"Vəzifəli
şəxslər tərəfindən maliyyə xarakterli məlumatların
təqdim edilməsi Qaydaları"nın təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
1. "Vəzifəli şəxslər
tərəfindən maliyyə xarakterli məlumatların təqdim
edilməsi Qaydaları" təsdiq edilsin (əlavə
olunur).
2. Bu Qanun dərc edildiyi gündən
qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2005-ci il
№ 945-IIQ
Azərbaycan
Respublikasının 2005-ci il 24
iyun tarixli 945-IIQ
nömrəli Qanunu ilə
TƏSDİQ
EDİLMİŞDİR
Vəzifəli
şəxslər tərəfindən maliyyə xarakterli məlumatların
təqdim edilməsi
QAYDALARI
Maddə 1 . Ümumi
müddəalar
Bu Qaydalar "Korrupsiyaya qarşı
mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci
maddəsində nəzərdə tutulmuş maliyyə
xarakterli məlumatların təqdim edilmə formasını,
maliyyə xarakterli məlumatları təqdim edən vəzifəli
şəxsləri, bu məlumatları qəbul edən
orqanları və həmin məlumatların yoxlanılması
qaydalarını müəyyən edir.
Maddə 2 . Maliyyə
xarakterli məlumatları təqdim edən vəzifəli
şəxslər
2.1. Bu Qaydalar "Korrupsiyaya
qarşı mübarizə haqqında" Azərbaycan
Respublikası Qanununun 2.1.1-2.1.4, 2.1.6 və 2.1.7-ci maddələrində
göstərilən vəzifəli şəxslərə şamil
edilir. 2.2. "Korrupsiyaya qarşı mübarizə
haqqında" Azərbaycan Respublikası Qanununun
2.1.5-ci maddəsində nəzərdə
tutulmuş şəxslər tərəfindən maliyyə
xarakterli məlumatların təqdim edilməsi Azərbaycan
Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir.
Maddə 3 . Maliyyə
xarakterli məlumatları qəbul edən orqanlar
3.1. Aşağıda göstərilən
vəzifəli şəxslər maliyyə xarakterli məlumatları
Dövlət Qulluğunu İdarəetmə Şurası
yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya
(bundan sonra - Komissiya adlandırılacaq) təqdim edirlər:
Azərbaycan Respublikasının
Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin Sədri
və onun müavinləri, Azərbaycan Respublikasının
Baş naziri və onun müavinləri, Azərbaycan Respublikası
Prezidentinin İcra Aparatının, Azərbaycan Respublikası
Milli Məclisinin Aparatının, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Aparatının, Azərbaycan
Respublikası Ali Məhkəməsinin Aparatının rəhbərləri,
Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri, onların müavinləri
və onlara bərabər tutulan şəxslər, "Dövlət
qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 11.1.2-ci
maddəsində nəzərdə tutulmuş inzibati vəzifələri
tutan şəxslər, 11.1.3-cü maddəsində nəzərdə
tutulmuş 2-ci kateqoriya dövlət orqanlarının rəhbərlərinin
müavinlərinin vəzifələrini və bölmə rəhbərlərinin
vəzifələrini tutan şəxslər, habelə 11.1.4-cü
maddəsində nəzərdə tutulmuş 5-ci kateqoriya dövlət
orqanlarının aparatları rəhbərlərinin vəzifələrini
tutan şəxslər və onlara bərabər tutulan vəzifəli
şəxslər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri və onun müavinləri, Naxçıvan Muxtar
Respublikasının Baş naziri və onun müavinləri,
Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri və onların müavinləri,
yerli icra hakimiyyətlərinin başçıları, Azərbaycan
Respublikası məhkəmələrinin hakimləri, Azərbaycan
Respublikasının Baş prokuroru və onun müavinləri,
şəhər, rayon və hərbi prokurorları, insan
hüquqları üzrə müvəkkil (ombudsman), Azərbaycan
Respublikasının Milli Bankının İdarə Heyətinin,
Hesablama Palatasının, Mərkəzi Seçki
Komissiyasının sədrləri və onların müavinləri,
Milli Televiziya və Radio Şurasının sədri,
İctimai Televiziya və Radio Yayımları Şirkətinin
baş direktoru və onun müavinləri, Azərbaycan
Respublikasının fövqəladə və səlahiyyətli səfirləri,
beynəlxalq təşkilatlardakı daimi nümayəndələri,
baş konsulları, dövlət ali təhsil müəssisələrinin
rəhbərləri, dövlətin nəzarət səhm zərfinə
sahib olduğu təsərrüfat subyektlərinin rəhbərləri,
habelə Komissiya tərəfindən müəyyən edilən
dövlət idarə, müəssisə, təşkilatlarının
və mərkəzi icra hakimiyyəti orqanlarının ərazi
və ixtisaslaşdırılmış qurumlarının rəhbərləri.
3.2. Azərbaycan Respublikası Milli Məclisinin
deputatları maliyyə xarakterli məlumatları Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən müəyyən
edilmiş quruma təqdim edirlər.
3.3. Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatları maliyyə xarakterli məlumatları
Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən
müəyyən edilmiş quruma təqdim edirlər.
3.4. Yerli özünüidarə orqanlarına
seçilmiş şəxslər maliyyə xarakterli məlumatları
müvafiq icra hakimiyyəti orqanına, yerli özünüidarə
orqanlarında təşkilati-sərəncamverici və ya
inzibati-təsərrüfat funksiyalarını həyata keçirən
şəxslər isə yerli özünüidarə orqanına təqdim
edirlər.
3.5. Digər vəzifəli şəxslər
maliyyə xarakterli məlumatları qulluq etdikləri dövlət
orqanının rəhbəri tərəfindən müəyyən
edilmiş maliyyə (mühasibat) qurumuna təqdim edirlər.
Maddə 4 . Maliyyə
xarakterli məlumatlar haqqında bəyannamə
4.1. Maliyyə xarakterli məlumatlar bəyannamə
formasında təqdim edilir.
Bəyannamənin forması və təqdim
edilmə qaydaları Komissiyanın təklifləri nəzərə
alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
4.2. Vəzifəli şəxslər
bəyannaməni yazılı formada tərtib edirlər və
bəyannamədə göstərilən məlumatların həqiqiliyinə
və tamlığına görə şəxsi məsuliyyət
daşıyırlar.
4.3. Bəyannamə vəzifəli
şəxslər tərəfindən təqdim edildikdən
sonra geri götürülə bilməz.
4.4. Maliyyə xarakterli məlumatları
qəbul edən orqanlar vəzifəli şəxslərə bəyannamənin
qəbul edilməsi barədə sənəd təqdim edirlər.
Maddə 5 . Bəyannamənin
məzmunu
5.1. Bəyannamədə
"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan
Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə
tutulan məlumatlar göstərilir.
5.2. "Korrupsiyaya qarşı
mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci
maddəsində göstərilən məlumatlara vəzifəli
şəxslərin ailə üzvlərinin (əri və ya
arvadı və onunla birgə yaşayan valideynləri və
uşaqları) əmlakı, maliyyə və əmlak
xarakterli öhdəlikləri haqqında məlumatlar da daxildir.
5.3. Vəzifəli şəxslər
bəyannaməni təqdim etdikdən sonra əldə etdikləri
və sonradan özgəninkiləşdirdikləri bəyan edilməli
olan əmlak barədə məlumatları növbəti ildə təqdim
ediləcək bəyannaməyə əlavə edirlər.
Maddə 6 . Maliyyə
xarakterli məlumatların təqdim edilməsi müddətləri
6.1. Bəyannamə hər il
yanvarın 1-dən 30-dək təqdim edilir.
6.2. Vəzifəli şəxslər
vəzifələrinin icrasına başladıqları gündən
30 gün ərzində bəyannamə təqdim edirlər.
6.3. Vəzifəli şəxslər
digər vəzifənin icrası ilə əlaqədar il ərzində
bəyannamə təqdim etmişlərsə, yeni bəyannamə
təqdim etmirlər.
6.4. Vəzifəli şəxslər
vəzifədən azad edildikdən və ya onların səlahiyyətlərinə
xitam verildikdən, habelə təqaüdə çıxdıqdan sonra
növbəti bir il ərzində bu Qaydaların 6.1-ci maddəsində
göstərilmiş müddətdə bəyannamə təqdim edirlər.
6.5. Vəzifəli şəxslər
bəyannaməni üzrsüz səbəbdən vaxtında təqdim
etmədikdə və ya qəsdən natamam, yaxud təhrif
edilmiş formada təqdim etdikdə Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə
cəlb olunurlar.
6.6. Vəzifəli şəxslər
vəzifədən azad edildikdən və ya onların səlahiyyətlərinə
xitam verildikdən, habelə təqaüdə çıxdıqdan sonra
bəyannaməni üzrsüz səbəbdən vaxtında təqdim
etmədikdə və ya qəsdən natamam, yaxud təhrif
edilmiş formada təqdim etdikdə Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə
cəlb olunurlar.
Maddə 7 . Maliyyə
xarakterli məlumatların təqdim edilməsinə nəzarət
7.1. Maliyyə xarakterli məlumatların
təqdim edilməsinə nəzarəti həmin məlumatları
qəbul edən orqanlar həyata keçirir.
7.2. "Korrupsiyaya qarşı
mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci
maddəsində və bu Qaydalarda nəzərdə tutulmuş
tələblər və bu tələblərə əməl
olunmamasının hüquqi nəticələri barədə vəzifəli
şəxslər vəzifələrinin icrasına
başladığı gündən 15 gün müddətində maliyyə
xarakterli məlumatları qəbul edən orqanlar tərəfindən
yazılı surətdə xəbərdar edilirlər.
7.3. Azərbaycan Respublikasının
dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi
qanunla müəyyən olunmuş qaydada qeydə
alınmış şəxslər tərəfindən maliyyə
xarakterli məlumatların qəbul edilməsinə nəzarət
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə
uyğun olaraq həyata keçirilir.
Maddə 8 . Maliyyə
xarakterli məlumatların yoxlanılması
8.1. Maliyyə xarakterli məlumatları
qəbul edən orqanlar bəyannaməni qəbul edərkən
onun düzgün tərtib edilib-edilməməsini müəyyən edir.
8.2. Maliyyə xarakterli məlumatları
qəbul edən orqanlar bəyannamədə göstərilən məlumatlar
üzrə ilkin araşdırma apara bilər. İlkin
araşdırma zamanı bəyannamədə göstərilən
məlumatların həqiqiliyi və tamlığı, sonuncu
dəfə təqdim edilmiş bəyannamə ilə əvvəllər
təqdim edilmiş bəyannamələrdə göstərilən
maliyyə xarakterli məlumatlar arasında fərqlər müəyyən
edilir.
8.3. İlkin araşdırma
zamanı maliyyə xarakterli məlumatları qəbul edən
orqanlar bəyannamədə göstərilən məlumatlarla əlaqədar
vəzifəli şəxsin şifahi və ya yazılı
izahatlarını ala bilərlər. İlkin araşdırma
zamanı alınmış izahatlar bəyannaməyə əlavə
edilir.
8.4. Vəzifəli şəxs
yoxlamanın nəticələri ilə tanış olmaq və
yazılı izahatlar vermək hüququna malikdir.
8.5. Maliyyə xarakterli məlumatları
qəbul edən orqanlar ilkin araşdırma zamanı qanun
pozuntuları müəyyən etdikdə materialları tədbir
görülməsi üçün müvafiq dövlət orqanına göndərir.
Maddə 9 . Maliyyə
xarakterli məlumatların qorunması
9.1. Vəzifəli şəxsin təqdim
etdiyi maliyyə xarakterli məlumatlar şəxsi həyatın
sirri hesab olunur.
9.2. Maliyyə xarakterli məlumatları
qəbul edən orqanlar həmin məlumatların konfidensiallığının
qorunmasını təmin edirlər. Göstərilən məlumatlar
həmin orqanlardan Komissiya tərəfindən, korrupsiya ilə
əlaqədar hüquqpozmalarla bağlı Azərbaycan
Respublikası Baş prokurorunun və ya məhkəmələrin
əsaslandırılmış qərarları ilə tələb
edilə bilər.
9.3. Vəzifəli şəxslər
tərəfindən təqdim edilmiş maliyyə xarakterli məlumatların
qanunsuz toplanılması və ya yayılması qanunvericiliklə
müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə
səbəb olur.
Maddə 10 . Bu
Qaydaların pozulmasına görə məsuliyyət
Bu Qaydaların pozulması Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət,
inzibati və ya intizam məsuliyyətinə səbəb olur.
Maddə 11 . Keçid
müddəaları
Bu Qaydaların 4.1-ci maddəsində nəzərdə tutulan bəyannamənin forması təsdiq edildikdən sonra vəzifəli şəxslər dörd ay müddətində bəyannaməni təqdim etməlidirlər.