"Avropa Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13,0 mln. avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Avropa Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13,0 mln. avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planı" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və digər aidiyyəti təşkilatlar Tədbirlər Planının həyata keçirilməsini təmin etsinlər.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ

 

Bakı şəhəri, 16  dekabr  2009-cu il

№ 191

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2009-cu il 16 dekabr tarixli 191 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Avropa Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13,0 mln. avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə

 

TƏDBİRLƏR PLANI

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. 2006-cı il 7 noyabr tarixində "Avropa İttifaqı və Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu"nun imzalanması energetika sektorunun müasirləşdirilməsi üzrə strategiyanın icrasında və Avropa İttifaqı ilə münasibətlərin inkişaf etdirilməsində Azərbaycan Respublikası üçün yeni bir mərhələnin başlanması oldu.

 1.2. Energetika sektoru Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurası tərəfindən 2006-cı il 14 noyabr tarixində qəbul edilmiş Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planının və Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində 2007-2010-cu illər üçün Azərbaycan üzrə Milli İndikativ Proqramının əsas prioritet sahələrindən biridir.

1.3. Energetika sektorunun sürətli inkişafı bu sektor üçün hərtərəfli və kompleks dövlət strategiyasının müəyyənləşdirilməsini zəruri edir. Belə bir strategiya istehsal, nəqletmə, paylanma, təchizat, tranzit və bütün növ enerji mənbələrinin istifadəsini əhatə etməlidir. Bundan əlavə, enerji sektorunda müvafiq islahatların keçirilməsi, sektorun fəaliyyətinin bazar iqtisadiyyatı prinsiplərinə uyğun təşkili həmin infrastrukturun bərpa olunması üçün tələblərin və yeni infrastrukturda olan ehtiyacların müəyyənləşdirilməsi üçün zərurət yaradır.

Bu nöqteyi-nəzərdən alternativ və bərpa olunan enerji mənbələri və enerjidən səmərəli istifadə edilməsinin artırılması və bu sahədə xüsusi fəaliyyət planlarının hazırlanması və təsdiq edilməsi vacibdir.

1.4. Büdcəyə dəstək mexanizmi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan Avropa İttifaqının Energetika sahəsində İslahatlara Dəstək Proqramı məhz bu məqsədlərə nail olmaq üçün hazırlanmışdır. Bu Proqram Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə razılaşdırılaraq, müvafiq qaydada imzalanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 aprel tarixli 67 s nömrəli sərəncamı ilə təsdiq edilmişdir.

1.5. Tədbirlər Planı "Energetika sahəsində İslahatlara Dəstək Proqramı"nın tərkib hissəsi olan xüsusi şərtlərin yerinə yetirilməsinə yardım etmək üçün tərtib edilmişdir. Bu tədbirlərin yerinə yetirilməsi üçün Proqram üzrə vəsaitlər Avropa Komissiyası tərəfindən müvafiq tranşlar vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürüləcəkdir.

1.6. Tədbirlər Planının icrasına həm yerli, həm də xarici mütəxəssislər cəlb oluna bilər. Avropa İttifaqı və onun üzv-dövlətlərinin qanunvericiliyi və təcrübəsindən istifadə edilməsi məqsədəuyğun hesab olardı.

 

2. TƏDBİRLƏR PLANININ MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

 

 Tədbirlər Planının məqsəd və vəzifələri aşağıdakılardır:

energetika sektorunda bazar iqtisadiyyatı prinsiplərinə uyğun hərtərəfli və kompleks strategiyanın hazırlanması;

Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin və enerjinin səmərəli istifadəsinin artırılması və bununla bağlı müvafiq fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsi;

alternativ və bərpa olunan enerji mənbələri və ümumi enerjidən səmərəli istifadə sahələrində qanunvericilik bazasının təkmilləşdirilməsi və onun Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması;

Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin işinin Avropa standartlarına uyğun təşkil edilməsi;

alternativ və bərpa olunan enerji mənbələri və enerjinin səmərəli istifadəsi üzrə maliyyə stimullaşdırıcı tədbirlərinin işlənməsi və həyata keçirilməsi;

dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi və bununla bağlı müvafiq tədbirlər planının hazırlanması və həyata keçirilməsi;

energetika sektorunda statistikanın təkmilləşdirilməsi.

 

3. TƏDBİRLƏR PLANININ MALİYYƏLƏŞDİRİLMƏSİ

 

Tədbirlər Planının həyata keçirilməsi üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər və Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində 2007-ci il üçün Azərbaycan üzrə Milli Fəaliyyət Proqramının "Energetika Sahəsində İslahatlara Dəstək Proqramı" komponenti üzrə nəzərdə tutulmuş büdcə çərçivəsində həyata keçirilir.

 

4. TƏDBİRLƏR

 

Sıra №-si

Tədbirin adı və qısa təsviri

Tədbirin icra müddəti(illər üzrə)

Tədbirin büdcəsi

Benefisiar təşkilatlar

1.

“Energetika sahəsində İslahatlara Dəstək Proqramı” çərçivəsində texniki yardım və təchizat layihələrinin tender sənədlərinin hazırlanması.

Bu layihə “Energetika sahəsində İslahatlara Dəstək Proqramı” çərçivəsində beynəlxalq tender çərçivəsində seçiləcək və həyata keçiriləcək texniki yardım və təchizat layihələrinin texniki tapşırıqları, beynəlxalq standartlara uyğun tender sənədlərini hazırlayacaq və tender prosedurlarının həyata keçirilməsinə dəstək göstərəcək

2010

300,0 min.  avro

Sənaye və Energetika Nazirliyi

2.

“Energetika sahəsində İslahatlara Dəstək Proqramı”nın həyata keçirilməsinə dəstək layihəsi

Əsas komponentlər:

2.1. enerji sektorunda hərtərəfli və kompleks inkişaf strategiyasının hazırlanması;

2.2 . alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) və enerjidən səmərəli istifadə (ESİ) üzrə tədbirlər planlarının hazırlanması və icrası;

2.3. Energetika sahəsində Müstəqil Tənzimləyici Agentliyin yaradılmasının texniki-iqtisadi əsaslandırılmasının hazırlanması;

2.4. ABOEM və ESİ sahələrində qanunvericiliyin təkmilləşdirilməsi və onun Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması;

2.5. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin fəaliyyətinə dəstək, müvafiq avadanlıq təchizatı və potensialın artırılması

2010 – 2011

5,45 mln.  avro

Sənaye və Energetika Nazirliyi

3.

ABOEM-dən istifadənin və ESİ-nin genişlənməsinə dəstək layihəsi

Əsas komponentlər:

3.1. ABOEM və ESİ üzrə məlumatlandırma kampaniyası proqramının hazırlanması və icrası;

3.2. ABOEM və ESİ texnologiyalarının yayılması üzrə proqramın hazırlanması və icrası;

3.3. ABOEM-dən istifadəni və ESİ-nin təkmilləşdirilməsini həvəsləndirən maliyyə stimullarının müəyyənləşdirilməsi;

3.4. ABOEM və ESİ sahələrində pilot investisiya layihələrinin müəyyənləşdirilməsi, texniki-iqtisadi əsaslandırılmalarının hazırlanması və tenderin keçirilməsi

2010 – 2011

1,0 mln.  avro

Sənaye və Energetika Nazirliyi

4.

Energetika sahəsində rəsmi statistikanın təkmilləşdirilməsi

Əsas komponentlər:

4.1. ev təsərrüfatlarında enerji növlərinin istehlakı haqqında seçmə statistika müşahidəsi;

4.2. fərdi sahibkarlar tərəfindən enerji növlərinin istehsalı və istehlakı haqqında seçmə statistika müşahidəsi;

4.3. hüquqi şəxslər tərəfindən enerji növlərinin istehsalı, hərəkəti və istehlakı haqqında statistika müşahidəsi

2010 – 2011

250,0 min avro

Dövlət Statistika Komitəsi

5.

Dövlət maliyyəsinin idarə olunmasının (DMİ) təkmilləşdirilməsinə dəstək layihəsi

Əsas komponentlər:

5.1. DMİ üzrə fəaliyyət planının hazırlanması;

5.2. DMİ üzrə fəaliyyət planının icrası

2010 –  2011

1,0 mln.  avro

Maliyyə Nazirliyi

6.

ABOEM və ESİ üzrə pilot investisiya layihələrinin həyata keçirilməsi

2011 –  2012

5,0 mln.  avro

Sənaye və Energetika Nazirliyi