Dövlət mülkiyyətində olan torpaq sahələrinin hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi və istifadəsi Qaydalarının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Torpaq bazarı haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq qərara alıram:

1. Dövlət mülkiyyətində olan torpaq sahələrinin hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi və istifadəsi Qaydaları təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 oktyabr 2003-cü il

971

 

 

 

Azərbaycan Respublikası Prezidentinin

2003-cü il 23 oktyabr tarixli, 971 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Dövlət mülkiyyətində olan torpaq sahələrinin hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi və istifadəsi

 

QAYDALARI

 

Bu Qaydalar Torpaq bazarı haqqında Azərbaycan Respublikası Qanununun və bu Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 150 nömrəli Fərmanının icrası ilə əlaqədar, eləcə də Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, Torpaq islahatı haqqında Qanununa və digər mövcud qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və dövlət mülkiyyətində olan torpaq sahələrinin hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsini və istifadəsini tənzimləyir.

Torpaq istifadəçiləri daimi istifadəsindəki dövlət mülkiyyətində olan torpaq sahələrini hüquqi şəxslərin nizamnamə fonduna pay şəklində qoya bilərlər. Bu halda aşağıdakı prinsiplərə riayət edilir:

dövlət fondu torpaqlarının istifadəçisi torpaq sahələrinin hüquqi şəxslərin nizamnamə (pay) fonduna verməkdə sərbəstdirlər;

dövlət fondu torpaqlarının hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi məqsədli və müddətlidir, habelə müqavilə formasında təsdiq olunur;

dövlət mülkiyyətində olan torpaq sahəsi hüquqi şəxslərin nizamnamə (pay) fonduna yalnız istisfadə hüququ əsasında verilir;

hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilmiş torpaqların təyinatı üzrə istifadəsinə dövlət nəzarətini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir;[1]

hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilən torpaq sahəsinin və ya bu sahə üzərindəki hüquqların dəyəri iştirakçılar arasında bağlanılmış müqavilə ilə bazar məzənnəsinə uyğun müəyyən olunur;

dövlət mülkiyyətində olan torpaqlar hüquqi şəxslərin nizamnamə (pay) fonduna təyinatı dəyişilməmək şərti ilə verilir və müqavilədə razılaşdırılmış şərtlər əsasında istifadə edilir;

hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilmiş torpaqlar təyinatı üzrə istifadə edilmədikdə Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş qaydada geri alınır;

hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilmiş torpaq sahələrinin vergisi müvafiq qanunvericiliyə uyğun olaraq tutulur;

hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilmiş torpaq sahəsinin qiyməti nizamnamə fondunda iştirakçının payını müəyyən edir. Bu halda dövlət fondu torpaqlarının normativ qiymətindən meyar kimi istifadə edilir.

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 15 fevral 2016-cı il tarixli 787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 21 fevral 2016-cı il, 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 02, II kitab, maddə 251)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 15 fevral 2016-cı il tarixli 787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 21 fevral 2016-cı il, 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 02, II kitab, maddə 251) ilə Dövlət mülkiyyətində olan torpaq sahələrinin hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi və istifadəsi Qaydalarının 2-ci hissəsinin beşinci abzasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və onun rayon (şəhər) şöbələri sözləri Əmlak Məsələləri Dövlət Komitəsi sözləri ilə əvəz edilmişdir.