Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində həmin payların (səhmlərin) idarə olunması Qaydalarının təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 161 nömrəli Fərmanının 4-cü bəndinin onuncu abzasının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində həmin payların (səhmlərin) idarə olunması Qaydaları təsdiq edilsin (əlavə olunur).

2. Özəlləşdirmə prosesində yaradılan səhmdar cəmiyyətlərində səhmlərin nəzarət zərfinin və ya məhdudlaşdırıcı hissəsinin dövlət mülkiyyətində saxlanıldığı hallarda, həmin səhmdar cəmiyyətlərinin idarəetmə orqanlarında dövlət nümayəndələrinin iştirakı Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 10 may tarixli 92 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 14 iyul 2005-ci il

136

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 14 iyul tarixli 136 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində həmin payların (səhmlərin) idarə olunması[1]

 

QAYDALARI

 

I. ÜMUMİ MÜDDƏALAR[2]

 

1. Bu Qaydalar Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 161 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununa, Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 382 nömrəli Fərmanına, Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsi qaydaları haqqında Əsasnamə yə, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramına, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramının təsdiq edilməsi barədə 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 18 aprel tarixli 691 nömrəli Fərmanına və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.

2. Bu Qaydalar nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və özəlləşdirmə zamanı dövlət mülkiyyətində müəyyən payın (səhmlərinin nəzarət zərfinin (51 faizinin) və ya məhdudlaşdırıcı hissəsinin (25,5 faizinin) saxlanılması barədə Azərbaycan Respublikasının Prezidenti və ya Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar verilmiş, habelə tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərində həmin payların (səhmlərin) səmərəli idarə olunması məqsədilə müştərək müəssisələrin və səhmdar cəmiyyətlərin idarəetmə orqanlarında dövləti təmsil edən nümayəndələrinin təyin olunması və iştirakı qaydalarını müəyyən edir.

3. Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində dövlətə məxsus payların (səhmlərin) idarə olunması məqsədilə dövləti təmsil edən nümayəndələr müvafiq hüquqi şəxslərin nizamnamələri ilə müəyyən edilmiş idarəetmə orqanlarında qanunvericiliklə və təsis sənədləri ilə nəzərdə tutulmuş qaydada təmsil olunurlar.

4. Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrin və səhmdar cəmiyyətlərinin idarəetmə orqanlarında dövləti təmsil etmək üçün idarəçilik sahəsində 2 il və daha çox staja malik olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, Maliyyə Nazirliyinin və aidiyyəti üzrə digər nazirliklərin, dövlət komitələrinin və icra hakimiyyəti orqanlarının ali təhsilli məsul işçiləri təyin edilirlər.

5. Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində dövləti təmsil edən nümayəndələr Azərbaycan Respublikasının qanunvericiliyinə və hüquqi şəxslərin təsis sənədlərinə əsasən müvafiq hüquq və vəzifələrə malikdirlər.

 

II. DÖVLƏTİ TƏMSİL EDƏN NÜMAYƏNDƏLƏRİN TƏYİN EDİLMƏSİ QAYDASI

 

6. Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərinin idarəetmə orqanlarında dövlət adından çıxış etmək məqsədilə dövləti təmsil edən nümayəndələr aşağıdakı qaydada təyin edilirlər:

- dövlətə məxsus payın özəlləşdirilməsi barədə qərar qəbul edilmiş müştərək müəssisələrdə, habelə müştərək müəssisələrin təsisçi qismində çıxış etmiş nazirlik və komitələr ləğv edildiyi və ya dövlət müəssisə və təşkilatları mülkiyyət formasını dəyişdiyi halda Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə;

- dövlətə məxsus payın özəlləşdirilməsi barədə qərar qəbul edilməmiş müştərək müəssisələrdə, habelə bu Qaydalar qüvvəyə mindikdən sonra dövlət müəssisə və təşkilatlarının iştirakı ilə təsis edilən müştərək müəssisələrdə Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmaqla təsisçi qismində çıxış etmiş dövlət müəssisə və təşkilatlarının baş idarəetmə orqanlarının qərarı ilə;

- səhmdar cəmiyyətinin səhmlərinin nəzarət zərfi dövlət mülkiyyətində saxlanıldıqda aidiyyəti dövlət orqanlarının təqdimatı əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə;

- səhmdar cəmiyyətinin səhmlərinin məhdudlaşdırıcı hissəsi dövlət mülkiyyətində saxlanıldığı hallarda Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə;

- özəlləşdirmə prosesində yaradılmış və tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərində Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə.

7. Bütün hallarda nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrin və səhmdar cəmiyyətlərinin idarəetmə orqanlarında bu Qaydalarla müəyyən edilmiş qaydada təyin olunan və dövləti təmsil edən nümayəndənin iştirakı təmin edilməlidir.

Bu Qaydalara uyğun olaraq təyin olunan və dövləti təmsil edən nümayəndələrin idarəetmə orqanlarında fəaliyyəti müştərək müəssisələrin təsisçisi qismində çıxış etmiş aidiyyəti dövlət müəssisə və təşkilatlarının idarəetmə orqanlarında iştirak edən nümayəndəsi ilə yanaşı həyata keçirilə bilər.

8. Əmlak Məsələləri Dövlət Komitəsi nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələr və səhmdar cəmiyyətləri dövlət qeydiyyatına alındıqdan sonra 10 (on) gün ərzində aidiyyəti dövlət orqanlarına nümayəndə üçün namizəd irəli sürülməsinə dair müraciət edir və onların təklifləri əsasında nümayəndələrin təyin olunması barədə qərar qəbul edir.

Dövlətə məxsus payın özəlləşdirilməsi barədə qərar qəbul edilməmiş müştərək müəssisələrdə, habelə bu Qaydalar qüvvəyə mindikdən sonra dövlət müəssisə və təşkilatlarının iştirakı ilə müştərək müəssisələr təsis edildikdə həmin tədbirlər Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmaqla təsisçi qismində çıxış etmiş dövlət müəssisə və təşkilatlarının baş idarəetmə orqanları tərəfindən həyata keçirilir.

9. Dövləti təmsil edən nümayəndələrin səlahiyyətləri müəyyən olunmuş qaydada Əmlak Məsələləri Dövlət Komitəsi və ya onları təyin edən digər orqan tərəfindən verilən etibarnamələr əsasında həyata keçirilir.

 

III. DÖVLƏTİ TƏMSİL EDƏN NÜMAYƏNDƏLƏRİN VƏZİFƏLƏRİ

 

10. Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində dövləti təmsil edən nümayəndələr aşağıdakı məsələlər barədə təkliflərini Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırmalıdırlar:

- hüquqi şəxsin nizamnaməsinə və nizamnamə kapitalına dəyişikliklər edilməsi, onun iştirakı ilə hər hansı hüquqi şəxsin yaradılması;

- hüquqi şəxsin yenidən təşkili və ləğv edilməsi;

- qanunvericiliklə müəyyən edilmiş hallarda balansında olan əsas vəsaitlər (fondlar) üzərində sərəncam verilməsi;

- illik hesabat və balansların təsdiq edilməsi, mənfəətin və zərərin bölüşdürülməsi;

- iflas haqqında işin başlanılması ilə bağlı məhkəməyə müraciətlərin edilməsi;

- əmlakın yüklülüyü ilə nəticələnən əqdlərin bağlanması;

- hüquqi şəxsin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərarın qəbul edilməsi;[3]

- təsis sənədləri ilə müəyyən edilmiş digər məsələlər.

11. Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrin təsis sənədlərinə əsasən təsisçi kimi çıxış etmiş müvafiq dövlət təşkilatları bu Qaydaların 10-cu bəndində göstərilmiş məsələlər üzrə idarəetmə orqanlarında qəbul olunması nəzərdə tutulan qərar layihələrinə dair əsaslandırılmış təkliflərini əvvəlcədən yazılı şəkildə Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etməlidirlər.

Qanunvericilik bu barədə qərar qəbul etməyə imkan verdiyi halda hüquqi şəxsin nizamnaməsinə və nizamnamə kapitalına dəyişiklik edilməsi, hüquqi şəxsin yenidən təşkili və ləğvi haqqında qərarlar dövlət müəssisələrinin və hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus payların (səhmlərin) idarəçiliyini həyata keçirən icra hakimiyyəti orqanının təklifləri əsasında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edilir. [4]

12. Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində dövləti təmsil edən nümayəndələr:

- qanunvericiliklə müəyyən edilmiş dövrlər üçün tərtib edilmiş və hüquqi şəxsin maliyyə-təsərrüfat fəaliyyətinə dair səlahiyyətli şəxslər tərəfindən təsdiq olunmuş məlumatları (hesabatları) Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edirlər;

- idarəetmə orqanlarında hər hansı qərarlara səs verməzdən, habelə müzakirəyə təklif etdikləri qərar layihələrini və ya təklifləri təqdim etməzdən 5 (beş) gün əvvəl Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat verirlər;

- fəaliyyətləri ilə bağlı məlumatları rübdə bir dəfə və tələb olunduqda Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edirlər;

- özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər;[5]

- hüquqi şəxsin xidməti və kommersiya sirlərinin aşkarlanması üçün məsuliyyət daşıyırlar.

13. Təyin edilmiş nümayəndələr öz təşəbbüsləri ilə və ya onları təqdim edən aidiyyəti dövlət orqanlarının təqdimatı əsasında geri çağırıla bilərlər.

14. Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrin və səhmdar cəmiyyətlərinin nizamnamə kapitalındakı dövlət payı özəlləşdirildikdə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxs ləğv edildikdə dövləti təmsil edən nümayəndələrin səlahiyyətlərinə xitam verilir.

15. Özəlləşdirmə zamanı dövlət mülkiyyətində müəyyən payın (səhmlərinin nəzarət zərfinin (51 faizinin) və ya məhdudlaşdırıcı hissəsinin (25,5 faizinin) saxlanılması barədə Azərbaycan Respublikasının Prezidenti və ya Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar verilmiş səhmdar cəmiyyətlərinin adının və təşkilati-hüquqi formasının dəyişdirilməsi Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmaqla həyata keçirilir.

Dövlətin payı 20 faizdən az olan (tam özəlləşdirilməmiş) səhmdar cəmiyyətlərinin adının və təşkilati-hüquqi formasının dəyişdirilməsi haqqında məlumat, təqdim edilməsi təsdiq oluna bilən hər hansı üsulla (rabitə təşkilatına təhvil verilməsi də daxil olmaqla) Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməlidir.[6]

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       28 noyabr 2005-ci il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 11, maddə 1076)

2.       31 yanvar 2006-cı il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 1, maddə 59)

3.       15 avqust 2007-ci il tarixli 128 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 8, maddə 854)

4.       30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 10, maddə 846)

5.       22 dekabr 2015-ci il tarixli 395 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 31 dekabr 2015-ci il, 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 12, maddə 1591)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 28 noyabr 2005-ci il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 11, maddə 1076) ilə "Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində həmin payların (səhmlərin) idarə olunması Qaydaları"nın 2, 4, 6, 8, 9, 10,11, 12 və 15-ci bəndlərində ismin müvafiq hallarında verilmiş "İqtisadi İnkişaf Nazirliyi" sözləri ismin müvafiq hallarında "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

 

[2] 30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 10, maddə 846) ilə təsdiq edilmiş "Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində həmin payların (səhmlərin) idarə olunması Qaydaları"nın 2-ci, 4-cü, 6-cı, 8-12-ci və 15-ci bəndlərində ismin müvafiq hallarında "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri ismin müvafiq hallarında "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

 

[3] 22 dekabr 2015-ci il tarixli 395 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 31 dekabr 2015-ci il, 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 12, maddə 1591) ilə 10-cu hissənin səkkizinci abzası doqquzuncu abzas hesab olunmuşdur və həmin hissəyə yeni məzmunda səkkizinci abzas əlavə edilmişdir.

 

[4] 15 avqust 2007-ci il tarixli 128 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 8, maddə 854) ilə Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində həmin payların (səhmlərin) idarə olunması Qaydalarının 11-ci bəndinə aşağıdakı məzmunda ikinci abzas əlavə edilmişdir.

 

[5] 22 dekabr 2015-ci il tarixli 395 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 31 dekabr 2015-ci il, 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 12, maddə 1591) ilə 12-ci hissənin beşinci abzası altıncı abzas hesab olunmuşdur və həmin hissəyə yeni məzmunda beşinci abzas əlavə edilmişdir.

 

[6] 31 yanvar 2006-cı il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 1, maddə 59) ilə Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində həmin payların (səhmlərin) idarə olunması Qaydalarının 15-ci bəndinin ikinci abzasında 25 faiz və daha sözləri 20 faizdən sözləri ilə əvəz edilmişdir.