«Təsdiq edilmişdir»

Azərbaycan Respublikasının Prezidenti

yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin

08 avqust 2004-cü il tarixli Əmri ilə

təsdiq edilmişdir

 


İnvestisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi Qaydaları

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1999-cu il tarixli 161 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında» Əsasnaməyə müvafiq olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində investisiya qiymətli kağızlarının (bundan sonra—qiymətli kağızlar) dövriyyədən çıxarılması və ləğv edilməsi qaydasını müəyyən edir.

1.3. Bu Qaydalar dövlət qiymətli kağızlarının dövriyyədən çıxarılmasına və ləğv edilməsinə şamil edilmir.

 

2. Qiymətli kağızların dövriyyədən çıxarılması

 

2.1. Qiymətli kağızların dövriyyədən çıxarılması emitentin qərarı əsasında, qiymətli kağızların emissiyası baş tutmamış hesab edildiyi halda, emitent tərəfindən qiymətli kağızlar dövlət qeydiyyatından keçmiş sayından çox yerləşdirildikdə, qiymətli kağızların buraxılışı məhkəmə tərəfindən etibarsız hesab edildikdə, emitentin fəaliyyətinə xitam verildikdə və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda həyata keçirilir.

2.2. Qiymətli kağızların dövriyyədən çıxarılması emitentin investorlar qarşısındakı həmin qiymətli kağızlar üzrə öhdəliklərinin tam icra edilməsindən sonra həyata keçirilir.

2.3. Emitentin öz qərarı ilə qiymətli kağızların dövriyyədən çıxarılması emitent tərəfindən aşağıdakı mərhələlərlə həyata keçirilməlidir:

2.3.1. qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında qərarın qəbul edilməsi;

2.3.2. qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlərin edilməsi üçün QKDK-ya (qərarın surəti əlavə olunmaqla) müraciətin edilməsi;

2.3.3. QKDK tərəfindən qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlərin (həmin qeydlər bu Qaydaların 2.3.2.-ci yarımbəndində göstərilən müraciətin QKDK-ya daxil olduğu tarixdən etibarən bir iş günü ərzində aparılmalıdır) edildiyi gündən etibarən 7 (yeddi) iş günü müddətində qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında məlumatın kütləvi informasiya vasitələrində dərc edilməsi.

2.4. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında məlumatda aşağıdakılar əks etdirilməlidir:

2.4.1. emitentin tam adı, taşkilati—hüquqi forması və olduğu yer;

2.4.2. qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsinin səbəbi;

2.4.3. qiymətli kağızların dövlət qeydiyyat nömrəsi;

2.4.4. qiymətli kağızların növü və forması;

2.4.5. qiymətli kağızların nominal dəyəri;

2.4.6. dövriyyədən çıxarılacaq və ləğv ediləcək qiymətli kağızların sayı;

2.4.7. qiymətli kağızların geri satın alınmasının başlama və başaçatma tarixi;

2.4.8. qiymətli kağızların geri satın alınması şərtləri (qiymətli kağızların geri satın alınma dəyəri, ödənilməsi qaydası və s.).

2.5. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında məlumat dərc edildikdən sonra emitent qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi barədə qəbul edilmiş qərara dəyişikliklər edə bilməz.

2.6. Qiymətli kağızların emissiyası baş tutmamış hesab edildikdə, qiymətli kağızların dövlət reyestrində bu barədə müvafiq qeydlər edilməklə QKDK tərəfindən emitentə 3 (üç) iş günü müddətində emissiyanın baş tutmamış hesab edilməsi haqqında məlumat verilir.

2.7. Qiymətli kağızların dövriyyədən çıxarılmasını təmin etmək məqsədi ilə emitent qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlərin edildiyi tarixdən etibarən 7 (yeddi) iş günü müddətində bu Qaydaların 2.4-cü bəndində göstərilən məlumatı kütləvi informasiya vasitələrində dərc etdirməlidir.

2.8. Qiymətli kağızların dövriyyədən çıxarılması üçün emitent bu Qaydaların 2.4-cü bəndində göstərilən məlumat dərc edildiyi tarixindən etibarən 2 (iki) ay müddətində qiymətli kağızların geri satın alınmasını həyata keçirməlidir.

2.9. Qiymətli kağızlar dövlət qeydiyyatından keçmiş sayından çox yerləşdirildikdə, emitent qiymətli kağızların emissiyasının dayandırılması haqqında məlumatı aldığı gündən etibarən 2 (iki) ay ərzində həmin qiymətli kağızların geri satın alınmasını və ləğv edilməsini təmin etməlidir. Həmin qiymətli kağızların geri satın alınmasını təmin etmək məqsədi ilə emitent bu Qaydaların 2.4-cü bəndində göstərilən məlumatı açıqlamalıdır.

2.10. Qiymətli kağızların buraxılışı məhkəmə tərəfindən etibarsız hesab edildikdə, 6 (altı) ay ərzində həmin buraxılışda olan bütün qiymətli kağızlar emitentə, qiymətli kağızların yerləşdirilməsindən əldə edilmiş vəsaitlər investorlara qaytarılmalıdır.

2.11. QKDK tərəfindən qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlərin edildiyi tarixdən etibarən emitent 7 (yeddi) iş günü müddətində qiymətli kağızların buraxılışının məhkəmə tərəfindən etibarsız hesab edilməsi haqqında məlumatı və bu Qaydaların 2.4-cü bəndində göstərilən məlumatı kütləvi informasiya vasitələrində dərc etdirməlidir.

2.12. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi barədə məlumat dərc edildikdə, emitent bu barədə məlumatı reyestrsaxlayıcıya (reyestr emitent tərəfindən aparılmadıqda) təqdim etməlidir.

2.13. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi barədə məlumatın dərc edildiyi gündən etibarən onların dövriyyəsinə yol verilmir və onlarla bağlanmış müqavilələr əhəmiyyətsizdir.

2.14. Qiymətli kağızların geri satın alınması qiymətli kağızların növündən asılı olaraq, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

2.15. Emitent qiymətli kağızların geri satın alınmasının başa çatdığı tarixdən etibarən 5 (beş) iş günü müddətində geri satın alınmış qiymətli kağızların hərəkəti barədə reyestrsaxlayıcının arayışını və qiymətli kağızların geri satın alınmasının nəticələri haqqında məlumatı QKDK-ya təqdim etməlidir.

2.16. Qiymətli kağızların geri satın alınmasının nəticələri haqqında məlumatda aşağıdakılar öz əksini tapmalıdır:

2.16.1 emitentin tam adı, təşkilati-hüquqi forması və olduğu yer;

2.16.2. qiymətli kağızların dövlət qeydiyyat nömrəsi;

2.16.3. qiymətli kağızların növü və forması;

2.16.4. qiymətli kağızın nominal dəyəri;

2.16.5. geri satın alınmış qiymətli kağızların sayı;

2.16.6. qiymətli kağızların geri satın alınmasının başlama və başaçatma tarixi.

 

3. Qiymətli kağızların ləğv edilməsi

 

3.1. Qiymətli kağızların geri satın alınmasının nəticələri haqqında məlumatın QKDK-ya təqdim edildiyi gündən etibarən, QKDK tərəfindən imtina üçün əsas olmadıqda, 7 (yeddi) iş günü müddətində (bu Qaydaların 2.9.-cu bəndində göstərilən hal istisna olmaqla) qiymətli kağızların dövlət reyestrində qiymətli kağızların dövriyyədən çıxarılması haqqında qeyd edilir və bu barədə məlumat QKDK tərəfindən emitentə təqdim olunur və kütləvi informasiya vasitələrində açıqlanır.

3.2. Emitent qiymətli kağızların dövlət reyestrində müvafiq qeydin edilməsi haqqında məlumatı aldığı tarixdən etibarən qiymətli kağızların ləğv edilməsini təmin etməlidir.

3.3. Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi), konvertasiyası və ödənilməsi zamanı həmin qiymətli kağızların əvvəlki sertifikatları ləğv edilməlidir.

3.4. Sənədsiz qiymətli kağızların ləğv edilməsi emitentin hesabından depozitar tərəfindən onların silinməsi ilə həyata keçirilir. Həmin qiymətli kağızların emitentin hesabından silinməsi barədə depozitiar tərəfindən emitentin iştirakı ilə müvafiq akt tərtib olunmalıdır. Aktda emitentin tam adı, hesabın nömrəsi, qiymətli kağızların ləğv edilməsi tarixi, ləğv olunmuş qiymətli kağızların sayı, növü, dövlət qeydiyyat nömrəsi və bir qiymətli kağızın nominal dəyəri haqqında məlumat öz əksini tapmalıdır. Akt depozitarın və emitentin azı 3 (üç) vəzifəli şəxsi tərəfindən imzalanmalıdır və depozitarın möhürü ilə təsdiq olunmalıdır. Həmin silinmə əməliyyatı həmçinin reyestrsaxlayıcının hesablarında da həyata keçirilməlidir.

3.5. Sənədli adlı qiymətli kağızların ləğv edilməsi qiymətli kağızların sahiblərinin reyestrində emitentin hesabından qiymətli kağızların silinməsi ilə və emitent tərəfindən onların fiziki ləğvi ilə həyata keçirilir.

3.6. Sənədli adlı qiymətli kağızlar emitentin hesabından silindikdə, bu barədə emitentin iştirakı ilə reyestrsaxlayıcı tərəfindən (reyestr emitent tərəfindən aparıldıqda, emitent tərəfindən) akt tərtib olunmalıdır. Aktda emitentin tam adı, hesabın nömrəsi, qiymətli kağızların emitentin hesabından silinməsi tarixi, emitentin hesabından silinmiş qiymətli kağızların sayı, növü, dövlət qeydiyyat nömrəsi və bir qiymətli kağızın nominal dəyəri haqqında məlumat öz əksini tapmalıdır. Qiymətli kağızların sahiblərinin reyestri emitent tərəfindən aparılmadıqda, aktda həmçinin reyestrsaxlayıcı haqqında məlumat göstərilməlidir. Akt reyestrsaxlayıcının və emitentin azı 3 (üç) vəzifəli şəxsi tərəfindən imzalanmalı və reyestersaxlayıcının möhürü ilə təsdiq olunmalıdır. Qiymətli kağızların sahiblərinin reyestri emitent tərəfindən aparıldıqda, akt emitentin azı 3 (üç) vəzifəli şəxsi tərəfindən imzalanmalı və emitentin möhürü ilə təsdiq olunmalıdır.

3.7. Sənədli qiymətli kağızların fiziki ləğv edilməsi müvafiq akt tərtib edilməklə, emitent tərəfindən həyata keçirilir. Aktda emitentin tam adı, qiymətli kağızların ləğv edilməsi tarixi, ləğv edilmiş qiymətli kağızların sayı, növü, dövlət qeydiyyat nömrəsi və bir qiymətli kağızın nominal dəyəri haqqında məlumat öz əksini tapmalıdır. Akt emitentin azı 3 (üç) vəzifəli şəxsi tərəfindən imzalanmalı və emitentin möhürü ilə təsdiq olunmalıdır.

 

4. Məsuliyyət

 

Bu Qaydalara riayət etməyən şəxslər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

5. Qüvvəyə minməsi

 

Bu Qaydalar təsdiq edildiyi gündən qüvvəyə minir.