Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan rəssamları və heykəltaraşlarının milli mədəniyyətin və incəsənətin təbliğində və inkişafındakı xidmətlərini nəzərə alaraq, onların yaradıcılıq fəaliyyəti üçün şəraiti daha da yaxşılaşdırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanaları qanunvericiliyə uyğun olaraq onların mülkiyyətinə verilsin.

2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın birinci bəndinə uyğun olaraq Azərbaycan Rəssamlar İttifaqının üzvlərinə verilmiş fərdi yaradıcılıq emalatxanaları və Azərbaycan Rəssamlar İttifaqı Rəyasət Heyətinin 14 iyul 2000-ci il tarixli qərarı ilə ittifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanaları üzərində onların mülkiyyət hüququnu müvafiq qaydada rəsmiləşdirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 iyun 2003-cü il
                 № 1251