Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 13 may 2003-cü il
№ 64

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2003-cü il 13 may tarixli , 64 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)

QAYDALARI

I. Ümumİ müddəalar

1.1. Bu Qaydalar "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır.

1.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür.

1.3. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir.

1.4. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir.

1.5. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir.

1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir.

Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir.

1.7. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq Şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir.

II. Alİ təhsİl sahəsİndə İxtİsasların tanınması prosedurunun təşkİlİ

2.1. Ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizəyə) aşağıdakılar əlavə edilir:

ali təhsil haqqında sənəd;

tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə.

Ərizəçi öz hazırlıq səviyyəsinin müvafiq peşə fəaliyyətinə icazə verməsini və praktik təcrübəsini təsdiq edən sənədlər də təqdim edə bilər.

Ali təhsil haqqında sənəd və ona əlavənin Azərbaycan dilinə tərcüməsi və notarial qaydada təsdiqi bir qayda olaraq, Azərbaycan Respublikasının ali təhsil haqqında sənəd verən ölkədəki Səfirliyində (Konsulluğunda) və ya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində leqallaşdırılmalıdır.

2.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır.

2.3. Ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir:

ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması;

təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması.

2.4. Ərizəçi tərəfindən təqdim olunan sənədlərə bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır.

2.5. Ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir.

III. Alİ təhsİl sahəsİndə İxtİsasların ekvİvalentlİyİnİn müəyyənləşdİrİlməsİ

3.1. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması üçün bu Qaydaların 2.1-ci bəndində göstərilmiş sənədlər tələb olunur.

3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir:

ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi;

xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra).

3.3. Təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır.

3.4. Ekspertiza zamanı aşağıdakılar nəzərə alınır:

tədris planının və proqramlarının məzmunu;

attestasiya sistemləri;

öyrənilmiş fənlərin həcmi;

fənlər üzrə attestasiyanın nəticələri;

istehsalat təcrübəsi və onun müddəti;

yekun attestasiyasının nəticəsi.

3.5. Xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur.

Ərizəçinin ekspertiza materialları ilə tanış olmaq hüququ vardır.

3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir:

təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy;

təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi;

Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu.

3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər.

Mənfi rəy aşağıdakı hallarda verilə bilər:

xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda;

təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa);

xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

3.8. Tanınmaq və ekvivalentlik haqqında Şəhadətnamə almaq üçün təqdim olunmuş ixtisasla Azərbaycan Respublikasında qüvvədə olan mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər arasında müəyyən fərqlər yarandığı və ya hazırlıq sahəsi Azərbaycan Respublikasında qəbul edilmiş ali ixtisas təhsilinin istiqamətlərinin və ixtisaslarının siyahısına uyğun gəlmədiyi halda sınaq yoxlamaları da aparılır. Zəruri olduğu halda və özünün istəyi əsasında ərizəçi sınaq yoxlamaları verəcəyi fənlər üzrə ali məktəblərdə mühazirələrdə iştirak edir.

IV. Rəsmİləşdİrmə

4.1. Xarici dövlətin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentlik haqqında Şəhadətnamə Azərbaycan Respublikasının təhsil naziri tərəfindən imzalanır, nazirliyin gerbli möhürü ilə təsdiq edilir, ərizəçiyə və ya onu müvafiq qaydada rəsmi təmsil edən şəxsə verilir yaxud da bildirişli poçtla göndərilir (1 və 2 nömrəli əlavələr).

4.2. Tanınmadan və ekvivalentlik haqqında Şəhadətnamə verilməsindən imtina olunması səbəbləri müraciət edəni qane etməzsə, o, müvafiq qaydada şikayət edə bilər.

 

Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən  edilməsi (nostrifikasiyası) Qaydalarına
1 nömrəli əlavə

Azərbaycan Respublikası

Təhsil Nazirliyinin əmrinə
1 nömrəli əlavə

Azərbaycan Respublİkasının

Təhsİl Nazİrlİyİ

Bakı şəhəri  ______   _______________   il

ŞƏHADƏTNAMƏ

(təhsil haqqında sənədin əsli və notarius tərəfindən təsdiq edilmiş

tərcüməsi ilə birlikdə qüvvədədir)

Bununla təsdiq edilir ki,_________________________________________________________________

(adı atasının,  soyadı, adı)

__________________adına         ________________________       __________________________________

(verildiyi tarix)                                                                (təhsil haqqında

____________________________________________________________________________________

sənədi vermiş müəssisənin adı)

verilmiş ali təhsil haqqında_______________________________________________________________

(sənədin adı, seriyası və nömrəsi)

Azərbaycan Respublikasında______________ixtisas/istiqamət

üzrə______________________________ixtisas dərəcəsi verilən

diploma ekvivalentdir (bərabərdir).


Nazir                                                                                                                                    M.Y.

 

Qeydiyyat nömrəsi

Xarici dövlətlərin ali təhsil sahəsində  ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən           edilməsi (nostrifikasiyası) Qaydalarına
2 nömrəli əlavə

Azərbaycan Respublikası

Təhsil Nazirliyinin əmrinə
2 nömrəli əlavə

Azərbaycan Respublİkasının

Təhsİl Nazİrlİyİ

Bakı şəhəri    ______  _______________  il

ŞƏHADƏTNAMƏ

(təhsil haqqında sənədin əsli və notarius tərəfindən təsdiq edilmiş

tərcüməsi ilə birlikdə qüvvədədir)

 

Bununla təsdiq edilir ki,_________________________________________________________________

(adı atasının,  soyadı, adı)

_________________adına___________________________        __________________________________

(verildiyi tarix)                                                (təhsil haqqında

___________________________________________________________________________________

sənədi vermiş müəssisənin adı)

______________________________________________________________ verilmiş ali təhsil haqqında

(sənədin adı, seriyası və nömrəsi)

 

Azərbaycan Respublikasında tanınmışdır və onun sahibinə keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verir.

Nazir                                                                                                                                                    M.Y

Qeydiyyat nömrəsi