"Avropa Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13,0 mln. avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Avropa Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13,0 mln. avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planı" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və digər aidiyyəti təşkilatlar Tədbirlər Planının həyata keçirilməsini təmin etsinlər.[1]

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ

 

Bakı şəhəri, 16  dekabr  2009-cu il

    ¹ 191

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2009-cu il 16 dekabr tarixli 191 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Avropa Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13,0 mln. avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə

 

TƏDBİRLƏR PLANI

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. 2006-cı il 7 noyabr tarixində "Avropa İttifaqı və Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu"nun imzalanması energetika sektorunun müasirləşdirilməsi üzrə strategiyanın icrasında və Avropa İttifaqı ilə münasibətlərin inkişaf etdirilməsində Azərbaycan Respublikası üçün yeni bir mərhələnin başlanması oldu.

1.2. Energetika sektoru Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurası tərəfindən 2006-cı il 14 noyabr tarixində qəbul edilmiş Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planının və Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində 2007-2010-cu illər üçün Azərbaycan üzrə Milli İndikativ Proqramının əsas prioritet sahələrindən biridir.

1.3. Energetika sektorunun sürətli inkişafı bu sektor üçün hərtərəfli və kompleks dövlət strategiyasının müəyyənləşdirilməsini zəruri edir. Belə bir strategiya istehsal, nəqletmə, paylanma, təchizat, tranzit və bütün növ enerji mənbələrinin istifadəsini əhatə etməlidir. Bundan əlavə, enerji sektorunda müvafiq islahatların keçirilməsi, sektorun fəaliyyətinin bazar iqtisadiyyatı prinsiplərinə uyğun təşkili həmin infrastrukturun bərpa olunması üçün tələblərin və yeni infrastrukturda olan ehtiyacların müəyyənləşdirilməsi üçün zərurət yaradır.

Bu nöqteyi-nəzərdən alternativ və bərpa olunan enerji mənbələri və enerjidən səmərəli istifadə edilməsinin artırılması və bu sahədə xüsusi fəaliyyət planlarının hazırlanması və təsdiq edilməsi vacibdir.

1.4. Büdcəyə dəstək mexanizmi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan Avropa İttifaqının Energetika sahəsində İslahatlara Dəstək Proqramı məhz bu məqsədlərə nail olmaq üçün hazırlanmışdır. Bu Proqram Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə razılaşdırılaraq, müvafiq qaydada imzalanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 aprel tarixli 67 s nömrəli sərəncamı ilə təsdiq edilmişdir.

1.5. Tədbirlər Planı "Energetika sahəsində İslahatlara Dəstək Proqramı"nın tərkib hissəsi olan xüsusi şərtlərin yerinə yetirilməsinə yardım etmək üçün tərtib edilmişdir. Bu tədbirlərin yerinə yetirilməsi üçün Proqram üzrə vəsaitlər Avropa Komissiyası tərəfindən müvafiq tranşlar vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürüləcəkdir.

1.6. Tədbirlər Planının icrasına həm yerli, həm də xarici mütəxəssislər cəlb oluna bilər. Avropa İttifaqı və onun üzv-dövlətlərinin qanunvericiliyi və təcrübəsindən istifadə edilməsi məqsədəuyğun hesab olardı.

 

2. TƏDBİRLƏR PLANININ MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

 

Tədbirlər Planının məqsəd və vəzifələri aşağıdakılardır:

energetika sektorunda bazar iqtisadiyyatı prinsiplərinə uyğun hərtərəfli və kompleks strategiyanın hazırlanması;

Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin və enerjinin səmərəli istifadəsinin artırılması və bununla bağlı müvafiq fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsi;

alternativ və bərpa olunan enerji mənbələri və ümumi enerjidən səmərəli istifadə sahələrində qanunvericilik bazasının təkmilləşdirilməsi və onun Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması;

Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin işinin Avropa standartlarına uyğun təşkil edilməsi;[2]

alternativ və bərpa olunan enerji mənbələri və enerjinin səmərəli istifadəsi üzrə maliyyə stimullaşdırıcı tədbirlərinin işlənməsi və həyata keçirilməsi;

dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi və bununla bağlı müvafiq tədbirlər planının hazırlanması və həyata keçirilməsi;

energetika sektorunda statistikanın təkmilləşdirilməsi.

 

3. TƏDBİRLƏR PLANININ MALİYYƏLƏŞDİRİLMƏSİ

 

Tədbirlər Planının həyata keçirilməsi üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər və Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində 2007-ci il üçün Azərbaycan üzrə Milli Fəaliyyət Proqramının "Energetika Sahəsində İslahatlara Dəstək Proqramı" komponenti üzrə nəzərdə tutulmuş büdcə çərçivəsində həyata keçirilir.

 

4. TƏDBİRLƏR

 

Sıra ¹-si

Tədbirin adı və qısa təsviri

Tədbirin icra müddəti (illər üzrə)

Tədbirin büdcəsi

Benefisiar təşkilatlar

1.

“Energetika sahəsində İslahatlara Dəstək Proqramı” çərçivəsində texniki yardım və təchizat layihələrinin tender sənədlərinin hazırlanması.

Bu layihə “Energetika sahəsində İslahatlara Dəstək Proqramı” çərçivəsində beynəlxalq tender çərçivəsində seçiləcək və həyata keçiriləcək texniki yardım və təchizat layihələrinin texniki tapşırıqları, beynəlxalq standartlara uyğun tender sənədlərini hazırlayacaq və tender prosedurlarının həyata keçirilməsinə dəstək göstərəcək

2010

300,0 min.  avro

Energetika Nazirliyi[3]

2.

“Energetika sahəsində İslahatlara Dəstək Proqramı”nın həyata keçirilməsinə dəstək layihəsi

Əsas komponentlər:

2.1. enerji sektorunda hərtərəfli və kompleks inkişaf strategiyasının hazırlanması;

2.2 . alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) və enerjidən səmərəli istifadə (ESİ) üzrə tədbirlər planlarının hazırlanması və icrası;

2.3. Energetika sahəsində Müstəqil Tənzimləyici Agentliyin yaradılmasının texniki-iqtisadi əsaslandırılmasının hazırlanması;

2.4. ABOEM və ESİ sahələrində qanunvericiliyin təkmilləşdirilməsi və onun Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması;

2.5. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin fəaliyyətinə dəstək, müvafiq avadanlıq təchizatı və potensialın artırılması  [4]

2010-2016 [5]

5,45 mln.  avro

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi

3.

ABOEM-dən istifadənin və ESİ-nin genişlənməsinə dəstək layihəsi

Əsas komponentlər:

3.1. ABOEM və ESİ üzrə məlumatlandırma kampaniyası proqramının hazırlanması və icrası;

3.2. ABOEM və ESİ texnologiyalarının yayılması üzrə proqramın hazırlanması və icrası;

3.3. ABOEM-dən istifadəni və ESİ-nin təkmilləşdirilməsini həvəsləndirən maliyyə stimullarının müəyyənləşdirilməsi;

3.4. ABOEM və ESİ sahələrində pilot investisiya layihələrinin müəyyənləşdirilməsi, texniki-iqtisadi əsaslandırılmalarının hazırlanması və tenderin keçirilməsi

2010-2014

1,0 mln.  avro

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi

4.

Energetika sahəsində rəsmi statistikanın təkmilləşdirilməsi

Əsas komponentlər:

4.1. ev təsərrüfatlarında enerji növlərinin istehlakı haqqında seçmə statistika müşahidəsi;

4.2. fərdi sahibkarlar tərəfindən enerji növlərinin istehsalı və istehlakı haqqında seçmə statistika müşahidəsi;

4.3. hüquqi şəxslər tərəfindən enerji növlərinin istehsalı, hərəkəti və istehlakı haqqında statistika müşahidəsi

2010-2014

250,0 min avro

Dövlət Statistika Komitəsi

5. [6]

Elektrik və istilik enerjisinin istehsalında yüksək səmərəliliyə və enerji resurslarının istifadəsində əhəmiyyətli qənaətə nail olunması, habelə istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik və istilik enerjisi ilə təmin edilməsi

Əsas komponentlər:

5.1. mövcud elektrik enerjisi stansiyalarının optimallaşdırılması və təkmilləşdirilməsi üzrə tədbirlər planının hazırlanması;

5.2. elektrik enerjisinin ümumi generasiya güclərində alternativ və bərpa olunan enerji mənbələrinin xüsusi çəkisinin artırılmasını, habelə alternativ və bərpa olunan enerji sahəsinə özəl investisiyaların cəlb edilməsi məqsədi ilə bu sahəni tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsini, güzəştli tariflərin və digər təşviqedici tədbirlərin tətbiqini əhatə edən sənədlərin hazırlanması;

5.3. energetika sektorunda bazar münasibətlərinin və bazar subyektlərinin formalaşdırılmasına yönəldilmiş hərtərəfli islahatların aparılmasına dair qanunvericilik bazasının hazırlanması;

5.4. ölkədə dayanıqlı və etibarlı istilik təchizatı sisteminin yaradılması, istehlakçıların fasiləsiz və keyfiyyətli istilik enerjisi ilə təmin edilməsi, isitmə məqsədi ilə istifadə edilən təbii qaz və elektrik enerjisi sərfiyyatının azaldılması, enerji resurslarından səmərəli istifadə olunması, yanğın və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədi ilə “Azəristiliktəchizat” ASC-nin texniki, təşkilati və maliyyə vəziyyəti ilə bağlı diaqnostik araşdırmanın aparılması və optimallaşdırılma tədbirlərinin həyata keçirilməsi üçün mərhələli tədbirlər planının hazırlanması

2018-2019

1,0 mln. avro

Energetika Nazirliyi

6.

ABOEM və ESİ üzrə pilot investisiya layihələrinin həyata keçirilməsi

2015-2016[7]

5,0 mln.  avro

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       20 dekabr 2013-cü il tarixli 346 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 dekabr 2013-cü il, ¹ 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 12, maddə 1636)

2.       20 oktyabr 2015-ci il tarixli 334 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 11 noyabr 2015-ci il, ¹ 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə 1406)

3.       13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, ¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 5, maddə 955)

4.       2 mart 2018-ci il tarixli 71 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 mart 2018-ci il, ¹ 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 3, maddə 582)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 20 dekabr 2013-cü il tarixli 346 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 dekabr 2013-cü il, ¹ 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 12, maddə 1636) ilə 2-ci hissədə “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi” sözləri ilə əvəz edilmişdir və “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri əlavə edilmişdir.

 

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, ¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 5, maddə 955) ilə 2-ci hissəsindən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[2] 20 dekabr 2013-cü il tarixli 346 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 dekabr 2013-cü il, ¹ 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 12, maddə 1636) ilə “Avropa Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13,0 mln. avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planı”nın “2. Tədbirlər Planının məqsəd və vəzifələri” bölməsinin beşinci abzasında “Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin” sözləri “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

 

[3] 20 dekabr 2013-cü il tarixli 346 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 dekabr 2013-cü il, ¹ 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 12, maddə 1636) ilə “Avropa Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13,0 mln. avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planı”nın  “4. Tədbirlər” bölməsinin 1-ci hissənin “Benefisiar təşkilatlar” sütununda “Sənaye və Energetika Nazirliyi” sözləri “Energetika Nazirliyi” sözləri ilə, 2-ci, 3-cü və 6-cı hissələrin “Benefisiar təşkilatlar” sütununda “Sənaye və Energetika Nazirliyi” sözləri “Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[4] 20 dekabr 2013-cü il tarixli 346 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 dekabr 2013-cü il, ¹ 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 12, maddə 1636) ilə “Avropa Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13,0 mln. avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planı”nın  “4. Tədbirlər” bölməsinin 2.5-ci bənddə “Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin” sözləri “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

 

[5] 20 dekabr 2013-cü il tarixli 346 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 dekabr 2013-cü il, ¹ 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 12, maddə 1636) ilə “Avropa Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13,0 mln. avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planı”nın  “4. Tədbirlər” bölməsinin 2-ci, 3-cü və 4-cü hissələrin “Tədbirin icra müddəti (illər üzrə)” sütununda “2010-2011 rəqəmləri “2010-2014 rəqəmləri ilə əvəz edilmişdir.

20 oktyabr 2015-ci il tarixli 334 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 11 noyabr 2015-ci il, ¹ 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə 1406) ilə 2-ci hissənin “Tədbirin icra müddəti (illər üzrə)” sütununda “2010-2014 rəqəmləri “2010-2016 rəqəmləri ilə əvəz edilmişdir.

 

[6] 2 mart 2018-ci il tarixli 71 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 mart 2018-ci il, ¹ 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 3, maddə 582) ilə “Avropa Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13,0 mln. avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planı”nın “4. Tədbirlər” bölməsinin 5-ci hissəsi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

 

5.

Dövlət maliyyəsinin idarə olunmasının (DMİ) təkmilləşdirilməsinə dəstək layihəsi

Əsas komponentlər:

5.1. DMİ üzrə fəaliyyət planının hazırlanması;

5.2. DMİ üzrə fəaliyyət planının icrası

2010 –  2011

1,0 mln. avro

Maliyyə Nazirliyi

 

[7] 20 dekabr 2013-cü il tarixli 346 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 dekabr 2013-cü il, ¹ 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 12, maddə 1636) ilə “Avropa Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13,0 mln. avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planı”nın “4. Tədbirlər” bölməsinin 6-cı hissənin “Tədbirin icra müddəti (illər üzrə)” sütununda “2011-2012” rəqəmləri “2013-2015 rəqəmləri ilə əvəz edilmişdir.

20 oktyabr 2015-ci il tarixli 334 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 11 noyabr 2015-ci il, ¹ 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə 1406) ilə 6-cı hissənin “Tədbirin icra müddəti (illər üzrə)” sütununda “2013-2015 rəqəmləri “2015-2016 rəqəmləri ilə əvəz edilmişdir.