Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində həmin payların (səhmlərin) idarə olunması Qaydalarının təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 161 nömrəli Fərmanının 4-cü bəndinin onuncu abzasının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində həmin payların (səhmlərin) idarə olunması Qaydaları təsdiq edilsin (əlavə olunur).

2. Özəlləşdirmə prosesində yaradılan səhmdar cəmiyyətlərində səhmlərin nəzarət zərfinin və ya məhdudlaşdırıcı hissəsinin dövlət mülkiyyətində saxlanıldığı hallarda, həmin səhmdar cəmiyyətlərinin idarəetmə orqanlarında dövlət nümayəndələrinin iştirakı Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 10 may tarixli 92 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 14 iyul 2005-ci il

136

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 14 iyul tarixli 136 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində həmin payların (səhmlərin) idarə olunması

QAYDALARI

I. ÜMUMİ MÜDDƏALAR

 

1. Bu Qaydalar Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 161 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununa, Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 382 nömrəli Fərmanına, Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsi qaydaları haqqında Əsasnamə yə, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramına, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramının təsdiq edilməsi barədə 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 18 aprel tarixli 691 nömrəli Fərmanına və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.

2. Bu Qaydalar nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və özəlləşdirmə zamanı dövlət mülkiyyətində müəyyən payın (səhmlərinin nəzarət zərfinin (51 faizinin) və ya məhdudlaşdırıcı hissəsinin (25,5 faizinin) saxlanılması barədə Azərbaycan Respublikasının Prezidenti və ya İqtisadi İnkişaf Nazirliyi tərəfindən qərar verilmiş, habelə tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərində həmin payların (səhmlərin) səmərəli idarə olunması məqsədilə müştərək müəssisələrin və səhmdar cəmiyyətlərin idarəetmə orqanlarında dövləti təmsil edən nümayəndələrinin təyin olunması və iştirakı qaydalarını müəyyən edir.

3. Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində dövlətə məxsus payların (səhmlərin) idarə olunması məqsədilə dövləti təmsil edən nümayəndələr müvafiq hüquqi şəxslərin nizamnamələri ilə müəyyən edilmiş idarəetmə orqanlarında qanunvericiliklə və təsis sənədləri ilə nəzərdə tutulmuş qaydada təmsil olunurlar.

4. Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrin və səhmdar cəmiyyətlərinin idarəetmə orqanlarında dövləti təmsil etmək üçün idarəçilik sahəsində 2 il və daha çox staja malik olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin, Maliyyə Nazirliyinin və aidiyyəti üzrə digər nazirliklərin, dövlət komitələrinin və icra hakimiyyəti orqanlarının ali təhsilli məsul işçiləri təyin edilirlər.

5. Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində dövləti təmsil edən nümayəndələr Azərbaycan Respublikasının qanunvericiliyinə və hüquqi şəxslərin təsis sənədlərinə əsasən müvafiq hüquq və vəzifələrə malikdirlər.

 

II. DÖVLƏTİ TƏMSİL EDƏN NÜMAYƏNDƏLƏRİN TƏYİN EDİLMƏSİ QAYDASI

 

6. Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərinin idarəetmə orqanlarında dövlət adından çıxış etmək məqsədilə dövləti təmsil edən nümayəndələr aşağıdakı qaydada təyin edilirlər:

- dövlətə məxsus payın özəlləşdirilməsi barədə qərar qəbul edilmiş müştərək müəssisələrdə, habelə müştərək müəssisələrin təsisçi qismində çıxış etmiş nazirlik və komitələr ləğv edildiyi və ya dövlət müəssisə və təşkilatları mülkiyyət formasını dəyişdiyi halda İqtisadi İnkişaf Nazirliyinin qərarı ilə;

- dövlətə məxsus payın özəlləşdirilməsi barədə qərar qəbul edilməmiş müştərək müəssisələrdə, habelə bu Qaydalar qüvvəyə mindikdən sonra dövlət müəssisə və təşkilatlarının iştirakı ilə təsis edilən müştərək müəssisələrdə İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırılmaqla təsisçi qismində çıxış etmiş dövlət müəssisə və təşkilatlarının baş idarəetmə orqanlarının qərarı ilə;

- səhmdar cəmiyyətinin səhmlərinin nəzarət zərfi dövlət mülkiyyətində saxlanıldıqda aidiyyəti dövlət orqanlarının təqdimatı əsasında İqtisadi İnkişaf Nazirliyinin qərarı ilə;

- səhmdar cəmiyyətinin səhmlərinin məhdudlaşdırıcı hissəsi dövlət mülkiyyətində saxlanıldığı hallarda İqtisadi İnkişaf Nazirliyinin qərarı ilə;

- özəlləşdirmə prosesində yaradılmış və tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərində İqtisadi İnkişaf Nazirliyinin qərarı ilə.

7. Bütün hallarda nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrin və səhmdar cəmiyyətlərinin idarəetmə orqanlarında bu Qaydalarla müəyyən edilmiş qaydada təyin olunan və dövləti təmsil edən nümayəndənin iştirakı təmin edilməlidir.

Bu Qaydalara uyğun olaraq təyin olunan və dövləti təmsil edən nümayəndələrin idarəetmə orqanlarında fəaliyyəti müştərək müəssisələrin təsisçisi qismində çıxış etmiş aidiyyəti dövlət müəssisə və təşkilatlarının idarəetmə orqanlarında iştirak edən nümayəndəsi ilə yanaşı həyata keçirilə bilər.

8. İqtisadi İnkişaf Nazirliyi nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələr və səhmdar cəmiyyətləri dövlət qeydiyyatına alındıqdan sonra 10 (on) gün ərzində aidiyyəti dövlət orqanlarına nümayəndə üçün namizəd irəli sürülməsinə dair müraciət edir və onların təklifləri əsasında nümayəndələrin təyin olunması barədə qərar qəbul edir.

Dövlətə məxsus payın özəlləşdirilməsi barədə qərar qəbul edilməmiş müştərək müəssisələrdə, habelə bu Qaydalar qüvvəyə mindikdən sonra dövlət müəssisə və təşkilatlarının iştirakı ilə müştərək müəssisələr təsis edildikdə həmin tədbirlər İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırılmaqla təsisçi qismində çıxış etmiş dövlət müəssisə və təşkilatlarının baş idarəetmə orqanları tərəfindən həyata keçirilir.

9. Dövləti təmsil edən nümayəndələrin səlahiyyətləri müəyyən olunmuş qaydada İqtisadi İnkişaf Nazirliyi və ya onları təyin edən digər orqan tərəfindən verilən etibarnamələr əsasında həyata keçirilir.

 

III. DÖVLƏTİ TƏMSİL EDƏN NÜMAYƏNDƏLƏRİN VƏZİFƏLƏRİ

 

10. Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində dövləti təmsil edən nümayəndələr aşağıdakı məsələlər barədə təkliflərini İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırmalıdırlar:

- hüquqi şəxsin nizamnaməsinə və nizamnamə kapitalına dəyişikliklər edilməsi, onun iştirakı ilə hər hansı hüquqi şəxsin yaradılması;

- hüquqi şəxsin yenidən təşkili və ləğv edilməsi;

- qanunvericiliklə müəyyən edilmiş hallarda balansında olan əsas vəsaitlər (fondlar) üzərində sərəncam verilməsi;

- illik hesabat və balansların təsdiq edilməsi, mənfəətin və zərərin bölüşdürülməsi;

- iflas haqqında işin başlanılması ilə bağlı məhkəməyə müraciətlərin edilməsi;

- əmlakın yüklülüyü ilə nəticələnən əqdlərin bağlanması;

- təsis sənədləri ilə müəyyən edilmiş digər məsələlər.

11. Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrin təsis sənədlərinə əsasən təsisçi kimi çıxış etmiş müvafiq dövlət təşkilatları bu Qaydaların 10-cu bəndində göstərilmiş məsələlər üzrə idarəetmə orqanlarında qəbul olunması nəzərdə tutulan qərar layihələrinə dair əsaslandırılmış təkliflərini əvvəlcədən yazılı şəkildə İqtisadi İnkişaf Nazirliyinə təqdim etməlidirlər.

12. Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində dövləti təmsil edən nümayəndələr:

- qanunvericiliklə müəyyən edilmiş dövrlər üçün tərtib edilmiş və hüquqi şəxsin maliyyə-təsərrüfat fəaliyyətinə dair səlahiyyətli şəxslər tərəfindən təsdiq olunmuş məlumatları (hesabatları) İqtisadi İnkişaf Nazirliyinə təqdim edirlər;

- idarəetmə orqanlarında hər hansı qərarlara səs verməzdən, habelə müzakirəyə təklif etdikləri qərar layihələrini və ya təklifləri təqdim etməzdən 5 (beş) gün əvvəl İqtisadi İnkişaf Nazirliyinə məlumat verirlər;

- fəaliyyətləri ilə bağlı məlumatları rübdə bir dəfə və tələb olunduqda İqtisadi İnkişaf Nazirliyinə təqdim edirlər;

- hüquqi şəxsin xidməti və kommersiya sirlərinin aşkarlanması üçün məsuliyyət daşıyırlar.

13. Təyin edilmiş nümayəndələr öz təşəbbüsləri ilə və ya onları təqdim edən aidiyyəti dövlət orqanlarının təqdimatı əsasında geri çağırıla bilərlər.

14. Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrin və səhmdar cəmiyyətlərinin nizamnamə kapitalındakı dövlət payı özəlləşdirildikdə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxs ləğv edildikdə dövləti təmsil edən nümayəndələrin səlahiyyətlərinə xitam verilir.

15. Özəlləşdirmə zamanı dövlət mülkiyyətində müəyyən payın (səhmlərinin nəzarət zərfinin (51 faizinin) və ya məhdudlaşdırıcı hissəsinin (25,5 faizinin) saxlanılması barədə Azərbaycan Respublikasının Prezidenti və ya İqtisadi İnkişaf Nazirliyi tərəfindən qərar verilmiş səhmdar cəmiyyətlərinin adının və təşkilati-hüquqi formasının dəyişdirilməsi İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırılmaqla həyata keçirilir.

Dövlətin payı 25 faiz və daha az olan (tam özəlləşdirilməmiş) səhmdar cəmiyyətlərinin adının və təşkilati-hüquqi formasının dəyişdirilməsi haqqında məlumat, təqdim edilməsi təsdiq oluna bilən hər hansı üsulla (rabitə təşkilatına təhvil verilməsi də daxil olmaqla) İqtisadi İnkişaf Nazirliyinə təqdim edilməlidir.