«Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin

tətbiqi qaydalarının» təsdiq olunması haqqında

 

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

  

«Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və həmin Qanunun qüvvəyə minməsi haqqında Milli Məclisin 1993-cü il 3 sentyabr tarixli 698 saylı qərarının 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

   1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış və Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi ilə razılaşdırılmış «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları» təsdiq edilsin (əlavə olunur).

   2. Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu, yerli icra hakimiyyətləri Qanunda və bu Qaydalarda nəzərdə tutulan güzəştlərin, təminatların və digər xərclərin ödənilməsi üçün vəsait ayırsınlar.

 

 

 

 

 

 

 Baş nazir   S. HÜSEYNOV

 

 

 

 

 

  Bakı şəhəri, 15 yanvar 1994-cü il

                     № 10

                                      

 

 

 

 

 

 

                                   

 

 

   

 

 

 

 

  Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 1994-cü il 15 yanvar

     tarixli 10 saylı qərarı ilə

       təsdiq edilmişdir.

 

 

Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi

qaydaları

 

   Bu Qaydalar Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir.

1. Şəhid anlayışı

   1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

   1.2. Aşağıdakılar şəhid hesab edilirlər:

      1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar;

      1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər;

      1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar;

      1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və  itkin düşmüş mülki vətəndaşlar;

      1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular;

      1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə həlak olan, itkin düşən və ölmüş hesab edilən şəxslər

2. Şəhid ailəsi

      2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar;

      2.1.1. arvadı (əri);

      2.1.2. valideynləri;

      2.1.3. 18 yaşına çatmamış və ya həmin yaşa çatanadək əlil olmuş 18 yaşından yuxarı övladları;

      2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar;

      2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa;

      2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani tədris müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

3. Şəhidin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hüquqları

   3.1. Şəhid adını əbədiləşdirmə məqsədilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları aşağıdakı tədbirləri həyata keçirirlər:

     3.1.1. şəhidlərə vətənində, yaşadığı ərazidə, yaxud təhsil aldığı müəssisədə abidələr və ya büstlər ucaldırlar, onlara xatirə kompleksləri yaradılır.

      3.1.2. şəhid adlarını küçələrə, meydanlara verirlər, təşkilatlara, müəssisələrə, idarələrə və mədəni-maarif ocaqlarına verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar.

                3.2. Şəhid ailəsi statusunu almış ailə üzvlərinə qanunvericiliklə müəyyən edilmiş təminatlar (güzəştlər) aşağıdakı qaydada verilir;

      3.2.1. şəhidin ailə üzvünə ailə başçısını itirməyə görə pensiya hesablanması üçün şəhidin orta aylıq əməkhaqqı səhhətə zərər vurulmadan və ölüm baş verəndən əvvəlki 12  ayın əmək haqqından hesablanır. Orta aylıq əməkhaqqı minimum əməkhaqqının beş mislindən az ola bilməz;

      3.2.2. 1.2.3 bənddə göstərilən ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiyanın hesablanması üçün şəhidin orta aylıq əmək haqqı «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 71-78-ci maddələrinə əsasən müəyyən edilir:

      3.2.3. Qaydaların 1.2.2 və 1.2.5 bəndlərində göstərilənlərin öhdəsində olan hər bir ailə üzvünə pensiya minimum əmək haqqının 50 faizi ilə şəhidin orta aylıq əmək haqqının 50 faizinin cəmi kimi hesablanır;

      3.2.4. Qaydaların 1.2.1 və 1.2.4 bəndlərində göstərilənlərin öhdəsində olan ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya vəfat edənin orta aylıq əmək haqqı məbləğindən onun özünün və öhdəsində olan əmək qabiliyyətli ailə üzvünün payı çıxılmaqla təyin edilir;

      3.2.5. şəhidin uşaqlarına və əmək qabiliyyəti olmayan valideynlərinə pensiyalar, onların ailə başçısının öhdəsində olub-olmadıqlarından asılı olmayaraq təyin edilir;

      3.2.6. ailə başçısını itirməyə görə pensiyanın minimum məbləği yaşa görə minimum pensiyanın 100 faizindən az olmamalıdır;

      3.2.7. şəhidin uşaqlarının (1.2.3 bənddə göstərilənlərin uşaqları istisna olunmaqla) ailə başçısını itirməyə görə pensiyalarının üzərinə, habelə əmək qabiliyyəti olmayan valideynlərinin, növündən asılı olmayaraq, aldıqları pensiyaların üzərinə hər ay yaşa görə minimum pensiyanın 50 faizi məbləğində əlavə hesablanır;

      3.2.8. onların hər uşağına 16 yaşı (əyani təhsil alıb təqaüd almayanlara 18 yaşı)tamam olanadək şəhid olan hər bir valideynə görə minimum əməkhaqqının üçdə bir hissəsi məbləğində aylıq dövlət müavinəti təyin edilir.

      3.2.9. şəhidin ailə üzvlərinə işçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaqda üstünlük verilir, müəssisənin, idarənin, təşkilatın fəaliyyəti dayandırıldıqda isə onlar işlə təmin olunur;

      3.2.10. mənzil haqqının və kommunal xidmətlərin (istehsal-təsərrüfat fəaliyyəti ilə əlaqədar istifadə xərcləri istisna olmaqla) ödənilməsində 50 faiz güzəşt müəyyən edilir;

      3.2.11. birinci növbədə pulsuz telefon çəkilir və telefon haqqının ödənilməsində 50 faiz güzəşt müəyyən edilir;

     3.2.12. ali təhsili məktəblərinin hazırlıq şöbələrinə və peşə məktəblərinə güzəştli qəbul həyata keçirilir, uşaqlar məktəbəqədər tərbiyə müəssisələrinə birinci növbədə qəbul olunur və pulsuz saxlanılır;

      3.2.13. ailə üzvlərini pulsuz dərmanla və güzəştli putyovkalarla təmin edilir;

      3.2.14. şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) və kənd yerlərində, qəsəbələrdə, şəhər tipli qəsəbələrdə ümumi istifadədə olan avtomobil nəqliyyatından (taksidən başqa) pulsuz istifadə etmək hüququ verilir;

      3.2.15. Şəhidin ailə üzvlərinin gəlirindən vergi tutulması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə nizama salınır;

      3.2.16. mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar;

      3.2.17. şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə(kooperativə) qəbul zamanı üstünlük verilir;

      3.2.18. şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır;

Şəhid və şəhid ailəsi statusunun verilməsi

   4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsaiti ilə baxılır.

   Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur.

   Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, kadrlar idarəsi, digər hərbi qulluqçulara qeydiyyatda olduqları hərbi komissarlıqlar, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur.

   Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və  rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir.

   4.2. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə əhalinin sosial müdafiə mərkəzləri tərəfindən verilir.

 

5. Yekun müddəaları

   5.1. Şəhid və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikası və müvafiq şəhər (rayon) icra hakimiyyətlərinin büdcəsindən, ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından ödənilir. Pensiya və müavinətlərə çəkilən xərclər isə Dövlət Sosial Müdafiə Fondu hesabına ödənilir.

   5.2. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun və bu Qaydaların pozulmasına görə vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.