İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

"Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Saziş"ə uyğun olaraq, hasilat və nəqletmə üçün bir sıra mühüm obyektlər tikilib istismara verilmişdir. Hasil olunan ilkin neftin İxracı Bakı-Novorossiysk və Bakı-Supsa ixrac neft kəmərləri ilə həyata keçirilir.

Bununla əlaqədar İxrac boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi, boru kəmərlərinin fasiləsiz və etibarlı işinin təşkili və uzunmüddətli kompleks tədbirlərini işlənib hazırlanması və həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Xam neftin ixracı ilə bağlı obyektlərlə yanaşı tikilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin və qaz ixrac kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə qərara alıram:

1. İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə aşağıdakı tərkibdə Komissiya təşkil edilsin:

 

Artur Rasizadə

- Azərbaycan Respublikasının Baş naziri (sədr)

 

Abid Şərifov

- Azərbaycan Respublikasının Baş nazirinin müavini (sədr müavini)

 

Vaqif Axundov

- Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin rəisi

 

Məcid Kərimov

- Azərbaycan Respublikası Yanacaq və Energetika naziri

 

Hüseynqulu Bağırov

- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri

 

Nadir Əhmədov

- Azərbaycan Respublikası Rabitə naziri

 

Elman Qənbərov

- Azərbaycan Respublikası Hərbi Əks Kəşfiyyat Xidmətinin rəisi

 

Natiq Əliyev

- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

 

Xələf Xələfov

- Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

 

Tofiq Babayev

- Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini

 

Elçin Quliyev

- Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının Komandanı

 

Oruc Zalov

- Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini

 

Məmməd Bəydullayev

- Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini

 

Aydın Əliyev

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

 

Tofiq Əliyev

- Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-mədən Nəzarəti Komitəsi sədrinin müavini

 

2. Komissiyaya tapşırılsın ki, ixrac boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə birlikdə bir ay müddətində kompleks tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyəti  və İdarəetmə orqanlarını Baş mühafizə İdarəsi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi xam neftin ixracı üçün istifadə olunan boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə xüsusi xidmət yaratsınlar və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə sıx qarşılıqlı əlaqə şəraitində boru kəmərinin səmərəli mühafizəsini təşkil etsinlər.

4. Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi, Azərbaycan Respublikasının  Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-mədən Nəzarəti Komitəsi rayon və şəhər icra hakimiyyəti orqanlarının rəhbərləri ilə birlikdə ixrac boru kəmərlərinin və onların infrastruktur obyektlərinin təhlükəsizliyinin təmin edilməsi məsələsini respublikanın inzibati ərazi bölgüsü prinsipi əsasında təşkil etsinlər.

5. Rayon və şəhər icra hakimiyyətlərinə tapşırılsın ki, ərazilərindən keçən Bakı-Supsa və Bakı-Novorossiysk neft kəmərlərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsinə və tikintinin aparılmasına yol verməməklə həmin kəmərlərin mühafizəsini təmin etsinlər.

6. Respublikanın nazirlik, idarə və təşkilatları ixrac boru kəmərlərinin fasiləsiz işləməsi və təhlükəsizliyi ilə əlaqədar məsələlərin həlli üçün Komissiyaya lazımi köməklik göstərsinlər.

7. Komissiya görülən işlər haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

8. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

 

Bakı şəhəri, 15 aprel 2002-ci il
                  № 685