"İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 18, maddə 243; 1995-ci il, № 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 385, № 6, maddə 493; 1998-ci il, № 2, maddə 70; 2000-ci il, № 12, maddə 835; 2001-ci il, № 3, maddə 143, № 6, maddə 378, № 11, maddə 674; 2002-ci il, № 1, maddə 4, № 8, maddə 463; 2004-cü il, № 7, maddə 505; 2005-ci il, № 3, maddə 152; Azərbaycan Respublikasının 2005-ci il 1 sentyabr tarixli 980-IIQD nömrəli Qanunu) 3-cü maddəsinin beşinci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə belə vətəndaşları qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlə təmin edirlər.".

II. "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 1, maddə 19; 2001-ci il, № 11, maddələr 676, 695, 699; 2002-ci il, № 5, maddə 243, № 12, maddə 692; 2004- cü il, № 1, maddə 10, № 2, maddə 57) aşağıdakı əlavələr edilsin:

1. 5-ci maddəyə aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:

"Şəxsiyyətini müəyyən etmək mümkün olmayan əcnəbi və ya vətəndaşlığı olmayan insan alveri qurbanlarına Azərbaycan Respublikasında yaşamaq hüququ verilə bilməz. Belə şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılması üçün tədbirlər görülür.";

2. 27-ci maddəyə aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:

"İmmiqrant statusu olmayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs insan alverindən zərər çəkmiş şəxs hesab olunduqda, onun barəsində 1 il müddətində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilmir. Bu müddət başa çatdıqda, lakin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs insan alveri ilə bağlı cinayət işləri üzrə cinayət təqibi orqanlarına yardım göstərdikdə, həmin şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma cinayət təqibi başa çatanadək tətbiq olunmur. İnsan alverinin qurbanı olan uşaqlar barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq olunmur.".

III. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 107; 1999-cu il, № 5, maddə 284; 2000-ci il, № 6, maddə 380, № 12, maddələr 832, 834; 2003-cü il, № 2, maddə 77; 2004-cü il, № 5, maddə 314) 21-1-ci maddəsinə aşağıdakı əlavələr edilsin:

1. Maddənin adında "orqanın illik məruzəsi" sözlərindən sonra ", İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı" sözləri əlavə edilsin;

2. Maddəyə aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:

"İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 7.5-ci maddəsinə uyğun olaraq, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumatı Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir.".

IV. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8 (II kitab), maddə 585; 2001-ci il, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003-cü il, № 6, maddə 276; 2004-cü il, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890; 2005-ci il, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686; Azərbaycan Respublikasının 2005-ci il 1 sentyabr tarixli 980-IIQD və 30 sentyabr tarixli 1022-IIQD nömrəli qanunları) aşağıdakı məzmunda 330.5-ci maddə əlavə edilsin:

"330.5. Müstəsna hallarda həyatına real təhdidlər olduqda zərər çəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi, ona təsir göstərilməsinin qarşısının alınması məqsədilə zərər çəkmiş şəxsin və ya dövlət ittihamçısının vəsatəti üzrə, yaxud məhkəmənin təşəbbüsü ilə və yalnız onun əsaslandırılmış qərarı əsasında, həmin şəxsə məhkəmə iclasında bilavasitə iştirak etmədən texniki vasitələrdən istifadə olunmaqla ifadə vermək imkanı yaradıla bilər.".

V. Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 7, maddə 388) 5-ci maddəsinin birinci hissəsinə aşağıdakı məzmunda 28-ci və 29-cu bəndlər əlavə edilsin:

"28) insan alveri qurbanlarına yardım mərkəzlərində və insan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlarda saxlanılan uşaqlar barədə dərhal məlumat almaq;

29) insan alverinin qurbanı olmuş uşaqlara sığınacaq verilmə müddətinin uzadılması barədə vəsatət vermək.".

VI. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

 

Bakı şəhəri, 30 dekabr 2005-ci il

                 № 51-IIIQD