İstehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu
Qanun Azərbaycan Respublikasında istehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta sahəsində
münasibətləri tənzimləyir, bu
münasibətlərin hüquqi, iqtisadi və təşkilati
əsaslarını müəyyən edir.
Maddə
1. İstehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta haqqında
qanunvericilik
İstehsalatda
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki
Məcəlləsindən, Azərbaycan Respublikasının
Əmək Məcəlləsindən, «Sığorta
fəaliyyəti haqqında» Azərbaycan Respublikasının
Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən və digər normativ hüquqi
aktlardan ibarətdir.
Maddə
2. Əsas anlayışlar
2.0.
Bu Qanunda istifadə olunan əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:
2.0.1.
istehsalatda bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta (bundan sonra — icbari sığorta) — istehsalatda
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından
sığorta olunanların həyatına və
sağlamlığına dəyən zərər
nəticəsində onların peşə əmək
qabiliyyətinin itirilməsi və ya ölümü ilə
bağlı sığorta ödənişinin verilməsini
nəzərdə tutan sığorta sinfidir;
2.0.2.
istehsalatda bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta müqaviləsi (bundan sonra — icbari sığorta
müqaviləsi) — icbari sığortanın təmin
edilməsi üçün sığortalının
müvafiq sığorta haqqı ödəməsi
müqabilində sığorta hadisəsi
nəticəsində sığortaçının
sığorta ödənişini həyata keçirmək
öhdəliyini nəzərdə tutan yazılı
razılaşma;
2.0.3.
sığorta olunan — xeyrinə icbari sığorta
müqaviləsi bağlanılan və bu Qanunla
müəyyən olunmuş hallarda sığorta
ödənişi almaq hüququ olan bu Qanunun 3-cü
maddəsində göstərilən şəxslər;
2.0.4.
sığortalı — sığorta olunanın xeyrinə icbari
sığorta müqaviləsi bağlayan Azərbaycan
Respublikasında fəaliyyət göstərən hüquqi
və fiziki şəxslər, dövlət orqanları;
2.0.5.
sığortaçı — Azərbaycan Respublikasında
həyat sığortası sahəsi üzrə
sığorta fəaliyyətini həyata keçirmək
üçün lisenziyaya malik olan və istehsalatda
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta növünü aparmağa, həmçinin
qanunvericiliklə müəyyən olunmuş hallarda annuitet sığortası aparmağa
müvafiq icazə almış yerli hüquqi şəxs;
2.0.6. faydalanan
şəxs — bu Qanuna uyğun olaraq sığorta
müqaviləsindən faydalanan (sığorta
ödənişi almaq hüququ olan) şəxs;
2.0.7. annuitet müqaviləsi — qanunvericiliklə
müəyyən olunmuş qaydada müvafiq icazə
almış sığortaçı və faydalanan
şəxs arasında bağlanılan, həmin faydalanan
şəxsin xeyrinə dövri sığorta
ödənişinin həyata keçirilməsini
nəzərdə tutan sığorta müqaviləsi;
2.0.8.
müqavilə ili — icbari sığorta müqaviləsinin
qüvvədə olduğu birinci il və həmin
müqavilənin qüvvədə olduğu bütün
dövr ərzində tamam olan hər növbəti il;
2.0.9. istehsalat
— fiziki şəxsin işləri, xidmətləri (bundan sonra
— əmək funksiyalarını) haqqı
ödənilməklə yerinə yetirdiyi iş yeri;
2.0.10.
istehsalatda bədbəxt hadisə — əmək
funksiyalarını yerinə yetirərkən xeyrinə icbari
sığorta müqaviləsi bağlanılmalı olan
şəxsin bədən üzvlərinin, toxumalarının
zədələnməsi ilə sağlamlığının
qəflətən və kəskin pozulması halı;
2.0.11.
peşə xəstəliyi — əlverişsiz və
zərərli istehsalat amillərinin sığorta olunanın
orqanizminə təsiri nəticəsində baş verən
xroniki və ya kəskin xəstəlik;
2.0.12.
sığorta hadisəsi — icbari sığorta
müqaviləsinin qüvvədə olduğu dövr
ərzində istehsalatda bədbəxt hadisə və ya
peşə xəstəliyi nəticəsində sığorta
olunanın peşə əmək qabiliyyətinin
itirilməsi, yaxud ölümü ilə əlaqədar bu
Qanuna görə sığorta ödənişinin faydalanan
şəxsə ödənilməsi üçün əsas
olan hal;
2.0.13.
sığorta ödənişi — sığorta hadisəsi
baş verdikdə, sığorta olunanın peşə
əmək qabiliyyətinin itirilməsi və ya
ölümü ilə bağlı maddi itkilərin
bərpası məqsədilə faydalanan şəxsə
verilən pul təzminatı;
2.0.14.
sığorta haqqı — icbari sığorta müqaviləsi
üzrə risklərin qəbul edilməsi müqabilində
sığortalı tərəfindən
sığortaçıya ödənilməli olan pul
məbləği;
2.0.15. sığorta
məbləği — icbari sığorta müqaviləsi
üzrə sığortaçının öhdəliyinin
son həddi;
2.0.16. annuitet haqqı — bu Qanuna uyğun olaraq annuitet müqaviləsi
bağlanıldığı hallarda faydalanan şəxsə
dövri sığorta ödənişlərinin
ödənilməsi öhdəliyi müqabilində annuitet müqaviləsi üzrə
sığortaçıya ödənilən pul
məbləği;
2.0.17.
sığorta tarifi — icbari sığorta müqaviləsi
üzrə sığorta haqqının hesablanması
üçün bu Qanuna uyğun olaraq müəyyən olunan
əmək haqqı fonduna tətbiq olunan faiz
dərəcəsi;
2.0.18.
peşə riskinin dərəcəsi — əmək
funksiyalarını yerinə yetirərkən peşə
əmək qabiliyyətinin itirilməsi və ya ölüm
ehtimalının iqtisadi fəaliyyət növləri və
sığorta olunanların kateqoriyaları üzrə
səviyyəsi;
2.0.19.
sığorta olunanların kateqoriyaları — sığorta
olunanların istehsalatda yerinə yetirilən əmək
funksiyalarının xarakterinə görə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
olunmuş qaydada bölgüsü;
2.0.20.
peşə əmək qabiliyyəti — müəyyən
ixtisasa uyğun olaraq əmək funksiyalarını
müəyyən edilmiş həcmdə və keyfiyyətlə
yerinə yetirmək bacarığı;
2.0.21.
peşə əmək qabiliyyətinin itirilməsi
dərəcəsi — sığorta olunanın sığorta
hadisəsi baş verənədək malik olduğu
peşə əmək qabiliyyətinin davamlı
itirilməsinin faizlə ifadəsi.
Maddə
3. Sığorta olunanlar
3.1.
Aşağıdakı şəxslər bu Qanunun
əsasında bağlanılan icbari sığorta
müqaviləsi üzrə icbari sığorta
olunmalıdırlar:
3.1.1.
hüquqi şəxslə və ya hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxslə qanunvericiliyə uyğun olaraq
bağlanılmış əmək müqaviləsi və ya
mülki-hüquqi müqavilə əsasında əmək
funksiyalarını yerinə yetirən şəxslər,
dövlət orqanında çalışan dövlət
qulluqçuları və digər işçilər
(hərbi və ya xüsusi rütbəsi olan
şəxslər istisna olmaqla);
3.1.2.
azadlığın məhdudlaşdırılması
növündə cəzaya məhkum olunmuş və
işləyən şəxslər;
3.1.3.
məcburi dövlət sosial sığortasına cəlb
olunması nəzərdə tutulan seçkili
ödənişli vəzifələrdə
işləyənlər (Azərbaycan Respublikası Milli
Məclisinin deputatları və Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin deputatları istisna olmaqla);
3.1.4.
istehsalat təcrübəsi (təlimi) keçən
tələbə və şagirdlər;
3.1.5.
müəssisələrdə işə cəlb edilən
hərbi qulluqçular;
3.1.6.
təbii fəlakətlərin qarşısının
alınmasına və nəticələrinin aradan
qaldırılmasına, habelə hərbi və
fövqəladə vəziyyət rejimində işlərin
yerinə yetirilməsinə cəlb edilən
şəxslər;
3.1.7.
fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti
ilə məşğul olan fiziki şəxslər.
3.2.
Bu Qanun qanunvericiliyə uyğun olaraq Azərbaycan
Respublikasında əmək fəaliyyəti ilə
məşğul olan əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
də («Sosial sığorta haqqında» Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq məcburi
dövlət sosial sığortasına cəlb olunmayan
əcnəbilər istisna olmaqla) şamil olunur.
Maddə
4. Sığortalılar
4.0.
Bu Qanuna əsasən aşağıdakılar icbari
sığorta müqaviləsi bağlamaq vəzifəsi
daşıyırlar:
4.0.1.
Azərbaycan Respublikasında fəaliyyət
göstərən mülkiyyət və
təşkilati-hüquqi formasından asılı olmayaraq,
Azərbaycan Respublikasının və ya xarici dövlətin
qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi
şəxs statusunda olan müəssisə, idarə və
təşkilatlar, onların filial və
nümayəndəlikləri;
4.0.2.
dövlət orqanları;
4.0.3.
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fiziki şəxslər;
4.0.4.
seçkili orqanlar;
4.0.5. fərdi
qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə
məşğul olan fiziki şəxslər.
Maddə
5. Faydalanan şəxslər
5.0.
Aşağıdakı şəxslər bu Qanuna əsasən
faydalanan şəxs sayılırlar:
5.0.1.
sığorta hadisəsi nəticəsində zərər
çəkmiş sığorta olunanlar;
5.0.2.
sığorta hadisəsi nəticəsində sığorta
olunanın öldüyü halda aşağıdakı
şəxslər:
5.0.2.1.
sığorta olunanın himayəsində olmuş və ya
onun öldüyü günədək ondan dolanacaq
təminatı almaq hüququna malik olmuş əmək
qabiliyyəti olmayan şəxslər;
5.0.2.2.
sığorta olunanın ölümündən sonra
doğulmuş uşağı;
5.0.2.3.
sığorta olunanın himayəsində olmuş və onun
on dörd yaşına çatmamış, yaxud bu yaşa
çatsa da, tibb orqanlarının rəyinə əsasən
sağlamlıq vəziyyətinə görə
başqasının qulluğuna ehtiyacı olan
uşaqlarına, nəvələrinə, qardaşlarına
və bacılarına qulluq etməklə məşğul
olan və əmək qabiliyyətindən asılı olmayaraq
işləməyən valideynlərdən biri, arvad (ər)
və ya digər ailə üzvü;
5.0.2.4.
sığorta olunanın himayəsində olmuş və onun
ölümündən sonra beş il ərzində
əmək qabiliyyətini itirmiş şəxslər.
Maddə
6. Sığorta olunanın
hüquq və vəzifələri
6.1.
Sığorta olunanın aşağıdakı
hüquqları vardır:
6.1.1.
qanunvericiliklə müəyyən edilmiş qaydada istehsalatdan
ayrılmadan və ya istehsalatdan ayrılmaqla,
təhlükəsiz əmək metodlarına, əməyin
mühafizəsi qaydalarına və təlimatlarına dair
ödənişsiz təlim keçmək;
6.1.2.
qanunvericiliklə müəyyən edilmiş qaydada
sığortalının hesabına ilkin və
vaxtaşırı icbari tibbi müayinələrdən
keçmək;
6.1.3.
sığortalıdan və sığortaçıdan icbari
sığorta ilə bağlı hüquqları və
vəzifələri barədə ödənişsiz
məlumat almaq;
6.1.4.
qanunvericilikdə nəzərdə tutulmuş digər
hüquqları həyata keçirmək.
6.2.
Sığorta olunanın aşağıdakı
vəzifələri vardır:
6.2.1.
əməyin mühafizəsi qaydalarına və əməyin
mühafizəsinə dair təlimatlara riayət etmək;
6.2.2.
əmək müqaviləsində və ya mülki-hüquqi
müqavilədə nəzərdə tutulmuş
vəzifələrini yerinə yetirmək;
6.2.3.
icbari sığorta müqaviləsində
göstərilmiş məlumatların dəyişməsi
haqqında, belə halların yarandığı tarixdən
10 iş günündən gec olmayaraq sığortalıya
məlumat vermək;
6.2.4.
qanunvericilikdə nəzərdə tutulmuş digər
vəzifələri yerinə yetirmək.
Maddə
7. Sığortalının
hüquq və vəzifələri
7.1.
Sığortalının aşağıdakı
hüquqları vardır:
7.1.1.
icbari sığorta müqaviləsinin bağlanması
üçün sığortaçını bu Qanunun 11.2-ci maddəsində göstərilən
tələbləri nəzərə alaraq sərbəst
seçmək;
7.1.2.
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş qaydada istehsalatda baş verən
bədbəxt hadisələrin təhqiqatında iştirak
etmək;
7.1.3.
sığorta hadisəsinin baş verdiyi halda müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydada sığorta olunanın müayinə
olunmasında şəxsən və ya nümayəndəsi
vasitəsilə iştirak etmək;
7.1.4.
özünün, habelə sığorta olunanların
hüquq və qanuni mənafelərini müdafiə etmək;
7.1.5.
sığortaçıdan icbari sığortanın
şərtlərinin, icbari sığorta müqaviləsi
üzrə hüquq və vəzifələrin izah
edilməsini tələb etmək;
7.1.6.
sığorta ödənişinin həyata
keçirilməsindən imtina və ya onun
məbləğinin azaldılması haqqında
sığortaçının qərarından qanunvericiliklə
nəzərdə tutulmuş qaydada şikayət etmək;
7.1.7.
qanunvericilikdə nəzərdə tutulmuş digər
hüquqları həyata keçirmək.
7.2.
Sığortalının aşağıdakı
vəzifələri vardır:
7.2.1.
bu Qanunla müəyyən edilmiş qaydada
sığortaçı ilə icbari sığorta
müqaviləsi bağlamaq;
7.2.2.
icbari sığorta müqaviləsi ilə müəyyən
edilmiş məbləğdə, qaydada və
müddətlərdə sığorta haqqını
sığortaçıya ödəmək;
7.2.3.
sığorta olunanların kateqoriyalarında və
peşə riski dərəcəsində
dəyişikliklər edildikdə, onların
kateqoriyalarında dəyişikliklərin edildiyi andan 10 iş
günü müddətində sığortaçını
bu barədə məlumatlandırmaq;
7.2.4.
sığorta hadisələrinin baş verməsinin
qarşısının alınması sahəsində
tədbirlər həyata keçirmək, habelə
qanunvericiliyə uyğun olaraq təhlükəsiz əmək
şəraitini təmin etmək;
7.2.5.
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada sığorta
hadisələrinin araşdırılmasını təmin
etmək;
7.2.6.
sığorta hadisəsinin baş verməsi tarixindən 3
iş günü ərzində sığortaçıya bu
barədə məlumat vermək;
7.2.7.
sığorta haqqının hesablanmasına və
ödənilməsinə, sığorta ödənişinin
təyin edilməsinə əsas verən, icbari
sığortanın həyata keçirilməsi üçün
zəruri olan və əldə edilməsi özündən
asılı olan digər sənədləri
sığortaçıya təqdim etmək;
7.2.8.
qanunvericiliklə müəyyən edilmiş
müddətdə və qaydada sığorta olunanın ilkin
tibbi müayinədən və vaxtaşırı icbari tibbi
müayinədən keçirilməsini təmin etmək;
7.2.9.
yenidən təşkil olunması, ləğv edilməsi
və ya fəaliyyətinə xitam verilməsi barədə
sığortaçıya dərhal məlumat vermək;
7.2.10.
sığorta hadisələrinin baş verməsinin
qarşısının alınması və onların
araşdırılmasının nəticələri
üzrə müvafiq icra hakimiyyəti orqanının
qərarlarını və göstərişlərini
yerinə yetirmək;
7.2.11.
sığorta olunanlara onların hüquq və
vəzifələrini, habelə icbari sığortanın
şərtləri və qaydalarını izah etmək;
7.2.12.
sığorta haqlarının hesablanmasının və
köçürülməsinin düzgün uçotunu
aparmaq, sığorta ödənişi üçün
əsas olan sənədlərin qorunub saxlanmasını
təmin etmək, sığortaçıya sığorta
müqaviləsində müəyyən edilmiş qaydada
məlumat təqdim etmək;
7.2.13.
sığorta hadisəsindən irəli gələn
itkilərin azaldılması üçün tədbirlər
görmək;
7.2.14.
qanunvericilikdə nəzərdə tutulmuş digər
vəzifələri yerinə yetirmək.
7.3.
Bu Qanunla sığorta etdirmək vəzifəsi daşıyan
sığortalı həmin vəzifəni yerinə
yetirmədikdə və ya icbari sığorta
müqaviləsini qanunvericiliklə nəzərdə
tutulmuş şərtlərlə müqayisədə sığorta
olunanın vəziyyətini pisləşdirən
şərtlərlə bağladıqda, sığorta
hadisəsinin baş verdiyi halda bu Qanuna uyğun olaraq xeyrinə
sığorta müqaviləsi bağlanmalı
şəxslər qarşısında azı bu Qanunla
müəyyən edilmiş sığorta təminatı
həcmində öhdəlik daşıyır.
Maddə
8. Faydalanan şəxsin
hüquq və vəzifələri
8.1.
Faydalanan şəxsin aşağıdakı hüquqları
vardır:
8.1.1.
bu Qanunla müəyyən olunmuş qaydada və
şərtlərlə sığorta ödənişini almaq;
8.1.2.
bu Qanuna uyğun olaraq annuitet
müqaviləsi bağlamaq üçün
sığortaçını sərbəst seçmək;
8.1.3.
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş qaydada sığorta hadisəsinin
araşdırılmasında şəxsən,
həmçinin müvafiq həmkarlar ittifaqının
nümayəndəsi ilə birlikdə iştirak etmək;
8.1.4.
sığorta hadisəsinin araşdırılmasının
nəticələri ilə razılaşmadığı halda
qanunvericiliyə uyğun olaraq şikayət etmək;
8.1.5.
qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları
həyata keçirmək.
8.2.
Faydalanan şəxsin aşağıdakı
vəzifələri vardır:
8.2.1.
bu Qanunun 18.6-cı maddəsində
nəzərdə tutulan sənədləri
sığortaçıya təqdim etmək;
8.2.2.
icbari sığorta müqaviləsində və ya annuitet müqaviləsində
göstərilmiş məlumatların dəyişməsi
haqqında, habelə sığorta ödənişinin
məbləğinin dəyişməsinə və ya bu
ödənişi almaq hüququnun itirilməsinə
səbəb ola bilən hallar barədə belə halların
yarandığı tarixdən 10 iş günündən gec
olmayaraq sığortaçıya məlumat vermək;
8.2.3.
6 aydan gec olmamaq şərti ilə annuitet
müqaviləsi üzrə sığortaçını
həmin müqaviləyə xitam verilməsi barədə
niyyəti haqqında yazılı şəkildə
xəbərdar etmək;
8.2.4.
qanunvericilikdə nəzərdə tutulmuş digər
vəzifələri yerinə yetirmək.
Maddə
9. Sığortaçının
hüquq və vəzifələri
9.1.
Sığortaçının aşağıdakı
hüquqları vardır:
9.1.1.
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş qaydada sığorta
hadisələrinin araşdırılmasında iştirak
etmək;
9.1.2.
sığorta hadisəsi nəticəsində zərər
çəkmiş sığorta olunanın peşə
əmək qabiliyyətinin itirilməsinin
müəyyənləşdirilməsi məqsədilə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılan
müayinədə iştirak etmək, belə
müayinənin nəticələri ilə bağlı
qərarla razı olmadıqda həmin qərarı
qanunvericiliyə uyğun olaraq məhkəmədə mübahisələndirmək, yeni
müayinənin keçirilməsini tələb etmək;
9.1.3.
icbari sığorta müqaviləsi bağlandığı
zaman sığorta riskinin qiymətləndirilməsi
üçün həmin müqavilənin tərəfi
qismində çıxış edən
sığortalının istehsalat şəraitinin araşdırılması
tədbirlərini həyata keçirmək, bu
məqsədlə müstəqil ekspertləri cəlb
etmək;
9.1.4.
sığorta hadisələri üzrə məlumatı
əldə etmək, yoxlamaq və zəruri hallarda
səlahiyyətli dövlət orqanlarına sorğular
vermək;
9.1.5.
sığortalılardan, sığorta olunanlardan və
faydalanan şəxslərdən sığorta hadisəsi
ilə əlaqədar bu Qanuna uyğun olaraq zəruri
sənədləri tələb etmək;
9.1.6.
sığorta hadisələrinin baş verməsinin
qarşısının alınması ilə bağlı
tövsiyələr vermək;
9.1.7.
qanunvericilikdə nəzərdə tutulmuş hallarda sığorta
ödənişini həyata keçirməkdən imtina
etmək;
9.1.8.
qanunvericilikdə nəzərdə tutulmuş digər
hüquqları həyata keçirmək.
9.2.
Sığortaçının aşağıdakı
vəzifələri vardır:
9.2.1.
sığorta haqlarının vaxtında və tam
məbləğdə hesablanıb ödənilməsinə
nəzarət etmək;
9.2.2.
sığorta ödənişinin bu Qanunla müəyyən
edilmiş qaydada və müddətdə verilməsini
təmin etmək;
9.2.3.
sığorta ödənişinin həyata
keçirilməsindən imtina haqqında qərar qəbul
etdiyi halda sığorta olunana və faydalanan şəxsə
imtinanın səbəbləri barədə əsaslandırılmış
yazılı bildiriş göndərmək;
9.2.4.
qanunvericilikdə nəzərdə tutulmuş digər
vəzifələri yerinə yetirmək.
Maddə
10. Sığorta hadisəsinin
müəyyən olunması
10.0.
Bu Qanuna əsasən sığorta hadisəsi
aşağıdakılar əsasında müəyyən
olunur:
10.0.1. istehsalatda
bədbəxt hadisə haqqında qanunvericiliklə
müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud
xeyrinə icbari sığorta müqaviləsi
bağlanılmalı şəxslə bağlı istehsalatda
bədbəxt hadisənin baş verməsi barədə
məhkəmə qərarı;
10.0.2.
müvafiq icra hakimiyyəti orqanının istehsalatda
bədbəxt hadisə və ya peşə xəstəliyi
nəticəsində sığorta olunanın peşə
əmək qabiliyyətinin itirilməsi dərəcəsini
təsdiq edən qərarı və ya şəxsin
ölümü haqqında şəhadətnamə.
Maddə
11. İcbari sığorta
müqaviləsi
11.1.
İcbari sığorta müqaviləsi yalnız həyat
sığortası sahəsi üzrə sığorta
fəaliyyətinin həyata keçirilməsinə hüquq
verən lisenziyaya və istehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta növü
üzrə fəaliyyətin həyata keçirilməsinə
sığorta nəzarəti orqanının verdiyi
icazəyə malik olan sığortaçı
tərəfindən bağlanıla bilər.
11.2.
Sığortalı bu Qanunun 11.1-ci
maddəsində göstərilən tələbləri
nəzərə alaraq sığortaçını
seçməkdə sərbəstdir. Qanunvericilikdə nəzərdə
tutulmuş hallar istisna olmaqla, sığortaçı icbari
sığorta müqaviləsini bağlamaqdan imtina edə
bilməz.
11.3.
İcbari sığorta müqaviləsi
sığortalının yazılı müraciəti
əsasında yazılı formada bağlanılır.
İcbari sığorta müqaviləsinin məzmunu və
forması müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
11.4.
İcbari sığorta müqaviləsi sığorta
olunanın və ya faydalanan şəxsin vəziyyətini
qanunvericiliklə müəyyən olunmuş
şərtlərlə müqayisədə
pisləşdirirsə, sığortaçı sığorta
olunan və ya faydalanan şəxs qarşısında bu
Qanunla müəyyən olunmuş sığorta
təminatı həcmində öhdəlik daşıyır.
11.5.
İcbari sığorta müqaviləsi müddətsiz
bağlanılır.
11.6.
İcbari sığorta müqaviləsi Azərbaycan
Respublikasının Mülki Məcəlləsində
nəzərdə tutulmuş qaydada qüvvəyə minir.
11.7.
İcbari sığorta müqaviləsinə
aşağıdakı hallarda xitam verilir:
11.7.1.
müqavilə ilinin sonuna azı 30 gün qalmış icbari
sığorta müqaviləsinə xitam verilməsi
barədə sığortaçının xəbərdar
edilməsi şərti ilə sığortalının
təşəbbüsü əsasında;
11.7.2.
qanunvericiliyə uyğun olaraq sığortalı ləğv
edildikdə və ya onun fəaliyyətinə xitam
verildikdə;
11.7.3.
sığortalının sığorta olunanla
bağlamış olduğu əmək müqaviləsinə,
yaxud mülki-hüquqi müqaviləyə xitam verildiyi halda,
həmin sığorta olunana münasibətdə;
11.7.4.
qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
11.8.
İcbari sığorta müqaviləsinə xitam verilməsi
sığortaçını faydalanan şəxsə
həmin müqavilənin qüvvədə olduğu dövr
ərzində baş vermiş sığorta hadisələri
üzrə sığorta ödənişini vermək
öhdəliyindən azad etmir.
11.9.
Əqdlərin
etibarsızlığının qanunvericilikdə
nəzərdə tutulmuş əsasları ilə
yanaşı, icbari sığorta müqaviləsi
aşağıdakı hallarda da bağlandığı andan
etibarsız sayılır:
11.9.1.
sığorta müqaviləsi sığortaçının
və ya sığortalının adından müqavilə bağlamağa
səlahiyyəti olmayan şəxslərlə
bağlandıqda;
11.9.2.
bu Qanunda nəzərdə tutulmayan və
sığortalının vəziyyətini
pisləşdirən əlavə şərtlər
sığorta müqaviləsinə daxil edildikdə həmin
şərtlərə münasibətdə;
11.9.3.
sığorta fəaliyyəti ilə məşğul olmaq
hüququ olmayan və ya müvafiq sığorta
növünü aparmağa icazəsi olmayan şəxs
sığortaçı qismində müvafiq sığorta
müqaviləsini bağladıqda (bu halda ödənilmiş
sığorta haqları tam həcmdə sığortalıya
qaytarılır).
Maddə
12. Annuitet müqaviləsi
12.1.
Bu Qanunun 16.3-cü maddəsinə
əsasən birdəfəlik sığorta ödənişi
almış faydalanan şəxs annuitet
müqaviləsi bağlamaq hüququ olan
sığortaçı ilə annuitet
müqaviləsi bağlaya bilər.
12.2.
Annuitet müqaviləsinin məzmunu və
forması, onun bağlanılması, dəyişdirilməsi
və ona xitam verilməsi qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Maddə
13. Sığorta tarifi
13.1.
Peşə riskinin dərəcəsindən və
sığorta olunanların kateqoriyalarından asılı
olaraq fərqləndirilən sığorta tarifləri 2
faizdən artıq olmamaq şərtilə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
13.2.
Sığorta tarifləri hər təqvim ili üçün
müəyyən olunur.
13.3.
Növbəti təqvim ili üçün sığorta
tarifləri cari ilin dekabr ayının 1-dək
müəyyən olunmalıdır.
Maddə
14. Sığorta haqqı və
sığorta məbləği
14.1.
Sığorta haqqı bu Qanuna uyğun olaraq xeyrinə icbari
sığorta müqaviləsi bağlanılmalı olan
şəxslərin müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunmuş qaydada
hesablanan bir illik əmək haqqı fondunun sığorta
tarifinə hasili əsasında müəyyən edilir.
14.2.
Sığorta haqqı sığortalı tərəfindən
sığortaçıya müqavilə ilinin
əvvəlində icbari sığorta müqaviləsində
nəzərdə tutulmuş qaydada hissə-hissə və ya
birdəfəlik ödənilir.
14.3.
İcbari sığorta müqaviləsinin qüvvədə
olduğu müddət ərzində sığorta
olunanların kateqoriyalarında və peşə riski
dərəcəsində, həmçinin əmək haqqı
fondunda dəyişikliklər baş verərsə,
sığorta haqqı bu dəyişikliklərin tarixindən
müvafiq müqavilə ilinin başa çatmasına
qədər qalmış vaxta mütənasib
şəkildə yenidən hesablanmalıdır.
14.4.
Bu Qanunun məqsədləri üçün icbari
sığorta müqaviləsi üzrə sığorta
məbləğinin müəyyənləşdirilməsi
qaydası müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Maddə
15. Annuitet haqqı
Annuitet
haqqının məbləğinin hesablanması qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən aktuar prinsiplər gözlənilməklə
müəyyən olunur.
Maddə
16. Sığorta
ödənişi
16.1.
Bu Qanuna uyğun olaraq faydalanan şəxslərə
aşağıdakı sığorta ödənişləri
verilə bilər:
16.1.1.
aylıq sığorta ödənişi;
16.1.2.
birdəfəlik sığorta ödənişi;
16.1.3.
əlavə sığorta ödənişi.
16.2.
Aylıq sığorta ödənişi sığorta
hadisəsi baş verdikdə sığorta olunanın
peşə əmək qabiliyyətinin itirilməsi ilə
bağlı itirilmiş aylıq əmək haqqı
əvəzində faydalanan şəxsə verilən pul
təzminatıdır.
16.3.
Birdəfəlik sığorta ödənişi bu Qanunla
müəyyən olunmuş qaydada aylıq sığorta
ödənişi məbləğlərinin cəm halda
birdəfəlik ödənilməsidir. Birdəfəlik
sığorta ödənişi aşağıdakı hallarda
verilir:
16.3.1.
sığorta hadisəsi nəticəsində zərər
çəkmiş sığorta olunana əlillik
növbəti müayinə müddəti
göstərilmədən təyin edildikdə;
16.3.2.
sığorta hadisəsi nəticəsində sığorta
olunanın öldüyü halda.
16.4.
Əlavə sığorta ödənişi sığorta
hadisəsi nəticəsində zərər
çəkmiş sığorta olunana müalicəyə,
əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə,
başqasının qulluğuna, sanatoriya-kurort
müalicəsinə, xüsusi nəqliyyat vasitələri
əldə edilməsinə, başqa peşəyə
hazırlanmaya çəkdiyi xərclərinin əvəzinin
ödənilməsinə görə verilən pul
təzminatıdır.
Maddə
17. Sığorta
ödənişi məbləğlərinin hesablanması
17.1.
Aylıq sığorta ödənişinin məbləği
sığorta hadisəsi nəticəsində zərər
çəkmiş sığorta olunanın peşə
əmək qabiliyyətini itirdiyi tarixdən əvvəl malik
olduğu orta aylıq əmək haqqının həmin
sığorta hadisəsi nəticəsində itirilmiş
peşə əmək qabiliyyətinin faizi miqdarında
müəyyən edilir.
17.2.
Bu Qanunun 17.1-ci maddəsində
nəzərdə tutulmuş orta aylıq əmək haqqı
miqdarının hesablanması qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
17.3.
Aylıq sığorta ödənişi məbləğinin
hesablanması zamanı sığorta hadisəsi
nəticəsində zərər çəkmiş
sığorta olunanın orta aylıq əmək haqqı
barədə lazımi sənədləri əldə etmək
mümkün olmadıqda aylıq sığorta
ödənişinin məbləği müvafiq icra
hakimiyyəti orqanı tərəfindən iqtisadiyyatın
müvafiq sahəsində lazım olan dövr
üçün müəyyən edilmiş orta aylıq
əmək haqqı əsasında hesablanır.
17.4.
Birdəfəlik sığorta ödənişinin
məbləği müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunmuş qaydada
hesablanır.
17.5.
Əlavə sığorta ödənişi
məbləğinin hesablanması qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
olunur.
17.6.
Sığortaçı öz müstəqil qərarına
əsasən bu Qanunla müəyyən olunmuş
sığorta məbləğlərinə üstəlik
sığorta ödənişi ödəyə bilər.
Maddə
18. Sığorta
ödənişinin verilməsi qaydası
18.1.
İcbari sığorta müqaviləsi üzrə aylıq
sığorta ödənişi sığorta hadisəsi
nəticəsində sığorta olunanın əvvəlki
peşə əmək qabiliyyətinin itirilməsi
dərəcəsinin müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edildiyi gündən
verilir.
18.2.
Annuitet müqaviləsi üzrə
sığorta ödənişi sığorta olunana müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müddətsiz
əlillik müəyyən edilən gündən, sığorta
hadisəsi ölümlə nəticələndiyi halda isə
sığorta olunanın vəfat etdiyi gündən, lakin
faydalanan şəxsin həmin ödənişi almaq hüququnu
əldə etdiyi gündən tez olmayaraq verilir.
18.3.
Birdəfəlik sığorta ödənişi icbari
sığorta müqaviləsi və ya annuitet
müqaviləsi üzrə faydalanan şəxslə
sığortaçı arasında razılaşmaya
əsasən bu Qanunun 17.4-cü
maddəsinə uyğun olaraq verilir.
18.4.
Əlavə sığorta ödənişi müvafiq icra
hakimiyyəti orqanının qərarında müəyyən
olunmuş tarixdən və müddət ərzində verilir.
18.5.
Əlavə sığorta ödənişi sığorta
hadisəsi nəticəsində zərər
çəkmiş sığorta olunanın həmin
ödənişə aid yardım və qulluq
növlərinə möhtac olduğu və bunları pulsuz
almaq hüququnun qanunvericilikdə nəzərdə
tutulmadığı halda verilir.
18.6.
Sığorta ödənişinin təyin edilməsi
sığortaçı tərəfindən faydalanan
şəxsin tələbinə və müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
olunmuş siyahıda göstərilən
sənədlərə əsasən həyata keçirilir.
18.7.
Sığorta ödənişinin təyin edilməsi,
verilməsinin dayandırılması və bərpa
olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
18.8.
Sığortaçı sığorta ödənişi
təyin etmək üçün bu Qanunun 18.6-cı
maddəsində göstərilən sənədlərdən
əlavə digər sənəd tələb edə
bilməz.
18.9.
Sığorta ödənişini almaq üçün
sığorta tələbi və müvafiq
sənədlərin təqdim edildiyi tarixdən 10 iş
günü ərzində (sığorta olunan
öldükdə isə 2 iş günü ərzində)
sığortaçı sığorta ödənişinin verilib-verilməməsi barədə qərar
çıxarır və bu barədə faydalanan
şəxsə rəsmi məlumat verir.
18.10.
Sığortaçı bu Qanunun 9.1.2-ci
maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti
orqanının aparılmış müayinənin
nəticələri barədə qərarı ilə razı
olmadıqda həmin qərarı qanunvericiliyə uyğun
olaraq mübahisələndirmək və
yeni müayinənin keçirilməsini tələb etmək
niyyəti barədə bu Qanunun 18.9-cu
maddəsində nəzərdə tutulmuş müddət
ərzində faydalanan şəxsə rəsmi məlumat
verməlidir.
18.11.
Faydalanan şəxs sığorta tələbini
sığorta ödənişini almaq hüququ yarandıqdan
sonra üç ildən gec təqdim etdikdə sığorta
ödənişi bu tələbin verildiyi tarixdən
əvvəlki üç il üçün ödənilir.
Bu müraciət üç il ərzində edildikdə
isə, sığorta ödənişi bu hüququn
yarandığı gündən etibarən bütün
dövrə şamil edilir.
Maddə
19. Peşə əmək
qabiliyyətinin itirilməsi dərəcəsinin
müəyyən edilməsi qaydası
19.1.
Sığorta hadisəsi nəticəsində zərər
çəkmiş sığorta olunanın peşə
əmək qabiliyyətinin itirilməsi dərəcəsinin
müəyyənləşdirilməsi məqsədilə
müayinə edilməsi sığorta olunanın,
sığortalının və ya
sığortaçının müraciəti, yaxud
qanunvericiliyə əsasən məhkəmənin
qərarı əsasında müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həyata keçirilir.
19.2.
Sığorta hadisəsi nəticəsində zərər
çəkmiş sığorta olunanın peşə
əmək qabiliyyətinin itirilməsi dərəcəsinin
müəyyənləşdirilməsi, o cümlədən
həmin məqsədlə ilkin və təkrar müayinə
edilməsi qaydası qanunvericiliklə müəyyən olunur.
Maddə
20. Sığorta
ödənişindən imtinanın əsasları
20.0.
Sığortaçı aşağıdakı hallarda
sığorta ödənişinin verilməsindən imtina
edir:
20.0.1.
sığorta hadisəsi sığorta olunanın həmin
hadisənin baş verməsinə yönəldilmiş
qəsdən etdiyi hərəkətlərinin nəticəsi
olduqda;
20.0.2.
sığorta hadisəsi sığorta olunanın əmək
funksiyalarını icra edərkən alkoqollu içkilər,
narkotik vasitələr və psixotrop,
toksik və digər zəhərli maddələrin
təsirindən sərxoş vəziyyətdə olması
halında baş verdikdə;
20.0.3.
Azərbaycan Respublikasının sığorta
qanunvericiliyinə uyğun olaraq sığorta
ödənişindən imtinanın digər ümumi
əsasları mövcud olduqda.
Maddə
21. İstehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta sahəsində
dövlət nəzarəti
21.1.
Sığortaçıların icbari sığorta
üzrə fəaliyyətinə dövlət nəzarəti
Azərbaycan Respublikasının sığorta
qanunvericiliyinə uyğun olaraq sığorta nəzarəti
orqanı tərəfindən həyata keçirilir.
21.2.
Sığortalılar tərəfindən bədbəxt
hadisələrin və peşə xəstəliklərinin
azaldılması üzrə qabaqlayıcı
tədbirlərin görülməsi və əməyin
mühafizəsi üzrə vəzifələrin yerinə
yetirilməsi üzərində qanunvericiliyə uyğun olaraq
dövlət nəzarətini müvafiq icra hakimiyyəti
orqanı həyata keçirir.
21.3.
Sığortalılar tərəfindən istehsalat
zədələri və peşə xəstəlikləri
üzrə baş vermiş hadisələrin uçotunun
aparılması qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə
22. Mübahisələrin
həlli
Bu
Qanundan irəli gələn mübahisələr
qanunvericiliklə müəyyən edilmiş qaydada, o
cümlədən məhkəmə qaydasında həll
edilir.
Maddə
23. Qanunun pozulmasına
görə məsuliyyət
Bu
Qanunun pozulmasına görə sığortaçılar,
sığortalılar, sığorta olunanlar və faydalanan
şəxslər qanunvericiliklə müəyyən
edilmiş qaydada məsuliyyət daşıyırlar.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 may 2010-cu il
¹ 999-IIIQ