda sorğu alan İştirakçı dövlət, əgər onun daxili qanunvericiliyi buna icazə verirsə və o, bu cür qanunvericiliyin tələblərinə cavab verirsə, sorğu edən İştirakçı dövlətin müraciətinə əsasən sorğu edən İştirakçı dövlətin daxili qanunvericiliyinə uyğun olaraq çıxarılmış hökmün icrasının təmin edilməsi və ya hökmün qalan hissəsinin icra edilməsi məsələsini müzakirə edir.

13. Bu maddənin tətbiq edildiyi hər hansı bir cinayətlə əlaqədar barəsində cinayət işi açılan hər bir şəxsə, icraatın bütün mərhələlərində ədalətli rəftar, o cümlədən ərazisində olduğu İştirakçı dövlətin daxili qanunvericiliyində nəzərdə tutulan bütün hüquq və təminatların həyata keçirilməsinə zəmanət verilir.

14. Əgər sorğu alan İştirakçı dövlətin əhəmiyyətli dərəcədə əsası varsa ki, bu sorğunun məqsədi hər hansı şəxsi onun irqi, cinsi, dini, vətəndaşlıq, siyasi baxış və ya etnik mənsubiyyətindən asılı olaraq cəzalandırmaq və ya təqib etməkdir və ya bu sorğunun təmin edilməsi burada göstərilən səbəblərdən hər hansı birinə görə həmin şəxsin vəziyyətinə xələl gətirə bilər, bu konvensiyanın heç bir müddəası verilməyə dair öhdəlikləri müəyyən edən müddəa kimi şərh edilməməlidir.

15. İştirakçı dövlətlər verilmə haqqında sorğunun icra edilməsinə, yalnız onunla bağlı cinayətin həm də vergi məsələləri ilə əlaqəsi olmasına görə rədd cavabı verə bilməzlər.

16. Verilməyə rədd cavabı verilənə qədər sorğu alan İştirakçı dövlət sorğu edən İştirakçı dövlətlə, sonuncuya öz mülahizələrini və sorğuda əks olunan faktlarla əlaqədar məlumatı təqdim etmək üçün ona kifayət qədər imkan yaratmaq məqsədi ilə, lazım gəldikdə, məsləhətləşmələr aparır.

17. İştirakçı dövlətlər verilməni həyata keçirmək və ya onun səmərəliliyini artırmaq məqsədi ilə ikitərəfli və çoxtərəfli sazişlər və ya razılaşmalar bağlamağa çalışırlar.

 

Maddə 17

Məhkumların verilməsi

 

İştirakçı dövlətlər məhkumlar öz cəzalarını onların ərazisində çəkməsi üçün bu Konvensiya ilə əhatə olunan cinayətlərə görə həbs cəzasına və ya digər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin verilməsi haqqında ikitərəfli və ya çoxtərəfli sazişlərin və ya razılaşmaların bağlanması mümkünlüyünü müzakirə edə bilərlər.

 

Maddə 18

Qarşılıqlı hüquqi yardım

 

1. İştirakçı dövlətlər, 3-cü maddədə qeyd olunduğu kimi, bu Konvensiya ilə əhatə olunan cinayətlərlə əlaqədar istintaqda, cinayət təqibində və məhkəmə araşdırmasında bir-birinə ən geniş qarşılıqlı hüquqi yardım göstərir və əgər sorğu edən İştirakçı dövlətin 3-cü maddənin l(a) və ya (b) bəndlərində göstərilən cinayətin, təbiətcə transmilli olmasına, o cümlədən bu cür cinayətlərə dair zərərçəkmişlərin, şahidlərin, gəlirlərin və ya sübutların sorğu alan İştirakçı dövlətin ərazisində olmasına, habelə bu cinayətin törədilməsində mütəşəkkil cinayətkar qrupun əlaqəsinin olmasına kifayət qədər əsası varsa, onda onlar bir-birinə qarşılıqlı əsaslarla buna oxşar digər yardım göstərirlər.

2. Sorğu alan İştirakçı dövlətdə bu Konvensiyanın 10-cu maddəsinə uyğun olaraq məsuliyyətə hüquqi şəxsin cəlb edilməsi mümkünlüyünü nəzərdə tutan cinayətlərlə əlaqədar istintaqa, cinayət təqibinə və məhkəmə araşdırma sına dair qarşılıqlı hüquqi yardım sorğu alan İştirakçı dövlətin müvafiq qanunlarına, müqavilələrinə, sazişlərinə və razılaşmalarına əsasən mümkün olan həcmdə göstərilir.

3. Bu maddəyə uyğun olaraq göstərilən qarşılıqlı hüquqi yardım aşağıda göstərilən məqsədlər üçün xahiş oluna bilər:

a) şahid ifadələrinin və ya ayrı-ayrı şəxslərdən ərizələrin alınması;

b) məhkəmə sənədlərinin təqdim edilməsi;

c) axtarışın, götürmənin və ya həbs etmənin keçirilməsi;

d) obyektlərə və sahələrə baxış keçirilməsi;

e) məlumatın, maddi sübutların və ekspert reylərinin təqdim edilməsi;

f) müvafiq sənədlərin və materialların, o cümlədən hökumət, bank, maliyyə, korporativ və ya kommersiya sənədlərinin əsllərinin və ya onların müvafiq təsdiq edilmiş surətlərinin tәqdirә edilməsi;

g) sübutetmə məqsədi ilə cinayətdən əldə olunmuş gəlirlərin, əmlakın, cinayətin törədilməsində istifadə olunan vasitələrin və digər predmetlərin aşkar edilməsi və ya izlənilməsi;

h) müvafiq şəxslərin könüllü şəkildə sorğu edən İştirakçı dövlətin orqanlarına gəlməsini təmin etmək üçün yardımın göstərilməsi;

i) sorğu alan İştirakçı dövlətin daxili qanunvericiliyinə zidd olmayan hər hansı bir digər yardımın göstərilməsi.

4. Daxili qanunvericiliyə xələl gətirmədən İştirakçı dövlətin səlahiyyətli orqanları, əgər onlar hesab edirlərsə ki, bu cür məlumatın həmin orqanlara təqdim

edilməsi istintaqın və cinayət təqibinin həyata keçirilməsinə və ya onun müvəffəqiyyətlə başa çatmasına yardım edə bilər və ya sonuncu İştirakçı dövlət tərəfindən bu Konvensiyaya uyğun olaraq tərtib edilmiş sorğuya gətirib çıxara bilər, cinayət-hüquq məsələlərinə dair məlumatı əvvəlcədən bu barədə sorğu almadan digər İştirakçı dövlətin səlahiyyətli orqanına təqdim edə bilərlər.

5. Bu maddənin 4-cü bəndinə əsasən məlumatın ötürülməsi məlumatı təqdim edən səlahiyyətli orqanların dövlətində istintaqa və cinayət icraatına xələl gətirmədən həyata keçirilir. Məlumatı alan səlahiyyətli orqanlar hətta müvəqqəti olsa belə, həmin məlumatın məxfilik xarakterini qorumaq haqqında xahişi yerinə yetirir və ya onun istifadəsi ilə bağlı məhdudiyyətlərə əməl edir. Lakin bu, məlumatı alan İştirakçı dövlətə, onun ərazisində cinayət icraatı zamanı təqsirləndirilən şəxsə bəraət verən məlumatın açıqlanmasına mane olmur. Belə olduğu təqdirdə, məlumat açıqlanana qədər məlumatı alan İştirakçı dövlət məlumatı təqdim edən İştirakçı dövlətə bu barədə bildirir və bu barədə sorğu alındıqda, məlumatı təqdim edən İştirakçı dövlətlə məsləhətləşmələr aparır. Əgər xüsusi hallarda əvvəlcədən məlumatlandırmaq mümkün deyilsə, onda məlumatı alan İştirakçı dövlət təxirə salmadan bu cür açıqlama haqqında məlumatı təqdim edən İştirakçı dövləti məlumatlandırır.

6. Bu maddənin müddəaları qarşılıqlı hüquqi yardım məsələlərini tam və ya qismən tənzimləyən və ya gələcəkdə tənzimləyəcək istər ikitərəfli, istərsə də çoxtərəfli müqavilələrdən irəli gələn öhdəliklərə toxunmur.

7. Əgər müvafiq İştirakçı dövlətlər qarşılıqlı hüquqi yardım haqqında hər hansı bir müqavilə ilə bağlı deyilsə, bu maddənin 9-29-cu bəndləri bu maddəyə əsasən göndərilən sorğulara tətbiq edilir. Əgər həmin İştirakçı dövlətlər bu cür müqavilə ilə bağlıdırsa və əgər ancaq İştirakçı dövlətlər onların əvəzinə bu maddənin 9-29-cu bəndlərinin tətbiq edilməsi barədə razılığa gəlməyiblərsə, onda həmin müqavilənin müvafiq müddəaları tətbiq edilir. İştirakçı dövlətlərə, əgər bu onların əməkdaşlığına yardım edirsə, bu bəndlərin tətbiq edilməsi təkidlə təklif olunur.

8. İştirakçı dövlətlər bank sirrinə görə, bu maddəyə əsasən qarşılıqlı hüquqi yardımın göstərilməsindən imtina etməyəcəklər.

9. İştirakçı dövlətlər müvafiq əməlin cinayət olmasına dair ümumi razılığın olmamasına görə, bu maddəyə əsasən qarşılıqlı hüquqi yardımın göstərilməsindən imtina edə bilərlər. Buna baxmayaraq, sorğu alan İştirakçı dövlət, məqsədə müvafiq hesab etsə, müvafiq əməlin sorğu alan İştirakçı dövlətin daxili qanunvericiliyinə uyğun olaraq cinayət hesab edilib-edilməməsindən asılı olmayaraq, öz mülahizələrinə əsasən həcmini müəyyən etdiyi yardımı göstərə bilər.

10. Bir İştirakçı dövlətin ərazisində həbsdə olan və ya azadlıqdan məhrumetmə cəzasını çəkən və digər İştirakçı dövlətdə iştirakı tələb olunan şəxs, bu Konvensiya ilə əhatə olunan cinayətlərlə bağlı istintaq, cinayət təqibi və məhkəmə icraatı üçün şəxsiyyətin müəyyən edilməsi, ifadələrin verilməsi və ya sübutların alınmasında digər yardımın göstərilməsi məqsədi ilə aşağıdakı şərtlərə riayət etməklə verilə bilər:

a) həmin şəxs anlaqlı vəziyyətdə buna öz razılığını verdikdə;

b) hər iki İştirakçı dövlətin səlahiyyətli orqanı özünün müvafiq hesab etdiyi belə şərtlərlə razılığa gəldikdə.

11. Bu maddənin 10-cu bəndinin məqsədləri üçün:

a) verilən şəxsi qəbul edən İştirakçı dövlət, əgər şəxsi vermiş İştirakçı dövlət digər barədə xahiş etməmişdirsə və ya digər razılığa gəlməmişdirsə, verilmiş şəxsi həbs altında saxlamağa haqlıdır və bunu etməlidir;

b) verilən şəxsi qəbul edən İştirakçı dövlət, həmin şəxsin, onu vermiş İştirakçı dövlətin sərəncamına verilməsi üzrə öz üzərinə götürdüyü öhdəliyi, əvvəlcədən razılaşdırılmış qaydada və ya hər iki İştirakçı dövlətin səlahiyyətli orqanı tərəfindən razılaşdırılmış digər qaydada təxirə salmadan yerinə yetirir;

c) verilən şəxsi qəbul edən İştirakçı dövlət şəxsi vermiş İştirakçı dövlətdən həmin şəxsin qaytarılması üçün verilmə prosedurunun başlanmasını tələb etmir;

d) verilmiş şəxsin onu vermiş dövlətin ərazisində çәkdiyi cəzaçəkmə müddətinə onu qəbul etmiş İştirakçı dövlətdə həbsdə olma müddəti hesablanır.

12. Bu maddənin 10-cu və 11-ci bəndlərinə uyğun olaraq hər hansı bir şəxsi verməli İştirakçı dövlətin razılığı olmadan, həmin şəxs hərəkətlə, hərəkətsizliklə və ya həmin şəxsi vermiş dövlətin ərazisini tərk edənə qədər olan müddətə aid olan məhkumluqla əlaqədar, həmin şəxsin vətəndaşlığından asılı olmayaraq verildiyi dövlətin ərazisində cinayət təqibinə, həbs etməyə və ya hər hansı bir azadlıqdan məhrumetmə cəzasına məruz qala bilməz.

13. Hər bir İştirakçı dövlət qarşılıqlı hüquqi yardımın göstərilməsi haqqında sorğunun alınmasına və ya onun icra edilməsinə yaxud da həmin sorğunun səlahiyyətli orqanlar tərəfindən icra edilməsinə görə məsuliyyət daşıyan və müvafiq səlahiyyətə malik olan mərkəzi orqan təyin edir. Əgər İştirakçı dövlətdə xüsusi region və ya qarşılıqlı hüquqi yardımın göstərilməsi üzrə ayrıca sistemə malik olan ərazi mövcuddursa, onda həmin İştirakçı dövlət bu cür regiona və əraziyə dair həmin funksiyaları yerinə yetirən xüsusi mərkəzi orqan təyin edə bilər. Mərkəzi orqanlar aldıqları sorğuların təcili və lazımi qaydada icra edilməsini və ya həmin sorğuların ötürülməsini təmin edirlər. Əgər mərkəzi orqan aldığı sorğunu icra olunması məqsədi ilə səlahiyyətli orqana təqdim edirsə, onda bu orqan həmin sorğunun səlahiyyətli orqan tərəfindən təcili və lazımi qaydada icra edilməsinə yardım edir. Hər bir İştirakçı dövlət ratifikasiya fərmanı və ya bu Konvensiyanın qəbul və ya təsdiq edilməsi və ya ona qoşulması haqqında öz sənədini saxlanca verərkən, Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu məqsədlə təyin edilmiş mərkəzi orqan haqqında məlumatlandırılır. Qarşılıqlı hüquqi yardımın göstərilməsi haqqında sorğular və ya ona aid olan digər məlumatlar İştirakçı dövlətlər tərəfindən təyin edilmiş mərkəzi orqanlara ötürülür. Bu tələb İştirakçı dövlətin bu cür sorğuları və məlumatları ona diplomatik kanallarla və fövqəladə vəziyyətlərdə, İştirakçı dövlətlər bu barədə razılığa gəldikdə və əgər bu mümkündürsə, Beynəlxalq Cinayət Polisi Təşkilatı vasitəsi ilə göndərilməsini tələb etmək hüququna xələl gәtirmir.

14. Sorğular yazılı şəkildə və ya, əgər bu mümkündürsə, yazılı şəkildə tərtib edilməsini mümkün edən hər hansı digər vasitәlәrlә, sorğu alan İştirakçı dövlətə onun autentikliyini müəyyən etməyə imkan verən şərtlərlə və həmin dövlətin məqbul hesab etdiyi dildə göndərilir. Ratifikasiya fərmanı və ya bu

Konvensiyanın qəbul və ya təsdiq edilməsi və ya ona qoşulması haqqında sənəd saxlanca verilərkən, Birləşmiş Millətlər Təşkilatının Baş katibi hər bir İştirakçı dövlət üçün məqbul sayılan dil və ya dillər barədə məlumatlandırılır. Fövqəladə vəziyyətlərdə və İştirakçı dövlətlərlə razılaşdırdıqda, sorğular şifahi şəkildə göndərilə bilər, lakin həmin sorğular sonra təxirə salınmadan yazılı şəkildə təsdiq edilir.

15. Qarşılıqlı hüquqi yardım haqqında sorğuda aşağıdakılar göstərilir:

a) sorğu ilə müraciət edən orqanın adı;

b) sorğunun aid olduğu məsələnin mahiyyəti, istintaqın, cinayət təqibinin və ya məhkəmə icraatının xarakteri, habelə həmin istintaqı, cinayət təqibini və ya məhkəmə icraatını həyata keçirən orqanın adı və funksiyaları;

c) məhkəmə sənədlərinin təqdim edilməsinə dair sorğuları istisna etmək şərti ilə müəyyən faktların qısa xülasəsi;

d) sorğu edən İştirakçı dövlətin həyata keçirməsini xahiş etdiyi yardımın təsviri və hər hansı bir konkret prosedurlar haqqında ətraflı məlumat;

e) hər hansı bir şəxsin şəxsiyyəti, olduğu yer və vətəndaşlığı haqqında mümkün qədər məlumat; və

f) xahiş olunan sübutların, məlumatların və ya tədbirlərin məqsədi.

16. Sorğu alan İştirakçı dövlət, əgər bu onun öz daxili qanunvericiliyinə uyğun olaraq sorğunun icra edilməsi üçün zəruri hesab edilərsə və əgər bu, həmin sorğunun icra edilməsini asanlaşdıra bilərsə, əlavə məlumatın təqdim edilməsini xahiş edə bilər.

17. Sorğu, onu alan İştirakçı dövlətin daxili qanunvericiliyinə uyğun olaraq və onun daxili qanunvericiliyinə zidd olmayan həcmdə və mümkün qədər sorğuda göstərilmiş prosedurlara uyğun olaraq icra edilir.

18. Mümkün qədər və daxili qanunvericiliyinin başlıca prinsiplərinə uyğun olaraq, əgər hər hansı bir şəxs İştirakçı dövlətin ərazisindədirsə və həmin şəxs digər İştirakçı dövlətin məhkəmə orqanları tərəfindən şahid və ya ekspert qismində dinlənilməlidirsə, onda birinci İştirakçı dövlət, əgər həmin şəxsin sorğu edən İştirakçı dövlətin ərazisində şəxsi iştirakı mümkün deyilsə və ya məqsədə müvafiq deyilsə, dinləmənin videorabitənin köməyi ilə aparılmasına icazə verə bilər. İştirakçı dövlətlər, dinləmənin sorğu edən İştirakçı dövlətin məhkəmə orqanı tərəfindən sorğu alan İştirakçı dövlətin məhkəmə orqanları nümayəndələrinin iştirakı ilə keçirilməsi haqqında razılığa gələ bilərlər.

19. Sorğu edən İştirakçı dövlət istintaqın, cinayət təqibinin və ya məhkəmə araşdırma sının həyata keçirilməsi məqsədi ilə ona sorğu alan İştirakçı dövlət tərəfindən təqdim edilən və sorğuda göstərilən məlumatlardan və sübutlardan fərqli olaraq digər məlumatları və sübutları sorğu alan İştirakçı dövlətin buna öncə razılığı olmadan ötürmür və ya istifadə etmir. Bu bəndin heç bir müddəası sorğu alan İştirakçı dövlətdə icraat gedən zaman təqsirləndirilən şəxsə bəraət verən məlumatların və sübutların açıqlanmasına mane olmur. Belə olduğu təqdirdə, sorğu edən İştirakçı dövlət məlumatlar və ya sübutlar açıqlanana qədər sorğu alan İştirakçı dövləti məlumatlandırır və əgər bu barədə sorğu alınıbsa, sorğu alan İştirakçı dövlətlə məsləhətləşmələr aparır. Əgər xüsusi hallarda, əvvəlcədən məlumatlandırmaq mümkün deyilsə, onda sorğu edən İştirakçı dövlət bu cür açıqlama haqqında sorğu alan İştirakçı dövləti məlumatlandırır.

20. Sorğu edən İştirakçı dövlət sorğunun icrası üçün vacib sayılanlar istisna olmaqla, tələb edə bilər ki, sorğu alan İştirakçı dövlət sorğunun verilməsini və onun mahiyyətinin məxfiliyini qorusun. Əgər sorğu alan İştirakçı dövlət məxfiliyə dair tələbləri yerinə yetirə bilmirsə, o, bu barədə dərhal sorğu edən İştirakçı dövlətə məlumat verir.

21. Qarşılıqlı hüquqi yardımdan imtina oluna bilər:

a) əgər sorğu bu maddənin müddəalarına uyğun olaraq təqdim edilməyibsə;

b) əgər sorğu alan İştirakçı dövlət hesab edirsə ki, sorğunun yerinə yetirilməsi onun suverenliyinə, təhlükəsizliyinə, ictimai asayişinə və ya digər əhəmiyyətli maraqlarına xələl gətirə bilər;

c) əgər sorğu alan İştirakçı dövlətin daxili qanunvericiliyi onun orqanına hər hansı bir oxşar cinayətə dair xahiş olunan tədbirlərin həyata keçirilməsini qadağan edirsə, əgər bu cür cinayət onun yurisdiksiyası daxilində istintaqın, cinayət təqibinin və ya məhkəmə baxışının predmeti olsaydı;

d) əgər sorğunun yerinə yetirilməsi qarşılıqlı hüquqi yardım məsələlərinə dair sorğu alan İştirakçı dövlətin hüquqi sisteminə ziddirsə.

22. İştirakçı dövlətlər qarşılıqlı hüquqi yardım haqqında sorğunun onda göstərilmiş cinayətin yalnız vergi məsələləri ilə əlaqəsi olduğuna görə icra edilməsindən imtina edə bilməzlər.

23. Qarşılıqlı hüquqi yardımın göstərilməsinə dair hər hansı bir imtina əsaslandırılmalıdır.

24. Sorğu alan İştirakçı dövlət qarşılıqlı hüquqi yardım haqqında sorğunun yerinə yetirilməsini imkan daxilində qısa müddətdə həyata keçirir və sorğu edən İştirakçı dövlətin təqdim etdiyi və sorğunun özündə xüsusi əsaslandırılmış hər hansı bir son müddəti, mümkün qədər tam şəkildə nəzərə alır. Sorğu alan İştirakçı dövlət sorğunun yerinə yetirilməsi ilə bağlı gedişata dair sorğu edən İştirakçı dövlətin müraciətlərinə cavab verir. Sorğu edən İştirakçı dövlət sorğu alan İştirakçı dövlətə dərhal məlumat verir ki, xahiş olunan yardıma daha ehtiyac duyulmur.

25. Qarşılıqlı hüquqi yardımın göstərilməsinin istintaqa, cinayət təqibinə və ya məhkəmə baxışma əngəl törədə biləcəyinə əsas olduqda, həmin yardımın göstərilməsi sorğu alan İştirakçı dövlət tərəfindən təxirə salına bilər.

26. Bu maddənin 21-ci bəndinə əsasən sorğunun yerinə yetirilməsindən imtina edənə qədər və ya bu maddənin 25-ci bəndinə əsasən sorğunun yerinə yetirilməsini təxirə salana qədər sorğu alan İştirakçı dövlət, yardımın sorğu alan İştirakçı dövlətin zəruri hesab etdiyi müddətdə və şərtlərlə göstərilib-göstərilə bilməməsini müəyyən etmək üçün sorğu edən İştirakçı dövlətlə məsləhətləşmələr aparır. Əgər sorğu edən İştirakçı dövlət yardımı bu cür şərtlərlə qəbul edirsə, onda o, həmin şərtlərə riayət edir.

27. Bu maddənin 12-ci bəndinin tətbiqinə xələl gətirmədən sorğu edən İştirakçı dövlətin xahişi ilə sorğu edən İştirakçı dövlətin ərazisində icraat zamanı ifadə verməyə və ya istintaqın, cinayət təqibinin və ya məhkəmə baxışının keçirildiyi zaman yardım etməyə razılıq verən şahid, ekspert və ya digər şəxs hərəkətə, hərəkətsizliyə və ya sorğu alan İştirakçı dövlətin ərazisini tərk edənə qədər olan müddətə aid olan məhkumetmə ilə əlaqədar bu ərazidə cinayət təqibinə, həbsetməyə, cəzalandırılmaya və ya hər hansı bir şəxsi azadlığın məhdudlaşdırılmasına məruz qala bilməz. Əgər şahid, ekspert və ya digər şəxs, onun iştirakının məhkəmə orqanlarına daha lazım olmaması barədə rəsmi məlumatlandırıldığı tarixdən etibarən 15 ardıcıl gün ərzində və ya İştirakçı dövlətlər arasında razılaşdırılmış istənilən müddət ərzində könüllü olaraq bu ərazidə qalmışdırsa və ya onu tərk etdikdən sonra öz şəxsi təşəbbüsü ilə geri qayıtmışdırsa, bu cür şəxsi təhlükəsizlik təminatının təsiri bitmiş hesab edilir.

28. Sorğunun icrası ilə bağlı adi xərclər, əgər maraqlı İştirakçı dövlətlər digər razılığa gəlməyiblərsə, sorğu alan İştirakçı dövlət tərəfindən ödənilir. Əgər sorğunun icrası üçün əhəmiyyətli və ya fövqəladə xərclər tələb olunursa və ya tələb olunarsa, onda İştirakçı dövlətlər, sorğunun yerinə yetirilməsi, habelə xərclərin ödənilməsi qaydaları və şərtlərinin müəyyən edilməsi məqsədi ilə məsləhətləşmələr aparırlar.

29. Sorğu alan İştirakçı dövlət:

a) özünün sərəncamında olan və öz daxili qanunvericiliyinə uyğun olaraq ictimaiyyət üçün açıq olan hökumət materiallarının, sənədlərinin və ya məlumatlarının surətlərini sorğu edən İştirakçı dövlətə təqdim edir;

b) öz mülahizəsinə əsasən, tam və ya qismən və ya özünün münasib hesab etdiyi şərtlərə riayət etməklə özünün sərəncamında olan və öz daxili qanunvericiliyinə uyğun olaraq ictimaiyyət üçün açıq olan hökumət materiallarının, sənədlərinin və ya məlumatlarının surətlərini sorğu edən İştirakçı dövlətə təqdim edir.

30. İştirakçı dövlətlər, lazım gəldikdə, bu maddənin məqsədlərinə cavab verən, onun həyata keçirilməsini təmin edən və ya onun müddəalarını gücləndirən ikitərəfli və çoxtərəfli razılaşmaların və ya müqavilələrin bağlanması mümkünlüyünü müzakirə edirlər.

 

Maddə 19

Birgə istintaqlar

 

İştirakçı dövlətlər, bir və ya bir neçə dövlətdə istintaqın, cinayət təqibinin və ya məhkəmə baxışının predmeti olan işlərlə əlaqədar maraqlı səlahiyyətli orqanlara birgə istintaqların aparılması üzrə orqanların yaradılmasına səlahiyyət vermək üçün əsas olan ikitərəfli və ya çoxtərəfli sazişlər və ya razılaşmaların bağlanılması mümkünlüyünü müzakirə edirlər. Bu cür sazişlərin və ya razılaşmaların olmadığı təqdirdə, birgə istintaqlar hər bir xüsusi halda razılaşma əsasında həyata keçirilir. Müvafiq İştirakçı dövlətlər, ərazisində bu cür istintaqın aparılacağı İştirakçı dövlətin suverenliyinə tam hörmət bəsləyir.

 

Maddə 20

İstintaqın xüsusi üsulları

 

1. Əgər buna onun daxili hüquqi sisteminin başlıca prinsipləri icazə verirsə, hər bir İştirakçı dövlət öz imkanları çərçivəsində və onun daxili qanunvericiliyinin müəyyən etdiyi şərtlərlə öz ərazisində mütəşəkkil cinayətkarlıqla səmərəli mübarizə aparmaq məqsədi ilə öz səlahiyyətli orqanlarına nəzarət qaydasında mal alınmasının istifadə edilməsinə və məqsədəmüvafiq hesab etdiyi hallarda, elektron müşahidə və ya digər müşahidə formaları, habelə agentlik əməliyyatları kimi digər xüsusi istintaq üsullarının istifadə edilməsinə icazə vermək üçün lazımi tədbirlər görür.

2. Bu Konvensiya ilə əhatə olunan cinayətlərin istintaqı məqsədi ilə İştirakçı dövlətlər, beynəlxalq səviyyədə əməkdaşlıq kontekstində bu kimi xüsusi istintaq üsullarının istifadə edilməsinə dair, lazım gəldikdə, müvafiq ikitərəfli və ya çoxtərəfli sazişlərin və ya razılaşmaların bağlanmasına təşviq edilməlidirlər. Bu cür sazişlər və ya razılaşmalar dövlətlərin suverenlik, bərabərlik prinsipinə tam şəkildə riayət etməklə bağlanır və yerinə yetirilir və bu sazişlərin və ya razılaşmaların şərtlərinə uyğun şəkildə dəqiqliklə həyata keçirilir.

3. Bu maddənin 2-ci bəndində göstərilən sazişlər və ya razılaşmalar mövcud olmadığı təqdirdə, bu cür xüsusi istintaq üsullarının beynəlxalq səviyyədə istifadə edilməsi haqqında qərarlar hər bir xüsusi halda qəbul edilir və lazım gəldikdə, maraqlı İştirakçı dövlətlər tərəfindən yurisdiksiyanın həyata keçirilməsinə dair maliyyə razılaşmaları və qarşılıqlı anlaşmalar nəzərdə tuta bilər.

4. Nəzarət qaydasında mal alınmasından beynəlxalq səviyyədə istifadə haqqında qərarlarda maraqlı İştirakçı dövlətlərin icazəsi ilə yüklərin tutulması və onların toxunulmamış vəziyyətdə saxlanılması və ya yüklərin tam və ya qismən dəyişdirilməsi və ya götürülməsi kimi üsullar nəzərdə tutula bilər.

 

Maddə 21

Cinayət icraatının verilməsi

 

İştirakçı dövlətlər hesab etsələr ki, cinayət icraatının verilməsi ədalət mühakiməsinin lazımi qaydada aparılması tələblərinə cavab verəcək və xüsusilə cinayət işlərinin birləşdirilməsində bir neçə yurisdiksiyanın maraqlarına toxunulacaq, cinayət təqibi məqsədi ilə bu Konvensiya ilə əhatə olunan cinayətlə əlaqədar cinayət icraatının qarşılıqlı verilməsi mümkünlüyünü müzakirə edirlər.

 

Maddə 22

Məhkumluq haqqında məlumat

 

Hər bir İştirakçı dövlət, istintaqı aparılan cinayətin törədilməsində şübhəli bilinən şəxs barəsində digər dövlətdə əvvəl çıxarılmış hər hansı bir ittiham hökmünün, özü məqsədəmüvafiq hesab etdiyi şərtlər və məqsədlər əsasında nəzərə alınması və bu cür məlumatın bu Konvensiya ilə əhatə olunan cinayətlə əlaqədar cinayət icraatı zamanı istifadəsi üçün zəruri ola bilən qanunverici və ya digər tədbirlər görə bilər.

 

Maddə 23

Ədalət mühakiməsi əleyhinə olan cinayətlərin kriminallaşdırılması

 

Hər bir İştirakçı dövlət aşağıdakı əməlləri, onlar qəsdən törədildikdə, cinayət qanunu ilə cəzalandırılan cinayətlər kimi tanımaq üçün müvafiq qanunverici və digər tədbirlər görür:

a) bu Konvensiya ilə əhatə olunan cinayətlə əlaqədar icraat zamanı yalan ifadələrin verilməsinə sövq etmək və ya sübutlar təqdim edilən və ya ifadə verilən zaman prosesə müdaxilə etmək məqsədi ilə fiziki qüvvə tətbiqi, hәdә-qorxu gəlmə və ya qorxutma və ya qeyri-qanuni mənfəət vəd, təklif və ya təqdim etmə;

b) bu Konvensiya ilə əhatə olunan cinayətlə əlaqədar icraat zamanı məhkəmə orqanlarının və ya hüquq mühafizə orqanlarının vəzifəli şəxslərinin vəzifə borcunun yerinə yetirilməsinə müdaxilə etmək məqsədi ilə fiziki qüvvənin tətbiqi, hədə-qorxu gəlmə və ya qorxutma. Bu yarımbəndin müddəaları İştirakçı dövlətlərə digər kateqoriyalı dövlət vəzifəli şəxslərin müdafiəsini təmin edən qanunvericiliyə malik olması hüququna xələl gətirmir.

 

Maddə 24

Şahidlərin müdafiəsi

 

1. Hər bir İştirakçı dövlət öz imkanları daxilində, cinayət icraatında iştirak edən və bu Konvensiya ilə əhatə olunan cinayətlərə dair ifadə verən şahidlər barəsində və lazım gəldikdə, onların qohumları və onlara yaxın olan digər şəxslər barəsində ehtimal olunan qisasdan və ya hədə-qorxudan səmərəli müdafiənin təmin edilməsinə yönələn tədbirlər görür.

2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulan tədbirlərə, təqsirləndirilən şəxsin hüquqlarına, o cümlədən lazımi qaydada araşdırma hüququna xələl gətirmədən, xüsusilə aşağıdakılar daxil edilə bilər:

a) bu cür şəxslərin fiziki müdafiəsi üçün prosedurların müəyyən edilməsi, məsələn, lazım gəldikdə və praktiki cəhətdən həyata keçirilməsi mümkün olduqda, onların digər yerə köçürülməsi və lazım gəldikdə, bu cür şəxslərin şəxsiyyətinə və olduqları yerə aid olan məlumatın açıqlanmaması və ya bu cür məlumatın açıqlanmasına məhdudiyyətlərin qoyulması;

b) şahidə, şahid ifadələrinin verilməsinə təhlükəsizliyi təmin edən sübutetmə qaydalarının qəbul edilməsi, məsələn videorabitə və ya digər oxşar vasitələr kimi rabitə vasitələri ilə şahid ifadələrinin verilməsinə icazə vermək.

3. İştirakçı dövlətlər bu maddənin 1-ci bəndində göstərilən şəxslərin köçürülməsinə dair digər dövlətlərlə sazişlərin və razılaşmaların bağlanması məsələsini müzakirə edirlәr.

4. Bu maddənin müddəaları həmçinin şahid qismində çıxış etdiyinə görə zərərçəkmişlərə də tətbiq edilir.

 

Maddə 25

Zərərçəkmişlərə yardım və onların müdafiəsi

 

1. Hər bir İştirakçı dövlət bu Konvensiya ilə əhatə olunan cinayətlərdən, xüsusilə də qisas və ya hədə-qorxu gəlmə hallarında zərərçəkmiş şəxslərə yardımın göstərilməsi və müdafiə olunması üçün öz imkanları daxilində müvafiq tədbirlər görür.

2. Hər bir İştirakçı dövlət bu Konvensiya ilə əhatə olunan cinayətlərdən zərərçəkmiş şəxslərə zərərin ödənilməsi və onlar tərəfindən kompensasiyanın alınmasını təmin etmək üçün müvafiq prosedurlar müəyyən edir.

3. Hər bir İştirakçı dövlət öz daxili qanunvericiliyinə riayət etmək şərti ilə zərərçəkmişlərə cinayət icraatının müvafiq mərhələlərində cinayəti törətmiş şəxslər barəsində öz fikir və narahatlıqlarını izah etmək üçün elə bir imkan yaradır ki, bu, müdafiənin hüquqlarına xələl gətirməsin.

 

Maddə 26

Hüquq mühafizə orqanları ilə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş tədbirlər

 

1. Hər bir İştirakçı dövlət mütəşəkkil cinayətkar qruplarda iştirak edən və ya iştirak etmiş şəxsləri aşağıdakılara təşviq etmək üçün lazımi tədbirlər görür:

a) istintaq və sübutetmə məqsədi ilə aşağıda göstərilən məsələlərlə əlaqədar səlahiyyətli orqanlar üçün faydalı ola bilən məlumatın təqdim edilməsi:

i) mütəşəkkil cinayətkar qrupları aşkar edən məlumatlar, onların xarakteri, üzvlük tərkibi, strukturu, olduqları yer və fəaliyyəti kimi məsələlərlə əlaqədar;

ii) digər mütəşəkkil cinayətkar qruplarla əlaqədar, o cümlədən beynəlxalq əlaqələr kimi məsələlərlə əlaqədar;

iii) mütəşəkkil cinayətkar qrupların törətdiyi və ya törədə biləcəyi cinayətlər kimi məsələlərlə əlaqədar;

b) səlahiyyətli orqanlar üçün mütəşəkkil cinayətkar qrupları cinayətlərdən əldə etdikləri gəlirlərdən və ya resurslardan məhrum etməsinə kömək edə bilən faktiki, konkret yardımın göstərilməsinə.

2. Hər bir İştirakçı dövlət, lazım gəldikdə, bu Konvensiya ilə əhatə olunan cinayətlə əlaqədar istintaqda və ya cinayət təqibində əhəmiyyətli dərəcədə əməkdaşlıq edən təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi mümkünlüyünün nəzərə alınması məsələsini müzakirə edir.

3. Hər bir İştirakçı dövlət, öz daxili qanunvericiliyinin başlıca prinsiplərinə uyğun olaraq, bu Konvensiya ilə əhatə olunan cinayətlə əlaqədar istintaqda və ya cinayət təqibində əhəmiyyətli dərəcədə əməkdaşlıq edən şəxsə cinayət təqibindən immunitetin təqdim edilməsi mümkünlüyünün nəzərə alınması məsələsini müzakirə edir.

4. Bu cür şəxslərin müdafiəsi bu Konvensiyanın 24-cü maddəsində nəzərdə tutulan qaydada həyata keçirilir.

5. Bu maddənin 1-ci bəndində adı çəkilən şəxs bir İştirakçı dövlətin ərazisində olaraq digər İştirakçı dövlətin səlahiyyətli orqanları ilə əhəmiyyətli dərəcədə əməkdaşlıq edə bildiyi halda, maraqlı İştirakçı dövlətlər öz daxili qanunvericiliyinə uyğun olaraq bu maddənin 2-ci və 3-cü bəndlərində göstərilən rejimin təqdim edilməsi mümkünlüyünə dair sazişlərin və ya razılaşmaların bağlanılması mümkünlüyünü müzakirə edə bilərlər.

 

Maddə 27

Hüquq mühafizə orqanları arasında əməkdaşlıq

 

1. İştirakçı dövlətlər bu Konvensiya ilə əhatə olunan cinayətlərlə mübarizə üçün hüquq mühafizə tədbirlərinin səmərəliyini artırmaq məqsədi ilə öz daxili hüquqi və inzibati sistemlərinə uyğun fəaliyyət göstərərək bir-biri ilə sıx əməkdaşlıq edirlər. Hər bir İştirakçı dövlət, xüsusilə aşağıdakılara yönəlmiş səmərəli tədbirlər görür:

a) onların səlahiyyətli orqanları, təşkilatları və xidmətləri arasında, bu Konvensiya ilə əhatə olunan cinayətlərin bütün aspektlərinə dair, o cümlədən, əgər maraqlı İştirakçı dövlətlər bunu məqsədəmüvafiq hesab etsələr, cinayətkar fəaliyyətin digər növlərinin bütün aspektlərinə dair məlumatın tez və təhlükəsiz mübadiləsini təmin etmək üçün rabitə kanallarının yaradılması və lazım gəldikdə möhkəmləndirilməsi;

b) aşağıdakıları aşkar etmək məqsədi ilə bu Konvensiya ilə əhatə olunan cinayətlərlə əlaqədar istintaqın aparılmasında digər İştirakçı dövlətlərlə əməkdaşlıq:

i) bu cür cinayətlərin törədilməsində iştirak etməsi şübhə doğuran şəxslərin şəxsiyyətini, olduğu yeri və fəaliyyətini və ya bununla əlaqəsi olan digər şəxslərin olduğu yeri;

ii) cinayətdən əldə olunan gəlirin və ya bu cür cinayətlərin törədilməsi nəticəsində əldə olunan əmlakın yerdəyişməsini;

iii) bu cür cinayətlərin törədilməsində istifadə olunan və ya bu cür cinayətlərin törədilməsi üçün nəzərdə tutulan əmlakın, avadanlığın və ya digər vasitələrin yerdəyişməsini;

c) yoxlama və istintaq məqsədləri üçün, lazım gəldikdə, zəruri əşyaların və ya lazımi miqdarda maddələrin təqdim edilməsi;

d) onların səlahiyyətli orqanları, təşkilatları və xidmətləri arasında əlaqələndirmənin səmərəliyini artırma q, əməkdaşların və digər ekspertlərin mübadiləsini təşviq etmək, o cümlədən maraqlı İştirakçı dövlətlər arasında ikitərəfli sazişlərin və ya razılaşmaların bağlanılması şərti ilə əlaqələndirici əməkdaşların göndərilməsi üçün kömək göstərilməsi;

e) mütəşəkkil cinayətkar qruplar tərəfindən istifadə olunan vasitələr və üsullar, o cümlədən, lazım gəldikdə, marşrutlar və nəqliyyat vasitələri, habelə saxta şəxsiyyət vəsiqələrindən, dəyişdirilmiş və ya saxta düzəldilmiş sənədlərdən və ya onların fəaliyyətini gizlədən digər vasitələrdən istifadə edilməsi haqqında məlumat mübadiləsi;

f) lazımi hallarda bu Konvensiya ilə əhatə olunan cinayətlərin vaxtlı-vaxtında açılması məqsədi ilə görülən inzibati və digər tədbirlərin əlaqələndirilməsi və məlumat mübadiləsi.

2. Bu Konvensiyanın praktiki cəhətdən tətbiq edilməsi məqsədi ilə İştirakçı dövlətlər öz hüquq mühafizə orqanları arasında bilavasitə əməkdaşlığı nəzərdə tutan ikitərəfli və ya çoxtərəfli sazişlərin və ya razılaşmaların bağlanılması mümkünlüyünü, bu cür sazişlərin və ya razılaşmaların mövcud olduğu təqdirdə, onlara dəyişikliklərin edilməsi mümkünlüyünü müzakirə edirlər. Bu cür razılaşma və ya saziş mövcud olmadığı təqdirdə, maraqlı İştirakçı dövlətlər bu Konvensiyanı həmin Konvensiya ilə əhatə olunan cinayətlərə dair öz hüquq mühafizə orqanları arasında qarşılıqlı əməkdaşlıq üçün əsas kimi götürə bilər. İştirakçı dövlətlər, lazım gəldikdə, öz hüquq mühafizə orqanları arasında əməkdaşlığı genişləndirmək üçün beynəlxalq və regional təşkilatların sazişlərindən və razılaşmalarından, o cümlədən mexanizmlərindən tam həcmdə istifadə edirlər.

3. İştirakçı dövlətlər müasir texnologiyaların istifadəsi ilə törədilən transmilli mütəşəkkil cinayətlərə əks təsir göstərmək məqsədi ilə öz imkanları daxilində əməkdaşlığa çalışırlar.

 

Maddə 28

Mütəşəkkil cinayətkarlığın xarakteri haqqında məlumatın toplanması və təhlili və bu cür məlumatın mübadiləsi

 

1. Hər bir İştirakçı dövlət elmi tədqiqat dairələri ilə məsləhətləşmələr əsasında öz ərazisində mütəşəkkil cinayətkarlıq sahəsində tendensiyanın, mütəşəkkil cinayətkarlığın mövcud olduğu şəraitin, habelə cəlb olunan peşəkar qrupların və istifadə olunan texnologiyaların təhlilinin aparılması mümkünlüyünü müzakirə edir.

2. İştirakçı dövlətlər mütəşəkkil cinayətkarlıq fəaliyyətinə dair təhlilədici biliklərin genişləndirilməsi və öz aralarında və ya beynəlxalq və regional təşkilatlar vasitəsi ilə həmin biliklərin mübadiləsi mümkünlüyünü müzakirə edirlər. Bu məqsədlə də, lazım gəldikdə, ümumi təriflər, anlayışlar, standartlar və metodologiyalar işlənib hazırlanmalı və istifadə edilməlidir.

3. Hər bir İştirakçı dövlət mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə öz siyasətinə nəzarət etmək və onların səmərəlilik və təsirlilik dərəcəsinin qiymətləndirilməsi mümkünlüyünü müzakirə edir.

 

Maddə 29

Kadrların hazırlanması və texniki yardım

 

1. Hər bir İştirakçı dövlət bu Konvensiya ilə əhatə olunan cinayətlərin qarşısının alınmasına, aşkar edilməsinə və aradan qaldırılmasına məsul olan hüquq mühafizə orqanları işçilərinin, o cümlədən prokurorluq işçilərinin, müstəntiqlərin və gömrük orqanı əməkdaşlarının, habelə digər əməkdaşların konkret hazırlıq proqramlarını həyata keçirir, işləyib hazırlayır və ya təkmilləşdirir. Bu cür proqramlar əməkdaşların mübadiləsini və onların ezam edilməsini özündə əks etdirə bilər. Bu cür proqramlar, xüsusilə də buna daxili qanunvericilik icazə verdiyi həcmdə aşağıdakı məsələlərə aid edilir:

a) bu Konvensiya ilə əhatə olunan cinayətlərin qarşısının alınmasında, aşkar edilməsində və aradan qaldırılmasında istifadə olunan üsullar;

b) bu Konvensiya ilə əhatə olunan cinayətlərlə əlaqədə şübhəli bilinən şəxslərin istifadə etdikləri marşrut və vasitələr, o cümlədən tranzit ölkələrdə istifadə etdikləri marşrut və vasitələr, habelə müvafiq cavab tədbirləri;

c) qaçaqmalçılıq predmetlərinin yerdəyişməsinə nəzarət;

d) cinayətdən əldə olunan gəlirlərin, əmlakın, avadanlığın və ya cinayətin törədilməsində istifadə olunan digər vasitələrin yerdəyişməsini aşkar etmək və bu cür yerdəyişməyə nəzarət və cinayətdən əldə olunan gəlirlərin, əmlakın, avadanlığın və ya cinayətin törədilməsində istifadə olunan digər vasitələrin gizlədilməsi, ört-basdır edilməsi və ötürülməsi üsullarını aşkar etmək və bu cür üsullara nəzarət, habelə pul vəsaitlərinin yuyulmasında və digər maliyyə cinayətlərində istifadə olunan üsullar;

e) sübutların toplanması;

f) azad ticarət zonalarında və azad limanlarda nəzarət üsulları;

g) hüquq mühafizə orqanlarının işində istifadə olunan müasir avadanlıq və üsullar, o cümlədən elektron müşahidə, nəzarət qaydasında mal alınma və agentur əməliyyatlar;

h) kompüterlərin, telekommunikasiya şəbəkələrinin və müasir texnologiyaların digər vasitələrinin istifadəsi ilə törədilən transmilli mütəşəkkil cinayətlərlə mübarizədə istifadə olunan üsullar; və

i) zərərçəkmişlərin və şahidlərin müdafiəsində istifadə olunan üsullar.

2. İştirakçı dövlətlər tədqiqat proqramlarının və bu maddənin 1-ci bəndində göstərilən sahələrdə xüsusi bilik mübadiləsinin təmin edilməsi məqsədini daşıyan kadrlar mübadiləsinin planlaşdırılmasında və həyata keçirilməsində bir-birinə kömək göstərir və bu məqsədlə də lazım gəldikdə, əməkdaşlığa yardım etmək və qarşılıqlı maraq doğuran problemləri, o cümlədən tranzit ölkələrin xüsusi problem və tələbatlarını müzakirə etmək üçün regional və beynəlxalq konfranslardan istifadə edirlər.

3. İştirakçı dövlətlər kadrların hazırlanmasına və cinayətkarların verilməsinə və qarşılıqlı hüquqi yardımın göstərilməsinə yardım edə biləcək texniki yardımın göstərilməsinə kömək göstərirlər. Kadrların hazırlanmasında və texniki yardım zamanı bu cür köməyin göstərilməsinə xarici dillərin öyrənilməsi, müvafiq funksiyaları yerinə yetirən mərkəzi orqanların və ya agentlik əməkdaşlarının mübadiləsi və ezam edilməsi aid edilə bilər.

4. İkitərəfli və ya^ çoxtərəfli sazişlər və ya razılaşmalar mövcud olduqda, İştirakçı dövlətlər beynəlxalq və regional təşkilatlar çərçivəsində və digər ikitərəfli və çoxtərəfli sazişlər və ya razılaşmalar çərçivəsində praktiki və təlim tədbirlərinin səmərəliyinin maksimal artmasına yönələn səylərini mümkün qədər aktivləşdirirlər.

 

Maddə 30

Digər tədbirlər: bu Konvensiyanın iqtisadi inkişaf və texniki yardımın köməyi ilə həyata keçirilməsi

 

1. İştirakçı dövlətlər mütəşəkkil cinayətkarlığın ümumilikdə cəmiyyət, o cümlədən davamlı inkişaf üçün neqativ təsirini nəzərə alaraq, mümkün qədər, beynəlxalq əməkdaşlıq vasitəsi ilə bu Konvensiyanın münasib qaydada həyata keçirilməsinə yardım edə bilən tədbirlər görürlər.

2. İştirakçı dövlətlər öz aralarında, eləcə də beynəlxalq və regional təşkilatlarla əlaqələndirmə əsasında aşağıdakılara dair mümkün qədər konkret səylər göstərirlər:

a) transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınması və onunla mübarizə sahəsində inkişaf edən ölkələrin imkanlarını möhkəmləndirmək məqsədi ilə sonuncularla müxtəlif sәviyyәlәrdә öz əməkdaşlığını aktivləşdirmək;

b) transmilli mütəşəkkil cinayətkarlığa səmərəli əks təsir göstərmək üzrə inkişaf edən ölkələrin səylərini qoruyub saxlamaq və bu Konvensiyanın müvəffəqiyyətlə həyata keçirilməsi üçün onlara yardım etmək məqsədi ilə maliyyə və maddi yardımı genişləndirmək;

c) inkişaf eden ölkələrə və iqtisadi keçid dövrünü yaşayan ölkələrə, bu Konvensiyanın həyata keçirilməsi ilə əlaqədar onların tələbatlarının ödənilməsinə yardım etmək məqsədi ilə texniki yardım göstərmək. Bunun üçün İştirakçı dövlətlər Birləşmiş Millətlər Təşkilatının yaratdığı maliyyə mexanizmində bu məqsəd üçün xüsusi müəyyən edilmiş hesaba müntəzəm əsaslarla kifayət qədər könüllü ödəmələrin köçürülməsinə çalışırlar. İştirakçı dövlətlər eyni zamanda öz daxili qanunvericiliyinə və bu Konvensiyanın müddəalarına uyğun olaraq, pul vəsaitlərinin müəyyən qisminin və ya bu Konvensiyanın müddəalarına uyğun olaraq müsadirə edilmiş əmlakın və ya cinayətdən eldə olunan gəlirin bir hissəsinin yuxarıda göstərilən hesaba köçürülməsi məsələsini xüsusi müzakirə edə bilərlər;

d) digər dövlətləri və maliyyə təşkilatlarını təşviq və emin etmək, bu maddəyə uyğun olaraq, lazım gəldikdə, onların göstərdikləri səylərə qoşulmaq, o cümlədən onlara bu Konvensiyanın məqsədlərinə nail olunmasına yardım etmək üçün inkişaf eden ölkələr üçün kadrların hazırlığı üzrə geniş həcmli proqramlar təqdim etməklə onların göstərdikləri səylərə qoşulmaq.

3. Bu tədbirlər, mümkün qədər, xarici yardım haqqında mövcud olan öhdəliklərə və ya maliyyə əməkdaşlığı haqqında ikitərəfli, regional və beynəlxalq səviyyədə mövcud olan digər razılaşmalara xələl gətirmir,

4, İştirakçı dövlətlər bu Konvensiyada nəzərdə tutulan beynəlxalq əməkdaşlığın səmərəliyinin təmin edilməsi, habelə transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınması və aşkar edilməsi və onunla mübarizə üçün zəruri olan maliyyə razılaşmalarını nəzərə alaraq, maddi-texniki yardım haqqında ikitərəfli və ya çoxtərəfli sazişlər və ya razılaşmalar bağlaya bilərlər.

 

Maddə 31

Transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınması

 

1. İştirakçı dövlətlər transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınmasına yönələn milli layihələrin işlənib hazırlanmasına və onların səmərəliyinin qiymətləndirilməsinə, habelə siyasətin və təcrübənin münasib növlərinin aşkar və tətbiq edilməsinə çalışırlar.

2. İştirakçı dövlətlər öz daxili qanunvericiliyinin başlıca prinsiplərinə uyğun olaraq lazımi qanunverici, inzibati və ya digər tədbirlər görməklə, mütəşəkkil cinayətkar qrupların cinayətdən əldə olunan gəlirlərin qanuni bazarlarda istifadəsi ilə mövcud olan və ya gələcəkdə ola biləcək fəaliyyət göstərməsi mümkünlüyünün azaldılmasına çalışırlar. Bu cür tədbirlər aşağıdakılara yönəldilməlidir:

a) hüquq mühafizə orqanları və ya prokurorluq orqanları ilə müvafiq özəl təşkilatlar, o cümlədən iqtisadiyyatın müxtəlif sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsinə;

b) ictimai və müvafiq özəl təşkilatların işində düzgünlüyün təmin edilməsi üçün nəzərdə tutulan standartların və prosedurların, habelə müvafiq peşə sahibləri, xüsusilə də vəkillər, notariuslar, vergi məsələləri üzrə məsləhətçilər və mühasiblər üçün davranış məcəlləsinin işlənib hazırlanmasında yardımın göstərilməsinə;

c) mütəşəkkil cinayətkar qruplar tərəfindən dövlət orqanlarının həyata keçirdiyi ticarət qaydalarından və kommersiya fəaliyyətinin həyata keçirilməsi üçün dövlət orqanlarının verdiyi subsidiyalardan və lisenziyalardan sui-istifadənin qarşısının alınmasına;

d) mütəşəkkil cinayətkar qruplar tərəfindən hüquqi şəxslərdən sui-istifadənin qarşısının alınmasına; bu cür tədbirlər özündə aşağıdakıları əks etdirə bilər:

i) hüquqi şəxslərin təsis edilməsində, idarə edilməsində və onların maliyyələşməsində iştirak edən hüquqi və fiziki şəxslərin dövlət reyestrinin yaradılması;

ii) müəyyən edilmiş müddətə məhkəmənin qərarı əsasında və ya digər lazımi üsullarla bu Konvensiya ilə əhatə olunan cinayətlərə görə məhkum olunmuş şəxsləri öz yurisdiksiyası daxilində qeydiyyata alınmış hüquqi şəxsin rəhbər vəzifəsini tutmaq hüququndan məhrumetmə imkanının yaradılması;

iii) hüquqi şəxsin rəhbər vəzifəsini tutmaq hüququndan məhrum olunmuş şəxslərin milli reyestrinin yaradılması; və

iv) bu bəndin (d)(i) və (iii)-cü yarımbəndlərində göstərilən reyestrlərdə əks olunan məlumatın digər İştirakçı dövlətin səlahiyyətli orqanları ilə mübadiləsi.

3. İştirakçı dövlətlər bu Konvensiya ilə əhatə olunan cinayətlərə görə məhkum olunmuş şəxslərin cəmiyyətə yenidən inteqrasiya olunması üçün öz səylərini göstərirlər.

4. İştirakçı dövlətlər mütəşəkkil cinayətkar qrupların etdikləri sui-istifadələrin zəif nöqtələrini aşkar etmək məqsədi ilə müvafiq məsələlər üzrə mövcud olan hüquqi sənədlərin və inzibati təcrübə növlərinin müntəzəm olaraq qiymətləndirilməsinə çalışırlar.

5. İştirakçı dövlətlər transmilli mütəşəkkil cinayətkarlığın mövcud olması faktının, səbəblərinin və təhlükəlilik dərəcəsinin, habelə onun yaratdığı təhlükənin ictimaiyyət tərəfindən dərindən dərk edilməsinə səy göstərirlər. Müvafiq məlumat özündə bu cür cinayətkarlığın qarşısının alınmasında və onunla mübarizədə əhalinin iştirak etməsinə səy göstərmək üzrə tədbirlər haqqında məlumatı əks etdirə və lazım gəldikdə, kütləvi informasiya vasitələri ilə yayımlana bilər.

6. Hər bir İştirakçı dövlət digər İştirakçı dövlətlərə mütəşəkkil cinayətkarlığın qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanmasında yardım edə biləcək orqanın və ya orqanların adını və ünvanını Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bildirir.

7. İştirakçı dövlətlər, lazım gəldikdə, bu maddədə göstərilən tədbirlərin işlənib hazırlanmasına və həyata keçirilməsinə yardım etmək məqsədi ilə bir-biri ilə və müvafiq beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq edirlər. Həmin tədbirlərə transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınmasına yönəlmiş beynəlxalq layihələrdə iştirak da daxildir, məsələn, transmilli mütəşəkkil cinayətkarlıq fəaliyyəti nöqteyi-nəzərindən qeyri-qənaətbəxş sosial vəziyyətdə olan əhali qruplarının zəifliyinə təsir göstərən vəziyyətin yaxşılaşdırılması vasitəsi ilə.

 

Maddə 32

Konvensiya İştirakçılarının Konfransı

 

1. Bu Konvensiya əsasında, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə, habelə bu Konvensiyanın həyata keçirilməsinə və onun həyata keçirilməsinə nəzarətə səy göstərmək üçün İştirakçı dövlətlərin imkanlarını genişləndirmək məqsədi ilə Konvensiya İştirakçılarının Konfransı təsis edilir.

2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi İştirakçıların Konfransını bu Konvensiyanın qüvvəyə minməsindən sonra bir ildən gec olmayaraq çağırır. İştirakçıların Konfransı prosedur qaydaları və bu maddənin 3-cü və 4-cü bəndlərində göstərilən fəaliyyətləri tənzimləyən qaydalar (o cümlədən bu cür fəaliyyətin həyata keçirilməsi ilə bağlı çəkilən xərclərin ödənilməsinə dair qaydalar) qəbul edir.

3. İştirakçıların Konfransı, aşağıdakılar daxil olmaqla, bu maddənin 1-ci bəndində göstərilən məqsədlərə nail olmaq üçün mexanizmləri razılaşdırır:

a) bu Konvensiyanın 29, 30 və 31-ci maddələrinə əsasən, o cümlədən könüllü ödəmələrin səfərbər edilməsinə yardım etməklə, İştirakçı dövlətlərin fəaliyyətinə yardım etmək;

b) İştirakçı dövlətlər arasında transmilli mütəşəkkil cinayətkarlığın formaları və bu sahədə tendensiyalar haqqında, habelə onunla mübarizə üçün müvəffəqiyyətli üsullara dair məlumat mübadiləsinə yardım etmək;

c) müvafiq beynəlxalq və regional təşkilatlar, habelə qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək;

d) bu Konvensiyanın həyata keçirilməsi məsələsini vaxtaşırı müzakirə etmək;

e) bu Konvensiyanın təkmilləşdirilməsinə və onun həyata keçirilməsinə aid olan tövsiyələri qəbul etmək.

4. Bu maddənin 3 (d) və (e) bəndlərinin məqsədləri üçün İştirakçıların Konfransı, bu Konvensiyanın həyata keçirilməsi üçün İştirakçı dövlətlər tərəfindən görülən tədbirlər və bununla əlaqədar onların üzləşdiyi çətinliklər haqqında zəruri məlumat alır.

5. Hər bir İştirakçı dövlət bu Konvensiyanın həyata keçirilməsinə yönələn öz proqramları, planları və təcrübəsi haqqında, habelə qanunverici və inzibati tədbirlər haqqında məlumatını, İştirakçılar Konfransının müəyyən etdiyi qaydada Konfrans İştirakçılarına təqdim edir.

 

Maddə 33

Katiblik

 

1. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Konvensiya İştirakçılarının Konfransını lazımi katiblik xidmətləri ilə təmin edir.

2. Katiblik:

a) bu Konvensiyanın 32-ci maddəsində göstərilən fəaliyyətin həyata keçirilməsində Konfrans İştirakçılarına yardım edir, eləcə də Konfrans İştirakçılarının sessiyalarını təşkil edir və onları lazımi xidmətlərlə təmin edir;

b) sorğu əsasında, bu Konvensiyanın 32-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulduğu kimi, məlumatın Konfrans İştirakçılarına təqdim edilməsində İştirakçı dövlətlərə kömək göstərir; və

c) digər müvafiq beynəlxalq və regional təşkilatların katiblikləri ilə lazımi əlaqələndirməni təmin edir.

 

Maddə 34

Konvensiyanın həyata keçirilməsi

 

1. Hər bir İştirakçı dövlət bu Konvensiyaya əsasən öz üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsini təmin etmək üçün daxili qanunvericiliyinin başlıca prinsiplərinə uyğun olaraq zəruri tədbirlər, o cümlədən qanunverici və inzibati tədbirlər görür.

2. Bu Konvensiyanın 5, 6, 8 və 23-cü maddələrinə əsasən cinayət kimi tanınmış cinayətlər bu Konvensiyanın 5-ci maddəsinə əsasən mütəşəkkil cinayətkar qrupla əlaqəsi olması elementinin mövcud olmasını tələb eden hallar istisna olmaqla, transmilli xarakterindən və ya bu Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndində göstərildiyi kimi, mütəşəkkil cinayətkar qrupla əlaqəsi olub-olmamasından asılı olmayaraq hər bir İştirakçı dövlətin daxili qanunvericiliyində cinayətlər kimi tanınır.

3. Hər bir İştirakçı dövlət transmilli mütəşəkkil cinayətkarlığın qarşısını almaq və onunla mübarizə aparmaq üçün bu Konvensiyada nəzərdə tutulan tədbirlərdən daha sərt və ciddi tədbirlər görə bilər.

 

Maddə 35

Mübahisələrin həlli

 

1. İştirakçı dövlətlər bu Konvensiyanın tətbiqi və şərhi ilə bağlı yaranan mübahisələri danışıqlar vasitəsi ilə həll etməyə çalışır.

2. Bu Konvensiyanın tətbiqinə və şərhinə dair İştirakçı dövlətlər arasında yaranan hər bir mübahisə ağlabatan müddət ərzində danışıqlar vasitəsi ilə həll oluna bilmədikdə, həmin mübahisə İştirakçı dövlətlərdən birinin xahişi ilə arbitraj araşdırma sına təqdim edilir. Arbitraj haqqında müraciət edildiyi gündən etibarən altı ay ərzində həmin İştirakçı dövlətlər arbitrajın təşkil edilməsi barədə razılığa gələ bilmədikdə, İştirakçı dövlətlərdən biri Beynəlxalq Məhkəmənin Nizamnaməsinə uyğun olaraq müraciət etməklə, mübahisəni həmin məhkəməyə göndərə bilər.

3. Hər bir İştirakçı dövlət bu Konvensiyanı imzalayarkən, ratifikasiya, qəbul və ya təsdiq edərkən və ya ona qoşularkən bəyan edə bilər ki, o özünü bu maddənin 2-ci bəndinin müddəalarına bağlı hesab etmir. Digər İştirakçı dövlətlər, bu cür qeyd-şərt etmiş istənilən İştirakçı dövlətə münasibətdə bu maddənin 2-ci bəndinin müddəalarına bağlı deyildir.

4. Bu maddənin 3-cü bəndinə uyğun olaraq bu cür qeyd-şərt etmiş hər hansı bir İştirakçı dövlət Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bildiriş göndərməklə istənilən zaman həmin qeyd-şərti geri götürə bilər.

 

Maddə 36

İmzalama, ratifikasiya, qəbuletmə, təsdiqetmə qoşulma

 

1. Bu Konvensiya, 2000-ci il dekabr ayının 12-den 15-ne qədər İtaliyanın Palermo şəhərində, sonradan isə 2002-ci il dekabr ayının 12-ne qədər Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Mərkəzi təşkilatlarında bütün dövlətlər tərəfindən imzalanmaq üçün açıqdır.

2. Bu Konvensiya həmçinin regional iqtisadi inteqrasiya təşkilatları tərəfindən de imzalanmaq üçün açıqdır, bir şərtlə ki, bu cür təşkilatın en azı bir üzv dövləti bu maddənin 1 -ci bəndinə uyğun olaraq həmin Konvensiyanı imzalamış olsun,

3. Bu Konvensiya ratifikasiya olunmalı, qəbul və ya təsdiq edilməlidir. Ratifikasiya fərmanları və ya qəbuletmə və ya təsdiqetmə haqqında sənədlər Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca verilir. Regional iqtisadi inteqrasiya təşkilatları da, eger ən azı onun üzvü olan dövlətlərdən biri bu cür qaydada hərəkət etmişdirsə, öz ratifikasiya fərmanlarını və ya qəbuletmə və ya təsdiqetmə haqqında sənədlərini saxlanca verə bilərlər. Bu cür təşkilat, həmin ratifikasiya fərmanlarında və ya qəbuletmə və ya təsdiqetmə haqqında sənədlərində, bu Konvensiya ilə tənzimlənən məsələlərə dair öz səlahiyyət çərçivəsi haqqında bildirir. Bu cür təşkilat həmçinin öz səlahiyyət çərçivəsində olan hər bir müvafiq dəyişiklik haqqında depozitariyə məlumat verir.

4. Bu Konvensiya, istənilən dövlətin və ya istənilən regional iqtisadi inteqrasiya təşkilatının hemin Konvensiyaya qoşulması üçün açıqdır, bir şərtlə ki, həmin təşkilatın ən azı bir üzv dövləti bu Konvensiyanın İştirakçısı olsun. Qoşulma haqqında sənədlər Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca verilir. Regional iqtisadi inteqrasiya təşkilatı qoşularkən bu Konvensiya ilə tənzimlənən məsələlərə dair öz səlahiyyət çərçivəsi haqqında bildirir. Bu cür təşkilat həmçinin öz səlahiyyət çərçivəsində olan hər bir müvafiq dəyişiklik haqqında depozitariyə məlumat verir.

 

Maddə 37

Protokollarla əlaqə

 

1. Bu Konvensiyaya bir və ya bir neçə protokolla əlavələr edilə bilər.

2. Protokolun İştirakçısı olmaq üçün dövlət və ya regional iqtisadi inteqrasiya təşkilatı eyni zamanda bu Konvensiyanın da İştirakçısı olmalıdır.

3. Bu Konvensiyanın İştirakçı dövləti, eger ancaq o, protokolun müddəalarına uyğun olaraq hemin protokolun İştirakçısı deyilsə, protokolla bağlı hesab edilmir.

4. Bu Konvensiyaya əlavə edilən istənilən protokol, həmin protokolun məqsədi nəzərə alınmaqla, Konvensiya ilə birgə şərh edilir.

 

Maddə 38

Qüvvəyə minmə

 

1. Bu Konvensiya qırxıncı ratifikasiya fərmanının və ya qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədin saxlanca təqdim edildiyi tarixdən sonra gələn doxsanıncı gün qüvvəyə minir. Bu bəndin məqsədləri üçün regional iqtisadi inteqrasiya təşkilatı tərəfindən saxlanca verilən hər hansı bir bu cür fərman və ya sənəd həmin təşkilatın üzvü olan dövlətlər tərəfindən təqdim edilən fərmanlara və ya sənədlərə əlavə kimi hesab edilmir.

2. Bu Konvensiyanı ratifikasiya, qəbul və ya təsdiq edən və ya qırxıncı ratifikasiya fərmanının və ya bu cür qüvvəyə malik olan sənədin saxlanca verilməsindən sonra ona qoşulan hər bir dövlət və ya regional iqtisadi inteqrasiya təşkilatı üçün bu Konvensiya bu cür dövlət və ya təşkilat tərəfindən müvafiq fərmanın və ya sənədin saxlanca verilməsindən sonra gələn otuzuncu gün qüvvəyə minir.

 

Maddə 39

Düzəlişlər

 

1. Bu Konvensiyanın qüvvəyə minməsindən beş il sonra Konvensiyanın İştirakçı dövləti ona düzəliş təklif edə bilər və həmin düzəlişi Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndərə bilər, o da öz növbəsində müzakirə etmək və ona dair qərar qəbul etmək məqsədi ilə təklif edilən düzəlişi İştirakçı dövlətlərə və Konvensiya İştirakçılarının Konfransına ötürür. İştirakçıların Konfransı hər bir düzəlişə dair konsensusa nail olmaq üçün öz səylərini göstərir. Əgər konsensusa nail olunmasına bütün cəhdlər sərf edilibsə və heç bir razılaşma əldə edilməyibsə, onda düzəlişin qəbul edilməsi üçün son vasitə kimi İştirakçıların Konfransının iclasında və səsvermədə iştirak edən bu Konvensiyanın İştirakçı dövlətlərinin üçdə iki səs çoxluğu tələb olunur.

2. Öz səlahiyyətinə daxil olan məsələlərlə bağlı regional iqtisadi inteqrasiya təşkilatları öz səs hüququnu bu Konvensiyanın İştirakçısı olan öz üzv dövlətlərinin sayına bərabər səsə malik olmaqla, bu maddəyə uyğun olaraq həyata keçirirlər. Bu cür təşkilatlar, əgər onların üzvü olan dövlətlər öz səs hüququnu həyata keçirirlərsə, öz səs hüququnu həyata keçirmirlər və yaxud əksinə.

3. Bu maddənin 1-ci bəndinə uyğun olaraq qəbul edilmiş düzəliş İştirakçı dövlətlər tərəfindən ratifikasiya, qəbul və ya təsdiq edilməlidir.

4. İştirakçı dövlətə münasibətdə, bu maddənin 1-ci bəndinə uyğun olaraq qəbul edilmiş düzəliş bu cür düzəlişin qəbul və ya təsdiq edilməsi haqqında sənədin və ya ratifikasiya fərmanının Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca verildiyi tarixdən doxsan gün sonra qüvvəyə minir.

5. Düzəliş qüvvəyə mindiyi zaman həmin düzəlişə bağlı olması haqqında öz razılıqlarını ifadə edən İştirakçı dövlətlər üçün məcburi olur. Digər İştirakçı dövlətlərin bu Konvensiyanın müddəalarına və onun əvvəl ratifikasiya, qəbul və ya təsdiq etdiyi istənilən düzəlişlərə bağlılığı davam edir.

 

Maddə 40

Ləğvetmə

 

1. İştirakçı dövlət Birləşmiş Millətlər Təşkilatının Baş katibinə yazılı bildiriş göndərməklə bu Konvensiyanı ləğv edə bilər. Bu cür ləğvetmə Baş katibin bildirişi aldığı tarixdən bir il sonra qüvvəyə minir.

2. Regional iqtisadi inteqrasiya təşkilatı, onun üzvü olan bütün dövlətlər Konvensiyam ləğv etdikdən sonra, bu Konvensiyada İştirakçılığını başa çatdırır.

3. Bu maddənin 1-ci bəndinə uyğun olaraq bu Konvensiyanın ləğv edilməsi ona əlavə edilən hər hansı bir protokolun ləğv edilməsi ilə nəticələnir.

 

Maddə 41

Depozitari və dillər

 

1. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Konvensiyanın depozitarisi təyin edilir.

2. Bu Konvensiyanın ingilis, ərəb, Çin, rus və fransız dillərində olan mətnləri autentikdir, mətnin əsli Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca verilir.

BUNUN TƏSDİQİ OLARAQ, öz hökumətləri tərəfindən lazımi qaydada buna vəkil edilmiş aşağıda imza edən səlahiyyətli nümayəndələr bu Konvensiyanı imzaladılar.

 

Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan,

 

İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında

 

PROTOKOL

 

Ali Məclisin 2000-ci il 15 noyabr tarixli 55/25 saylı

Qətnaməsi ilə qəbul edilmişdir

 

PREAMBULA

 

Bu Protokolun İştirakçı dövlətləri,

insan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması üzrə səmərəli tədbirlərin görülməsinə və onunla mübarizə aparmaq üçün mənşə, tranzit və təyinat ölkələrində bu cür alverin qarşısının alınmasına, bununla məşğul olan şəxslərin cəzalandırılmasına və bu cür alverin qurbanlarının müdafiəsinə, o cümlədən onların beynəlxalq səviyyədə tanınmış insan hüquqlarının müdafiəsinə yönələn tədbirləri özündə əks etdirən hərtərəfli beynəlxalq yanaşmanın zəruriliyini bəyan edərək,

insanın, xüsusən qadın və uşaqların istismarı ilə mübarizədə əməli tədbirləri və normaları özündə cəmləşdirən bir sıra beynəlxalq sənədlərin mövcud olmasına baxmayaraq, insan alverinin bütün aspektlərinə toxunan universal sənədin olmamasını nəzərə alaraq,

insan alveri nöqteyi-nəzərindən zəif olan şəxslərin kifayət qədər müdafiə olunması üçün bu cür sənədin olmamasından narahatlıq keçirərək,

transmilli mütəşəkkil cinayətkarlığa qarşı hərtərəfli beynəlxalq Konvensiyanın işlənib hazırlanması, xüsusilə də qadın və uşaq alverinə qarşı mübarizə üzrə beynəlxalq sənədin hazırlanması haqqında məsələnin müzakirə edilməsi üçün açıq

tərkibli xüsusi hökumətlərarası komitənin yaradılmasını əks etdirən Ali Məclisin 1998-ci il 9 dekabr tarixli, 53/111 saylı qətnaməsinə istinad edərək,

Birləşmiş Millətlər Təşkilatının "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının insan alverinin xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında beynəlxalq sənədlə tamamlanması, bu cür cinayətlərin qarşısının alınmasına və onunla mübarizəyə yardım edəcəyinə əmin olaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

I. ÜMUMİ MÜDDƏALAR

Maddə 1

Birləşmiş Millətlər Təşkilatının "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyası İlə əlaqə

 

1. Bu Protokol Birləşmiş Millətlər Təşkilatının "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasını tamamlayır. O, həmin Konvensiya ilə birlikdə şərh edilir.

2. Əgər digər hal nəzərdə tutulmayıbsa, Konvensiyanın müddəaları bu Protokola mutatis mutandis tətbiq edilir.

3. Bu Protokolun 5-ci maddəsinə uyğun olaraq cinayət kimi tanınmış cinayətlər Konvensiyaya uyğun olaraq cinayət kimi tanınmış cinayətlər hesab olunur.

 

Maddə 2

Məqsədlər

 

Bu Protokolun məqsədi aşağıdakılardan ibarətdir:

a) qadınlara və uşaqlara xüsusi diqqət yetirərək, insan alverinin qarşısının alınmasından və onunla mübarizə etməkdən;

b) bu cür alverin qurbanları olan şəxslərə, onların insan hüquqlarına tam hörmət bəsləyərək müdafiə və yardım etməkdən; və

c) bu məqsədlərin gerçəkləşməsində İştirakçı dövlətlər arasında əməkdaşlığı təşviq etməkdən ibarətdir.

 

Maddə 3

Anlayışlar

 

Bu Protokolun məqsədləri üçün:

a) "insan alveri" dedikdə, güc tətbiq etmək hədəsi ilə və ya güc tətbiq etməklə və ya məcburetmə, oğurlama, dələduzluq, aldatma, hakimiyyətdən və ya vəziyyətin zəifliyindən sui-istifadə etməklə yaxud da digər şəxsə nəzarət edən şəxsin razılığını almaq üçün ödəniş və ya mənfəət şəklində rüşvət verməklə insanların istismar məqsədi ilə cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi və ya alınması başa düşülür. İstismar en azı digər şəxslərin fahişəliyinin istismarını və ya cinsi istismarın digər forma larım, icbari əməyi və ya xidmətləri, köləliyi, köləliyə bənzər adətləri, asılılıq vəziyyətini və ya orqanların çıxarılmasını nəzərdə tutur;

b) əgər (a) yarımbəndində göstərilən təsir vasitələrindən hər hansı biri istifadə edilibdirsə, bu maddənin (a) yarımbəndində adı çəkilən insan alveri qurbanının planlaşdırılmış istismara razılığı nəzərə alınmır;

c) uşağın istismar edilməsi məqsədi ilə cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi və ya alınması, hətta bu maddənin (a) yarımbəndində göstərilən hər hansı bir təsir vasitələrinin istifadəsi ilə bağlı olmadığı təqdirdə belə "insan alveri" hesab edilir;

d) "uşaq" dedikdə, 18 yaşma çatmamış istənilən şəxs başa düşülür.

 

Maddə 4

Tətbiq dairəsi

 

Bu Protokol, əgər onda digər qayda nəzərdə tutulmayıbsa və əgər həmin cinayətlər transmilli xarakter daşıyırsa və mütəşəkkil cinayətkar qrupun iştirakı ilə törədilibdirsə, həmin Protokolun 5-ci maddəsinə uyğun olaraq cinayət kimi tanınmış cinayətlərin qarşısının alınmasına, istintaqına və cinayət təqibinə, habelə bu cür cinayətlərin qurbanı olan şəxslərin hüquqlarının müdafiə edilməsinə tətbiq edilir.

 

Maddə 5

Kriminallaşdırma

 

1. Hər bir İştirakçı dövlət bu Protokolun 3-cü maddəsində göstərilən əməlləri, onlar qəsdən törədildikdə, cinayət qanunu ilə cəzalandırılan əməl kimi tanımaq üçün zəruri qanunverici və digər tədbirlər görür.

2. Hər bir İştirakçı dövlət eyni zamanda aşağıda göstərilənləri cinayət qanunu ilə cəzalandırılan əməl kimi tanımaq üçün zəruri qanunverici və digər tədbirlər görür:

a) öz hüquq sisteminin əsas prinsiplərinə riayət etmək şərti ilə, bu maddənin 1-ci bəndinə uyğun olaraq cinayət kimi tanınmış hər hansı bir cinayətin törədilməsi cəhdi;

b) bu maddənin 1-ci bəndinə uyğun olaraq cinayət kimi tanınmış hər hansı bir cinayətin törədilməsində cinayət İştirakçısı qismində İştirakçılığı; və

c) bu maddənin 1 -ci bəndinə uyğun olaraq cinayət kimi tanınmış hər hansı bir cinayətin törədilməsi məqsədi ilə digər şəxslərin təşkilatlandırılması və ya onlara rəhbərliyi.

II. İNSAN ALVERİ QURBANLARININ MÜDAFİƏSİ

Maddə 6

İnsan alveri qurbanlarına yardım və onların müdafiəsi

 

1. Hər bir İştirakçı dövlət lazım gəldikdə və onun öz daxili qanunvericiliyinin imkan verdiyi həcmdə, o cümlədən, bundan savayı, bu cür alverə aid olan icraatın məxfiliyini təmin etməklə, insan alveri qurbanlarının şəxsi həyatının və şəxsiyyətinin müdafiəsini təmin edir.

2. Hər bir İştirakçı dövlət təmin edir ki, onun daxili hüquqi və ya inzibati sistemi insan alveri qurbanlarına lazım gəldikdə:

a) müvafiq məhkəmə və inzibati araşdırma haqqında məlumatın təqdim edilməsinə;

b) müdafiənin hüquqlarına xələl gətirməyən, müvafiq cinayət icraatı mərhələlərində cinayəti törətmiş şəxslər barəsində onların fikir və qorxularının izah edilməsinə və baxılmasına imkan verən yardımın göstərilməsinə

imkan verən tədbirləri nəzərdə tutsun.

3. Hər bir İştirakçı dövlət insan alveri qurbanlarının fiziki, psixoloji və sosial reabilitasiyasının təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi mümkünlüyünü, o cümlədən, lazım gəldikdə, qeyri-hökumət təşkilatları, digər müvafiq təşkilatlar və vətəndaş cəmiyyətinin digər elementləri ilə əməkdaşlıq edərək və xüsusilə də:

a) lazımi sığınacağın verilməsini;

b) insan alveri qurbanlarına aydın olan dildə konsultativ yardımın və məlumatın, xüsusən də onların hüquqlarına dair yardımın və məlumatın təqdim edilməsini;

c) tibbi, psixoloji və maddi yardımın göstərilməsini; və

d) məşğulluq, təhsil və mütəxəssis hazırlığı sahəsində imkanların verilməsini nəzərdə tutan tədbirlərin həyata keçirilməsi mümkünlüyünü müzakirə edir.

4. Hər bir İştirakçı dövlət bu maddənin müddəalarını tətbiq edən zaman insan alveri qurbanlarının yaşını, cinsini və xüsusi tələbatlarını, xüsusilə də uşaqların xüsusi tələbatlarını, o cümlədən lazımi sığınacaq, təhsil və qayğıya münasibətdə tələbatlarını nəzərə alır.

5. Hər bir İştirakçı dövlət insan alveri qurbanlarının öz ərazisində olan müddət ərzində onların fiziki təhlükəsizliyini təmin etməyə çalışır.

6. Hər bir İştirakçı dövlət təmin edir ki, onun daxili hüquqi sistemi insan alveri qurbanlarına dəymiş zərərə görə kompensasiyanın alınmasını mümkün edən tədbirlər nəzərdə tutsun.

 

Maddə 7

İnsan alveri qurbanlarının qəbul edən dövlətlərdə statusu

 

1. Bu Protokolun 6-cı maddəsinə əsasən görülən tədbirlərə əlavə olaraq hər bir İştirakçı dövlət insan alveri qurbanlarına, lazım gəldikdə, onun ərazisində müvəqqəti və ya daimi əsaslarla qalmağa icazə verən qanunverici və digər tədbirlərin görülməsi mümkünlüyünü müzakirə edir.

2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulan müddəaları həyata keçirən zaman hər bir İştirakçı dövlət lazımi qaydada humanist mülahizələri nəzərə alır və rəhmlilik göstərir.

 

Maddə 8

İnsan alveri qurbanlarının repatriasiyası (qaytarılması)

 

1. Vətəndaşı insan alverinin qurbanı olan İştirakçı dövlət qəbul edən İştirakçı dövlətin ərazisinə daxil olduğu zaman həmin dövlətdə daimi yaşamaq hüququ olan bu cür şəxsin geri qaytarılmasına yardım edir və onun təhlükəsizliyinin təmin edilməsi məsələsinə lazımi qaydada diqqət yetirərək, əsassız və səbəbsiz ləngitməyə yol vermədən onu qəbul edir.

2. İştirakçı dövlət insan alveri qurbanını vətəndaşı olduğu və ya qəbul edən İştirakçı dövlətin ərazisinə daxil olduğu zaman ərazisində daimi yaşamaq hüququ olduğu İştirakçı dövlətə geri qaytaranda, bu cür geri qaytarma həmin şəxsin təhlükəsizliyinin təmin edilməsi məsələsinə, habelə hər hansı bir icraatın xarakterinə (belə bir xarakterin ki, həmin şəxs insan alverinin qurbanı olub və bu cür qaytarılma könüllüdür) lazımi qaydada diqqət yetirərək həyata keçirilir.

3. Qəbul edən İştirakçı dövlətin xahişinə əsasən sorğu alan İştirakçı dövlət əsassız və ya səbəbsiz ləngitməyə yol vermədən insan alverinin qurbanı olan şəxsin onun vətəndaşı olub-olmamasını və ya həmin şəxs qəbul edən İştirakçı dövlətin ərazisinə daxil olan zaman onun ərazisində daimi yaşamaq hüququnun olub-olmamasını yoxlayır.

4. Müvafiq sənədi olmayan insan alveri qurbanının geri qaytarılmasına yardım etmək məqsədi ilə, həmin şəxsin vətəndaşı olduğu və ya qəbul edən İştirakçı dövlətin ərazisinə daxil olan zaman ərazisində daimi yaşamaq hüququnun olduğu İştirakçı dövlət, qəbul edən İştirakçı dövlətin sorğusuna əsasən, bu şəxsin onun ərazisinə qaytarılması üçün tələb oluna bilən ölkədən getmək və ölkəyə gəlmək üçün sənədlərin və ya digər icazələrin verilməsinə razılıq verir.

5. Bu maddə qəbul edən İştirakçı dövlətin daxili qanunvericiliyinin istənilən müddəasına əsasən insan alveri qurbanlarına təqdim edilmiş hər hansı bir hüquqa xələl gətirmir.

6. Bu maddə tam və ya qismən insan alveri qurbanlarının qaytarılması məsələsini tənzimləyən ikitərəfli və ya çoxtərəfli tətbiq edilən sazişlərə və ya razılaşmalara xələl gətirmir.

III. QARŞISINI ALMA, ƏMƏKDAŞLIQ VƏ DİGƏR TƏDBİRLƏR

Maddə 9

İnsan alverinin qarşısının alınması

 

1. İştirakçı dövlətlər birgə əsaslarla:

a) insan alverinin qarşısının alınması və onunla mübarizə; və

b) insan alveri qurbanlarının, xüsusilə də qadınların və uşaqların yenidən qurbana çevrilməkdən (reviktimizasiyadan) müdafiə olunması

məqsədi ilə siyasət, proqramlar və digər tədbirlər işləyib hazırlayır və tətbiq edirlər.

2. İştirakçı dövlətlər insan alverinin qarşısının alınmasına və onunla mübarizəyə yönələn tədqiqatların keçirilməsi, informasiya kampaniyalarının, o cümlədən həmin kampaniyaların kütləvi informasiya vasitələrində keçirilməsi, eləcə də sosial-iqtisadi təşəbbüslərin həyata keçirilməsi kimi tədbirlərin görülməsinə çalışırlar.

3. Bu maddəyə uyğun olaraq işlənib hazırlanan və qəbul edilən siyasət, proqramlar və digər tədbirlər, lazımi hallarda, qeyri-hökumət təşkilatları, digər müvafiq təşkilatlar və vətəndaş cəmiyyətinin digər elementləri ilə əməkdaşlığı özündə əks etdirə bilər.

4. İştirakçı dövlətlər, insan alveri nöqteyi-nəzərindən insanların, xüsusilə də qadın və uşaqların zəifliyini şərtləndirən yoxsulluq, inkişafın aşağı səviyyədə

olması və bərabər imkanların olmaması kimi amillərin təsirinin azaldılmasına yönələn tədbirlər qəbul edir və ya təkmilləşdirirlər, o cümlədən bunları ikitərəfli və ya çoxtərəfli əməkdaşlıqla həyata keçirirlər.

5. İştirakçı dövlətlər insanların, xüsusilə də qadın və uşaqların istismarına (onun bütün təzahürlərinə - çünki bu, insan alverinə gətirib çıxarır) səbəb olan tələbata qarşı yönələn, məsələn, təhsil və mədəniyyət sahələrində və ya sosial sahələrdə qanunverici və ya digər tədbirlər qəbul edir və ya təkmilləşdirirlər, o cümlədən bunları ikitərəfli və ya çoxtərəfli əməkdaşlıqla həyata keçirirlər.

 

Maddə 10

Məlumat mübadiləsi və kadrların hazırlanması

 

1. İştirakçı dövlətlərin hüquq mühafizə, miqrasiya və ya digər müvafiq orqanları, lazım gəldikdə, öz daxili qanunvericiliklərinə uyğun olaraq aşağıda göstərilənləri müəyyən etmək üçün bir-biri ilə məlumat mübadiləsi vasitəsi ilə əməkdaşlıq edirlər:

a) ölkədən getmək və ölkəyə gəlmək üçün sənədi olmadan və digər şəxslərə məxsus olan bu cür sənədlərlə beynəlxalq sərhədi keçən və ya keçməyə cəhd göstərən şəxslərin insan alverçilərinin və ya bu cür alverin qurbanları olub-olmamasını;

b) insan alveri məqsədi ilə bu cür şəxslərin beynəlxalq sərhədi keçərkən ölkədən getmək və ölkəyə gəlmək üçün istifadə etdikləri və ya istifadə etmək istədikləri sənədlərin növlərini;

c) insan alveri məqsədi ilə mütəşəkkil cinayətkar qrupların istifadə etdiyi vasitələri və üsulları, o cümlədən qurbanların cəlb edilməsi və daşınması, bu cür alverlə məşğul olan qruplar və ayrı-ayrı şəxslər arasında marşrutları və əlaqələri, habelə bu cür qrupların daxilində olan əlaqələri və onların aşkar edilməsi üçün mümkün tədbirləri.

2. İştirakçı dövlətlər hüquq mühafizə, miqrasiya və digər müvafiq orqanların əməkdaşlarının insan alverinin qarşısının alınması məsələlərinə dair hazırlığını təmin edir və ya təkmilləşdirir. Göstərilən hazırlıq bu cür alverin qarşısının alınması üsullarına, bu cür alverlə məşğul olan şəxslərin cinayət təqibinə və qurbanların hüquqlarının müdafiəsinə, o cümlədən qurbanların bu cür alverlə məşğul olan şəxslərdən müdafiəsinə yönəlməlidir. Hazırlıq zamanı həmçinin insan hüquqlarına riayət olunması vacibliyi, uşaq və gender (cins) problemləri nəzərə alınmalıdır, hazırlıq qeyri-hökumət təşkilatları, digər müvafiq təşkilatlar və vətəndaş cəmiyyətinin digər elementləri ilə əməkdaşlığa yardım etməlidir.

3. Məlumatı alan İştirakçı dövlət məlumatı təqdim edən İştirakçı dövlətin hər bir xahişini onun istifadəsinə dair qoyulmuş məhdudiyyətlərlə birlikdə yerinə yetirir.

 

Maddə 11

Sərhəddə nəzarət tədbirləri

 

1. İştirakçı dövlətlər beynəlxalq öhdəliklərə xələl gətirmədən insanların azad yerdəyişməsinə münasibətdə, mümkün qədər, insan alverinin qarşısının

alınmasına və aşkar edilməsinə tələb edilən sərhəddə nəzarət tədbirlərini müəyyən edirlər.

2. Hər bir İştirakçı dövlət, bu Protokolun 5-ci maddəsinə uyğun olaraq cinayət kimi tanınmış əməllərin törədilməsində kommersiya məqsədli daşıyıcılar tərəfindən istismar edilən nəqliyyat vasitələrinin istifadəsinin qarşısını almaq məqsədi ilə, mümkün qədər, qanunverici və digər lazımi tədbirlər görür.

3. Lazım gəldikdə və tətbiq olunan beynəlxalq konvensiyalara xələl gətirmədən bu cür tədbirlər özündə kommersiya məqsədli daşıyıcılar, o cümlədən hər hansı bir nəqliyyat şirkəti və ya sahibi və ya hər hansı bir nəqliyyat vasitəsi operatorları üçün bütün sərnişinlərin qəbul edən dövlətə daxil olmasına lazım olan ölkədən getmək və ölkəyə gəlmək sənədlərinə malik olmasına amin olmaq üçün öhdəliklərin müəyyən edilməsini əks etdirir.

4. Hər bir İştirakçı dövlət öz daxili qanunvericiliyinə uyğun olaraq bu maddənin 3-cü bəndində müəyyən edilən öhdəliyin pozulmasına görə sanksiyanın nəzərdə tutulması üçün zəruri tədbirlər görür.

5. Hər bir İştirakçı dövlət öz daxili qanunvericiliyinə uyğun olaraq, bu Protokolda cinayət kimi tanınmış cinayətlərin törədilməsi ilə əlaqəsi olan şəxslərin ölkəyə daxil olmasını rədd edən və ya onların vizalarının ləğv edilməsini mümkün edən tədbirlərin görülməsi mümkünlüyünü müzakirə edir.

6. Konvensiyanın 27-ci maddəsinə xələl gətirmədən İştirakçı dövlətlər, sərhəd nəzarəti üzrə orqanlar arasında, o cümlədən birbaşa rabitə kanallarının yaradılması və saxlanılması vasitəsi ilə əməkdaşlığın möhkəmləndirilməsi mümkünlüyünü müzakirə edirlər.

 

Maddə 12

Sənədlərin etibarlılığı və onlara nəzarət

 

Hər bir İştirakçı dövlət öz imkanları daxilində aşağıdakılar üçün zəruri ola bilən tədbirlər görür:

a) onlara ölkədən getmək və ölkəyə gəlmək üçün verilən sənədlərin və ya şəxsiyyət vəsiqələrinin qeyri-qanuni istifadəsini və saxtalaşdırılmasını və ya qanunsuz dəyişdirilməsini, əks olunmasını və ya verilməsini mümkün qədər çətinləşdirmək üçün onların keyfiyyәtinin artırılmasını təmin etmək;

b) İştirakçı dövlət tərəfindən və ya onun adından ölkədən getmək və ölkəyə gəlmək üçün verilən sənədlərin və ya şəxsiyyət vəsiqələrinin qorunmasını və etibarlılığını təmin etmək, habelə onların qeyri-qanuni hazırlanmasının, verilməsinin və istifadəsinin qarşısını almaq.

 

Maddə 13

Sənədlərin qanuniliyi və həqiqiliyi

 

İştirakçı dövlət öz daxili qanunvericiliyinə uyğun olaraq digər İştirakçı dövlətin xahişi ilə ağlabatan müddət ərzində ölkədən getmək və ölkəyə gəlmək üçün onun adından verilmiş və ya guya onun adından verilmiş, barəsində insan alverində istifadəsinə şübhə doğuran sənədlərin və ya şəxsiyyət vəsiqələrinin qanuniliyini və həqiqiliyini yoxlayır.

IV. YEKUN MÜDDӘALARI

Maddə 14

Xüsusi müddəa

 

1. Bu Protokolda heç nə beynəlxalq hüquqa əsasən, o cümlədən beynəlxalq humanitar hüquq və insan hüquqları sahəsində beynəlxalq hüquqa əsasən və xüsusilə də bunlar tətbiq olunduğu zaman qaçqınların statusuna aid olan 1951-ci il Konvensiyasına və 1967-ci il Protokoluna və onlarda təsbit edilmiş qovulmamaq prinsipinə əsasən dövlətlərin və ayrı-ayrı şəxslərin hüquqlarına, öhdəliklərinə və məsuliyyətinə toxunmur.

2. Bu Protokolda nəzərdə tutulan tədbirlərin insan alverinin qurbanı olan şəxslər barəsində şərhi və tətbiqi, onların insan alverinin qurbanı olmasına görə ayrı-seçkilik salmamaqla həyata keçirilir. Bu tədbirlərin şərhi və tətbiq edilməsi beynəlxalq tanınmış ayrı-seçkilik salmamaq prinsipinə uyğun olaraq həyata keçirilir.

 

Maddə 15

Mübahisələrin həlli

 

1. İştirakçı dövlətlər bu Protokolun tətbiqi və şərhi ilə bağlı yaranan mübahisələri danışıqlar vasitəsi ilə həll etməyə çalışır.

2. Bu Protokolun tətbiqinə və şərhinə dair İştirakçı dövlətlər arasında yaranan hər bir mübahisə ağlabatan müddət ərzində danışıqlar vasitəsi ilə həll oluna bilmədikdə, həmin mübahisə İştirakçı dövlətlərdən birinin xahişi ilə arbitraj araşdırma sına təqdim edilir. Arbitraj haqqında müraciət edildiyi gündən etibarən altı ay ərzində həmin İştirakçı dövlətlər arbitrajın təşkil edilməsi barədə razılığa gələ bilmədikdə, İştirakçı dövlətlərdən biri Beynəlxalq Məhkəmənin Nizamnaməsinə uyğun olaraq müraciət etməklə mübahisəni həmin məhkəməyə göndərə bilər.

3. Hər bir İştirakçı dövlət bu Protokolu imzalayarkən, ratifikasiya, qəbul və ya təsdiq edərkən və ya ona qoşularkən bəyan edə bilər ki, o özünü bu maddənin 2-ci bəndinin müddəalarına bağlı hesab etmir. Digər İştirakçı dövlətlər bu cür qeyd-şərt etmiş istənilən İştirakçı dövlətə münasibətdə bu maddənin 2-ci bəndinin müddəalarına bağlı deyildir.

4. Bu maddənin 3-cü bəndinə uyğun olaraq bu cür qeyd-şərt etmiş hər hansı bir İştirakçı dövlət Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bildiriş göndərməklə istənilən zaman həmin qeyd-şərti çıxara bilər.

 

Maddə 16

İmzalama, ratifikasiya, qəbuletmə, təsdiqetmə və qoşulma

 

1. Bu Protokol, 2000-ci il dekabr ayının 12-dən 15-nə qədər İtaliyanın Palermo şəhərində, sonradan isə 2002-ci il dekabr ayının 12-nə qədər Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Mərkəzi təşkilatlarında bütün dövlətlər tərəfindən imzalanmaq üçün açıqdır.

2. Bu Protokol həmçinin regional iqtisadi inteqrasiya təşkilatları tərəfindən də imzalanmaq üçün açıqdır, bu şərtlə ki, bu cür təşkilatın ən azı bir üzv dövləti bu maddənin 1-ci bəndinə uyğun olaraq həmin Protokolu imzalamış olsun.

3. Bu Protokol ratifikasiya olunmalı, qəbul və ya təsdiq edilməlidir. Ratifikasiya fərmanları və ya qəbuletmə və ya təsdiqetmə haqqında sənədlər Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca verilir. Regional iqtisadi inteqrasiya təşkilatları da, əgər ən azı onun üzv dövlətlərindən biri bu cür qaydada hərəkət etmişdirsə, öz ratifikasiya fərmanlarını və ya qəbuletmə və ya təsdiqetmə haqqında sənədlərini saxlanca verə bilər. Bu cür təşkilat həmin ratifikasiya fərmanlarında və ya qəbuletmə və ya təsdiqetmə haqqında sənədlərində bu Protokol ilə tənzimlənən məsələlərə dair öz səlahiyyət çərçivəsi haqqında bildirir. Bu cür təşkilat həmçinin özünün səlahiyyət çərçivəsində olan hər bir müvafiq dəyişiklik haqqında depozitariyə məlumat verir.

4. Bu Protokol istənilən dövlətin və ya istənilən regional iqtisadi inteqrasiya təşkilatının həmin Protokola qoşulması üçün açıqdır, bir şərtlə ki, həmin təşkilatın ən azı bir üzv dövləti bu Protokolun İştirakçısı olsun. Qoşulma haqqında sənədlər Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca verilir. Regional iqtisadi inteqrasiya təşkilatı bu Protokola qoşularkən onunla tənzimlənən məsələlərə dair öz səlahiyyət çərçivəsi haqqında bildirir. Bu cür təşkilat həmçinin özünün səlahiyyət sahəsində olan hər bir müvafiq dəyişiklik haqqında depozitariyə məlumat verir.

 

Maddə 17

Qüvvəyəminmə

 

1. Bu Protokol qırxıncı ratifikasiya fərmanının və ya qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədin saxlanca təqdim edildiyi tarixdən sonra gələn doxsanıncı gün qüvvəyə minir, lakin o, Konvensiya qüvvəyə minənə qədər qüvvəyə minmir. Bu bəndin məqsədləri üçün regional iqtisadi inteqrasiya təşkilatı tərəfindən saxlanca verilən hər hansı bir bu cür fərman və ya sənəd bu cür təşkilatın üzvü olan dövlətlər tərəfindən təqdim edilən fərmanlara və ya sənədlərə əlavə kimi hesab edilmir.

2. Bu Protokolu ratifikasiya, qəbul və ya təsdiq edən və ya qırxıncı ratifikasiya fərmanının və ya bu cür qüvvəyə malik olan sənədin saxlanca verilməsindən sonra ona qoşulan hər bir dövlət və ya regional iqtisadi inteqrasiya təşkilatı üçün bu Protokol bu cür dövlət və ya təşkilat tərəfindən müvafiq fərmanın və ya sənədin saxlanca verilməsindən sonra gələn otuzuncu gün və ya bu maddənin 1-ci bəndinə uyğun olaraq Protokolun qüvvəyə mindiyi tarixdə qüvvəyə minir.

 

Maddə 18

Düzəlişlər

 

1. Bu Protokolun qüvvəyə minməsindən beş il sonra, bu Protokolun İştirakçı dövləti ona düzəliş təklif edə bilər və həmin düzəlişi Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndərə bilər, o da öz növbəsində müzakirə etmək və ona

dair qərar qəbul etmək məqsədi ilə təklif edilən düzəlişi İştirakçı dövlətlərə və Konvensiya İştirakçılarının Konfransına ötürür. İştirakçıların Konfransında iştirak edən bu Protokolun İştirakçı dövlətləri hər bir düzəlişə dair konsensusa nail olmaq üçün öz səylərini göstərir. Əgər konsensusa nail olunmasına bütün cəhdlər sərf edilibsə və heç bir razılaşma əldə edilməyibsə, onda düzəlişin qəbul edilməsi üçün son vasitə kimi İştirakçıların Konfransının iclasında və səsvermədə iştirak edən bu Protokolun İştirakçı dövlətlərinin 2/3 səs çoxluğu tələb olunur.

2. öz səlahiyyətinə daxil olan məsələlərlə bağlı regional iqtisadi inteqrasiya təşkilatları öz səs hüququnu bu Protokolun İştirakçısı olan öz üzv dövlətlərinin sayına bərabər səsə malik olmaqla bu maddəyə uyğun olaraq həyata keçirirlər, Bu cür təşkilatlar, əgər onların üzvü olan dövlətlər öz səs hüququnu həyata keçirirlərsə, öz səs hüququnu həyata keçirmirlər və yaxud əksinə.

3. Bu maddənin 1-ci bəndinə uyğun olaraq qəbul edilmiş düzəliş İştirakçı dövlətlər tərəfindən ratifikasiya, qəbul və ya təsdiq edilməlidir.

4. Bu maddənin 1-ci bəndinə uyğun olaraq qəbul edilmiş düzəliş İştirakçı dövlətə münasibətdə, bu cür düzəlişin qəbul və ya təsdiq edilməsi haqqında sənədin və ya ratifikasiya fərmanının Birləşmiş Millətlər Təşkilatının Baş katibim saxlanca verildiyi tarixdən doxsan gün sonra qüvvəyə minir.

5. Düzəliş qüvvəyə mindiyi zaman, həmin düzəlişə bağlı olması haqqında öz razılıqlarını ifadə edən İştirakçı dövlətlər üçün məcburi olur. Digər İştirakçı dövlətlərin bu Protokolun müddəalarına və onun əvvəl ratifikasiya, qəbul və ya təsdiq etdiyi istənilən düzəlişlərə bağlılığı davam edir.

 

Maddə 19

Ləğvetmə

 

1. İştirakçı dövlət Birləşmiş Millətlər Təşkilatının Baş katibinə yazılı bildiriş göndərməklə bu Protokolu ləğv edə bilər. Bu cür ləğvetmə Baş katib bildirişi aldığı tarixdən etibarən bir il müddət bitəndən sonra qüvvəyə minir.

2. Regional iqtisadi inteqrasiya təşkilatı, onun üzvü olan bütün dövlətlər bu Protokolu ləğv etdikdən sonra, həmin Protokolda İştirakçılığını başa çatdırır.

 

Maddə 20

Depozitari və dillər

 

1. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Protokolun depozitarisi təyin edilir.

2. Bu Protokolun ingilis, ərəb, Çin, rus və fransız dillərində olan mətnləri autentikdir, mətnin əsli Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca verilir.

BUNUN TƏSDİQİ OLARAQ, hökumətləri tərəfindən lazımi qaydada buna vəkil edilmiş aşağıda imza edən səlahiyyətli nümayəndələr bu Protokolu imzaladılar.

 

Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan,

Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı

 

PROTOKOL

 

Ali Məclisin 2000-ci il 15 noyabr tarixli 55/25 saylı Qətnaməsi ilə qəbul edilmişdir

 

PREAMBULA

 

Bu Protokolun İştirakçı dövlətləri,

miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinin qarşısının alınması və onunla mübarizə aparmaq üçün hərtərəfli beynəlxalq yanaşmanın, o cümlədən əməkdaşlıq, məlumat mübadiləsi və digər lazımi tədbirlərin, habelə milli, regional və beynəlxalq səviyyədə sosial-iqtisadi tədbirlərin görülməsi vacibliyini bəyan edərək,

Ali Məclisin, beynəlxalq miqrasiya sahəsində və miqrasiyanın, xüsusilə də yoxsulluqla və aidiyyəti olan şəxslərin beynəlxalq miqrasiyadan gələn mənfəətinin böyük həcmdə artması ilə əlaqədar olan köklü səbəblərin aradan qaldırılmasına yardım etmək məqsədi ilə üzv dövlətləri və Birləşmiş Millətlər Təşkilatının bütün sistemini beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə israrlı çağırışını və müvafiq hallarda regionlararası, regional və subregional mexanizmlərlə miqrasiya və inkişaf üzrə məsələlərin müzakirəsinin davam etməsi haqqında tövsiyəsini əks etdirən 1999-cu il 22 dekabr tarixli 54/212 saylı Qətnaməsinə istinad edərək,

miqrantlarla insani rəftarın və onların hüquqlarının tam müdafiəsinin təmin edilməsi ehtiyacına əmin olaraq,

digər beynəlxalq forumlarda keçirilən işlərə baxmayaraq, miqrantların sərhəddən qanunsuz keçirilməsinin bütün aspektlərinə və bununla bağlı digər məsələlərə toxunan universal sənədin mövcud olmamasını nəzərə alaraq,

müvafiq dövlətlərə böyük zərər yetirən və bu Protokolda qeyd olunan miqrantların sərhəddən qanunsuz keçirilməsindən və bu fəaliyyətlə bağlı mütəşəkkil cinayətkar qrupların fəaliyyətinin əhəmiyyətli dərəcədə genişlənməsindən narahatlıq keçirərək,

həmçinin miqrantların həyat və təhlükəsizliyinə təhlükə yarada biləcək sərhəddən qanunsuz keçirilməsindən də narahatlıq keçirərək,

Ali Məclisin transmilli mütəşəkkil cinayətkarlığa qarşı hərtərəfli beynəlxalq konvensiyanın və xüsusilə miqrantların qeyri-qanuni daşınmasına və sərhəddən keçirilməsinə, o cümlədən dəniz ilə daşınmasına qarşı mübarizə üzrə beynəlxalq sənədin işlənib hazırlanması üçün hökumətlərarası açıq tərkibli xüsusi komitənin yaradılması haqqında qərarını əks etdirən 1998-ci il 22 dekabr tarixli, 53/111 saylı Qətnaməsinə istinad edərək,

Birləşmiş Millətlər Təşkilatının transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasının, miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı olan beynəlxalq sənədlə tamamlanmasının bu cür cinayətlərin qarşısının alınmasına və onlarla mübarizəyə yardım edəcəyinə əmin olaraq, aşağıdakılar barədə razılığa gəldilər:

I. ÜMUMİ MÜDDƏALAR

Maddə 1

Birləşmiş Millətlər Təşkilatının "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyası ilə əlaqə

 

1. Bu Protokol Birləşmiş Millətlər Təşkilatının transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayır. O, həmin Konvensiya ilə birlikdə şərh edilir.

2. Əgər digər qayda nəzərdə tutulmayıbsa, Konvensiyanın müddəaları bu Protokola mutatis mutandis tətbiq edilir.

3. Bu Protokolun 6-cı maddəsinə uyğun olaraq cinayət kimi müəyyən edilmiş cinayətlər, Konvensiyaya uyğun olaraq, cinayət kimi tanınmış cinayətlər hesab olunur.

 

Maddə 2

Məqsəd

 

Bu Protokolun məqsədi miqrantların sərhəddən qanunsuz keçirilməsinin qarşısını almaq və onunla mübarizə aparmaqdan, habelə bu məqsədlərə nail olmaq üçün sərhəddən qanunsuz keçirilmiş miqrantların hüquqlarının müdafiəsi zamanı İştirakçı dövlətlər arasında əməkdaşlığın təşviq edilməsindən ibarətdir.

 

Maddə 3

Anlayışlar

 

Bu Protokolun məqsədləri üçün:

a) "miqrantların qeyri-qanuni gətirilməsi" dedikdə hər hansı bir maliyyə və ya digər maddi mənfəətin birbaşa və ya dolayı alınması məqsədi ilə istənilən İştirakçı dövlətin ərazisinə, onun vətəndaşı olmayan və ya onun ərazisində daimi yaşamayan hər hansı bir şəxsin qeyri-qanuni daxil olmasının təmin edilməsi başa düşülür;

b) "qeyri-qanuni gəlmək" dedikdə, qəbul edən dövlətə qanuni əsaslarla daxil olmaq üçün vacib tələblərə riayət etməməklə sərhədi keçmək başa düşülür;

c) "ölkədən getmək və ölkəyə gəlmək üçün saxta sənəd və ya şəxsiyyət vəsiqəsi" dedikdə ölkədən getmək və ölkəyə gəlmək üçün aşağıdakı tərzdə olan hər hansı bir sənəd başa düşülür:

i) qanuni qaydada dövlət adından ölkədən getmək və ölkəyə gəlmək üçün sənəd və ya şəxsiyyət vəsiqəsi düzəltməyə və ya təqdim etməyə səlahiyyəti olanlardan fərqli olaraq hər hansı bir şəxs və ya təşkilat tərəfindən hər hansı bir maddi üsulla dəyişdirilmiş və ya saxta düzəldilmiş sənəd; və ya

ii) düzgün olmayan qaydada verilmiş və ya həqiqətə uyğun olmayan məlumatın, rüşvətin və ya məcbur etmənin və ya hər hansı bir qeyri-qanuni qaydada verilmiş və ya alınmış sənədlər; və ya

iii) qanuni sahibindən fərqli olaraq digər şəxs tərəfindən istifadə edilən

sənəd;

d) "gəmi" dedikdə, dövlətə məxsus olan və ya onun tərəfindən istismar edilən, həmin zaman ancaq dövlətin qeyri-kommersiya xidmətində olan hərbi gəmilər, köməkçi hərbi dəniz gəmiləri və ya digər növ gəmilər istisna olmaqla, hər növ üzən vasitələr, o cümlədən su basımı olmayan gəmilər və su üzərində nəqliyyat vasitəsi kimi istifadə edilən və ya edilə bilən hidroplanlar başa düşülür.

 

Maddə 4

Tətbiq dairəsi

 

Bu Protokol, əgər onda digər qayda nəzərdə tutulmayıbsa, həmin Protokolun 6-cı maddəsinə uyğun olaraq cinayət kimi tanınmış cinayətlərlə əlaqədar, əgər həmin cinayətlər transmilli xarakter daşıyırsa və mütəşəkkil cinayətkar qrupun iştirakı ilə törədilibdirsə, cinayətlərin qarşısının alınmasına, istintaqına və cinayət təqibinə, habelə bu cür cinayətlərin obyekti olmuş şəxslərin hüquqlarının müdafiə edilməsinə tətbiq edilir.

 

Maddə 5

Miqrantların cinayət təqibi

 

Bu Protokol miqrantların cinayət təqibinə tətbiq edilə bilməz, yalnız o səbəbə görə ki, onlar həmin Protokolun 6-cı maddəsində göstərilən cinayətlərin obyekti olmuşdurlar.

 

Maddə 6

Kriminallaşdırma

 

1. Hər bir İştirakçı dövlət aşağıdakı əməlləri, onlar qəsdən və birbaşa və ya dolayı maliyyə və ya digər maddi mənfəət almaq məqsədi ilə törədildikdə, cinayət qanunu ilə cəzalandırılan əməl kimi tanımaq üçün lazımi qanunverici və digər tədbirlər görür:

a) miqrantların sərhəddən qanunsuz keçirilməsi;

b) əməllər miqrantların sərhəddən qanunsuz keçirilməsi üçün şəraitin yaradılması məqsədi ilə törədilərkən:

i) ölkədən getmək və ölkəyə gəlmək üçün saxta sənədin və ya şəxsiyyət

vəsiqəsinin düzəldilməsi;

ii) bu cür sənədin əldə olunması və ya verilməsi və ya bu cür sənədə malik olmaq;

c) aidiyyətli dövlətin vətəndaşı olmayan və ya onun ərazisində daimi yaşamayan hər hansı bir şəxsə bu bəndin (b) yarımbəndində göstərilən üsullar və ya digər hər hansı bir qeyri-qanuni vasitələrlə qanuni qalmaq üçün zəruri olan qanuni tələblərə riayət etməməklə, bu dövlətin ərazisində qalmağa imkanın yaradılması.

2. Hər bir İştirakçı dövlət eyni zamanda aşağıdakı əməlləri cinayət qanunu ilə cəzalandırılan əməl kimi tanımaq üçün lazımi qanunverici və digər tədbirlər görür:

a) öz hüquq sisteminin əsas prinsiplərinə riayət etmək şərti ilə bu maddənin 1-ci bəndinə uyğun olaraq cinayət kimi müəyyən edilmiş hər hansı bir cinayətin törədilməsinə cəhd;

b) bu maddənin l(a), (b)(i) və ya (c) bəndinə uyğun olaraq cinayət kimi müəyyən edilmiş hər hansı bir cinayətin törədilməsində cinayət yoldaşı qismində İştirakçılıq və öz hüquq sisteminin əsas prinsiplərinə riayət etmək şərti ilə bu maddənin 1 (b)(ii) bəndinə uyğun olaraq cinayət kimi müəyyən edilmiş hər hansı bir cinayətin törədilməsində cinayət yoldaşı qismində İştirakçılıq;

c) bu maddənin 1-ci bəndinə uyğun olaraq cinayət kimi müəyyən edilmiş hər hansı bir cinayəti törətmək məqsədi ilə digər şəxslərin təşkilatlandırılması və ya onlara rəhbərlik.

3. Hər bir İştirakçı dövlət bu maddənin l(a), (b)(i) və ya (c) bəndlərinə uyğun olaraq cinayət kimi müəyyən edilmiş cinayətlərdə ağırlaşdırıcı hallar kimi tanımaq və öz hüquqi sisteminin əsas prinsiplərinə riayət etmək şərti ilə bu maddənin 2(b) və (c) bəndlərinə uyğun olaraq cinayət kimi müəyyən edilmiş hər hansı bir cinayətdə aşağıda göstərinlən halları ağırlaşdırıcı hallar kimi tanımaq üçün lazımi qanunverici və digər tədbirlər görür:

a) müəyyən miqrantların həyatını və ya təhlükəsizliyini təhlükə altına qoyan hallar və ya

b) bu cür miqrantlarla qeyri-insani və ləyaqəti alçaldan rəftara səbəb olan hallar, o cümlədən istismar məqsədi ilə.

4. Bu Protokolun heç bir müddəası İştirakçı dövlətə onun daxili qanunvericiliyə uyğun olaraq əməli cəzalandırılan hər hansı bir şəxs barəsində tədbirlər görməyə mane olmur.

II. MİQRANTLARIN DƏNİZLƏ SƏRHƏDDƏN QEYRİ-QANUNİ

KEÇİRİLMƏSİ

Maddə 7

Əməkdaşlıq

 

İştirakçı dövlətlər miqrantların dənizlə qeyri-qanuni gətirilməsinin qarşısını almaq məqsədi ilə beynəlxalq dəniz hüququna uyğun olaraq mümkün qədər geniş şəkildə əməkdaşlıq edirlər.

 

Maddə 8

Miqrantların dənizlə sərhəddən qanunsuz keçirilməsinə qarşı müqavimət tədbirləri

 

1. Əgər İştirakçı dövlətin kifayət qədər şübhə etməyə əsası varsa ki, onun bayrağı altında üzən və ya bu dövlətdə qeydiyyatda olmasını bəyan edən və ya ona məxsus olmayan və ya xarici dövlətin bayrağı altında üzməsinə baxmayaraq, bayrağı göstərməkdən imtina edən və həqiqətdə həmin İştirakçı dövlətə məxsus olan gəmi miqrantların dənizlə sərhəddən qanunsuz keçirilməsində iştirak edir, onda bu İştirakçı dövlət həmin gəminin bu məqsədilə istifadə edilməsinin qarşısını almaq məqsədi ilə digər İştirakçı dövlətlərdən yardım istəyə bilər. Bu cür yardım haqqında sorğu alan İştirakçı dövlətlər mümkün qədər malik olduqları vasitələrlə belə bir yardımı göstərirlər.

2. Əgər İştirakçı dövlətin kifayət qədər şübhə etməyə əsası varsa ki, beynəlxalq hüquqa əsasən azad gəmiçiliyi həyata keçirən və digər İştirakçı dövlətin bayrağı altında üzən və ya bu cür dövlətdə qeydiyyatda olmasını təsdiq edən işarələrə malik olan gəmi miqrantların dənizlə sərhəddən qanunsuz keçirilməsində iştirak edir, onda həmin İştirakçı dövlət bayrağın məxsus olduğu dövləti bu barədə məlumatlandıra bilər, qeydiyyatın təsdiq edilməsini xahiş edə bilər və bu, təsdiq edildiyi təqdirdə, bayrağın məxsus olduğu dövlətdən bu gəmi barəsində lazımi tədbirlərin görülməsinə icazənin verilməsini xahiş edə bilər. Bayrağın məxsus olduğu dövlət sorğu edən dövlətə xüsusilə aşağıdakıları etməyə icazə verə bilər:

a) həmin gəmiyə daxil olmaq;

b) həmin gəmiyə baxış keçirmək;

c) həmin gəminin miqrantların dənizlə sərhəddən qanunsuz keçirilməsində iştirak etməsinə dair sübutlar aşkar olunduğu təqdirdə, bayrağın məxsus olduğu dövlətin icazə verdiyi qaydada gəmiyə, habelə gəminin göyərtəsində olan şəxslərə və yüklərə dair müəyyən tədbirlər görmək.

3. Bu maddənin 2-ci bəndinə uyğun olaraq hər hansı bir tədbir görmüş İştirakçı dövlət bayrağın məxsus olduğu maraqlı dövləti təxirə salmadan nəticələr haqqında məlumatlandırır.

4. İştirakçı dövlət digər İştirakçı dövlətdən həmin dövlətdə qeydiyyatda olmasını və ya onun bayrağı altında üzməsini bəyan edən gəminin buna hüququnun olub-olmamasını müəyyən etmək üçün aldığı sorğuya, habelə bu maddənin 2-ci bəndinə uyğun olaraq icazə haqqında edilmiş sorğuya təxirə salmadan cavab verir.

5. Bayrağın məxsus olduğu dövlət bu Protokolun 7-ci maddəsinə uyğun olaraq öz icazəsini onunla sorğu alan dövlət arasında razılaşdırılmış şərtlərlə, o cümlədən məsuliyyətə və qəbul edilməli səmərəli tədbirlərin miqyasına aid olan şərtlərlə ötürə bilər. İştirakçı dövlət, insanların həyatı üçün birbaşa təhlükə yaradan halları aradan qaldırmaq üçün lazım olan və ya müvafiq ikitərəfli və ya çoxtərəfli sazişlərdən irəli gələn tədbirlər istisna olmaqla, bayrağın məxsus olduğu dövlətin buna birbaşa icazəsi olmadan əlavə tədbirlər görmür.

6. Hər bir İştirakçı dövlət yardım haqqında sorğular, gəminin qeydiyyatının və ya onun bayrağı altında üzməsinə hüququnun təsdiq edilməsi, habelə lazımi tədbirlərin görülməsi üçün icazə almaq haqqında sorğuları alan orqan və ya lazım gəldikdə orqanlar təyin edir. Bu cür təyinat haqqında bildiriş Baş katibin vasitəsi ilə təyinatın edildiyi tarixdən etibarən bir ay ərzində digər İştirakçı dövlətlərə göndərilir.

7. Əgər İştirakçı dövlətin kifayət qədər şübhə etməyə əsası varsa ki, gəmi miqrantların dənizlə sərhəddən qanunsuz keçirilməsində iştirak edir və onun mənsubiyyəti məlum deyil və ya mənsubiyyəti məlum olmayan gəmiyə bərabər tutula bilər, onda həmin İştirakçı dövlət gəmiyə daxil ola bilər və ona baxış

keçirə bilər. Əgər bu şübhəni təsdiq edən sübutlar aşkar edilibsə, onda bu cür İştirakçı dövlət daxili və beynəlxalq hüququn müvafiq müddəalarına əsasən lazımi tədbirlər görür.

 

Maddə 9

Ehtiyat tədbirləri

 

1. İştirakçı dövlət bu Protokolun 8-ci maddəsinə uyğun olaraq hər hansı bir gəmiyə dair tədbir görəndə:

a) gəminin göyərtəsində olan şəxslərin təhlükəsizliyini və onlarla insani rəftar edilməsini təmin edir;

b) gəmini və ya onda olan yükü təhlükə altına qoymamaq vacibliyini lazımi qaydada nəzərə alır;

c) bayrağın məxsus olduğu dövlətin və ya digər hər hansı bir maraqlı dövlətin kommersiya və ya hüquqi maraqlarına xələl gətirməmək vacibliyini lazımi qaydada nəzərə alır;

d) imkan daxilində gəmiyə dair görülən hər bir tədbirin ekoloji təhlükəsizlik tələblərinə cavab verməsini təmin edir.

2. Əgər bu Protokolun 8-ci maddəsinə uyğun olaraq görülmüş tədbirlər əsasında motivlər öz əsasını tapmazsa, onda gəmi dəymiş hər bir zərərə və itkiyə görə kompensasiya alır, bir şərtlə ki, həmin gəmi görülən tədbirlərə bəraət qazandıran hər hansı bir əməl törətməmiş olsun.

3. Bu Fəslə uyğun olaraq qəbul edilmiş və ya həyata keçirilmiş istənilən tədbir aşağıda göstərilənlərə xələl gətirməmək və təsir etməmək zərurətini lazımi qaydada əks etdirir:

a) beynəlxalq dəniz hüququna uyğun olaraq sahilyanı dövlətlərin həyata keçirdiyi yurisdiksiyasına, onların hüquq və öhdəliklərinə; və ya

b) bayrağın məxsus olduğu dövlətin gəmi ilə əlaqədar inzibati, texniki və sosial məsələlərə dair nəzarətinə və yurisdiksiyasının həyata keçirilməsi səlahiyyətlərinə.

4. Bu Fəslə uyğun olaraq dənizdə görülən istənilən tədbir yalnız hərbi gəmilər və ya hərbi uçuş aparatları yaxud dövlət xidmətində olmasını bildirən aydın xarici nişanı olan və həmin məqsədlə icazə almış digər gəmi və təyyarələr tərəfindən həyata keçirilir.

III. XƏBƏRDARLIQ, ƏMƏKDAŞLIQ VƏ DİGƏR TƏDBİRLƏR

Maddə 10

Məlumat

 

1. Konvensiyanın 27-ci və 28-ci maddələrinə xələl gətirmədən İştirakçı dövlətlər, ilk növbədə isə ümumi sərhədi olan və ya miqrantların qeyri-qanuni gətirilməsi marşrutlarında yerləşən İştirakçı dövlətlər, bu Protokolun məqsədlərinə nail olmaq üçün öz daxili hüquqi və inzibati sistemlərinə uyğun olaraq aşağıda göstərilən məsələlərə dair müvafiq məlumat mübadiləsi həyata keçirirlər:

a) bu Protokolun 6-cı maddəsində göstərilən əməllərin törədilməsində iştirak edən hər hansı bir mütəşəkkil cinayətkar qrup tərəfindən məlum olduğu və

ya şübhə edildiyi kimi istifadə olunan göndərmə və təyinat məntəqələri, habelə marşrutlar, daşıyıcılar və nəqliyyat vasitələri;

b) bu Protokolun 6-cı maddəsində göstərilən əməllərin törədilməsində məlum olduğu və ya şübhə edildiyi kimi iştirak edən təşkilatlar və ya mütəşəkkil cinayətkar qruplar və onların istifadə etdiyi üsullar haqqında məlumat;

c) ölkədən getmək və ölkəyə gəlmək üçün İştirakçı dövlət tərəfindən verilən sənədlərin həqiqiliyini və düzgünlüyünü bildirən fərqli xüsusiyyətləri və ölkədən getmək və ölkəyə gəlmək üçün blankların və ya şəxsiyyət vəsiqələrinin oğurlanması və ya onların sonrakı qeyri-qanuni istifadəsi haqqında məlumatlar;

d) insanların gizlədilməsi və daşınması vasitələri və üsulları haqqında məlumat, bu Protokolun 6-cı maddəsində göstərilən əməllərin törədilməsində ölkədən getmək və ölkəyə gəlmək üçün istifadə olunan sənədlərin və ya şəxsiyyət vəsiqələrinin qeyri-qanuni dəyişdirilməsi, əldə olunması və ya qanunsuz istifadə edilməsi və onların aşkar edilməsi üsulları haqqında məlumat;

e) qanunverici təcrübə, habelə bu Protokolun 6-cı maddəsində göstərilən əməllərin qarşısının alınmasına və onunla mübarizəyə yönələn təcrübə və tədbirlər; və

f) bu Protokolun 6-cı maddəsində göstərilən əməllərin qarşısının alınması, aşkar edilməsi, istintaqı üzrə öz imkanlarının genişləndirilməsi və həmin cinayətlərlə əlaqəsi olan şəxslərin təqib edilməsi məqsədi ilə hüquq mühafizə orqanlarına faydalı ola bilən elmi-texniki məlumat.

2. Məlumatı alan İştirakçı dövlət məlumatı təqdim edən İştirakçı dövlətin istənilən xahişini onun istifadəsinə dair məhdudiyyətlərin qoyulması ilə birlikdə yerinə yetirir.

 

Maddə 11

Sərhəddə nəzarət tədbirləri

 

1. İnsanların azad yerdəyişməsinə dair beynəlxalq öhdəliklərə xələl gətirmədən İştirakçı dövlətlər miqrantların sərhəddən qanunsuz keçirilməsinin qarşısını almaq və aşkar etmək üçün mümkün qədər sərhəd nəzarəti tədbirlərini müəyyən edirlər.

2. Hər bir İştirakçı dövlət kommersiya məqsədi güdən daşıyıcılar tərəfindən istismar olunan nəqliyyat vasitələrinin, bu Protokolun 6-cı maddəsinin l(a) bəndinə uyğun olaraq, cinayət kimi tanınmış cinayətlərin törədilməsində istifadəsinin mümkün qədər qarşısını almaq üçün qanunverici və ya digər lazımi tədbirlər görür.

3. Lazım gəldikdə və tətbiq olunan beynəlxalq konvensiyalara xələl gətirmədən bu cür tədbirlər özündə kommersiya məqsədi güdən daşıyıcılar, o cümlədən hər hansı bir nəqliyyat şirkəti və ya sahibi və ya hər hansı bir nəqliyyat vasitəsi operatorları üçün bütün sərnişinlərin qəbul edən dövlətə daxil olmasına lazım olan ölkədən getmək və ölkəyə gəlmək sənədlərinə malik olmasına əmin olmaq üçün öhdəliklərin müəyyən edilməsini əks etdirir.

4. Hər bir İştirakçı dövlət bu maddənin 3-cü bəndində müəyyən edilən öhdəliyin pozulmasına görə sanksiyanın nəzərdə tutulması üçün öz daxili qanunvericiliyinə uyğun olaraq zəruri tədbirlər görür.

5. Hər bir İştirakçı dövlət bu Protokola əsasən cinayət kimi tanınmış cinayətlərin törədilməsi ilə əlaqəsi olan şəxslərin ölkəyə daxil olmasının öz daxili qanunvericiliyinə uyğun olaraq rədd edilməsini və ya onların vizalarının ləğv edilməsini mümkün edən tədbirlərin görülməsi mümkünlüyünü müzakirə edir.

6. Konvensiyanın 27-ci maddəsinə xələl gətirmədən İştirakçı dövlətlər sərhəd nəzarəti üzrə orqanlar arasında o cümlədən birbaşa rabitə kanallarının yaradılması və saxlanılması vasitəsi ilə əməkdaşlığın möhkəmləndirilməsi mümkünlüyünü müzakirə edirlər.

 

Maddə 12

Sənədlərin etibarlılığı və onlara nəzarət

 

Hər bir İştirakçı dövlət öz imkanları daxilində aşağıdakılar üçün zəruri ola bilən tədbirlər görür:

a) onlara ölkədən getmək və ölkəyə gəlmək üçün verilən sənədlərin və ya şəxsiyyət vəsiqələrinin qeyri-qanuni istifadəsini və saxtalaşdırılmasını və ya qanunsuz dəyişdirilməsini, əks olunmasını və ya verilməsini mümkün qədər çətinləşdirmək üçün onların keyfiyyətinin artırılmasını təmin etmək;

b) İştirakçı dövlət tərəfindən və ya onun adından ölkədən getmək və ölkəyə gəlmək üçün verilən sənədlərin və ya şəxsiyyət vəsiqələrinin qorunmasını və etibarlılığını təmin etmək, habelə onların qeyri-qanuni düzəldilməsinin, verilməsinin və istifadəsinin qarşısını almaq.

 

Maddə 13

Sənədlərin qanuniliyi və həqiqiliyi

 

İştirakçı dövlət öz daxili qanunvericiliyinə uyğun olaraq digər İştirakçı dövlətin xahişi ilə ağlabatan müddət ərzində ölkədən getmək və ya ölkəyə gəlmək üçün onun adından verilmiş və ya guya onun adından verilmiş, bu Protokolun 6-cı maddəsində göstərilən əməllərin törədilməsi məqsədi ilə istifadə edilməsinə şübhə doğuran sənədlərin və ya şəxsiyyət vəsiqələrinin qanuniliyini və həqiqiliyini yoxlayır.

 

Maddə 14

Kadrların hazırlığı və texniki əməkdaşlıq

 

1. İştirakçı dövlətlər bu Protokolun 6-cı maddəsində göstərilən əməllərin qarşısını almaq və bu cür əməllərin obyekti olmuş miqrantlarla, onların bu Protokolda müəyyən edilən hüquqlarına hörmət olunmasını təmin etməklə, insani rəftar məsələləri üzrə miqrasiya və digər müvafiq orqanların əməkdaşlarının ixtisaslaşdırılmış hazırlığını təmin edir və təkmilləşdirirlər.

2. İştirakçı dövlətlər bu Protokolun 6-cı maddəsində göstərilən əməllərin qarşısını almaq, aradan qaldırmaq və onunla mübarizə etmək, habelə bu cür əməllərin obyekti olmuş miqrantların hüquqlarını müdafiə etmək məqsədi ilə öz ərazilərindəki kadrların lazımi hazırlığının təmin edilməsində, lazım gəldikdə, bir-biri ilə və səlahiyyətli beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları,

digər müvafiq təşkilatlar və vətəndaş cəmiyyətinin digər elementləri ilə əməkdaşlıq edirlər. Bu cür hazırlığa aşağıdakılar daxildir:

a) ölkəyə gəlmək və ölkədən getmək üçün sənədlərin keyfiyyətinin və etibarlılığının artırılması;

b) ölkəyə gəlmək və ölkədən getmək üçün saxta sənədlərin və ya şəxsiyyət vəsiqələrinin tapılması və aşkar olunması;

c) bu Protokolun 6-cı maddəsində göstərilən əməlin törədilməsində iştirakı məlum olan və ya şübhə doğuran mütəşəkkil cinayətkar qrupların aşkar edilməsinə aid olan cinayətlər və sərhəddən qeyri-qanuni keçirilən miqrantların daşınması üçün istifadə edilən üsullar Protokolun 6-cı maddəsində göstərilən əməlin törədilməsi məqsədi ilə ölkədən getmək və ölkəyə gəlmək üçün sənədlərin və ya şəxsiyyət vəsiqələrinin qanunsuz istifadəsi və miqrantların sərhəddən qanunsuz keçirilməsində istifadə olunan məxfi üsullar haqqında əməliyyat məlumatının toplanması;

d) ölkədən getmək və ölkəyə gəlmək üçün müəyyən edilmiş və ya müəyyən edilməmiş məntəqələrdə qeyri-qanuni gətirilən şəxslərin aşkar edilməsi prosedurlarının təkmilləşdirilməsi; və

e) miqrantlarla insani rəftar və onların bu Protokolda müəyyən edilmiş hüquqlarının müdafiəsi.

3. Müvafiq mütəxəssislərə və təcrübəyə malik olan İştirakçı dövlətlər bu Protokolun 6-cı maddəsində göstərilən əməllərin obyekti olmuş şəxslər üçün dəfələrlə tranzit və ya mənşə ölkə olan dövlətlərə texniki yardımın göstərilməsi mümkünlüyünü müzakirə edirlər. İştirakçı dövlətlər 6-cı maddədə göstərilən əməllərlə mübarizə etmək məqsədi ilə nəqliyyat vasitələri, kompüter sistemləri və sənədlərin oxunması üçün istifadə edilən avadanlıqlar kimi lazımi resursların təqdim edilməsi üçün bütün səylərini göstərirlər.

 

Maddə 15

Digər ehtiyat tədbirləri

 

1. Hər bir İştirakçı dövlət bu Protokolun 6-cı maddəsində göstərilən əməllərin, tamah məqsədi ilə mütəşəkkil cinayətkar qruplar tərəfindən tez-tez həyata keçirilən və müvafiq miqrantlar üçün təhlükə yaradan cinayətkar fəaliyyət kimi olmasının cəmiyyət tərəfindən dərk edilməsi üçün informasiya proqramlarının yaradılması və ya təkmilləşdirilməsi üzrə tədbirlər görür.

2. Konvensiyanın 31-ci maddəsinə uyğun olaraq İştirakçı dövlətlər potensial miqrantların mütəşəkkil cinayətkar qrupların qurbanına çevrilmәsinin qarşısını almaq məqsədi ilə ictimai məlumat sahəsində əməkdaşlıq edirlər.

3. Hər bir İştirakçı dövlət proqramların işlənib hazırlanmasına və inkişaf sahəsində milli, regional və beynəlxalq səviyyədə əməkdaşlığa yardım edir və ya lazım gəldikdə miqrantların sosial-iqtisadi reallıqlarını nəzərə alaraq və miqrantların sərhəddən qanunsuz keçirilməsinə səbəb olan əlverişsiz və pis sosial-iqtisadi vəziyyətdə olan rayonlara xüsusi diqqət yetirərək, yoxsulluq və inkişafın aşağı səviyyədə olması kimi köklü sosial-iqtisadi səbəblərlə mübarizə aparmaq məqsədi ilə bu cür proqramları və əməkdaşlığı təkmilləşdirir.

 

Maddə 16

Müdafiə və yardım tədbirləri

 

1. Bu Protokolu həyata keçirən zaman hər bir İştirakçı dövlət beynəlxalq hüquq üzrə öz üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq bütün lazımi tədbirlər görür, o cümlədən əgər lazımdırsa, Protokolun 6-cı maddəsində göstərilən əməllərin obyekti olmuş şəxslərin beynəlxalq hüququn tətbiq edilən norma larında nəzərdə tutulan hüquqları, xüsusilə də yaşamaq hüququ və işgəncələrə və ya digər qeyri-insani və ləyaqəti alçaldan rəftara və ya cəzalara məruz qalmamaq hüquqları kimi hüquqlarının müdafiəsi və onlara riayət edilməsi üçün qanunvericilik sahəsində bütün lazımi tədbirlər görür.

2. Hər bir İştirakçı dövlət, ayrı-ayrı şəxslər və ya qruplar tərəfindən bu Protokolun 6-cı maddəsində göstərilən əməllərin obyekti olmasına görə işgəncələrə məruz qala biləcək miqrantlarla müvafiq müdafiənin təmin edilməsi üzrə lazımi tədbirlər görür.

3. Hər bir İştirakçı dövlət, həyatı və ya təhlükəsizliyi bu Protokolun 6-cı maddəsində göstərilən əməllərin obyekti olmasına görə təhlükə altına düşən miqrantlara lazımi yardım göstərir.

4. Bu maddənin müddəalarım tətbiq edən zaman İştirakçı dövlətlər qadınların və uşaqların xüsusi tələbatlarını nəzərə alır.

5. Bu Protokolun 6-cı maddəsində göstərilən əməllərin obyekti olmuş hər hansı bir şəxs tutulduqda, hər bir İştirakçı dövlət Konsulluq əlaqələri haqqında Vyana Konvensiyası əsasında öz üzərinə götürdüyü öhdəlikləri, o cümlədən, müvafiq hallarda, konsulluqların vəzifəli şəxslərinə göndərilən bildirişlərə və bu cür vəzifəli şəxslərlə əlaqəyə aid olan müddəalar haqqında həmin şəxsi təxirə salmadan məlumatlandırmaq öhdəliyini yerinə yetirir.

 

Maddə 17

Sazişlər və razılaşmalar

 

İştirakçı dövlətlər aşağıdakılara aid olan ikitərəfli və ya regional sazişlərin və ya operativ razılaşmaların və ya qarşılıqlı anlaşmaların bağlanması mümkünlüyünü müzakirə edirlər:

a) bu Protokolun 6-cı maddəsində göstərilən əməllərin qarşısını almaq və onunla mübarizə aparmaq üçün daha zəruri və səmərəli tədbirlərin görülməsinə; və ya

b) bu Protokolun müddəalarının öz aralarındakı əlaqələrə tətbiqinin inkişaf etdirilməsinə.

 

Maddə 18

Sərhəddən qanunsuz keçirilmiş miqrantların qaytarılması

 

1. Hər bir İştirakçı dövlət bu Protokolun 6-cı maddəsində göstərilən əməllərin obyekti və həmin dövlətin vətəndaşı olan və ya qaytarılma zamanı həmin dövlətin ərazisində daimi yaşamağa hüququ olan şəxsin geri qaytarılmasına və onun səbəbsiz və əsassız ləngitmələrə yol vermədən qəbul olunmasına kömək etməyə razılaşır.

2. Hər bir İştirakçı dövlət öz daxili qanunvericiliyinə uyğun olaraq bu Protokolun 6-cı maddəsində göstərilən əməllərin obyekti olmuş və ya qəbul edən dövlətə daxil olan zaman həmin dövlətin ərazisində daimi yaşamağa hüququ olan şəxsin geri qaytarılmasına və onun qəbul olunmasına kömək edilməsi mümkünlüyünü müzakirə edir.

3. Qəbul edən İştirakçı dövlətin xahişinə əsasən sorğu alan İştirakçı dövlət səbəbsiz və əsassız ləngitmələrə yol vermədən, bu Protokolun 6-cı maddəsində göstərilən əməllərin obyekti olmuş şəxsin onun vətəndaşı olmasını və ya onun ərazisində daimi yaşamağa hüququnun olub-olmamasını yoxlayır.

4. Bu Protokolun 6-cı maddəsində göstərilən əməllərin obyekti olmuş və lazımi sənədi olmayan şəxsin geri qaytarılmasına kömək etmək məqsədi ilə, həmin şəxsin vətəndaşı olduğu və ya ərazisində daimi yaşamağa hüququ olan İştirakçı dövlət, qəbul edən İştirakçı dövlətin xahişinə əsasən ölkədən getmək və ölkəyə gəlmək üçün bu cür sənədlərin və ya həmin şəxsin onun ərazisinə qaytarılması üçün tələb oluna biləcək digər icazə sənədləri verilməsinə razılıq verir.

5. Bu Protokolun 6-cı maddəsində göstərilən əməllərin obyekti olmuş hər hansı şəxsin qaytarılması ilə bağlı olan hər bir İştirakçı dövlət bu cür qaytarılmanın nizamlanmış şəkildə və həmin şəxsin təhlükəsizliyinə təminat və ləyaqətinə hörmət məsələlərini lazımınca nəzərə almaqla həyata keçirilməsi üçün bütün zəruri tədbirləri görür.

6. İştirakçı dövlətlər bu maddənin həyata keçirilməsi məsələləri üzrə müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq edə bilərlər.

7. Bu maddə qəbul edən İştirakçı dövlətin daxili qanunvericiliyinin hər hansı bir müddəasına əsasən Protokolun 6-cı maddəsində göstərilən əməlin obyekti olmuş şəxslərə verilən hər hansı bir hüquqa xələl gətirmir.

8. Bu maddə Protokolun 6-cı maddəsində göstərilən əməllərin obyekti olmuş şəxslərin qaytarılması məsələsini tam və ya qismən tənzimləyən, istər iki-tərəfli, istərsə də çoxtərəfli müqavilədən və ya tətbiq edilən hər hansı bir digər operativ sazişdən və ya razılaşmadan irəli gələn öhdəliklərə toxunmur.

IV. YEKUN MÜDDƏALARI

Maddə 19

Xüsusi müddəa

 

1. Bu Protokolda heç nə beynəlxalq hüquqa əsasən, o cümlədən beynəlxalq humanitar hüquq və insan hüquqları sahəsində beynəlxalq hüquqa əsasən və xüsusilə də bunlar tətbiq olunduğu zaman qaçqınların statusuna aid olan 1951-ci il Konvensiyasına və 1967-ci il Protokoluna və onlarda təsbit edilmiş qovulmamaq prinsipinə əsasən dövlətlərin və ayrı-ayrı şəxslərin hüquqlarına, öhdəliklərinə və məsuliyyətinə toxunmur.

2. Bu Protokolda nəzərdə tutulan tədbirlərin şəxslər barəsində şərhi və tətbiqi onların həmin Protokolun 6-cı maddəsində göstərilən əməllərin qurbanı olmasına görə ayrı-seçkilik salmamaqla həyata keçirilir. Bu tədbirlərin şərhi və tətbiq edilməsi beynəlxalq tanınmış ayrı-seçkilik salmamaq prinsipinə uyğun olaraq həyata keçirilir.

 

Maddə 20

Mübahisələrin həlli

 

1. İştirakçı dövlətlər bu Protokolun tətbiqi və şərhi ilə bağlı yaranan mübahisələri danışıqlar vasitəsi ilə həll etməyə çalışır.

2. Bu Protokolun tətbiqinə və şərhinə dair İştirakçı dövlətlər arasında yaranan hər bir mübahisə ağlabatan müddət ərzində danışıqlar vasitəsi ilə həll oluna bilmədikdə, həmin mübahisə İştirakçı dövlətlərdən birinin xahişi ilə arbitraj baxışına təqdim edilir. Arbitraj haqqında müraciət edildiyi gündən etibarən altı ay ərzində həmin İştirakçı dövlətlər arbitrajın təşkil edilməsi barədə razılığa gələ bilmədikdə, İştirakçı dövlətdən biri Beynəlxalq Məhkəmənin Nizamnaməsinə uyğun olaraq müraciət etməklə, mübahisəni həmin məhkəməyə göndərə bilər.

3. Hər bir İştirakçı dövlət bu Protokolu imzalayarkən, ratifikasiya, qəbul və ya təsdiq edərkən və ya ona qoşularkən bəyan edə bilər ki, o, özünü bu maddənin 2-ci bəndinin müddəalarına bağlı hesab etmir. Digər İştirakçı dövlətlər bu cür qeyd-şərt etmiş istənilən İştirakçı dövlətə münasibətdə bu maddənin 2-ci bəndinin müddəalarına bağlı deyildir,

4. Bu maddənin 3-cü bəndinə uyğun olaraq bu cür qeyd-şərt etmiş hər hansı bir İştirakçı dövlət Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bildiriş göndərməklə istənilən zaman həmin qeyd-şərti geri götürə bilər.

 

Maddə 21

İmzalama, ratifikasiya, qəbuletmə, təsdiqetmə və qoşulma

 

1. Bu Protokol 2000-ci il dekabr ayının 12-dən 15-nə qədər İtaliyanın Palermo şəhərində, sonradan isə 2002-ci i! dekabrın 12-nə qədər Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Mərkəzi təşkilatlarında bütün dövlətlər tərəfindən imzalanmaq üçün açıqdır.

2. Bu Protokol həmçinin regional iqtisadi inteqrasiya təşkilatları tərəfindən də imzalanmaq üçün açıqdır, bu şərtlə ki, bu cür təşkilatın üzvü olan ən azı bir dövlət bu maddənin 1-ci bəndinə uyğun olaraq həmin Protokolu imzalamış olsun.

3. Bu Protokol ratifikasiya olunmalı, qəbul və ya təsdiq edilməlidir. Ratifikasiya fərmanları və ya qəbuletmə və ya təsdiqetmə haqqında sənədlər Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca verilir. Regional iqtisadi inteqrasiya təşkilatları da, əgər onun üzvü olan dövlətlərdən ən azı biri bu cür qaydada hərəkət etmişdirsə, öz ratifikasiya fərmanlarını və ya qəbuletmə və ya təsdiqetmə haqqında sənədlərini saxlanca verə bilər. Bu cür təşkilat həmin ratifikasiya fərmanlarında və ya qəbuletmə və ya təsdiqetmə haqqında sənədlərində bu Protokol ilə tənzimlənən məsələlərə dair öz səlahiyyət çərçivəsi haqqında bildirir. Bu cür təşkilat həmçinin özünün səlahiyyət çərçivəsində olan hər bir müvafiq dəyişiklik haqqında depozitariyə məlumat verir.

4. Bu Protokol istənilən dövlətin və ya istənilən regional iqtisadi inteqrasiya təşkilatının həmin Protokola qoşulması üçün açıqdır, bu şərtlə ki, həmin təşkilatın üzvü olan ən azı bir dövlət bu Protokolun İştirakçısı olsun. Qoşulmaq haqqında sənədlər Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca verilir. Regional iqtisadi inteqrasiya təşkilatı Protokola qoşularkən onunla tənzimlənən

məsələlərə dair öz səlahiyyət çərçivəsi haqqında bildirir. Bu cür təşkilat həmçinin özünün səlahiyyət sahəsində olan hər bir müvafiq dəyişiklik haqqında depozitariyə məlumat verir.

 

Maddə 22

Qüvvəyəminmə

 

1. Bu Protokol qırxıncı ratifikasiya fərmanının və ya qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədin saxlanca təqdim edildiyi tarixdən sonra gələn doxsanıncı gün qüvvəyə minir, lakin o, Konvensiya qüvvəyə minənə qədər qüvvəyə minmir. Bu bəndin məqsədləri üçün regional iqtisadi inteqrasiya təşkilatı tərəfindən saxlanca verilən hər hansı bir bu cür fərman və ya sənəd bu cür təşkilatın üzvü olan dövlətlər tərəfindən təqdim edilən fərmanlara və ya sənədlərə əlavə kimi hesab edilmir.

2. Bu Protokolu ratifikasiya, qəbul və ya təsdiq edən və ya qırxıncı ratifikasiya fərmanının və ya bu cür qüvvəyə malik olan sənədin saxlanca verilməsindən sonra ona qoşulan hər bir dövlət və ya regional iqtisadi inteqrasiya təşkilatı üçün bu Protokol bu cür dövlət və ya təşkilat tərəfindən müvafiq fərmanın və ya sənədin saxlanca verilməsindən sonra gələn otuzuncu gün və ya bu maddənin 1-ci bəndinə uyğun olaraq Protokolun qüvvəyə mindiyi tarixdə qüvvəyə minir.

 

Maddə 23

Düzəlişlər

 

1. Bu Protokolun qüvvəyə minməsindən beş il sonra, Protokolun İştirakçı dövləti ona düzəliş təklif edə bilər və həmin düzəlişi Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndərə bilər, o da öz növbəsində müzakirə etmək və ona dair qərar qəbul etmək məqsədi ilə təklif edilən düzəlişi İştirakçı dövlətlərə və Konvensiya İştirakçılarının Konfransına ötürür. İştirakçıların Konfransında iştirak edən bu Protokolun İştirakçı dövlətləri hər bir düzəlişə dair konsensusa nail olmaq üçün öz səylərini göstərir. Əgər konsensusa nail olunmasına bütün cəhdlər sərf edilibsə və heç bir razılaşma əldə edilməyibsə, onda düzəlişin qəbul edilməsi üçün son vasitə kimi İştirakçıların Konfransının iclasında və səsvermədə iştirak edən bu Protokolun İştirakçı dövlətlərinin 2/3 səs çoxluğu tələb olunur.

2. Öz sәlahiyyәtinә daxil olan məsələlərlə bağlı regional iqtisadi inteqrasiya təşkilatları öz səs hüququnu, bu Protokolun İştirakçısı olan öz üzv dövlətlərinin sayına bərabər səsə malik olmaqla bu maddəyə uyğun olaraq həyata keçirirlər. Bu cür təşkilatlar, əgər onların üzvü olan dövlətlər öz səs hüququnu həyata keçirirsə, öz səs hüququnu həyata keçirmirlər və yaxud əksinə.

3. Bu maddənin 1-ci bəndinə uyğun olaraq qəbul edilmiş düzəliş İştirakçı dövlətlər tərəfindən ratifikasiya, qəbul və ya təsdiq edilməlidir.

4. Bu maddənin 1-ci bəndinə uyğun olaraq qəbul edilmiş düzəliş İştirakçı dövlətə münasibətdə bu cür düzəlişin qəbul və ya təsdiq edilməsi haqqında sənədin və ya ratifikasiya fərmanının Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca verildiyi tarixdən doxsan gün sonra qüvvəyə minir.

5. Düzəliş qüvvəyə mindiyi zaman həmin düzəlişə bağlı olması haqqında öz razılıqlarını ifadə edən İştirakçı dövlətlər üçün məcburi olur. Digər İştirakçı

dövlətlərin bu Protokolun müddəalarına və onun əvvəl ratifikasiya, qəbul və ya təsdiq etdiyi istənilən düzəlişlərə bağlılığı davam edir.

 

Maddə 24

Ləğv etmə

 

1. İştirakçı dövlət Birləşmiş Millətlər Təşkilatının Baş katibinə yazılı bildiriş göndərməklə bu Protokolu ləğv edə bilər. Bu cür ləğv etmə Baş katibin bildirişi aldığı tarixdən etibarən bir il müddət bitəndən sonra qüvvəyə minir.

2. Regional iqtisadi inteqrasiya təşkilatı, onun üzvü olan bütün dövlətlər bu Protokolu ləğv etdikdən sonra, həmin Protokolda iştirakını başa çatdırır.

 

Maddə 25

Depozitari və dillər

 

1. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Protokolun depozitarisi təyin edilir.

2. Bu Protokolun ingilis, ərəb, Çin, rus və fransız dillərində olan mətnləri autentikdir, mətnin əsli Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca verilir.

BUNUN TƏSDİQİ OLARAQ, öz hökumətləri tərəfindən lazımi qaydada buna vəkil edilmiş aşağıda imza edən səlahiyyətli nümayəndələr bu Protokolu imzaladılar.

 

BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı"

Konvensiyasına dair Azərbaycan Respublikasının

BİLDİRİŞ VƏ BƏYANATLARI

 

1. Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir (İşğal olunmuş ərazilərin sxematik xəritəsi əlavə olunur).*

2. Azərbaycan Respublikası Konvensiyanın 16-cı maddəsinin 5-ci bəndinə uyğun olaraq bəyan edir ki, o, bu Konvensiyadan digər İştirakçı dövlətlər ilə ekstradisiya üzrə əməkdaşlıq üçün hüquqi əsas kimi istifadə edəcəkdir.

3. Azərbaycan Respublikası Konvensiyanın 18-ci maddəsinin 13-cü bəndinə uyğun olaraq bildirir ki, qarşılıqlı hüquqi yardımın göstərilməsi haqqında sorğunun alınmasına və ya onun icra edilməsinə yaxud da həmin sorğunun səlahiyyətli orqanlar tərəfindən icra edilmək üçün göndərilməsinə görə məsuliyyət daşıyan və müvafiq səlahiyyətə malik olan mərkəzi dövlət orqanı kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini təyin edir.

4. Azərbaycan Respublikası Konvensiyanın 18-ci maddəsinin 14-cü bəndi ilə əlaqədar bildirir ki, sorğular və ona əlavə edilən sənədlər Azərbaycan dilinə tərcümə edilməklə BMT-nin rəsmi dilləri olan rus və ya ingilis dillərində təqdim olunmalıdır.

5. Azərbaycan Respublikası Konvensiyanın 31-ci maddəsinin 6-cı bəndi ilə əlaqədar olaraq bildirir ki, aşağıda göstərilən dövlət orqanı digər İştirakçı dövlətlərə mütəşəkkil cinayətkarlığın qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanmasında yardım edə bilər:

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

Ünvan: H. Hacıyev küçəsi, 7,

370005 Bakı şəhəri, Azərbaycan Respublikası

6. Azərbaycan Respublikası Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq bəyan edir ki, o, özünü Konvensiyanın 35-ci maddəsinin 2-ci bəndinin müddəaları ilə bağlı hesab etmir.

 

BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı"

Konvensiyasını tamamlayan "İnsan alverinin, xüsusən qadın və

uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və

cəzalandırılması haqqında" Protokola dair

AZƏRBAYCAN RESPUBLİKASININ BƏYANATLARI

 

1. Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Protokolun müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir (İşğal olunmuş ərazilərin sxematik xəritəsi əlavə olunur).

2. Azərbaycan Respublikası Protokolun 15-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq bəyan edir ki, o, özünü Protokolun 15-ci maddəsinin 2-ci bəndinin müddəaları ilə bağlı hesab etmir.

 

BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı"

Konvensiyasını tamamlayan "Miqrantların quru, dəniz və hava ilə

sərhəddən qanunsuz keçirilməsinə qarşı" Protokola dair

AZƏRBAYCAN RESPUBLİKASININ BİLDİRİŞ VƏ BƏYANATLARI

 

1. Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Protokolun müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir (İşğal olunmuş ərazilərin sxematik xəritəsi əlavə olunur).

2. Azərbaycan Respublikası Konvensiyanın 8-ci maddəsinin 6-cı bəndinə uyğun olaraq bildirir ki, yardım göstərilməsi haqqında sorğular, gəminin qeydiyyatının və ya onun bayrağı altında üzmək hüququnun təsdiq edilməsi, habelə lazımi tədbirlərin görülməsi üçün icazə almaq haqqında sorğuları alan dövlət orqanı kimi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyini təyin edir.

3. Azərbaycan Respublikası Protokolun 20-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq bəyan edir ki, o, özünü Protokolun 20-ci maddəsinin 2-ci bəndinin müddəaları ilə bağlı hesab etmir.

 

* Bax: "Azərbaycan Respublikasının qanunvericilik toplusu", 2003-cü il, 4, səh. 712.