Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, 22, maddə 947; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №5, maddə 419; 2001-ci il, №3, maddə 143; 2004-cü il, №2, maddə 57, №4, maddə 199; 2007-ci il, №11, maddə 1052) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1. 1-ci maddənin 2-ci bəndinin altıncı abzasında "dövlət və idarə sanitariya nəzarəti," sözlərindən sonra "dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən mallar üzərində sanitariya nəzarəti, " sözləri əlavə edilsin;

2. 27-ci maddənin səkkizinci abzasının əvvəlinə "dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla," sözləri əlavə edilsin;

3. aşağıdakı məzmunda 28-1-ci maddə əlavə edilsin:

"Maddə 28-1. Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində sanitariya nəzarəti

Dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan Respublikası ərazisinə karantin infeksiyaları gətirilməsindən, sağlamlıq üçün təhlükəli ərzaq məhsulları və istehlak əşyalarının keçirilməsindən sanitariya mühafizəsini təmin etmək məqsədi ilə sanitariya nəzarətini gömrük orqanları həyata keçirirlər.";

4. 32-ci maddədə "29" rəqəmi "28-1" rəqəmi ilə əvəz edilsin və "uyğun olaraq" sözlərindən sonra "dövlət sərhədinin buraxılış məntəqələrində sanitariya nəzarətini," sözləri əlavə edilsin.

II. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №6, maddə 447; 1999-cu il, №10, maddə 570; 2000-ci il, №12, maddə 835; 2001-ci il, №11, maddələr 676, 686, 695, №12, maddə 736; 2002-ci il, №1, maddə 4, №8, maddə 463; 2003-cü il, №1, maddələr 3, 16, 23; 2004-cü il, №2, maddə 57, №3, maddə 133, №6, maddə 400, №7, maddə 505; 2005-ci il, №4, maddə 277, №10, maddə 876, №11, maddə 994; 2007-ci il, №5, maddə 442, №6, maddə 560, №10, maddə 938, №11, maddə 1053; 2008-ci il, №7, maddə 602; 2009-cu il, №2, maddə 48) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 10-cu maddəyə aşağıdakı məzmunda 14-2-ci və 14-3-cü bəndlər əlavə edilsin:

"14-2) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən mallar üzərində baytarlıq, fitosanitar və sanitariya nəzarətini həyata keçirirlər;

14-3) beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici ölkələrin nəqliyyat vasitələrinə sərhəddə "İcazə" blankları verirlər;";

2. 108-ci maddənin 13-cü bəndi 14-cü bənd hesab edilsin və aşağıdakı məzmunda 13-cü bənd əlavə edilsin:

"13) beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici ölkələrin nəqliyyat vasitələrinə sərhəddə "İcazə" blanklarının verilməsinə görə dövlət rüsumu;";

3. aşağıdakı məzmunda 111-2-ci maddə əlavə edilsin:

"Maddə 111-2. Beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə "İcazə" blanklarının verilməsi

Beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici ölkələrin nəqliyyat vasitələrinə sərhəddə "İcazə" blankları gömrük orqanları tərəfindən verilir.

Beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici ölkələrin nəqliyyat vasitələrindən tutulan rüsumun məbləği "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.";

4. 118-ci maddənin birinci hissəsinin birinci cümləsində və ikinci hissəsində "yol vergisi" sözlərindən sonra ", "İcazə" blankına görə dövlət rüsumu" sözləri əlavə edilsin;

5. 128-ci maddədə "keçirilən" sözü "keçirilmiş" sözü ilə əvəz edilsin;

6. 177-ci maddənin birinci hissəsinin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

"gömrük məqsədləri üçün lazım olan sənədlərin və məlumatların yoxlanılması, o cümlədən Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarla (şəhadətnamələrlə) müşayiət olunmasına nəzarət edilməsi;".

III. "Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №8, maddə 682; 2007-ci il, №12, maddə 1218; 2008-ci il, №2, maddə 49, №5, maddə 344) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 8.1.4-cü maddədə "dövriyyəsinə" sözündən sonra "(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)" sözləri əlavə edilsin;

2. 8.1.5-ci maddədə "dövlət sərhədində" sözləri "dövlət sərhədi boyu zolaqda (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)" sözləri ilə əvəz edilsin;

3. 8.2.6-cı maddədə "qaydada" sözündən sonra "öz səlahiyyətləri daxilində" sözləri əlavə edilsin;

4. 8.2.10-cu maddədə "yüklərin" sözündən sonra "(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)" sözləri əlavə edilsin;

5. 11.2.3-cü maddədə "tədbirlərinin" sözündən sonra "öz səlahiyyətləri daxilində" sözləri əlavə edilsin;

6. 12.0.9-cu maddənin əvvəlinə "öz səlahiyyətləri daxilində" sözləri əlavə edilsin;

7. 13.1.7-ci maddədə "halları baş verdikdə," sözləri "hallarının baş verməsi barədə gömrük orqanlarının bildirişinə əsasən" sözləri ilə əvəz edilsin;

8. 14-cü maddə üzrə:

8.1. 14.1-ci maddənin birinci cümləsində "dövlət sərhədində" sözləri çıxarılsın, "qaydada" sözündən sonra "(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)" sözləri əlavə edilsin və ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində baytarlıq nəzarətini həyata keçirən gömrük orqanları öz fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət baytarlıq xidməti ilə əlaqələndirirlər.";

8.2. 14.8-ci maddə çıxarılsın;

9. 15-ci maddə üzrə:

9.1. 15.1-ci maddədə "tranziti" sözündən sonra "(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)" sözləri əlavə edilsin;

9.2. 15.2.3-cü maddədə "digər hallarda" sözlərindən sonra "dövlət baytarlıq müfəttişi tərəfindən" sözləri, "baxışı keçirilməsini" sözlərindən sonra "(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)" sözləri əlavə edilsin;

9.3. 15.2.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

"15.2.4. baytarlıq nəzarətində olan yükün təhlükəli xəstəliklərdən hər hansı birinə görə xəstə və ya onun törədicisi ilə yoluxmuş olması, habelə beynəlxalq baytarlıq sertifikatının düzgün tərtib edilmədiyi müəyyən edilərsə, gömrük orqanlarının bildirişinə əsasən dövlət baytarlıq müfəttişi baxış keçirərkən yoluxucu xəstəlik diaqnozu təsdiq edildikdə, həmin yükün tranzitinin qadağan edilməsini, həmin heyvanların (heyvan partiyasının) ixrac edən ölkəyə qaytarılması, kəsimi və ya məhv edilməsi haqqında qərar qəbul edilməsini;";

9.4. 15.4-cü maddədə "müddətdə" sözündən sonra "gömrük orqanı tərəfindən" sözləri əlavə edilsin;

10. 39.1.2-ci maddədə "sərhəd baytarlıq" sözləri "sərhədinin buraxılış" sözləri ilə əvəz edilsin;

11. 39.2.3-cü maddədə "(məcburi və dövlət sərhəd baytarlıq məntəqələrində dezinfeksiya, dezinseksiya və deratizasiya istisna olunmaqla)" sözləri "(məcburi dezinfeksiya, dezinseksiya və deratizasiya və dövlət sərhədinin buraxılış məntəqələrində nəqliyyat vasitələrinin dezinfeksiyası istisna olunmaqla)" sözləri ilə əvəz edilsin.

IV. "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №8, maddə 655; 2007-ci il, №6, maddə 595) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 10.0.3-cü maddədə "idxalı və ixracına," sözlərindən sonra "təkrar ixracına," sözləri əlavə edilsin, "tranzit" sözü çıxarılsın və "idxal karantin icazəsi" sözlərindən sonra ", təkrar ixracat fitosanitar sertifikatı" sözləri əlavə edilsin;

2. 10.0.9-cu maddədə "müvafiq" sözündən əvvəl "öz səlahiyyətləri daxilində" sözləri əlavə edilsin;

3. 11.1.1-ci maddədə "qaydada" sözündən sonra "(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)" sözləri əlavə edilsin;

4. 11.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"11.1.2. Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara qanunvericiliklə müəyyən edilmiş qaydada fitosanitar karantin baxışı keçirmək və laboratoriya ekspertizasını aparmaq;";

5. 13.1-ci maddənin birinci cümləsində "qaydada" sözündən sonra "(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)" sözləri əlavə edilsin və aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

"Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən mallar üzərində fitosanitar nəzarətini gömrük orqanları həyata keçirirlər.";

6. 13.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"13.2. İdxal olunan bitki və bitkiçilik məhsullarının müvafiq sənədlərlə müşayiət olunmadığı və zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduğu halda onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınması məqsədi ilə gömrük orqanları dövlət fitosanitar nəzarəti xidmətinə məlumat verməlidir. Dövlət fitosanitar nəzarəti xidməti öz növbəsində aşağıdakı fitosanitar tədbirləri həyata keçirir:

13.2.1. analiz (test), müayinə, məhsulun saxlanması və məhv edilməsi məqsədi ilə bitki və bitkiçilik məhsullarını, digər karantin nəzarətində olan materialları ölkə daxilində yerləşən fitosanitar nəzarəti məntəqələrində saxlamaq, geri qaytarmaq və onların idxalına məhdudiyyətlər qoymaq;

13.2.2. bitki və bitkiçilik məhsullarının respublikaya gətirilməsini qadağan etmək və ya məhdudlaşdırmaq.";

7. 13.5-ci maddədə "İdxal olunan yükün müvafiq sənədlərlə müşayiət olunmadığı və zərərli" sözləri "Zərərli" sözü ilə əvəz edilsin;

8. 13.8-ci maddənin birinci cümləsində "məntəqələrdən" sözündən sonra "(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)" sözləri əlavə edilsin;

9. 15.2-ci maddədə "Dövlət fitosanitar nəzarəti xidməti" sözləri "Gömrük orqanı dövlət sərhədinin buraxılış məntəqələrində" sözləri ilə əvəz edilsin və "zəruri hallarda" sözləri "bu qanunun 13.2-ci maddəsində müəyyən olunan hallarda dövlət fitosanitar nəzarəti xidməti tərəfindən" sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 dekabr 2009-cu il

       926-IIIQD