Bələdiyyələrin birləşməsi, ayrılması və ləğvi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün yaradılan komissiyanın say tərkibi və fəaliyyət Qaydasının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 17 mart tarixli 777-IIIQD nömrəli Qanununun icrasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyul tarixli 135 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Bələdiyyələrin birləşməsi, ayrılması və ləğvi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün yaradılan komissiyanın say tərkibi və fəaliyyət Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə

 

Bakı şəhəri, 19 sentyabr 2009-cu il

147

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2009-cu il 19 sentyabr tarixli 147 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Bələdiyyələrin birləşməsi, ayrılması və ləğvi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün yaradılan komissiyanın say tərkibi və fəaliyyət Qaydası

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" Qanunun (bundan sonra - Qanun) 8-1-ci maddəsinə əsasən hazırlanmışdır və bələdiyyələr birləşərkən, ayrılarkən və ləğv edilərkən onlara məxsus mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün yaradılmış komissiyanın say tərkibi və fəaliyyət qaydasını müəyyən edir.

1.2. Bələdiyyələr birləşərkən, ayrılarkən və ləğv edilərkən onlara məxsus mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında komissiya yaradılır.

1.3 Komissiyaya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yerli nümayəndələri, müvafiq yerli icra hakimiyyəti orqanının və bələdiyyə üzvlərinin (o cümlədən, birləşən, ayrılan və ləğv edilən bələdiyyələrin, habelə ərazi vahidi bir bələdiyyənin tərkibindən ayrılaraq digər bələdiyyənin tərkibinə daxil edildiyi hallarda həmin bələdiyyənin üzvlərindən) hərəsindən bir nümayəndə daxil edilir.[1]

1.4. Komissiya ictimai əsaslarla fəaliyyət göstərir və görülən işlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat verir.

1.5. Komissiyaya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən olan nümayəndə sədrlik edir.

1.6. Bu Qaydanın 1.2-ci bəndinə uyğun olaraq yaradılan komissiyanın yerlərdəki fərdi tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edildiyi gündən 15 gün müddətində bu Qaydanın 1.3-cü bəndində göstərilən dövlət orqanlarının və bələdiyyələrin təklifləri əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilir.

1.7. Komissiyanın səlahiyyətləri bələdiyyənin birləşməsi, ayrılması və ya ləğv edilməsi nəticəsində onların əmlakının müvafiq bələdiyyəyə təhvil verilməsi və ya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilməsi barədə müvafiq hesabat təqdim edildikdən sonra bitmiş hesab olunur.

 

2. Komissiyanın fəaliyyət qaydası

 

2.1. Komissiya fəaliyyətini iclasları vasitəsilə həyata keçirir. Komissiya üzvlərinin azı üçdə ikisi iclasda iştirak edərsə, komissiya öz səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir. Komissiya birinci iclasının baş tutduğu gündən fəaliyyətə başlamış hesab olunur. Komissiyanın qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermədə hər bir komissiya üzvü bir səsə malikdir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledici hesab olunur. Komissiyanın qərarları iclasda iştirak etmiş bütün komissiya üzvləri tərəfindən imzalanır. Qərarla razı olmayan komissiya üzvü öz imzası qarşısında qeyd etməklə xüsusi rəyini qərara əlavə edir.

2.2. Bələdiyyələr birləşərkən onların mülkiyyəti ayrı-ayrılıqda komissiyanın qəbul etdiyi qərar əsasında siyahıya alınır. Siyahıya alınmış əmlak hüquq varisliyi qaydasında komissiyanın qərarına uyğun olaraq akt əsasında yeni yaradılmış bələdiyyəyə təhvil verilir və bu əmlakla bağlı hüquqlar (vəzifələr) həmin bələdiyyəyə keçir.

2.3. Bələdiyyələr ayrıldıqda (bölündükdə) onların mülkiyyəti komissiya tərəfindən siyahıya alınır. Siyahıya alınmış əmlak komissiyanın qərarına uyğun olaraq bölünmə balansı və akt əsasında yeni yaranmış bələdiyyələrə, ərazi vahidi bir bələdiyyənin tərkibindən ayrılaraq digər bələdiyyənin tərkibinə daxil edildiyi hallarda isə həmin bələdiyyələrə təhvil verilir və bu əmlakla bağlı hüquq və vəzifələr həmin bələdiyyələrə keçir.

2.4. Qanunun 8-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq ərazi vahidi kimi ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrindən çıxarılan və ərazisi hüdudlarında bələdiyyənin mövcud olduğu digər ərazi vahidinin (şəhər, qəsəbə, kənd) ərazisinə birləşdirilən yaşayış məntəqəsinin hüdudlarında ləğv edilmiş bələdiyyənin mülkiyyəti və onunla bağlı hüquqlar (vəzifələr) hüquq varisliyi qaydasında müvafiq bələdiyyəyə keçdikdə, komissiyanın qərarı əsasında bələdiyyənin mülkiyyəti siyahıya alınır və siyahıya alınmış əmlak akt əsasında müvafiq bələdiyyəyə təhvil verilir.[2]

2.5. Qanuna əsasən ləğv edilərək mövcudluğuna xitam verilmiş bələdiyyənin əmlakı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verildiyi hallarda komissiya bələdiyyənin mülkiyyətinin siyahıya alınması barədə qərar qəbul edir və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında məlumat dərc etdirir. Bu müddət bələdiyyənin ləğvi haqqında məlumatın dərc edildiyi gündən etibarən iki aydan az ola bilməz. Komissiya kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görür, habelə bələdiyyənin ləğvi haqqında kreditorlara bildiriş göndərir.

2.6. Kreditorların tələblərinin irəli sürülməsi müddəti qurtardıqdan sonra komissiya ləğvetmə balansının tərtib edilməsi barədə qərar qəbul edir. Həmin balansa ləğv edilən bələdiyyənin əmlakının tərkibi, kreditorların irəli sürdükləri tələblərin siyahısı, habelə bu tələblərə baxılması nəticələri və məhkəmə mübahisələri haqqında məlumatlar daxil edilir.

2.7. Ləğv edilən bələdiyyədə olan pul vəsaiti kreditorların tələblərini ödəmək üçün yetərli deyildirsə, komissiyanın qərarı əsasında bələdiyyənin əmlakı (bələdiyyə torpaqları istisna olmaqla) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında müvafiq qurumun vasitəsilə açıq hərracdan satıla bilər.

2.8. Ləğv edilmiş bələdiyyələrdə kreditorların tələbləri ödənildikdən sonra bələdiyyənin qalan əmlakı komissiyanın qəbul etdiyi qərar əsasında təhvil-təslim aktına əsasən qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilir.

2.9. Bu Qaydaların 2.2 - 2.4-cü bəndlərində nəzərdə tutulan akt iki nüsxədə tərtib edilməklə, bir nüsxəsi yeni yaradılmış bələdiyyədə, digəri isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində saxlanılır. Bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulan ləğvetmə balansı, 2.7-ci bəndinə uyğun olaraq qəbul edilən qərar, habelə 2.8-ci bəndində nəzərdə tutulan təhvil-təslim aktı iki nüsxədə tərtib edilməklə, bir nüsxəsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində, digər nüsxəsi isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində saxlanılır.

2.10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Komissiyanın kargüzarlıq işini təşkil edir, Komissiyanın sədri isə onun üzvlərinin fəaliyyətini əlaqələndirir.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 aprel 2010-cu il tarixli 74 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 4, maddə 364)

2.       4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1418)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1418) ilə Bələdiyyələrin birləşməsi, ayrılması və ləğvi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün yaradılan komissiyanın say tərkibi və fəaliyyət Qaydasının 1.3-cü bəndindən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, sözləri çıxarılmışdır.

 

[2] 23 aprel 2010-cu il tarixli 74 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 4, maddə 364) ilə təsdiq edilmiş Bələdiyyələrin birləşməsi, ayrılması və ləğvi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün yaradılan komissiyanın say tərkibi və fəaliyyət Qaydasının 2.4-cü bəndindən və inzibati ərazi dairələrinin sözləri çıxarılmışdır.