Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Zəngin tarixi ənənələrə malik Azərbaycan milli mətbuatı xalqımızın azadlıq amallarının gerçəkləşməsinə, mənəvi dəyərlərinin qorunmasına, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafına mühüm töhfələr vermişdir. Müstəqillik illərində mətbuatımız daim dövlətin diqqət və qayğısı ilə əhatə olunmuş, söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilmişdir.

Milli mətbuatın inkişafına davamlı dəstəyin təmin edilməsi, habelə mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5,0 (beş) milyon manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 iyul 2010-cu il

№ 1041